Vaqif Səmədoğlu
ilə üzü Muğana
...Doğrudan
da İmamverdi müəllimin evi bir yaradıcılıq məbədi
imiş. Azərbaycan
yazıçılarının hamısının ordan səsi
və nəfəsi duyulurdu. Ucqar sayıla
bilən, dənizə dirənən bir guşədə zəngin
bir kitab xəzinəsi arasına düşmüşdük.
Həm də həmin kitabların demək olar
ki, hamısı müəlliflərin dəsti-xətti ilə
yadigara çevrilmişdi. Və onların
hər birinin bu müqəddəs ocaqda qonaq olduğundan, bu
yaradıcılıq birliyinə də üzv seçildiyindən
xəbər verirdi. Bir az sonra növbə
bizə də çatdı. Biz də
bacardığımız qədər yaradıcılıq
hesabatımızı verdik. (Rəfiqlə
mən yeni şeirlərimizdən oxuduq. Kövrəlmiş
Səmədoğlu buranı da ata ocağı hiss elədiyini
söylədi).
Bir yaz
günü üzü Muğana həmin yolun üstə
üçümüz dayanmışdıq: rəhmətliklər
Vaqif Səmədoğlu, Rəfiq Zəka, rəhmət diləməyə
qalmış dostları Vaqif Nəsib.
Həmin səfər Səməd Vurğunun yetmiş
illiyi ərəfəsində baş tuturdu. El-obamızın
hər tərəfində Vurğun şeir bayramına
hazırlıq gedirdi. Belə
görüşlərin birinə imzası imzalar içindən
boylanmağa başlayan Vaqif Səmədoğlu da dəvət
olunmuşdu (əslində Rəfiqlə mən həmin səfərdə
dostumuza, qardaşımıza bir növ
sağdışlıq, solduşluq edirdik).
Qışın donu ilk dəfə Muğanda
açılır desək yanılmarıq. Hər
yazımızın qaranquşları müjdəsini ilkin ora
yetirir, durnaları köçünü Muğan
düzümüzə salır, bənövşələr
oralarda qatarlaşır.
Həmin səfər həm də hələ də tərəddüdlər
keçirən şair oğlu şairin, bir növ donunu
açmalı idi.
Vaqif Səmədoğlu:
- Atam bizi tez-tez canı qədər sevdiyi Azərbaycanın
doqquz iqlimli gözəl guşələrinə səyahətə
aparırdı. (Bu bəlkə də şəhərdə
böyüyən uşaqlarından narahatlığından
doğurdu. Onlara həmin səfərlərlə,
bir növ, yurd sevgisi dərsi keçmək istəyirdi).
Atamın məşhur poemasının
meydanı, ceyranlar oylağı Muğana yolum ilk dəfə
on dörd yaşımda düşmüşdü. Və ondan sonra ayağım Milə, Şirvana,
ümumiyyətlə, fərqli bölgələrə
açılmışdı. Həmin səyahətlərə,
atama qoşalüləsini tuşlamış namərd əcəlin
Dəlidağ ətəyində Dədə Şəmşirlə
görüşü sonrakı son qoyulduğundan xəbərdarsınız.
Ata ilgisi barədə dünyanın ən ağır
qantelini qaldırmış Vaqifin sonralar doğma yurda doğru
səyahətləri kəsilmişdi. Atasının deyimiylə,
itirib Kəbəsini, azmışdı yolunu.
Yaxşı
ki, yolüstü qarşımıza Hüseyn Arif
çıxdı, sözlərilə qaraqabaq Vaqifi günəşləndirdi:
- Get
özün də gör atan nəyə görə ceyran
gözlü muğanın Vurğunu olub, niyə şeirimizin
Muğan üstə dəli nərəsini çəkib.
Muğan Muğan olsa
biri üç eylər.
Geri dönəndə
sənin şeirlərin birə üç artacaq.
Rəfiq Zəkaya da göstərişini vermişdi.
-
Maşınını bərk səyirtmə: Səməd
qağanın söylədiyi kimi, hər gülə, ota salam verə-verə gedin...
