2017-ci ilin epik şeiri:
Tənəzzül, yoxsa inkişaf?
Ötən
ilin ədəbi məhsullarına nəzər saldıqda,
çağdaş dövr Azərbaycan ədəbiyyatının
janr zənginliyini və epik şeir mənzərəsini
yaradan nəşrlərdən biri kimi AMEA Azad Həmkarlar
İttifaqı Rəyasət Heyətinin (18 oktyabr 2016-cı il
tarixli 11 saylı qərarı) tövsiyəsi və Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyatşünaslıq
plyus" Yaradıcılıq Birliyinin rəyi ilə nəşr
olunmuş "Biz də varıq" toplusunu qeyd edə bilərik.
Topluda AMEA-nın müxtəlif elmi-tədqiqat
institutlarında çalışan, eyni zamanda həm də bədii
yaradıcılıqla məşğul olan əməkdaşların
əsərləri yer alıb. Həmin nümunələr
arasında Şakir Albalıyevin "Durğu işarəsiyəm",
Sevil Mehdiyeva-Nurəlibəylinin "Yenə o bağ
olaydı..." və Fəridə Hicranın "Xocalı
sülh istəyir" miniatür poeması da vardır... Akademik İ.Həbibbəylinin topluya
yazdığı ön sözdə vurğuladığı
bu "tam özünüifadəetmə" Şakir
Albalıyevin "Durğu işarəsiyəm" adlı
modern poemasında daha aydın müşahidə olunur. Poemada dilimizdə bol-bol işlədilən durğu
işarələrinə alim-şair yanaşmasının,
"lirik mən"in öz-özünə
ünvanladığı suallara dərin məntiqə söykənən
bitkin cavablarının və çıxarılan fəlsəfi
nəticələrin şahidi oluruq. Müəllifə
görə, bizi çevrələyən yaşam müstəvisində
hər şeyin batinində bir sual durur və həmin sualdan
yeni suallar doğulur. Beləliklə,
İnsanın içi ilə dış dünyasının,
könlü ilə çöhrəsinin özü də bir
suala dönüşür. Gəldiyi sonucla bağlı
düşünməyə dəyər Şakirin: "Ey
insan, hər iki cismani və mənəvi dünyamızın əksi
budur: Sual içində sual! Görk üçün ibrət
götür, cavab al! Bax ki, şələ
çəkib yük götürəni sual görkəminə
salıb, düz qamətini dəvənin belinə, əlif qəddini
dal hərfinə çevirən bu dünya nə demək istəyir?!
Bir damladan, bir nöqtədən başlayan canlı həyatın,
yaşanmış röya olan dünyanın mahiyyətinin
çuval dolu yükünü daşıyan canlı
sualın - İnsan taleyinin sonu da - Amansız əbədi sual
və... bir tapmacadır!.."
Nə
yazıq ki, bu sualın dəqiq bir cavabı hələ ki,
yoxdur... Ancaq yenə də o, "lirik mən"ə
ünvanladığı saysız-hesabsız sualların mahiyyətinə
varır, iç qatlarına baş vurur. Beləliklə,
bu elmi dərketmə elmi idrakın poeziyasının
yaranmasına və ədəbiyyatda inikasına gətirib
çıxarır. Bu "fərqli
baxış, fərqli yanaşma" durğu işarələrinə
ədəbiyyatda yeni anlam qazandırır, onların durğu
deyil, duyğu işarələri kimi özəlliklərini
açır, vergülün, qoşa nöqtənin, apostrof,
vurğu, sual, nida işarələrinin məna
çalarlarını yaradır. Şakir durğu
işarələrini həyatın hər üzünü ifadə
etmək gücünə malik vurğu//duyğu işarəsi,
bəxtə-taleyə istixarə, fal//sual kitabı kimi
xarakterizə edir, qoşa nöqtəni siyasi boyasız, hiyləsiz-riyasız,
könül dünyası apaydın oxunan dupduru gözlərinə,
nidanı zəriflik timsalı incə bədənə,
düz qamətə, həyəcan siqnalına, sual işarəsini
üstünə ələnən hər dərdi çəkməkdən
bükülmüş belə, vergülü isə doğulan
körpəyə, gülə-buta-sevgiliyə bənzətməsi
poetik tapıntıdır:
Düşdüm
nöqtə kimi ana bətninə,
Vergül
tək anadan gəldim dünyaya,
İşarə-mənalar
vergülün özü,
Vergül
görünüşcə bənzər butaya!
