Uşaq nəsri və
dramaturgiyasının müasir durumu və perspektivləri
Yola saldığımız 2017-ci ildə uşaq ədəbiyyatının
inkişafı istiqamətində polemikalar
aparılmış, layihələr
reallaşdırılmışdır. Ötən il
bu ədəbiyyatın təbliğinə ilk olaraq "Ədəbiyyat
qəzeti"nin müzakirə saatında
başlanıldı. Uşaq ədəbiyyatının
müasir durumu, aktual problemləri, onun geriləmə səbəbləri
yazarlar, ədəbi tənqid nümayəndələrinin
iştirakı ilə ətraflı müzakirəyə
çıxarıldı. Vaxtaşırı
aparılan disputlar bu sahədə yetərincə
boşluqların olması, bu ədəbiyyatın müasir
durumu, uşağın daxili aləmini, psixoloji
yaşantılarını ortaya qoyacaq əsərlərə
böyük ehtiyac hiss olunduğu, uşaq ədəbiyyatımızın
həmin məsələlərə yetərincə cavab verə
bilmədiyini və bu sahədə ictimai işlərin
dominantlığını təsdiqlədi. Ötən il uşaq ədəbiyyatının təbliği,
gənc nəslin inkişafı və onlarda estetik zövq
aşılamaq məqsədilə bir çox layihələr
həyata keçirilmişdir. Azərbaycan
yazıçıları Kamran Əlioğlu və Fərid
Qorxmazoğlunun "İliş və ya
hörülmüş hekayə" kitabının
İsveçin paytaxtı Stokholmda Maria Sheval adına
"Uşaq mövzusuna həsr olunmuş ən gözəl əsər"
mükafatına layiq görülmələri də ilin
uğurları sırasındadır.
Yola
saldığımız 2017-ci ildə "Göyərçin",
"Göy qurşağı", "Savalan",
"Qaranquş", "Sehirli dünya" kimi uşaq
jurnalları maraqlı nağıl və hekayələr, zəngin
elmi, informativ məlumatlar, rəngarəng rublikaları ilə
kiçik oxucuların ixtiyarında olmuşdur. Əfsuslar
olsun ki, uşaq mətbuatında hələ də durğunluq
hiss olunmaqdadır.
2017-ci ildə
"Azərbaycan", "Ulduz", "Göyərçin",
"Göy qurşağı", "Savalan",
"Qaranquş" jurnalları, "Ədəbiyyat qəzeti",
"525-ci qəzet", "Kaspi" qəzetlərində,
kulis.az, manera.az. saytları və
ayrı-ayrı nəşriyyatlar oxucularına nağıllar,
uşaq hekayələri, povest və dram əsərləri təqdim
etmişdir ki, biz də kəmiyyət və keyfiyyətindən
asılı olmayaraq bu nümunələri nəzərdən
keçirmiş və ədəbi prosesdə uşaq ədəbiyyatının
ümumi mənzərəsini əhatə etməyə
çalışmışıq. 2017-ci ilin ədəbi
mənzərəsi bu istiqamətdə uşaq ədəbiyyatımızın
gələcək perspektivləri haqqında nikbin danışmağa
əsas verir. Müxtəlif nəsilləri təmsil edən
yazarlarımızdan öz dəsti-xətləri ilə
tanınan Zahid Xəlil, Rafiq Yusifoğlu, Ələmdar Quluzadə,
Qəşəm İsabəyli, Sevinc Nuruqızı, Reyhan
Yusifqızı, Aygün Bünyadzadə, Gülzar
İbrahimova, imzaları ilə seçılən Əfsanə
Laçın, Vüqar Haqverdiyev, Elvira Məmmədova, Sevinc
Elsevər, Alov İnanna, yeni nağıl, hekayə və
povestləri ilə diqqəti cəlb edən Amin Sükut, Səmayə
Bayramova və b. müəlliflərin bir qisminin əsərləri
kitab halında çap olunmuş, bir qisminin isə
nağıl və hekayələri
ayrı-ayrı dərgilərdə, müxtəlif
saytlarda yayımlanmışdır. R.Yusifqızının
"Dostum Mimi" (Bakı, 2017), V.Haqverdiyevin "Müasir
nağıllar" (Bakı, 2017), Sevinc Elsəvərin
"Donu qırmızı" (Bakı, 2017), Amin Sükutun
"Tuflinlər" (Bakı, 2017) kitabları çap olunmuşdur.
