Bədii tərcümə - Mədəniyyətlərin
təması
Ədəbiyyatşünaslıq
elminin mühüm araşdırma obyektlərindən biri olan
bədii tərcümə problemi ədəbi-bədii
nümunələrin digər dillərə çevrilməsi
ilə yanaşı, daha geniş bir ədəbi mühitə
inteqrasiyası məsələsini araşdırır... Bəs
tərcümə işi Azərbaycanda 2017-ci ildə necə
inkişaf edir, hansı problemlərlə üzləşir,
ölkədə gedən tərcümə prosesini qənaətbəxş
hesab etmək olarmı?
Ədəbiyyatşünaslıq
elminin mühüm araşdırma obyektlərindən biri olan
bədii tərcümə problemi ədəbi-bədii
nümunələrin digər dillərə çevrilməsi
ilə yanaşı, daha geniş bir ədəbi mühitə
inteqrasiyası məsələsini araşdırır... Bəs
tərcümə işi Azərbaycanda 2017-ci ildə necə
inkişaf edir, hansı problemlərlə üzləşir,
ölkədə gedən tərcümə prosesini qənaətbəxş
hesab etmək olarmı? Tərcümə prosesi ölkəmizdə
cari ildə iki istiqamədə inkişaf etmişdir.
1.
Orijinaldan edilən tərcümələr;
2.
İkinci dil vasitəsilə edilən tərcümələr.
Bu il də
ikinci dildən tərcümə məsələsi
aktuallıq təşkil edir. Əsərlərin əksəriyyəti
rus, bəzən isə türk dili vasitəsi ilə həllini
tapır. Bədii tərcümələrin bəzən yeni
olmaması, hətta bəzilərinin sovet dövründə
ingilis, fransız, alman və rus ədəbiyyatlarından edilməsi
və nəşri məsələsi bu il də aktualdır.
Tərcümə
prosesinin inkişaf sxemi aşağıdakı kimi əksini
tapmışdır.
1.
Diplomatik əlaqələrin yaradılması
2. Milli ədəbiyyatların
qarşılıqlı təbliği
3. Bədii
tərcümələrin kitab şəklində nəşr
edilməsi
4. Mətbu
orqanlarında il ərzində dövrü olaraq çapı
2017-ci ildə
Avropa (əsasən ingilis, fransız, alman və italyan ədəbiyyatlarından),
Amerika və rus ədəbiyyatları nümənələrinin
tərcüməsinə üstünlük verilməsi
faktı ilə üzləşirik. Türkdilli xalqların, ərəb,
fars, yapon, çin və digər xalqların ədəbiyyat
nümunələrindən də tərcümələr yer
almaqdadır. Roman ədəbiyyatı ilə yanaşı,
dünya ədəbiyyatı nümayəndələrinin həyat
və yaradıçılığından səhifələr,
hekayələr, epistolyar ədəbiyyat nümunələri,
esselər, ədəbi-nəzəri və fəlsəfi fikirlər,
xatirələr, məktublar, çıxışlar geniş
yer tutur. Bu da ondan irəli gəlir ki, böyük həcmli əsərlərin
tərcüməsi daha çox zaman və səriştə tələb
edir və dövrü mətbuatlarda daha çox qısa məzmunlu,
dərin fəlsəfi, ədəbi-bədii və estetik məzmunlu
əsərlərin çapına üstünlük verilir.
Tərcümə
sahəsində böyük xidmətlər göstərən
təşkilatlardan biri Afaq Məsudun rəhbərlik etdiyi Azərbaycan
Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
işini müxtəlif istiqamətlərdə qurmuş, bir
sıra ölkələrlə mədəni-diplomatik əlaqələr
yaratmış, işgüzar görüşlər
keçirmiş və əhəmiyyətli nəticələr
əldə etmişdir.
