Qətibə İnanc obrazı Bəsti Cəfərova əfsanəsinin var olmasını sübuta yetirdi...

 

İyun ayının 13-də Solmaz, Xurşidbanu Natəvan, Ağabəyim, Ədilə, Fedra, Afət, Xanuma və nəhayət, Qətibə İnanc kimi obrazlara gəncliyi, gözəlliyi, bənzərsiz aktrisalıq istedadı ilə səhnə həyatı verən Akademik Milli Dram Teatrının aktrisası, xalq artisti, professor Bəsti Cəfərovanın 59 yaşı tamam olur. Ad günü ərəfəsində belə qərara gəldik ki, layihəmizin bu tarixə olan söhbətini elə Bəsti xanımın son uğurlu səhnə işi olan "Qətibə İnanc" tamaşasında ifa etdiyi Qətibə obrazının yaşlılıq və gənclik dövrü üzərində quraq. Bu səbəbdən də bugünkü "Dördüncü divar" layihəsinin qonaqları Bəsti Cəfərova və tamaşada onun tərəf-müqabili, Qətibənin gəncliyini canlandıran qızı, rejissor Fidan Cəfərovadır. Fürsətdən istifadə edib qəzetimiz adından Bəsti xanıma cansağlığı və yaradıcılıq uğurları arzulayırıq.

 

- Bəsti xanım, "Qılınc və qələm" romanı əsasında səhnələşdirilmiş Qətibə obrazı qırx il əvvəl, "Qılınc və qələm" tamaşasında da bu teatrın səhnəsində canlandırılıb. Qırx ildən sonra "Qətibə İnanc" tamaşasında Qətibə yenidən Akademik Milli Dram Teatrının səhnəsindədir. Amma fərqli quruluşda...

- Hər zamanın öz əfsanəsi, öz tamaşası olub. Bu gün Mərahim Fərzəlibəyovun səhnəyə qoyduğu "Qətibə İnanc" tamaşası ilə 1976-cı ildə Tofiq Kazımovun səhnələşdirdiyi "Qılınc və qələm" tamaşası arasında böyük fərq var. Amma hər iki tamaşanın mənbəyi eyni romandandır. Bizim bugünkü tamaşa sırf Qətibə İnanc xətti üzərində qurulub.

Hərdən Mərahim müəllimə jurnalistlər sual verirlər ki, niyə bu tamaşanın adı "Qılınc və qələm" və yaxud da "Nizami" deyil? Mən bu suala belə cavab vermək istərdim ki, tamaşa Qətibə İnancın yaşlılıq, sürgün dövrlərindən bəhs edir. Bizim tamaşanın uğuru həm də ondadır ki, rejissor tamaşada güzgü effekti yaradaraq Qətibənin gəncliyini səhnəyə gətirməklə tamaşaçını zaman içində səyahətə, romanın əvvəllərinə dəvət edir.

Qətibə mənfi obraz olsa da, sonda onun ölümü insanlarda təəssüf doğurur.  Çünki heç bir insan bu dünyaya pis olaraq gəlmir. Zaman, hadisələr onu tədricən dəyişir. Tamaşada Qətibənin gəncliyi ilə üzləşməsi, oradakı səmimi etiraflar da bunun sübutudur ki, o, əslində pis insan olmayıb. Tamaşaçı da mənim obrazımı tam mənfi obraz kimi qəbul etmir. Hətta onlar Qətibənin taleyindən təsirlənib ağlayırlar.

- Müəyyən məqamlarda ona bəraət də qazandırırlar...

- Bəli. Qətibə İnanca bəraət də var. Düzdür, o, xəyanətkar qadındır, Nizaminin öldürmək istəyir. Amma onun sevgisi də böyükdür axı... Həmin sevginin də öz həqiqətləri var. Bundan başqa, Qətibə həm də ana kimi oğlu uğrunda böyük mücadilələr aparır. Onun ana xətti də bizim tamaşada çox qabarıqdı. Yəni, Qətibə İnanc bu kimi tərəfləri ilə mənim üçün çox maraqlı obrazdı.

- Bəsti xanım, bu quruluşa münasibət necə oldu?

