Məmməd ORUC - "Mən başqa qatarın sərnişiniyəm"

 

- Məmməd müəllim, bugünkü Azərbaycan nəsri özünün hansı dövrünü yaşayır və onu şərti olaraq necə adlandırmaq olar?

- Əgər bu gün Azərbaycan nəsrinin "Ağ qoç, qara qoç", "Gözmuncuğu" (Anar), "Baş" (Elçin), "Bütün yaxşılıqlara ölüm" (Mbrahimbəyov), "Yarımçıq əlyazma" (K.Abdulla) kimi örnəkləri sınırlar aşırsa, çeşidli ölkələrdə diqqət çəkirsə, araşdırma obyektinə çevrilirsə, ümidsizliyə əsas yoxdur. Mərhum Rafiq Tağının ikicildliyində toplanmış irili-xırdalı nəsr nümunələri isə, məncə, yaradıcılıq laboratoriyasıdır və bu son dərəcə dəyərli məxəzi kifayət qədər mənimsəmiş, bu söz çeşməsindən su içmiş yeni ədəbi qüvvələr -Qan Turalı, Şərif Ağayar, Vahid Qazi, Cavid, Məqsəd Nur, Oqtay Əhmədov, Kəramət Böyükçöl, Elnur Kəramətoğlu, Mirmehdi, Qorxmaz Şıxəli oğlu, Kənan Hacı, Azər Alpay, Vüsal Nuru, Fərid Hüseyn, Günel Natiq, Təranə Vahid kimi nasirlər, fasilələrlə də olsa, öz yeni əsərlərini ortaya qoyurlarsa, Azərbaycan nəsrinin uğurlarından necə danışmamaq olar?

- Müasir Azərbaycan nəsri dünya nəsrindən hansı cəhətlərinə görə geri qalır?; belə demək olar, yaxud birlikdə addımlayır ya irəlidədir?

- Bu bir həqiqətdir ki, daha çox oxucu qazana bilmək dünya nəsrinin başlıca meyarı sayılır bu prizmadan baxanda Güney Amerika yazıçısı Paulo Koelyoya da, türkiyəli Elif Şəfəqə , adları dillərdə gəzən onlarla macəra romançılarına da biz yalnız həsəd apara bilərik. Mən son illər daha çox rus nəsrini izləyirəm hiss eləyirəm ki, çağdaş rus nəsri ilə ayaqlaşmaq belə o qədər asan deyil. Mənim rusdilli xantı yazıçısı Yeremey Aypindən, sibirli Sergey Kozlovdan, udmurtiyalı Vyaçeslav ar-Serqidən, urallı Aleksandr Kerdandan etdiyim tərcümələr "Azərbaycan" jurnalında çap olunub maraqlananlar olsa, ən azı o nümunələrə əl çatar.

- Məncə, hər bir nəsrin dövrü təntənəsi var. Siz uzun müddətdir ki, bu düşərgədə işləyirsiniz. Xeyli sayda əsərləriniz oxucular tərəfindən sevilir. Tənqidçilər haqqınızda məqalələr yazıblar. Siz öz nəsrinizin dövrünü təntənəsini necə dəyərləndirə bilərsiniz?

- Mənim yetmişinci illərdə cəmi bir neçə hekayəm işıq üzü görsə , səksəninci illərdə mütəmadi çap olunmağa başladım. Yaxşı yadımdadır, "Yadigar mahnı" adlı hekayəm nəşr olunandan sonra tənqidçi X.Əlimirzəyev mətbuatda o yazını "əsl insan haqqında nəğmə" adlandırmışdı. "Ulduz"da dərc olunan "Qırmızı bantlı qoç" hekayəm isə Ə.Əylislinin diqqətini çəkmişdi o, İbrahim Göyçaylıdan telefonumu alaraq mənə zəng eləmişdi. Yeri gəlmişkən, yaxşı ki, bu günlərdə belə şeylər olur. Bu il "Azərbaycan" jurnalında dərc olunmuş "Çəkiliş" hekayəmi oxuyandan sonra Vaqif  Bəhmənli, Qan Turalı (davamlı ünsiyyətimiz olmasa da) mənə telefon açmışdılar. Bax, belə-belə şeylər nəsrin təntənəsidir. Nəsrin təntənəsi başqa şeylər yox, şəxsiyyətinə rəğbət bəslədiyin, sənətini, sənətkarlığını sevdiyin insanların rəngidi. elə o arada eşitdim ki, xalq yazıçısı Bayram Bayramov (məni şəxsən tanımasa da) "Leylək körfəzi" adlı kitabıma ön söz yazıb təbii ki, belə-belə xeyirxahlıqlar məni yazmağa ruhlandırdı. Moskvada Tamara Kalyakinanın tərcüməsində dalbadal iki kitabım nəşr olundu: "Baran s krasnım bantom" "Tantsevalnaya melodiya". rus mətbuatında da haqqımda yazmağa başladılar. Bütün bunlar nəsrin təntənəsi idi.