Dünya
şöhrətli yazıçı Stiven Kinqin
"Seçilmiş əsərləri", XX əsr rus ədəbiyyatının
görkəmli nümayəndələri, eləcə də, Ədəbiyyat
üzrə Nobel mükafatı laureatı Kazuo
İşiquronun "O günlərdən qalanlar", Argentina
uşaq ədəbiyyatı nümayəndəsi Mariya Elena
Valşın "Dailan Kifki" adlı əsərləri
kitab halında nəşr edilmişdir.
Viktor
Jirmunskinin "Xalq qəhrəmanlıq eposu" kitabı isə
german-roman, rus və cənubi slavyan, Orta Asiya, həmçinin,
Azərbaycan xalqının dastan
yaradıcılığından bəhs edir. "Kitabi Dədə
Qorqud", "Koroğlu", "Alpamış",
Karel-fin dastanı "Kalevala" və digər dastanları
arasında müqayisəli elmi araşdırmaların yer
aldığı bu kitab dəyərli tədqiqat məxəzidir.
Ön söz akademik Muxtar İmanova, tərcümə
E.Başkeçidə aiddir.
Mərkəzdə,
həmçinin, ikicildlik "Dünya dramaturgiyası
antologiyası" işıq üzü görüb.
"Skapenin kələkləri" adlanan I cildi dilimizə
Xalq yazıçısı Elçin, "Lanqustun
gülüşü" adlanan II cildi isə
yazıçı-tərcüməçilər - Yaşar və
S.Budaqlı çevirib. Elçinin tərcüməsində
işıq üzü görən əsər
yazıçı psixologiyasının ifadəsi, ideya mahiyyətinin
ötürülməsi, bədii ifadəlilik baxımından
yüksək məqama sahibdir. Yazıçının
yüksək peşəkarlığı və üslubun
qorunub saxlanılması ən vacib və dəyərli amillərdəndir.
"Türkiyə
ədəbiyyatı antologiyası" (XIX-XXI əsrlər) və
Ukrayna poeziyasını əks etdirən "Kişi, qadın
və çətir" adlanan antologiyada (XX-XXI əsrlər)
isə bu ölkələrin ədəbi mənzərəsini
küll halında təqdim edir, bir çox tanınmış
ədiblərin əsərləri ilə baglı müfəssəl
təsəvvür yaranır.
Mərkəzin
mətbu orqanı olan "Xəzər" jurnalının
dörd sayı işıq üzü görüb. Jurnal
Poeziya, İntibah, Korifeylər, Memuar, Cağdaş dövr ədəbiyyatı,
Teatr, Ədəbi mozaika kimi müxtəlif bölmələrdən
ibarətdir. "Buker mükafatı laureatları" bölməsi
yeni əlavə olunmuşdur. Buradakı sistemlilik dünya ədəbiyyatının
müxtəlif inkişaf istiqamətləri ilə
tanış olmağa imkan yaradır, klassik və müasir
dövr ədəbiyyatinin müxtəlif məsələlərini
əhatə edir. Ədəbi nümunələrlə
yanaşı, görkəmli simaların həyat və
yaradıcılığını tədqiq etməkdə
böyük əhəmiyyət kəsb edən məktublar,
xatirələr, gündəliklərdən qeydlər tərcümə
olunmuşdur.
Səlim
Babullaoğlunun rəhbərliyi ilə Azərbaycan
Yazıçılar Birliyi Ədəbi Əlaqələr və
Bədii Tərcümə Mərkəzi də ədəbi əlaqələrin
genişlənməsi və bədii tərcümə sahəsində
əhəmiyyətli nəticələr əldə etmiş, mədəni-diplomatik
görüşlər keçirmiş, əməkdaşlıq
memorandumları imzalamış, qarşılıqlı ədəbi
əlaqələrin inkişafı istiqamətində ciddi
işlərə imza atılmış, "Dünya ədəbiyyatı"
dərgisinin İngiltərə və Moldova sayı
işıq üzü görmüşdür...
S.Hüseynlinin
tərcüməsində C.Barnsın "Aqibət
duyğusu" romanı və C.Yusiflinin tərcüməsində
Tomas Eliotun "Bəhrəsiz torpaq" poeması ayrıca
kitab halında nəşr olunmuşdur.