- Sən özün tamaşanı izləmisən. Özün də görmüsən ki, Qətibə İnanc obrazı çox çətin materialdır. Tofiq müəllimin quruluş verdiyi "Qılınc və qələm" tamaşasında, bayaq da qeyd etdiyim kimi, Qətibənin gənclik dövründən bəhs olunur. Amma bizim  tamaşada hadisələr Qətibənin sürgün dövründən başlayır. Və tamaşanın xeyli yükü də mənim ifa etdiyim Qətibə obrazının çiyinləri üzərindədir. Bunu niyə xüsusilə qeyd edirəm? Ona görə ki, bu il mənim 59 yaşım tamam olacaq. İndi o böyüklükdə mətni əzbərləməyi, səhnədə o cür çevik hərəkətlər etməyi mən yaşda olan aktrisalar bacarmırlar. Mən onları da qınamıram. Yaş öz sözünü deyir. Amma mən öz aktyor qüvvəmə inanmasaydım, Qətibə İnanc obrazını da boynuma götürməzdim.  Əgər bu gün mən belə çətin obrazı özümdə arxayınlıq tapıb canlandırıramsa, burda nəsə başqa mənfi nüanslar axtarmaq lazım deyil.kim nə deyir desin, tamaşaçılar bu tamaşanı çox gözəl qəbul edirlər.

- Səhv etmirəmsə, "Xanuma", "Xurşidbanu Natəvan", "Hökmdar və qızı" kimi tamaşalar da ötən əsrin sonlarına doğru Milli Dram Teatrında səhnəyə qoyulub?

- Doğrudur. 70-ci illərdə "Xanuma" tamaşası bizim teatrda oynanılıb. Hökümə Qurbanova da Xanuma obrazını canlandırıb. 2011-ci ildə isə yenidən bizim teatrda səhnəyə qoyuldu. Bildiyiniz kimi, Xanuma obrazını da mən canlandırmışam.

Hökümə Qurbanova əfsanəvi sənətkar olub. Mənim özümün də kumirimdir. Onun yaradıcılığı barədə mən heç bir söz demirəm, deyə də bilmərəm. Buna mənim heç dilim də gəlməz. Çünki mən o aktrisanı sözün əsl mənasında sevirəm. Amma o dövrdə "Xanuma" tamaşası bizim teatrın repertuarında çox az gedib. Bunun şahidləri hələ də sağdılar. Amma bizim tamaşamız 2011-ci ildən bu yana izlənilir. Ondan sonra qoyulan bir sıra tamaşalar repertuardan yığışdırılıb. Ötən ay isə biz bu tamaşa ilə səhnəyə çıxanda zal yenə də dolu idi. İnsanlar tamaşadan ləzzət alırdılar, alqışlayırdılar.

Və yaxud da "Xurşudbanu Nətavan" tamaşanın teatr tarixinə nəzər salaq. İlk dəfə bu tamaşa bizdə 1980-ci ildə qoyulub. O zaman Natəvan rolunu Şəfiqə Məmmədova ifa etmişdi. Düzdür, müəyyən səbəblərdən həmin tamaşanı tamaşaçılar heç vaxt görmədi. Ondan sonra 1982-ci ildə həmin rolu başqa rejissorun qurluşunda Amaliya Pənahova ifa etdi. 2005-ci ildə isə təxminən 23 ildən sonra böyük dramaturq İlyas Əfəndiyevin 90-illik yubilieyində "Xurşidbani Natəvan" tamaşasını Bəhram Osmanov səhnələşdirdi. Nətavanı isə təbii ki, mən ifa edirdim. Bizim tamaşamız çox gözəl alınmışdı. Bunu tamaşaçıların münasibətindən də bilmək olurdu. Hətta Mərahim Fərzəlibəyov özü belə həmin tamaşaya baxanda soruşmuşdu ki, bu, həmin əsərdir? Sadəcə, bizim tamaşada Elçin müəllim hadisələri xronoloji ardıcıllıqla düzmüşdü. Bu tamaşada mənim Bəhram Osmanovla iş birliyim çox gözəl alınmışdı. Halbuki, mən Bəhram Osmanovun aktrisası deyildim. Və yaxud da vaxtilə mənim iştirakımla səhnələşən "Hökmdar və qızı" tamaşası indi teatrda "Qarabağnamə" adı ilə nümayiş olunur. Həmin tamaşa da özündə bu günə qədər bir əfsanə yaşadır.

- Bəsti xanım, yeri gəlmişkən, hər bir rejissorun öz aktrisası var məsələsi nə dərəcədə vacibdir?

