Klassik ədəbiyyatın həqiqi varisləri
Hələ qədimlərdən əcdadlarımız
sözə böyük qiymət vermiş, onu inci və qiymətli
daş-qaşla müqayisə etmiş, hətta sözün dəyərini
müəyyənləşdirməyə uyğun məfhum
tapa bilməmişlər. Hz.Məhəmməd
ona vəhy olunan Allah kəlamını sözlə bəyan
etmiş, Qorqud Ata da öz müdrik düşüncələrini
oğuz ellərinə sözlə söyləmişdir.
Şairlər, yazarlar, alimlər, filosoflar öz
duyğu və düşüncələrini sözlə
çatdırmış, bəşəriyyətin elmi və
mədəni uğurları da sözlə nəsildən-nəsilə
ötürülmüşdür. Söz
keçmişimizi yaşadaraq bugünə çatdıran və
bugünümüzlə gələcəyimiz arasında
ünsiyyət yaradan qasid, həblül-mətindir. Sözün məqam və dərəcəsi bəzən
qılıncdan üstün sayılmış,
qılıncın həll edə bilmədiyi
müşkülü söz həll etmişdir. Bu səbəbdən "Qılınc yarası
sağalar, söz yarası sağalmaz", söyləmişlər.
Elə bir klassik ədib və şair yoxdur ki,
sözün yaratdığı hünərdən, sənət
möcüzəsindən bəhs etməmiş olsun.
Nizami, Xaqani, Şeyx Mahmud Şəbüstəri, Nəsimi,
Qazı Bürhanəddin, Xətai, Füzuli, Nəbati,
Aşıq Ələsgər kimi söz ustadları
sözün məqam və dərəcəsini hər bir
hünərdən üstün tutmuşlar. Klassik
şeirdə hər sözün özünəməxsus yeri
vardır və Azərbaycan mədəniyyətində, daha
doğrusu, ərəb-müsəlman mədəniyyətində
söz sənəti özəllikləri ilə seçilir.
Bədii sözün dəyəri isə hər
şeydən öncə onun məcazlaşmış gizli
qatlarında ifadə olunur. Uzun bir inkişaf yolu
keçmiş söz sənətinin gizli qatlarının incəlik
və əhəmiyyəti Aşıq Ələsgər
yaradıcılığında belə önəmini klassik
ruha uyğun tərzdə saxlaya bilmişdir:
Danışdığı
sözün qiymətin bilə,
Kəlməsindən
ləlü-gövhər süzülə,
Məcazi
danışa, məcazi gülə,
Tamam sözü müəmmalı gərəkdir.
Quran duaları da sözlə bəyan edilir. Peyğəmbərimiz
Haqqın möcüzəli kəlamını, Füzulinin təbiri
ilə desək, "yoxdan var olan" və "qeyb pərdəsindən
üzünü göstərən" sözlə təbliğ
etmişdir.
Cavid əfəndi
bunu belə ifadə edir:
Haqqı
təbliğ üçün sənin ancaq
Rəhbərin
sənəti-kəlam olacaq...
Söz, dil vahidi olaraq, bir böyük lüğət və
sözlük daxilində məhdudlaşsa belə, bədii
söz özünün kinayəli, mübaliğəli,
müəmmalı və ümumən məcazlaşdırılmış
qatlarının açıqlanması və şair
üslubunun özünəməxsusluğu baxımından
intihasız sayıla bilər. Sözün əsl mənasında
intihasızlıq isə "Qurani-Kərim"in kəlamına
məxsusdur.
Ədəbiyyatın daşıyıcısı olan
söz öz zəngin məna tutumu ilə seçilərək
Azərbaycan ədəbiyyatının təməl sütunu və
əsas ölçü meyarı kimi çıxış
edir. Bu ədəbiyyatın
tədqiqatçısı olmaq, ona sahib çıxmaq, sahiblənmək,
əsrlərin, qərinələrin müəyyən ziddiyyətli
məqamlarından keçən ədəbiyyatı
dövrü, mühiti, yaşam, yazılma dönəmi və
nəbzinə uyğun tərzdə qoruyub hifz etmək
üçün əsl alim, kamil insan, xalqına, doğma Azərbaycanına,
onun mədəniyyət və ədəbiyyatına
bağlı olmaq ən vacib və ümdə şərtlərdəndir.
