Poeziyada görünən uşaq
dünyası
Biri var uşaqlar haqqında yazılan şeirlər, bir
də var uşaqlar üçün yazılan şeirlər. Biz, adətən
uşaq poeziyası deyəndə həmişə uşaqlar
üçün yazılan şeirlərdən
danışırıq. Amma bu dəfə Qəşəm
Nəcəfzadənin saf, dünyaları, duyğuları,
düşüncələri təmiz olan varlıqlar
haqqında yazılmış bir şeiri ilə başlamaq istəyirəm:
Gəlin
düşək səngərdən, çəkilək bir az geri,
Qaldıraq səngərlərə balaca uşaqları.
Neçə
uşaqları var, qoy onlar da gətirsin,
Dayansınlar üz-üzə, açılsın
dodaqları.
...Düşmən
kəlməsi yoxdur uşaqların dilində,
Olsa-olsa, əllərin bir-birinə vurarlar.
Səngərlərin
içində, səngərlərin çölündə,
Lay-lay
deyib kuklalara
qəşəng
evcik qurarlar.
...Biz
öyrənə bilmədik dostluq dilini heç vaxt,
Gəlin
gedək öyrənək körpələrin dilini...
Uşaqların
ayağı torpağı bölə bilmir,
Necə ki eyni yağır yer üzünə
yağışlar.
Sülh
haqqında yazılmış iki gözəl misradı:
Bir
göy üzündə quşlar,
Bir də yerdə uşaqlar.
Müharibəyə, terrora, silaha, "düşmən"
sözünə belə yox deyən uşaqlar yer
üzünü sərhədlərə bölə bilmir. Onlar
ayrı-ayrı dillərdə danışsalar belə bir-birlərini
çox gözəl anlayırlar, çünki onlar sevginin,
paklığın dilində danışırlar bir-birləriylə.
Səməd
Vurğun "Balalarımız üçün gözəl əsərlər
yaradaq" adlı məqaləsində yazırdı: "...
məna gözəlliyinin əsas ruhu insana və təbiətə
qarşı məhəbbətdir. Uşaq
özü canlı olduğundan insan və təbiət
aşiqidir. Şeir və nəğmələrimiz,
hər şeydən əvvəl, təbiət və insan
gözəlliyini tərənnüm edərsə,
uşağın onlara qarşı meyil və həvəsi
çiçəklənər, o özü də insan
olmağı ilə fəxr edər. Siz
sual verə bilərsiniz ki, insanların hamısı gözəl
və yaxşı deyil ki? Bəs pis
adamlar, istismarçılar, qəsbkarlar, oğrular və
cibgirlər haqqında uşaqlara məlumat verilməsinmi?
Xeyr, tələsməyin! Uşaq həyatının
müəyyən dövrü gələcəkdir ki, o
özü həyatda gördüyü, eşitdiyi fənalıqlarla
maraqlanacaqdır. O zaman biz ona bu anlaqlar haqqında izahat
verərik". Böyük şair hər cəhdlə
uşaq dünyasını ətraf mühitin mənfi
informasiyasından, xoşagəlməz hadisələrin qara
dalğasından qorumağa, onların saf təbəssümlərinə
çevrələrinin zərər verməməsinə
çalışırdı.
Hər il olduğu kimi balalar üçün 2017-ci
ildə də xeyli şeirlər, nağıllar
yazıldı, dərgilər, kitablar, toplular çap olundu. Bir sözlə, uşaqların sağlıq və səhhətinin
qayğısına qalan böyüklər onların mənəvi
dünyasını da bəzəməyə
çalışdılar.