- Vacibdir. Bilirsən, rejissor gərək aktrisanı aktyor kimi sevsin, onun qüvvəsinə inansın. Ayrı-ayrı rejissorlar var ki, onların öz aktyorları var. Hərdən deyirlər ki, filan rejissor hansısa rolu öz dostuna verir. Nə etməlidi? Düşməninə verməlidi? Rejissor aktyora inanmalı, onunla həmfikir olmalıdır ki, tamaşanın üzərində yaradıcı proses qura bilsin. Misal üçün, mən Mərahim Fərzəlibəyovun rejissorluğuna, onun mizanlarına çox inanıram.

Bu il mənim pedaqoji fəaliyyətimin on beş ili tamam olur. Və mən ürəklə deyə bilərəm ki, rejissorluq qanunlarını, mizanlaşdırmanı ondan öyrənmişəm. Onun mizanları çox dəqiq və səlis olur. Həsən Turabov bədii rəhbər olanda biz "Hökmdar və qızı" tamaşasını məşq edirdik. Məşq vaxtı Turabov gəldi mənim atamı qucaqlamaq səhnəmdə olan bəzi  mizanları dəyişdi. Mərahim müəllim də dedi ki, "o, sevərək tamaşaya nəsə qatmaq istədi." Bu səbəbdən də Turabovun mizanlarına toxunmadıq. Amma sonra tamaşa vaxtı hiss edirdim ki, nəsə yerində deyil. Sonralar o yeri saxlamaqla mən tədricən Mərahim müəllimin mizanlarına qayıtdım. Bilirsiniz, Həsən Turabov rejissor deyildi axı. Aktyor idi. Turabov, lap elə mən özüm də nə qədər tamaşa səhnələşdirsək də, aktyor tamaşası ilə rejissor tamaşasının fərqi böyükdür. Rejissorluq artıq rejissorun sahəsidir.

- Fidan, "Qətibə İnanc" tamaşasında Qətibənin cavanlığını oynamaq, güzgüdən boylanmaq sənin ilk aktrisalıq təcrübən deyildi. Amma həm rolun həcmi baxımından, həm də ananla, Bəsti Cəfərova ilə bir səhnədə olmaq, işləmək necə idi?

- Biz ilk dəfə Bəsti xanımla "Nağıllar aləminə səyahət" tamaşası üzərində işləmişik. Həm ilk iş birliyimiz, həm də yaşım az olduğuna görə işə bir az məsuliyyətsiz yanaşırdım. Bu kimi problemləri aradan qaldırandan sonra həmin tamaşa çox gözəl alındı. "Qətibə İnanc" tamaşası onunla ikinci iş birliyimiz olduğundan artıq bilirdim ki, işə məsuliyyətsiz yanaşmaq olmaz. Bəsti xanım əsəbləşə bilər (gülür).

Mərahim müəllim məni tamaşaya dəvət edəndə anamın iştirak edəcəyi tamaşada mənim də qatqım olacağı üçün əlbəttə ki, sevindim. Ancaq ilk dəfə mətnə göz gəzdirəndə elə bildim ki, səhnədə yalnız kölgə kimi görsənəcəm. Amma sonra görəndə ki, əməlli-başlı rolum var, çiyinlərimə müəyyən bir məsuliyyət hissi çökdü.

 - Özün qeyd etdiyin kimi, rolun, səhnədəki mizanların çox idi. Qorxu hissi necə, vardı?

- Qorxu deməzdim. Çünki məşq prosesi o qədər uzun çəkir ki, sözləri və mizanları əzbərləyirsən, roluna yiyələnirsən. Amma təbii ki, səhnəyə çıxmazdan əvvəl müəyyən həyəcan olsa da, ümumilikdə rahat idim. Sadəcə, Bəsti xanımla bir səhnəni bölüşmək çox məsuliyyətlidir. Çünki Bəsti xanım bir az narahat insandır. Və onunla işləmək o qədər də asan deyil.

 - Hansı mənada asan deyildi?

- Asan deyildi ona görə ki, Bəsti xanım məni uşaqlıqdan böyüdüb, uşaqlığımı, zəifliyimi görüb. Və böyüyüb birdən-birə böyük işlər görməyə başlayanda ona qəribə gəlir, öyrəşə bilmir. Elə bilir ki, bəzi şeyləri hələ də edə bilmərəm. Arada mübahisələrimiz də olurdu. Tez-tez məni məsuliyyətsizlikdə, az məşq etməkdə təqsirləndirirdi. Hətta bayaq qeyd etdiyim "Nağıllar aləminə səyahət" tamaşasında Bəsti xanım mənə dublyor verməyi də düşünürdü. Bunu biləndən sonra roluma daha ciddi yanaşdım.