Sözün həqiqi mənasında alim adına
layiq olan insan əsərləri ilə, qoyduğu ədəbi
irslə zamanın hüdudlarını aşaraq, əbədi
şəkildə yaddaşlara həkk olunur. Təsadüfi
deyil ki, Şərqdə alimə, biliyə həmişə
yüksək qiymət verilmiş və insanın ən
böyük fəziləti elm sayılmışdır. Hətta hədislərdə alimlər peyğəmbərin
varisi kimi dəyərləndiriliblər. "Qurani-Kərim"də
isə elmli adamların digərindən
üstünlüyü belə vurğulanmışdır.
"Alim öldü, aləm öldü"
ifadəsi heç də boş yerdən
yaranmamışdır.
Klassik ədəbiyyat nümayəndələrinin, o
cümlədən, Məhəmməd Füzulinin varisi olmaq,
alimin yalnız məsuliyyətinə bağlı deyildir. Mütləq və mütləq
ərəb və ya fars dilini, əski ərəb əlifbasını,
İslam mədəniyyətini, kitab və ağla söykənərək,
insanı ən yüksək mövqeyə çatdırmaq
üçün lazımlı qayda və əsasları,
vicdan, vəzifə, xeyir və şər, fəzilət kimi əsas
anlayışları özündə ehtiva edən əxlaqı,
"Qurani-Kərim"i, onun ecazkar bəlağət düzənini
və məzmun tutumunu, şairin bilik dairəsini, mühitini,
müasirlərini və onun xələflərinə təsir
şəklini bilmək, ən azından xəbərdar olmaq
lazımdır.
Azərbaycan klassik ədəbiyyatı zamanın müəyyən
kəsişmələrində təzyiqə məruz
qalmış, məşəqqətli yol keçmişdir. Bu baxımdan da, klassik ədəbiyyata
sahiblənmək hər kəsə müyəssər ola bilməz.
Mənbələrdən
bəlli olduğu kimi, qədim zamanlardan başlayaraq, XIX əsrin
sonlarına qədər, hətta XX əsrdə belə Azərbaycan
şairlərinin yaradıcılığında Şərq
poeziyasının bədiiyyatı öz əksini
tapmış, incə olduğu qədər də mürəkkəb
olan poetik kateqoriyalar bədii düşüncənin
özülünü təşkil etmişdir.
XVIII əsrin sonu, əsasən isə, XIX əsrin əvvəllərindən
etibarən Azərbaycan xalqının ədəbi prosesində
böyük dönüş başlanır. Dövrün
tələbi ilə sadə, yeni məzmunlu
yaradıcılıq axınına uyğun poeziya yaranır.
Amma ədəbi prosesdə gedən yeniləşmə
və sadələşmə heç də klassik ənənələri
inkar etmir. M.F.Axundovdan tutmuş XX əsrin
nəhəng simalarından biri olan Hüseyn Cavidə qədər
Azərbaycanın bütün tanınmış söz
ustadları klassik ənənədən bəhrələnərək,
bu və ya digər şəkildə söz səltənətinə
əsrin nəfəsinə uyğun yeni həyat vermişlər.
Yeri gəlmişkən onu da qeyd edim ki,
Hüseyn Cavid əksər hallarda, klassik ənənəyə
sadiq qalmışdır.
XIX əsrin 30-cu illərindən başlayaraq, əski əlifbanın
dəyişməsiylə əlaqədar olaraq Azərbaycan
poetikasının klassik ənənələrinin bir qismi,
xüsusilə əlifbanın özəlliklərindən irəli
gələn sənətkarlıq "formalizm" adı
altında unudulub. Beləliklə də, Orta əsrlər
elm, tarix və mədəniyyət kateqoriyaları əsl zəminindən
qoparılmaqla yabancı qəliblərə salınır.
Azərbaycan ədəbiyyatşünaslığı,
xüsusilə klassik poetika və ədəbiyyat nəzəriyyəsi
bir sıra tədqiqatlarda öz kökündən
ayrılmış və ya ikili bucaqdan tədqiq edilmişdir.
