Bölgələrdə ədəbi həyat
Azərbaycan ədəbi mühitində bölgə və Bakı ayrı-seçkiliyi olmadan yeni ədəbi-bədii nümunələr yaranır, kəmiyyət və keyfiyyətcə daha da böyüyür. Son illərdə şəhərləşmə prosesinin sürətlənməsi, insanların paytaxta sürətli axını və s. proseslər nəticəsində əsas ədəbi qüvvələr Bakıya yerləşsə də, hələ də bölgələrdə Musa Yaqub (İsmayıllı), Ramiz Qusarçaylı (Quba), Asim Yadigar (Naxçıvan), Bahadur Fərman (Gəncə), Qərib Mehdi (Gəncə), Meyxoş Abdulla (Cəlilabad), Vaqif Aslan (Şəki) kimi sənətkarlar yaşayır, yaradırlar. Ümumilikdə, bölgə ədəbi mühiti nümayəndələrini isə sayıb bitirə bilmərik. Təkcə onu xatırlatmaq kifayətdir ki, Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən çap olunan "Bölgələrdən səslər" kitabında 63 müəllifin, Şimal bölgəsi şairlərinin şeirlərindən seçmələrin toplandığı "Bir yanı Şahdağı, bir yanı Xəzər" kitabında 54 müəllifin şeirləri dərc edilmiş, elmlər doktoru Vaqif Yusiflinin 2017-ci ildə çap olunmuş "Bölgələrdə ədəbi həyat" kitabında 100-dən çox şair və yazıçı xatırlanmışdır.
Region, xüsusən, Şimal bölgəsi ədəbiyyatı haqqında araşdırma edərkən, belə bir fikir ortaya çıxır: "Bölgələrdə ədəbi həyat" adı 2017-ci il üçün həm də "Bölgələrdə poeziya" adı ilə əvəz oluna bilər. Çünki bölgə ədəbiyyatı hələ də nəzm çərçivələrini aşa bilmir, bədii yaradıcılığın digər istiqamətlərinə yönəlməkdə çətinlik çəkir...
Poeziyanın mövzu arealı haqqında danışmalıyıq. Ədəbiyyatın aparıcı mövzuları olan "Vətən", "Eşq", "Ailə" 2017-ci il üçün də aktuallığını qorumuşdur. "Vətən" mövzusu sadalananlar içində ən aktualdır. Xüsusən, 2016-cı il aprel döyüşlərindəki müzəffər qələbənin ədəbiyyata gəlişi və nəşri 2017-ci ilin ədəbi hadisəsidir:
Vətən darda olsa, əgər,
Qeyrətini mərdlər çəkər.
Hamı olsun igid əsgər,
Künc-bucağa qısılmasın,
Azərbaycan basılmasın!
Qüdrət
Minhacoğlu
Analar vərdişin dəyişər əlbət,
Daha corab deyil, kəfən toxuyar.
Boyunlar bükülü
qalacaq bu yaz,
Bu yaz bənövşələr şəhid qoxuyar.
Habil Rzanur
Çalındı
intiqam, zəfər nəğməsi,
Vətən əsgərinin ucaldı səsi.
Kəsildi
düşmənin mənfur nəfəsi,
Düşdü
vahiməyə bu səksəkədən,
Tutuldu atəşə Lələtəpədən.
Zakir Bayramlı
2015-ci
ilin ədəbi yekunlarına həsr olunmuş ədəbi
müşavirədə tənqidçi, filologiya elmləri
doktoru Akimova Elnarə yazır: "Araşdırma apararkən
milli poeziyamızda da rəşadətli ordu
simvolikasının əlamətlərini axtarmağa rəvac
verdim. Amma bu şeirlərdə dominant olan başqa xüsusiyyətlərlə
rastlaşdım: sevinc hissinin, məmnunluğun, "gözəl
gələcəklə" bağlı qurulan xəyalların
ifadəsi azalıb, "döyüşkən xalq"
obrazını göz yaşı tökən, gücsüzləşən
"məzlum xalq" obrazı əvəz edib".