- Sözünüzdən belə bəlli olur ki, yaradıcılığa başlayan kimi xeyirxahlıqlarla qarşılaşmısınız. Siz özünüz necə, cavanlara qarşı belə əməllərinizi xatırlaya bilirsizmi?

- Əlbəttə, səksəninci illərin əvvəlindən "Azərbaycan" jurnalında işləməyə başlayandan sonra istər-istəməz daha cavan yazıçılarla təmasda olurdum. İndi nəyisə şücaət kimi qələmə verməyə dəyməz. Amma səksəninci illərin axırlarında "Yazıçı" nəşriyyatında diqqət çəkən cavan yazıçıların hekayələrindən ibarət almanax hazırladım hər yazıçının haqqında ürək sözlərimi yazdım. Bu gün ədəbi aləmdə kifayət qədər tanınan Saday Budaqlının, Səfər Alışarlının, Eyvaz Əlləzoğlunun, Mehriban Vəzirin, Yaşarın, Əliabbasın yeni yazılarını görəndə təbii ki, xoş anlar yaşayıram. Etiraf edim ki, mənim ilkin yaradıcılığım, insanların ədəbiyyatla nəfəs aldığı bir zamana düşdü. Bu gün ara-sıra yad olunmağım da, məncə, bununla bağlıdır.

- Gəmi sahildə xoşbəxtdir ola bilsin ki, o, dənizdə fəlakətə çevrilsin. Nəsrinizin xoşbəxtliyini nədə görürsünüz? Məsələn, nəsrinizdə (bir az da eqo) önəmli cəhət, ideya, mərhələ (fəlakət), üslub ya başqa ciddi var ki, o başqa bir nasirdə yoxdur?

- Mən həmişə can atmışam ki, ideyadan daha çox həyat həqiqətinə sədaqətli olum. Buna dərəcədə nail olmuşam, deyə bilmərəm.

- Vaxtilə çap olunmuş əsərlərinizi yenidən oxuyursunuz?

- Olub belə hadisələr bəzi yazılarım gözümdən düşüb.

- Gənclik illərinin nəsri ilə bugünki gənc nəsrin oxşar fərqli cəhətləri nədədir?

- Hərdən məndən cavan həmkarlarımın - Rafiq Tağının, Mübariz Cəfərlinin, Qan Turalının, İlqar Fəhminin, Pərvinin, Vüsal Nurunun yazıları o qədər ruhuma yatır ki, hətta istəyirəm, üslubuma əl gəzdirim, amma hiss eləyirəm ki, bu daha mümkün deyil, mən başqa qatarın sərnişiniyəm.

- Yazıçı əsərini şair kimi yazırsa, mən o əsəri oxuya bilmirəm. Sizin fikriniz necədir? Nasirin nəsrin dərinliklərində şairlik eləməyi (obrazın dilində yox ha) ədəbi-bədii ifadələr işlətməyi düzgündürmü?        

- Bu daş, deyəsən, birbaşa mənim bostanıma atılır. Mənim fikrimcə, nəsr şeir kimi axıcı olmalıdır və oxucunu öz sehrinə, cazibəsinə salmalıdır, süjetin cazibəsi bir başqa şeydir.

