Zamanın poetik "stop
kadr" anı
I məqalə
Füzulinin "Heyrət, ey
büt..." beyti bədii mətnin semantic təhlili
prizmasından
Amerika
filosofu Uill Dürant qədim yunan mütəfəkkiri Platonun
həyatı haqqında belə bir qeyd yazır: səyahəti
çox sevən Platon varlıq haqqında Misir kahinlərindən
eşitdiklərindən heyrətə gəlir... və
anlayır ki, heç nə heyrət qədər öyrədə
bilməz.
Varlıqda cilvələnən harmoniyaya - gözəlliyə
heyrətdən və varlığın bütün səviyyələri
üzrə həmin nizamın pozulma aktı olan disharmoniyaya -
şərə, naqisliyə, cəhalətə, zora, yalana...
qarşı etirazdan yaranan, hər iki halda varlığın
mübhəm sirlərinə nüfuz etməklə heyrət
doğuran, heyrət doğura-doğura da öyrədən
heyrətamiz sənət fenomenlərindən biri də
poeziyadır.
Şərq poeziyasında sözün qüdrətinə
mistik inam sadəcə olaraq dilin ifadə imkanlarının intəhasızlığını
dərkdən qaynaqlanmırdı. Şərqdə
söz özünün bütün dini, mistik, fəlsəfi
və poetik interpretasiyalarında Tanrının və onun
yaratdığı varlığın ekvivalenti kimi təqdim
edilirdi. Bu yanaşmanın əsasında
dinin kreotsionist konsepsiyası (varlığın sözdən
yaranması) dayanırdısa da, şairlərin təqdimatında
bu konsepsiya sözün özünün sakral dəyərlər
səviyyəsinə qaldırılmasına qədər gedib
çıxırdı.
Ekzistensionalizmin görkəmli nümayəndəsi
Haydegger yazırdı ki, insan həmişə nə isə
bütövlük axtarır. Bu mənada insanın
bütövlük axtarışlarının təzahürləri
olan dünyanın bütün mistik təlimlərindəki
"varlığın mənəvi vəhdəti"
ideyası da, dahi rus mütəfəkkiri Vernadskinin sırf
rasional prinsiplərlə modelləşdirdiyi "biosferin
ümumiliyi" anlayışı da mistikadan və elmdən əvvəl
elə poeziyada kəşf olunmuşdur. Ən qəribəsi də
odur ki, Şərq ədəbiyyatında əbədi mənəvi
vəhdət axtarışında olan poeziyanın özü
də bütün tarixi inkişaf prosesi ərzində mədəni
ənənələrin tipoloji müxtəlifliyindən
qaynaqlanan fərqli ədəbi-estetik və fəlsəfi təmayüllərin
vahid məcrada vəhdətinə doğru can atmış,
ümumbəşəri sosial tərəqqinin mühüm bir
mərhələsi kimi Müsəlman Renessansı deyilən
hadisə də bu təmayüllərin ən kamil vəhdətə
nail olduğu dövrlərdə yaranmışdır. Bu kontekstdə Füzuli rezonansı həm
ayrılıqda ümumtürk, həm də
bütövlükdə ümummüsəlman mədəniyyətinin
ən kamil evolyusiya aktıdır. Biz
Füzulini evolyusiya aktı hesab edərkən onun nə
oğuz-türk etnik-mədəni çevrəsində məlum
mədəni missiyasını, nə də ayrılıqda Azərbaycan
bədii fikrinin inkişafında oynadığı misilsiz rolu
deyil, poeziyasının məhz vəhdəti təmsil etməsini
nəzərdə tuturuq. Bu vəhdət oğuz-türk
kulturoloji çevrəsi üçün Füzuliyə qədər
involyusiya mərhələsini yaşayan və fərqli
ideya-estetik təmayüllərlə seçilən poetik
fikrin Füzuli yaradıcılığı timsalında birləşməsindən
tutmuş, bədii mətnin strukturunda poetik, mistik və fəlsəfi
struktur səviyyələrin sintezinə qədər, demək
olar ki, hər şeydə özünü göstərir. Burada hər şey sanki güclü bir universallaşdırıcı
energetik sahənin məntiqinə tabedir.