Firidun bəy
Köçərli adına Uşaq
kitabxanasında "Bərpa nəşrlər" adlı təqdirəlayiq
bir layihə həyata keçirlir. Belə ki, istər klassiklərin,
istərsə də sovet dövrü şair və
yazıçılarının uşaq kitabları yenidən
işlənməklə latın
qrafikası ilə çap olunur. 2017-ci ildə
Nigar Rəfibəylinin "Bir cüt xurma
ağacı"(ADN, 1965), İlyas Tapdığın "Bir
evim var"(Gənclik, 1971), Mikayıl Müşfiqin "Əhməd,
Güllü, Sara, Bəbir" (Gənclik, 1992), Xanımana Əlibəylinin
"Ağ çəmən" (ADN, 1963) və bir çox
başqa kitablar müasir tərtibatda yenidən
azyaşlıların ixtiyarına verilmişdir. Bu həm həmin müəlliflərin
yaradıcılığına ehtiram və qədrşünas
münasibət baxımından, həm də həmin irslə
yeni nəslin ünsiyyətini yaratmaq, təmin etmək
baxımından bəyənilən addımdır ki, bunun
davamlı olmasını azrulayırıq.
***
Bu ilki dərgilərdə
həm yeni imzalar, həm də Zahid Xəlil, Ələmdar
Quluzadə, Rafiq Yusifoğlu, Sevinc Nuruqızı, Qəşəm
Nəcəfzadə, İbrahim Yusifoğlu, Mina Rəşid
kimi tanış imzalar da göründü.
Sevinc
Nuruqızının ötən il əlifbanı öyrənirəm
seriyasından 6 kitabı- "A", "B", "C",
"Ç", "D", "E" hərflərinə
dair kitabları çap olundu. Burada müəllifin
yazıb oxumağı yeni öyrənən uşaqlar
üçün hər hərfə aid onların təfəkkürünü,
düşünmək və nitq qabiliyyətini unkişaf etdirən
tapmacalar, yanıltmaclar, kiçik şeir nümunələri
təqdim olunur. Uşaqlar üçün
demək olar hər janrda - hekayə, nağıl, pyes, poema,
operetta və liberetto mətnləri yazan müəllif
uşaqlar üçün şeir nümunələri də
çap etdirmişdir. Nəzmlə
yazılmış "Qış nağılı" isə
maraqlı süjet xəttinə malik olub, həm də ibrətamiz
səciyyə daşıyır.
Rafiq
Yusifoğlu hər il olduğu kimi bu ildə
yorulmadan çalışmış, balacalar üçün
iki şeir kitabı nəşr etdirmişdir. "Yağış,
çiçəklər və mən" kitabına iki dildə
- azərbaycan və ingilis dilində şeirlərini
toplamışdır. İkinci, "Bulud
fayton" adlanan kitabda isə şairin müxtəlif illərdə
yazdığı şeirləri verilmişdir. Kitab vətən, yurd- yuva, valideyin sevgisini, müxtəlif
təbiət lövhələrini əks etdirən şeirlərdən
ibarətdir. "Xoşbəxtdi, bəxtəvərdi,
dünya deyil özündə, o ayrı bir aləmdi
uşaqların gözündə" adlı bölmədə
isə daha maraqlı şeirlər təqdim olunur.
Rafiq
Yusifoğlunun şeirlərində balaca qəhrəmanların
hazırcavablığından, çoxbilənliyindən, bəzən
isə bilməməzliyindən doğan yumorlu məqamlar var
ki, bu mətnlərə bir qədər də rəng
qatmış olur:
İlk dəfə
dərsə getsəm də,
Bacarıram
oxumağı,
Bu
"A", bu "B", bu da "V" di,
Burda çətin nə var axı?
Bu nə hərfidir? - oğlandan,
Gah da ki, qızdan soruşur.
Bizim
müəllim heç nə bilmir,
Hər şeyi bizdən soruşur.
Yaxud ata ilə mübahisə edən uşaq - bir göz
yaxşı görür, ya iki? - deyə
soruşur. Atası - təbii ki, iki göz
yaxşı görür - deyir. Atayla razılaşmayan
balaca -
Ovçu
nişan alanda bəs
Niyə yumur bir gözünü?
- deyə onu çətin sual
qarşısında qoyur. Rafiq müəllimin
şeirlərində böyüklər tez-tez belə
stiuasiyaya düşür. Uşaqların
sualları qarşısında bəzən aciz qalır, bəzən
isə gülməli duruma düşürlər.
Kiçik poetik qəhrəman atasından
ağacların yarpağının niyə
saraldığını soruşur. Ata cavabında -
payız olduğuna görə - deyə cavab verir və
maraqlı sualla üz-üzə qalır.
