Ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə ümumi baxış
Bu gün ədəbi prosesin iki tərəfi
- yəni ədəbiyyatla ədəbiyyatı dəyərləndirmə,
öyrənmə, tətbiqetmə ilə məşğul
olan müxtəlif sistemlər arasında bir
narazılığın olması danılmazdır. Müasir ədəbi-nəzəri
fikrin innovativ, yaradıcı və sistemli elm sahəsi kimi
formalaşması prosesi daha çox müxtəlif təcrübələrin
kombinasiyasında mümkündür. Təəssüf
ki, bəzi hallarda tarixi prosesdə özünü
doğrultmayan və ya ideoloji yükün altında əzilən
sistemin (sosialist ədəbiyyatşünaslığın)
qalıqları hələ də özünü göstərir.
Ədəbiyyat
tarixinin, ədəbi tənqidin və ədəbiyyat nəzəriyyəsinin
ədəbiyyata yanaşma prinsiplərindəki məqsəd və
onu gerçəkləşdirmə vasitələri ədəbiyyatşünaslığın
sahələrinin sərhədlərini müəyyənləşdirir.
Bu sərhədlərin əsas xüsusiyyəti
isə ayırıcı yox, birləşdirici keyfiyyətlərin
üstünlüyü ilə səciyyələnir. Ədəbiyyat nəzəriyyəsi ədəbiyyatşünaslığın
bütöv elm kimi özünü doğrultmasında
aparıcı mövqeyə malikdir. Ədəbiyyat
tarixçisi ədəbi fikrin tarixi
ardıcıllığını müxtəlif mətnlər
əsasında sistemləşdirərkən, ədəbiyyat tənqidçisi
ədəbi prosesə daxil olan bədii fakta münasibət
göstərərkən ədəbiyyat nəzəriyyəsinin
qanunauyğunluqlarına əsaslanır, onun müəyyənləşdirdiyi
formulları predmet kimi tətbiq edir. Bədii -estetik düşüncədə
ciddi paradiqmatik dəyişikliklər müşahidə
olunduqda, ədəbiyyatın yönünü və istiqamətini
dəyişəcək yeni faktlar üzə
çıxdıqda onları adlandırmaq, formaya salmaq, təsnif
etmək, modelləşdirmək ehtiyacı yaranır. Bu adların yaranması və nəzəri
dövriyyəyə daxil olması qaçılmaz hal alır. Bu zaman ədəbiyyatşünas
alim nəzəriyyənin mövcud lüğət bazasında və
terminoloji ehtiyatında olmayan yeni adlara ehtiyac duyur, nəzəriyyənin hazır
formulları əsasında yenilərinin yaranması
aktını gerçəkləşdirir. Deməli, nəzəri
bilgi istənilən halda bütövlükdə ədəbiyyatşünaslıq
elminin metodologiyasını müəyyənləşdirir, müxtəlif
elm sahələrinin təsnifat cədvəlində müstəqil
yerini müəyyənləşdirən əsas amilə
çevrilir. 2017-ci ildə ədəbiyyat nəzəriyyəsinin
ümumi mənzərəsinə nəzər salmaq və
sistemləşdirməyin çətinliyi də bununla
bağlıdır. Ədəbiyyat nəzəriyyəsi
prinsip olaraq ədəbiyyatşünaslığın
bütün sahələrinin içindədir...
Məlumdur
ki, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat
nəzəriyyəsi şöbəsi respublika miqyasında nəzəri
fikrin akademik, eyni zamanda ədəbiyyat nəzəriyyəsi
profilli yeganə elmi-tədqiqat mərkəzidir. Ədəbiyyatın
ümumi nəzəri məsələlərinin, klassik Azərbaycan
və Şərq ədəbiyyatlarının nəzəri
problemlərinin, bədii tərəqqinin inkişaf
qanunauyğunluqlarının kompleks tədqiqi; ədəbi bədii
tənqidin metodologiyasının araşdırılması; Azərbaycan
ədəbiyyatının tarixi poetikasının tədqiqi, bədii
obrazlarının, janr və bədii ifadə vasitələrinin
təkamülünün araşdırılması şöbənin
tədqiqat istiqamətlərini təşkil edir. "Ədəbiyyat nəzəriyyəsi"
şöbəsində 2017-ci ildə, "Bədii ədəbiyyatın
nəzəriyyəsi, ümumi qanunauyğunluqları, kompleks tədqiqinin
metodoloji prinsipləri və məsələləri"
problemi əsasında aşağıdakı istiqamətlər
üzrə elmi tədqiqat işləri
aparılmışdır. "Ədəbi növ və
janr problemi (Azərbaycan ədəbiyyatı materialları əsasında)"mövzusunda
Prof. Tahirə Məmməd "Dramatik ədəbi növün janr
təsnifatı və xüsusiyyətləri, fil.e.d. Nailə
Muradəliyeva "Roman janrının tarixi poetikası",
fil.e.d. Əliyev Cavanşir: "Lirik ədəbi növün
xüsusiyyətləri, janr təsnifatı; Azərbaycan ədəbiyyatında
təşəkkülü və inkişaf mərhələləri",
fil.e.d., prof. Rəhilə Qeybullayeva "Ədəbi
növ və janr problemi (Azərbaycan ədəbiyyatı
materialları əsasında)", fil.e.d. Məhəmmədəli
Mustafayev "Heca vəzni və Azərbaycan ədəbiyyatında
inkişaf mərhələləri", fil.ü.e.d. Pərvanə