Qələbə
və savaş əzmindən yoğrulmasa da, o taylı - bu
taylı Azərbaycan dərdini qələmə alan Ramiz Qusarçaylını bir daha
xatırlamalıyıq. 2017-ci ildə Cənubi
Azərbaycana olan səfəri zamanı müəllifin qələmə
aldığı şeirinə baxaq. Bu şeiri ilə
Ramiz Qusarçaylı bir növ "daha hecada gözəl
şeir yazılmır" deyənlərin də,
"bölgələrdə ədəbi həyat yoxdur"
söyləyənlərin də dodağının
üstünə barmağını qoyub "susun" deyir:
Gəl gəzək
Təbrizin küçələrini,
Gəzişək
qolbaqol, dolanbadolan...
Çəkək
gözümüzə gecələrini
Təbriz
pıçıldasın: - Xoş gəlib balam...
2017-ci ildə mətbuatda tez-tez imzası ilə
rastlaşdığımız şairə Xatirə Fərəclinin
yaradıcılığında da mövzuların
harmoniyasını, prozaikliyin mənəvi duyğularla
sintezini görürük. Onun "Tənha türk məzarına"
yazdığı şeir də dəfələrlə işlənmiş
bu mövzuya fərqli baxış və fərqli üslub gətirir...
Sumqayıt
ədəbi mühitinin Azərbaycan ədəbiyyatına
qazandırdığı dəyərli qələm sahiblərindən
olan Gülnarə Cəmaləddin təzadlı, bir-birinə əks
duyğuları, zaman etibarilə keçmişi və indini,
gözəlliyi və bunun qəsdinə duran aləmi şeirlərində
əks etdirir. Bizə məlum olan motivlərə
mürəciət edəndə mütləq sxemdən,
deyilmiş fikirlərdən mümkün qədər
uzaqlaşır. Vətəndən şeir yazanda Vətən
sevgisini şablona çevirmir, bu sevginin təzə
çalarını bizə təqdim edir...
Janrda və üslubda qeyri-adilik, yenilik
axtarışları 2017-ci ilin ədəbi həyatı
üçün daha çox sevgi şeirləri üzərindən
gerçəkləşdi.
Sumqayıt ədəbi mühitində gənc qələm
sahibləri bu cəhətdən fərqlənir. Sevinc Qəribin "Hardasa o
uzaqlarda" şeir kitabında oxuyuruq:
Qoltuq
ağaclarına söykənən
əlilin
ümidləri kimidi ümidlərim.
Hərdən
ölür, hərdən:
"Bir
gün mütləq yeriyəcəm" - deyir,
Yanır
gözlərimdə bir ulduz,
Ürəyimdə
bir qığılcım alışır,
Tutunuram həyata...
Sən qoltuq
ağaclarının
Verdiyi əzab
kimi
Ürəyimdə
qövr edən
Yaranın
üstünə basırsan
Ayrılığınla...
XXI əsr
Azərbaycan şeirində bu tip bənzətmələrlə
tez-tez rastlaşırıq. Məişət
dili və üslubu şeirə keçdikcə, şeir əsrlərdir
davam edən pafosundan uzaqlaşır, sadələşir, xəlqiləşir.
Amma bəzən şişirtmənin əndazədən
çıxması şeirin estetikasını alt-üst edir.
Bölgə ədəbiyyatında son illər Şəfa
Vəli imzası ilə də tez-tez rastlaşırıq. 2017-ci il
ədəbi hadisəsi olan "Poçtalyona məktub"
kitabının da əsasını sevgi şeirləri təşkil
edir:
Sevirdi deyə
səni
Ölçüsüz
"böyütmüşdü".
Qurduğu
evciyinin
"Adamı" düzəltmişdi.
Yıxmısan
dünyasını
O kür,
utancaq qızın.
Səni
görcək, ovcunda
Saçı "oyuncaq" qızın.
Sevgi mövzusunu ənənəvi qəlibindən
çıxararaq yeni poetik donda təqdim edən gənc
şairlərdən biri də Günel Eyvazlıdır. Günelin
lirik qəhrəmanı Leyli kimi şamlara, pərvanələrə
dərdini danışmır, sevginin onda buraxdığı
izləri tərənnüm edir. Günel Eyvazlı
"Mən sevəndə" şeirində yazır:
Mən
sevəndə məni tərk et,
Yəni dərk
et.
Unut, dərd
ver, intizar ver,
Məhəbbəti
yumaq elə
Toxumaqçün əllərə ver.
Mən
sevəndə dəymə mənə
Qoy ağlayım, qoy sızlayım.
