Vətəndən Vətənə

 

Povestdən parça

 

Cümhuriyyətin yüz illiyinə

 

                                                                                                                                                                             Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir.

 

Vladimir Nabokov

 

 

Yazın son ayında şəhərdən qəsəbəyə cavan bir oğlan əmimə müavin göndərildi. Bu şəhərli oğlan tez bir zamanda öz işgüzarlığı, davranışı ilə hamının hörmətini qazandı. Xüsusən əmimin. Əmim deyirdi ki, çoxdan özünə belə bir kadr axtarırmış. Şəhərli oğlan əmimin son vaxtlar tikdirdiyi qonaq evində qalırdı. İşə məktəbin yanından keçib gedirdi. Mən qardaşımı məktəbə aparıb-gətirəndə tez-tez rastlaşırdıq. Şəhərli oğlan məni görəndə addımlarını ləngidirdi. Onunla üz-üzə gəlməyim adi hal almışdı. Əvvəl-əvvəl elə bilirdim ki, bu təsadüfdü. Ancaq yox. Bu, təsadüfə oxşamırdı. Hiss edirdim ki, o işə getməyini mənim qardaşımı məktəbə aparmaq vaxtına salır. Axır vaxtlar mənə nəsə demək istəyirdi. Bir dəfə axşamüstü qardaşımı məktəbdən gətirməyə gedəndə yenə də üz-üzə gəldik. Məhərrəmlik ayı təzə başladığından əynimdə anamın təşəbbüsü ilə məni dilə tutub geydirdiyi qara donum vardı. Açıq şabalıdı saçımı arxadan sancaqlamışdım. Qara donumda üzümün, qollarımın ağlığı daha da gözə çarpırdı. Şəhərli oğlan sözlü adam kimi ayaq saxlayıb mənə yaxınlaşdı.

- Bir dəqiqə olar sizi?

Dayandım.

- Siz bu məktəbdə oxuyursuz?

- Xeyr. Oxuyurdum. Buranı bitirmişəm.

Nədənsə səsim titrədi.

- Bəs təhsilinizi davam etdirmək istəmirsiniz?

Şəhərli oğlan mənim yaralı yerimə toxunmuşdu.

- Əlbəttə, istəyirəm.

- Bəs elə isə...

- Atamı gözləyirəm. Gəlsin sonra...

- Atanız hardadır ki?

Dinmədim.

- Demək istəmirsiniz?

- Yox. - Nə deyəcəkdim ki! Nahaq yerə cəsus adıyla damğalanan atamın harda olduğunu necə deyəydim. Təəccüblənib gülümsədi.

- Olar adınızı soruşum? - Tərəddüdlə başımı aşağı saldım.

Zarafatla: - Adınızı da demək istəmirsiniz? Əgər demək istəmirsinizsə deməyin, - dedi.

- Həlimədi. - Səsimin titrəyişini, deyəsən, o da hiss elədi. - Çox gözəl. - Mənə təzədən nəzər salıb, - Qara paltar sizə çox yaraşır, - dedi, - Ancaq siz çox gəncsiniz. Gənc qızların qara geyinməyi təəccüblüdür. Niyə axı qara geyinirsiniz?

- Anam belə istəyir. Axı məhərrəmlik ayıdır. Əhd eləyib ki, qara geyinim.

- Məhərrəmlik? Doğrudan ha. Anan, görünür, dindar qadındı.

- Dindar olmaq pisdi?

Tutuldu: - Mənim Allaha bağlı olan insanlara böyük hörmətim var, - dedi.

Başımı aşağı salıb yoluma davam etmək istədim. Məni ləngitmək məqsədiylə, ya nəyə görəsə yenə də mənim təhsilim məsələsinə keçdi.

- Oxumaq istəyisinizsə, mən sizə...

- Əlbəttə, istərdim, - oxumağın adı çəkiləndə gözlərim işıqlanır, - riyaziyyat, ya da fizika fakültəsində.

- Nə yaxşı. Mənsə kimyanı qurtarmışam. İndi də gec deyil. Bu il sənədlərini instituta verə bilərsən.