Vergül
tək dünyaya gələn körpəni,
Tanrı
bu dünyaya verdi gül kimi.
Sözdə,
ya cümlədə bir vergül olcaq,
Davamı
məntiqlə tamamlanmalı!
Vergül
görkəmində doğulan uşaq,
Ağlayır:
dünyaya yarımçıq gəlib,
Anlayır:
vergüldə məna yarımçıq!
"Ver gülümü!" - deyə uca
Tanrıdan
İstəyir
özünə buta-vergülün,
Olsun göbəkkəsmə
buta vergili!..
Düşünürəm ki, kifayət qədər
uğurlu alınan bu əsər ədəbiyyat tariximizdə
öz yerini tutacaq və dəyişməz mövqeyini qoruyub
saxlayacaqdır. Ancaq bu fikirləri nə S.M.Nurəliyevanın "Yenə
o bağ olaydı" adlı böyük həcmli
poemasına, nə də Tahirə Məğrurun ayrıca
kitabçalarda çap edilmiş "Atatürk
dastanı" və
"Öndər yolu"
poemalarına şamil edə bilmirik. Sevil xanım ölməz
M.Müşfiqin eyniadlı şeirinə nəzirə olaraq
yazdığı və toplunun 25 səhifəsində
yayımlanan "Yenə o bağ olaydı" poemasında
ötən günlərin nostalgiyasını yaradır, ancaq
xatirələrini, nostalji duyğularını, artıq
keçmişdə qalmış əlçatmaz gözəl
çağlara olan dibsiz həsrətini o səviyyədə
ifadə etməkdə çətiinlik çəkir. Sevil xanım M.Müşfiqin üslubunu, yazı tərzini,
şeir şəklini olduğu kimi saxlasa da, yığcam bir
şeirdəki yüksək poetikliyi, dərin məna və
lirikanı böyük həcmli bu poemada yarada bilmir.
Tahirə Məğrur isə "Atatürk dastanı" və
"Öndər yolu" poemalarında
çağının iki qüdrətli şəxsiyyətini,
tarixə öz parlaq səhifələrini yazmış öndərləri,
ölməz Atatürkü və Heydər Əliyevi yetərincə
təqdim edə, parlaq obrazlarını yaratmağa nail ola
bilmir. Bu poemalar zəmanəsinin iki dahisinə,
liderlərinə müəllifin böyük sevgisindən
yaransa da, janrın tələbləri qarşısında
gücsüz qalır.
Şair Balayar Sadiq son çağlar poema janrına
sıx-sıx müraciət edən şairlərimizdəndir. "Ömrün gəraylı
çağları"
kitabında altı poemasını oxuduğumuz müəllifin
2017-ci ildə "Ədəbiyyat qəzeti"ndə dərc
olunmuş "Qızlbaş fəsli" poemasının da vətənpərvərlik
duyğularından, milli təəssübkeşlik ruhundan
doğulduğu şəksizdir. Janrın tələbləri əsasən
gözlənilən, proloqla başlayıb epiloqla bitən, ənənəvi
heca qəlibində, dördlüklər şəklində və
irfani təfəkkürün işığında qələmə
alınan əsər ancaq həcm etibarilə ənənəvilikdən
çıxır və belə demək mümkündür
ki, Güney və Quzey ədəbiyyatında son
çağlar dəbə düşən miniatür
poemaların sırasını zənginləşdirir.