İsayeva "Faciə janrı və Azərbaycan ədəbiyyatında
inkişaf mərhələləri", fil.ü.f.d., dos. Simuzər
İsmayılova "Lirik-epik janrlar: poema", fil.ü.f.d.,
dos. Rasim Qurbanov "Azərbaycan şifahi xalq ədəbiyyatında
epik janrlar: tədqiqat tarixi və müasir elmi-nəzəri
fikir", fil.ü.f.d. Aqşin Dadaşzadə "Dram: janr
xüsusiyyətləri təsnifatı", fil.ü.f.d. Aslan Salmanov "Ədəbi
əsərlərin tekstoloji və nəzəri dərki
(S.Vurğunun yaradıcılığı əsasında)",
fil.ü.f.d. Maral Yaqubova "Epik ədəbi növün janr
təsnifatı və xüsusiyyətləri", Nizami Vəliyev "Azərbaycan ədəbiyyatşünaslığında
Qərb mənşəli şeir şəkilləri", Jalə
Rzayeva "Romantik lirikada janrlar və onların tədqiqi
problemi", Leyla Rzayeva "Musiqili dramatik janrlar: Opera-operetta,
melodram, libretto" adlı elmi-tədqiqat işləri yerinə
yetirilmişdir. Adı çəkilən tədqiqatlarda ədəbiyyat
nəzəriyyəsinin mühüm sahəsi olan ədəbi
növ və janr problemi yeni münasibətdə
araşdırılmış, Azərbaycan ədəbiyyatşünaslığındakı
mövcud boşluqları doldurmaq, ədəbi-nəzəri
fikrin dəyişən paradiqmasını və ədəbi-prosesdə
dəyişən paradiqmalara ad qoymaq, izah etmək və şərhini
vermək əsas məqsədə çevrilmişdir. Ədəbi-nəzəri fikrin bədii fakta
çevik reaksiyasını gecikdirən məqamları üzə
çıxarmaq, nəzəriyyənin bütövlükdə
ədəbiyyatşünaslıq üçün əhəmiyyətinin
böyüklüyünü təsdiq etmək
üçün nəzəriyyə ilk növbədə
özü-özünü tanımalıdır. Bu
istiqamətdə AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsində
prof. Tahirə Məmmədin rəhbərliyi ilə Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun maliyyə yardımı ilə yerinə yetirilən
"Ədəbiyyat nəzəriyyəsi: inkişaf mərhələləri
və problemlər" adlı layihəni xüsusi
vurğulamaq istərdik. Elmin İnkişaf Fondunun 2013-cü
ilin əsas qrant müsabiqələri üzrə "Ədəbiyyat
nəzəriyyəsi: inkişaf mərhələləri və
problemlər layihəsi" qalib layihə olmuşdur. 2015-ci ilin mart ayından layihə rəhbəri və
iştirakçılar (f.ü.e.d. prof. Rəhilə
Qeybullayeva, f.ü.e.d. Nailə Muradəliyeva, f.ü.f.d. dos.
P.İsayeva) layihə üzərində işləyirlər.
Layihənin Rusiyada, Qazaxıstanda, ABŞ-da təqdimatları
keçirilmişdir. Ədəbiyyat nəzəriyyəsinin
tarixi inkişaf xəttini, mərhələlər üzrə
təsnifatını, Azərbaycanda ədəbiyyat nəzəriyyəsi
elminin müstəqil elm sahəsi kimi formalaşmasının əsaslarını
və s. məsələlərin
araşdırıldığı layihə nəzəriyyə
sahəsindəki boşluqları doldurmaq potensialına
malikdir. 2017-ci ildə
layihə üzərində yekun işlər
aparılmış, iki cild halında çapa təqdim
olunmuşdur.
2017 - ci ildə akademik İsa Həbibbəylinin
" Ədəbi şəxsiyyət və zaman" (Əsərləri,
10 cilddə, II cild. Bakı, "Elm və təhsil",
2017, 1068 səh.) adlı tədqiqat əsəri
çap olundu. Bu
iri həcmli əsərdə ilk başlıq "Ədəbiyyat
və zaman" adlanır və ilk abzas ədəbiyyatın tərifi
ilə başlayır. "Ədəbiyyat-həyatı
bədii lövhələr və surətlər vasitəsi ilə,
fərdiləşdirmiş və ümumiləşdirmiş
şəkildə əks etdirən, tərbiyəvi əhəmiyyətə
malik olan söz sənətidir." (kursiv
-Y.M.) Akademik
İsa Həbibbəyliyə görə, ədəbiyyat
bütöv bir sistemdir və bu sistemin öyrənilməsinə
və nəzəri konsepsiyasının hazırlanmasına
onun ən kiçik və ən əsas elementindən
başlamaq lazımdır.
"Ədəbi-tarixi yaddaş və
müasirlik" (Bakı, Nurlan, 2007. S.472)
adlı kitabında qeyd edirdi ki, ədəbiyyatın tərifi
ədəbiyyatşünaslıq elminin əlifbasıdır və
ədəbiyyat barəsindəki digər elmi qənaət və
mülahizələr ədəbiyyatın nə demək
olduğunu müəyyən edən tərifdən sonra gəlir. Ədəbiyyata aid tərif
xüsusi yaradıcılıq sahəsi olan bədii ədəbiyyatın
özünəməxsus, ən ümdə, ən
zəruri xüsusiyyətlərini və fərqli cəhətlərini
özündə əks etdirməlidir. Ədəbi-tarixi
yaddaşın müasirlik müstəvisindən dəyərləndirildiyi
bu tədqiqat əsərindən on il sonra,
alım bu dəfə təqdiqatın obyektinə ədəbi
şəxsiyyət və zaman modelinin özünü qoyur.