Ədəbi
əlaqələrinin inkişafı baxımından bu il mərkəz
möhtəşəm bir layihəyə -Moldova
Yazıçılar Birliyi ilə əməkdaşlıq
memorandumu imza atmışdır. Əməkdaşlıq
çərçivəsində görkəmli moldovan
şairi Arkadie Suçevyanunun "Qağayı ilə
göndərilən məktub" şeirlər toplusu nəşr
olundu. Kitab özünün orijinallığı ilə fərqlənir.
Bütün şeirlər, hətta titul səhifəsi, ön
söz və mündəricat paralel olaraq Azərbaycan və
Moldova dillərində təqdim olunmuşdur. Kitab Azərbaycanda
moldovaşünaslığın inkişafı və ədəbi
əlaqələrin araşdırma obyeki kimi dəyərli məxəzdir.
Tərcümələr S.Babullaoğlu və Q.Rüstəmova
aiddir.
Moldova ədəbiyyatının
tanınmış gənc yazarı İqor Volnitskinin "Mənə
ölməyi öyrət" romanı da ayrıca kitab
halında nəşr edildi. Romanı dilimizə A.Yaşar
çevirib.
"Dünya
ədəbiyyatı" dərgisinin "Moldova"
sayında isə 40-a yaxın müəllifin
yaradıcılığından nümunələr təqdim
olunub. Tərcümə prosesində S.Babullaoğlu,
A.Yaşar, S.Şahmursoy, E.Hüseynbəyli, C.Yusifli, Qismət,
H.Piriyev, Cavid, P.Zakirova Gülzar və digərləri
iştirak ediblər.
İran,
konkret desək, farsdilli İran ədəbiyyatına həsr
olunmuş "Dostun evi hardadır" poeziya antologiyasında
bir çox görkəmli şairin
yaradıcılığı əksini tapmışdır.
Otuz bir şair və 200-dən çox şeirin
toplandığı bu nəşr XX əsr İran ərazisindəki
farsdilli poeziyanın aynasına çevrilir. Orijinaldan
edilmiş tərcümələrin müəllifləri dəyərli
alim M.Məhəmmədi, M.Nuri, A.Tarverdiyev və Ə.Qərəculudur.
Tərcümə
fəaliyyəti ilə milli tərcümə sənətinə
öz töhfələrini verən daha bir dövri mətbuat
orqanı "Azərbaycan" jurnalıdır. Dərgidə
tərcümələrin keçən ilə nisbətən
azaldığını müşahidə etdik (yalnız 1, 5,
6, 9, 10. 11 sayları). 2016-ci il ərzində demək olar
jurnalın bütün saylarında təcümələr
mövcud idisə, bu il say və həcm baxımından kifayət
qədər geriləmə var. 2017-ci il nəşrlərində
Kurt Vonnequtun "Qonşu qapı" və "Gəzinti"
hekayəsi ingiliscədən S.Gültən, Oleq Omiqin (Sidorov)
"Tigin ağacı" hekayəsi M.İsmayıl, Rus ədibi
Yuri Serbakovun şeirləri S.Məmmədzadə, Vasili Belovun
hekayələr silsiləsi E.Hüseynbəyli, Arsen Titovun
"Zınqırovlu dəvə" hekayəsi və Andrey
Rastorquyevin "Portağal bağının xiyabanına"
şeiri K.Qoçaq, Misir yazıçısı Süheyr əl-Qalamavinin
"Alovlu məktub", Əlcəzair
yazıçısı Hənəfi bin İsanın "Əlcəzairli
Parisdə" hekayəsi X.Ələkbərli, Tatyana Sivesin
"Baki" haqqında poeması K.Arif tərfindən tərcümə
olunmuşdur.
