"Bir daha şairlər güllələnməsin"
Mikayıl Müşfiqin əziz
ruhuna
Yer üzündə
sular var,
Sularda dalğalar
var,
Dalğalarda ruzgar var,
Həpsi - bizim qüvvətimiz...
Biz
suları, küləkləri
Fəth edəriz.
Külək - qüvvət,
Su - qüvvət,
Nə genişdir təbiət.
Mikayıl Müşfiq
İyunun 5-də Günəşin zərrin şəfəqləri
altında bir gəmi Müşfiq ünvanlı səfərə
çıxdı. Onun
"məzar"ına
gül səpməyə
yollandıq. Gəmi sakit suların
qoynunda irəlilədikcə
düşünürdüm ki, görəsən dünyada elə şair varmı ki, məzarı suların qoynunda olsun?! Müşfiq Xəzərin qoynunda
uyuyur. Gəmi Nargin adasına
yaxınlaşır, suların
üzərində sanki
qırmızı qərənfil
xalısı toxunur.
Duyğulanıram, şair
dostum Əkbər Qoşalı pıçıldayır:
"Bir daha heç vaxt şairlər güllələnməsin!"
Anar müəllimin dalğın
baxışları üfüqlərə
zillənib, bəlkə
də Müşfiqin ruhuyla danışır...
"Yenə o bağ
olaydı" şeirinin
misraları üfüqdə
göyqurşağı kimi
açılır. Hərəmiz o şeirin bir misrasını deyirik.
Qanadıqırıq misraların yarasını
sarıyırıq. Sözlər
sanki ovcumuzda ürək kimi çırpınır, səmaya
pərvazlanmağa can atır.
Mən gəncəm, bilirəm istiqbalım var,
Hələ bədr olmamış
bir hilalım var,
Yelkənim açılır, qara
yel, əsmə!
Mənim bu dəryada bir sandalım var.
Onun istiqbalını
əlindən aldılar,
onu yeni həyatın sıralarından
qopardılar. Yeni şeirin möcüzəvi
dilini anlamadılar.
Müşfiq "göylərin lacivərd ətəkləri"ylə,
əngin səmayla uğraşırdı, yerlərdə
sürünənlər, sürünmək
üçün doğulanlar
onun qanadlarını qırdılar. Amma onun
poeziyası keçmişi
də, bu günü də, gələcəyi də öz içinə hopdurub, bu şeirin
qanadlarını qırmaq
mümkün deyil.
Müşfiqi cismən məhv
edənlər, onun fiziki ömrünə son qoyan cəlladlar anlamırdılar ki, onun qanadlarını nə qədər qırsalar da yerində yeni qanadlar bitəcək.
Gəmi Narginə doğru irəlilədikcə qarışıq
fikirlər beynimi məşğul edir. Müşfiq
yaşasaydı, daha nələr yazardı... "İşıqlı
dünyadan necə əl çəkim?" deyən şairə niyə, necə qıydılar?! Müşfiq Azərbaycan poeziyasının
ən nikbin şairidir. Hansı şeirinə baxsanız,
misralarından üzünüzə
bir səhər nəsimi əsəcək,
ruhunuzu oxşayacaq.
Sənin
gülüşlərin bir
rüzgar kimi
Əsərkən arzumun gülü açılır.
Gülsə dodaqların ulduzlar
kimi
Ruhuma bir sərin işıq saçılır.
Söylə, gözəllərin dodaqlarından,
Bu oynaq gülüşlər
umulmuşdur?
Sənin
hər qəhqəhən
Ay kənarından
Keçən buludmudur, uçan quşmudur?
Zamanın keçməsi insanın
unutmaması üçündür.
Zaman keçdikcə Müşfiq
bizə daha da yaxınlaşır, o, sözlərə səs, səslərə söz qatıb ruhumuza hopur. Hər gələn nəsil
Müşfiqin şeir
növrağından öz
payını götürür.
Əkbər Qoşalı ilə
gəminin göyərtəsində
yanaşı oturmuşuq,
dinmirik, hamımız
öz içimizdə
Müşfiqin nakam taleyi haqda düşünürük.
Əkbər "hər
il Müşfiqin
doğum günündə
belə bir törənin keçirilməsi
böyük hadisədir"deyə
sükutu pozur. Təsdiqləyirəm, doğrudan da
Müşfiqin adıyla
bağlı Şairlər
Gününün ənənə
halını alması
Azərbaycan ədəbiyyatında
son dərəcə sevindirici
hadisədir.
Müşfiqin əbədi olaraq zirvələrdə qərar
tutmasını gənc
yaşda güllələnməsilə
bağlayanlar peyda olub. Bilmirəm onlar Müşfiqin
yaradıcılığından hansı mənalar əxz ediblər, ümumiyyətlə, nəsə
əxz edə biliblərmi? Müşfiq klassik divan ədəbiyyatından
yenicə qopmaqda olan şeirə yeni paradiqma qazandırdı, yeni şeir dili yaratdı. Rəsul Rza da, Səməd Vurğun da bu sıradaydı,
onlar da yeni şeirin bayraqdarlarından oldular.
Müşfiq söz dəryasına
yelkənini açmışdı,
onun poetik təfəkkürü məcrasına
sığmırdı. Dəniz kimi çoşub-çağlayırdı.
Sonuncu kitabının da adını "Çağlayan"
qoymuşdu. Onun poeziyası
çağlayan bir ümman idi.
Saçın kimi qıvrılan
dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Əndamını həvəslə qucaqlarkən
dalğalar,
Qəlbimdə qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar
doğaydı,
Məni
hirsim boğaydı,
Cumub alaydım səni dalğaların əlindən,
Yapışaydım belindən,
Xəyalımız üzəydi sevda
dənizlərində,
Ləpələr üzərində,
İlhamımın yelkəni zərrin
saçın olaydı,
Sular xırçın
olaydı.
Bu möhtəşəm şeirin coğrafiyasında
üfüqlərə doğru
üzürük, qərənfillərlə
suların səthinə
sevgimizin xəritəsini
çəkirik. Hər birimizin yaddaşında
"Yenə o bağ olaydı" ünvanlı
nisgilimiz var. Müşfiq
sanki bütün insanların arzusunu, həsrətini, nisgilini sözlərə hopdurub.
"O bağ" hamımızın
xatirələrinin ünvanıdır,
hamımızın "o bağ"ı
var. Amma hamı "o
bağı" Müşfiq
kimi təsvir edə bilməz, "o gözəl"i Müşfiq
kimi vəsf edə bilməz.
Yarpaqlar
arasından uzadaraq əlini,
Oxşayaraq telini,
Gecələr darayaydı saçlarını,
ay gözəl!
Sən gözəlsən,
Ay gözəl?!
Əllərində əllərim, gözlərində
gözlərim...
Asılaydı sözlərim
Könlünün qulağından bir
qızıl tana kimi,
Günəş doğana kimi.
Mən də bu yazıya Müşfiqin misralarını
al qərənfillər kimi
səpdim. Müşfiqin haqqında onun
sözündən yaxşı
nə yazmaq olar ki?! Elə bir şairin
ki, sözlər onun şeirlərində özünü yeni, təzətər görürlər,
onun şeirinin lüğətində nifrət
yoxdur, sevgi var. Cəlladlar o sevgini güllələdilər... Bu gün
də bizimlə birlikdə olan ölməz, əbədi Sevgini!..
Kənan HACI
Ədəbiyyat qəzeti.- 2018.-
9 iyun.- S.5.