Alimin ədəbi şəxsiyyət və zaman modelinin tərtibində
önə sürdüyü meyarları müəyyən
başlıqlarda qruplaşdırmaqla nəzərdən
keçirmək olar: Zaman- ədəbiyyat-zaman çevrəsində
şəxsiyyət dominantdır;
Klassik ədəbiyyatda Nizami (və digərləri)
şəxsiyyəti ilə meyardır; Zaman şəxsiyyəti,
şəxsiyyət ədəbiyyatı dəyişir; Ədəbiyyatda
milli özünüifadə şəxsiyyət mövqeyi ilə
üst-üstə düşür; Romantik ədəbiyyatda
şəxsiyyət amili əsas göstəricidir; Ədəbiyyatşünaslıq
elminin formalaşmasında şəxsiyyət dominantdır;
Şəxsiyyətin mühacirliyi ədəbiyyatın
mühacirliyidir; İdeologiyanın süni şəkildə tətbiq
olunduğu mühitdə şəxsiyyətin
özünüqoruması ədəbiyyatın yaşama
imkanıdır; Paradiqma dəyişikliyi şəxsiyyətə, şəxsiyyət də ədəbiyyata təsir edir;
Şəxsiyyət üçün müstəqillik şəraiti,
yaradıcılıq azadlığı vacib şərtdir.
Akademik İsa Həbibbəylinin müxtəlif müəlliflərə
həsr etdiyi məqalə xarakterli yazılarının
strukturunda riayət etdiyi prinsip diqqəti cəlb edir.
Ədəbi şəxsiyyətin tərcümeyi-halı
verilir, ardınca ədəbi irsi, bu irsə münasibət,
mövcud boşluqlar, bu boşluqları doldurmaq
üçün təkliflər öz əksini tapır.
"Ədəbi şəxsiyyət və
zaman" kitabında ayrı-ayrı portret yazıların
arasında məntiqi bağ nəzəri mahiyyət
daşıyır. Daha
doğrusu, bu portret yazılar bir-birindən qopmuş şəkildə
deyil, vahid bir süjet xəttini - Azərbaycan ədəbiyyatı
tarixini - təşkil
edən epizodlar kimi özünü göstərir. Kitaba daxil olan bu portret yazıları alimin son on ildəki
araşdırmaları təşkil edir. Alimin təqdim
etdiyi Azərbaycan ədəbiyyatının tarixi
"süjeti" isə, 2 015-ci ildən dolğun nəzəri
xarakter alır, yeni dövrləşdirmə konsepsiyası
kimi təqdim olunur. "Ədəbi şəxsiyyət və
zaman" kitabı ilə "Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi konsepsiyası" arasında ortaq məqam təkcə, birincinin
ikincinin hazırlıq mərhələsi olması ilə
müşahidə olunmur, həm də təsnifat sistemində nəzərdə
tutulan meyarların gerçəkləşməsində şəxsiyyət
və onun zamanduyumuna verdiyi önəmdə də üzə
çıxır. İsa Həbibbəyli öz
nəzəri mülahizələrində ədəbiyyatın
və ədəbi dövrün formalaşmasında şəxsiyyət
amilinin üstün mövqeyinə inanır, şəxsiyyəti
meyar kimi qəbul edir.
2017-ci ildə
ədəbi-nəzəri fikirdə yenilik baxımından diqqət
çəkən əsərlərdən biri də akademik
Kamal Abdullanın "Gizli Dədə Qorqud" silsiləsindən
çalışmalarının məntiqi davamı kimi təqdim
olunan "Kitabi-Dədə Qorqud poetikasına giriş. Dansökülən variant." (Bakı, RS
Poliqraf, 2017, -320 s.) monoqrafiyası oldu. Monoqrafiyada məlum mətnin poetik qatı orijinal
üslubda, yeni yanaşma ilə araşdırılır. Kitabda ortaya qoyulan fikrə
görə, poetika bədiipoetik və təmiz poetik hissənin
cəmini təşkil edir, özünə sistemli yanaşma tələb
edir. Bədii-poetik ifadəsi isə qədim
mifoloji dövrdə mətni proza və poeziyaya bölməyin
mümkünsüzlüyünü izah edəcək yeni
terminoloji məzmun daşıyıcısı kimi diqqəti cəlb
edir. Bədiilik prozaya, poetiklik isə poeziyaya
aid funksiya kimi qədim mifoloji çağda vəhdət şəklindədir.
"Bədiipoetik mövcudiyyət"i
ümumi Poetikanın daha qədim, ibtidai və primitiv
"nümayəndəliyi" kimi izah edən müəllif
ardınca poetikanın mərhələ təsnifatına da
özünəməxsus aydınlıq gətirir: ən qədim,
primitiv və qədim, klassik dövrlərini səciyyələndirir.
"Kitabi-Dədə Qorqud" un anaxronik
strukturunda həm köhnə, həm yeni ədəbiyyat
növünün vəhdəti vardır. Monoqrafiyada məhz
ilk mərhələnin- mifoloji dövrün ibtidai bədiipoetik
təsəvvürlərinin, real mətn quruculuğunda istifadə
edilən ünsür və vasitələrin sistemli, sistemsiz
münasibətləri, mifoloji mətn məkanının
konturlarının dəqiqləşməsi, məkanda baş
verən "Biruzə" prosesinin - Bədii Təzahürə
gələn yolların sirrinin nəzərdən keçirilməsi,
klassik poetika sferasında çalışanlara metodoloji
mesajların verilməsi qarşıya qoyulmuş məqsəd
və vəzifələri əhatə edir. Müəllif
məqsəd və vəzifələrin gerçəkləşdirmək
üçün fərqli metodoloji yanaşma sərgiləyir. Mifoloji,
struktur-semantik, semiotik prinsiplərin tətbiqi, makrokosm hadisələri
ilə mikrokosm hadisələri arasındakı izomorfluğun
üzə çıxarılması, ikili dixotomiyaların
müəyyən edilməsi müəllifin metodoloji
yanaşmasının əsasını təşkil edir.