- Məmməd müəllim, son illərdə qələmə aldığınız "Qısa qapanma" romanının müsbət səpkidə işlənmiş iki qəhrəmanından biri ermənidir: Edqar Lalayan. Bu obrazı yaradarkən oxucu itirməkdən və ümumiyyətlə, oxucu təhdidindən qorxmadınız ki? Axı, hələ millətimizə vurulan yaralar qaysaq bağlamayıb.

- Bilirsiz, ədəbiyyatda xristian-müsəlman mövzusu son dərəcə həssaslıq tələb eləyir. Mənim üçün ədəbi etalon dahi sələflərimin ölməz əsərləridir: Mirzə Cəlilin "Kamança"sı (yeri gəlmişkən, Ramiz Həsənoğlu müstəqillik dönəmində böyük vətənpərvərliklə ekranlaşdırıb), N.Nərimanovun "Bahadur və Sona"sı, C.Cabbarlının "1905-ci ildə"si və müəyyən qədər də Qurban Səidin "Əli və Nino"su , bizim dövrümüzdə də Gülşən Lətifxanın "Azər və Aida"sı. Və yadınızda varsa, dahi C.Cabbarlı günahkarı bir sərrast ifadə ilə nişan verir: "Atan kazaklardı!" və bu müstəvidə yazıçı izi azdırmağa, başqa suçlu axtarmağa başlayanda iflasa uğrayır. Mənim dostum Ə.Əylisli kimi, R.İbrahimbəyov kimi. Mənim "Köçürülmə", "Qara güzgü" romanlarımda da, "Əzrayılla görüş" povestimdə də, hətta bir sıra hekayələrimdə də erməni obrazları var və mən prototipləri qonum-qonşuda yaşayan bu surətləri yaratmaqla çalışmışam ki, bu münaqişə alovunun üstünə yağ yox, su töküm. Tərəflərdən birini ağappaq, digərini qapqara boyamaq C.Cabbarlının hələ keçən yüzillikdə bizə tanıtdığı "kazaklar"ın dəyirmanına su tökməkdi, vəssalam. Tarixə az-çox bələd olanlar yaxşı bilirlər ki, fransız-ingilis müharibələri yüz illərlə davam eləyib. Nəticə isə göz qabağındadır: Fransa və İngiltərə dövlətləri insanların daha qolay təması, ünsiyyəti naminə hətta dənizin altından belə (Lamanş boğazından) yollar çəkirlər. Demək istəyirəm ki, bir-birinə silkələnən barmaqlar haçansa bir-birini sıxmalıdılar, başqa yol yoxdur. Bəyəm ulu öndərimiz hələ neçə il qabaq Bişkekdə atəşkəs anlaşmasına razılıq verəndə bu məqamı nəzərə almamışdımı?

- Məmməd müəllim, inişil qələmə aldığınız "Qısa qapanma" romanında həvəskar balıqçılarla bağlı parça 80-ci illərdə yazdığınız "Yaxın ada" hekayəsinə çox bənzəyir. Bu, özünü təkrar deyilmi?

- Məncə, bu təkrar yox, məsafəli təkrirdi, Xəzərin, birbaşa dənizə bağlı insanların qayğıları məni həmişə düşündürüb…

- Məzmunca toqquşan hekayələriniz var; insanların axşamlar darıxması və s... Siz, ümumiyyətlə, darıxmırsız ki?

- Məncə, axşamlar hamı darıxır, amma mənim darıxmağa vaxtım olmur, ədəbi dərgilərimizdə, qəzetlərimizdə, həmçinin, ictimai-siyasi qəzetlərdə o qədər maraqlı ədəbi materiallar çap olunur ki, onların əksəriyyətini oxumamaq mümkün deyil. İkincisi də, oxumaqdan, yazmaqdan da bezikəndə mənim qaçmağa yerim var; balıqları yaz, yay, payız aylarında yem dalınca sahillərə yaxınlaşan dəniz… Üstəlik, Albalı bağlarında yeni əkdiyim, calaq vurduğum ağaclar da məni darıxmağa qoymur, hər səhər onlara yaxınlaşıram ki, görüm hansı bir barmaq da böyüyüb. Anaları bir qədər böyüdüb qovandan sonra çaşqın qalan cücələrin həyatı da məni darıxmağa qoymur.

