Oljas Süleymenov:

"Bakı mənə doğmadır”

 

Dünya şöhrətli dahi qazax ədibi və alimi ilə Almatıdakı Dostluq Evinin həyətində təsadüfən rastlaşdıq. Azərbaycandan olduğumu, Bakıda bir dəfə görüşdüyümüzü xatırladan kimi qıyıq gözlərindəki yorğunluq və qayğı dərhal yox olub getdi. Təkrarən qucaqlaşıb-öpüşdük. İlk kəlmədəcə "necədir Bakı, necədir Anar?" söylədi və sevgi dolu baxışlarını sifətimdə gəzdirdi. Yalnız cavabımdan tam arxayın olandan sonra məşhur aynabəndli orijinal sarayın qapısından keçib enli pilləkənlərlə ikinci mərtəbəyə qalxdıq. Tarixi fürsət idi, qaçırmaq, məqamı itirmək olmazdı. Bir də haçan, nə zaman bu nəhəng türk oğlunu görəcəkdim. Qismət olacaqdı-olmayacaqdı, tale məsələsiydi. Dərhal ətrafımızda qarışqa kimi qaynaşan telemüxbirlər, fotoqraflar, qəzet-jurnal əməkdaşları bizi mühasirəyə aldılar. Oljas Öməroviç təmkinlə hamını sakitləşdirdi, həmyerlilərinə işarə etdi ki, "Qonağım var, uzaq durun." Beləliklə, atüstü müsahibəmiz alındı.

 - Oljas Öməroviç, maşallah, gümrahsınız. Yaradıcılıqla müntəzəm məşğul olur, özünüz demişkən, yarımçıq elmi-publisistik məqalələrinizi, esselərinizi, tarixi oçerklərinizi tamamlayırsınız.

- Problem qocalıqdır (gülür). Qalan hər şey yerindədir. Azox gördüyüm işlər də var, görə biləcəyim də, görmək istədiyim də. Anadangəlmə vərdişdi, adətdi, bilmirəm, nədən yazıramsa yazım, özümü qabaqcadan gərək hazırlayım, o yükü içimdə gəzdirim, çiynimdə daşıyım, sonra varağa köçürüm, yerə qoyum.

Təkcə poeziya istisnadır. Harda gəldi, orda doğulur. Çünki şeir tam fərqli ovqatdır, o, Allahın sözüdür, sənin deyil. Əlbəttə ki, bütün zamanlar üçün nümunə ola biləcək həqiqi şeiri nəzərdə tuturam. Heyrət doğuracaq ilahi sözdü şeir. Hərçənd, bizim Şərqin dahi düşüncə sahibləri, filosofları, təbibləri bəzən elmi risalələrini nəzmlə yazıblar.

 - Azərbaycanda çox populyarsınız və sevilirsiniz. Bədii və elmi əsərlərinizin əksəriyyəti müxtəlif qələm adamları tərəfindən məhəbbətlə dilimizə çevrilib. Siz ulu türkün bağrından qopmusunuz. Ona görə sözünüz bu qədər qədimdi, sirəli və təsirlidir. Bunu düşmən də etiraf edib, dost da.

- Götürəndə, qədim türkün Vətəni və dili birdi, ərazisi sərhədsizdi. Bu genişlikdə dənizlər, göllər, iri çaylar, səhralar, dağlar mövcuddur. Azərbaycan həmin o geniş torpağın Xəzər boyunca uzanan bir parçasıdır. Mən Azərbaycanın həmişəlik vurğunuyam. Etiraf edim, bütün müstəqil türkdilli ölkələrin paytaxtlarından mənə ən doğması Bakıdır. Burdakı mühitdi, insanlardı, ab-havadı. Başqa doğma şəhərlər var, onlar hardasa hamısı bir-birinə oxşayır, Bakı fərqlidi, daha orijinaldı, koloritli və əzəlidi. İndi, müasirlikdə Avropa ilə Şərqi özündə birləşdirib, gözəlləşib.