Bədiipoetik enerjinin üzə çıxma mexanizmi ştil, qabarma və
partlayış mərhələlərində izlənir. Müəllifə görə mifin əsarət
dövrü, mifoloji dansökülən, mifoloji günortac,
mifoloji qürub yazıyaqədərki dövrün
ayrı-ayrı qatlarıdır. Monoqrafiya
janrının, elmi-nəzəri mətnin ənənəvi
nizamını pozan ricətlərdən istifadə də daxil
olmaqla, bu tədqiqat əsəri metodoloji yanaşması ilə
də diqqət cəlb edir. Multidisiplinar
baxış, bədii mətn poetikası ilə coğrafi
hadisələrin fiziki izahı arasında oxşar paradiqma
qurmaq, mətnin linqvistik potensialından bədiipoetik enerjinin
biruzə şəkillərini görmək və
adlandırmaq məqsədilə istifadə və .s tədqiqatın
yeniliyini əks etdirir. Monoqrafiya strukturuna və metodologiyasına fərqli
yanaşma gətirən bu əsər 2017-ci ilin ədəbi-nəzəri
fikrində seçilən hadisə kimi yadda qaldı.
Akademik Muxtar İmanov (Kazımoğlunun) rus dilində
çap olunmuş "Azərbaycan folklorunda
gülüşün genezisi və poetikası" (Bakı,
"Elm və təhsil", 2017, 360 s.) adlı monoqrafiyası
da diqqəti cəlb edən tədqiqatlardan biri oldu. Müəllif tədqiqatına
arxaik dünyagörüş sistemində xalq
gülüşünün mənşəyindəki magik
başlanğıcı müəyyənləşdirmək məqamında
günəş, işıq, od, gül kimi
qavrayışların semantikasına münasibət bildirməklə,
xalq gülüşünün mifoloji qaynaqlarını
araşdırmaqla başlayır.
Monoqrafiyanin adından
göründüyü kimi gülüş iki mühüm
aspektdən araşdırılılır.
Gülüşün genetik başlanğıcı, arxaik
kökləri, poetik potensialı, müxtəlif folklor mətnlərində
təzahür formaları, gülüşün
özünün struktur-semantik bütöv kimi daxil olduğu
mətnin janr-üslub bütövlüyünə birbaşa və
dolayı təsirləri, janr müxtəlifliyində kəsb
etdiyi fərqlərlə yanaşı, oxşar cəhətləri,
bu oxşar cəhətlərin formullarla üzə
çıxarılması və s. monoqrafiya müəllifindən
məsələyə çoxplanlı yanaşmanı,
konseptual və dinamik nəzəri düşüncənin tətbiqini
tələb edir. Buna görə
də Muxtar İmanov metodologiya baxımından mifoloq-folklorşünas-ədəbiyyatşünas
üçbucağından ibarət nəzəri müstəvi
qurur, bu da tədqiqatın sistemliliyinin əsas göstəricisinə
çevrilir. Şifahi xalq ədəbiyyatında
gülüşün struktur-semantik izahını nəzəri
model şəklində təqdim edir və bu model sonrakı tədqiqatların
metodoloji bazasına çevrilə bilir.
Kamran Əliyevin
"Çağdaş folklorşünaslığın problemləri"
adlı məqalələr toplusu (Bakı, "Elm və təhsil",
2017, 364 s. ) əsasən 4 başlıq
altında toplanmış silsilə məqalələrdən
ibarətdir. ""Dədə
Qorqud" eposunun qəhrəmanları və bədii
strukturu" silsiləsinə daxil olan məqalələrdə
dastan bütöv mətn - xalq düşüncəsinin
unikal nümunəsi olaraq vahid bir sistem kimi tədqiq olunur.
"Kitabi-Dədə Qorqud" mətninin
bütövlüyünü sübut edən məlum göstəricilərlə,
vahid "süjet" xəttini şərtləndirən
amillərlə yanaşı fərqli dəlillərin
olduğunu bildirir. Kamran Əliyevin
"Çağdaş folklorşünaslığın
problemləri" adlı kitabı epizodik məqamlar şəklində
bütöv folklorşünaslıq elminin aktual məsələlərini
gündəmə gətirir, folklorun öyrənilməsinin
prinsipləri ilə yanaşı, folklor haqqında yazılan əsərlərin
də nəzəri potensialına, folklorşünaslıq
elminin akademik səviyyəsinə də münasibət
bildirilir. Bu mənada tədqiqatın adı öz
daxili strukturu ilə bütövlük yarada bilir.