Bu il
"Azərbaycan" jurnalında diqqətimizi cəlb edən
əsas tərcümə mətnlərindən biri Azərbaycanın
Macarıstandakı səfiri Vilayət Quliyevin macar ədəbiyyatı
klassiki Miksat Kalman yaradıcılığından
"Danışan kürk" povesti oldu. Klassik macar
yazıçısı kədərlə
gülüşü, reallıqla fantastikanı,
düşüncə ilə təsviri paralel şəkildə
verə bilən ədiblərdəndir. Pevosti təqdim etməzdən
əvvəl mütərcim, M.Kalman
yaradıcılığı haqqında "Miksat Kalman və
onun "Türk povesti" adlı məqaləsini təqdim
edir. Povest elə həmin ərəfədə "Qanun"
nəşriyyatında kitab şəklində də nəşr
etdirərək geniş oxucu kütləsinin ixtiyarına həvalə
etmişdi. Əsər orijinaldan deyil, türk dilindən tərcümə
olunmuşdur və eyni zamanda "Ədəbiyyat qəzeti"nə
də təqdim olunmuşdur.
"Ulduz"
jurnalı da tərcümə sahəsində bir çox
işlər görmüş, bədii ədəbiyyatla
yanaşı, ədəbiyyatşünaslığın müxtəlif
sahələrini əhatə edən aktual problemləri əhatə
etdirir. Fars ədəbiyyatından Füruğ Fərruxzadın
poeziyasını orijinaldan M.Nuri, ingilis ədəbiyyatından
Corc Oruellin "Tolstoy və Şekspir" komparativistik məzmunlu
əsəri X.Xatun, amerika şairi Qeri Şnayderin şeirləri
ingiliscədən R.Abbaslı, Türkiyə ədəbiyyatından
Həsən Özqılıncin şeirləri
O.Hacımusalı, Qazax ədəbiyyatından Maruana Həmzəqızı
"Sənsiz olmaq" A.Arifqızı, özbək publisist və
tərcüməçisi Sabit Mədəliyevin şeirləri
Ə.Qiyas, gürcü ədəbiyyatından Quri
Otabaianın şeirləri R.Hümmət, alman
yazıçısı Henrix Bölün "Mənim
bahalı ayağım" romanından parça
T.Eminoğlu, Mar Bayjiyevin "Səhv"əsəri N.Əbilova
və digərləri tərəfindən tərcümə
olunmuşdur.
2017-ci il ərzində
tərcümə sahəsində əhəmiyyətli işlər
görən mətbu orqanlarından biri də "Ədəbiyyat
qəzeti"dir. Əvvəlcədən qeyd edək ki,
keçən il rastlaşdığımız silsilə tərcümələr
bu il, ümumiyyətlə, yoxluq təşkil edir. Daha
çox qısa məzmunlu ədəbi nümunələr tərcümə
olunmuşdur. Qəzet bir qədər sistemləşdirilmiş
bir inkişaf xətti üzrə fəaliyyət göstərir.
Təkcə ədəbi nümunələr deyil, ədəbiyyatşünaslığın
elmi-nəzəri, ədəbi-estetik problemləri də əks
olunmuşdur. Sözsüz ki, bu cür yanaşma ədəbiyyatşünalıq
elminin və ədəbiyyatın daşıdığı məzmunu
daha dərindən anlamağa xidmət edir. Dünya ədəbiyyatı
problemlərinin bu şəkildə qəzetin müxtəlif
saylarında tərcümə olunaraq əks olunmasının
digər üstün cəhəti isə Azərbaycan ədəbiyyatşünaslıq
elminin bu irsdən zənginləşməsi və bəhrələnməsi
məsələsidir.
Keçən
il qəzetin başlatdığı "Ədəbiyyat
üzrə Nobel mükafatçıları" rubrikası
bu il də davam edir. Təqdim olunan bütün ədəbi
nümunələri elə rubrika rəhbəri Əyyub Qiyas tərcümə
etmişdir. Bütün əsərlər yalnız ikinci dil, yəni
rus dili vasitəsi ilə edilmişdir. Lakin buna baxmayaraq, tərcümələr
yüksək səviyyədədir və bu fakt tərcümənin
ümumi vəziyyətinə xələl gətirmir.
