Bəxtəvər
Şoloxov
Bəlkə də başqası onun yerinə olsaydı,
elə gənclik illərində həyatını
yarımçıq başa vurardı. Bəlkə də
başqası onun yerinə olsaydı, xaricə
qaçardı, ya da adı heç bir siyahıya düşməyən
unudulanlar qismindən olardı. Onun isə
bəxti gətirib. Stansiya ətrafındakı
kənddən dünyaya işıq saçıb. Bu da hər adama nəsib olmur. Şoloxov
sadəcə bəxtəvər idi.
Bir çox ədəbiyyatçılar hesab edir ki, uzun
illər onun həyat və yaradıcılığı barədəki
məlumatlar silinib, yaxud ciddi təmizlənməyə məruz
qalıb. Düşünülmüş şəkildə
xalqın gözündə böyük insan obrazı
yaradılıb. Müasir ədəbiyyat adamları
yazır ki, Mixail Şoloxovun həyatında baş verən
hadisələri az yox, çox təmizləyiblər.
Belə baxanda, təmizlənmə olub.
Ancaq az, ya çox, bunu o illərin rəhbər
şəxsləri yaxşı bilərdilər. Onlar daha yoxdur. Şoloxovun həyatındakı
izahedilməz əhvalatlar, paradoksal faktların çox
cüzi hissəsi bu günə gəlib çatıb.
O, təhkimli
kəndli Anastasiya Çernikovanın nikahdankənar oğlu
olub. Atası çox da kasıb olmayan Aleksandr
Şoloxov imiş. Belə ki, Anastasiya
Aleksandrla gizli şəkildə
görüşürmüş. Onu isə kazak Stefan Kuznetsova ərə vermək istəyirmişlər.
Qız evdəkilərin dediyinə
razılaşıb. Uşağı ola-ola
Stefan Kuznetsova ərə gedib. Uzun illlər gələcəyin
yazıçısı kazakın oğlu sayılıb.
Ancaq Stefan öləndən sonra ana
uşağın soyadını Kuznetsovdan Şoloxova
keçirib. Özü də sevgilisi ilə
nikah kəsib. Bununla da gələcək
yazıçı ilə məzələnmə və iynəli
atmacalar yekunlaşıb. Belə ki, kazaklar
nikahdankənar uşaqlara yaxşı baxmır, ələ
salıb gülərmişlər. Onun
bioqrafiyasının qarışıqlığı sonralar da
mübahisələr doğurub. O illərin yaşlı
adamları deyərmişlər ki, Şoloxov Vyoşenki
stansiyasının yaxınlığındakı Krujilina
xutorunda doğulub. Digər sənədlərdə
isə göstərilir ki, Ryazanda dünyaya göz
açıb. Qanını əsas götürsək, kazak olmayıb, ancaq onların arasında
böyüyüb boya-başa çatıb.
Şoloxovu həmişə ittiham ediblər və
şübhələniblər. Belə ittihamlar ona
ömrü boyu irəli sürülüb. O vaxtın, elə
indinin ədəbiyyat adamları hələ də bu fikirdədir
ki, 23 yaşlı oğlan "Sakit Don" əsərini yaza
bilməzdi: "Axı necə ola bilər ki, həyat təcrübəsi,
təhsili, dünyagörüşü olmayan gənc birdən-birə
"Sakit Don" kimi möhtəşəm əsər
yazsın?" Yazıçının bu
mövzuda susması alova benzin tökürdü, müzakirələr
səngimirdi. Şoloxov 4-cü sinifə qədər
təhsil aldığını heç vaxt gizlətməyib.
O, Maksim Qorkini də misal çəkirdi. Qorkininin,
ümumiyyətlə, orta məktəb səviyyəsində təhsilinin
olmaması onu dünya ədəbiyyatının klassiklərindən
birinə çevrilməsinə maneçilik törətməyib.
Götürək elə Lermontovu. 23 yaşında "Borodino" poemasını
yazıb. Məgər, təkcə o idimi gənc
yaşında böyük əsər yazan?! Daha bir arqumenti Pasternakdan da gətirə bilərik.