2017-ci ildə
Nizami adına Ədəbiyyat
İnstitutunun ədəbiyyat nəzəriyyəsi şöbəsinin
əməkdaşı Pərvanə İsayevanın "Faciə
janrının poetikası və tədqiqi problemləri"
(Bakı, "Elm və təhsil", 2017, 208 s.) adlı
kitabı çap olundu. Kitabda faciə nəzəriyyəsi
və faciəvilik konsepsiyasının fəlsəfə ilə
bağlantısına diqqət yetirilir. Dünya
filoloji və fəlsəfi fikrində faciənin janr kimi əsaslandırılmasının
tarixinə nəzər salınır, Azərbaycan ədəbiyyatşünaslığında
isə milli ruhun dərin qatlarını üzə
çıxarmaq mənasında faciə üçün məxsusi
milli formanın yaranma tarixinin gənc olmasına münasibət
bildirilir. Faciə janrının ilk
monoqrafik təqdiqi Yaşar Qareyevin "Faciə və qəhrəman"
monoqrafiyası ilə Azərbaycan nəzəri fikrində faciə
poetikasının təməlinin qoyulmasına diqqət
yetirilir. Mehdi
Məmmədovun "Azəri dramaturgiyasının estetik
problemləri" (1968), Hüseyn İsrafilovun "Azərbaycan
dramaturgiyasının inkişaf problemləri" (1988), Zaman Əsgərlinin
"Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin"
faciəsi" (1985), "Azərbaycan faciəsinin poetikası"
(1991), Aydın Talıbovun "Faciə. Janrın təyininə
dair" (1990) adlı tədqiqatlar əsasında
apardığı təhlillər nəticəsində belə
bir qənaətə gəlir ki, faciə janrının nəzəri,
estetik və ədəbi-tarixi problemləri sistemli və
konkret formullarla 1960-cı illərdən başlayaraq
ardıcıl şəkildə öyrənilmişdir. Pərvanə
İsayevanın müəllif yanaşmasında poetika məhz
janrın struktur-semantik bütövlüyü, semantik
paraqiqmaların struktur elementinə çevrilmə mexanizmi
kimi səciyyələnir.
Bu tədqiqatda müəllif faciə
poetikasının özünə və faciə
poetikasının nəzəriyyəsinə bələdlilik
nümayiş etdirir, bu iki tərəf arasındakı
münasibətlərin nəzəri mahiyyətinə diqqət
çəkir, münasibətdən doğan nəzəri
düşüncənin tarixi dinamikliyini geniş şərh
edir.
Tehran Əlişanoğlunun
"Milli nəsrdə Azərbaycan obrazı: tarix və
müasirlik kontekstində"
(Bakı: Elm və təhsil, 2017, 616 s.) adlı, Mirzə
Cəlil, Mir Cəlal, Süleyman Rəhimov, Seyid Hüseyn,
Sabit Rəhman, Mirzə İbrahimov, Anar, Elçin, Sabir Əhmədli,
Sabir Rüstəmxanlı, Mövlud Süleymanlı, Aqil Abbas,
Kamal Abdulla və başqalarının müxtəlif nəsr əsərləri
əsasında ayrı-ayrı illərdə
yazılmış məqalələr toplusundan ibarət irihəcmli
tədqiqat əsəri isə ədəbiyyat nəzəriyyəsinin
iki sahəsi baxımından təqdim olunan məruzənin
predmetinə çevrilə bilir. Birincisi nəsr
hadisəsi, ikinci obraz. Kitabda müəllifin nəsrimizin son yüz ilinə
aid araşdırmaları, məqalələri, tənqidi
yazıları toplanmışdır. Kitabın
annotasiyasında da vurğulandığı kimi bütün
bu yazıları vahid problematika - milli insanın obrazı birləşdirir.
Milli nəsrdə Azərbaycan obrazı, əslində
həm də Azərbaycan nəsrinin obrazı kimi səciyyələnmiş
olur. Azərbaycan nəsrinin
obrazlaşması, nəsrin milli xarakterinin dövrlər
üzrə kəsb etdiyi məzmun, müxtəlif ictimai-siyasi
vəziyyətlərdə milliliyin mövqeyi, millilik və
qloballaşma paradokslarında nasir obrazı və s. kimi məsələlər
tədqiqatın əsasını təşkil edir.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat
nəzəriyyəsi şöbəsinin Azərbaycan
Memarlıq və İncəsənət Universitetinin Azərbaycan
dili və pedaqogika kafedrası ilə birgə keçirdiyi
"Molla Pənah Vaqif irsinin elmi-nəzəri dərki"
adlı, ədibin anadan olmasının 300 illiyinə həsr
olunmuş elmi-nəzəri seminar konkret müəllif
yaradıcılığına yanaşmada metodoloji
plüralizmi əks etdirmək baxımından diqqəti cəlb
etdi. (Bakı, 2017). Seminar
materiallarının çap variantına yazdığı,
"Azərbaycan ədəbiyyatında erkən realizm: tarixi və
yaradıcısı" adlı ön sözdə akademik
İsa Həbibbəyli Vaqif irsinin azərbaycançılıq
məfkurəsi işığında dərindən öyərnilməsinin
vacibliyinə toxunur, Azərbaycan şeirinin mənzərəsinin
mövzu və forma baxımından dəyişmiş
şairin ədəbi kimliyinə münasibət bildirir. Professor Tahirə Məmməd
Vaqif yaradıcılığını məhəllələşmə
və realizm kontekstində dəyərləndirir, sənətkarın
öz adı ilə mərhələni, hadisəni səciyyələndirmə
qabiliyyətinə, divan ədəbiyyatının əsas cərəyanlarından
biri kimi məhəlləşmənin Vaqif irsində təzahür
formalarına elmi-nəzəri şərh verir. Ənənəvi
anlamlarda, situasiyalarda ciddi dəyişmələr yaratmaq, dini
mənşəli obrazlara yeni məcrada müraciət, şeirlərdə yerli toponimlərin
boy göstərməsi, lirik qəhrəmanın yeni şəkildə
təqdimatı, aşiq-məşuq modelində gözəlin
reallaşması və s. Tahirə Məmməd tərəfindən
məhəllələşmənin təzahür formaları
kimi təqdim olunur. Nailə Muradəliyevanın Vaqif
yaradıcılığında peyjaz və təbiət
duyumundan, Aslan Salmanovun Vaqif ilə onun bədii obrazı, Səməd
Vurğunun "Vaqif"i arasındakı əlaqədən,
Aqşin Dadaşzadənin Vaqif irsinin nəzəri tədqiqi
ilə bağlı
yazılarında və digər məqalələrdə
müasir nəzəri fikrin ədəbiyyatın tarixi
faktına və dövrünə münasibət akademik səviyyədə
öz əksini tapmışdır.
