"Qafqaz üçlüyü" filminə
Nəriman Qasımoğlunun baxışı
"Qafqaz üçlüyü" filminə
baxdım.
Lap
başlanğıcdan ekranda yanlış bir ifadə yerləşdirilir:
"1988-ci ildə ərazi baxımdan Azərbaycanda yerləşən
Dağlıq Qarabağ vilayəti müstəqilliyini elan
etdi".
Bunu qətiyyən səhlənkarlıq kimi qəbul etmək
olmaz, təbii.
30 il əvvəl başlanmış konfliktə aid əhvalatların
ayrıntılarını yaşlı və orta nəsildən
bilməyən yoxdur: 1988-ci ildə baş vermiş o məşum
hadisə bundan ibarət idi ki, Dağlıq Qarabağ vilayəti
müstəqilliyini elan etməmişdi, Dağlıq
Qarabağın vilayət soveti Ermənistana birləşmək
haqda qərar çıxarmışdı.
Filmin başlanğıcındakı həmin
saxtakarlığın təyinatı da budur ki, məlum hadisələrin
təsirilə adi insanların həyatında baş verən
faciəvi gəlişmələrin kökündə dayanan əsl
səbəb - məhz Ermənistanın Azərbaycana ərazi
iddiaları pərdələnsin, eləcə də hadisələri
yaşamayan neytral seyrçidə ermənilərə rəğbət
yaransın.
"Müstəqillik" sözünə, amalına necə
rəğbət bəsləməyəsən!?
Filmdə
ermənilərə bu sətiraltı rəğbəti azərbaycanlıların
onlara guya patoloji nifrəti bir az da gücləndirir.
Və süjet xəttində vəhşiliklə
müşayiət olunan bu nifrətin səbəbini yenə də
o təəssürat yaratmır ki, bu, ümumilikdə Ermənistanın
ölkəmizə ərazi iddiaları ilə, ermənilərin
torpaqlarımızda törətdikləri vəhşiliklərlə
şərtlənir. "20 faiz torpaq
işğalı" ifadəsi çox ötəri səslənir.
Quyudakı erməninin başına daş salan
azərbaycanlı uşaq ermənilərə öz nifrətini
sadəcə olaraq vaxtilə bir erməni terrorçusunun
Bakı metrosunda partlayış törətməsilə və
bu partlayışda əmisinin həlak olması ilə əsaslandırır.
Timurun -
atalığı azərbaycanlı, bioloji atası erməni
olan gənc aktryorun qaynı Zaur qəzəblə deyəndə
ki, Timur "erməni ola bilməz",
"onu öldürmək lazım idi", bu da neytral
seyrçidə, əlbəttə, erməniyə guya sadəcə
etnik mənsubiyyətinə görə nifrətin əsl
siyasi kökü barədə nəinki təəssürat
yaratmır, əksinə, məsələ açıq
qalır. Bu məqamda neytral, hadisələrin
mahiyyətindən bixəbər seyrçidə azərbaycanlıya
qəzəb yaranmaya bilməz. Təbiidir, filmin
başlanğıcındakı saxta ifadəyə görə
"müstəqilliyə" can atan erməniyə necə
nifrət etmək olar, nifrəti gərək bu "müstəqilliyi"
əngəlləyənə edəsən.
Filmdə azərbaycanlıları eybəcər xislətdə
göstərməyi amaclayan süjetdə bizimkilər
gürcünü erməni bilib döyürlər, onun da
ürəyi dözmür, ölür. Kütlə rusca
danışan bu gürcüdən onu tələb edir ki, Azərbaycan
dilində danışsın. Bu
gürcü yenə rusca qayıdır ki, hansı dildə istəyirəmsə
o dildə danışıram. Bu qurban
Qafqazlılara Bakıda beynəlmiləlçilik dərsi
keçmiş müəllimdir. Qafqazda beynəlmiləlçilik
dərsini tarixən kimin kimə keçmək haqqının
olduğunu isə, bilənlər yaxşı bilir.
İndiki nəsil üçün bir qədər
açıqlamağa ehtiyac var. Qafqazda hələ sovet
dövründə etnik milliyyətçilik üç
respublikadan yalnız ikisində - Ermənistanda və
Gürcüstanda tüğyan edirdi. Azərbaycan isə
beynəlmiləlçiliyi ilə ad
çıxarmışdı. Geniş təfərrüatlara
varmadan, yeri gəlmişkən, Gürcüstana aid yalnız
dil məsələsini xüsusi vurğulamaq istərdim. Ona
görə yeri gəlmişkən ki, yeri gəlib: filmdə
gürcünün Bakıda rusca danışması, azərbaycanca
danışmaması kütləni özündən
çıxarır.