-
Adamlardan kimə Vurğun xeyir-dualı Hüseyn qağamızın
salamını yetirək?
- Orda
şeirimizin, sənətimizin bircə imam evladı var,
özü sizi tapacaq.
Hüseyn Arif kəlmələri Rəfiq Zəkanın
maşınını yerindən almışdı. Səlyana
oyanmağa başlayan təbiəti salamlaya-salamlaya
yaxınlaşmağa başlayırdıq.
Uşaqlığının sarı tüklərini
çoxdan tökmüş Vaqif bu dəfə atasından
sonra yarımçıq qalmış səyahətlərinin
yolu üstə ata itkisinin qara tüklərini
tökürdü. Yol kənarındakı ağaclara,
quşlara özünün və Hüseyn Arifin
salamlarını yetirirdi.
Bir
zamanlar ceyrana əl (tüfəng) qaldırdığına
görə silahını sındırmış, göz
yaşları ilə günahını yumağa
çalışmış Səməd Vurğunun ölməz
misralarını Muğanda yaşatmaq istəyənlər
tapılmışdı...
Nə gözəl yaraşır Muğana ceyran.
Muğan qoruğu yaradılmış, qoynunda yenidən
ceyranlar baş-başa vermişdi.
Qoruq bərabərində nəfəs dərdik. Ceyranları
da görüb salamımızı yetirməyə
çalışdıq. Bədahətən şeir deməkdə
Tofiq Bayramı da keçmiş Rəfiqin dili dinc durmadı:
- Gəlin
hərəmiz bir-iki misra əkək Səlyan
çölündə. Başla görək,
Sarıhüseynoğlu.
V.Nəsib:
Yenə
Ceyranların mərcan gözləri
Nurunu
saçarmış Səlyan çölündə...
R.Zəka:
Ceyran
gözlərindən Azərbaycanın
Bir sərgi
açarmış Səlyan çölündə...
Vaqif Səmədoğlununku məcrasını
dünyanın əvvəlindən götürdü. Həm də bizim
üçün də gözlənilməz oldu:
Neçə
milyon ildən bir az da əvvəl
Momontlar
qaçarmış Səlyan çölündə...
...Eynimizi
aça-aça mənzil başına yetişdik. Hər üçümüz də sonralar unuda bilmədiyimiz
bir insanla görüşdük. Çətinlik
çəkmədən onun aləminə doğru yol
almağa başladıq. S.Vurğun tədbiri,
demə, başqa vaxtlar üz-gözlərindən rəsmiyyətlərini
tam çırpa bilməyən raykom işçilərini də
şairanə edə bilibmiş.
- Sizi
etibarlı ələ təhvil verək, Yazıçılar
İttifaqının Neftçaladakı fövqaladə və
səlahiyyətli səfiri İmamverdi Əbilovun evində,
ittifaqınızın filialında bir az
dincəlin. Tədbirdə görüşərik.
Foto -
İmamverdi Əbilov, Vaqif Nəsib, Rafik Zəka
İmamverdi müəllim qaynayıb-qovuşmaq
asanlınqla başa gələn insanlardan idi. Belə insanlarla ilk
tanışlıqdan illərlə ünsiyyət kəsdiyini
hiss edirsən. Yol boyu bizə həyat kürəsində dəmir
kimi döyülüb-bərkimiş bir xoşbəxt adam da yaxınlaşdı.
İmamverdi müəllim tanışlıq verdi:
-
Atanın ovçu yoldaşlarındandı (təəssüf
ki, adını unutmuşam). Səməd
Vurğunun bağışladığı tüfəng evinin
xalça üstə ən əziz bəzəyidi. Onunla ayların-illərin
ağırlığını ovlayıb beləcə cavan
qalmağı bacarır.
-
Eşitmişəm ki, qardaşoğlu da ovçuluğa
meyillidi. Mən də ona atasınınkının əvəzi
öz tüfəngimi ərməğan edə bilərəm...