Qəzetdə
Türkiyə və türk ədəbiyyatı nümunələri
Dilsuz Mustafayev tərəfindən dilimizə
uyğunlaşdırılmışdır. Mütərcim
klassik və müasir türk poeziyasına müraciət
etmişdir.
Eyni zamanda,
qəzetdə ədəbiyyatşünaslığın nəzəri
problemləri haqqında da bir sıra tərcümələr
yer almışdır.
Cari ildə
"Qanun" nəşriyyatının fəaliyyəti də
diqqətdən kənarda qalmamalıdır. Klassik və
müasir dövr ədəbiyyatı nümunələri, o
cümlədən tanınmış, sevilən yazıçılarla
bərabər, hələ ədəbiyyatda yeni söz sahibi
olan gənc yazarların da əsərləri diqqəti cəlb
edir. Nəşrlər arasında hətta sovet dövründən
qalan tərcümələr də mövcuddur.
Tərcümə
yaradıcılığına hörmətlə
yanaşdığımız peşəkar tərcüməçilər
Vilayət Haciyev və Cəmşid Cəmşidovun
adlarını xüsusilə qeyd etməyi lazım bilirik. Tərcümə
prosesində ən incə məqamları belə diqqətdən
qaçırmayan mütərcimlər bu günün tərcümə
məktəbini yaratmaqla bərabər, dost xalqlar arasında ədəbi
əlaqələrinin inkişafında və genişlənməsində
əvəzsiz xidmətlər göstərir, fəaliyyətləri
ilə bu sənətin ən yüksək zirvələrini fəth
edirlər. Hər iki mütərcimin tərcümələri
"Ədəbiyyat qəzeti"ndə, "Ulduz" və
"Azərbaycan" jurnallarında, "Xəzər" bədii
tərcümə dərgisində və xüsusilə də
kitab halında uzun illərdir ki, çap olunmaqdadır.
Geniş
və peşəkar tərcümə fəaliyyəti ilə
dünya ədəbiyyatı nümunələrini dilimizə
çevirən daha bir mütərcim AMEA Ədəbiyyat
İnstitutun əməkdaşı, f.e.d. Cavanşir Yusiflidir.
Peşəkar tərcümə fəaliyyətinin kifayət qədər
uğurlu və geniş olmasını nəzərə alaraq
onun tərcümə irsinin artıq bir tədqiqat obyekti kimi dəyərləndirilməsinin
zamanı gəldiyini desək, yəqin ki, yanılmarıq.
İngilis və fransız dillərində orijinal mətnlərlə
işləyir, hər iki dildən etdiyi tərcümələr
bu sənətin yüksək standartlarına cavab verir.
AMEA Nizami
Gəncəvi adına Ədəbiyyat İnstitutunun 12 may
2017-ci il tarixli, 6 saylı iclasının qərarı ilə
"Plyus bədii yaradıcılıq" ədəbi
almanaxı çap edilmişdir. Almanaxın çapı
institutun direktoru, akademik İsa Həbibbəylinin xüsusi təşəbbüsü
və təşkilatçılığı ilə əsəyə
gəlmişdir. Kitabda institutun əməkdaşları R.Nəbioğlu,
N.Cabbarlı, İ.Həmidov, C.Yusifli, X.Zairova, E.Babayeva,
A.Paşayevanının ingilis, faransız, ərəb,
türk ədəbiyyatlarından orijinal tərcümələri
əksini tapmışdır. Məcmuədə R.Nəbioğlunun
C.Q.Bayron yaradıçılığından tərcümə
etdiyi "Ayrılıb gedəndə biz" "When we two
parted" şeirinin tərcüməsi zamanı Bayronun incə
ruhunu oxucuya çatdırmaqla yanaşı orijinala sadiq qala
bilmiş, qafiyə sisteminə xələl gətirməmişdir.