Zahid Xəlil, Rafiq Yusifoğlu, Qəşəm İsabəyli,
Ələmdar Quluzadə, Sevinc Nuruqızı, Gülzar
İbrahimova, Elvira Məmmədova, Əfsanə
Laçın, Tural İsmayılov, Dilqəm Əhməd, Səmayə
Bayramova və b. nağıl və hekayələri yuxarıda
adlarını qeyd etdiyimiz qəzet və jurnallarda kiçik
oxucuların ixtiyarına verilmiş, saytlarda yerləşdirilmişdir.
Uşaq yazarlarımız uşaqları
düşündürmək, onların təbiət, ətraf
aləmlə bağlı bilgilərini genişləndirmək,
əşya və predmetlər haqqında
anlayışlarını möhkəmləndirmək məqsədilə
hekayə janrının imkanlarından daha çox istifadə
edirlər. Son dövrlər bu janrın imkanları genişlənmiş,
uşaqlarda ənənəvi məzmunda dostluq, xeyirxahlıq, əməyə
çağırış, zəhmətə qatlaşmaq
motivləri ilə yanaşı, onların elmi biliklərini
artırmaq, tarixi gün və hadisələr, ayrı-ayrı
şəxsiyyətlər haqqında bilgilərini möhkəmləndirmək
məqsədilə maraqlı hekayələr
yazmışdılar. Z.Xəlilin "Qarğaların
dostluğu", "Aysu və Cansu", Q.İsabəylinin
"Qərib uşaqla qərib itin əhvalatı",
"Şəhid bulud", R.Yusifoğlunun "Rənglərin
anası", S.Nuruqızının "Danışan ilmələr", "Saqlana",
R.Yusifqızının "Qar", "Fevral ayının
sirri", "Dəcəl ilbizlər", Ə.Laçının
"Xahiş edirik kəmərləri bağlayın", E.Məmmədovanın
"Qanadlı dostlar" və s. hekayələr
ilin ən uğurlu nümunələri
sırasındadır. 2017-ci ildə təcrübəli yazar Qəşəm
İsabəylinin də "Ədəbiyyat qəzeti"ndə
silsilə nağıl və hekayələri çap
olunmuşdur. "Qərib uşaqla qərib itin əhvalatı",
"Şəhid bulud" hekayələri seçilən
nümunələrdəndir. Müəllif "Qərib
uşaqla qərib itin əhvalatı" hekayəsində
Naxçıvandan köçüb Türkiyədə -
İstanbulda məskunlaşan bir ailənin, xüsusilə onun
övladı balaca Elgünün yaşantıları,
iztirabları fonunda qəriblik, yurd həsrəti məsələsini
qoyur, yaşadığı məkandan asılı olmayaraq
öz elinə, ulusuna bağlı olmaq fikrini ümumiləşdirir.
Q.İsabəylinin cazibədar üslubu, yığcam, lakonik təsvir
üsulu, sadə cümlələrlə daha geniş mətləbləri
ifadə etmək bacarığı olsa da, çox zaman qoyulan
problemlərin dərin psixoloji tutumu uşaq təfəkkürü
ilə uyğunlaşmır. Müəllif əhatəli, geniş bəşəri
problemləri, günümüzün reallıqlarını
kiçik uşaq dünyasına sığışdıra,
onun yaşantıları fonunda gerçəkləşdirə
bilir. Əgər diqqət etsək, kiçik qəhrəmanlarının
əksəriyyəti həm də zamanımızın,
yaşadığımız reallığın böyük qəhrəmanlarıdır.