Vaqif yeni hədiyyəsini tüfəng əvəzi
göstərməli oldu. Neftçalaya tərəf
burulmamış Səlyan univermağında ayaq saxlamalı
olmuşduq. Orda Vaqifə yanında kiçik oğul
balası qaraşın bir adam
yaxınlaşmışdı:
-
Çox-çox üzr istəyirəm, özümü
saxlaya bilməyib yan almalı oldum. Siz Vaqif Səmədoğlusunuzmu?
Vaqifin
tutulduğunu görüb əlüstü əlavə eləmişdi:
-
Vurğun oğlunu oğlum Vurğunla tanış
eləmək istədim.
Beləliklə, Vaqif əvvəl atasına el məhəbbətindən
ilk mənəvi ərməğanını
almışdı. Sonra da...
- İcazə
verin bu bəyəndiyiniz fotoaparatı mən sizə hədiyyə
edim...
Bu yerdə Vaqifin fotoqraflıq həvəsindən də
bəhs etmək istərdim. Mənim də bir
neçə ömrümün anını rəsmləşdirib.
"Uzundərə", "Dağ
havası" kitablarımdakı fotoların müəllifi
odur.
Vaqif də hədiyyə qarşılığı
qolundakı saatı atasının adını daşıyan
balaca oğluna bağışladı.
...Atasının
ovçu dostuna tüfəngəvəzi göstərdiyi
fotoaparatın tərifinə keçdi.
- Bundan
sonra mənə tüfəngi əvəz edəcək,
könlümü açanları onunla ovlayacağam.
- Elə
atan da Muğana, Milə şeir ovuna çıxırdı. Azərbaycanımızın bütün
ovçularının xalısı üstə onun
bağışladığı tüfəngə rast gəlmək
olar.
...Doğrudan
da İmamverdi müəllimin evi bir yaradıcılıq məbədi
imiş. Azərbaycan
yazıçılarının hamısının ordan səsi
və nəfəsi duyulurdu. Ucqar sayıla
bilən, dənizə dirənən bir guşədə zəngin
bir kitab xəzinəsi arasına düşmüşdük.
Həm də həmin kitabların demək olar
ki, hamısı müəlliflərin dəsti-xətti ilə
yadigara çevrilmişdi. Və onların
hər birinin bu müqəddəs ocaqda qonaq olduğundan, bu
yaradıcılıq birliyinə də üzv seçildiyindən
xəbər verirdi. Bir az sonra növbə
bizə də çatdı. Biz də
bacardığımız qədər yaradıcılıq
hesabatımızı verdik. (Rəfiqlə
mən yeni şeirlərimizdən oxuduq. Kövrəlmiş
Səmədoğlu buranı da ata ocağı hiss elədiyini
söylədi).
Hüseyn Arifin salamını yetirməyə ehtiyac
qalmadı. Özümüzdən yaşlı qələm yoldaşlarımızın
ürək sözlərini oxuyub fərəhlənirdik.
İmamverdi müəllimsə öz izahını belə verdi:
- Bu kəlmələr
elə bilirəm ki, qiymətli qələm sahiblərimizin mənim
ocağıma poetik salamlarıdı. Onların
səsi, avazı həm divarlarımdan, həm kitablarından əks-sədasını
verir.
Biz də həmin səsləri eşitməyə
başladıq. Tanış avazlar qulaqlarımızda səsləndi.
Mirzə İbrahimov burda az qala Təbrizi
görə bildiyini söyləyirdi. Hüseyn
qağa, "cavankən özünü şəraba verib,
çayı qocalanda içəsən gərək"
deyirdi.
...Nəhayət
tədbir başladı. İmamverdi müəllimə
alışdığımızdan az-maz həyəcanımız
uçub getmişdi. Bircə
Səmədoğlu xasiyyətinə yaxşı bələd
olduğu Rəfiq Zəkaya gözağartmalarını (əslində
sözağartmalarını) verirdi:
- Sırf
ailəmizlə bağlı məsələlərdən
danışma.
Amma kimə deyirdin. Rəfiq əvvəl özünə,
sonra da dostuna qarşı "getməkdən" çəkinmədi.