Akademik
Nizami Cəfərovun "Elçin. Yazıçının
yaradıcılıq yolu" kitabı (Bakı, 2017) konkret müəllifə
həsr olunmuş tədqiqat əsəri kimi 2017-ci ilin yadda
qalan əsərlərindən birinə çevrildi.
Elçin mətnini "dış" yox, "iç
struktur"dan, daha dərin subyektiv və ya "intim"
qatlardan öyrənməyə cəhd edən müəllif Elçinin ayrı- ayrı əsərlərinə,
yaradıcılıq yolunun ayrı- ayrı dövr və ya mərhələlərinə, eləcə də ümumən
yaradıcılığına hər dəfə yeni səviyyədə
bütöv bir mətn kimi baxarkən müasir filoloji fikrin
normativ, yaxud klassik kanonlarını, poetexnoloji tədqiqat
üsul və anlayışlarını geniş tətbiq etməklə yanaşı, tədqiqatçı-araşdırıcı
subyektivizmi qarşısında müəyyən meydan açmaqdan da çəkinmir. Bunu
Elçin mətninin özünün müxtəlif təzahür səviyyələrində
tədqiqatçıya həm normativ miqyaslarda təhlil
aparmağa, həm bu normativlərə yenidən baxmağa, həm
də hər cür normativin fövqünə qalxaraq virtuozluq
göstərməyə hərtərəfli imkanlar verməsi
ilə bağlayır. Elçin
yaradıcılığının klassik bir hadisə-fenomen
kimi şərhini verir, yazıçının bədii
irsinin diaxroniyası ilə sinxroniyası arasında
güclü və təbii əlaqənin mahiyyətinə
diqqət çəkir. Nizami Cəfərov Elçinin yaradıcılıq
yolunu mətndən çıxış etməklə, mətnin
ötürdüyü informasiya və informasiyanın ifadə
şəklinin yazıçını genotipologiyası ilə
bağlı şəkildə təhlilə cəlb edir.
Sənətkar
və onun yaradıcılığı müstəvisində
Qəzənfər Paşayevin "Hüseyn Kürdoğlunun
poetik dünyası" (Bakı: Sabah, 2017, 288 s.) adlı əsərini
qeyd etmək istərdik. Monoqrafiya strukturunda, bir qədər fərqli
formada və subyektiv yanaşmada təqdim olunmuş əsərdə
Hüseyn Kürdoğlunun tərcümeyi-halı, mühiti və
taleyi geniş araşdırılmış, şairin bədii-poetik
irsinin şifahi xalq ədəbiyyatı, aşıq yaradıcılığı
və klassik şeir ənənələri ilə əlaqələri
təhlil edilmişdir. Tədqiqatda elmi-nəzəri
və akademik üslubun normativliyi bilərəkdən pozulur,
şairin poetik yaradıcılığının müəllifə
yüklədiyi psixoloji-emosional ovqat önə keçir, bu
özünü monoqrafiyanın bölmələrinə ad
seçərkən də göstərir. Qəzənfər
Paşayev yanaşma üslubunu və tərzini müdafiə
edir, oxucuya ünvanlanan son sözü əvəz edən hissədə
kitabı yazma səbəb və məqsədini açıq
şəkildə qeyd edir.
Bununla yanaşı, tədqiqatda ədəbiyyat
nəzəriyyəsi elminin indiyə qədər əldə
etdiyi elmi qənaət və nəticələrin tətbiqi
aydın şəkildə görünür, şairin
şeirlərinin janr və forma müxtəlifliyinin şərhində
müəllifin nəzm sistemləri haqqında geniş, əhatəli
bilgisi diqqəti cəlb edir. Monoqrafiyada
müəllifin - Qəzənfər Paşayevin Azərbaycan
şeirinin vəzn və şəkilləri ilə
bağlı nəzəri bilgisi öz əksini
tapmışdır.
Əlizadə
Əsgərlinin
"Fərdi üslubun poeziyası" (Bakı:
Vektor Beynəlxalq nəşrlər evi, 2017, 152 s.) adlı
monoqrafiyası müasir Azərbaycan ədəbiyyatının
tanınmış simalarından birininin - Paşa Qəlbinurun
yaradıcılığına həsr olunub. Tədqiqatçı şairin
yaradıcılığını "mühit və fərd"
və ya "variant və invariant" nəzəri qəlibində
deyil, əks prizmadan araşdırır. Şairin məxsus
olduğu poetik dövr və ya nəslin təsvirindən
deyil, məhz üslubun özündən
çıxış edir, tədqiqatın
başlığını da "variant"ın "törədici"
funksiyasına yox, məhz "invariant"ın
"yaradıcı" funksiyasına əsaslanaraq seçir. Bədii düşüncənin metaforik imkanları,
məcazlar sistemi haqqında nəzəri proqram əsasında
şairin şeirlərini geniş təhlil edir.
