İlin dramaturji mənzərəsi
Dünyanın
min illər əvvəl sahib olduğu dialoqa girmək,
müzakirə müstəvisi yaratmaq mədəniyyəti bizə,
çox gec - yüz əlli il əvvəl mütəfəkkür
ədibimiz M.F.Axundzadənin yaradıcılığında gəlib
çıxmış, milli ictimai düşüncəmizi əsrlərin
ətalətindən silkələmişdi. Bu gün isə
dram özünün dialoqa girmək, müzakirə yaratmaq
dilini itirərək sanki bədii düşüncədə
hissin, təxəyyülün cövlan edib, təfəkkürün
mürgü döydüyü min il əvvələ
qayıdır. Zamanın gərdişi bizi hara aparırsa, qələmimiz
də ora yan alacaqsa, təfəkkürümüz gərdişin
gətirdiklərinə pusqu quracaqsa, dramın bu günə
dönüşü, sabaha gedişi çətin olacaq.
Çünki zamanın axarında gələnləri elə
zamanın axını da yuyub aparır.
Ötən
illərin sükutu ilə müqayisədə 2017-ci ildə
dram janrında müəyyən canlanma hiss olundu. "Azərbaycan"
jurnalı iki nömrəsində beş pyesə yer
ayırdı, ayb.az saytı Şirməmməd Nəzərlinin
"Mən haqqı sevirəm" dramını təqdim
etdi, İrəvan Dövlət Azərbaycan Dram Teatrı ilin
dramaturji materialına - İftixar Piriyevin "Qanlı
qızıl toy" əsərinə müraciət etdi, Pərvinin
dramla bağlı bədii və
publisistik yazılarının toplandığı "Səhnə"
kitabı çap olundu, həm də ilin dramaturji materialları
yalnız bu kitabdan deyil, Mingəçevir Dövlət Dram və
Yuğ Dövlət teatrlarının səhnələrindən
təqdim olundu. Bunlar janrın həyatında çox
böyük hadisə olmasa da,
dramın ayaq tutub yerimədiyi müasir dönəmdə
"Azərbaycan" jurnalında pyeslərin toplu şəkildə
çapı janrı müəyyən qədər diqqətə
gətirdi, İftixar Piriyevin "Qanlı qızıl
toy", Pərvinin "Qadınlar" və "Sonuncu" əsərlərinin
səhnədən təqdimi dramaturji prosesin canlı mənzərəsini
yaratdı, Şirməmməd Nəzərlinin "Mən
haqqı sevirəm" televiziya pyesi bu mənzərəyə
janr rəngarəngliyi qatdı.
Bu rəngarənglik
ötən ildə özünü yalnız janrda deyil,
imzalarda da göstərdi. İlin dramaturji prosesində drama nəsrdən
gələn Qanturalı və Pərvin kimi gənc imzalarla
yanaşı, teatr-dram sənətinin qocaman sakinləri:
müasir dram deyəndə ilk yada düşənlərdən
Əli Əmirli, vaxtilə bu janrla bağlı bir sıra məsul
vəzifələrdə çalışmış, indi isə
janrın problemlərini vaxtaşırı redaktoru olduğu
"Qobustan" jurnalında müzakirələr müstəvisinə
gətirən Vaqif Əlixanlı, teatr-dram tənqidində ən
oxunaqlı, ən sanballı yazıların müəllifi,
teatrşünas Aydın Talıbzadə, paytaxtımızda fəaliyyət
göstərən İrəvan teatrının direktoru
İftixar Piriyev, 2010-cu ildə Azərbaycan Mədəniyyət
və Turizm Nazirliyinin elan etdiyi "Ən yaxşı
pyes" müsabiqəsinin qaliblərindən olmuş Şirməmməd
Nəzərli də vardı.