Uşaq
hekayələrində kiçik uşaqların
obrazlarını yaradarkən onları mürəkkəb həyat
gerçəkliklərinin fonunda heç bir çətinliklərdən
qorxmayan mübariz, cəsur qəhrəmanlara çevirmək
çox zaman fantaziyadan qaynaqlanan nağıl süjetlərinin
identivliyini meydana çıxarır. Bu da müasir ədəbiyyatda
nağılla hekayə arasında müəyyən
bağlılıqlar və sərhədlərin
açılmasına gətirib çıxarır. S.Nuruqızının "Saqlana" hekayəsində
uzaq Tayqada yaşlı baba və nənəsinin himayəsində
yaşayan 4 yaşlı balaca qızcığazın
şücaətindən danışılır.
Bəzən bir-birilə əlaqəsi olmayan, assosiativ
şəkildə həyat hadisələri, predmetləri
arasında uyarlıq, müəllifin təlqin etdiyi fikri
sxematiklikdən, qəliblikdən çıxarır, ona dərin
məntiqi ardıcıllıqla, idrak mexanizmi ilə
yanaşmağı tələb edir. E.Məmmədovanın
"Qanadlı dostlar" hekayəsi bu baxımdan maraqlı
nümunələr sırasındadır. Hekayə
maraqlı, tərbiyəvidir. Lakin müasir uşaq hekayələrində
rastlaşdığımız ümumi qüsurları da nəzərə
çatdırmaq
istərdim. Yuxarıda qeyd etdiyim kimi müasir
uşaq hekayələrində əxlaqi-tərbiyəvi məzmundan
daha çox, öyrətmək, bilgi vermək, məlumatlandırmaq istəyi
aparıcıdır. Bu baxımdan Reyhan Yusifqızının
"Fevral ayının sirri", "Dəcəl ilbizlər",
"Hədiyyə kitab", "Düşərgədə
hadisə", "Qobustan macərası", Cəlil
Cavanşirin "Yeni dost", Əfsanə
Laçının "Xahiş edirik kəmərləri
bağlayın" və s. hekayələrin adlarını
çəkə bilərik. Bu məzmunda
yazılmış nümunələr yetərincədir.
Lakin çox zaman yazarlar elmi materialı bədii mətnə
çevirməkdə çətinlik çəkir, hər
hansı bir təbiət hadisəsi, məfhumu, tarixi hadisəni
uşaq təfəkkürü səviyyəsində
canlandıra bilmir, məlumatı
cilalanmamış, fakt kimi bəzən
təsvir vasitəsilə ifadə edir,bəzən də
informasiya məzmunla, fikirlə uzlaşmır. Primitivlik,
cilalanmamış dil, bəzən sərlövhənin məzmunla
uyğunsuzluğu, uzunçuluq, konkretliliyin olmaması, mətləb
və süjeti
ümumiləşdirə bilməmək müasir
uşaq hekayələrində təsadüf olunan xüsusiyyətlərdəndir.
S.Əhmədlinin "Ağacı kəsmək
lazımdır", Tural İsmayılovun "Fatimə ilə
Şəkərin nağılı", "Kələm və
çuğundur", "Şəkərbura ilə çəyirtkənin
nağılı" buna misal ola bilər. Bu
daha çox gənc və qeyri-peşəkar müəlliflərin
yaradıcılığında təsadüf edilir. Bizcə, yeni yazarlara istiqamət vermək, onlara nədən
yazmağı deyil, necə yazmağı təlqin etmək zəruri
məsələlərdən biridir. Bəzən dil
qüsurları, təkrarlar, süjetdəki mətləbin bədii
həqiqətə çevrilməməsi maraqlı quruluşa, ideya-məzmuna malik əsərin bədii dəyərini
azaldır.
Son
dövrlər fantastik
janra artan maraq bu ilin nəsr nümunələrində
də rast gəlinir. Müasir dövrümüzdə
uşaqların geniş maraq dairəsini kəsb edən bu janra
diqqət
artmaqdadır. R.Yusifqızının
"Dostum Mimi", S.Elsəvərin "Nuhun gəmisində
kosmosa səyahət", Kamran Əlioğlu və Fərid
Qorxmazoğlunun "İliş və ya
hörülmüş hekayə" əsərləri bu cəhətdən
ilin ən uğurlu və seçilən nümunələr
sırasındadır.