- "Düz ağac" hekayəsində bunlar var.

- Özümü asanlıqla yazıram, başqalarını yazmaq isə xoş olsa da, həm də əzabdı.

- Məmməd müəllim, "Qısa qapanma" romanınız haqqında Vaqif Yusifli, Nərgiz Cabbarlı kimi tənqidçilər mətbuatda rəy söylədilər, əsər AYB-də müzakirə olundu və Səyavuş Məmmədzadə, İlqar Fəhmi, Azər Abdulla, Qəni Camalzadə  kimi qələm sahibləri rəylərini bildirdilər, "Ulduz"jurnalında müzakirə materialları dərc olundu və s. Amma siz son müsabihələrinizin birində belə məzəli bir ifadə işlədirsiniz: "biz indi qaloşun geyilmədiyini bilə-bilə qaloş yamayırıq".

- Bilirsiz, insan sabit düşünmür ki?! Müəyyən anlarda və hətta zamanlarda belə hissə qapılmaq təbii haldır.

- Məmməd müəllim, son illər mətbuatda öz yazılarınızdan daha çox tərcümələrinizə rast gəlirəm. Hətta bu günlərdə telekanalların birində gördüm ki, AYB Beynəlxalq əlaqələr mərkəzində "Ümid mələyi" adlı tərcümə kitabınızın təqdimatı keçirilib. Hətta, səhv eləmirəmsə 2014-cü ildə çağdaş rus ədəbiyyatından etdiyiniz çoxsaylı tərcümələrə görə RF-nin Beynəlxalq Yuqra mükafatına layiq görülmüşdünüz. Tərcüməçilik sizi nasirlikdən uzaqlaşdırmır ki?

- Əlbəttə, uzaqlaşdırır, amma dolanmaq da lazımdı, axı. O ki qaldı mənim tərcüməçiliyimə, bu, çoxdanın söhbətidir. Hələ lap cavanlıq illərində istəkli dostum, mərhum Natiq Səfərov bir dəfə soruşdu: "Sən niyə heç tərcümə eləmirsən?". Dedim, axı, mən rusca mükəmməl bilmirəm. Dedi: "Əsas şərt tərcümə elədiyin dili mükəmməl bilməkdi. Və elə o gün Natiqin xeyir-duasıyla başladım Vasili Belovun hekayələrini ana dilimizə çevirməyə. İndi hərdən fikirləşirəm ki, tərcüməçiliklə keçən günlərimi özgə nəyə sərf edərdim, görəsən?

- Sizcə, ən uğurlu tərcümələriniz hansılardır?

- Uğurlu deyə bilmərəm, amma ən yaddaqalan işlərim rusdilli Azərbaycan yazıçılarından Samid Ağayevin "Yeddinci yetkin" ("Sedmoy soverşennıy") Gülşən Lətifxanın "Azər Aida" ("Azer i Aida") romanlarıdır. Hollandiya vətəndaşı olan mərhum Gülşən xanımın əsərini kitab halında nəşr etdirə bilsək , Rusiya vətəndaşı olan Samidin monumental tarixi romanına sponsor tapa bilmədik. O roman 2004-2005-ci illərdə xalq yazıçısı Anarın təqdimatıyla "Azərbaycan" jurnalının altı sayında, hissə-hissə çap olunub.

- Keçən il "Nərgiz" nəşriyyatında sizin yeni kitabınız nəşr olunub; "Qara güzgü", "Köçürülmə" "Qısa qapanma" romanlarını birləşdirən "Üç roman". Bu sanballı kitabın ön sözündə akademik Nizami Cəfərov sizi görkəmli yazıçı kimi təqdim edir, amma "son söz"də yazırsız ki, mən yazıçı ola bilmədimBunu necə başa düşək? Kimlərəsə, mesaj, yoxsa?

- Əsla, mən o etirafda tam səmimiyəm; o kəlmə mənim acılarımın, yanğılarımın ifadəsidir. Adam gərək başqalarının arasında hərdən  özünü görə bilə

 

 

Söhbətləşdi: Nuranə Nur

 

Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.6.