Kalvinonu oxumayanlar üçün
"Mən elitar
sənət adamıyam. Mənə çox
oxucu lazım deyil. Kütləvi deyiləm". Bu sözləri, adətən,
oxucusu olmayan yazıçılar deyir.
Başadüşülən haldır. Birmənalı olmasa da, özünə
görə haqlıdır.
İstedadlı qələm adamı
baxırsan ki, oxucunun diqqətini cəlb etmir. Bəs bunun səbəbi nədir? İntellektual emosiya çatışmır.
Oxucunun azlığından mənən
sarsılanlar, əzab
çəkənlər də
olur. Əhəmiyyət vermiyənlər də. Ciddi mövzudur. Çünki ona görə
yazmaq və yazmamaq arasında nevroza çevrilənlər
olur.
İtalo Kalvino "Bir qış gecəsi əgər bir yolçu" romanında
oxucu və təhkiyəçi arasında
ünsiyyəti işləyir. Tanış, işlənmiş yazı
metodlarına kinayə
edir.
"Yazıçının məqsədini anında
hiss edirsən, gözündən
heç nə qaçmır. Amma eyni vaxtda müəyyən
bir ruh düşkünlüyü
də yaşayırsan:
tam olaraq həqiqətlə
maraqlanmağa başladığın
vaxtda yazıçı
dünya yazı sənətində adət
halını almış
böyük ustalıq
nümunələrindən birini tətbiq etməyə başlayaraq eyni paraqrafı sözbəsöz təkarlayır".
Oxucu gec də olsa anlayır
ki, oxuduğu kitab Kalvinonun "Bir qış gecəsi əgər bir yolçu" romanı
deyil. Kitabda texniki problemlər
var. Cildlənərkən eyni
səhifə təkrarbətəkrar
yığılıb. Oxucu səhv verilən kitabı dəyişmək
üçün kitab
dükanına gəlir.
Orada Lüdmilla adlı qızla tanış olur. Lüdmillaya da səhv cildlənmiş kitabdan veriblər. Evə qayıdanda yenidən
həvəslə kitabı
oxumağa başlayır.
Ancaq bu kitab da
əvvəlki kitabın
davamı deyil. Eyniliyin bezdirici atmosferi. Tehran Əlişanoğlu demişkən bu lap "perpertium mobile"dır ki.
Onda vacib olan, ən uyğun
variant hansıdır? Oxumağın verdiyi ləzzətdir.
Bədii əsərdə
ağıl və ruhun daim həyatla
bağlı bir hadisə ilə üzləşməsi, nəyisə
xatırlaması, hiss etməsi
mütaliə prosesində
oxucuda mənəvi travma yaradır. Halbuki, əyləncəli, çoxsəsli
təhkiyədə oxucu
həmin anda mütaliənin verdiyi estetik zövqü hiss etməlidir. "Dünəndən bəri
bax belə dəyişdin, bir kitabı qarşında duran, asanlıqla ifadə ediləcək, heç bir təhlükəli işə
girişmədən dadılacaq
konkret bir şeyi real həyat təcrübəsi kimi, əllə toxunulmayan, ardıcıllığı olmayan
müzakirəli bir məsələyə çevirdiyini
inadkarlıqla deyən
sənsən".
Oxucu həyatda
yanıldığı kimi
mütaliə prosesində
də səhv bir mətni oxuya bilər. Əsas olan
oxuduğundan zövq almasıdır. Kalvino ədəbiyyatın
birinci dərəcəli
əsası olan zövq vermək və almaq həqiqətini
postmodern oyun estetikasına
çevirir. Bir kitabın,
bədii əsərin
konkret nəsnələri
mücərrəd dünyalara
çevirə biləcək
iqtidarda olduğunu mənalandırır. Kitabın mücərrəd
dünyasında dominant rolu
oxucu oynayır. Çünki bütün
hiss və duyğuları
yaşayan, konkreti mücərrədə çevirən
oxucudur.
Oxucunu heyrətləndirmək
çətindir. Vizual sənətlər erasıında daha müşkül bir işdir. İntellekt və emosiya
birləşməlidir. Yeni yazı texnologiyaları və poetik istedadın kollajından oxucunu cəlb edən mətnlər yaranır. İşin
texnikasını bilən
və düşüncə
xəritəsi geniş
olan yazıçılar
məna estetikasında
uduzurlar. Bədii keyfiyyət isə
struktur estetikasında
dirənib qalır.
Bu məqamda Kunderanın
Kafka ilə bağlı
maraqlı və dəqiq bir fikri yada düşür.
"Kafkadan sonra
ədəbiyyat gömrüksüz
və polissiz qaldı". Yəni, hər
cür yanaşma və yazı tərzi üçün qapı açıldı.
Ədəbiyyat sərhədsizləşdi.
Sərhədsizliyi özünəxas yaradıcılıq yolları
ilə zənginləşdirənlər
isə azdır.
İstehlak cəmiyyətinin oxucusu kütləviliklə
elitarlığın qızıl
ortasında dayanır.
Və oxuyacağı kitabı gözləyir. Bir şərtlə
ki, hansısa şedevrin yüzüncü
dərəcədən kopiyası
olmasın. Elə Kalvino da maraqlı oyun estetikası ilə demək istəyir ki, yazılan romanlar ya eyni
səhnə və hadisələrin kopiyası,
təkrarıdır, ya
da rabitəsiz, əlaqəsiz pasajlardır.
Daha bundan nə gözləmək olar.
Heç
nə. Vəssalam.
Ülvi BABASOY
Ədəbiyyat qəzeti.- 2018.-
9 iyun.- S.25.