Şeir və poemalarında tarixi keçmişimizə
bağlılıq, unutqanlığa etiraz, milli kimlik, dəyərlərimizə
sahiblik duyğusunun azalması, yaralı milli
yaddaşımızın get-gedə daha çox
korşalması və s. kimi məsələlərə
önəm verən şairin "Qızılbaş fəsli"
poemasında da bu ana xəttə sadiqlik nümayiş olunur.
Poemanı oxuyub başa çatdıranda içimdə bir dilək
boy verdi: Kaş bədii dili, məcazlar sistemi mükəmməl
olan bu əsərdə bitkin bir süjet xətti də
olaydı!.. İkicə beytə nəzər
salmaqla, söylədiklərimizin öz təsdiqini
tapdığını müşahidə etmiş olarıq:
Gəl,
Pir-i mürşidim, pir məqamıdı,
Alnından gün doğur pir olanların.
Könlümün
içində söz gülümsəyir,
Yağır misralardan sirr narın-narın.
Qızılbaş
çölləri alın yazımdı,
Qoxla bu yazıda iman ətrini.
Haqq
öz dərgahına özü qaldırıb
Sevgi bayrağıtək sənin xətrini.
Miniatür
poemada "Ömrünün təbəssüm
gününün itkin düşməsi, qızılbaş
kimi səbrin çiliklənməsi, alnındakı qara
yazının üşüməsi, sözün başına
üzərlik çevirmək, göz yaşlarında
zamanı güzgüləndirmək, həqiqətlərin
alnına qar yağdırmaq, fələyin
güzgüsünü gözündən düşürmək,
arzuların gözünü aydın etmək, dilin
çiçək dərməsi, səbrin heyrətdən
qaşını çatması, döyüş meydanında
ömürdaşıyla əcəl çiçəyini dərmək"
və s. kimi təşbeh və metaforaları, irfan
dünyasından təlmihləri belə rahatlıqla yaradan
Balayar Sadiq kaş əsəri məntiqə söykənərək
qurmayıb, Şah İsmayıl Xətayini necə varsa, təsvir
edə, bitkin obrazını yarada, qızılbaşlığın
mahiyyətini aça biləydi!..
Çağdaş
Güney Azərbaycan şairi Hüseyn Düzgünün
"Şeyx Məhəmməd Xiyabani" adlı ayrı-ayrı dörd
poemasında və Güneydə çağdaş dövr
uşaq ədəbiyyatının banisi Səməd Behrəngiyə
həsr elədiyi eyniadlı poemada mütəfəkkir tarixi
şəxsiyyətin və böyük yazarın
doğuluşundan ölümünədək, həyatının
bütün səhifələrinə işıq
saldığı kimi!.. Bu cür
bütövlük, tarixi şəxsiyyətin ömür səhifələrinin,
yaşamının tam mənzərəsi, əlbəttə,
həm də vahid süjet xəttinin bitkinliyi və dinamik
bütövlüyü hesabına gerçəkləşir.
Bir də davamlı mütaliənin, şəxsiyyətin həyatını
ən incə məqamlarınadək öyrənməsinin sayəsində...