Müasir təhsil sisteminin xarakterinə uyğun olaraq
uşaqları elmə, təhsilə yönəltmək, müxtəlif
elm sahələrində bilik və bacarıqlarını
formalaşdırmaqdır. Elmi kəşflər
və ixtiralar, gələcəklə bugün arasında əlaqə
və bağlılıqların qurulmasında, uşaqları
məlumatlandırmaq, düşündürmək, tərbiyələndirmək
istiqamətində elmi-fantastik janrın imkanları olduqca
genişdir. Təcrübə göstərir
ki, yüksək texnologiyalar əsrində böyüyən
uşaqlarımız üçün milli ədəbiyyatımızda
müasir yazarlar tərəfindən elmi-kütləvi və
elmi fantastik əsərlərin yazılması vacibdir. Müasir uşaq ədəbiyyatında bu sahədə
əsərləri məktəblilər tərəfindən
sevilə-sevilə oxunan, intellektual nəsrin ən gözəl
nümunələrinin yaradıcısı olan müəlliflərdən
biri də Reyhan Yusifqızıdır. Uşaq ədəbiyyatında
intellektual nəsr sahəsində az sayda yazan
yazıçılarımızdan olan Reyhan xanımın "Dostum Mimi" əsəri
kiçikyaşlı uşaqların intellektual səviyyələrinin
yüksəlməsində, elmi biliklərinin genişlənməsində yüksək əhəmiyyət kəsb
edəcək əsərlərdəndir. Süni
intellekt sahəsində mütəxəssis olduğundan
yazıçının bu mövzunu ədəbiyyata gətirməsi
təsadüfi deyil. Əsər
süni-intellekt nəzəriyyəsinin banisi Lütfizadəyə
həsr olunub. "Dostum Mimi" əsəri qoca professorun düzəltdiyi
robot-siçanın balaca Aylinlə dostluğundan bəhs edir.
Əsər axıra qədər maraqla oxunur,
dili kifayət qədər sadədir.
Süjet boyu Aylinin Mimiylə dostluğu,
danışıqları, yaşadıqları macəralar, həyəcanlı
məqamlar bir tərəfdən kiçik oxucunu cəlb edir,
digər tərəfdən robot-siçanın timsalında
müasir elmin nailiyyətlərini, yeni texnologiyalardakı
yenilikləri əsaslandırır. Müəllif uşaqlara intellekt,
süni intellekt, kompüter texnologiyaları, neyron, laboratoriya,
avtomat qurğular, robot, knoubot, AİV və s. haqqında
uşaq təfəkkürünə uyğun heç bir
süniliyə yol vermədən ətraflı məlumat verir.
Hadisələrin uşaq fantaziyasına uyğun maraqlı
gedişi və məntiqi nəticəsi inandırıcıdır.
Sevinc Elsevərin "Nuhun gəmisində kosmosa səyahət"
əsəri də fantastik janrda yazılmış maraqlı nəsr
nümunələrindəndir. Müəllif canlı
aləmi təhlükədə qoyan ekoloji böhran,
bütün yer üzünü bürümüş bu
böhranın doğurduğu fəlakətləri əks
etdirir.
Son
dövrlər uşaq yazarlarının elmi fantastik janra
üstünlük vermələri ( bu da
müasir təhsil sisteminin tələblərindən irəli
gəlir) bədii fantastik janrın imkanlarını məhdudlaşdırmışdır.
