Azərbaycanın rusdilli nəsri
Azərbaycanın milli ədəbiyyatının rusdilli müəllifləri əsasən "Luç" Ədəbi Yaradıcılıq Assosiasiyası ətrafında birləşmişlər. İl ərzində Assosiasiya tərəfindən iki toplu çap olunmuşdur. "Günəşli külək" toplusunda müasir müəlliflərin hekayələri toplanmışdır. Assosiasiya tərəfindən çap edilən sayca 32- ci topluda isə nəsr, poeziya, publisistika nümunələri yer almışdır.
Azərbaycanın milli ədəbiyyatının rusdilli müəllifləri əsasən "Luç" Ədəbi Yaradıcılıq Assosiasiyası ətrafında birləşmişlər. İl ərzində Assosiasiya tərəfindən iki toplu çap olunmuşdur. "Günəşli külək" toplusunda müasir müəlliflərin hekayələri toplanmışdır. Assosiasiya tərəfindən çap edilən sayca 32- ci topluda isə nəsr, poeziya, publisistika nümunələri yer almışdır.
Kitablarda Elmira Axundova, Marina Mürsəlova, Marat Şəfiyev, Leyla Bəyim (Çexiya), Arif Turan və b. müəlliflərin əsərləri yer almışdır.
Son illər yaşanan tarixi proseslərə, xalqımızın faciələrinə biganə qalmayan müəlliflər, bu mövzuya xeyli sayda əsərlər həsr etmişlər.
Qarabağ müharibəsinin iştirakçısı olmuş Viktor Tatarenkonun (Rusiya, Moskva) "Firəngiz və Xanlar" povestində, Rauf Nəsirlinin "Səbəb" hekayəsində müharibə gerçəklikləri təsvir olunmuşdur. İren Tasalova ("Mənim qara bağımda" "V moem çernom sadu"), Səbinə Vəlibəyova ("Xocalı") şeirlər, Leyla Bəyim "Qarabağa ağı" ("Plaç po Karabaxu") poemasını qələmə almışlar. Həmvətənlərimiz olan Leyla Bəyim və Yefim Abramov bu mövzuda daha iki əsər yazmışlar.
"Qara qarçiçəyi" povestinin əsas personajı, Xocalı hadisələrinin şahidi, bu qırğında ailə üzvlərini itirmiş Natəvan uzun zaman kəsiyinin keçməsinə baxmayaraq, xatirələrində həmin dəhşətli hadisələri daim yenidən yaşamağa məhkumdur. Bu mövzuda qələmə alınan bir çox əsərlərdə olduğu kimi, baş verənlər vəhşiliklərin qurbanı və canlı şahidi olan qadın tərəfindən nəql edilir. Ermənilərin dünya işığından məhrum etdiyi Natəvan (quldurlar onu gözlərində siqaret söndürərək onu kor etmişlər) acı xatirələrdən qurtulmağa can atır.
Hadisələr Amsterdamda və Xocalıda cərəyan edir. İlk öncə xatirələrdə canlanan səhnələr, sonradan ayrıca fəsillərdə təfsilatı ilə təsvir edilir. Yaşananlardan əzab çəkən Natəvan olanları unutmaq üçün psixoterapevtə müraciət etsə də, son olaraq onun həyatını işgəncəyə çevirən xatirələrin silinməsindən imtina edir.
Povestin mövzusu psixoloji-dramatik təsviri diktə etsə də, müəlliflər bu məqamlara toxunmadan lüzumsuz intriqaların təsviri ilə mövzudan uzaqlaşırlar. Amsterdamda Patrik adı altında həkim kimi fəaliyyət göstərən, Pərvizin, Natəvanın uşaqlıq dostunun həyat hekayətinin mövzu ilə bağlılığı zəifdir. Həmçinin onun yoldaşı ilə münasibətləri, Anna-Mariyə olan bağlılığının təsviri də süjet xətti ilə əlaqələndirilmir. Avropada müsəlmalara qarşı neqativ münasibət, Natəvanın Xocalı soyqırımının tanıdılmasına çalışan qardaşının müəmmalı qətli ilə bağlı məqamlar dolğun bədii həllini tapmadığından, povestin əsas ideya yükünü ifadə edən fikirlər sadəcə ehtimal olaraq qəbul edilir, nəticədə mövzu bədii şərhini tapmır.