Yurdumuzun
gözləri ilə odlar, alovlar götürmüş
döyüşçü qızı - Qarabağ faciəsinin
canlı şahidi və iştirakçısı olan və
bu faciənin qanlı hekayətini, müharibənin gerçəklərini
qələmə alan Fəridə
Hicranın "Xocalı sülh istəyir" miniatür
poemasıbu ədalətsiz savaş zamanı çəkdiyi
acıların, iztirablarınbədii-poetik ifadəsi kimi dərk
edilir. Adı çəkilən epik şeir nümunəsində
xanım yazar təəssübkeş soydaşlarını
varından yox edən, ürəklərə talan salan milli dərdlərimizin,
Qarabağ müharibəsinin bir halqası olan Xocalının
işğalı - bir gecənin içində bir şəhərin
yer üzündən silinməsi hadisəsini, xalqın
işğaldan sonrakıçətindən-çətin
yaşayışını, maddi və mənəvi sıxıntılarını,
düşmənə qarşı hiddət
duyğularını, bütün bunlara rəğmən
insanların sülh, əmin-amanlıq və sakit həyat
arzularını kifayət qədər özündə əks
etdirir. "Xocalı sülh istəyir" miniatür
poemasını janrın bütün tələblərinə
cavab verən mükəmməl süjetli lirika örnəyi
kimi təqdim etmək fikrində deyiləm, amma altını
cızaraq qeyd edirəm ki, bu əsər yurdumuzu kənd-kənd,
şəhər-şəhər talan edən, millətimizi soy
qırğınına uğradan, var-dövlətini
çapıb-talayan, uşaqlarımızın,
analarımızın, qız və gəlinlərimizin ləyaqətini
murdar ayaqları altında tapdalayan erməni cəlladlarının
vəhşiliyini bir növ bədii detallarla sənədləşdirir,
hadisələrin "Qarabağda talan var" kitabında
yazmağa başladığı tarixi salnaməsinin davamı
kimi diqqəti çəkir. Fəridə Hicranın indiki və
gələcək nəsillərə mesajları da ibrətamizdir:
"Bu müharibəni törədən insan cəlladları,
bu illər ərzində rəhbərlikdə olan siyasi xadimlər
əzilən və qırılan xalq qarşısında, bu
xalqın həyatına yazdıqları qanlı tarix
qarşısında cavabdehdirlər. Ermənilərin Azərbaycan
xalqına vurduğu yaraları, tarixdə analoqu olmayan cinayətlərini,
riyakarlığı, Qan yaddaşımızı heç kim unutmamalı, günahsız Şəhidlərimizin
qanı yerdə qalmamalıdır!"
Bu
missiyanı çağımızın əyalət şairi
Sabir Arazlı Özgün bədii
yaradıcılığında, həm də son illər
bir-birinin ardınca yazdığı və 2017-ci ildə
çap olunmuş 4 cildlik "Əsərləri"nin II və III cildinə daxil edilmiş silsilə
poemalarında yerinə yetirməyə səy göstərir...
S.A.Özgünün görkəmli şair Musa Yaquba həsr
etdiyi üç poemanın yer aldığı "Bizdən
salam olsun Musa Yaquba" adlı kitabı xüsusi maraq
doğurur.
Silsilə poemaların əsas qayəsi, başlıca məramı
Vətənləşmək və Yurdlaşmaqdır. S.A.Özgünə
hərbi vətənpərvərlik mövzusu çox
doğmadır. Əzəmətli,
sarsılmaz milli ruh bu mövzuda yazdığı əsərlərin
ana xəttini təşkil edir. Hərbi vətənpərvərlik,
Qarabağ müharibəsi, Vətənin mərd, cəsur
oğul və qızlarının qutsüal yurd uğrunda
savaşda göstərdiyi igidlik və şücaət onun bədii
və publisistik yazılarının, eləcə də
poemalarının əsas leytmotividir.
Səriştəli tədqiqatçı və şair
kimi tanıdığımız Nazim Rizvanın
"Yarımçıq vüsal"
adlandırdığımız kitabında yayımlanan
poemaları 2017-ci ilin son çap məhsuludur. Mövzu əhatəliliyi,
dramatizmi, geniş həyat materialı baxımından diqqəti
cəlb edən poemanın maraqlı kompozisiyası,
axıcı dili, alim-şair ustalığı ilə
yaradılmış bitkin quruluşu var. Yüksək
obrazlılığı, toxunulan mövzuların cazibədarlığı
ilə diqqəti çəkən əsər ən yaxın
keçmişdə, keçən əsrin 90-cı illərində
Tehranda və Təbrizdə keçirilmiş Uluslararası
Şəhriyar konqresi zamanı şairin yaşadıqları,
qəlbindən keçən duyğular, xəyalən təsəvvüründə
canlandırdıqları keçmişlə bu günün
qovşağında Güney Azərbaycan xalqının
başından keçən olaylar, bir xalqın bətnindən
doğurduğu Şəhriyar adlı bir dühanın
yetişməsi, formalaşması və türkün qürur
qaynağına çevrilməsi prosesi əsl sənətkar
səriştəsi ilə təsvir edilir.