Bu dövr şairlərinin əsərlərinin
öyrənilməsində rus-Avropa sistemi geniş vüsət
alır. Elə buna görədir ki, Azərbaycan
xalqının bədii-estetik fikir, mədəniyyət
tarixini, ümumən tariximizi öyrənərkən müəyyən
çətinliklərlə üzləşilib, zamanın
müəyyən səbəblərindən yaranmış
olan boşluqlar özünü göstərib. Ancaq bu heç də o demək deyildir ki, Azərbaycan
ədəbiyyatşünaslığını inkişaf etdirərkən
başqa sistemlərdən yararlana bilmərik. Bu sistemlərdən müxtəlif ədəbi təhlil
üsulları və metodları, nəzəri konsepsiya və
yanaşma meyilləri, ayrı-ayrı ədəbi məktəb
və sistemləri tədqiq edərkən istifadə edilə
bilər. Milli ədəbiyyatlara gəlincə,
onların istər ədəbi növləri, istərsə də
bədii-üslubi ifadə üsulları və poetik
quruluşun özünəməxsus xüsusiyyətləri
qorunub saxlanılmalıdır.
Deməli,
ədəbiyyatşünaslıqda təhlil zamanı iki cəhəti
ayırd etməliyik:
1.
Ümumi, müştərək və oxşar nəzəri əsaslar,
tipoloji yaxınlıqlar.
2.
Milli-yerli ənənələr və mənsub olduğu ədəbi-poetik
sistemə xas özəlliklər və kateqoriyalar.
Söhbət, məhz hər ədəbi əsərin
öz milli zəmini və nəzəri kökləri əsasında
öyrənilməsindən gedir.
Məqalənin
bu məqamında sovet dönəmində Azərbaycan klassik ədəbiyyatının
öyrənilməsi və nəşrində, zamanın
fövqündə duraraq, çox işlər
görmüş alimlərimizin adlarını fəxarətlə
qeyd etmək istərdim: Həmid Araslı, Məmməd Arif,
Mirzağa Quluzadə, Mir Cəlal Paşayev, Məmməd Cəfər,
Əziz Mirəhmədov, Pənah Xəlilov və
başqaları. Ruhları şad olsun!!!
Bu məqalədə
hələ məktəb illərindən əsərlərini,
xüsusən Füzuli ilə bağlı tədqiqatlarını
sevə-sevə izlədiyim üç müəllif,
üç tanınmış alim, Azərbaycan ədəbiyyatında
tədqiqatları ilə seçilən, ədəbiyyat
tariximizdə silinməz izlər qoymuş Həmid Araslı,
Mirzağa Quluzadə və Mir Cəlal Paşayevdən söz
açmaq istərdim. Mən bir mütəxəssis
olaraq, Şərq nəzəri sistemi, Füzuli sənətkarlığı
ilə daha çox məşğul olmuşam, bu anlamda hələ
Mir Cəlal Paşayevin 1940-cı ildə yazmış
olduğu "Füzulinin poetik xüsusiyyətləri"
kitabının pərəstişkarıyam. Bu gün klassik ədəbiyyatda sənətkarlığın,
poetik xüsusiyyətlərin sırf yarandığı zəmin
əsasında öyrənilməməsi mənim
ağrılı-acılı, yaralı yerimdir. Buna görə də Mir Cəlal Paşayevin əsəri
ilə bağlı fikirlərimi məqalənin sonuna
saxlayıram.
Söhbətimə isə Allahın "Əsmaul-hüsna"
adlarından biri ilə dünyaya göz açmış Həmid
Araslıdan başlamağımın səbəbi onun Məhəmməd
Füzuli irsi ilə bağlı beşcildliyi tərtib edib,
elm aləminə çıxarmasına bağlıdır. Yeri gəlmişkən,
haqqında söz açdığım alimlərin elmi fəaliyyətlərinin
bir-birilə sıx şəkildə
bağlılığını da qeyd etmək istərdim.
