Anamın yuxu gördüyü ev
Esselər
Anam ömrünün
az qala 60 ilini bu evdə keçirib. Anamın ömrünün
şahididir bu ev. Atamla özü
tikib bu evi- kərpicini kəsib, suvağını
vurub, şirələyib.
Bu evin hər
kərpici anamı yaxşı tanıyır.
Bu ev anamın
yuvasıdır. Yeddi uşaq bu evdə
"ana" , "ata" deyib, bu evdə iməkləyib,
yeriməyi öyrənib.
Bu evin gözü
qarşısında böyüyüb
anamın uşaqları
- anamın necə əziyyət çəkdiyini
görüb. Atam işdə
olanda, soyuq qış günlərində
bu evi isitmək
üçün özü
odun doğrayıb, başına qar tökə-tökə evin
içinə daşıyıb
odunları. Bu evi anam isidib.
Hər səhər tələsə-tələsə
bu evi yığışdırıb,
sonra isə pambıq tarlasına gedib- yayda alaq
etməyə , payızda pambıq yığmağa.
Yorğun halda qayıdanda
ketmənini bu evin çöl divarına söykəyib,
özü isə pilləkəndə oturub bir günlük yorğunluğunu unutmağa
çalışıb.
Bu ev anamın
kədərli-sevincli günlərini
onunla birgə yaşayıb. Övladları
ali məktəbə
girəndə bu ev anamın sevincinə şahidlik edib. Bu evdə
anam zənbil hazırlayıb, Bakıya,
tələbə qızlarına
göndərib. Bu ev anamın yaddaşıdır sanki.
Bu ev anamın
xatirə dəftəridir.
Hər vərəqində ömrünün
bir günü yazılıb.
...İndi yeddi uşağın hərəsi
bir yerdə özünə yuva qurub. Böyük qardaşım
da bu evdən
bir neçə metr aralı müasir üslubda ev tikib.
Amma anam o təzə evə uyğunlaşa bilmir. Səhərdən-axşamacan bu evdə qalır, bir də axşam tək qalmaqdan qorxduğu üçünmü,
ya başqa səbəbdən qardaşımgilin
evində yatır.
Anamın iki çarpayısı
var. Biri aşağı
evdə- biri isə qardaşımın
evində.
Biz kəndə gedəndə
ikiqat sevinir anam- çünki gecəni öz evində keçirəcək.
Anam deyir ki, təzə evdə rahat yatsa da, nədənsə
yuxu görə bilmir.
P.S. İndi nə anam var,
nə də o ev...
Uşaqlıq illərimin şəkilləri
Uşaqlıq dövrümlə bağlı
demək olar ki, heç bir şəkil yoxdur. İlk şəklim 4-cü sinifdə oxuyanda, ad günümdə çəkilib.
Yadımdadır, atamla rayon mərkəzinə
getmişdik. Mən təkid
etdim ki, şəkil çəkdirək.
Təxminən 10 yaşım olanda.
O şəkildən başqa
heç bir şəklim yoxdur uşaqlıq illərimə
aid. Sonrakı illərdə məktəbdə
çəkdirdiyimiz şəkillərim
var. Amma məhz 10 yaşımdan o tərəfdə
qalan illərimdən heç bir yadigar yoxdur. Bilmirəm, bunun günahı kimdədir? Yaşadığım kənd şəraitindəmi?
Başı öz iş-güclərinə
qarışmış valideynlərimdəmi?
Yoxsa ibtidai sinifdə bizə dərs deyən müəllimlərdə?
Deyirəm, bəlkə şəhərdə
yaşasaydıq ən
azı "Foto" yazılmış yerlərin
yanından keçərkən
valideynlərimin yadına
düşərdi şəkil
çəkdirmək. Bəlkə valideynlərimin kasıb olmasında axtarım bu səbəbi? Məişət problemləri başlarını
qatmasaydı bəlkə
də biz uşaqların
şəklini çəkdirmək
kimi işlər də yadlarına düşərdi.
Uşaqlıq illərimdən bəzi anlar yaddaşıma hopub qalıb. İlk dəfə
məktəbə getməyim,
qələm tutmağım,
tənəffüslərdə evimizə qaçmağım
və sair. Amma məktəbə gedən,
qələm tutan, tənəffüsdə evə
tərəf qaçan
o uşağı təsəvvür
edə bilmirəm.
Həmin
anlar barədə düşünəndə uşaqlıq
illərimin yeganə yadıgarı olan şəkildəki məni
təsəvvür edirəm.
Həm birinci sinifdəki, həm də dördüncü sinifdə
olan hadisələri xatırlayanda özümü
o yeganə şəkildəki
kimi təsəvvür
edirəm. Hərdən anam uşaqlıq illərimlə bağlı
hansısa xatirəni yadına salır.O danışdıqca həmin
anlar kino lenti kimi göz
önümdən gəlib
keçir. Amma yenə
də özümü
təsəvvür edə
bilmirəm- həmin anların əsas obrazı tanıdığım
başqa uşaqlar olur.
Uşaqlıq illərimdən şəkil
yoxdur. Mənim uşaqlıq illərimin
ayrı-ayrı anları
böyüdüyüm evin
divarlarına hopub qalmışdı. Sonralar o evin
palçıq suvağı
sementlə əvəz
ediləndə yoxa çıxdı o anlar.
Həyətimizdəki, bəlkə valideynlərimdən
də yaşlı olan tut, qarağac ağaclarının yaddaşına
hopubmuş uşaqlıq
illərimin bəzi anları. Əsən küləklər, yağan yağışlar
yuyub aparıb o ağacların yaddaşını.
O ağacların budaqları
qırıldıqca o ağacların
yaddaşı da qırıq-qırıq olub.
İtib dağılıb uşaqlıq
illərimin anları.
Dörd il
oxuduğum ibtidai məktəbin partalarının,
lövhəsinin yaddaşında
qalıbmış uşaqlıq
illərimin anları.
O məktəbin binası
uçurulanda, binanın
kərpicləri torpağa
qarışanda o binanın
yaddaşında olanlar
da torpağa qovuşdu...Torpağa çevrildi mənim uşaqlıq anlarım....
Ayaqyalın qaçdığım kənd yolunun yaddaşında neçə
illər yaşayıb
mənim uşaqlıq
anlarım... Yayda tozlu, qışda palçıqlı olan o yollara daş döşənəndə həmin
xatirələr daşın
ağırlığına dözə bilməyib əzik-üzük oldu....
Uşaqlıq illərimin xatirələri
daha çox atamın yaddaşında yaşayırdı. Atam dünyasını
dəyişəndə onları
da özü ilə apardı.
Anamın yaddaşında yaşayır
uşaqlıq illərim.
Anam qocaldıqca onun yaddaşı da kövrəkləşir, tez
sınıb tökülür
xatirələr. Kim bilir, bəlkə nə vaxtsa insanların yaddaşına
hopanların şəklini
çəkmək mümkün
olacaq?! Kim bilir...
Uşaqlıq illərimdən yalnız bircə şəkil qalıb....10 yaşımdan
o tərəfdə qalan
illərin ayrı-ayrı
anları torpağa qarışıb. Nə qalıbsa anamın yaddaşında qalıb....Anam qocaldıqca onlar da yavaş-yavaş
əriyir, yoxa çıxır....
Uşaqlıq illərimin şəkilləri
- mənim heç zaman görə bilməyəcəyim şəkillər!!!
Sevil GÜLTƏN
Ədəbiyyat qazeti.- 2018.- 9 iyun.- S. 25.