2016-cı ilin aprel ayında cəbhə xəttində gedən döyüşlər zamanı şəhid olan Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "heykəltəraşlıq" fakültəsinin məzunu Samir Kaçayevin xatirəsinə həsr olunmuş "Oğlanların arzuları" pyesi ( müəlliflər: Leyla Bəyim və Yefim Abramov) Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir. Pyesdə baş rolları Elnur Kərimov (Sabir) və Günel Məmmədova (Ülviyyə) ifa etmişlər. Bir-birilərini sevən iki gəncin sevgi münasibətlərinin, görüşlərinin canlandırıldığı pyesdə sonradan gənc yaşda dünyadan köçən əsgərlərin ruhlar dünyasında başlarına gələnlər təsvir edilir. Yaxınlarının əsgərlərdən, ruhların yaxınlarından narahatlıqlarının canlandırıldığı əsərdə bu vaxtsız itkidən doğan sarsıntı, ağrı və əzab təsvir edilmişdir. Hadisələrin dinamikasının yer almadığı əsərdə, doğmalarının vaxtsız itkisindən doğan psixoloji gərginliyin, həyatı yarıda qırılan gənclərin yaşadığı kədərin ifadəsi aktyorlardan böyük peşəkarlıq tələb edir. Gənc aktyorlar əsasən səssiz səhnələrdə canlandırılan bu ağrını uğurla ifadə edə bilmişlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Ermənistan silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olan 2 yaşlı Zəhra Quliyevanın ölümünə şeir həsr etmişdir. Şeirdə azyaşlı körpənin həyatına qıyan quldurları ittiham edən şairə, yaşanmadan bitən insan ömrü, vaxtsız gələn ölümün doğurduğu sarsıntı, kədər əks olunmuşdur.
İl ərzində Tofiq Ağayevin "Ümumbəşəri söhbət" ("Vsemirnıy razqovor") şeirlər kitabı çap edilib, müxtəlif mətbu orqanlarda Səyavuş Məmmədzadə, Leyla Qaraməzli, Elizaveta Qasımova, Alina Talıbova, Əkrəm Məlikov və b. şeirləri dərc edilmişdir.
Rusdilli poeziyada əsasən xalqımızın tarixini, mədəniyyətini yaşatmağa çalışan müəlliflər, doğma Azərbaycanın dolğun obrazını canlandırmağa çalışırlar. Alina Talıbovanın "Yay lövhə"ləri, Tatyana Troşinanın (Rusiya, Belqorod) "Qafqazın adət ənənələri", Valentina Əfəndiyevanın Molla Pənah Vaqifə həsr etdiyi "Əfsanələr qapısı" , "Fətəli xan haqqında ballada" və başqa nümunələrdə bu motivlərdən geniş istifadə olunmuşdur.
Vətəndən uzaqda yaşayıb-yaradan müəlliflərin poeziyasında, iki doğma məkan arasında yaşanan həyat, Vətən həsrəti canlandırılmışdır:
Həyətdə fevral ayı, qəlbimdə isə yazdır,
Lakin mən kədərli, narahat
və yuxusuzam.
Doğma sahilimizi görürəm.
O qumsal sahilə qovuşa bilsəm,
qanım
qaynayar, istisini hiss edə bilsəm,
İki
doğma dünya arasında
sərhədləri
dəf edə bilsəm,
Ərisəm
bu sədlərdə, bal kimi axsam...
***
... mən özümə doğma olan şəhərdə,
Nədənsə
tarın avazını eşidir
Evimizə
can atıram...
Leyla Bəyim
(Tərcümə məqalə müəllifinindir).
"Şüa" ("Luç")
Assosiasiyasının əsas fəaliyyəti Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin beynəlxalq arenada təbliğinə
istiqamətlənmişdir. Bu baxımdan müəlliflərin
əsərlərinin xarici ölkələrdə
tanıdılması sahəsində mühüm işlər
aparılmaqdadır.
Ləman Bağırova 2012-ci ildən çap
olunmağa başlamışdır.
Bu illər ərzində dörd kitabı işıq
üzü görmüşdür. Bunlardan ikisi
"Yaddaş ipi" (2015), "Si notu" (2016) Vilnyusda nəşr
edilib.