Mir Cəlal Paşayev istər 1944, istərsə
də 1958-ci illərdə Füzulinin azərbaycanca-türkçə
divanının Həmid Araslı tərəfindən tərtib
olunmuş elmi-tənqidi mətninə "Ön söz"
yazmışdır. Xoşagələn hal
ondan ibarətdir ki, bu alimlər bir-birinə dəstək
olmaqla, şöhrətlənmə məqsədinə deyil, tədqiq
etdikləri ədəbiyyatın bütöv bir şəkildə
üzə çıxmasına xidmət etmişlər.
Həmid Araslının digər elmi fəaliyyətlərini
sadalamasaq, 1958-ci ildə işıq üzü
görmüş "Böyük Azərbaycan şairi
Füzuli" kitabını qeyd etməsək belə, onun tərtib
etdiyi beşcildlik "Məhəmməd Füzuli. Əsərləri" ədəbiyyatımıza və
Füzuli irsinin öyrənilməsinə əvəzsiz xidmətdir.
Həmid Araslının bu böyük xidmətini Ali Nihad Tərlanın
sözləri ilə təsdiqləyək: "Edebiyyat tarihi
evvela metinler tarihidir. Metnin bize verdiyi şey sanatkarın
iç alemidir."
Füzuli
dünyasının öyrənilməsi və ya şairin
öz sözləri ilə desək, /Seyti-fəsahət ilə
sözüm tutdu aləmi.../ onun fəsahətli
sözünün, zəngin xəzinə qapısının
açılması Həmid Araslı adına
bağlıdır.
Yeri gəlmişkən, bir məqama, yəni XX əsrin
50-ci illərindən bu günə qədər aparılan
araşdırmalara da nəzər-diqqətinizi cəlb etmək
istərdim. Bu qənaətə mən əlimdən
keçirdiyim əsərlər əsasında gəlmişəm.
Sözsüz ki, bütün əsərləri
nəzərdən keçirsəydim, bəlkə də qənaətlərimdə
nisbətən fərqlilik özünü göstərə
bilərdi. XX əsrin birinci yarısı,
yəni 50-ci illər, əsasən, ilkin mənbələrin
toplanması, tərtibi, nüsxələr əsasında
orijinal versiyaların təkmilləşdirilməsi, elmi-tənqidi
mətnlərin hazırlanması ilə yaddaşlara həkk
olunur. Bu dönəmdə tədqiqatların
əsasında müəllif mətni, əlyazma, çap
kitabı, əski əlifbada yazılmış qaynaqlar dururdu.
Bu da Orta əsrlər kitab mədəniyyəti və əlyazmaya
xas olan terminlərə - dibaçə, haşiyə, "əmma
baadə", "aydan", kalafon, maddeyi-tarixlərə bələd
olmağı və xətt nümunələrini dərindən
bilməyi tələb edirdi.
XX əsrin ikinci yarısından mənbəşünaslıq
və mətnşünaslıqla bağlı tədqiqatlara
geniş yer verilir.
Təxminən 1980-1990-cı illərdə isə
müqayisəli tədqiqatların öyrənilməsi
üstünlük təşkil edir. 1982-ci ildə ulu
öndərimiz Heydər Əliyevin sərəncamı ilə
Əlyazmalar fondu Ali Sovetin binasına
köçürülür, 1985-ci ildə isə mərhum
prezidentimizin səyi ilə SSRİ Nazirlər Kabineti Əlyazmalar
fondunun instituta çevrilməsi haqqında sərəncam
verir. İnstitut klassik ədəbiyyatın
ən parlaq nümayəndəsi Füzulinin adı ilə fəaliyyətə
başlayır. Bu dönəmdə əlyazma,
əski çap kitabları və arxiv materiallarına maraq birə
yüz artsa da, 90-cı illərdə bir qisim tədqiqatlar
ehtimallar üstündə qurulur. Nəticədə
müəllif nüsxəsi, müəllif sözü və
müəllif məqsədi kölgədə qalır. Təxminən 2000-ci ildən etibarən klassik irsin təhlilində
milli zəminə bağlılıq, mötəbər
qaynaqlara müraciət güclənir.
Yaranmış tədqiqat əsərləri içərisində
Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri
olmuş və 1965-ci ildə işıq üzü
görmüş Mirzağa Quluzadənin "Füzulinin
lirikası" adlı kitabını xüsusilə qeyd etmək
istərdik.
