Yunus Oğuzun "Ovçu" əsərində
bədii və sənədli janr xüsusiyyətlərin
qarışıqlığı
Bədii
idrak metodunun sənədliliklə
bağlılığını əks etdirən Yunus
Oğuzun "torpaq uğrunda qazi və şəhid olanlara
ithaf" etdiyi "Ovçu" əsəri sənədli və
bədii janrların qarşılıqlı əlaqəsi
baxımından diqqəti cəlb edir. Yunus Oğuzun
"Ovçu" romanında bədii, sənədli və
tarixi janrların qarışıqlığı, ilk növbədə
isə, əsas hadisələrin tarixi faktlara uyğun
qurulması diqqətdən yayınmır.
Müəllif
tərəfindən oxucuya tarixi roman kimi təqdim edilən
"Ovçu" əsərinin süjet xətti
özünü müxtəlif dövrləri əks etdirən
hadisələrin təsvirində tapa bilmişdir: "XI əsr",
"Köç, 1948-ci il, Göyçə, Basarkeçər",
"41 il sonra Sabirabad rayonu, Muğan Gəncəli kəndi",
"31 Mart, 2016-cı il. Azərbaycan Respublikasının
Prezident sarayı", "2011-ci il. Cəbhə bölgəsi",
"XVIII əsr, Nadir şahın düşərgəsi",
"2011-ci il. Yerevan, Baş Qərargah", "Murada vurulan
qız. 2004-cü il. Muğan Gəncəli kəndi, Sabirabad
rayonu", "XI əsr. Kür qırağı",
""Ovçu" ova çıxır, dekabr, 2013-cü
il", "Aprelin 1-i, 2017-ci il, Cəbhə bölgəsi",
"XI əsr. Aninin alınması", "3 Aprel, 2017-ci il.
Muradın son döyüşü", "Bakı, Baş Qərargah",
"Cəbhə bölgəsi, ertəsi gün", "4
aprel, Prezident Administrasiyası". "Ovçu" əsərinin
xronotopu tarixi hadisələrin xronologiyasına riayət
olunmaması ilə fərqlənir, yəni əsərin
süjet xətti xronoloji şəkildə inkişaf etmir.
Süjetin inkişafı XI əsrin, XVIII əsrin, XX əsrin
(1948-ci il), XXI əsrin təsviri üzərində qurulur.
Zaman və məkan baxımından maraqlı tərzdə
qurulmuş əsərdə müxtəlif dövrlərin əks
etdirilməsindəki ardıcıllığın pozulması
maraqlı müəllif priyomu kimi diqqəti cəlb edir. Əsərin
xronotopu keçmiş, müasir zamanlar arasında dəyişərək
inkişaf edir.
Əsərdəki
xronotopun ardıcıllığının pozulması
zamanı maraqlı obrazlar qalereyası yaranmışdır. Məsələn,
əsərdə bir çox əsrlərə aid Muradların
təsviri müxtəlif zaman və məkan kəsiyində təsvir
edilirlər: XI əsr Usta Muradı, XVII əsr Nadir
şahın düşərgəsinə gələn Murad xan,
1948-ci il Göyçə, Basarkeçərdən olan Murad
kişi, 41 il sonra Sabirabad rayonu, Muğan Gəncəli kəndindən
olan Türkiyə Ali Hərbi Quru Qoşunları Məktəbinin
məzunu Murad Mirzəyev.
Yunus
Oğuz tarixi faktlar və rəsmi sənədlərdən
istifadə etməklə dövrünün mənzərəsini
yaratmağa nail ola bilir. Məsələn, "Aprelin 1-i, 2017-ci
il, Cəbhə bölgəsi" başlıqlı
bölümdə Azərbaycan xalqının tarixində şərəfli
səhifəyə çevrilmiş Aprel döyüşləri
əksini tapmışdır. Yunus Oğuz əsərdə Lələtəpə
və Talış yüksəkliklərini ələ
keçirmiş Azərbaycan ordusunun rəşadətini
işıqlandırmağa nail olaraq, bu çətin
döyüşün incəliklərinə aydınlıq gətirmişdir.