- Ata, niyə
saralıb,
Ağacların yarpağı?
- Nə
var bunu bilməyə
Oğlum, payızdı axı?
Geyib
sarı donunu,
Yenə düzlər, yamaclar.
-
Payızın gəldiyini,
Hardan bilir ağaclar?
Müəllifin şeirlərində təbiət
maraqlı ifadə və ibarələrlə vəsf olunur. Günəş
"tanrı yandıran ocaq", "sarı çiçək",
"Dənizdən çıxır, ancaq üstündən
su süzülmür", "Günəş ana
işıqdı, planetlər pərvanə" kimi təsvir
olunur. Fəsillər isə şairin şeirlərində
Yazın
gözü dumanlıdı,
Yayın
gözündən od çıxır
Payızın
gözü nəmlidir,
Qışın
gözləri ağarıb
- kimi fərlqi biçimdə təsvir olunur.
Rafiq Yusifoğlu okeanın o tayında yaşayan nəvələri
ilə hər axşam görüntülü
danışır. Bu danışıqlardan bəhs edən
şeirlər həm maraqlı baba-nəvə
dialoqlarını əks etdirir, həm də vətəndən
kənarda yaşayan uşaqların doğma yurdun
ab-havasından uzaqlaşmamaq üçün bu ünsiyyətin
vacibliyini göstərmək baxımından diqqəti çəkir.
Uşaqlar ingiliscə danışsalar da azərbyacanca
gülürlər - deyən baba nəvələrinin uzaq ellərdə
yaşasalar da milli dəyərlərə, əxlaqi - mənəvi
keyfiyyətlərə sadiq qaldıqlarını göstərmək
istəmişdir.
Qəşəm
Nəcəfzadənin "Üç alma" nəşriyyatında
nəfis tərtibatda çapdan çıxan
"Çiçəkli xalça" şeirlər
kitabına müəllifin kiçik yaşlılar
üçün yazdığı bədii nümunələri
toplanmışdır. Qeyd edək ki, bu kitab Mədəniyyət
və Turizm Nazirliyinin Qızıl kəlmə
mükafatına layiq görülmüşdür. Bir
haşiyə çıxım ki, ümumiyyətlə, bu il də ötən illərdə olduğu kimi
yazılan və nəşr olunan şeir nümunələrinin
əksəriyyəti daha çox kiçik oxucular
üçün - (3-10 yaş arası uşaqlar
üçün) yazılmışdır. 10-15-yaş
arasında olanlar üçün yazılan şeirlərə
rast gəlinmir.
"Qaranquş"
jurnalı "Azərbaycanım", "Biləndər
uşaqlar", "Tariximizə səyahət", "Sən
olsaydın nə edərdin?" - kimi maraqlı rubrikalarla
yanaşı il boyu hər nömrədə uşaqlara
şeirlər də təqdim etmiş, Əlamdar Quluzadənin,
Nuranə Nurun, Qəşəm Nəcəfzadənin, Mina Rəşidin
şeirləri jurnalın səhifələrində yer
almışdır. Mina Rəşidin "Təzə
il arzuları" şeiri jurnaldakı maraqlı nümunələrdəndir.
Yeni ili, bəzəkli şam
ağacını, Qar qızı həsrətlə gözləyən
uşaqlar Şaxta babadan öz arzularını istəməyə
hazırlaşırlar. Kimi itən əlcəyini,
kimi oyuncaq, kimi səyahət Amma Şaxta babadan daha dəyərli
hədiyyə istəməyə hazırlaşanlar da var.
Sülh istəyənlər.
Təzə
ildə təptəzə
Arzular doğulacaq.
Təzə
ildə uşaqlar
Daha xoşbəxt olacaq.
Çünki
Şaxta babadan
Sülh istəyəcəm mən də.
Uşaqlar
ağlamasın
Dünyanın heç yerində.
Jurnalda
yer alan bədii nümunələrin birində
bahar fəslini təbiətin şah əsəri, may
ayını min bir rəng nümayiş etdirən
möcüzəli sərgi hesab edən Əlamdar Quluzadə
isə sevdiyi ayın sinəsinə çəkilmiş
dağı - Şuşanın işğal tarixini silməyi
arzulayır.