Azərbaycan
gerçəkliklərinin dünya ictimaiyyətinə
çatdırılması məsələsində Tərcümə
Mərkəzi Azərbaycan tarixinin və milli faciələrimizin
ifadəsi baxımından çox işlər
görülmüşdür. "Azərbaycan xalqının
tarixi və ya "tərcümeyi-halı" kitabı ərəb
dilində işıq üzü görüb. Kitabın müəllifi
- Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi
üzvü Nizami Cəfərov, ərəb dilinə tərcüməsinin
müəllifi Misir Ərəb Respublikasının Azərbaycandakı
səfirliyinin Mədəniyyət məsələləri
üzrə attaşesi, filologiya üzrə fəlsəfə
doktoru Əhməd Sami Elaydidir. Digər bir kitab "Azərbaycana
qarşı Sumqayıt təxribatı"adlanır. 1988-ci
ildə Eduard Qriqoryanın rəhbərliyi altında baş
verən təxribat hadisələri tarixi faktlar, dəlillər
və sübutlar əsasında təsdiqini tapır.
Bolqarıstanın
paytaxtı Sofiyada işıq üzü görən kitab AMEA,
Azərbaycanın Bolqarıstandakı səfirliyi və Sofiya
Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin
birgə təşkilatçılığı ilə
görkəmli Avstriya tarixçisi, alim və
yazıçı Erix Fayqlın "İpək Yolu üzərində
Odlar yurdu - Azərbaycan tarixi" adlanır. Kitabı bolqar
dilinə Bolqarıstanın Ehtiyatda olan Zabitlər və
Serjantlar İttifaqının üzvü, polkovnik Todor Enev tərcümə
etmişdir. Tərcüməçi bu nəşrdə ermənilərin
Qafqaza köçürülməsinin faktlarla sübut
olunduğunu, onların törətdiyi cinayətlərin
oxucuya təqdim edildiyini söyləyib.
Klassik və
müasir ədəbiyyatımızın bir sıra görkəmli
nümayəndələrinin əsərləri ingilis,
fransız, alman, bolqar, rus, ispan, polyak və digər dillərə
tərcümə edilərək nəşr edilmiş və
müxtəlif ölkələrdə təqdimat mərasimləri
keçirilmişdir. Azərbaycan ədəbi xəzinəsinin
ən dəyərli gövhəri dahi Nizaminin dünya dillərinə
tərcüməsi məsələsi hər zaman diqqət mərkəzində
saxlanılır. Cari ildə Braziliya Milli Konqresində ədibin
portuqal dilinə tərcümə edilmiş aforizmlərindən
ibarət "Zaman üzərindən bir körpü"
adlı kitabın təqdimetmə mərasimi
keçirilmişdir. Nəvai adına Özbəkistan Milli
Kitabxanasında özbək şair-tərcüməçi
Olimcan Buriyevin Özbək dilinə tərcümə
olunmuş "Xəmsə" əsərinin təqdimat mərasimi
keçirilib. Qeyd edək ki, ilk dəfə olaraq şairin
"Xəmsə"si özbək dilində bütöv
halda tərcümə edilərək nəşr edilmişdir.
Oksford Universitetinin Nizami Gəncəvi adına Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzinin şərqşünas-alimi
Yevgeni Bertelsin (1890-1957) "Böyük Azərbaycan şairi
Nizami" ("The Great Azerbaijani Poet, Nizami") adlı
kitabının da ingilis dilinə ilk akademik tərcümənin
təqdimat mərasimi keçirilib.
Görkəmli
yazıçısı Mir Cəlal Paşayevin ingilis dilində
qısa hekayələrindən ibarət olan kitabı Azərbaycanın
Los-Ancelesdəki Baş Konsulluğunun təşkilatçılığı
ilə keçirilən tədbirdə təqdim edilib. ADA
Universiteti tərəfindən bu il nəşr edilən
kitabın ilk təqdimatı ABŞ-da keçirilmiş və
qısa hekayələrdən ibarət kitabın redaktoru Betti
Bleyerdir. Təqdimatda amerikalı aktyorlar M.Ceykobson, K.Gerla və
K.Agilanın təqdimatında yazıçının
"Anket Anketov", "İclas qurusu" və
"Söyüd kölgəsi" hekayələri
nümayiş etdirilib.