"Qaç, qaç canını qurtar, türklər gəlir,
birimizi də salamat qoymayacaqlar" deyən ermənilərin mərd
Azərbaycan döyüşçülərinin
qarşısında dayana bilmədiklərini bədii dillə
əks etdirməyə cəhd edən Yunus Oğuz bunun öhdəsindən
gəlməyi bacarır: "- İrəli! İrəli aslan əsgərlərimiz!
İndi hər şey sizdən asılıdır. Lələtəpə
və Talış yüksəkliklərini almayana qədər
dayanmaq yoxdur. İrəli!"
Müəllif
ermənilərin Lələtəpə və Talış
yüksəkliklərini geri qaytarmaq cəhdlərini tarixi fakt
və rəsmi sənədlərdən istifadə etməklə,
bunu siyasi yöndən izah etməyə cəhd etmişdir. Bu
yüksəklikləri itirmiş ermənilərin
keçirdiyi hiss və düşüncələri əks
etdirən müəllif bu faktı belə izah edir: "Erməni
komandanlığı isə başa düşürdü ki, əldən
verilən yüksəklikləri dərhal geri almaq
lazımdır. Bunun da səbəbləri vardır.
Hesablanmışdı ki, əgər bu yüksəkliklər
geri alınsa, birincisi Azərbaycan Ordusunda ruh yüksəkliyi
qalxacaq, ordu digər yerləri də azad etmək həvəsində
olacaq. İkincisi, Azərbaycan iqtidarı xalqın tam dəstəyini
alacağı halda, Ermənistanda hakimiyyət tam gözdən
düşəcək, orduda rüşvətxorluğun,
korrupsiyanın nəticəsində vəziyyətin nə yerdə
olacağı aşkarlanacaq. Üçüncüsü, Azərbaycan
tərəfi çox güclü beynəlxalq dəstək
alacaq". "Ovçu" əsərində maraqlı məqamlardan
biri də məhz yalnız tarixi hadisələrin bədii
şəkildə yenidən işlənməsində deyil, həm
də tarixi hadisələrin Yunus Oğuzun bir müəllif
kimi şərhi ilə əlaqəli olmasında
özünü büruzə verir.
Yunus
Oğuz müasiri olduğu hadisələrlə yanaşı,
həmçinin müasiri ola bilmədiyi hadisələri əsərində
təsvir etməyə nail ola bilmişdir. Müəllifin
müasiri olmadığı hadisələr XI, XVIII və XIX əsrlərdə
baş vermiş hadisələrdir: Aninin alınması, Nadir
şahın düşərgəsində baş verən
görüş və s. Məsələn, "XI əsr.
Kür qırağı" başlıqlı bölümdə
XI əsr tarixi hadisələri işıqlandırılmaqla, əsərdə
təsvir etdilən tarixi hadisələr ardıcıllıq
gözlənilmədən davam etdirilir. Əsərdə
Şirvanşah Fəriburzun oğlu Firidun bəyin Sultan Alp
Arslanın karvanı ilə üzləşməsi səhnəsi
maraqlı təsviri ilə diqqəti cəlb edirsə,
"XVIII əsr, Nadir şahın düşərgəsi"
başlıqlı bölümdə Murad xanın Nadir şaha
"Abdullah paşanın Qars qalasından çıxarıb
açıq döyüşə çəkə" bilməməsi
haqqında məlumat verməsi əksini tapmışdır.
XI əsri
təsvir edən Yunus Oğuzun Bakıdan Gəncəyə gedən
karvan yolunun qədimlərdən "İpək yolu"
adlandırılması faktına nəzər salması, həmçinin,
Azərbaycandakı karvan yolunun bəzən Şamaxı
yolundan keçməsinə toxunması diqqəti cəlb edir.
Belə ki, tarixi məlumata görə IX-XIII əsrlərdə
Şamaxı qərbdən Bərdə-Gəncə-Tiflis,
şimaldan Şabran-Dərbənd, şərqdən Xəzər
dənizi, cənubdan Pirsaat çayı kənarı ilə
uzanan karvan yollarına malik olmuşdur.