O, heç vaxt əsərlərinin qaralamasını, nə də
əlyazmalarını saxlamayıb. Onda
şübhə oyanır ki, hansı səbəbə görə
əlyazmaları gizlədib. Ya özü
belə istəyib, ya da şübhəli məqamlar var. Bəlkə
də heç belə məqamlar yoxdur. Ancaq
ədəbiyyat adamları həmişə hər şeyə
şübhə ilə yanaşırlar. Şoloxovun
isə susmağa ixtiyarı çatırdı. Bəlkə də cavab vermək istəmirdi. Çünki deyəcəyi arqumentin
qarşısına daha yenilərini çıxaracaqdılar.
Şoloxov həmişə müəmmalı
yazıçı sayılıb. O, bəzi gizli hadisələri gizlətməyə
çalışıb, ya da üstündən keçib. Ötən əsrin 20-ci illərində ərzaq dəstəsinin
komissarı olub. Bütün dəstə məşhur kazak Maxnoya əsir düşüb. Baş atamanla kiçik söhbətdən sonra
buraxılıb. İki ehtimal üzərində baş
sındırılır: ya gəncliyinə görə, ya
uşaqlıqdan kazakların arasında böyüməsinə
görə bağışlanıb. Digər
ehtimal bundan ibarətdir ki, Maxno növbəti dəfə
qarşısına çıxarsa, onu asacağı ilə hədələyəndən
sonra azadlığa buraxıb. Yazıçının
qızı Svetlana Mixaylovnanın xatirələrinə əsasən
atası əsir düşməyib. Ərzaq
dəstəsi yol gedərkən azıblar,
tanımadıqları kənddəki qapılardan birini
döyüblər. Qapını Maxnonun
özü açıb. Deməli, səhvən
məşhur kazakın qapısına gəlib
çıxıblar. Tamam başqa ehtimala
görə, Şoloxovun dəstəsini Maxnonun kəşfiyyatçıları
əsir götürüblər. İndi
hadisənin necə baş verdiyini demək çətindir.
Ancaq istənilən halda bu məsələdə
Şoloxovun bəxti gətirib. Çünki
Maxno sovet hökumətinin, eləcə də kollektiv təsərrüfatın
əleyhdarlarından imiş. Şoloxovun
Maxnonun əlindən qurtulması təhlükəsizlik
sistemini şübhələndirməmiş olmazdı. Ya Şoloxov doğrudan da qaçıb canını
qurtarıb, ya da Maxnoya nələrisə satıb, yaxud onunla
uzunillik casus razılığına gəlib. Ancaq bəxtəvər Şoloxova toxunulmayıb.
Bir işdə də Şoloxovun bəxti gətirib. Bir dəfə
hökumətə donos verilib ki, Şoloxov qolçomaqdan
rüşvət alıb. Onu həbs ediblər.
Və belə işlərdə güllələnmə
verilərmiş. İki gün gözləyəndən
sonra azadlığa buraxıblar. Çünki
atası onun doğum haqqında şəhadətnaməsini məhkəmə
zalına gətirib. Həmin sənədə
əsasən, oğlunun 15 yaşı varmış. Həddi-buluğa çatmayanları isə həbs
etməzdilər. Öz yaşında
olanların məktəbinə aparılmaması isə təəccüb
doğurub. Şoloxov Moskvada
görünüb, özü də sağ-salamat vəziyyətdə.
Moskvada isə 1923-cü ilin sonuna qədər yük
daşıyıb, bənna kimi ağır işlərdə
çalışıb, sonra evinə qayıdıb. Kənddə
Mariya Qromoslavskaya ilə evlənib. Düzdür,
əvvəlcə onun kiçik bacısı Lidiyanı istəsə
də, ataman ailə başçısı təklif irəli
sürüb. Qızların atası məsləhət
görüb ki, onun böyük qızı Mariya ilə evlənsə,
həyatı tamam başqa olacaq. Pulunun
gücünə Mixaili adamlar sırasına çıxaracaq.
Mixail böyük bacı ilə evlənib.
Bəlkə də düz edib. Çünki Mariya ərinə həyatı boyu
çox köməklik göstərib. Onların dörd
övladı dünyaya gəlib, Mariya Petrovna ilə 60 il yaşayıb.
Lakin buna baxmayaraq, Mixail Şoloxov "Sakit Don" əsərinə
görə daim şübhəlilər sırasında
qalıb. Həmin əsəri sovet yazıçıları
çox tənqid edirdilər. Xaricdəki
mühacirlər isə həmin romanı sevərmişlər.