Ruscaya sovet dövründə də, elə indinin
özündə də azərbaycanlıların böyük
qisminin sərgilədiyi dözümlü yox, bəzən məhz
sevgili münasibətini bilməyən yoxdur. Bizimkilərin
bəzi hallarda ruscaya hətta ifrat sevgisindən də
danışmaq olar. Gürcüstan,
gürcülər isə ruscaya münasibətdə Azərbaycan
və azərbaycanlılarla müqayisədə sadəcə
"medalın o biri üzüdür", yaxud da deyək,
tamamilə başqa əhvaldadır. Bunu
bilməyən yoxdur, filmin azərbaycanlı ssenari müəllifi
də, gürcü rejissoru da yaxşı bilir. Fəqət
hər ikisi saxtakarlıq edir: birinci öz millətinin əleyhinə,
ikinci isə öz millətinin xeyrinə.
Bu yerdə istərdim haşiyə çıxıb
Gürcüstanla bağlı bir xatirəmi
bölüşüm.
Deməli, ötən əsrin 80-ci illərinin əvvəlləri,
yay fəslidir, ailəlikcə Pitsundada (indi
Gürcüstanın nəzarətindən
çıxmış Abxaziya şəhəri)
yazıçıların yaradıcılıq evində dincəlirik. Sovet
ittifaqının hər yerindən gələn
yazıçı ailələri Qara dəniz sahilinin bu səfalı
guşəsində dincəlir. Bir rus
yazıçısı ilə tanış
oluruq. Adını xatırlamıram. Gülüb-danışan, ünsiyyətcil birisidir.
Yenicə gəlib. Yaradıcılıq
evinin həyətində yanında anası olan 7-8
yaşlı bir qızı mehribanlıqla
danışdırmaq istəyir. Uşağı
əyləndirmək üçün nə deyirsə,
qızcığaz susur. Anasından
soruşur bəs qızın ruscanı bilmir? Elə bu sualı vermişdi ki, milliyyətcə
gürcü anası bir mərəkə qoparır, gəl,
görəsən. Rus yazıçısına təpinir
bu nə sualdır verirsən, niyə mənim övladım
rusca danışmalıdır, hələ öz dilini öyrənsin,
sonra baxar rusca ona lazım olarsa öyrənər, olmazsa
öyrənməz, bu nə münasibətdir uşağa
qarşı və s. və i. Zavallı rus ziyalısı
çaş-baş qalıb gözlərini döyür. Gənc gürcü xanımın səsinə ətrafdakılar
da toplaşır. Onları görən xanım səsini
bir az da qaldırır, rus
yazıçısının verdiyi sualdan təhqir
olunduğunu hamıya isbatlamağa çalışır. Yazıçı hay-küyçüyə daha bir
şey deməyib sakitcə oradan aralanır. Söhbət bütün yaradıcılıq evinə
yayılır. Gəldiyi heç bir gün deyil,
artıq sanatoriyanın işçiləri də ona ögey münasibət bəsləyirlər,
yeməkxanada stol arxasında başqalarına yeməyi
vaxtında gətirirlər, ona hamıdan sonra. Özünü
sıxılmış, boykotda hiss edən bu rus ziyalısı
iki gündən sonra yaradıcılıq evini tərk edir.
Gürcülərin bu "dil milliyyətçiliyi"nə
dair digər bir epizod da maraqlıdır. Tiflisdə
1972-ci ildə XX əsrin görkəmli gürcü şairi və
ədəbiyyat xadimi Qalaktion Tabidzenin beynəlxalq səviyyədə
80 illiyi keçirilirmiş. Yubiley
yığıncağında dünyanın müxtəlif
ölkələrindən, eləcə də sovet
respublikalarından nümayəndələr iştirak
edirmişlər. Azərbaycan
Yazıçılar İttifaqının göndərişi
ilə Qasım Qasımzadə də Azərbaycanı, Əziz
Nesin isə Türkiyəni təmsil edirmiş. Yığıncaq başdan-ayağa gürcü
dilində keçir. Gələn qonaqlardan
heç biri çıxış edənləri anlamır.
Yanaşı əyləşdiyi Əziz Nesinlə
təəssüratlarını bölüşən
Q.Qasımzadə həmkarına deyir "Aziz bey, ben
yatmıştım". Əziz Nesin də
gülümsəyərək "Kim yatmamıştı ki
zatən?" - deyir. Sonralar
Q.Qasımzadə "Dil cəbhəsinə əsgəri
borc" məqaləsində mənə
danışdığı bu epizodun digər hissəsi barədə
belə yazırdı: "Tbilisidə Qalaktion Tabidzenin
yubileyində Əziz Nesinlə söhbətimiz yadıma
düşdü. Yığıncaqlarda, mitinqlərdə,
küçələrdə danışıqlar gürcücə
gedirdi. Təntənəli gecədə Əziz
bəylə yanaşı əyləşmişdik.