Əsərdə
maraqlı məqamlardan biri də XI əsrdə Şirvanda,
Qarabağda ermənilərin olmaması faktına müəllifin
aydınlıq gətirdiyi epizoddur. Şirvanşah Fəriburzun
oğlu Firidun bəyin oğlu ilə dialoqunda bu mənzərəyə
müəllif tərəfindən aydınlıq gətirilir:
"Üzünü oğluna tutub soruşdu:
-
Bizim məmləkətdə erməni, ya xristian
yaşayırmı?
Şahzadə
dərhal cavab verdi:
-
Xeyr, şahım, Şirvanda erməni yoxdur, xristianlar
yaşayır, amma onlar özlərinə alban
türkmanları deyir. Ta qədimdən oralarda kilsələr
tikiblər, ibadətlərini orada edirlər. Sakit həyat tərzi
keçirirlər.
- Bəs
Qarabağda?
-
Qarabağda da erməni yoxdur, orda da albanlar yaşayır".
Əsərində
hələ XI əsrdə Şirvanda, Qarabağda erməni
olmaması məsələsini qabartmış müəllif,
"XI əsr. Aninin alınması" başlıqlı
bölümdə Alp Arslanın dili ilə ermənilərin
Zox tayfalarından olmaları faktına aydınlıq gətirir:
"Zox tayfasından?... Hayları nəzərdə tutursan? Nəhayət
ki, kimsə bu məxluqatın əsl adını dilə gətirdi.
Yoxsa ki, bizim ərmən türklərinin adını bunlara ərməğan
etmisiniz?"
Ermənilərin
Göyçəyə gəlmə olmaları faktını
isə Yunus Oğuz obrazların dili ilə verməyə nail
ola bilir. Murad kişinin erməni qonşusu Gevorka
"Özün həmişə demirdinmi, ay Murad, sənin
babanın atası Murad bəy olmasaydı, biz ermənilər
buralardan torpaq ala bilməzdik".
Əsərin
"Köç, 1948-ci il, Göyçə, Basarkeçər"
başlıqlı bölümündə Yunus Oğuz tarixi
keçmişə dönmüş, bəzi ahılların
şahidi olduqları tarixi məqama oxucunu yönəltməyə
nail olaraq, Göyçənin dədə-baba torpaqları
olmasını vurğulayır. Əsərdə Dədə
Qorqudun məhz Göyçədə dəfn edilməsi
faktının xatırlanması, Göyçənin dədə-baba
torpaqları olması açıqlanır:
"Gözünün qabağına Göyçədə dəfn
edilən Dədə Qorqudun qəbri gəldi."
Yunus
Oğuzun "Ovçu" əsərində diqqəti cəlb
edən amillərdən biri də Azərbaycan Prezidenti
İlham Əliyevin obrazının əksini tapmasıdır. Əsərin
"31 Mart 2016-cı il. Azərbaycan Respublikasının
Prezident sarayı" başlıqlı bölümündə
1918-ci ilin 31 mart tarixində ermənilərin azərbaycanlılara
qarşı törətmiş olduğu vəhşiliklər
xatırlanmış, soyqırımın qurbanlarının
isə xatirələrinin anılması faktı
işıqlandırılmışdır...
Əsərdə
atalar və oğullar məsələsinə nəzər
salınması nəsillər arasındakı
davamçılıq şəklində təqdir olunur. Əsərdə
atalar və oğullar məsələsi ümummilli lider Heydər
Əliyev və Prezident İlham Əliyev obrazlarında
özünü qabarıq şəkildə göstərməkdədir...