Amma əlbəttə
ki, dramaturji prosesdə bizim izlədiyimiz və gözlədiyimiz
imzalar, yaxud onların titulları deyil. Bizim
marağımızda duran məsələ bu statistik rəngarənglik janrda
illərin "köhnə hamam, köhnə tas"
aurasını dağıda bildimi? sualıdır. Dramın
poeziya və nəsrlə, teatrın isə digər sənət
növləri ilə rəqabətdə olum-ölüm
çabaları ilə uğraşdığı
günümüzdə janrın ədəbiyyatımızda
yaşarlılığı hər il yaranan pyeslərin kəmiyyətindən
yox, keyfiyyətindən asılıdır. Bu janrda keyfiyyətli
əsər ortaya qoymaq isə digər janrlarla müqayisədə
xeyli çətin işdir. Doğrudur, dialoqların bir-birinə
qoşulması bu çətini asan etməyin yollarından
biridir, amma ki dram yaratmağın yolu deyildir. Dram
yaratmağın yolu müəllifin qurduğu dramaturji oyundan
keçir. Məlumdur ki, dram oyundur, müəllifin qurub
personajların oynadığı oyun. Oyun isə
hamımızın nə vaxtsa oynadığı və yaxud
da oynaya bildiyi bir şeydir, amma dram şahmat kimidir, onu hər
kəs oynaya, ən əsası isə yaxşı oynaya bilmir
və bir də dram şahmata
ona görə bənzəyir ki, burda hər oyunçunun
öz gedişi var, elə gediş ki, o, kimsənin istəyindən,
iradəsindən, mövqe-məramından asılı olaraq
öz səmtini dəyişmir.
Ötən
ilin dramlarında isə yalnız bir gediş var, müəllif
gedişi, istər oyunu quran, istərsə də onu oynayan
müəllifdir. Yalnız Aydın Talıbzadənin
"Xala" pyesində oyun personajlar arasında qurulur, amma təəssüf
ki, sona kimi davam etdirilə bilmir. Əsərin
başlanğıcı bügünkü dram bozluğunda bizə
yaxşı bir oyun vəd etsə də, sonrakı gedişlərdə,
xüsusilə də, pyesin sonluğunda gördüklərimiz
gözlədiklərimizi doğrultmur. Vaqif
Əlixanlının "Dənizə baxan pəncərə"
dramının mini yubkalı artistlərin qeybəti, Şirməmməd
Nəzərlinin "Mən haqqı sevirəm" pyesinin
Tolstoyun ölüm tarixçəsi, Qan Turalının
"Qabaqda gedən zəncirli" dramının müəllif
mühakiməsi, İftixar Piriyevin "Qanlı qızıl
toy" dramının personajların emosional mükaliməsi
ilə başlayan müqəddimələri, Əli
Əmirlinin "Ah, bu uzun sevda yolu" və "Nuri-didə
Ceyhun" pyeslərinin emosional sərlövhələri isə
əslində elə əvvəlcədən də bizə
heç bir dram olmayacağına bir işarə verir.
Sanki
dramaturji proses əsərdə dramın olması
üçün yox, dramın səhnədə olması
üçün mücadilə edir. Müasir teatr
ağuşunu nəyə açırsa, bugünkü dram da
üzünü ora tutur. Azərbaycan Dövlət Akademik Milli
Dram Teatrı kimi respublikamızın aparıcı
teatrının ötən ildə müasir dramaturgiyadan
öz repertuarına salmağa rəva gördüyü yeganə
əsər - Elçinin "Cəhənnəm sakinləri"
repressiya mövzusundaydı, Sumqayıt Dövlət Dram
Teatrı da 2018-ci il repertuarında bu mövzuya - Nizami
Muradoğlunun "Hüseyn Cavid" dramına müraciət
etdi. Repressiya mövzusuna maraq dramaturgiyamızda da səngimək
bilmir. 2016-cı ildə də bu mövzuda pyes meydana
çıxmışdı, 2017-ci ildə də Əli
Əmirli dramaturgiyası bu
mövzuda "Ah, bu uzun sevda yolu" dramını təqdim
etdi və əsər artıq Akademik Milli Dram Teatrının
repertuarına düşə bilmişdir.
Mövzunun
əsərə verdiyi şans sabah da dramaturgiyamızda bu
mövzuda növbəti bir əsərin meydana
çıxmayacağına söz vermir. Biz repressiya və ya
hər hansı bir başqa mövzuda çoxsaylı əsərlərin
yaranmasının əleyhinə deyilik. Əlbəttə,
tükənən mövzu yoxdur, bir mövzu ətrafında
istənilən qədər əsər yazmaq olar, amma elə
yazmaq ki, oxucunun səbrini tükətməyəsən. Əgər
tükətsən, onda gərək ondan dramaturgiyamızda
Qacar haqqında yazılan növbəti əsərdən sonra
Aydın Talıbzadənin söylədiyi "bu
"Qacar" mövzusu məni lap bıkdırıb... xacə
ilə bilmərrə və axirətəcən vidalaşmaq məqamıdır"
kimi bəyanlar da eşitməyə hazır olasan.