Böyük siyasətçi və ictimai xadim Heydər Əliyevi ata qədər sevmiş, fəaliyyətini həmişə qiymətləndirmişəm. Rəsul Rza keçmiş SSRİ-nin 5-6 novator şairi ilə mənim üçün eyni sıradadır. "Az i Ya" kitabımda hətta ondan sitat gətirmişəm. Milli ruhlu Bəxtiyar Vahabzadəni təqdir eləmişəm. Təxminən bir dövrdə yaşamış qazax Abay Kunanbayevlə Mirzə Ələkbər Sabiri ayırmamışam. Lakin əski ənənələr üstə köklənən Şərq poeziyasının ən qədim qolu kimi Azərbaycan şeiri daha dərin, daha üstündür. Bir xalqın ki, Nizamisi, Füzulisi, Axundovu, Əli bəy Hüseynzadəsi var, o xoşbəxt xalqdır. Azərbaycanı sevməmək mümkün deyil..

Bakıda ədəbi mühit qaynardır. Anar, Elçin, Çingiz Hüseynov, Kamal Abdulla, Sabir Rüstəmxanlı, Məmməd İsmayıl dostlarımdır. Mərhum dilçi Aydın Məmmədov ayıq, fikirlərində sərrast, özünəməxsus idi, Moskvadan tanıyırdım. Eləcə də tərcüməçilərimdən Cabir Novruzu, İsa İsmayılzadəni, Natiq Səfərovu bəyənirəm.

Son illərdə isə cavan həmkarlarım - Akif Əhmədovhmədgil), Elxan Zal şeirlərimi, məqalələrimi çevirir, Azərbaycan oxucusuna çatdırırlar. Hamıya minnətdaram.

"Düşmən" sözünü işlətdiniz. Mənim konket düşmənim olmayıb heç vaxt. Düşmənim SSRİ rejimiydi, rus xalqı deyildi. Mübarizəm, nəhəng kabusla ideoloji-elmi mübarizəmdi, bu həyatımın bahasına başa gələ bilərdi. Onlara əski türk məsəlini çəkinmədən xatırladırdım: "Gəmidə oturub gəmiçiylə dalaşırsınız". Deyəndə ki, qədim türklərin ilk vətənləri uzaq Şərqdən, Monqolustandan, Çindən, Mancuriyadan indiki Volqaboyuna qədər uzanan torpaqlardı, məni daşqalaq eləmək istəyirdilər. Mən tarixi izlərə, toponimlərə, arxiv materiallarına əsaslanırdım. Heç nəyi saxtalaşdırmırdım, özümdən kəşf etmirdim. Yakutları, altayları, tuvalıları, uyğurları, xakasları, şorları, tatarları, başqırdları, Orta Asiya xalqlarını misal çəkirdim. Bəs bunlar göydən düşüb və ya yerdən çıxıblar? Nəhayət, tarixi dövr yetişdi, qırmızı imperiya parçalandı, sözüm bir daha real təsdiqini tapdı. Beləcə...

- Necə oldu ki, tarixçi-arxeoloq, etnoqraf, dilçi-filoloq olmaya-olmaya türkün etnosunu araşdırmağa başladınız? Qədim adlar, maraqlı toponimlər, yurd yerləri, dövlətçilik tarixləri məqalələrinizin, şeirlərinizin mövzusuna çevrildi. İlk dəfə hardan, necə təsirləndiniz?

- Geoloq-mineroloqam, həqiqətən ixtisas başqa şeydi, genetika və göz yaddaşı başqa. Mən kitabdan daha çox gen yaddaşıma arxayınam, fəhmim isə heç vaxt məni aldatmayıb, göz yaddaşım da eləcə, itidir. Cavan vaxtlarımda Sibirdə, Uralda hansı dağın, çayın, kəndin adını soruşurdum, əski türk toponimi çıxırdı. Sonra Nikolay Qumılyovun, mərhum Lev Qumilyovun (oğlu) türkyutlar (Qədim türklər) barədə çoxsaylı məqalələrini tapıb su kimi içdim. Nikolay güllələnmişdi, Lev həmişəlik uzaq Şimala sürgünə göndərilmişdi, kitabları qadağan olunmuşdu, birtəhər əldə edir, tapıb oxuyurdum. Beləliklə, qədim əcdadlarımızı, onların dilini, yurd yerlərini öyrənməyə, köklü sürətdə araşdırmağa içimdə ehtiyac yarandı.