- Yox, - dedim. - Anamı tək qoya bilmərəm.

- Anan? Niyə tək qalır ki?

- Bizim burda heç bir qohum-əqrəbamız yoxdu. Bizi burda hamı qərib sayır.

- Deyirəm axı, siz aran adamına oxşamırsınız. - Şəhərli oğlan yenə də nəsə demək istədi.

- Ola bilər, - deyib tələsik ondan uzaqlaşdım. Həyəcanlı olsam da onun məni sorğu-suala tutmağına görə dilxor oldum.

O gündən onunla rastlaşanda ya yolumu dəyişirdim, ya da özümü görməməzliyə vurub yanından yel kimi keçirdim. Ancaq bir dəfə hava qaralmışdı. Qardaşımı məktəbdən götürməliydim. Deyəsən, gecikmişdim. Addımlarımı yeyinlətdim. Qaça-qaça məktəbin tinini burulanda üz-üzə gəlib toqquşduq. Alnım pencəyinin düyməsinə dəydi. Alnımı ovuşdura-ovuşdura üzünə baxdım. O da narahat idi: - Sizə bir şey olmadı ki, Həlimə? Bərkmi əzildin?

- Yox, keçib gedər, - deyib ondan aralanmaq istədim. Yavaşca qolumdan tutdu.

- Həlimə, niyə məndən qaçırsan?

- Mən?

- Əlbəttə, sən. - Bilmirəm nəyə görəsə sizdən sənə keçdi...

- Niyə qaçıram ki? Heç də qaçmıram.

- Bəlkə, incimisən məndən. Mən üzr istəməyə hazıram... - Tutulub qalmışdım. Özümü toplayıb qolumu çəkdim. Elə bu qalmışdı məndən üzr istəyir.

- Yox, niyə inciyirəm ki.

- Bir dəqiqə dayanın. Mən sizə şəhərdən instituta hazırlaşmaq üçün kitablar gətirmişəm. Nə vaxt istəsən verə bilərəm..

- Ehtiyacım yoxdu. - Bir ayağımı qaçaraq qoyub dedim: - Zəhmət çəkmisiniz. Sağ olun.

- Nə zəhməti var. - Nədənsə məyus-məyus üzümə baxdı. - Bəs mənim adımı soruşmaq istəmirsən?

Mən başımı qaldırıb üzünə baxdım:

- Sizi bu qəsəbədə hamı tanıyır.

- Doğrudan? - Sevinən kimi oldu. -Adım nədir ki?

- Kamal. Familiniz də Yusifzadə.

Ürəkdən güldü. - Hətta familimi də bilirlər ki.

Mən qaşqabağımı töküb: - Gülməli nə var ki? - dedim.

Dinmədi. Susdu. Gülümsünə-gülümsünə üzümə baxırdı. Yenə də əlimi alnıma apardım. Deyəsən, azacıq şişmişdi. Alnımı ovuşdurduğumu görüb təlaşlandı:

- Ağrıdırmı? Nə pis oldu, Həlimə. - İstədi əyilib alnıma baxsın, geri çəkildim.

- Heç. Keçib gedər, - dedim və alnımın şişini ovuşdura-ovuşdura üzümü çevirib sağollaşmadan məktəbin həyətinə girdim.

 

* * *

 

Kamalla toqquşduğum həmin gündən iki gün sonra əmimin "Vilis"i qapımızın ağzında dayandı. Mən pəncərədən baxıb anama əmimin gəlməyini xəbər verdim. Anam tirmə şalını başına atıb qapıya sarı gedə-gedə:

- Həlimə, qəfədan elə indicə qaynara düşdü. Sən tez çay dəmlə. Ağaqardaş, əmin birdən çay istəyər, - deyib əmimi qarşılamağa düşdü. Mən əlimdə dəm çayniki yenidən pəncərədən baxdım. Maşından əmimlə şəhərli oğlan - Kamal da düşdü. Gözlərimə inanmadım. Həyəcandan məni tər basdı.