Ötən
ilin dramaturgiyasında bizə bu sözləri dedirdəcək
olan yalnız repressiya mövzusunun
müdhiş qorxu, amansız cəza, günahsız
qurban, qəddar məmur,
satqın yoldaş obrazları deyildi; bu sözləri dedirdəcək
şeylər çox idi: bədii detallardan, yanaşmalardan, təhlillərdən
tutmuş, hətta ifadəetməyə qədər. Yenə
dramaturgiya keçmişdən danışanda təbinə,
bu gündən danışanda tənqidə güc verdi, yenə
sevdiklərinə mədh, sevmədiklərinə həcv
qoşdu, yenə erməni adı gələndə
söyüş söydü, yenə hər şeyi öz təbirincə
yozdu. Və əslində beləcə "yenə",
"yenə" deyə biləcəyimiz şeylər
çoxdur. Dramaturgiyada yeni-yeni görünməyə
başlayan imzaların varlığı bizə bu "yenə"lərdən
xilas ümidi versə də, nə yazıq ki, təqdim olunan
bədii mətnlər bu ümidlərimizi də alt-üst
etdi.
Pərvinin
pyesləri müəllifin özünün də qeyd etdiyi
F.Bulyakovun "Nənələr ərə gedir",
Çexovun "Qu quşu nəğməsi" pyeslərindən
və qeyd emədiyi İ.Fəhminin "Sonuncu reportaj"
dramından uzaqlaşıb orijinal mətnə çevrilə
bilmir. Qan Turalının "Qabaqda gedən zəncirli"
pyesində isə nəinki yenilik yoxdur, əksinə hər
şey o qədər köhnədir ki, deməkdən dilimizin,
eşitməkdən qulağımızın yağır
olduğu qədər. "Dəli kimdir, ağıllı
kim" mövzusunun dramaturgiyamızda təkrar-təkrar təqdimi
oxucunu, doğrudan da, dəli etmək həddinə
çatdırsa da, yazarlarımız üçün hələ
də ağıllı görünməyin ən yaxşı
variantıdır.
"Qabaqda
gedən zəncirli" pyesinin ruhi xəstəxana pasienti olan
personajı "ağıldan bəla" oyununun dramatik qəhrəmanı
olmağa çalışsa da, qəzəb və nifrət
püskürən məhkəmə ittihamçısı
kimi görünür. O, millətlərə, dinlərə,
ümmətlərə bölünüb bir-birini qıran,
İsanın çarmıxını daşıyıb Məhəmmədə
daş atan bəşəriyyətdən tutmuş təhsil
sisteminə, avtobus sürücüsünə, KFC-də
satılan toyuq qanadına qədər hər şeydən
narazıdır. Və dəridən-qabıqdan
çıxaraq hələ öz ömrünün ibtidai
dövründə banan üstündə belə dava edən bəşəriyyətə
əclaf, avtobusu bərk sürən şoferə isə
eşşək olduğunu sübut etməyə
çalışır. Amma nə toyuğun qanadı KFC-də
satıldığı yerdə birdən-birə niyə
yazıçının qəzəbinə tuş gəldiyini
anlayır, nə də avtobus şoferi sərnişinlər
kimi yazıçının da söyüşə güc verdiyini.
Oxucu da müəllifin nəfəs dərmədən
söyüb-söylədiklərini ədəbiyyatın
növbəti deyingənliyi kimi qulaqardına vurur. Öz
sözünü eşitdirmək istəyən müəllif
Mirzə Cəlilin "ölülər" metaforasına əl
atır. Amma bu məşhur metafora da burda nəinki
ölüləri dirildə bilir, heç öz diriliyini belə
saxlamağa qadir görünmür.
Ancaq ilin
dramaturgiyasının nəyəsə qadir
olmadığını demək olmaz. Şirməmməd Nəzərlinin
"Mən haqqı sevirəm" pyesi bütün
gücünü bizi Azərbaycan şairi Füzulinin
müdrikliyi, sənəti qarşısında öz
cahilliyini, puçluğunu anlayan rus yazıçısı
Tolstoyun halına acımaq üçün səfərbər
edir. Və buna nail də olur. Doğrudan da, böyüklüyü ilə bir
dünyaya sığmayan Tolstoyu dramaturgiyamızda "Hədiqətüs-süəda"
əsəri barəsində "qəhrəmanın da
dünyada yeganədir, haqqında yazılmış əsər
də" düşüncəsində görüncə bu nəhəng
yazıçısının halına acımamaq
mümkün olmur.