Əsl
poetik mətnin yaranmasını şərtləndirən an
insanla varlıq arasında şüur-gerçəklik-emosiya
münasibətinin elə bir xüsusi səviyyəsidir ki, bu
anı Tanrıya münasibətdə "mənəvi
universalizm", varlığa münasibətdə
"kosmizm", bəşərə münasibətdə isə
"qlobalizm" ifadələri ilə xarakterizə etmək
mümkündür. Məhz həmin Əlahəzrət Anda
dil hansısa bir "cılız bədənli" şairin
timsalında özünün ilk baxışdan sezilməyən
heyrətamiz imkanları ilə varlığın sirli
çöhrəsində indiyədək heç kəsin
görə bilmədiyi bir məqamı əks etdirən
güzgüyə (Yaşar Qarayev), daha dəqiq ifadə etsək,
elə həmin varlığın özünə
çevrilir. Əsl poeziyanın heyrətləndirərək
öyrətmək qüdrəti də anı sonsuz zaman
axınından ayıraraq sənətdə əbədiləşdirə
bilməsindədir.
Yalnız
Azərbaycan bədii düşüncəsində deyil,
bütövlükdə ümumtürk, hətta ümumşərq
ədəbiyyatında anı zamandan alıb sənətdə
əbədiləşdirməyi bacaran nümunələrdən
biri Məhəmməd Füzulinin onun bütün
poeziyasının ideya-estetik leytmotivini və mistik-fəlsəfi
mündəricəsini özündə əks etdirən, bu
baxımdan da şairin "Eşqnamə"sinin epiqrafı
seçilməyə layiq
"Heyrət, ey büt..." beytidir:
Heyrət,
ey büt, surətin gördükdə
lal eylər məni,
Surəti-halım görən surət xəyal eylər
məni.
Qərb nəzəri-estetik görüşlərində
poeziyanın həm də ruhun zamanla üzbəüz
döyüşündən, əlbəyaxa
qarşılaşmasından ayrılan enerji olması barədə
ekzistensional baxış mövcuddur. Bu baxış
bucağından salınan işıqda "Heyrət, ey
büt..." nidası Ruhun sözçüsü poeziyanın
zamanla əbədi mübarizəsində qalibiyyət aktı
da hesab etmək mümkündür. Çünki
bu beyt varlığın harmoniyası qarşısında heyrətdən
donan şairin həm də əbədi hərəkətdə
olan zamandan bir anı ayıraraq poeziyada əbədiləşdirməsi
aktıdır. Burada heyrətdən donan həm
lirik qəhrəman, həm şair, həm oxucu, həm də
zamandı. Əslində bu sıralanmada hər
kəs sonuncu qarşısında - poetik tilsimlə
dondurulmuş zaman qarşısında heyrətdədir.
"Heyrət,
ey büt..." Füzulinin şah beytlərindəndir.
Füzulinin şah beytləri onun əsərlərindən,
xüsusən də qəzəllərindən
seçilmiş xüsusi semantikaya malik mətn bütövlərini
ifadə edir. Əslində istənilən
şairin, yazıçının, filosofun əsərlərindən
xüsusi semantik tutuma malik parçaların, mətn qəlpələrinin
fərqləndirilməsi mümkündür. Elə buna görədir ki, ədəbi, fəlsəfi
fikrin tarixinə münasibətdə belə bir ənənə
formalaşmışdır. Lakin bizə elə
gəlir ki, Füzulidə şah beytlər seçimi ənənədən
daha çox, metamətnin öz struktur özəlliyi ilə
şərtlənir. Belə ki, Füzuli
yaradıcılığını Orta əsrlər
ümummüsəlman tipologiyalı oğuz-türk mədəniyyətinin
mətn bütövü hesab etsək, o, öz daxilində
birləşdirdiyi elementlərin avtonom statusu ilə xüsusi
fərqlənən bir mədəni bütövlükdür.