Sovet tarixinin yanlışlığını tələbəykən sezmişdim. Ancaq onu yazan alimlərin, tarixçilərin, dilçilərin hamısı piyada, savadsız deyildilər, sadəcə, mövcud quruluşun alətinə çevrilmişdilər. Zindanlar, sürgünlər, deportasiyalar, güllələnmələr, KQB təzyiqləri "Xalqlar həbsxanası" (Soljenitsın) adlanan SSRİ-nin kələyini kəsmiş, adamların inamını sarsıtmışdı. Ötən əsrin 70-80-ci "zastoy" (durğunluq) illəri o qorxulu çağların acı xatirələrini saxlasa da, hardansa bir Oljas durub həqiqəti deməliydi və bir partiya lideri (Dinmühəmməd Kunayev nəzərdə tutulur - müəllif) cəsarətini toplayıb müdafiəsinə qalxmalıydı.

 - İttihamlar irəli sürülmüşdü sizə qarşı. Haqqınızda "Pravda"da, "Literaturnaya qazeta"da təhqiredici məqalələr çıxdı. Maraqlıydı, Oljası nədə günahlandırırdılar?

- Hər cür saxta ittihamlar var idi. Qan-qan deyirdilər. Guya böhtan atmış, böyük bir xalqın tarixinə kölgə salmışdım. Kölgə nəydi, ləkə. Halbuki heç kəs fakt gətirmək istəmirdi, hamı havadan danışırdı. Mənim istər "İqor polku haqqında dastan" barədə, istərsə də qədim türklərin çölçülük və dövlətçilik ənənələri barədə yazdıqlarım arqumentlərə, tarixi dəlillərə, toponimlərin varlığına əsaslanırdı. Həqiqəti isə qandırmaq mümkün deyildi. Nəhayət, illər sovuşdu, kimin saxtakar olduğu üzə çıxdı.

Ancaq o zaman zərərli tendensiya xəstəlik kimi bütün Avropa alimlərinin şüuruna hopmuş, kök salmışdı: "Çölçülər dövlət və mədəniyyət yaratmağa qadir deyillər, onlar vəhşi, acgöz barbar tayfalardır". Etiraf, hər məsələyə səmimi yanaşma həqiqətin açarıdır, siviluzasiyanın yüksək həddə yetişdiyi indiki zəmanədə bəşəriyyətin buna ehtiyacı var. Əgər parlaq yunan-Roma intibahı hərmənalı etiraf olunursa, bütün xalqlara nümunə çəkilirsə, cahanşümül türk dövlətçiliyi və mədəniyyəti niyə etiraf edilməməli, kölgəyə alınmalıdır? Niyə Avropa... "hun və türk" sözlərindən indi də diksinməlidir? Hansı dövrdür? Axı, olan olub, keçən keçib, hər şey əbədiyyətə qovuşub.

 - Bəs heç sizi müdafiə edənlər yox idi? Axı Moskvada, Tbilisidə, Kiyevdə, Minskdə, Daşkənddə, Riqada obyektiv yazar dostlarınız vardı? Artıq Stalin xofu sovuşmaqdaydı, ölkədə əhval-ruhiyyə nisbətən yaxşılaşmaq üzrəydi.

- Adda-budda, barmaqla sayılacaq qədər. Hamı qorxurdu, çəkinirdi. Ömürlük "qara siyahı" ya düşmək, istəmirdi. Ancaq elə bir toxum səpmişdim ki, münbit mühitdə cücərməyə bilməzdi. Bunun məhsulu isə ötən yüzilliyin 80-ci illərin ortalarında şovinizmə qarşı vətənpərvər Almatı gənclərin başladığı üsyan dalğalarıydı, qəddar rejim rəhm etmədi, qırğın salıb qan tökdü. Necə ki, az sonra Bakıda bəhanə gətirib başqa formada "20 Yanvar" faciəsini törətdi. Bunlar bir-birlərini hardasa bağlayan zəncir halqalarıdır.