Mərahim müəllim mətni, mizanları mənə çox gözəl və aydın şəkildə izah edirdi. Rolumu mənimsədikdən sonra səhnəyə çıxanda tamam başqa insan kimi çıxıram. Hiss edirəm ki, mən səhnədə Fidan yox, gənc Qətibəyəm. Buna geyimdən tutmuş makyaja qədər hər şey təsir edir.

- Bəlkə o dediyin məsuliyyətsizlik yox, özünə inamdır? Kənardan heç də məsuliyyətsiz insana oxşamırsan.

- Ümumiyyətlə, mən təbiət etibarı ilə arxayın insanam. Bəzən Bəsti xanım məni tələsdirir ki, "imtahana hazırlaş, məşqləri et." Mən tənbəllik edirəm. Amma axıramacal, qəfildən, sürətlə işə başlayıram və nəticə də yaxşı olur. Hərdən Bəsti xanımın mənə qarşı olan inamsızlığı və ya güvənsizliyindən inciyirəm də...

- Bəs ananla bir səhnədə olarkən hansısa kompleks yaşadın?

- Tamaşa boyu hər hansısa kompleks yaşamadım. Amma məşqlər başlayanda bir az aktyorların qarşısında komplekslərim oldu. Çünki bilirdim ki, onların xeyli səhnə təcrübəsi var. Həm də yaş baxımından da tamaşada ən az yaşı olan aktyor mənəm. Bu baxımdan ilk məşqlərdə bir az sıxılırdım. Ona görə də mənim açılışmağım bir az zaman aldı. Amma tamaşaçılar qarşısına çıxanda hər şey qaydasında olurdu.

Bilirsiniz, həm də Bəsti xanımla hisslərimiz eynidir. Bu da ana və övlad münasibətindən qaynaqlanır. Çünki burda ana, övlad bağlılığı, hissləri var.

Anam tez-tez bir xatirəsini mənimlə bölüşür. Uşaq vaxtı, hardasa mən on aylıq olanda anam məni qucağına götürəndə üzümə baxıb səssizcə ağlayarmış. O ağlayanda mən də ona qoşulub ağlayırmışam.

 - Niyə ağlayırdınız ki, Bəsti xanım?

- (Gülümsünür) Fidan çox zəif və balaca idi. Onu qucağıma alıb diqqətlə üzünə baxırdım. Öz-özümə fikirləşirdim ki, mənə bir şey olsa, bu xırda, müdafiəsiz körpənin halı necə olar? Bunları fikirləşəndə gözlərimdən yaş axırdı. Bir də görürdüm ki, Fidan mənə baxıb ağlayır. Onun heç nə dərk etmədən mənə qoşulub ağlaması, muncuq-muncuq göz yaşı axıtması məni çox təsirləndirirdi...

- Fidan, tamaşadakı digər aktyorlar sənə bir gənc kimi necə münasibət göstərirdilər?

- Əslində, hamısı dəstək olub. Misal üçün, Nizami Gəncəvi obrazını canlandıran Sabir Məmmədov mənə çox köməklik edirdi. Xüsusən də məşq bitəndən sonra məni bir kənara çəkib müəyyən izahlar edirdi və ya iradlarını deyirdi. Və yaxud da Səba rolunu ifa edən Şəhla Əliqızı ilə məşqdən çıxıb evə gedirdik, evdə də məşqlərimizi davam etdirirdik. Elə Mərahim müəllimin özü də köməklə yanaşı, həm də çox narahatlıq keçirirdi.

- Bəsti xanım, Natəvan, Ədilə, Fedra, Afət, Xanuma kimi yaddaqalan və gözəl qadın rolları ifa etmisiniz. Qətibə İnanc obrazı sizin yaradıclığınızda hansı mərhələ idi?