Bir dəfə təhlükəsizlik orqanının rəhbərlərindən
biri ona zarafatla deyib: "Mişa, istənilən halda sən əks-inqilabçısan.
Sənin "Sakit Don"un ağlara daha çox
yaxındır, nəinki bizə". Ancaq
Şoloxovun bəxti gətirib. Stalin
romanı bəyənib. Əsərdə
kollektivləşmə dövründə baş verən hadisələri
dolğunluğu ilə təsvir etməsi dahi rəhbərin
marağını çəkib. Sonralar
çıxışlarının birində deyəcəkdi:
"Hə, biz kollektiv təsərrüfatı qurduq, bu sahədə
islahatı uğurla başa vurduq. Bunu yazmaqdan niyə, hansı
səbəbə çəkinməliyik?".
Şoloxov 1965-ci ildə Nobel mükafatına layiq
görülüb. Ancaq SSRİ-ni tənqid edən digərlərindən
fərqli olaraq sovet rejimini tərifləyən əsərə
görə mükafat verilib. O, belələrinin
arasında yeganə və sonuncu oldu. Maraqlı məqamlardan
biri ondadır ki, 1958-ci ildə Boris Pasternakın adı Nobelə
namizəd göstəriləndə, sovet rəhbərliyi onun
Şoloxovla əvəzlənməsini istəyib:
"Pasternakı xalqımız və
yazıçılarımız yaxşı nasir kimi qəbul
etmir". Əlbəttə ki, Nobel komitəsi
sifarişlə, xahişlə fəaliyyət göstərən
qurum olmadığından, 1958-ci ildə Pasternakı
Şoloxovla əvəzləməyib. Ancaq sovet rəhbərliyinin
tənqidlərinə baxmayaraq, Mixail Şoloxov Fransa dərgilərindən
birinə verdiyi müsahibədə Pasternakı
dövrünün ən güclü
yazıçılarından biri kimi xarakterizə edərək
deyib: "Doktor Jivaqo" əsərinin nəşrini
qadağan etmək lazım deyildi. Əksinə,
o dərc edilməli idi. Belə əsər
milyon ildə bir yazılır".
Hələ sağlığında Şoloxovu
"Stalinin sevimlisi" adlandırıblar. Onun əsərlərinin
xarici ölkələrdə nəşri üçün rəhbərin
xüsusi tapşırığı olub, bunun
üçün xeyli maliyyə vəsaiti ayrılıb.
Stalin onun xətrini doğrudan da çox istəyib,
yaradıcılığı üçün bütün
şəraiti yaradıb. Az adamlardan
biri də Şoloxov olub ki, Stalinlə açıq şəkildə
danışar, tənqidi məqamları bildirməkdən
çəkinməzmiş. Müharibədən
sonra isə Yazıçılar İttiqafının baş
katibi postundan gedib, Vyoşenskiyə köçüb.
İndiyə qədər də Şoloxovu sovet
yazıçıları Sinyavski və Danielin məhkəmə
işində ittiham edirlər. Ancaq digər ehtimallara
görə Şoloxov dəfələrlə bəyan edib ki,
Yejovun ölüm kampaniyasına onun iştirakını
salmasınlar. Amma Anna Axmatovanın
müdafiəsi üçün dəfələrlə Stalinə
məktublar göndərib, üzbəüz söhbətlərdə
bunu bildirib. Yalnız 15 illik mücadilədən sonra
Axmatovanın şeirlərindən ibarət kitabının nəşrinə
nail olub. O, həm də Axmatovanın oğlu Lev Qumilyovu da həbsdən
qurtarıb. Həbsdən Emma Çesarskyanı
xilas edəndə isə çox sevinib. Bütün bu
yaxşılıqlarına baxmayaraq, onu ömrünün
sonuna qədər ittiham etməkdən çəkinməyiblər:
"Onun yaradıcılığı saxta olub. 23
yaşında o cür romanı yaza bilməzdi".
Yaxşı əməllərini isə "özünü
göstərmə" kimi qələmə veriblər:
"Şoloxov özünü reklam edir. Əslində
isə Stalinin qələm adamları arasındakı baş
casusudur".
Azər QİSMƏT
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.31.