O, "Füzuli lirikasını yetişdirən tarixi-ictimai və
ədəbi zəmin" başlığı altında
Füzulini Azərbaycan bədii düşüncə və mədəniyyətinin
zəngin xəzinəsində ən qiymətli incilərdən
sayır və şairin öz sözləri ilə fikrini təsdiqləyir:
"Dünya xalqları üçün bir söz süfrəsi
açmışam. O süfrədə cürbəcür nemətlərin
çeşid-çeşid növləri var. Gələn
qonaq istər türk, istər ərəb, istərsə də
fars olsun, xəcalət çəkmərəm...
Kim istərsə gəlsin, nə istərsə
yesin. Bu əbədi bir nemətdir,
heç tükənməz."
Söhbət
Füzuli lirikası və onun tədqiqatçısı
Mirzağa müəllimdən gedirsə, onun son nöqtəsi
belə yeni bir başlanğıca səbəb ola
bilər. Ona görə də müəllifin nəzər-diqqətimizi
cəlb edən bir müşahidəsi üzərində də
dayanmaq istərdim. Kitabının
"Füzulinin sənətkarlıq xüsusiyyətləri"
bölməsində qəzəlin kompozisiyasını təhlil
edən alim onun bir neçə mövzu və ayrı-ayrı
ictimai-fəlsəfi, əxlaqi mövzuların bütöv
şəkildə şairin yaradıcılığında yer
aldığını qeyd edir. M.Quluzadə Füzuli qəzəllərinin
bir neçə mövzu üzərində qurulmasını
şairin:
Fəqr
mülkü təxtü aləm tərki əfsərdi mana
Şükr
lillah, dövləti-baqi müyəssərdir mana...
- mətləli qəzəlinin beytlərini təhlil
etməklə izah edir. Şair "fəqr
mülkünü" özünə təxt, "aləm tərki"ni isə tac hesab edərək, əbədi
dövlətə qovuşmasına sevinir:
Zülfü
rüxsari xəyalilə nədir halın demən,
Öyləyəm
kim, gecəvü gündüz
bərabərdir mana.
Qeyd etdiyimiz qəzəli beyt-beyt nəzərdən
keçirən alim onu təşkil edən bu beytlərin
ayrı-ayrılıqda bitmiş bir fikir ifadə etdiyini
söyləyir. Amma bununla yanaşı, qəzəl boyu
beytlər arasında bir daxili vurğu və
bağlantının olduğunu da qeyd edir.
Bir haşiyə çıxaraq qeyd edək ki, Şərq
poetikasında şeirin əsas vahidi beytdir və hər bir
beyt müstəqil şeir vahidi kimi dəyərləndirilir.
Bütöv süjetə malik olan qəzəllərə
gəlincə, M.Quluzadə onu Füzulinin "Məni candan
usandırdı" sözləri ilə başlayan qəzəli
üstündə izah edir. Şərq nəzəri
sistemində bütöv süjetə malik olan qəzələ
"istidrak" əsasında (yek avaz, yek ahəng)
yazılmış qəzəl deyilir. Müəllifin
"istidrak" terminini istifadə etmədən belə bir qənaətə
gəlməsi, onun klassik ədəbiyyatın incəliklərini
sezə bilməsindən irəli gəlir. O, eyni zamanda
beytlər arasındakı məntiqi vurğunu qeyd etməklə
Quran üslubuna xas olan və xüsusi istedad sahibi olan şairlərin
yaradıcılığında nəzərə çarpan
"təhzib" sənətinə də işarə
etmişdir.
Klassik ədəbiyyata
yiyələnmək yəqin ki, eyni zamanda ona xas olan özəllikləri
görmək qabiliyyətidir də...