Kamran Əlioğlu və Fərid
Qorxmazoğlunun "İliş və ya
hörülmüş hekayə" əsəri 2016-cı ildə
çap olunmasına baxmayaraq 2017-ci ildə Beynəlxalq
mükafata layiq görülmüş bədii fantastik nəsrin
ən gözəl nümunələrindən biri kimi dəyərləndirilə
bilər. Əsər qeyri-adiliyi ilə
seçilən İliş adlı balaca oğlanın macəralarından
bəhs edir. Əsərdə bir-birini əvəzləyən
məkanlar, cərəyan edən hadisələr maraqla izlənilir,
kiçik oxucunun diqqəti bu hadisələrin
işığında İlişin sevdiyi işin axarından
ayrılmır, daim onu izləyir. Maraqlı
quruluşa malik olan bu əsərdə bəzən yorucu səhnələrə,
bir-birilə əlaqəsi olmayan əsaslandırılmamış
məqamlara da rast gəlmək mümkündür. Digər tərəfdən əsərdə emosiya
gücü, həyəcan, oxucu ilə bədii mətn
arasında qurulan bağlantı zəifdir. Uşaq nəsrində
maraqlı məsələlərdən biri
yazarlarımızın dar, məhdud mövzu
anlayışlarından sivrilib, daha geniş ictimai - sosial məsələlərə,
cəmiyyət, təbiət haqqında düşüncələrə,
hadisə və təfərrüatlara yer vermələdir.
Gənc yazar Amin Sükutun "Tuflinlər" əsəri
bu baxımdan ilin seçilən ən maraqlı nəsr
nümunələri sırasındadır. Mövzu
yeniliyi və əlvanlığı, sosial həyatın geniş,
epik təsviri, alleqorik şəkildə təbətdən
qlobal məsələlərə, bəşəri problemlərə
nüfuz etmək povestin əsas məziyyətlərindəndir.
Əsərin ən maraqlı xüsusiyyətlərindən
biri əslində dili, üslubu, strukturu, quruluşu
baxımından uşaqlar üçün nəzərdə
tutulsa da, yaşam tərzi, təbiətdəki nizam,
qayda-qanunlarla cəmiyyət normaları arasında ümumi
bağlılıqların qurulması, professional şəkildə
əsaslandırılması baxımından böyüklərin
də marağına səbəb olacaq nümunələrdəndir.
Bolclara - düşmənlərinə qarşı yeganə çıxış yolunu
mübarizə aparmaqda görən Susal və Oşan
onların axtarışına çıxırlar, yerin
üstündə hər birinin özəlliyi, fərqli
yaşam tərzi olan əqrəb, ilan, koalo, kenquru, arı,
eşşək, ağacdələn, qarışqa, qunduz,
tülkü, qarğa, sərçə, tutuquşu və s. heyvanlarla
rastlaşırlar. Povestdə mübarizə aparmaq,
qarşısına məqsəd qoyub ona doğru irəliləmək,
risk etmək, həqiqəti görmək, həyatı dərk
etmək və s. kimi məsələlər öyüd-nəsihət
şəklində deyil, Susal və Oşanın mübarizəsi,
tuflinlərin rastlaşdıqları heyvanlar və onların təcrübələri
əsasında əyaniləşir. Əsərdə
heyvanlar, onların görünüşü, qidalanması,
yaşayışı haqqında yeri gəldikcə müəllif
maraqlı bilgilər verir, onların təbiət qüvvələri,
anlayışları haqqında bilgilərini genişləndirir.
Özünə güvənc hissi, risk etmək, yaxşı
düşünmək və s. kimi fikirlər təlqin edilir. Əsərin müsbət tərəfləri
çoxdur. Lakin bir neçə
çatışmayan məsələləri də nəzərə
çatdırmaq istərdim. Müəllif
uşaqların təbiət və heyvanlar haqqında təsəvvürlərini,
bilgilərini
genişləndirmək məqsədilə
maraqlı məlumatlar verir. Lakin çox zaman
uşaq təfəkkürünə uyğun olmayan, olduqca
çətin, dolaşıq şəkildə verilən elmi
izahlar uşaq təfəkkürünə uyğun deyil.