Şərq poeziyasının digər nümayəndələrindən
fərqli olaraq Füzulidə beytlər janr
bütövünün ümumi kontekstindən sanki daha
asanlıqla ayrılıb müstəqil bədii bütöv
statusunda çıxış edə bilir. Ən əsası isə belə bir parçalanma mətnin
semantik və poetik sistem bütövlüyünə heç
bir xələl gətirmir. Füzulidə
beyt daxili emosiyanın poetik ifadəsi kimi də, poesemantik
struktur bütövü kimi də başlanan və bitən mətndir.
Burada metasistemin bütövlüyünü təşkil
edən alt sistemlər öz daxili strukturu etibarilə sistemin
öz strukturunun kiçik modelləridir.
Öz mifoloji araşdırmaları ilə XX əsr
dünya mədəniyyətşünaslığına, xüsusən
mifologiya sahəsindəki araşdırmalara ciddi təsir
etmiş Josep Kempelin miflərlə bağlı son illər Azərbaycan
folklorşünaslığında da intensiv müraciət
olunan bir fikri vardır. Müəllif mifləri kosmosun sonsuz
enerjisini insanın mədəni
yaradıcılığına axıdan gizli mənbələr
adlandırır. Alim irəli sürdüyü bu
postulatı konkret nümunə ilə belə izah edir: "Pəri
haqqında kiçik bir nağılda rast gəldiyimiz dərin
yaradıcı mərkəzlərə toxunma və onları
oyandırma gücü okeanın sirrinin bir damcı suda, yaxud
da həyatın bütün sirrinin bir birə yumurtasında
qorunub saxlanılması qədər böyük bir
möcüzədir.
Mifoloji mətnlər üzərində alimin
müşahidə etdiyi bu xüsusiyyət ümumən mətnə,
o cümlədən bədii mətnə də şamil edilə
bilər. Bu baxımdan Füzulinin qəzəllərində
poetik strukturlar miqyasın kiçildilməsi ilə öz
struktur bütövlüyünü və müəyyənlik
keyfiyyətini qorumaq şərtilə daim təkrarlanırlar.
Onun əsərlərindən ayrılmış ən
kiçik bir element, birə yumurtası həyatın ən
mühüm keyfiyyəti olan "canlılıq"
haqqında informasiyanı özündə ifadə etdiyi kimi,
ümumən metamətnin strukturu haqqında aydın təsəvvür
yaratmaq gücündədir.
"İkicə misra daxilində cəmi on-on beş
sözün semantik kombinasiyasından yaranan beytin Füzulini
bütöv halda əhatə və ifadə etmək qüdrətini
nə ilə izah etmək olar?" - sualına professional elmi cavab vermək üçün
müasir elmi humanitar düşüncəmizdə geniş
yayılmış Füzulinin böyüklüyünə,
orijinallığına, qeyri-adiliyinə, təkrarsızlığına,
bənzərsizliyinə emosional vurğunluğun orbitindən
qurtulub onun yaradıcılığına məhz mətn kimi
yanaşmaq və bu mətni ixtisaslı elmi təhlilin predmetinə
çevirmək lazımdır.
Vaxtilə böyük rus alimi Mixayıl Mixayloviç
Baxtin yazırdı ki, mətn istənilən humanitar elm sahəsinin
ilkin veriləni və çıxış nöqtəsidir. Müasir
dünya, xüsusən də rus elmi humanitaryasında bədii
yaradıcılıq nümunələrinin mətn təhlili ənənələri
xeyli müddətdir ki, ən modern və perspektivli metodoloji
yanaşma kimi elmi düçüncədə öz dominant
mövqeyini qoruyub saxlamaqdadır. Mixayıl
Mixayloviç Baxtin, Rolan Bart, Dimitriy Serqeyeviç
Lixaçov, Vladimir Nikolayeviç Toporov, Yuriy Mixayloviç
Lotman, Qeorqiy Stepanoviç Knabe, Anotoliy Solomonoviç Karmin
kimi alimlərin əsərlərində mətn
anlayışı müxtəlif filoloji, ədəbi,
linqivistik, kulturoloji interpretasiyada geniş şərh
olunmuşdur.