Bu məqamda
Həzrəti-Məhəmmədin (s.ə.s) sözlərini
xatırladım: "Mən gözəl əxlaqı
tamamlamaq üçün göndərildim", deyə,
buyurmuşdu. Zaman-zaman Füzuli
yaradıcılığına həsr olunmuş tədqiqatların
ərsəyə gəlməsi də, zənnimcə, öz
ilahi qədərilə seçilən alimlərimizin öhdəsinə
düşmüşdür. Belə alimlərdən
biri və birincisi görkəmli ədib, alim, pedaqoq kimi fəaliyyət
göstərən Mir Cəlal Paşayevdir. Məsələ burasındadır ki, klassik irsin
öyrənilməsində sənətkarlıq məsələləri
məzmunun açıqlanmasında çox vaxt kölgədə
qalır. Bu anlamda söz sənətkarlığını
ardıcıl şəkildə tədqiq edən Mir Cəlal
Paşayev, əslində, klassik irsin, o cümlədən,
Füzuli irsinin tam şəkildə öyrənilməsini təmin
etmiş, onu silsilə-silsilə tədqiqatların obyektinə
çevirmişdir. Çünki elə
Füzulinin özü sözün mənadan, mənanın da
sözdən asılılığını şeirinə gətirmişdir.
Mir Cəlal Paşayevin "Füzulinin poetik xüsusiyyətləri"
adı altında hələ 1940-cı ildə çap
etdirdiyi kitab alimin klassik ədəbiyyatın öyrənilməsində
sənətkarlığın önəmliliyinə verdiyi qiymətdir. O, "Füzulinin sənətkarlığı"
kitabında şairin əsərlərinin yazılmış
olduğu milli zəmin və sənətkarlıq xüsusiyyətlərini
əsas götürməklə yanaşı,
füzulişünaslığın gələcək istiqamətlərinin
müəyyənləşməsi işində də
mühüm rol oynamışdır. Mir Cəlal
müəllimin böyüklüyü Füzuli
yaradıcılığını öyrənərkən,
şairin özündən əvvəlki klassiklərdən bəhrələnmə
məsələlərinə də önəm verməsidir.
1958-ci ildə çapdan çıxmış
kitabının "Başlanğıc"
bölümündə yuxarıda qeyd etdiyimiz fikirlə
bağlı yazır: "Füzuli şeirinin xüsusiyyətlərinə
yaxşı bələd olmaq üçün şairin istinad
etdiyi zəngin ədəbi mirası mütləq hesaba almaq
lazımdır. Məlumdur ki, Azərbaycan ədəbiyyatı
Füzuliyə qədər böyük və yüksək bir
dövr keçmiş, Xaqani, Nizami, Nəsimi, Xətai, Həbibi
kimi simalar yetişmişdir."
Müəllifin
Məhəmməd Füzuli ilə bağlı hər bir fikri
böyük bir işin başlanğıcı kimi dəyərləndirilə
bilər: "Bu böyük şeir dühasının əsərləri
ilə dərindən tanış olanda heyrət bizi
götürür. Biz bu nadir və qadir şeir
ustadının, qəlblər mühəndisinin
"könül mülkünün sultanının" hətta
ayrı-ayrı lirik əsərlərinə səcdə etməkdən
özümüzü saxlaya bilmirik..."
Alimin bu iki fikri bir tərəfdən müxtəlif
dönəm ədəbiyyatlarının bir-birindən bəhrələnməsinə,
digər tərəfdən şairləri bir-birindən fərqləndirən
özünəməxsusluğa işarədir. Məhz bu səbəbdəndir
ki, Füzuli yaradıcılığına səcdə etməli
oluruq.
Bu anlamda
sənətkarlıq xüsusiyyətlərini ardıcıl
şəkildə tədqiq edən Mir Cəlal müəllim,
ayrı-ayrı tədqiqatlarda fəsil daxilində öyrənilən
bu önəmli məsələni silsilə kitablarının
predmetinə çevirməklə Füzuli sənətkarlığı,
onun poetik xüsusiyyətlərinin təməl
daşını qoyan tədqiqatçı alim kimi
çıxış edir. Məzmun, forma, sənətkarlıq,
üslub vəhdətinin şair sənətkarlığında
önəmliliyinə dəyər verən alim yazır:
"O, şeirdə məzmuna, mənaya üstünlük
verməklə formanın, bədii dil, üslub kamilliyinin
birinci zəruri şərt olduğunu təkidlə qeyd
etmişdir. Füzuli heç bir yerdə,
heç bir şeirdə məna ilə şəkil vəhdətini
pozmamış, bu vəhdəti bədiiliyin əsas şərti
saymışdır. ...Füzuli sənəti bizə
yüksək şeir mədəniyyətinin də nümunələrini
verməkdədir."