Varlığında
yoxluğunu,
Yoxluğunda
varlığını
Tarazlayım.
Son illər ədəbi mühitdə imzası və
kitabları ilə özündən söz etdirən qələm
sahiblərindən biri də Emin Piridir. Emin Pirinin
2017-ci ildə çap olunmuş "Sağ qalan
varmı?" şeirlər kitabında oxuduğumuz şeirlər
də yenilik və fərqli ədəbi priyomlar
baxımından xüsusi diqqət çəkir.
Emin Pirinin şeirlərində lirik qəhrəman milli
obraz deyil, dünyəvidir. Bu qəhrəmanın
duyğuları təkcə sevgi ilə zəncirlənməyib,
həm də çoxcəhətli psixoloji ovqatın tərənnümünü
ehtiva edir.
Havası
alınmamış mətbəxin
Nəmlənmiş
divarları küncündə
Boyat çörək kimisən.
Nə
özüm yeyə bilərəm,
Nə də
bərəkətdi deyə
Çölə
ata bilmədiyim -
Sən!
Şeirlərinin kəmiyyət yükünün sevgi
mövzusunun üzərinə düşdüyü digər
şairə Aybəniz Əliyardır. Bu şeirlərdə
ayrılıqdan və həsrətdən doğan hisslər,
duyğular qələmə alınır, daha doğrusu, bir
sevginin tarixçəsi oxunur:
Həsrətin
üşüyür gecədən bəri,
Keçib boylanırsan şəhərə sarı.
Yenə nəfəsinə
od qatacaq, od,
Mənim şəhərimin gur işıqları.
Əllərin
yanacaq işıq selində,
Əllərim dağların qarı kimidir.
Mənim
xəyallarım sənin əlində,
Bir gülü qoxlayan arı kimidir.
***
Bölgələrdə ədəbi həyat həm pərakəndə,
həm də birlik halında nəzərə çarpır. Şimal regionunda Qubada
"Ay işığı" və "Gülüstan"
ədəbi məclisləri, Şabranda "Xaqani poeziya
evi", Sumqayıtda "Sumqayıt poeziya evi", "Əli
Kərim poeziya klubu", "Zərif qadınlar məclisi"
və digər ədəbi birliklər fəaliyyət göstərir.
Bundan əlavə, Azərbaycan
Yazıçılar Birliyinin müxtəlif rayonlarda bölmələri
fəaliyyət göstərir ki, bunlar da ədəbiyyatın
təmayülləşməsinə xidmət edir. Quba,
Şabran, Sumqayıtda fəaliyyət göstərən ədəbi
birliklərin 2017-ci il üçün fəaliyyət
istiqamətini aşağıdakı kimi ümumiləşdirə
bilərik:
1.
Sumqayıt "Poeziya evi"ndə "Qəlbdəki və
qələmdəki Qarabağ", eləcə də
"Şeir çələngi" kitablarının təqdimatı
keçirilmiş, Aida
Eyvazlı Göytürkün "Qalibiyyət - Şəhidlər
və Şahidlər", "Samir, Nazim , Elşən!"
kitablarının təqdimatı baş tutmuşdur. Jurnalist
Namiq Dəlidağlının "Otel otağından
reportaj" adlı yeni kitabının "İmza
günü", Nigar İsmayılqızının
"Bakıdan İstanbulacan və dönüş"
adlı kitabının təqdimat mərasimi, "Qazax
şeiri antologiyası"nın təqdimatı və imzalanma
mərasimi keçirilmişdir. Bu işlərin həyata
keçirilməsi Sumqayıt "Poeziya evi"nin
adı ilə bağlıdır.
2.
Şabranda şairə Qızqayıt Mahmudovanın "Burdan
yol başlanırdı" şeir kitabının, şair
Şərbətəli Mahmudovun "Yoldayam"
kitabının, "Şabran nəğmələri -
VIII" almanaxının, şair Nəcməddin Mürvətovun
"Şairdə sirr olmur" kitabının, şair Zakir
Bayramlının "Mən çağlayan bir
bulağam" şeirlər kitabının təqdimatları
keçirilmişdir.
Quba ədəbi mühiti haqqında daha ətraflı məlumat
vermək istəyirik.