Ləman Bağırova müxtəlif ölkələrdə
(Rusiya, Bolqariya, Belorus, Ukrayna) keçirilən müsabiqələrin
iştirakçısı olmuşdur. Rusiyada keçirilən "Ağ
akasiya" (2015) müsabiqəsində birinci dərəcəli
laureat, Ukraynada keçirilən beynəlxalq ədəbiyyat
müsabiqəsində ("Sozvezdie Duxovnosti") "Kiçik
nəsr" nominasiyasına layiq görülmüş, Avropa Ədəbiyyatçılar
Konqresinin (Çexiya) və Gürcüstanın
Yazıçılar Birliyinin Diplomu ilə təltif
edilmişdir. Azərbaycan və Rusiya
Yazıçılar Birliyinin üzvüdür.
İl ərzində
assosiasiya tərəfindən Arif Turan gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsində xidmətlərinə görə
"Qranat", Marina Mürsəlova "Tabula rasa"
romanına görə "ilin ən yaxşı əsəri"
nominasiyasında Molla Pənah Vaqif mükafatına layiq
görülmüşlər.
Arif Turan "Moe vlyublennaya duşa"(şeirlər
kitabı), "Azərbaycan mədəniyyətinin korifeyləri",
"Azərbaycanın Milli Qəhrəmanları"
kitablarının müəllifidir. Özü Qarabağ
müharibəsinin iştirakçısı olan müəllif,
"Azərbaycanın Milli qəhrəmanları"
kitabında şəhid olmuş müxtəlif milliyyətdən
olan 30 şəhidin həyatından bəhs etmişdir.
Arif Turan janrını bədii-fantastik təqdimat - poema
olaraq müəyyənləşdirdiyi "Muğam əbədiyyət
səhnəsində" ("Muqam na süene Vselennoy") əsərinin
müəllifidir.
Rusdilli ədəbiyyatın tanınmış nümayəndələrindən
olan Səyavuş Məmmədzadənin Azərbaycan dilində
yazılan əsərlərin rusca tərcüməsi sahəsində
illərdir ki böyük xidmətləri vardır.
Ötən
il Elmira Axundovanın "Heydər Əliyev.
Şəxsiyyət və zaman" romanı
çap olunmuşdur. Əsərdə Heydər
Əliyevin həyatı və siyasi fəaliyyəti
haqqında faktlar, arxiv materialları, müsahibələri yer
almışdır.
Rusdilli nəsrin
görkəmli nümayəndələrindən olan Natiq Rəsulzadənin
il ərzində bir neçə hekayəsi
çap edilib. "Qırmızı paltarlı qadın" əsərində
heç bir peşəsi, daimi yaşayış yeri olmayan (o,
ilk olaraq anasını və qardaşını, sonra isə həyat
yoldaşını tərk edir ),
uğursuz ailədə doğulan, anası döyərkən
zədə alan Aqaşka yalnız kriminal aləmlə
ünsiyyətdə olmağa üstünlük verir. Aqaşka ətrafındakı insanlara əziyyət
verməkdən, onları alçaltmaqdan zövq alır.
Yalnız ömrünün sonunda özünün
yanlış yolda olduğunu anlayır. Əsərdə
müasir sosial və mənəvi problemlər (ailənin maddi
imkansızlığı, itirilən ailə dəyərləri),
əxlaqi mənəvi deqradasiya əks olunur. Aqaşkanın yetirməsi olduğu mühitin gələcəkdə
də bu cür insanlar yetirəcəyi narahatlıq doğurur.
Natiq Rəsulzadənin hekayələrində müasir
dövrün mənəvi-psixoloji problemləri təsvir
edilir. Hadisələr bir personajın ətrafında cərəyan
etdiyi bu hekayələrdə, personajların ətraf mühit
ilə qarşıdurması təsvir edilmişdir. İnsanlar tərəfindən şər adlandırılaraq
qəbul olunmayan xüsusiyyətlərin cəmiyyətin
doğurduğunu göstərən müəllif, son olaraq
marginal insanı deyil, şəri doğuran mühiti ifşa
edir.
İnsanları uşaqlara xas saflığı
qorumağa səsləyən Yusifin acınacaqlı həyatı
(Psix), cəmiyyətin şablonlarına uyğun olmayan
insanların acı taleyini simvolizə edir.