 - "Az i Ya" 1975-ci ildə kütləvi tirajla çap olunan kimi dərhal yığışdırıldı. Hətta kitabı gizlədən siravi oxucuları şantaj edir, əllərindən alıb oda atırdılar, özlərini ora-bura dartırdılar. Halbuki bunacan sizin "Köçərilər və Rusiya" (1962), "İqor polku haqqında dastan"da qaranlıq yerlər" ümumi başlıqlar altında silsilə məqalələriniz mətbuatda dərc olunurdu. Deyəsən "Az i Ya"ya qədər hər şey sakit tərzdə davam edirdi. Məhz bu əsər partlayış yaratdı.

- Doğrudur, o yazılar cəm şəkilində elmi-publisistik, tarixi-etnoqrafik esselərdir. Bəzən hər şeyi çılpaq demək mümkün deyildi, onda həmin məqalələrin paltarına əl gəzdirirdim, onlara bədii don geyindirə-geyindirə fikirlərimi çatdırırdım. "Az i Ya"-nın kəskin rezonansına gəlincə, bir var yüz min tirajla kitab nəşr edilsin, bir də var ayrı-ayrılıqda kiçik məqalələr. Kitabın təsir gücü daha böyük idi. Partlayışı bunda görürəm.

 - Oljas Öməroviç, daha sonra düşüncələrinizin xəritəsini genişləndirdiniz, sənədli və bədii filmlərin ssenarilərini yazdınız. Onları şeir və poemalarınızın, tarixi esselərinizin davamı hesab edirsinizmi?

- Kinossenari olsun və yaxud esse, məqalə, şeir, janr yalnız formadır, əsas ideyadır, məqsəddir. Ancaq obrazlı, metaforalı bədii sözün təsiriylə də hansısa həqiqətləri təsdiqləmək mümkündür. Qalan janrlarda qələmə aldıqlarım birmənalı sürətdə öncə yazdıqlarımın ardıdır: adlara diqqət yetirin: "Atalar yurdu" (1966), "Göy marşrut" (1968), "Qış çöl mövsümü deyil" (1972), "Məhəmməd", Sinif yoldaşları" və s. və i.a

 - İki il öncə 80 illiyiniz Azərbaycanda geniş surətdə qeyd olundu. Seçilmiş əsərləriniz dilimizə çevrildi, təkrar-təkrar çap edildi. Ədəbi orqanlarımız həmişəki kimi parlaq yaradıcılığınıza güzgü tutdu: "Azərbaycan", "Ulduz", "Ulu Çinar", "Körpü" dərgiləri. "Ədəbiyyat qəzeti" haqqınızda akademik Nizami Cəfərovun geniş məqaləsini verdi, sadə oxucuların Oljas sevgisi digər mətbuat orqanlarımızda bir daha əks-səda tapdı.

- Bunun üçün Heydər Əliyevin varisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, mədəniyyət işlərinə geniş aspektdə dəstək duran Birinci vitse-prezident Mehriban xanıma təşəkkür edirəm. Ulu Tanrıdan diləyim budur ki, qoy Azərbaycanın səsi həmişə ucadan gəlsin. Xalqın üzündən təbəssüm əksik olmasın. Bu mərd, məğrur xalq müstəqilliyi yollarında böyük faciələr yaşadı, torpaq itkisinə məruz qaldı, başı bəlalar çəkdi. İnşallah, kifayət qədər təcrübə qazanan, diplomatik gedişləri səbrlə öyrənən dostum İlham Əliyev tezliklə ağlı-kamalı sayəsində tədricən Qarabağı işğaldan qurtaracaq. Buna tam əminəm. Bütün Bakıda yaşayan dostlarımı bağrıma basır, uğurlarını izləyirəm.

 Sonda 2006-cı ildə Azərbaycanın "Şöhrət" ordenini aldığını söyləyən və bununla qürur duyduğunu bildirən Oljas bəy bu mükafatı bütün ödüllərindən və təltiflərindən daha qiymətli olduğunu dönə-dönə xatırladı. Mən də, "sizə hər şey ana südü qədər halaldır, Oljas Öməroviç" dedim.

 

 

Söhbətləşdi:

Ağacəfər Həsənli

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.24.