Füzuli ənənələrini, onun sənət
dühasının böyüklüyünü, məhz
şairə xas incəlikləri, səriştəli şəkildə
öyrənən alimlər sayəsində qoruyub saxlaya bilərik.
Mir Cəlal
müəllimin sovetlər dönəmində
yaşayıb-yaratmasına baxmayaraq, klassik ənənəyə,
xüsusilə də əlifbanın dəyişdirilməsindən
sonra uzun müddət "formalizm" pərdəsi
altında qalmış klassik ənənənin əlifba ilə
bağlı məqamlarından birinə münasibətini izləyək:
"Unutmamalıyıq ki, ərəb əlifbasının bir
sıra hərfləri və s. Azərbaycan dilinə yaddır.
Bu hərflərlə yazılası Azərbaycan
sözü, demək olar ki, yoxdur. Lakin
klassizmin normalarından da kənara çıxmaq olmaz. Şair beytləri bu hərflərlə bitən qəzəllər
yazmalıdır və yazmışdır."
Bu təbii haldır və o dövr ədəbiyyatının
zəminində üç dilin durmasından irəli gəlir. Qeyd edilmiş
fikir alimin o dövrün ədəbiyyatına ehtiramla,
mühafizəkarcasına yanaşmasına bağlıdır.
Qəzəl janrı Azərbaycan ədəbiyyatında
Füzuliyə qədər uzun bir yol keçmişdir. "Şairin qəzəl
janrına xüsusi bir məhəbbəti, ilham qüdrəti
vardır", deyən Mir Cəlal Paşayev fikrini davam etdirərək
bu janrın səciyyəvi cəhətlərini də önə
çəkir: "...Füzuli qəzəlin ədəb əhlinə
tez çatmasına, kütləviliyinə, sevgi janrı
olmasına görə başqa janrlardan üstün tutur... Füzuli qəzəli bir də ona görə
üstün tuturdu ki, o zaman bədii ədəbiyyatın bu
formasını yaymaq, bədii zövqü tərbiyə etmək
daha asan idi."
Füzulini
"qəlb şairi" adlandıran ustadımız onun qəzəlini
digər şairlərin qəzəllərindən fərqləndirərək,
ona yüksək dəyər verir və nə Füzuliyə qədərki
şairlərimizin, nə də ondan sonra gələn şairlərin
Füzuli səviyyəsində, Füzuli qədər incə
tərzdə yüksək bədii keyfiyyətdə qəzəl
yaza bilmədiklərini qeyd edir.
Mir Cəlal
Paşayev Mirzağa Quluzadədən fərqli olaraq, qəzəlləri
mövzu və məzmuna görə dörd yerə
bölür: 1.Aşiqanə qəzəllər, 2.İctimai-fəlsəfi
qəzəllər, 3."Təsviri" qəzəllər,
4.Münacat, nət ruhunda olan "rəsmi" qəzəllər.
Mən belə düşünürəm ki, hər iki
yanaşma dəyərli və özəldir, qəzəlin
mahiyyətinin açıqlanmasına xidmət edir. Sadəcə
olaraq, qəzəlin kompozisiya baxımından təsnifatında
məzmunu zənginləşdirən cəhətlər də
önə çəkilir.
Alimin
Füzuli şeirinin dili və poetik xüsusiyyətləri ilə
bağlı fikri də maraqlıdır: "Füzuli
şeirinin dili, bütün ədəbiyyatımızda məcazi
ifadələr, təşbihlər, kinayələr, metaforalar,
təlmihlər və s. fiqurlarla zəngin bədii dilin
nümunəsidir. Çünki Füzuli məcazlardan kənar,
ancaq adi sözlə yazılan yazıları ədəbiyyat
saymır..."