- 2000-ci ildən üzü bəri mənim yaradıcılığımın ən məsuliyyətli və parlaq dövrü olub. Özümün vaxtaşırı siyahım olub ki, hansısa qadın rollarını oynamağı arzulamışam. Bir-iki obraz olub ki,  yaşıma görə, ya da ki, teatrda baş verən nələrəsə görə onları ifa edə bilməmişəm. Amma əksər tamaşaları mərhələ-mərhələ ifa etmişəm. Qətibə İnanc obrazını oynamaq mənim siyahımda olmayıb. İndi isə çox şadam ki, Mərahim Fərzəlibəyov məhz mənim üçün bu tamaşanın üzərində dayandı. Və mən bu çətin materialın içərəisində oldum. Ola bilsin ki, məşqlərimiz bir az əsəbi və gərgin şəraitdə keçdi. Çünki bu tamaşada mənim iştirakım bilinəndə həm gənclər, həm də yaşlılar tərəfindən ajotaj yarandı. Kimi dedi "yaşlı aktrisaya gənc qadın rolu veriblər." Başqa birisi dedi ki, "tamaşalar əsasən Bəsti Cəfərova üzərində qurulur." və s. Bunu deyən adamlar sanki yatmışdılar. Mənim üzərimdə tamaşalar 1996-cı ildən üzü bəri qurulur. Və bu tamaşalardakı rollarım mənim zərrə-zərrə topladığım təcrübələrimin gözəl  nəticəsi idi. Teatrşünaslar, rejissorlar istər məni qəbul etsinlər, istərsə də etməsinlər, mən öz əfsanəmi yaradıram. Qətibə İnanc obrazı Bəsti Cəfərova əfsanəsinin var olmasını sübuta yetirdi...

"Qətibə İnanc" tamaşası son işlədiyim tamaşa olduğu üçün ordan yola çıxaraq deyə bilərəm ki, Qətibə obrazı mənim illərdir teatrda çəkdiyim əziyyətlərin yekunu idi. Bu tamaşa ilə həm də bu mesajı ötürdüm ki, Bəsti Cəfərova səhnədən erkən gedən aktrisa deyil.

İnanın, həmişə istedalı insanın haqqında xoş sözlər demişəm, onların uğuruna sevinmişəm. Həmişə istəmişəm ki, Şükufə Yusupovalar, Fəxrəddin Manafovlar çox olsun, onların davamçıları yetişsin.

- "Qətibə İnanc" tamaşası tarixi olduğu qədər həm də qadın dramı üzərində qurulub. Sizə elə gəlmir ki, Qətibənin məntiq və ehtirası sonda kişi iradəsinə məğlub olur?

- Xeyr, mən elə düşünmürəm. Tamaşada situasiya elə gətirir ki, Qətibə öz qurduğu tələyə düşür. Amma mən bunu qəhrəmanımın məğlubiyyəti kimi qəbul etmirəm. Qətibə meydan sulayaraq, heç kimin qarşısında əyilmədən dünyasını dəyişir. Sondakı monoloqu da biz əsərin içərisində Qətibənin öz-özü ilə danışdığı hissələrdən götürmüşük. O, zəhəri kişilərin əlindən içsə də öləndə mərdcəsinə ölür. Qətibə tamaşada həm də gücün simvolu idi. Ara qarışdırsa da, əsərdəki kişilərin özü də qəhrəman, nüfuzlu kişiləri idarə edirdi. Əgər Qətibə kişi doğulsaydı, yəqin ki, İskəndər, Attila kimi sərkərdə olardı. Sadəcə, onun taleyi elə gətirdi. Hər halda, mən belə düşünürəm ki, o, kişilərə məğlub olmur. (gülür).

- Elə isə Qətibə İnancın faciəli ölümünü nə ilə əlaqələndirərdiniz?

- Kişi zəifliyi və qısqanclığı ilə bağlıdır. Əgər tamaşanın sonunda Hüsaməddin Qətibənin planlarını faş etməsəydi, əsərdəki qəhrəman kişilərin hamısı öləcəydi, səltənət də Qətibəyə qalacaqdı. Amma onu da sizə deyim ki, Qətibənin ölümü qaçılmaz idi. Əgər o, ölməsəydi daha böyük faciələrə səbəb olacaqdı. Tarixə də nəzər salanda görürük ki, elə Eldəgizlər sülaləsini dağıdanlardan biri Qətibə olub.

- Fidan, Bəsti xanımla evdə məşqlər edirdiniz? Sizə hansısa məsləhət, köməklik edirdi? Yoxsa, hər şeyi öz öhdənə buraxmışdı...

- Məşqlərimiz daha çox teatrda olurdu. Evdə biz çox az-az kəsişirik. Bəsti xanımın işləri ayrı, mənim işlərim ayrıdır. Qrafiklərimiz də başqadır. Hər ikimiz  evə işdən axşam gəldiyimizə görə ara-sıra təbii, mənə irad tuturdu ki, sən məşqləri etmirsən, məsuliyyətsizlik göstərirsən və s. Əsas məşqlər mənim düşüncələrimdə gedirdi. Hər günün məşqini həmin gün boyu düşünürdüm. Nəyi necə etdim, etməliydim kimi müqayisələr şüuraltı baş verirdi. Səhvlərimi analiz edib səhəri gün məşqə gələndə Mərahim müəllim ifamdakı dəyişikliyi dərhal hiss edirdi. Deyirdi ki, "çalış, tamaşada bundan da yaxşı olsun." Mənə elə gəlir ki, tamaşada mən onun ümidini doğrultmağı bacardım.

