Cənubda ədəbi proses
Artıq 20 ildən artıqdır ki, yeni media kimi formalaşan internet vasitələri Cənubda da qısa müddətdə ictimai, siyasi-ideoloji və bədii təbliğat mexanizminə çevrilmişdir. İranda Azərbaycan dilinin statusunun yüksəldilməsi, ədəbiyyat və mədəniyyətinin təbliğ olunmasında medianın rolu danılmazdır. Nəşr və mətbuatın görəcəyi iş Cənubi Azərbaycanda çox zaman sosial şəbəkələr vasitəsilə həyata keçirilir. Yüksək tələblərə cavab verən elektron dərgiləri vardır ki, ədəbi fəzadakı boşluğu doldurmaq üçün cəhd göstərir.
Sevindiricidir ki, ötən il iki cənublu yazıçı nüfuzlu mükafatlara layiq görülüb. Fəriba Vəfiyə Almaniyanın "LiBeraturpreis" ədəbi mükafatı təqdim olunub. Bu nüfuzlu mükafatı təbrizli yazıçı "Tərlan" romanına görə alıb.
Türkiyə və Qazaxıstan rəsmiləri, 17 türk dövlətnini yazıçılarının qatıldığı Türk dünyası hekayə yarışmasının ən böyük mükafatına da güney azərbaycanlı Qəfur İmamizadə layiq görülüb. Ödül ona Azərbaycan türkcəsində yazdığı "Qırmızım" hekayə toplusuna görə verilib.
Alınan mükafatlar Cənubi Azərbaycanda yazıçılar arasında son illər hekayə janrına üstünlük verildiyinin və bu sahədə əldə edilən uğurun əyani göstəricisidir.
İlin çap məhsulları sırasında Qəfur İmamizadə Xiyavinin "Qırmızım", İbad Məmizadə Ağdaşlının "Şaman"(ikicildlik roman) , Sulduz Dəyirmançıoğlunun "Ayrılıq siciri", Rəsul Qədirinin "Gul axıtdı" və "Dılmanc", Həsən Səmudi Qalaların " Özgə", Davud Dustarın "Hoppana", Həsən Cavadzadənin "Məsəllər, hekayələr və deyimlər", Həmid Məmmədzadənin "Futbolçu" və Rüqəyya Kəbirinin "Quşlar daha qorxmurlar", Q.Məcidfərin "Altmışlar və yetmişlər" kimi nəsr toplularının adını çəkə bilərik.
Poeziyaya gəldikdə isə Duman Ərdəmin "Səs və şeir", "Sonuncu sufi", Səid Muğanlının "Sənsiz yalqız qalıb Təbriz", Yəqub Nəimının "Bu gecə yanacaq ay sənin üçün", Elçin Hüseynzadənin "Şapkamdan uçan mamontlar", Həsən Ruhaninin "Qış bağçası", Asim Ərdəbilinin "Yanan yanaqlar", Yusif Amanpurun "İtmiş şəhər", Rasim Alimin "Qatarsız duraq", Vahid Vicdanisəfirin "Könlüm bu dağdan çıxacaq", Əli Urmulunun "Gözü yaşlı küçələr", "Məftun Əmininin "Acıçay", Rza Bərahəninin "Bal dənizi yağır gecə bağından", Əli Urmulunun "Gözü yaşlı küçələr", Aydın Məhəmmədinin "Ala bilmədiyim qəzetlər", Əbülfəzl Paşainin "Öncədən sonra", Tanış Əfsərin "Açar", Nazxənd Sübhinin "Durnaların həsrəti məndə", Pərvin Etisaminin "Qadınlar dünyaya sevgi bağışlar"(Tərcümə Atif Zeynallı), Həbib Fərşbaxın " Qadın ay qadın", Süsən Nəviderazi, Məryəm Dostam, Səhər Barani və Alma Muğanlının "Şeirimdən bir qatar keçdi" şeir topluları ötən ilin ədəbi nümunələrindəndir.
Folklor toplama və araşdırmalarına gəlincə Ənvər Seyfinin topladığı "Qaradağ rəvayətləri", Saleh Səccadinin "Biz belə ağlardıq" Əkbər Rəncbərinin "Mərsiyələr" kitablarınının adını çəkmək olar. Ümumilikdə folklor sahəsində bir çox ğözəl işlər görülüb və görülməkdədir. "Azəri" dərgisi bu sırada böyük işlərə imza atmağı bacarmışdır. Ali Zəfərxah folklor sahəsində gözəl əsərlər toplayıb təqdim etmişdir.