Gözlənilməz sonluqla bitən "Gecə gəzintisi"
hekayəsi yazıçı və oğrunun
qarşıdurması təsvir edilmişdir. Oğrunun
yazıçıya hücumu ilə başlanan dialoqda ilk
olaraq yazıçının mənən yüksəkliyi,
oğrunun acı həyatı əks olunsa da, sonda yazıçı oğrunu qətlə
yetirir. Törətdiyi qətlin motivlərindən
bəhs edən yazıçı, öz daxili
çirkinliyini, xəbisliyini ifşa edir. Xeyirxahlıq
altında gizlənən şər daha qəddar və
amansızdır.
M.Mürsəlovanın "Mister Uoker" hekayəsində
çarəsiz vəziyyətdə belə insana yaşamaq
üçün stimul verən sevgi hissindən bəhs olunur. Eyni zamanda
başqasının ağrısına laqeyd qalaraq, kiminsə
faciəsini özü üçün əyləncəyə
çevirən kütlə təsvir olunur. Mister Uoker - hədsiz
dərəcədə kök insan hər gün müəyyən
saatda şəhər sakinləri qarşısında
"nümayiş etdirilir". Qazanılan pulla
onun ailəsi özünün maddi xərclərini təmin
edir. Təsadüfən
qarşılaşdığı sevgilisi Mister Uokerə həyatını
yenidən qurmaq üçün şans versə də, o,
arzularına çata bilmir, vəfat edir. Onu
tamaşa etməyi sevən insanlar bu dəfə ölüm mərasiminə
yığışırlar. Həyatı, yas mərasimi
əyləncəyə çevrilən insanın faciəsi
haqqında isə heç kim
düşünmür. Vəziyyətin
ağırlığını qeyd edən müəllif,
oxucularına ritorik sualla müraciət edir: "əgər
birinin dərdi başqalarını əyləndirirsə,
görəsən bu dünyada hər şey
qaydasındadırmı?".
Valentin
Cumazadənin "Həyatın dibində", "Dəniz
sahilindəki bağ" hekayələrində sosial çətinliklərdən
əzilən, mənən sınan insanların həyat hekayətləri
təsvir edilir. "Mərhəmət ədalətdən
üstündür" əsərində "oğrunu"
qanunla deyil, insani anlayış göstərərək insanlıq
prinsipləri əsasında hərəkət edən polisin həyat
hekayəsi, "Yoldaş milisioner, cənab polis" hekayəsində
uzun müddət polis sistemində çalışmış
insanın xatirələri canlandırılmışdır.
Fantastika janrında yazılmış hekayələrin
müəllifi Erix Qauzer AMEA Geologiya və Geofizika
İnstitutunun əməkdaşıdır.
Son illər qələmə alınan əsərlərdə
xəbərdarlıq motivi, ekoloji, mənəvi problemlər bu
zaman dünyamızın qarşılaşacağı təhlükənin
təsviri yer almaqdadır. E.Qauzerin "Spontan rəqslər"
hekayəsində dindən, mənəviyyatdan uzaqlaşan bəşəriyyətin
qarşılaşacağı vəziyyət canlandırılmışdır.
"Artıq bir neçə il idi ki, bu
anlayışlar tarixin qalıqları hesab edilirdi. İnsanları yalnız maddi təminatları narahat
edirdi". Bu cür yaşamın ağrılı nəticələri
əks olunduğu əsərdə müəllif Yanisin həyatın
ilkin xüsusiyyətlərinin mövcud olduğu
"ada"ya doğru can atması təsvir edilmişdir.
"Spontan rəqslər" və "İkinci cəhd"
hekayələri fantastika janrında qələmə
alınıbsa, "Əbədi oyun" hekayəsini insan həyatını
idarə edən, yönləndirən İlahi qüvvə
(Rejissor) və ömrünü bu qüvvənin istəyi ilə
yaşamalı olan insan (Artist) haqqında hekayə-pritça
olaraq müəyyənləşdirmək olar.
Ləman
Bağırova, Murad Həsənov, Elmira Almasova və b. müəlliflərin
əsərlərində adi insanların hekayələri nəql
edilir. Əsasən avtobioqrafik qəhrəmanların
(personajlar Bakıda doğulmuş insanlardı, bəzən
baş qəhrəman müəllifin adını
daşıyır) yer aldığı əsərlərdə
müasir həyatımızdan tablolar əks edilmişdir.