Yunus
Oğuzun "Ovçu" əsərində əlavə
süjet xətləri və səhnələrinin daxil edilməsi
faktı da zəruri amil kimi qabarıq şəkildə
özünü göstərmişdir. Nəticədə əsərdə
tarixi faktın əsaslı şəkildə yenidən
işlənməsi nəticəsində "sənədlilik"
ikinci plana keçir. Bu zaman "sənədlilik" hadisələrin
əsasını müəyyən edir. Məsələn,
Milli Qəhrəman Murad Mirzəyevin ömür və
yaradıcılıq yolunu açıqlayan epizodlarda bunu
müşahidə etmək mümkündür. Milli Qəhrəman
Murad Mirzəyev 1948-ci ildə Göyçə, Basarkeçərdə
sürgün edilən zaman, ata-baba torpaqlarını qoyub gəlmək
istəməyən rus serjantı tərəfindən qətlə
yetirilmiş Murad kişinin nəticəsidir. Bir neçə
dili (türk, ingilis, rus, erməni dillərini) mükəmməl
bilən "Ovçu" ləqəbli Milli Qəhrəman
Murad Mirzəyevin həyat və fəaliyyətinə
işıq salan Yunus Oğuz hələ yeddinci sinfi yenicə
bitirmiş on üç yaşlı bir uşağın səkkizinci
sinfi yekunlaşdırdıqdan sonra sənədlərini hərbi
məktəbə vermək istəyini təsvir etməsi,
Muradın hərbçi olub itirilmiş torpaqları geri
qaytarmaq arzusu gənclərimizi vətənpərvərlik
ruhunda tərbiyə edilmələrinə səsləyişdir:
"Mən zabit olmaq istəyirəm. İtirilmiş
torpaqlarımızı bir metr də olsa geri qaytarmaq istəyirəm,
ata. O zaman istəyimə çatacam. Ermənilərlə
döyüşmək istəyirəm."
Yunus
Oğuzun "Ovçu" əsəri bədii dili ilə
seçilir. Bir tərəfdən, Yunus Oğuzun
yaratdığı obrazları onların öz dillərində
danışdırmağa nail ola bilməsi, digər tərəfdən
isə, Azərbaycan xalqının şifahi bədii irsinə
müraciət etməsi buna şərait
yaratmışdır.
Yunus
Oğuz obrazları xarakterlərinə uyğun öz dillərində
danışdırmağı bacarmaqla yanaşı təsvir
etdiyi hər bir obrazı xarakterinə uyğun hərəkət
etdirir. Yunus Oğuz təsvir etdiyi obrazlarının xarakteri ilə
onların dili və hərəkətləri arasında tam
uyğunluq yaratmağa nail ola bilir. Müəllif tərəfindən
əsərin dilində işlənən, lakin ümumi ədəbi
dildə işlənməyən kobud, ədəbsiz sözlər
və ya qəsdən formaca təhrif olunmuş söz və
ifadələr adlanan vulqarizmlər məqamında işlənməsi
ilə diqqəti cəlb edir. Təəssüf ki, son dövrlərdə
qələmə alınmış bədii nümunələrdə
kobud və əxlaqa sığmayan sözlərin artması
müşahidə olunur. Əsərin bədii - estetik,
emosional - ekspressiv dəyərliliyinə zərər yetirir.
Yunus Oğuzun əsərində isə istifadə edilən
vulqarizm oxucuda ikrah hissi oyatmır, əksinə, təsvir edilən
obrazın açıqlanmasına yardımçı olur...
Müəllif
Murad kişi ilə Gevorkun dialoqlarında Azərbaycan
xalqının başına gətirilən tarixi olayların
köklərinə aydınlıq gətirir. Yunus Oğuz
1948-ci il Azərbaycanlıların öz
doğma dədə-baba yurdlarından sürgün
olunmalarının kökündə kimlərin dayanmasına nəzər
salır...
Əsərdə erməni ordusunda
özbaşınalıqların baş alıb getməsi
faktı da günün reallığı kimi Yunus Oğuz tərəfindən
açıqlanır. Erməni ordusunda olan özbaşınalıq erməni
ordusunun generalı komandir Armen Avakoviçə dediyi sözlərdə
konkret olaraq açıqlanır: "daha de ki, çapıb
talamısan da... Hələ mən demirəm ki,
əsgərlərin yarısı Rusiyada, Ukraynada, nə bilim
başqa ölkələrdə alver edir, üstəlik sənin
də haqqını aybaay göndərirlər."