1993-cü ildə Ramiz Qusarçaylının təşəbbüsü
və rəhbərliyi ilə Qubada "Ay
işığı" adında yeni bir ədəbi məclis
yaradıldı. Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Dəmirqapı
Dərbəndi təmsil edən
istedadlı qələm sahibləri bir işığa üz
tutdu, bu işığın içində bir əyalət tənhalığı,
ədəbi nigarançılıq və narahatlıq əriyib
yox oldu, mənəvi və əbədiyaşar sabahlara
ümidlə baxılmağa başlanıldı.
Bölgədə
yaşayıb yaratmış klassiklərlə birgə Dəmirqapı
Dərbəndin də Hüseynəli Xan Məhzun, Xəlil Dərbəndi,
Zərnigar Dərbəndi, Əhməd Dərbəndi, Niftullah
Dərbəndi, Məşhur Dərbəndi, Şikəstə
Dərbəndi, Bayat Abbas, Yusif Dərbəndi, Diləfruz Pəri,
Məhəmməd Tağı Qumru kimi ulu qələm sahibləri,
eyni zamanda Fəxrəddin Oruc Qəribsəs, Təhmiraz
İmamov, Şıx İbrahim Manafov, Əmirbəy
Çepivi, Elman Abbas, Düriyyə Rəhimova, Aşıq
Sakit, Natiq Seyidov və başqaları kimi müasir
dövrün söz ustalarının da əsərləri
"Ay işığı" ədəbi məclisinin
toplularında dərc olunur, respublika mətbuatında təbliğ
edilir. Bu il Qubanın "Ay
işığı" ədəbi məclisinin 25 və məclisin
rəhbərinin isə 60 yaşı tamam olur. Bu
münasibətlə "Ay işığı" ədəbi
məclisində yubileyə hazırlıq işləri gedir,
hazırda bölgə yazarlarının əsərlərindən
ibarət "Ay işığı-25" adlı almanaxı
çapa hazırlanır.
Bu gün
Qubadakı ədəbi mühit milli tərkibi müxtəlif
olan bir bölgədə böyük ədəbiyyata,
eləcə də dostluğa, qardaşlığa, ən
başlıcası isə bütöv Azərbaycanın
milli-mənəvi dəyərlərinin qorunmasına xidmət edir.
Bədii
tərcümə və ədəbiyyatşünaslıq:
Regionlarda ədəbi yaradıcılığın nəsr və
dramaturgiya qollarının zəif inkişafı kimi, tənqid
və ədəbiyyatşünaslıq işi də diqqətdən
yayınmışdır. Bir çox region
şairləri haqqında ön sözlər Bakıda görkəmli
alim və tədqiqatçılar tərəfindən
yazılmış, yaxud ciddi təhlildən uzaq şərhlər
verilmişdir. Burada da təəssüfedici bir məqam
ortaya çıxır: Region yazarlarının bir çoxu
haqqında yazan müəllif ilə daha çox
öyünür, bunun üçün də görkəmli
alimlərdən və peşəkar tənqidçilərdən
rəy almağa səy göstərirlər.
İbrahim İlyaslının "Sən eşqsən"
adlı tərcümə kitabı Sərvət Gürcan qələminin
məhsuludur.
Son illərdə şeir tərcüməsində
müsbət məqamlar artsa da, qəbul etmək
lazımdır ki, hələ ki şeir tərcüməmiz
yüksək səviyyədə deyil. Xüsusən,
türk dilindən edilən tərcümələr
yarımçıq tərcümələrdir. Amma
İbrahim İlyaslının tərcüməsində
şeirin ruhunu, məğzini aydın duymaq olur, şeir
orijinalı qədər təsir buraxır:
Bu il baharı sevdim.
Daha əvvəllər
fərqinə varmazdım baharın.
Qocalığın başlamağındandır yəqin.
Bu qədər stresini yaşamazdım rüzgarın.
Özləmini
duyaraq gözlədim
neçə həftə, neçə ay.
Bu il baharı sevdim.
Bölgələrdə ədəbi tənqid və ədəbiyyat
nəzəriyyəsinin öyrənilməsi prosesi də davam
etməkdədir. Son illərdə ali məktəblərin
regionlarda açılan filialları elmi tərəqqqini də
regionlara apara bilmişdir.
Nizami HÜSEYNOV
Ədəbiyyat qazeti.- 2018.- 2 iyun.-
S.22.