- Səməd
əmi bir dəfə mənə dedi: "Sənin boyun niyə
belə balacadı?"
- Bilmirəm,
Səməd əmi.
- Yəqin
çoxbilmişliyindəndi. (Bunu Rəfiqin ilk
portreti də hesab etmək olar).
Sonra sözünü Vaqifə tuşladı.
- Səməd
əmi bağ evindəki ziyafətlərində ov
tazısını da böyründə əyləşdirirmiş.
Bir dəfə necə olursa kababın ilk tikəsini
tazıya verir. Aybəniz dillənəsi olur: "Deyəsən
bu iti bizdən çox istəyirsən". Yüksək
yumor sahibi nə desə yaxşıdı:
"hamınızı bir istəyirəm".
İmamverdi
müəllim zaldakı gülüşdən sonra sifəti
turşumuş Vaqifə bal kimi sözlər
söylədi.
-
Vurğunumuz xalqının vurğunu idi. Azərbaycan
balalarının hamısını Yusifi, Aybənizi, Vaqifi
kimi istəyirdi.
Vaqifin bu səfərə tərəddüdündən
Rəfiq imkan tapıb İmamverdi müəllimə söyləyibmiş. Sonrakı sözləri
uşaq ikən bu yerlərə atasıyla qonaq gəlmiş,
nəhayət ata yolunu tutub qələmə
sarılmış Səmədoğluya oldu:
- Səməd Vurğun həm şeriyyəti, həm
şəxsiyyəti, həm insaniyyəti ilə Azərbaycanımızın
hər ocağının qapısını aça, onu
doğması olmağı bacara bilmişdi. Qoy onun
poeziyasında doğmalaşdırdığı Muğan səfərin
sənin ayaqaçdın olsun, Səməd Vurğun sevgisiylə
doğma yurduna yürüşün başlasın.
Rəfiq S.Vurğunu dəfələrlə
gördüyünü söyləmişdi. Mən də böyük
dahini görə bilən xoşbəxtlərdən
olduğumu dilə gətirdim:
- Əvvələn atamla Qazax seminariyasında tələbə
yoldaşı olmuşdu. Sonra da "Komsomol" poemasında
Sarı Şəmistana çevirmişdi. Üstəlik
də, zarafata salıb dediklərini də eşitmişdim:
Bakıda hərdən rus uşaqlarından da soruşuram: "Olmuya,
Sarı Hüseynin oğlusunuz?" Amma Molla Pənah
Vaqifin heykəlinin açılışında atamla yan-yana
gördükdə ürəyim Göyəzən
dağına döndü. Bəlkə də
o zaman ilk dəfə Qazağın Vaqifi, Səmədi kimi
şair olmaq ürəyimdən keçdi.
Vaqifin çıxışı hamını kövrəltdi.
- Onuncu
sinifin ədəbiyyat imtahanı günü atamın
ölümünü eşitdim. Üstəlik,
mövzunun birincisi də S.Vurğun
yaradıcılığından idi. Əvvəlcə
telefon dəstəyini, sonra da qələmi bir ağır itki əlimdə
ağırlaşdırıb zindana çevirmişdi. Atamın gülər gözləri, müdrik
sözləri dadıma çatdı. Elə bil səsini
də eşitdim: "Yusifi də, Aybənizi də, səni də
xalqıma tapşırıb gedirəm".
...Biz də
imam evladı saydığımız, az
müddətdə doğmalaşdığımız bir
insanla vidalaşıb yola düzəldik. Hər
üçümüz də ürək sözlərimizi səsləndirməyə
başladıq.
Rəfiq
Zəka: - Nə yaxşı bu imam evladını Allah-tala bu
Neftçalaya biz yazıçılar üçün zəmbillə
salıb...
Vaqif Nəsib:
- Nə yaxşı Muğanda İmamverdi Əbilov var...
Vaqif Səmədoğlu:
- Nə yaxşı cahanda İmamverdi Əbilov
yaşayır...
Vaqif Nəsib
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.14.