Əsərdə
ermənilərin apardığı mənfur siyasətin incəlikləri
əks etdirilmişdir: "Həmişə
sınanılmış üsuldan istifadə edin. Yaxşı yeyib-için, sonra gedin bazlığa.
Ona deyərsən ki, sənə bakılı
erməni qızı verəcəm. Elə
orada da onu ləğv edərsiniz. Adını
da qoyarsınız ki, Azərbaycan tərəfə keçmək
istəyirdi". Rüşvət almaq istəməyən,
onların apardıqları siyasətə baş əyməyən
kəslərin təmizləmə işləri,
vicdanının qulu olmayan şəxslərin aradan
qaldırılması və s. əks etdirilməsi məhz
onların qaranlıq aləmlərinə işıq salır.
Əsərin "3 Aprel, 2017-ci il. Muradın son döyüşü"
başlıqlı bölümündə də erməni
dövlətinin hərbçilərinə qarşı
apardığı mənfur oyunlar əks etdirilmişdir.
Yazıçı bunu erməni zabiti Poqosyanın dili belə
açıqlayır: "Qarabağdakı o biri komandirlər
kimi, onun da ailəsi İrəvanda demək olar ki, girovluqda
idi. Düz bir söz dedinsə, etiraz elədinsə,
dərhal sənin ailənin başına hansı oyunlar gətirəcəkləri
ilə hədələyirlər".
Əsərdə
atalar sözünə, məsəllərə
çevrilmiş ifadələrə müraciət də
özünü göstərməkdədir: "Dağ Məhəmmədə
yaxın gəlmirsə, Məhəmməd dağa yaxın gedər!",
"Güman min yerə gedər, iman bir yerə" kimi atalar
sözlərinin işlənilməsi müəllifə fikrini
geniş izah etməyə şərait yaradır. Məsələ
çevrilmiş ifadələrə əsərdə az rast gəlinir. Məsələn,
əsərdə Nadir şahın, Suvorovun döyüşlə
bağlı işlətdiyi ifadələrin əksini
tapması maraq kəsb edir. Suvorova aid olan
"Təlimdə nə qədər çətin olsa, döyüşdə
bir o qədər asan olar" ifadəsində ordunun təlimlərdə
göstərdikləri fədakarlığı
açıqlanırsa, Nadir şaha aid olan "Mənim ordum
bir yumruqdur! Yumruğumu hara yönəltsəm,
ordu da ora gedəcək" ifadəsi isə "orduda qələbənin
rəhni nizam-intizamdır" fikrini təlqin edir. Yazıçı xalqımızın şanlı hərbi
tarixə malik olması amilini əsərində qabartmağa cəhd
etmişdir. Məsələn, Nadir şahla bağlı
epizodun nəql edilməsi də bu məqsədi güdür:
"Nadir şah Suvorovdan düz altmış yeddi il qabaq
İraqda Yanqız dağını aşaraq düşmənə
arxadan zərbə vurdu və bunun nəticəsində
bütün İraqı ələ keçirdi. Nəinki İraqı, hətta Hindistanı, Orta
Asiyanı da özünə tabe etdi. Nadir
şah xristian olsaydı, o zaman Suvorovdan deyil, ondan
danışardılar, hərb tarixində ondan misal gətirərdilər".
Yunus Oğuzun "Ovçu" əsərinin
quruluşunda sənədli janrın elementləri
saxlanılmış, dolğunluq baxımından isə bədiilik
elementləri daxil edilmişdir. Sənədli və bədii
janrların qarşılıqlı əlaqələrinin bu
forması transsərhəd, keçici janr
konstruksiyalarının yaranmasına səbəb olur. Bu baxımdan da, Yunus Oğuzun uzaq keçmiş və
müasir tariximizi əks etdirən "Ovçu" əsəri
Aprel döyüşlərini əks etdirən ibrətamiz əsər
kimi mühüm əhəmiyyət kəsb edir.
Salidə Şərifova
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.22.