Murad Kənanoğlunun "Nağılın içində
yata bilmirəm" adlı kitabı da 2017-ci ildə çap
olunub. Buraya
kiçik müəllifin maraqlı deyimləri və az sayda şeirləri toplanıb. "Nənəmin danışdığı
nağılın içində yata bilmirəm" - deyən
kiçik şairin bu ovqatı oxucunu düşünməyə
vadar edir. Niyə bu kiçik lirik mən
"nağılın içində yata bilmir?" oxucunun bu
suala öz cavabları var...
Həmin kitabda şair-publisist Güləmail Muradın
şeirləri də verilmişdir.
Tankların
lüləsindən,
Qoy yellənçək asaq biz.
Göy
üzü təmiz olsun,
Nəğmələnsin qəlbimiz.
Silahları
əridin,
Düzəldin oyuncaqlar.
Bu
dünyada nə qədər,
Oyuncaqsız
uşaq var
- deyən Güləmail xanımın arzusu əslində
bütün anaların arzusudur və müharibəsiz, itkisiz
dünya istəyi 2017-ci ildə çap olunan uşaq
poeziyasının əsas mövzusu olmuşdur.
İbrahim Yusifoğlunun 2017-ci ildə çapdan
çıxmış "Göy yerə zəng eyləyir"
kitabında müəllifin balacalara məhəbbətlə təqdim
etdiyi şeirlər də maraqlı bədii nümunələrdir. Müəllif
öz şeirləri ilə dünyanı, təbiəti, həyatı
balacalara sevə-sevə öyrədir. İbrahim
müəllim bütün vətən balalarının
timsalında nəvələrinin əlindən tutub onları
mərdlik, qəhrəmanlıq, bütövlük simvolu olan Əlincə
qalasından başlamış elləri, obaları gəzdirir,
vətənin hər qarışındakı gözəlliyi
onlara təqdim edir, tanıdır. Sanki bütün var
olan, bəzən qan, can bahasına qorunan bu gözəllikləri,
maddi və mənəvi sərvətləri balaca nəsillərə
ərməğan və əmanət edir. Təbii
ki, sevimli babalarından ərməğan olaraq aldıqları
bu sərvətlər balacalar üçün misilsiz dəyər
anlamı daşıyacaq. Onlar bu misilsiz dəyərləri
yad nəfəslərdən, mənfur niyyətlərdən
qorumağa çalışacaqlar. Qoynunda neçə-neçə
əfsanələr gizləyən "Arpaçay",
haqqında dastanlar qoşulan Xan Araz, Gəmiqaya, Çilənçay,
Bülöv gölü, doğma Axura kəndinin "Dana
qalası", "Noxudlu düzü", "İydəli dərəsi"
adlanan məskənlər şairin
yaradıcılığında təkcə poetik vəsfini
tapan coğrafi məkan olmaqla qalmır, onların genetik
yaddaşdakı funksional obrazları da açıqlanır.
Müəllifin yaradıcılığına xas olan səmimilik
görünür, həm də onun məllimlik peşəsindən,
pedoqoji təcrübəsindən qaynaqlanır. Balacaların
dilini bilən, onlarla öz dilində danışan şair
çox sadə, həyati lövhələrlə onlarda
yüksək mənəvi keyfiyyətlər
aşılayır. Baba-nənə, nənə-nəvə,
baba-nəvə münasibətlərini əks etdirən bədii
nümunələr milli ailə modelini, ailədaxili münasibətləri
sərgiləmək baxımından da əhəmiyyətli səciyyə
daşıyırlar. Maraqlı sual-cavab
üzərində qurulan şeirlər dünyanı, ətraf
aləmi öyrənmək istəyən balacaya onu əhatə
edən çevrəsini tanıtmağa kömək edir.