- Kamal! Görən niyə bizə gəlib? - Öz-özümə pıçıldadım. Anam yaşmaqlanıb əmimlə şəhərli oğlana xoşgəldin deyərək içəri dəvət elədi. Əllərim əsə-əsə dəm çaynikinə çay töküb dəmləmək üçün pilətənin üstünə qoydum. Əmim evə keçəndə səsini eşitdim. Məni soruşurdu.

- Bəs Həlimə qızım hanı? Bilirəm, İsmayıl dərsdədir.

Mən tələsik əmimlə görüşmək üçün qabağına çıxdım. Əmim mənə yaxınlaşıb alnımdan öpdü. - Mənim gözəl qızım necədi?

- Yaxşıyam, əmi. - pıçıldadım.

- Aldığım kitabları oxuyursanmı?

Şəhərli oğlanla baxışlarım toqquşdu. Kamal heyrətdən donub qalmışdı. O bilmirdi ki, kimin evinə gəlib və mən Bulud əminin qardaşı qızıyam.

- Oxuyuram, əmi, - dedim.

- Oxu, qızım, oxu, - Sonra əmim üzünü Kamala tutub: - Həlimə mənim qardaşım qızı olsa da, öz balamdan ayırmıram. Özü də ali məktəbə hazırlaşır. Deməyim odu ki, Kamal, ona istədiyi kitabları tapa bilərsənmi?

Kamal özünü ələ alıb: - Əlbəttə, Bulud əmi, - dedi. - Nə vaxt istəsəniz. Mən Həliməni instituta hazırlaşdıra da bilərəm. Əgər istəsə.

- Ay sağ ol. Bu oldu əla.

- Mən köməksiz də hazırlaşa bilərəm, -mızıldandım.

Əmim bizə ərzaq gətirmişdi. Əmimin sürücüsü ərzaqla dolu zənbili içəri daşıdı. Əmimlə Kamal bizdə çox oturmadılar, çay içib getdilər.

Həmin gündən bir həftə keçmişdi ki, Kamal mənə bir qalaq kitab gətirdi. Mən otaqda idim. Kamal həyət qapısından içəri girəndə anam zivəyə paltar sərirdi. Kamalın səsini eşidib pəncərədən boylandım. Kamal anamla salamlaşıb: - Xala, - dedi, - bu kitablar Həliməyə çatacaq. Anam sərmək istədiyi yaş paltarı təzədən ləyənə qoyub Kamala dil-ağız elədi: - Nə zəhmət çəkməsin, ay oğul, - dedi. - Çox sağ ol.

- Nə zəhməti var. - Kamal evə tərəf baxıb gözünü pəncərəyə sarı dikdi. Bilmək istəyirdi mən evdəyəm, yoxsa yox. Görünür anamdan da soruşmağa utanırdı. Pərdənin arxasından məni görə bilməzdi. Sonra kitabları həyətimizdəki mizin üstünə qoydu. - Mən gedim, xala. Əgər başqa kitablar da lazım olsa Həlimə mənə desin.

- Deyərəm, oğul. Ancaq niyə tələsirsən? Heç olmasa bir stəkan çayımızı içərdin.

- Yox, xala, başqa vaxt. Sağ ol, işim var. - Kamal yenə də nəzərlərini döndərib pəncərəyə tərəf tuşladı. "İşim var" desə də, nədənsə ləngiyirdi. Sonra anamdan çəkindimi nə fikirləşdisə anamla sağollaşıb getdi. Mənsə utandığımdan həyətə düşmədim. Yerimdəcə mıxlanıb qalmışdım

Kamalın mənimlə riyaziyyatdan məşğul olmağına razılaşmadım. Öz biliyimə arxayın idim. Atamınsa nə vaxt gəlməyi bilinmirdi. Bir il də keçdi. Atamın, nəyə görəsə, sürgün vaxtını uzadırdılar. İkinci ili də gözləməli olduq. Onunsa mənimlə təsadüfü görüşləri davam edirdi. Ya kitabxanadan kitab alanda, ya anamla dükana gedəndə, ya da qardaşıma görə valideynlər iclasına çağırılanda.