Müəllif mübariz olmaq, məqsədə doğru əzmkarlıq , cəsarətli addım atmaq,
qorxmamaq və s. təlqin edərkən cox zaman ifrata varır,
halbuki, uşaqlar üçün yazan müəlliflər bəzi
məqamlarda ehtiyatlı davranmalı, ciddi məsələlərdə
hökmlə çıxış etməməlidir.
2017-ci il uşaq dramaturgiyasının inkişafı
istiqamətində də müəyyən irəliləyişlər
olduğunu desək yanılmarıq. Əfsuslar olsun ki, bu irəliləyiş
demək olar ki, illərlə boş qalmış sahəyə
bir neçə pyesin əlavə olunması, nəşr
olunan kitablarda uşaq pyesləri adına
nümunələrin artması ilə yadda qalır. Kiçik
tamaşaçı ənənəvi Azərbaycan və rus nağıllarının
təkrar süjetləri əsasında səhnələşdirilmiş, bəzən
isə yeni quruluşda və tərtibatda dekonstruksiya
olunmuş mətnlərin izləyicisi olaraq qalır. 2017-ci ildə
Pərvinin "Səhnə" kitabında uşaqlar
üçün "Balaca və damda yaşayan Karlson",
"Dəcəl keçi", "Qoğalın sərgüzəştləri",
"Mauqlinin yeni ili" olmaqla dörd uşaq pyesi, S.Elsevərin
"Donu qırmızı" kitabında isə "Lokomativ
və vaqonları" adlı bir uşaq tamaşası yer
almışdır. Əfsuslar olsun ki, yazılan pyeslərin əksəriyyəti
iqtibas, povestlərdən tərcümə, ya da Azərbaycan
və rus nağıllarının dekonstruksiyasıdır. Uşaqla ünsiyyət, onunla qurulan müsahibə,
müxtəlif vasitələrlə yaradılan əlaqə
müəllifdən hədsiz diqqət, tələbkarlıq tələb
edir. Ədəbiyyatın digər sahələrindən
fərqli olaraq uşaq ədəbiyyatı öz məğzində
yalnız tərbiyələndirmək, maarifləndirmək,
anlatmaq, öyrətmək və yaxud öyrənməyə
istiqamətləndirmək missiyası daşıyır. Bu zaman uşaqla yaradılan bağlantı öz təsirini
göstərmiş olur. Müəllif pisliyi, naqisliyi elə
tərzdə təqdim etməlidir ki, uşaq nəticə
çıxarsın, yanlışlığı görsün
və ondan
ehtiyatlana bilsin. Pərvinin "Səhnə"
kitabında yer alan "Qoğalın sərgüzəştləri"
pyesi məşhur rus xalq nağılının motivləri əsasında
qələmə alınmışdır. Pyesdə
qoğalın baba və nənədən qaçması ilk
növbədə əyləncəli deyil,
düşündürücüdür. Qoğalın tez
böyümək, ağıllanmaq sevdası onu canavar, ayı
ilə qarşılaşdırır, uşaq onların
"ağıllı" yaşam düsturu ilə
tanış olur. Müəllif hər bir
mövzuya yanaşmada müasir dövrün, cəmiyyətin
tələblərini nəzərə almalıdır. Lakin çox zaman cəmiyyətin
çatışmayan, nöqsanlı tərəflərinin
qabardılması uşaq təfəkkürünə mənfi
təsir göstərir. Ağıllı
olmağın gərəksizliyini, əsas güclü və
yaxşı yerdə yaşamağın zəruriliyini
müsahibinə çatdırarkən qoğal cavabsız
qalır. Ayı körpünün
üstündə yaşadığını və onun icazəsi
olmadan heç kəsin bu körpüdən keçmək
hüququnun olmadığını deyir. Bunu anlamayan
qoğalın təəccübünü gördükdə
Ayı deyir: "Ayı: Ay səni.... (söymək
istəyir guya, özünü saxlayır). Demək
istəyirəm körpü mənə baxır. İstəsəm buraxaram, istəsəm yox. Bir
balaca hörmət eləsələr, rahat olur....
Qoğal:
(yenə gözlərini döyür) -Hmmm...Mənim
də sizə böyük hörmətim var.