Ötən
il nəşr olunan kitablar arasında konkret müəllifin
konkret əsərinə həsr olunmuş tədqiqat
kimi Nizami Tağısoyun "Elçinin "Baş"
romanı struktur- funksional təhlil
müstəvisində" (Bakı, Təhsil, 2017, 271 s.)
monoqrafiyasını qeyd etmək olar. Monoqrafiyada romanın
süjet konstruksiyası, süjet və süjetdənkənar
elementləri, tarixi fon və bədii təxəyyülün
qarşılıqlı münasibətləri, qəhrəman
problemi, ideoloji xüsusiyyətləri geniş təhlilə cəlb
edilir, romanın janr mənsubiyyətinin və ədəbi cərəyan
kontekstinin müəyyənləşdirilməsinə
çalışılır. Müxtəlifliklərin bir arada
mövcudluğu, monoqrafiya müəllifini janrı konkretləşdirməkdə,
bədii-estetik düşüncənin dəqiq istiqamətini
müəyyənləşdirməkdə fərqli nəticələrə
gətirib çıxarır, "Sərbəst" roman şəklini, postrealist və
postmodernist aspektlərin mətndə eynizamanlı
iştırakını, praqmatik, pozitiv paradiqma əlamətlərinin
birgə varlığını qəbul etməsinə səbəb
olur. Adından da göründüyü kimi,
müəllif romanın struktur-funksional təhlilini aparırkən
müəllif autentikliyinin, müəllifin süjetqurma məharətinin
üstündə dayanır, birbaşa mətn və onun
müəllifindən çıxış edir.
Ötən il nəşr
olunan kitablar arasında konkret müəllifin konkret əsərinə həsr
olunmuş tədqiqat kimi Nizami Tağısoyun "Elçinin
"Baş" romanı
struktur- funksional təhlil müstəvisində"
(Bakı, Təhsil, 2017, 271 s.) monoqrafiyasını qeyd etmək
olar. Monoqrafiyada romanın süjet konstruksiyası, süjet və
süjetdənkənar elementləri, tarixi fon
və bədii təxəyyülün
qarşılıqlı münasibətləri, qəhrəman
problemi, ideoloji xüsusiyyətləri geniş təhlilə cəlb
edilir, romanın janr mənsubiyyətinin və ədəbi cərəyan
kontekstinin müəyyənləşdirilməsinə
çalışılır. Müxtəlifliklərin bir arada
mövcudluğu, monoqrafiya müəllifini janrı konkretləşdirməkdə,
bədii-estetik düşüncənin dəqiq istiqamətini
müəyyənləşdirməkdə fərqli nəticələrə
gətirib çıxarır, "Sərbəst" roman şəklini, postrealist və
postmodernist aspektlərin mətndə eynizamanlı
iştırakını, praqmatik, pozitiv paradiqma əlamətlərinin
birgə varlığını qəbul etməsinə səbəb
olur. Adından da göründüyü kimi,
müəllif romanın struktur-funksional təhlilini aparırkən
müəllif autentikliyinin, müəllifin süjetqurma məharətinin
üstündə dayanır, birbaşa mətn və onun
müəllifindən çıxış edir.
Filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlunun
"Mədəniyyət. İncəsənət.
Ədəbiyyat" adlı məqalələr toplusu (I kitab,
Bakı, "Avropa" nəşriyyatı, 2017, 288 s.) ədəbiyyat
haqqında nəzəri fikrin kontekstual tərəflərinə
diqqətimizi çəkdi. Müəllifin
müxtəlif illərdə yazdığı elmi-nəzəri
və publisistik araşdırmalarının
toplanıldığı bu kitab adından da
göründüyü kimi mədəniyyətdə incəsənətin,
incəsənətdə ədəbiyyatın rolunu,
mövqeyini göstərməyə yönəlmişdir.
Rasim Nəbioğlunun fikrincə, cəmiyyət,
mədəniyyət və incəsənətin bir-birinə
münasibəti ümuminin xüsusiyə, xüsusinin isə
təkcəyə olan münasibəti kimidir. Müəllif
cəmiyyət-mədəniyyət-incəsənət
üçlüsünün qarşılıqlı təsirlərindən
yaranan müstəvidə ədəbiyyat, ədəbiyyat
nümayəndələri və faktları haqqında fəlsəfi-kultoroloji,
psixoloji şərhlər verir, estetik ideal, estetikliyin mahiyyəti,
bədii fikrin estetik əsasına dair nəzəri mülahizələr
irəli sürür.
Akademik səviyyədə ədəbiyyat nəzəriyyəsi
elminin inkişaf göstəricilərini özündə əks
etdirən "Poetika.İzm" jurnalının 2017-ci ildə
3-cü nömrəsi çap olundu. "Poetika.İzm" jurnalında ədəbiyyat
nəzəriyyəsinə dair məqalələr
ayrı-ayrı bölmələr üzrə çap
edilir, "Janr, struktur,
forma", "İzm", "Ədəbi kontekst",
"Tarixi poetika", "Ədəbi təhlil. Mətn poetikası", "Dünya ədəbiyyat
nəzəriyyəsindən tərcümələr" və
digər rubrikalarda 2017-ci ildə 23 adda məqalə və tərcümə
mətni işıq üzü gördü. "Poetika.İzm" jurnalı əsasən ədəbiyyat
nəzəriyyəsinin müasir problemlərini və konseptual
məsələlərini optimal nəzəri və təcrübi
kontekstdə elmi-metodoloji cəhətdən ifadə edən məqalələrin
dərcinə üstünlük verir, ədəbiyyata, ədəbi
irsə münasibətdə metodoloji plüralizmi dəstəkləyir.