İbrahim Yusifoğlunun şeirlərindəki səmimiyyət
özünü Aymir, İlkanə, Aysun, Aydan, İslam, Araz
kimi bir-birinə bənzəməyən qəhrəmanların
təqdimində də göstərir. Həyatda bir-birinə
bənzəməyən, biri bir qədər küsəyən,
bir qədər qoçaq, biri bir qədər
"gopçu", "çoxbilən", biri bir qədər
tənbəl olan bu poetik qəhrəmanlar şeirdə də
öz təbii görüntülərindədirlər. Bu
kiçik poetik qəhrəmanların bəzən sadəlövhlüyündən,
bəzən də hazırcavablıqlarından şairin
şeiri maraqlı poetik tapıntılar qazanır:
Babacan, ay
babacan,
Nənəmi də tez çağır.
Göydə
olan ulduzlar,
Qar olub yerə yağır.
***
Gör nə
vaxtdır yağış yağır,
Daha
yağır ağır-ağır,
Ata,
yağış yorulubdur,
Qoy dincəlsin, evə çağır.
***
Güllərə
bax, güllərə,
Gülər
baxır güllərə,
Deyir,
güllər gecədən
Yamanca
qorxubdular,
Doyunca
ağlayıblar,
Baxın,
göz yaşlarını,
Ləçəklər saxlayıblar.
Yazıq
çaydan dözməyib,
Hönkür-hönkür ağladı.
***
İradım
var söyüdə,
Baxmır
sözə, öyüdə,
Saçlarını
daramır,
Özünə
iv aramır.
Şair azyaşlılara təkcə vətəni sevməyi,
onu qorumağı öyrətmir, həm də yay tətilini
baba-nənəsinin yanında keçirməyə gələn
nəvələrə kənd həyatını, zəhmət
sevərliyi aşılayır, təbiəti, onun sirlərini
öyrədir.
Milli mətbəximizin ləziz təamlarından (qovut, əriştə,
küftə), neçə-neçə gül-çiçəkdən,dərdlər dərmanı olan otlardan, milli
oyunlardan bəhs edən şeirlər bəzilərinin hətta
unudulmaqda olan adlarını balacalara öyrədir.
Yəqin oxuculara kitabın adı ilə eyni olan
"Göy yerə zəng eyləyir" şeiri də
maraqlıdır. Göyün yerə zəngi necə ola
bilər? Bu da İbrahim müəllimin
kiçik poetik qəhrəmanlarından birinin - Aycanın
fantaziyasıdır. Yağışlı
gündür, ildırım çaxır, şimşək
hay-küy salır, hər uşaq bu təbiət hadisəsi haqqında
bir cür fikir söyləyir. Ən maraqlı şərh
isə Aycana məxsusdur: Göy yerə zəng eyləyir.
Kitabda maraqlı olan şeirlərdən biri
"Qorxu" adlanır. Övladlar atalarını həmişə
hamıdan güclü, əzəmətli, qorxmaz bilirlər.
Amma əslində ataların içində məhəbbətdən,
məsuliyyətdən doğan bir qorxu, bir təlaş da var.
Müəllifin qızlarına müraciətlə
yazdığı "Qorxu" şeirində dünyanın
sabahından nigaran olan, həyəcan keçirən şairin
valideyn narahatlığı, kövrəkliyi, atalıq məsuliyyəti
hiss olunur. Bunu övladlarına hiss etdirmədən gizlicə
içində yaşadan atanın etirafı:
Qorxuram,
yer üzündə yaşayan
xoxanlar,
xortdanlar,
ilanlar, əqrəblər,
bövlər,
alt
dodağı yer süpürən,
üst
dodağı göy süpürən divlər,
Barmaqlarını
düyməyə uzada;
Yağışlar
buludsuz yağa,
Dənizlər
tufansız coşa,
Çaylar
yağışsız daşa,
Ömürlük
yara vurula anamız torpağa!
Bu təşviş, valideyn nigaranlığı dünya
durduqca olacaq.
Amma arzu edək ki, övladlardan gizli içimizdə
yaşanan bu qorxu məmləkətimizdən də,
dünyamızdan da uzaq olsun. Dünyanı
körpə gülüşü, üşaq təbəssümü
bəzəsin. Balacalar baba, nənə
qayğıkeşliyi və nəvazişi ilə əhatələnsin.
Aygün
Bağırlı
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.24-25.