Mirzə Cəlilin tanatoqrafiyası
Mirzə Cəlil Azərbaycanın
ən böyük tanatoqrafıdır (Tanatos
yunanca "ölüm"
deməkdir). Tanatoloji motivlər və
obrazlar onun xatirələrinin, yuxularının
və əsərlərinin
əsasını təşkil
edir. Söhbət təkrarlanan və
bir tipoloji qrupda birləşən elementlərdən gedir.
Ölüm onun həyatını müəyyənləşdirən, gündəlik düşüncələrini
məşğul edən
ən sirli və qorxulu bir hadisədir. Ölüm psixikasının
simvolik dili olub, onun psixoloji
həyatını qeyri-şüuru
olaraq modelləşdirir.
Məsələn, psixoanaltik
səviyyədə Qurbanəli
bəyin axurda gizlənməsini tabuta girməsi kimi, simvolik ölümü kimi mənalandırmaq mümkündür: "Axurun
içində kəfənə
bürünmüş bir
şey naçalnikin gözünə sataşdı...
Qurbanəli bəy yerindən
heç tərpənmədi"
("Qurbanəli bəy").
Bəlkə də ölümdən gizlənmək üçün
onu kinayə ilə xatırlayırdı? Düşünürəm
ki, kinayə bədii modus və estetik kontekst kimi yaradıcılığında
bu qədər güclü olmasaydı, onu eksistensializmə şamil etmək olardı...
"Ölülər"də ölüm sakral hadisədən gündəlik,
ironik hadisəyə çevrilir. İrəvanın müsəlman toplumu
qəbristanlıq, ölülər
dünyası kimi təsəvvür edilir.
Yas törənini, ölüm
aktını kinayə
dili ilə yuxu sferasına daxil etməklə içindəki ölüm
qorxusunu çıxartmaq
və ya ölüm xofunu boğmaq istəyirdi?
Ölümə qarşı kinayəsi,
istehzası və yumoru o dərəyəcə
çatır ki, personajlar yuxularında mərhumları, ya da kiminsə öldüyünü görürlər:
"Mən özüm,
doğrusu, yuxuya heç o qədər də inanan deyiləm: amma o gecə yuxuda gördüm ki, bizim Məşədi Kazım vəfat edib" ("Nigarançılıq");
"Xeyir olsun, yuxuda gördüm ki, rəhmətlik Şərəbanı əmidostum
minib bir eşşəyə, bizə
qonaq gəlib. İndi gəlməsin. Rəhmətlik
məni çox istərdi..." ("İranda hürriyyət").
Həmidə xanım xatirələrində
yazır ki, "Mirzə Cəlil yuxuya inanmazdı, lakin mayın 18-də şəhər yerindən
pəjmurdə durmuşdu. O, dəhşətli
yuxu görmüş və bundan çox ağır mütəəssir olmuşdu.
Yuxuda o, çoxlu ölən, can verən və qan görübmüş.
Həmin gün axşam qızım Minanın yanına getmək istəyirdim (axır zamanlar o çox bədbin idi, çünki böyrəyinin
ağrıları ona
çox əziyyət
verirdi. Qorxduğu üçün operasiyaya razı olmurdu), ancaq nədənsə yubandım.
Birdən qapı açıldı.
Minanın on bir yaşlı oğlu Rəşid təlaşlı
vəziyyətdə içəri
girib dedi ki, anam özünü
güllə ilə vurub öldürüb.
Mirzə
Cəlili dəhşət
bürüdü... "Sən demə o, Minanın ölməyini də yuxuda görübmüş".
Mirzə Cəlil ölümü oyun stixiyasına daxil edir. "Kamança"da qədim
qurbanlıq ayini "oynanılır". "Kişmiş oyunu"nun süjeti arxaik "ölü oyunu"nu xatırladır. İki erməni
Zurnalı kəndinə,
bəydən borcunu almağa gəlir. Guya ki, bir
dəvə karvanında
kişmiş qarət
edərkən dəvəçiləri
öldürmüş zurnalıları
ələ verər adıyla kənddən qaçırtmaq üçün
"kişmiş oyunu"nu
oynayırlar: "Biz elə
bildik ki, bu da kişmiş
tayıdır, amma səhv edirdik. Cahıllar içəri sürüdükləri, qana
bulanmış adam ölüsü idi".
Yazıçının xatirə yaddaşı sanki "bu qaranlıq dünyanın"
proeksiyası idi,
"bu dünyanı"
vaxtsız tərk etmiş insanların tarixçəsi idi. "Amma iki ay bundan
sonra biçarə dayım oğlu ruh azarına giriftar oldu. Və səbəbsiz yerə başladı təzə övrətini döyməyə
az keçmədi ki, dəliliyi şiddət elədi və axırda öldü getdi"
("Xatiratım"). Amma "Xatıratım"
da nədənsə ağır xəstə olan həyat yoldaşını Tiflisə
gətirməsini təsvir
etsə də, onun ölümündən
danışmır...
"Anamın kitabı"
pyesi Zəhrabəyimin
ölümü ilə
bitir. Zəhrabəyim
ona əsərin bədii məkanına ruh kimi daxil
olub, ruh kimi də oranı
tərk edir: "Mirzə Məhəmmədəli
anasının əllərini
soyumuş və can üstə görüb, qalxır durur övrətin başının
üstündə və
başlayır fatihə
surəsini oxumağa".