- Bəsti xanım, Fidanın ilk böyük rolu olduğundan sizin hansısa gizli bir narahatlığınız vardı?

- Narahatlıq deməzdim, amma Fidan məktəbi rus dilində bitirib. Onun danışığında bu hiss olunmur. Ancaq mətni oxuyanda görürdüm ki, o, rus vurğularını Azərbaycan dilində vurğulayır. Bu barədə mən onun özünə o qədər hiss etdirməsəm də, narahatlıq keçirirdim. Dil poetikası və Mərahim müəllimin ona verdiyi mətn də çətin olduğundan öz-özümə düşünürdüm ki, "ay Allah, görəsən, bu uşaq rolun öhdəsindən sırf dil baxımından gələ biləcəkmi?" Buna görə mən onunla bir neçə məşqi sırf rus dili vurğularına görə etdim.

Mən çox sevinirəm ki, Fidan səhnədə sərbəstdir. Bu, həm də onun müdrikliyindən irəli gəlir. Etiraf edim ki, mən onun yaşında olanda onun kimi deyildim. Bəlkə də bu, onun anasının aktrisa olmasından irəli gəlir. Amma bütün hallarda zəka və insanları seçmək bacarığının da öz rolu var. Fidan bunu yaxşı bacarır.

- Bəsti xanım, rol üzərində işləyərkən əsasən öz şəxsi bazanıza arxayın olursunuz, ya hansısa yeni axtarışlar edirsiniz?

- Bilirsiniz, dramaturji materialı bizdə Çingiz Ələsgərli səhnələşdirdi. Və yaxşı da səhnələşdirmişdi. Mən romanı oxumuşdum. Öz rolumu daha da kamilləşdirmək üşün mənim Bəsti Cəfərova kimi fərdiyyətimdən və yaxud da, sən deyən kimi, emossional bazamdan Qətibə doğulmalı idi. Əsəri oxuyanda da hansı səhnələr, dialoqlar, daxili monoloqlar məni təsirləndirirdisə, tərpədirdisə mən onları yazırdım, qeyd edirdim. Və baxırdım ki, hansısa səhnənin əvvəli yoxdur. Dialoq hadisənin ortasından başlayır. Belə olanda mən Çingiz müəllimdən xahiş edirdim ki, bir neçə yerdə məhz Ordubadinin öz dialoqlarını həmin səhnələrin başlanğıcından bir neçə cümlə də əlavə etsin. Mən təbii ki, dramaturq deyiləm. Amma rolu da mən ifa edirəm. Bu mənim şəxsiyyətimdə yetişən Qətibə olacaqdı deyə, onun bitkin olması üçün belə üsullardan istifadə etdim. Yəni, kənardan heç nə gətirmədən mən bütün rollarımı öz emossional bazamın üzərində qururam və ayrı-ayrı janrlarda, situasiyalarda, psixoloji məqamlarda öz bazamı çox gözəl formada idarə etməyi bacarıram.

- Fidan, tamaşanın bütün ağırlığı təbii ki, Bəsti xanımın obrazı üzərindədir. Onun həm də illərdən gələn peşəkarlığı yorğunluğu artıq vərdiş halına çevirib. Bəs sən tamaşadan sonra nə dərəcədə yorğun olursan?

(Bəsti xanım müdaxilə edir.)

- Mən onun bu yaşda yorğunluğunu qəbul etmirəm.

(Mən Fidanı müdafiə etmək məcburiyyətində qalıram)

- Bəsti xanım, bəlkə Fidan özü danışsın. Ola bilər ki, o, heç yorulmasın (gülüşmə).

- Mən fiziki yorğunluqdan daha çox emossional yorğunluq hiss edirdim. Amma bu da yaxşı yorğunluqdur. Adam öz işindən razı qalandan sonra yorğunluq da xoş hissə çevrilir. Nəzərə alsaq ki, mən səhnəni çox sevirəm ,o eyforiya hissini hər tamaşadan sonra keçirirəm. Bütün hallarda Bəsti xanımla tərəf-müqabili olmaq, onunla səhnədə kəsişmək məndə yorğunluq yox, xoşbəxt hisslər yaradır.

 

 

Söhbətləşdi: Samirə ƏŞRƏF

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.12-13.