Göründüyü
kimi, dramaturgiyamız öz yerində saymır, ötən illərin
pyeslərində bizə sadə rus qadınları qibtə
edirdilərsə, 2017-ci ildə bizə dahi rus
yazıçısı həsəd apardı, İ.Piriyevin
"Qanlı qızıl toy" dramında isə tərifimizi
daha uzaqdan, daha sivil dünyadan -avropalı xanımdan,
özü də daha gur şəkildə eşitdik.
Tərifimizi
edib giley-güzarımızı dilə gətirmək
üçün əlimizə qələm alıb dram yazanda
o, personajlar üçün səhnəyə yox, müəllif
üçün tribunaya çevrilir. Müəllif bu
tribunadan təbinə güc verib ürəyini
boşaltdıqca səhnə də oxucu üçün
boş qalır. "Dənizə baxan pəncərə"
dramında öz bədxahlarına xeyirxahlıq edən
Salavatın macərası, "Mən haqqı sevirəm"
dramında personajların hərəkətsiz dialoqu, "Ah,
bu uzun sevda yolu" əsərində M.Müşfiqin
repressiya tarixçəsi, "Nuri-didə Ceyhun"
dramında Ceyhun bəyin həyat hekayəsi, "Qanlı
qızıl toy" pyesində cavanlığında dini-milli
qadağalara, qocalığında isə Qarabağ müharibəsinə
rəğmən erməni sevgilisini tərk etməyən
Osmanın nağılı səhnəni doldurmağa, səhnə
isə Bax musiqisinin Bayatı Şirazdan, Bodenştedtin Mirzə
Şəfi Vazehdən götürdüklərini (İ.
Priyevin "Qanlı qızıl toy" dramında), ermənilərin "Arşın
mal alan" əsərinə müəlliflik
iddialarını (Ə.Əmirlinin "Nuri-didə Ceyhun"
pyesində), Krımın Rusiya, Ukrayna yox, tatar torpağı
olması (V.Əlixanlının "Dənizə baxan pəncərə"
dramında), Kərkük
mahalından, Urmiyadan tutmuş Dərbəndə kimi ərazinin
Azərbaycan türklərinin tarixi məskəni olması
(Ş.Nəzərlinin "Mən haqqı sevirəm"
dramında) məsələlərini müzakirə etməyə
qadir deyil.
Qələminə
güc verib maraqlı olmağa, gözəl görünməyə,
dərin problemlərə toxunmağa çalışan
dramaturgiyamız unudur ki, səhnə
elə bir yerdir ki, orda ən maraqlı nağıllar belə
maraqsız, ən gözəl uydurmalar belə məzmunsuz, ən
sanballı problemlər belə əhəmiyyətsiz
görünə bilər, çünki səhnə digər
janrların variantına, tarix sənədlərin surətinə,
dəyirmi masaların oxşarına çevrilməyi sevmir.
Dram elə bir janrdır ki, onun öz mövzu-problemləri
var. Elə problemlər ki, öz həllini başqa yerdə
tapmayıb üzünü səhnəyə tutur.
Bugünkü dramaturgiyamızın ən böyük problemi
isə öz mövzu-problemini tapmamaqdır. Tapmır ona
görə ki, əslində heç bunun
axtarışında da deyil. Dram dörd bir
yanımızın problem olduğunu düşünüb
"Dənizə baxan pəncərə" pyesində
südün keyfiyyətini, indiki evlərin
havasızlığını, dərmanların
saxtalığını, müasir teatrların
hoqqalarını, uşağı əmizdirməyən
anaları, oğlunun toyuna Ledi Qaqanı gətirən milyarderi
və daha nələri, "Mən haqqı sevirəm"
pyesində musiqi, şairlik haramdırmı kimi problemləri
müzakirə edir. Biz bunların müzakirə mövzusu
olmadığını yox, dram mövzusu
olmadığını iddia edirik. Dram müstəvisinə
uyğun olmayan poblemləri müzakirə etmək iddiasına
düşüncə səhnənin əlindən
"Qanlı qızıl toy" pyesində olduğu kimi
Şuşanı təslim edənləri "əclaf",
"oğraş" sözləri ilə söyməkdən,
yaxud "Nuri-didə Ceyhun" əsərində olduğu
kimi Demokratik Respublikanın işğalına təpki göstərməyən
Avropanı "madam" sözü ilə təhqir etməkdən
savayı bir şey gəlmir.