Uşaq ədəbiyyatı sahəsi Güneydə könül açandır, bu mövzuda yazılan əsərlər də çox ümidvericidir. Ramin Cahangirzadə, Xosrov Barışan, Leyla Kəhalı, Məliha Əzizpur, Murtuza Məcidfər və başqa gənc yazarların uşaq qəlbinə yol tapan əsərləri çoxdur. Hazırda Cavad Vəlizadənin "Tülkü həccə gedir", Ramin Cahangirzadənin "Ulduz" (təkrar nəşr) kitabları uşaqlara gözəl töhfədir.
Cənubda ədəbiyyatda ədəbi fikir mübadiləsi və tənqidçi fikrinə bu gün böyük ehtiyac var. Samir Kahaoğlunun "Tənqidi araşdırma və seçim", "Azərbaycan modern şeiri incələmələri", Nurullahi Əfrasiyabın "Şeirimizin uzaq kitabları bu boşluğu dolduran kitablardandır.
Ötən il Almaniyada ədəbiyyat sahəsində ən nüfuzlu mükafata sahib olan Fəriba Vəfi əvvəllər hekayələrini farsca yazsa da, son zamanlar ana dilində yazmağa çəhd göstərir. Onun "Zirzəmi quşu" adlı ilk romanı 2002-ci ildə işıq üzü görüb. Roman çox uğurlu olub, İranda mühüm ədəbiyyat mükafatları qazanıb. 10 il sonra roman Rotbux nəşriyyatı tərəfindən alman dilində dərc olunub.
Məşhur azərbaycanlı
yazıçı Fəriba Vəfi türkcə əsər
yazmağın həsrətində olduğunu və məcburiyyət
qarşılığında farsca yazdığını
bildirir: "Sanki mənim iki dünyam var. Biri öz
dünyamdır ki, doğma ana dilimdə yaşayır,
düşünür, digəri ilə də yazıram. Bu romanda
"Türk" sözü işlənir. Amma burada bir
növ zarafatdır. Lakin bəzən cəmiyyətdə
bu diskriminasiya şəklində, təhqir formasını
alır ki, əlbəttə bu xoşagələn deyil. Hələ də bu şeylərə rast gəlinir,
bəli."
F.Vəfi 1962-ci ildə Təbrizdə doğulub. O, 11 cild hekayə və
roman kitabının müəllifidir. Yazıçının
"Mənim quşum" və "Tibet röyası" əsərləri
İranın bir neçə mötəbər ədəbi
mükafatına layiq görülüb. Azərbaycanlı
yazıçının bir neçə hekayə əsəri
italyan, anadolu türkcəsi, alman, norveç, fransız, rus,
isveç, ərəb, yapon və ingilis dillərinə tərcümə
olunub.
Bu da diqqətçəkicidir ki, İranın ən məşhur
nəsr ustaları azərbaycan türkləri olub. Keçmiş
nəsildən Qulamhüseyn Saidi, Səməd Behrəngi və
bu gün yaşayıb yaradan Rza Bərahəni və Fəriba
Vəfi. Xanım Fəriba Vəfi də
daxil olmaqla bu adlar İran ədəbiyyatında artıq sabitləşib
və yazıları dünya səviyyəsindədir.
Kanadada
yaşayıb-yaradan yazıçı, şair və tənqidçi
Rza Bərahəni təəssüf ki, azərbaycan oxucusuna tanış deyil, ya da oxucular ondan az məlumatlıdır.
Ötən il onun "Bal dənizi
yağır gecə bağından" şeir toplusu
işıq uzu gördü. (Fars dilindən çevirən
Dr.Səməd Səbağ, hazırlayanlar: Arzu Muxtarı və
Məhəməd Abaspurdur)
Qavalçalan
oxuyar dağ ətəgində,
Bağın
dibində,
Sənin
əksini tapanda,
Bu əksi
basanda bağrına gizlin,
"Dilim!",
"Dilim!" deyən
Heyf
olmuşum, yazığım,
Gözəl
dilim,
Necə
bağrımda yandı,
Lap
külə döndü
- misraları ilə başlayan şeirin
yalnız 10 faizi farscadır.
Rza Bərahəni İranda Avropa tipli ədəbi tənqidin
banisidir və buna görə "İran ədəbi tənqidinin
atası" kimi tanınır. Eyni zamanda o, İranda
modern və postmodern ədəbiyyatın öncüllərindəndir.
Farsca yazan ədibin indiyədək 60-dan
çox kitabı (o cümlədən, 15 şeir kitabı) nəşr
olunub. Əsərləri ingilis, fransız, alman, rus, ərəb,
türk, ispan, isveç və s. dillərə tərcümə
edilib. İngiliscə orijinal əsərləri
də var.