Qəsəbədə tez bir zamanda bizim haqqımızda söz-söhbət yayıldı. "Şəhərli oğlan Bulud əminin qardaşı qızına vurulub". Kamalın məni yolda-izdə saxlayıb söhbətə tutmağından şübhələnmişdilər. Mənsə ayağımın birini qaçaraq qoyduğum üçün söhbətimiz qısa alınırdı.

- Həlimə, necəsən?

- Yaxşıyam. - Üzünə baxmağa utanıb mızıldanıram.

- Gətirdiyim kitabları oxuyursanmı?

- Oxuyuram. Sağ olun, zəhmət çəkmisiniz.

- Nə zəhməti var.

Və yaxud soruşur: - Bu gün niyə bikef görünürsən?

- Yox. Sizə elə gəlir.

- Üzündə bir kədər var. - Təşvişlə soruşur: - Xətrinə dəyən olmuyub ki?

- Atamı yuxuda görmüşəm.

- Necə gördün ki?

- Gördüm ki, atam gəlib. - Gözlərim dolur. Birdən duruxub üzünə baxıram. "Axı mən ona deməmişəm atam hardadır".

- Sakitləş, Həlimə, harda olsa gələcək.

"Yox... Deyəsən, atamın harda olduğunu bilmir".

Gözlərimin yaşını silirəm. - Ümidsizcəsinə soruşuram: - Gələcək? - Elə bil Kamaldan təsəlli umuram. - Elə şey olar ki, gəlməsin?

- Gəlməyəcək nədi, Həlimə, gələcək. Əlbəttə gələcək.

"Yox, atamdan nəsə bilir. Heç soruşmur atan hardadır. Bəlkə də, bilmir. Bilsəydi məndən uzaq gəzərdi. Adımı belə çəkməzdi".

Məni ovundurmaq üçün əlimdən tutmaq istəyir. Əlimi çəkirəm. Əlimi çəksəm də ona qarşı laqeyd deyildim. Kamalı görəndə, səsini eşidəndə ürəyim titrəyirdi. Görən, sevgi beləmi olur. Onu görməyəndə darıxır, özümə yer tapa bilmirdim. Onunsa təyinatının vaxtı qurtarmaq üzrəydi. Bir gün mənimlə görüşmək istədiyini bildirdi. Məktəbin kitabxanasında. Oxuduğum kitabları götürüb məktəbə getdim və oradaca görüşdük. Kədərli görünürdü. Xeyli üzümə baxıb: - Mən bir neçə gündən sonra həmişəlik gedirəm, Həlimə, - dedi. - Sənə olan münasibətimi hiss etməmiş olmazsan. Bilirəm, oxumaq istəyirsən. Mən sənin oxumağına mane olmayacağam, əksinə, kömək də edəcəyəm. Ancaq sənin fikrini bilmək istəyirəm. Bilsəydim valideynlərimi.... - Aramızda gərgin bir sükut yarandı. Həyəcanla məndən cavab gözləyirdi. Mən dirsəklərimi stola söykəmişdim. Başımı əllərimin arasına alıb tərəddüdlə qarşımdakı kitablara baxırdım. Sonra yavaşca: - Bu mümkün deyil,- dedim, - Heç mümkün deyil. - Kamalın rəngi qaçdı.  İstər-istəməz yerindən qalxdı. - Niyə, Həlimə, axı niyə? Yəni sənin mənə qarşı heç bir... - Sonra diqqətlə üzümə baxdı. Üzümdəki ona olan isti münasibətimi o dəqiqə hiss etdi. Sevinən kimi oldu. Sonra: - Axı, Həlimə, niyə narahatsan? - soruşdu. - Yox, sən məndən nəsə gizlədirsən. Düzünü de, Həlimə.

- Mən demək istəmirdim. Görünür, əmimdən də soruşmamısan. Mənim atam, Kamal, cəsus kimi həbs edilib. Sürgündədir. Sizcə belə bir atanın qızıyla... - Susdum. - Yox, mümkün deyil. Başınız ağrıya bilər. Sizi də incidərlər.

Kamalın çöhrəsi dəyişdi. Elə bil rahatlandı da və təzədən stula çökdü.