O da
doğrudur ki, dramaturgiya əlindən gəldiyi qədər
mövzu-problemlərə dramatik çalar verməyə can
atır. Ancaq nə "Dənizə baxan pəncərə"
pyesində Salavatla Qailov arasında sovetlə bu günün
müqayisələrindən doğan
mübahisələr, nə Əli Əmirlinin "Ah, bu
uzun sevda yolu" əsərində Dilbərin iztirabları, nə
"Nuri-didə Ceyhun" dramında Zöhrənin əndişələri,
Bacının qeybətləri, nə də "Qanlı
qızıl toy" pyesində düşmən
hücümları qarşısında Şuşanı tərk
etmək çağrışlarının
yaratdığı mübahisələr kimi kosmetik bəzəklər
dram yaratmağa qadir deyil.
Dramı
poeziyada olduğu kimi sözün, nəsrdə olduğu kimi
hadisələrin bəzəyi maraqlı edə bilməz.
Düzdür, bütün bunlar bu gün drama səhnəyə
qalxmaq şansı verir. Ancaq səhnəyə qalxmaq asan, onda
qalmaq isə çətindir. Çətindir ona görə
yox ki, bu günün tamaşaçısının
başı televerilişlərə, seriallara, əyləncələrə
qarışıb, teatrı yadırğayıb, çətindir
ona görə ki, tamaşaçı üçün
bugünkü səhnə bu verlişlərin, serialların, əyləncələrin
təkrarından və ya oxşarından başqa bir şey
ola bilmir. Həm də günün dramı yalnız
verlişləri, serialları, əyləncələri deyil,
elə özü özünü də təkrar edir. Həyatımızda
Stalin erası çoxdan bitsə də, dramaturgiyamızda
Stalin xofu bitmir ki, bitmir. Son otuz ilin dramı Stalin kultuna dönə-dönə
istinadlar edir, ötən ilin əksəriyyət pyeslərində
də bu dahi rəhbərin şəxsiyyəti söhbətlərin
mövzusuna çevrildi. İllər öncə Elçinin
"Şekspir", ötən ildə isə Qan
Turalının "Qabaqda gedən zəncirli" pyesində
olduğu kimi yalnız ruhi xəstəxananın pasiyentləri
deyil, sanki bütün dramaturgiyamız Stalin qarabasmasından əziyyət
çəkir. Bizi, əlbəttə, dramın Stalindən
danışması deyil, təfəkkürümüzün
ilişib nədəsə qalması narahat edir. Çünki
ilişən təfəkkürümüz boy atmayan
düşüncəmiz deməkdir. Dram bütün digər
janrlardan daha az təxəyyül və bütün digər
janrlardan daha çox təfəkkür hadisəsidir.
Ümumiyyətlə, dram bədii yaradıcılıq yox, bədii
araşdırmadır. Ancaq elə araşdırma ki, onun qənaəti
"Qabaqda gedən zəncirli" pyesində olduğu kimi
"Bethoven indi yaşasaydı, müştəri xidmətləri
üçün musiqilər yazardı" kimi məntiq məsələlərindən,
sonluğu isə "Nuri-didə Ceyhun" əsərində
olduğu kimi "Azərbaycan yenidən müstəqilliyinə
qovuşacaq, Azərbaycan Demokratik Respublikası bərpa
olunacaq" kimi şüarlardan, A.Talıbzadənin
"Xala" pyesində olduğu kimi patetik
çıxışlardan ibarət olmasın. Elə
araşdırma ki, səhnəni sənətə çevirə,
düşüncəmizi isə hərəkətə gətirə
bilsin.
Dünyanın
min illər əvvəl sahib olduğu dialoqa girmək,
müzakirə müstəvisi yaratmaq mədəniyyəti bizə,
çox gec - yüz əlli il əvvəl mütəfəkkür
ədibimiz M.F.Axundzadənin yaradıcılığında gəlib
çıxmış, milli ictimai düşüncəmizi əsrlərin
ətalətindən silkələmişdi. Bu gün isə dram özünün dialoqa girmək,
müzakirə yaratmaq dilini itirərək sanki bədii
düşüncədə hissin, təxəyyülün
cövlan edib, təfəkkürün mürgü
döydüyü min il əvvələ qayıdır.
Zamanın gərdişi bizi hara aparırsa, qələmimiz də
ora yan alacaqsa, təfəkkürümüz gərdişin gətirdiklərinə
pusqu quracaqsa, dramın bu günə dönüşü,
sabaha gedişi çətin olacaq. Çünki zamanın
axarında gələnləri elə zamanın axını da
yuyub aparır.
Aynurə Mustafayeva
Ədəbiyyat qəzeti.- 2018.- 2
iyun.- S.11.