Etiraf edək ki, klassik dönəm ədəbiyyatına,
xüsusilə də Füzuli irsinə bu qədər həssaslıqla
yanaşan alimin istifadə etdiyi istilahlar arasında
müasirliklə (rus-Avropa) uzlaşan terminlər də
özünü göstərir. Bu da, bir tərəfdən,
o dönəmdə Şərq nəzəri sisteminin - bəlağət
elminin öyrənilməməsindən, digər tərəfdən
isə, istər-istəməz dövrün tələblərindən
irəli gəlir. Müəllifin sənətkarlığı
öyrənərkən üstünlüyü təhlillərində
unudulmaqda olan terminlərdən müəmma (Veys adlı bir məmura
yazılmış qəsidə) və ən çox ədəbiyyatda
"Qurani-Kərim"in mətnindən istifadə zamanı
işlədilən təlmihə geniş yer verməsidir.
Nəzər-diqqətimizi bir incə məqama da cəlb
etmək istərdim. Bu da alimin aşağıda qeyd etdiyimiz beyti səciyyələndirməsi
ilə bağlıdır:
Görən
saatdə ol qamət
qiyamın
qıymadım canə,
Qiyamət
həm gələ qurtulmayam
mən
bu nədamətdən,
Qiyamətdə
hesabı olmayanlardandır ol qafil
Ki, fərq
eylər fəraqın
şamini
sübh-qiyamətdən,
Təriqi-səbr
tədbiri-səlamət ləzzətin bilməz
Qeyd etdiyimiz nümunəni Mir Cəlal
Paşayev şərh edərək yazır ki, beytlərdə
"q", "f", "s" səslərinin mütənasib
işlədilməsindən ifadə nə qədər ahəngdar
olmuşdur.
Şərq nəzəriyyəsinin bir sistem şəklində
öyrənilməmiş dönəmində alim beytləri təhlil
edərkən ləfzi gözəlliklərə mənsub olan
touzi adlı poetik fiquru, şair sözünə əsasən,
yetərincə düzgün şəkildə səciyyələndirmişdir.
Mən belə düşünürəm ki, klassik irsi
öyrənən ustad alimimiz, məqalə boyu
sadaladığımız bilikləri ilə yanaşı, incə
ruhu, qəlbi, duyğusallığı və bəsirətli
gözü ilə seçilən alimlərdəndir. Bu anlamda Mir və
Allahın zatına məxsus Cəlal sözlərinin ehtiva
etdiyi məna zənginliyi ustadımızın elmi
yaradıcılığında özünü yetərincə
doğrultmuşdur.
Biz, klassik irsin həqiqi varislərinin varisləri olaraq,
onların yaratdığı məktəbin
davamçıları kimi bu möhtəşəm irsi öz
mühitinə uyğun elmlər qovşağında, şair
sözünə istinadən və Şərq nəzəriyyəsi
çərçivəsində tədqiq etməliyik. Bu yöndə
müəyyən sanballı əsərlər olsa da, bu sayaq tədqiqatların
sistemli araşdırılmasını təmin edə bilməmişik.
Klassik dönəm ədəbiyyatının təhlili
zamanı müasir terminologiya xüsusilə də, həmin ədəbi
nümunənin ehtiva etdiyi məzmunla üst-üstə
düşməyən terminlərlə bu ədəbiyyatı
zəminindən uzaqlaşdırmamalıyıq.
Əgər
klassik ədəbiyyatın səciyyəvi xüsusiyyətləri,
məğzi, terminləri, müasirləşərsə, Azərbaycan
ədəbiyyatının tarixi mərhələlərə
bölünməsinin əhəmiyyəti nədir?!.
Fikrimi akademik A.B.Kudelinin sözləri ilə qüvvətləndirmək
istərdim. "Eyni zamanda, tanınmış alimlərin əsərlərinin
çoxunda əhəmiyyətli çatışmazlıq
mövcuddur. Orta əsrlər ərəb müəlliflərinin
yaradıcılıq prinsiplərinin spesifikliyi XIX-XX əsrlərin
Avropa ədəbiyyatının poetikası normalarına
uyğun olaraq birtərəfli izah edilmiş və qiymətləndirilmişdir
ki, bu da Orta əsr şeirlərinin anlaşılmamasına və
klassik ərəb şeirinin (o cümlədən, Azərbaycan
klassik ədəbiyyatının) estetik əhəmiyyətinin
azalmasına gətirib çıxarmışdır."
Mahirə Quliyeva
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.10-11.