Cari ilin
daha bir uğurlu layihəsi Kolumbiya Respublikasının Azərbaycandakı
Səfirliyinin və Tərcümə Mərkəzinin birgə
əməkdaşlığının nəticəsi kimi ərsəyə
gətirdiyi Azərbaycan və Kolumbiya şeiri antologiyası -
"İyirmi şeir" kitabıdır. Şeirləri ispan
dilinə R.Həsənova, Azərbaycan dilinə isə E.Ələsgərov
tərcümə edib.
Gürcüstanda
işıq üzü görən "Müasir Azərbaycan
nəsr antologiyası" milli ədəbiyyatımızın
tanıdılmasına və tədqiq olunmasına xidmər
edir və müasir milli ədəbiyyatın ümumi mənzərəsini
əks etdirir. Kitabın tərcüməçisi - Misir Mədəniyyət
və Təhsil Əlaqələri Mərkəzinin direktoru,
Misir Ərəb Respublikasının Azərbaycandakı səfirliyinin
mədəniyyət məsələləri üzrə
attaşesi, doktor Əhməd Sami Elaydidir), "Müasir Azərbaycan
ədəbiyyatı" kitabı da Bolqarıstanda - Sofiyada
bolqar dilində "Bclqarski pisatel" nəşriyyatında
işıq üzü görüb. Tərcüməçilər
bolqar şair və yazıçıları B.Angelov, N.Popova,
İ.Yesenski, D.Xristov, İ.Nikolovadır. Azərbaycan poeziya
antologiyası Ukraynada "Küləklə göndərilən
məktublar" adı altında nəşr olunmuşdur.
Cari ildə
xalq yazıçısı Anarın əsərləri -
"Dantenin yubileyi" və "Otel otağı" ingilis
dilinə tərcümə edilmiş və iki cilddə nəşr
edilmiş, "Azerbaijan International" jurnalının təşəbbüsü
ilə ABŞ-da təqdimat mərasimi keçirilmişdir. Tərcüməçilər
J.Qəribovaya, S.Seyidova və A.Hüseynova, tərtibçisi
və redaktoru "Azerbaijan International" jurnalının
baş redaktoru Betti Bleyerdir. Digər kitab ərəb dilində
işıq üzü görmüşdür. Xalq şairi
Vaqif Səmədoğlunun "Bir gün təbəssüm
olmuşdum" kitabı Parisdə fransız, xalq
yazıçısı Elçinin "Baş" romanı
Moskvada rus, ikicildliyi Özbəkistanda özbək, Vaqif
Sultanlının "Ölüm yuxusu" kitabı Özbəkistanda
özbək (tərcümə R.Cabbarov), "Kor
düyün" (A Blind Tie. Selected Works) adlı kitabı
ABŞ-da ingilis (tərcümə C.Abbasov, redaktoru M.Brannok),
"İnsan dənizi" romanı Almaniyada alman ("Das
Menschenmeer") Fərid Hüseynin "Kəpənək dərsi"
("Studying a butterfly") kitabı Amerikada ingilis dillərində
(tərcümə C.Yusifli, redaktor şair Gjeke Marinajdır) nəşr
olunmuşdur.
2017-ci il ərzində
ölkədə gedən tərcümə prosesinə ətraflı
nəzər salaraq aşağıdaki nəticələrə
gəlmək olar. Cari ildə kifayət qədər tərcümə
əsəri müxtəlif mətbu orqanlarında və nəşriyyatlarda
işıq üzü görmüşdür. Orijinaldan tərcümə
problemi hələ də mövcuddur. Tərcümə mütəxəssislərinin
mövcud olduğu bir zamanda hələ də ikinci dildən tərcümə
məsələsi bir qədər təəssüf
doğurur.
Mərcan Sofiyeva
Ədəbiyyat qəzeti.- 2018.- 2 iyun.- S.28-29.