Ayı:
Ver, gəlsin...
Qoğal:
(çaşır) Nəyi?
Ayı:
Eeehh axmaq....Hörmət. Yəni ki, rüşvət.
Bir çəllək bal."
Müəllifin folklor motivləri əsasında
yazılan "Dəcəl keçi" pyesi isə əyləncəlidir. Pyesdə bir dəcəl,
yalançı keçinin sərgüzəştlərindən
danışılır. Dəcəl
keçi ərköyünlüyü, dəcəlliyi,
yalançılığı ilə babanı, nənəni və
nəvəni incidir. Onun
yalançılığı ucbatından günahsız yerə
nənə və nəvə baba tərəfindən cəzalandırılır.
Pyes uşaqlara "yalan ayaq tutar yeriməz"
misalını təlqin edir. Ona
qarşı xoş münasibətdən istifadə edən
keçi axırda öz cəzasını alır, qovulur.
Bakı Uşaq Teatrının fəaliyyəti təqdirəlayiqdir. Teatr keçən
mövsümdə "Qeyri-adi məhkəmə",
"Xaşxaşın göz yaşı və ya həyatla
oyun", "Günahsız günahkarlar"
tamaşaları ilə müxtəlif əyalətlərdə
də çıxış etmişdir ki, mövzusu müasir cəmiyyətin
problemlərini, cəmiyyətdəki mənəvi-əxlaqi aşınmaların
qurbanı olan gəncliyin taleyini, yaşadıqları
ruhi-psixoloji sarsıntıları əks etdirən bu
tamaşaların tərbiyəvi əhəmiyyəti, təsir
qüvvəsi olduqca böyükdür.
2017-ci ildə Naxçıvan Dövlət Uşaq
Teatrında əməkdar artist Tofiq Seyidovun ssenarisi əsasında
"Bizə, dovşanla meşəbəyi lazımdır"
ikişəkilli alleqorik tamaşa kiçik uşaqların
ixiyarına verilmişdir. Balaca tamaşaçı alleqorik
şəkildə canlandırılmış Bəbir, Ay,
Canavar, Tülkü, Çaqqal, Zürafə, Dələ,
Meymun və s. heyvanlarla tanış olur,
onların obrazları uşaqların gözündə
aydın canlandırılır. Pyesdə təbiətdə
heyvanların hökmranlığı, mənəm-mənəmlik
davası, onlar arasında hakimiyyət bölgüsü və s. cəmiyyətdə
insan münasibətləri, cəmiyyət əlaqələrindəki
ziddiyyəti, ayrı-seçkiliyi ifadə edir. Pyesdə
yumor hissi ilə yanaşı kinayə də vardır. Lakin pyesin konflikti zəif, sönük, müəllifin
məqsədi isə aydın ifadə olunmamışdır.
Beləliklə, uşaq nəsri
və dramaturgiyası ilə bağlı il boyu apardığımız
müşahidələri ümumiləşdirərək deyə
bilərik ki, müəyyən qüsurlarına baxmayaraq
uşaq ədəbiyyatı inkişaf etməkdədir. Uşaqların zövqünü oxşayan,
onların maariflənməsi və formalaşmasında bu sahənin
imkanları yetərincə genişdir. Əvvəlki
illərlə müqayisədə uşaq ədəbiyyatına
artan maraq, yeni imzaların görünməsi, janr təkamülü,
uzun müddətdir kiçik yaş sindromundan qurtula bilməyən
ədəbiyyatın yeniyetmələrin və gənclərin
mənəvi aclığını ödəyən əsərlərlə
gündəmdə olmaları ilin bu sahədə
uğurları sırasındadır. Ötən
ilin uşaq ədəbiyyatı nümunələri içərisində
bir neçə əsərin seçilib fərqləndirilməsi,
beynəlxalq mükafata layiq görülməsi bu ədəbiyyatın
perspektivləri haqqında nikbin danışmağa əsas
verir.
Günay Qarayeva
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.17-18.