Rza Bərahəninin
hekayə və şeirləri nüfuzlu antologiyalarda dünya ədəbiyyatının
Markes, Nabokov, Oktavio Paz, Nazim Hukmət, Borxes, Şimborska kimi
simaların əsərləri ilə birgə nəşr
olunub, "Nyu-York tayms", "Vaşinqton post",
"Mond", "Fiqaro", "Taym" kimi mətbuat
orqanlarında haqqında yazılar dərc edilib. Ədəbi fəaliyyətinə və insan
haqları sahəsində mübarizəsinə görə
çoxlu beynəlxalq mükafatlara layiq görülüb.
"Quşlar daha qorxmurlar" romanı Rüqəyyə
Kəbirinin işıq üzü görən
üçüncü romanıdır. Ruqəyyə
Kəbiri realist yazar və çoxlu rasional hekayələr
müəllifidir. Onun əsərlərini
oxuyarkən sanki oxucu real həyatda personajlar ilə birgə
yaşayır. Romandakı hadisələr
Xoy şəhərində Cənubi Azərbaycanın iki
önəmli tarixi dönəmində - 1945 və 1979-cu illərdə
baş verir. Roman Nilufər və Nərgiz
adlı iki fərqli nəsildən olan qadının həyat
hekayəsi üzərində qurulub. Milli hökumətin
quruluşu və hökumətin dağılmağından
sonrakı mühacirət məsələsi Nilufərin
yaşayışında iz buraxırsa, 1979-cu il
inqilabı, üstəlik inqilabdan asılı olan hadisələrdən
sonra ziyalıların və solçuların mühacirəti
də Nərgizin yaşayışında iz buraxır. Bu roman tarixi roman olmasa da, tarixi hadisələr Muxtar,
Nəriman, Xanağa və Səlman kimi obrazların
yaşayışlarını çək-çevir edir.
Qeyd edək
ki,son beş ildə Rüqəyyə Kəbirinin
"Evim" və "Yerdən uca torpaq" romanları,
"Ürəyim ağrıyır", "Bu qapı
heç çalınmayacaq", "İçimdəki
qız" və "Dünya qabar çalıb,
yoldaş" hekayə kitabları və Çin səfərindən
bəhs edən "Saçaqdan asılmış əjdəha"
adlı səfərnaməsi işıq üzü
görüb.
Rəsul Qədirinin ötən il ikicilddə
öykü (hekayə) toplusu çap olunub."Gul
axıtdı" adlı birinci kitab yazıçının
23, "Dılmanc" adlı ikinci kitabı isə 27
öyküsünü çevrələyir. Öykülərin
bir qismi xalq arasında yayılmış folkor örnəkləri
üzərində qurulub. Başqa qismi isə yazıçı
təxəyyülünün məhsuludur. Nəsr
nümunələrinin dili çox anlaşıqlı və
axıcıdır.
Cənub poeziyasında qabarma və çəkilmələr
həmişə ictimai gedişatla bağlı olub, Şimalda
və Türkiyədə nəzərə çarpan mətbuatın
siyasi rejimə tabe olması, dünyada gedən ədəbi
yeniliklər ədəbi prosesin üfüqlərini genişləndirib.
..."Cənub şeir dilinin Azərbaycan türkcəsində
tipik nümunəsi Əlirza Nabdil Oxtayın
yaradıcılıq dilidir. Oxtayın dili həm kamil ədəbiliyi
ilə səciyyələnir, həm də onda bilavasitə Cənub
nitq nümunələri əks olunur"
Akademik T.Hacıyev haqlı olaraq Türkiyə türkcəsini
yamsılayan müəlliflərə doğma dilin bitib-tükənməyən
poetik örnəklərindən uzaqlaşmağın
perspektivi olmadığını, Ə.Oxtayın
yaradıcılığı timsalında sübut edir. Onun aşağıdakı
Yağdı
yağışlar Eynal-Zeynalda,
İslanmış
dağın qızıl camından
Təbrizdə sellər ətəyə axdı.
Sonra bu
yellər çaylara gəlib,
Dağın
rəngini şəhərə yaxdı
misralarını misal gətirərək belə qənaətə gəlir
ki, "... bu dildə folklor-bayatı əhvallı canlı
xalq danışığı, siyasi-milli məzmun, gözəl
ədəbi Azərbaycan türkcəsi səlis gözəl,
harmonik şəkildə birləşmişdir. Oxtayı
fədailikdə ancaq Səttarxanla, vətənsevərlikdə
ancaq Səməd Behrəngi ilə müqayisə etmək
olar. O, şairləşmiş Səttarxandır,o şeirin Səttarxanıdır".