- Atanın sürgündə olduğunu bilirəm. Nə üçün sürgün edildiyini də bilirəm. Bu məni heç də narahat etmir.

Təəccüblə Kamala baxdım: - Bilirdiniz?

- Əlbəttə, bilirdim. Burda hamı Bulud əmiylə atanızın xeyirxahlığından, insanlığından danışırlar. Atanıza böhtan atıblar. Əgər, Həlimə, bilmək istəsən, mənim babam Müsavatın fəal üzvi kimi həbs edilibdi. Güllələyiblər. Min doqquz yüz iyirminci ildə. Bolşeviklər tərəfindən. Xalq Cümhuriyyətinin süqutundan sonra.  Mən heyrətlə Kamala baxırdım: - Demək sizin də.... - pıçıldadım: - Allah rəhmət eləsin. Kamal təşəkkür edib: - Bir də ki, mən hər şeyə hazıram. Təki mənə "Yox" demə, - deyə üzümə baxdı. Yenə tərəddüd içərisində çabalayırdım. Axı, mən də ona qarşı laqeyd deyildim. Yavaşca səsim titrəyə-titrəyə: - Gəlsinlər, - dedim. - Ancaq...

- Nə ancaq, Həlimə?

- Kamal, indi yox. Mən xeyir-duamı atamdan alacağam. Düzdü, əmim mənə atam kimi əzizdi, ancaq atam gəlməmiş mən sənə heç nə deyə bilmərəm.

Kamal tərəddüd eləmədən əlimdən tutdu: - Sən necə istəsən elə də olacaq, - dedi. - Ancaq mənə sənin razılığın lazımdı. Yaxşımı? - Kamalın məni sevdiyini anamdan gizlətmişdim. Yumşaq xasiyyətli anam onunla təsadüfü görüşlərimə, bəlkə də, heç nə deməzdi. Ancaq bu haqda danışmaqdan utanırdım.

Getməmişdən qabaq Kamal bizə gəldi. Anamla sağollaşmağa. Bildim ki, onun anamla vidalaşmağı bəhanədir. Gedərkən məni görmək istəyirdi. Mən evdə olmayanda bir-iki dəfə əmimlə bizim evdə günorta naharına gəlibmiş. Anam qulluğunda dayanmış, ona ana nəvazişi göstərmişdi. Mən başımı aşağı salıb Hüqonun "Səfillər"ini oxuyurdum.

- Xala, mənim işim qurtarıb, həmişəlik gedirəm, - dedi. - Gəldim sizinlə vidalaşım.

Anam təəccüblə Kamala baxdı. - Bıy, ay oğul, elə bil dünən gəlmisən qəsəbəyə, - deyib, - ona xeyir-dua verdi. - İşin avand olsun, oğul. Ağaqardaş da sənnən çox razılıq eləyir.

Kamal mənə baxa-baxa: - Həm də, - dedi, - Mən sizə evimizin ünvanını verməyə gəlmişəm, xala. Şəhərə yolunuz düşsə bizə qonaq gəlin: - Cibindən evlərinin ünvanı yazılmış vərəqi çıxarıb anama verdi.

- Anam: - Gələrik, oğul gələrik. Sağlıq olsun. Sən də bizləri yaddan çıxartma.

Kamal gülümsəyə-gülümsəyə məndən baxışlarını çəkmədən: - Sizi heç unutmaqmı olar, xala, - dedi, - Sizin çörəyinizi yemişəm, çayınızı içmişəm. Mütləq gələcəyəm. - Sonra yavaşca, yalnız mən eşidim deyə pıçıldadı: - Tək gəlməyəcəm ki, gələcəyik.

Kamal getdi. Qəlbimin bir parçasını da özüylə apardı. O bir daha qəsəbəyə qayıdacaqdımı? Onu zaman göstərəcəkdi. Atası vətən xaini, sürgün həyatı sürən, köçkünlər, kimsəsizlər üçün tikilən barakların birində əmisinin himayəsində yaşayan bir qız üçün gözləməyə dəyərdimi?..

 

 

Mənzər NİYARLI

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.8-9.