Mirzə Cəlildə nigarançılıq
ölümlə bağlı
yaşantı prosesidir,
ölüm təcrübəsinin
gerçəkləşdiyi təhtəlşüur aktıdır. Nigarançılığın üfüqündə həmişə bir ölüm gözləntisi
var. Mehmanxanada dörd
nəfərin nigarançılığı
qara, bəd xəbərdən (ölüm
xəbəri) qaynaqlanır.
"Üç il, ya bəlkə
dörd ildi, yoxsa yadımda deyil, bizim Baxşəli
bəy gedirdi Gəncəyə. Apardım vağzala,
bileti aldım və yola saldım
getdi. O günün
sabahısı Tiflisə
xəbər gəldi ki, dəmir yolda bir maşın
uçub dağılıb
və miniklərdən
bir neçə nəfəri şikəst
olub və neçəsi də ölüb. Mən bunu eşitcək,
dəxi ölüm getdim" ("Nigarançılıq").
Öz ölümünə
münasibəti də
dünyagörüşünə uyğun gəlirdi, ona görə də onu sakrallaşdırmaq
istəmirdi.
Əslində elə ölümlər
var ki, bilavasitə
öz ölümünə
işarə və ya bərabər idi: Mirzə Fətəlinin ölümü
ilə bağlı xoşagəlməz hadisəni
də unuda bilmirdi.
Sabirin vaxtsız
ölümü onu yandırmışdı. Əliqulu Qəmküsarın
qətli bərk sarsıtmışdı. Onlara həsr
etdiyi anım yazıları bu şüuraltı ağrının
ifadəsidir.
Mirzə Cəlildən musiqi "ölülər dünyası"
ilə əlaqə saxlama imkanıdır. Bütün pyeslərinin
sonunda musiqi çalınması bu üzdəndir. Spiritual-magik
seansa çağırılmış
ruhlar kimi, axırda aktyorlar da "bu dünya"nı musiqi sədaları altında tərk edirlər.
Baxşının kamançası Qəhrəman
yüzbaşıya ermənilərin
öldürdüyü Heydərin
obrazını xəyalında
canlandırır: "Qaraş,
sən öləsən,
biçarə Heydər
gəlib durub gözümün qabağında.
Ax, vay!" ("Kamança")
Mirzə Cəlil də ölümündən bir
neçə gün öncə kamança çalıb "o dünya"
ilə əlaqə saxlayır. Həmidə xanım xatırlayır:
"Dekabrın 30-da uşaqlar
evdə yox idi. Mirzə Cəlil öz
otağında uzanıb
istirahət edirdi.
Mən yemək otağında nə isə tikirdim. Bu zaman o yerindən durub əl-üzünü yuyub,
Midhətin otağına
keçdi və kamançasını götürüb
öz otağına gəldi... Oturub kamança çalmağa
başladı. O elə
gözəl və yanıqlı çalırdı
ki, mən qeyri-ixtiyari olaraq işi buraxıb ona qulaq asırdım.
Çaldığı son hava o dərəcə
təsirli və yanıqlı idi ki, adamın ürəyini yandırırdı.
Kamançanın naləsini eşitdikcə
ixtiyarsız olaraq ağladım. O, çalıb
qurtardıqdan sonra ayağa qalxıb kamançanı öz yerindən asdı.
Bu, onun son dəfə
kamança çalması
idi".
Tanatos (ölüm
obrazı) daim izləməkdə davam edib - təhtəlşüur
həmişə öz
"işində olub". Ona görə də Mirzə Cəlil "Başqasının ölümü"nü
öz ölümü
kimi sinxron yaşayırdı: "Dekabrın
axır günləri
idi. Mirzə Cəlil və
mən oturub çay içirdik.
Mən ona mərhum atam haqqımda bəzi söhbətlər
etdim, onun sətəlcəm olub çox əziyyətlə
ölməsini danışdım.
Sonra atam haqqında yazdığım xatirənin
bir dəftərini ona oxudum. Xatirəni maraqla dinlədi və yazıb davam etdirməyi məsləhət gördü".
Mirzə Cəlilə görə, Həmidə xanım atasının ölümünü
deyil, onun ölümünü yazmışdı. Ona görə də soruşur: "Nə üçün dəftərin
axırında imza qoymursan?" Bu sözləri
deyib dərin nəfəs aldı və dedi: "Mən qəfildən öləcəyəm. Heç kəsi
narahat etməyəcəyəm".
Artıq
real ölülər və
virtual ölülər arasında
sərhəd o qədər
şəffaflaşır ki,
özünü də
orda görür:
"Yanvarın 3-də Mirzə
Cəlil qənd almaq üçün Fioletov küçəsindəki
əmanət kassasından
pul götürməyə
getmişdi... İki saatdan sonra geri
qayıtdı və kassadan götürdüyü
pulu mənə verib dedi: "Bu gün bir neçə
dəfə dəfn mərasiminə rast gəldim. Yaman çox adam
ölür..."
Bu, Mirzə Cəlilin sonuncu tanatoqrafı Həmidə xanımın
xatırlamasıdır...
Rüstəm Kamal
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.26.