Tanınmış ədib Yəqub Nəimının
"Bu gecə yanacaq ay sənin üçün" adlı
birinci şeir kitabını ədəbi cameə maraqla
qarşılamışdır. Sevgi dolu incə duyğularla yüklənmiş
misralar şairin romantik dünyasından xəbər verir :
"Bu
gecə yanacaq ulduzlar,
bu gecə
mahnılanacaq ay sən üçün
bu gecə yelləndirəcək
saçlarını
dəniz
mənim üçün
dəsmalını vermə yelə saçlarından
asılmağa
- məhkum mən
gəl
bırlikdə mahnısında boğulaq ayın.
İmran Səlahinin şeirlərinin əsas fəlsəfəsini
müşahidə etdiyi həyati lövhələri təşkil
edir. Şair
hədəf-məqsədini aydın şəkildə oxucuya bəyan
etməyi bacarır:
Ayna
kımı parçalandıq, sınmadıq!
Daş
atanlar bilmədılər,
Parçalanmış
aynada bır aydan
min ay çıxar
Bır günəşdən min
günəş,
bir
ulduzdan min ulduz
Parçalandıq, ayna kimi
çoxalarıq,
çoxaldarıq
işığı
Güney Azərbaycan ədəbiyyatı daha çox
hansı ədəbiyyatın üstündə köklənib,
formalaşıb? Güney Azərbaycan ədəbiyyatına
bağımsız müstəqil demək olarmı
-sualları ətrafında "Ulduz" jurnalının noyabr
sayında debat olub. Cənubi Azərbaycan ədəbiyyatı
bağlı ədəbi müzakirədə cənublu
yazıçı Həmid Arğış, tərcüməçi
Yədulla Kənani və ədəbiyyatşünas, publisist
Pərvanə Məmmədli(moderator)
iştirak edirlər.
Yədulla
Kənani Güney Azərbaycan ədəbiyyatı müxtəlif
ədəbiyyatların təsiri altında
formalaşdığını, əski ədəbiyyatın əsasən
Qüzey Azərbaycan ədəbiyyatı, müasir ədəbiyyatın
isə daha çox Avropa və Latın Amerika ədəbiyyatı
üstə qurulduğu fikrini bildirib. Yəni hal-hazırda
Avropa və Latın Amerikası ədəbiyyatı bolluca fars dilnə tərcümə olunduğu
üçün, Güney Azərbaycan
yazıçıları bu tərcümələrdən
yararlanaraq ədəbiyyatı zənginləşdirirlər.
Əlbəttə Türkiyə ədəbiyyatının da təsiri
az deyil.
Hamid
Arğışın fikri isə bir az fəqrlidir.
Ona görə Güney Azərbaycan ədəbiyyatı
son illərəcən dünyanın kölgədə
qalmış ədəbiyyatlarından biri kimi
sayılmaqdaydı. Amma artıq bu ədəbiyyat
dünya çapının tanıtım aşamasına
keçmək üçün çaba ğöstərməkdədir.
Güney ədəbiyyatında hər bir yazar öz
yolunu gedir. Orada ortaya çıxan əsərlər dünya ədəbiyyatı
ilə ilgili yox, bəlkə də öz içlərindən
qaynayan bulaqdan yaranmış əsərlərdir.Yarın teli
və gül -bülbüldən yazmaqla ədəbi axın
yaranmır. Yazıçı da tarixini
bilməlidir, toplumu tanımalıdır, millətini
tanımayan bir yazıçı və şair heç zaman ədəbi
bir axın yarada bilməz. Azərbaycan
kültürü, hakim fars
kültürü çərçivəsində məhkum və
sürgün durumu yaşaması, xalqın toplumsal və mədəni
haqlarından məhrum olması, bütün ziyalıları
düşündürür.
Güneydə tarixən fədakar ziyalılar olub ki, bu ədəbiyyata
bacardıqca sahib çıxmağı özlərinə
borc biliblər, bu yükün ağırlığını
daşıyıblar. Bunu qəbul etməliyik ki, orada işlənən dil
siyası baxımdan ədəbiyyat dili deyil (həm də
hakim dil, fars dilidir). Və
üzə çıxan ədəbiyyat bir növ dəmyə
yerin məhsuludur. Necə deyərlər,
yağış yağdı, yağmadı elə məhsul
budur. Bu da varlığı, dili, ədəbiyyatı
qorumaq üçün bir mubarizədir.
Pərvanə Məmmədli
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.23.