Hesab
edirik ki, təqdim etdiyi mətnin iç strukturunun semantik
polifonizmi ilə əlahiddə dərəcədə
orijinallıq kəsb edən Füzuli
yaradıcılığının da mövcud nəzəri təcrübədən
istifadə etməklə mətn təhlili prizmasından
araşdırılması elmi baxımdan daha effektivdir. Məqsəd konkret olaraq "Heyrət, ey
büt..." beytinin təhlili timsalında buna cəhd etməkdir.
Beytini mətn təhlili prinsipi ilə
araşdırılması üçün ilk növbədə
mətnin semantik səviyyələrinin müəyyənləşdirilməsi
lazımdır. Müşahidəmizə görə, beytdə zahirən
vahid və bütöv, daxili qəlpələrə
parçalanması qeyri-mümkün kimi görünən mətnin
iç semantik strukturu əslində varlığın poetik
duyumunun, fəlsəfi dərkini və mistik qavramının vəhdətindən
təşkil olunmuşdur. Bu, mətndə
poetik, metafizik və mistik səviyyələrdən ibarət
semantik iyerarxiyanı təşkil edir. Eyni
zamanda hər bir iyerarxik səviyyənin özü
ümummüsəlman mədəniyyətində uzun əsrlər
ərzində formalaşmış hazır dünya modellərinin
(varlığı poetik, fəlsəfi və mistik dərk təcrübələrinin)
yaddaş kodları olmaqla mürəkkəb semantik struktura da
malikdirlər. Bütün bu mürəkkəbliyə
o mürəkkəblik də əlavə olunur ki, mətndə
hər bir səviyyənin semantik strukturu yalnız
üçlü mürəkkəblik meydana gətirməklə
kifayətlənmir. Əksinə, burada hər
bir səviyyənin semantik strukturu digər iki səviyyənin
strukturu ilə mürəkkəb qarşılıqlı əlaqələr
şəbəkəsi təşkil edərək əlavə
mənalar törədir. Beytdə sanki güclü bir məna
mənbəyindən şaquli və üfiqi istiqamətlər
üzrə semantik şüalanma, sonsuz sayda semantk
strukturların cilvələnməsi prosesi baş verir...
Bəlkə də buna görədir ki, Füzulidən
ayrılıqda şair kimi bəhs edən filoloq da, mütəfəkkir
kimi bəhs edən filosof da, Tanrı, peyğəmbər və
imam aşiqi kimi bəhs edən teoloq da... həm eyni dərəcədə
haqlıdır, həm də eyni dərəcədə
metodoloji yanlışlığa yol verir. Ayrılıqda
götürüldüyü halda onların heç birinin
baxış bucağından salınan işıqda Füzuli
bütün parametrləri ilə bütöv görünə
bilmir. Mətnin mikroskopik müşahidəsi onu daxil
olduğu mədəni konteksti ilə bütöv halda təsəvvür
etməyə, teleskopik müşahidəsi isə bütöv
halda görünən mətnin iç strukturuna nüfuz etməyə
imkan vermir.
Beləliklə,
hesab edirik ki, beyti bütün parametrlər üzrə təhlil
etmək üçün ona üç semantik struktur səviyyə
üzrə yanaşmaq lazımdır:
1. Beytin
poesemantik struktur səviyyəsi;
2. Beytin
metafizik struktur səviyyəsi;
4. Beytin
mistik semantik struktur səviyyəsi.
Sərxan XAVƏRİ
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.3.