Murad Həsənovun "Yay yağışların
yağdığı şəhər" əsərində
mühacir həyatı, bakılı gəncin yad ölkədə
qarşılaşdığı problemlər
canlandırılmış, Elmira Abbasovanın "Nağıllardan
gələn qəhrəman" hekayəsində ana və
qızının timsalında çətinliklərlə dolu
qadın taleyi ifadə olunmuşdur.
Təəssüf ki, adi insanların gündəlik
qayğılarından bəhs edən bu əsərlərdə
çox zaman mövzunun publisistik təsviri yer alır. Maraqlı,
aktual mövzu ilə seçilməyən bu əsərlər
sənətkarlıq baxımından da orta səviyyəli
yaradıcılıq nümunələri olaraq yadda qalır.
Lalə Bağırovanın "Abşeronda keçən
illər" əsəri uşaqlıq xatirələri əsasında
qələmə alınmışdır. Nəvələrinin
gözə gələcəyindən çəkinən nənələrin
"üçüncü və ya şənbə günləri
üzərlik" yandırmaları, Abşeron
bağlarının özəlliklərinin (tut
ağacları) əks olunduğu azərbaycanca ifadələrin
yer aldığı hekayələrdə milli kolorit
qorunmuş, Abşeronun füsunkar təbiəti, həyat tərzi,
məişəti əks olunmuşdur.
Gülüş Ağaməmmədovanın əvvəlki
illərdə qələmə aldığı
"Maneken" kitabında fantastik novellalar üstünlük
təşkil edirdisə, "Şərqli qadın"
kitabında realist üslubda yazılmış hekayələr
yer almışdır. Müəllifin dörd kitabı rus dilində,
iki kitabı isə fransız dilində çap olunmuşdur.
G.Ağaməmmədova yazıçı kimi
tanınmaqla yanaşı, tərcümə sənəti ilə
məşğuldur. Fransız dilindən
mükəmməl tərcümələrin müəllifidir.
Tahir Əlinin
"Mirzə Xəlil və Yağış adam"
povesti ötən illər qələmə alınan dedektiv əsərləri
silsiləsindəndir.
Murad
İbrahimbəyovun "Leninin sinaqoqun qapısını
bağlaması" hekayəsi sos -art
üslubunda yazılmışdır. Sos-art-
"sosialist realizmi sənətinin stereotiplərinin, formul,
simvol və işarələrin yenidən istifadəsi və
parodik dəyərləndirilməsi" (S.Çuprin) olaraq
xarakterizə edilən bu üslub, "kütləvi ideoloji
basqıya məruz qalmış totalitar cəmiyyətin məhsulu"
(M.Fray) olaraq dəyərləndirilir. Ədəbiyyatda
sos-art motivləri 1980-ci illərdən yer almışdır.
Rus nəsrində V.Sorokin, E.Popov, poeziyada
T.Kibrov, M.Suxotin kimi nümayəndələri olmuşdur.
Azərbaycan ədəbiyyatında o qədər
də yer almamışdır.
Sovet
dövrünün tanınmış siması olan insanın
adı oxucuda müəyyən assosiasiyalar doğursa da (sovet
ideologiyasının banisi, "Oxumaq, oxumaq yenə də
oxumaq" fikri ilə savadlı sovet cəmiyyətinin
formalaşmasına cağırışın müəllifi
və s. ) əsərdə, məlum stereotiplər
aradan qalxır. Öz adını doğrulda
bilməyən, sovet liderinin obrazına tam əks həyat
sürən insan sonradan adını dəyişərək
adi vətəndaşa Məmmədə çevrilir.
Ona Lenin adını verən valideynlər gələcəkdə
bu adın övladlarının öz həyatına, həmçinin
atasının partiyada karyerasına müsbət təsir edəcəyini
düşünürlər. Lakin öz adından
doğan gözləntilərə əks olaraq o,
böyüdükcə "vəhşi" təbiətə
malik insan olaraq formalaşır.