N.Rizvanın"Yarımçıq vüsal"
poemasının son bəndindəki arzusu, indiki və gələcək
nəsillərə ismarıcı üzərində
düşünməyə dəyər. Əgər şairin bu
arzusu çin olarsa, dünyanı ürəklərində əsir
torpaq niskili ilə tərk etmiş bütün
yazarlarımızın, cəmi şəhidlərimizin ruhu da
şad olacaqdır:
Qoy mənim
Vətənim vüsala çatsın,
Qəmdən azad olsun, gülsün sözlərim.
Uca
dağ başından baxanda bir gün
Vahid
bir Vətəni görsün gözlərim!
Şairin
"Yarımçıq vüsal" kitabında yer
almış "Anam Xəzər" və
"Kitabxanaçı qadın" poemaları da əhatələdiyi
mövzu dairəsi, fəlsəfi dərinliyi, həyat
materiallarının genişliyi və hadisələrin zənginliyi
baxımından fərqlənir. Milli dərd və problemlərin,
milli mənlik şüurunun və Azərbaycanın
bütövlüyü arzusunun poetik inikası olan "Anam Xəzər"
poeması ustad Şəhriyarın "Heydərbabaya
salam"ına yazılmış mükəmməl
bir nəzirədir.
Məqalə
boyu təhlil etdiyimiz poema örnəklərində əsas
mövzuların Vətən və doğma yurd
sevgisi, tarixi şəxsiyyətlərə ehtiram, Qarabağ
müharibəsi, xalqın sülh, əmin-amanlıq, birlik,
bütövlük arzuları, milli-mənəvi dəyərlərə
sahib çıxmaq istəkləri olduğu
görünür. Ancaq bu mövzularla bərabər,
Qarabağ müharibəsi, dədə-baba torpaqlarımız
uğrunda aparılan ədalətsiz savaşın fəsadları,
itirilmiş yurd yerlərinin ağrısı
poemalardaaparıcı xətt olduğu diqqət çəkir.
Süjetli lirikanın önə çıxması, sərbəst,
azad şeirə meyl, heca ilə əruz vəznlərinin
qovuşuğu, orijinal metafora sistemi, görməyin eşitməkdən
daha üstün, daha gözəl olduğuna
çağırış,eyni zamanda təqlid elementlərinin,
mübahisə doğuran məqamların varlığı da
nəzərdən qaçmayan cəhətlərdir.
Fil.e.d.
Elnarə Akimova "Janrın qürubu, yoxsa ədəbi
laqeydliyimiz" məruzəsində şairlərin bu janra az müraciət etmələrinin səbəblərini
araşdırır və bu sonuca varırdı ki,
bütün janrlara, sahələrə vüsətli nüfuz
edilib, poema janrı isə ikinci, üçüncü dərəcəli
nəsnə kimi unudulub. Ancaq N.Rizvan, S.A.Özgün,
Ş.Albalıyev, B.Sadiq, F.Hicran, H.Qaraçay S.Səccadi,
K.Xiyav və b. kimi çağdaş dövrün poema
yazarları da məhz özlərinə, "lirik mən"in
prinsiplərinə sadiqlik nümayiş etdirən əsərlər
yaratmaqla janrın üfüqlərində azad qanad çalmaq
məsudluğunu yaşamış olublar. Nazim Rizvanın
"Hər soyuq qışın qabaqda yaz ilə davası var.
Gözəlliyə, Vətənimə, mən işığa
vurulmuşam!" misralarındakı sevgi, yurdumuzun və
xalqımızın soyuq qışının yaz günəşi
ilə isinəcəyinə, Qarabağın yağı
düşməndən azad ediləcəyinə və qələbə
qazacağımıza inam hissi istər zəif olsun, istərsə
də güclü poemalar qələmə alan
digər yazarların da əsərlərində bariz şəkildə
duyulmaqdadır.
Esmira Fuad
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.19.