Ötən ildə elmi-publisistik səviyyədə ədəbiyyat
nəzəriyyəsinin predmetləşə bildiyi yazılar təbii
ki, oldu. Xüsusilə, dövri mətbuatda, rəsmi ədəbiyyat
orqanlarında gündəmin ədəbi ruhunu çözmək,
bədii fakta çevik reaksiya vermək cəhdlərində,
yenini adlandırmaq və izah etmək məqamında nəzəriyyədən
dəstək almaq təbii qanunauyğunluq kimi
görünür. İl ərzində
yazılmış yüzlərlə tənqidi məqalənin,
esse, rəy və ya müsahibənin hamısında nəzəriyyə
vardır demək doğru deyil. Əslində,
konkret bir neçə məqama toxunmaqla nəzəriyyə və
tənqid çərçivəsində vəziyyət
haqqında ümumi təsəvvür yaratmaq
mümkündür. Bu baxımıdan
Elçinin "Söz azadlığı tənqidimizə nə
verib?" başlıqlı silsilə yazılarını
qeyd etmək olar. Bu yazıları
seçməkdə məqsəd toxunulan mövzuların məhz
nəzəriyyə və tənqid çərçivəsində
olmasıdır. Elçinin fikrincə, "kütlə
zövqü" - "müəllif zövqü" - "tənqid
zövqü" arasındakı üzvi birlik, vəhdət
bizim "Söz azadlığı" dövrümüzün
ən ciddi bədii-estetik və nəzəri problemlərindən
biri, hətta birincisidir. Çünki müəllifə
görə, "Söz
azadlığı" müəllif zövqü ilə
kütlə zövqünün üst-üstə düşməsi
nəticəsində "yaranan" yazıların meydana
çıxması, eyni səviyyəli zövqlə
yazılmış məqalələrlə (məqaləciklərlə)
ədəbi prosesdə işıqlandırılması (qiymətləndirilməsi!)
üçün də əlverişli şərait
yaradır. Tənqidi fikri kütlələşmədən
uzaq durmağa, metodoloji konkretliliyə, bədii mətn
faktlarına münasibətdə imitasiyadan qidalanan söz
oyunçuluğuna deyil, məhz mahiyyətdən
çıxış edən yazılara üstünlük
verməyə çağırır. (https://525.az/site). "Primitivliyi təmtəraqlı adların
arxasında gizlətmək, ona intellektual don geyindirmək
mümkün deyil - suda quru taxta kimi o saat üzə
çıxır" deyə "intellektual asılılıq"
sindromunun tənqidi fikri dayazlaşdırdığını
önə sürür. Dünya ədəbiyyatının
Azərbaycan ədəbi prosesində tanınması və dərkində
xüsusi həssaslıq tələb edir, rus və qərb mənşəli
fikirlərin təkrarından qaçmaq, təmiz,
yaradıcı və nəzəri erudisiyaya söykənən
təhlil mexanizminin vacibliyini vurğulayır.
Bugün ədəbi prosesin iki tərəfi - yəni ədəbiyyatla
ədəbiyyatı dəyərləndirmə, öyrənmə,
tətbiqetmə ilə məşğul olan müxtəlif
sistemlər arasında bir narazılığın olması
danılmazdır. Müasir ədəbi-nəzəri fikrin
innovativ, yaradıcı və sistemli elm sahəsi kimi
formalaşması prosesi daha çox müxtəlif təcrübələrin
kombinasiyasında mümkündür. Təəssüf
ki, bəzi hallarda tarixi prosesdə özünü
doğrultmayan və ya ideoloji yükün altında əzilən
sistemin (sosialist ədəbiyyatşünaslığın)
qalıqları hələ də özünü göstərir.
Ötən əsrin rus ədəbi-nəzəri
fikrini örnək model kimi tətbiq edən ədəbiyyatşünaslarımız
da var. Bəzən yalnız Qərb ənənələrinin
imitasiyasından doğan, milli-mənəvi şüurumuzun məhsulu
olan bədii əsərləri izah etmək potensialı olmayan
nəzəri istiqamətlər də boy göstərir. Şərqi dünya kontekstindən ayırıb,
müstəqim struktur kimi qəbul etmək də ədəbiyyatşünaslığın
özünü təşkil və təkmil prosesində
natamamlığa səbəb olur. Çağdaş
elmi idrak mütləq həqiqətin varlığına
inanmır, müşahidə və təhlillərin nəticəsində
əldə etdiyi nəticə və qənaətlərin dəyişə
biləcəyini, səhv olma mümkünlüyünü
ehtimal edir, konseptual və dinamik davranır. Sistemli olmağa can atır, daha
böyük sitemin içində öz yerini təsbit etməyə
çalışır. Ədəbi-nəzəri
fikir Şərq-Qərb kontekstində düşünərək
qərar verməli, dəyişən paradiqmalar kontekstində
hər iki sistemin doğru və yalnışlarını
saf-çürük etməyi bacarmalıdır. 2017-ci
ildə ədəbiyyat nəzəriyyəsinin səviyyəsinə
ümumi baxış göstərdi ki, bu gün Azərbaycanda
ədəbiyyat nəzəriyyəsində yeni
tendensiyaların və meyillərin tətbiqi cəhdləri
müşahidə olunur, ədəbiyyatın elmi-nəzəri
dərkində dövrün ab-havası ilə səsləşməsinə
mane olan səbəblərdən biri kimi ənənəvi
metodologiyanın - pozitiv paradiqmanın böhranının
natamam dərki tədricən qalxmaq üzrədir.
Maral Yaqubova
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.14-15.