Məmməd-Leninin atıcı kimi karyerasına
ictimai-siyasi sayıqlığı ilə son qoyan
komsomolçu fəal Fazil, qanunsuz ticarətlə məşğul
olaraq sərvət toplayan Yosya Bexer də sovet gerçəkliklərinin
tipləri olaraq təsvir edilmişdir.
Son illər əzəli dəyərlərdən bəhs
edən yazıçılar çox zaman keçmişə,
yaradılışın ilkin çağlarına üz
tutaraq, çağdaş dünyada yaşam meyarlarının
müəyyənləşdirilməsi prinsiplərini
aydınlaşdırmağa çalışırlar.
Marina Mürsəlovanın "Tabula rasa (təmiz səhifədən)"
əsəri tarixi roman janrında qələmə
alınmışdır. Roman müəllifin çap olunmuş ilk
irihəcmli əsəridir. "Həyat,
böyük məhəbbət, adət-ənənələr,
dini mənsubiyyət, insanlar arasında münasibətlərdən"
bəhs olunan əsərdə islamaqədərki dövr əks
olunmuşdur. "İnam, Allah uğrunda ölüm hər
kəsə nəsib olmayan səadətdir… Nəhayət
ki, insanlar arasında yadlıq aradan qalxacaq, müharibələr
və xəstəliklər bitəcək, insanları inam və
mərhəmət idarə edəcək. Bəşər
övladı anlamalıdır ki, qısamüddətli insan
ömrü - Allahın mərhəmətini və əbədi
həyatı qazanmaq üçün bir verilmiş
imkandır...". Bu fikirlər
əsərin ideyasının əsasını təşkil
edir. Məhəbbət, birlik hisslərinin
tərənnüm edildiyi romanda məhəbbət xətti ilə
yanaşı, Şəkinin Kiş kəndindəki kilsənin
tikilməsi tarixi təsvir edilmişdir. Həvari
Varfolomey və onun ardıcılları olan insanların qədim
Azərbaycandakı fəaliyyətindən bəhs
olunmuşdur.
Müəllifin tarixi faktları yetərincə mənimsəməsi,
zərdüştlüyün məişət səviyyəsindən
başlayaraq fəlsəfəsini açmağa cəhd etməsi
əsərin müsbət keyfiyyətlərindəndir.
Hadisələrin baş verdiyi tarixi mühiti dolğun
şəkildə canlandırmağa çalışan
yazıçı, tarixi faktlara, anlayışlara
aydınlıq gətirmiş, Zərdüştlüyə
sitayiş edənlərin bayramları, əyləncələri
haqqında məlumat verərək, tarixi koloriti
canlandırmağa çalışmışdır. Romanın hər
fəslinin əvvəlində müxtəlif dini kitablardan
sitatlar, tanınmış insaların fikirləri epiqraf olaraq
verilmişdir.
Hadisələr Atropatenanın paytaxtı Qazaka şəhərində
baş verir. Əsərdə tarixi obrazlar (Kiaksar), saray
intriqaları (Kiaksar və baş kahin Eştar arasında
qarşıdurma) adi insanlar, onların məişəti təsvir
olunmuşdur. Yad ölkəyə təşrif
gətirən gənclər ilk sevgilərini məhz bu torpaqda
dadmaq nəsib olur (David və Edaye, Rəfaim və Sevar).
Son illər roman janrına marağın
artdığı müşahidə olunur. "Mənim
qəlbimdəki Novruz" toplusuna Fərhad Ağamalıyevin
"Dalğaların o biri üzü", Nay Svetlaninin tarixi
janrda yazılmış "Yenilməz" (Şirvan
diloqiyası) romanlarından parçalar daxil edilmişdir.
Beləliklə, ötən ilin əsərlərinin təhlili
rusdilli ədəbiyyatın əsasən məhdud çərçivədə
inkişaf etməsinə baxmayaraq, janr-üslub özünəməxsusluğu
ilə seçildiyini bəlli edir. Milli kontekstə
bağlılığın yeni ədəbi meyillərdən
istifadəni inkar etmədiyinin şahidi oluruq. Müəlliflərin beynəlxalq müsabiqələrdə
uğurlarının artması, internet resurslarda təmsil
olunmaları Azərbaycanın rusdilli ədəbiyyatının
uğurlu gələcək perspektivlərinin göstəricisidir.
Lalə Həsənova
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.16-17.