Soruşdu: "Sizdə, Baküde neçin boylə deyil?". Mən haqlı suala
haqsızın bəraət cəhdi ilə cavab verdim ki,
Bakı beynəlmiləl şəhərdir, bu baxımdan
Tbilisidən çox fərqlidir. Razılaşmadı:
"Hayır, canım, - dedi. - Sizinkilər odalarında kəndi
sevgilisi ilə də rusca konuşuyorlar. Düz sözə nə
deyəsən..."
"Qafqaz triosu" haqqında danışanda da gərək
düz söz deyəsən.
Filmdə erməni həkim obrazının xislətində
mənfiliklərə də aid bəzi məqamlar yer alır,
xüsusən onun mənəvi baxımdan bioloji oğlu Timurun
azərbaycanlı atalığından xeyli kasad olması
açıq görünür. Amma onun
qoçaqlığına aid epizodlarda (erməni familiyası
altında risk edib oğlunun arxasınca Bakıya gəlməsi,
özünü Bakıda iddialı aparması və s.) onun mənəvi
kasadlığını bir qədər ört-basdır edir.
Filmdəki süjetin verdiyi ismarış isə ümumilikdə
bundan ibarətdir: təbiətən mədəniyyətsiz azərbaycanlılarla
zahirən mədəniyyətli, amma öz mənafeyini xudpəsənliklə
hər şeydən üstün tutan ermənilər
arasında münasibətləri yalnız Moskva tənzimləyə
bilər.
Və bu yerdə müəllifin qurduğu süjetin daha
çox Rusiya paytaxtına təzim jesti ilə şərtləndiyindən
də rahatca danışmaq olur. Rejissor qadının Timura dediyi
"taleyin Moskvada həll olunur", erməni həkimin
Moskvaya səfər öncəsi oğlunun atalığı
azərbaycanlıya dediyi "müalicən Moskvadadır"
ifadələrinin siyasi məzmunu xeyli qabarıqdır. Müsbət obraz kimi verilən azərbaycanlı Fərhadın
oğlu da Moskvadadır. Yəni əsl
xoşbəxtliyi məhz o şəhərə
sığınmaqla tapmaq olar. Müəllif
azərbaycanlılarla erməniləri, onların münasibətlərini
Kremlin siyasi mövqeyindən çıxış edərək
təqdim edir.
Filmin süjeti bu sxem üzrə qurulub: azərbaycanlı
ailəsində böyüyən etnik erməni Timur
Dağlıq Qarabağın rəmzidir; atalığı, xəstə
azərbaycanlı obrazı isə Azərbaycanın. Və bu Azərbaycanın
rəmzi olan atalığı erməni oğulluğunu -
Dağlıq Qarabağın rəmzini - bioloji atası erməniyə
- Ermənistana kədərli-kədərli təhvil verir.
Milliyyətcə erməni ata filmin əvvəlindən
bioloji oğlu Timurun metirkasını əldə etməyə
çalışır ki, bu da mahiyyətcə Dağlıq
Qarabağ ərazisinin Ermənistana verilməsinin sənədləşməsini
rəmzləndirir. O başqa məsələ ki, həyat
yoldaşı aeroportda metrikanı Timura verəndə bu sonuncu
əvvəl sənədin ona lazım olmadığını
bildirir, sonra da deyir sənədi bioloji atasına verib-verməyəcəyi
barədə düşünər və s. Çünki
uçurlar Moskvaya. Qərarı Moskva verəcək.
Ümumilikdə isə Azərbaycanın ərazi
bütövlüyü birmənalı olaraq bədii ironiya obyektidir.
Filmin başlanğıcında göstərilən xəritə
rəmzi olaraq Azərbaycan əleyhinə yönəlib. Xəritədə
Dağlıq Qarabağdan kənarda qalmış
işğaldakı ərazilərimiz sahibsiz - adsız ərazilər
kimi təsvir edilir. "Dağlıq
Qarabağ"ın ərazisi isə müstəqil dövlətin
ərazisi kimi xəritələnir - yuxarıda qeyd etdiyim saxta
ifadənin məzmununa uyğun olaraq.
Azərbaycanın
nəzarətində olan ərazilərimiz boz, Ermənistan
bütövlükdə tünd yaşıl, əzəli Azərbaycan
torpağı Dağlıq Qarabağın ərazisi bir qədər
açıq yaşıl rəngdə, Dağlıq Qarabağdan
kənarda qalmış işğaldakı ərazilərimiz
isə bozla yaşılın qarışığında təqdim
edilir. Rənglərin təsnifatında ümumilikdə bu var
ki, yaşıl adətən həyat, sağlamlıq rəmzi,
boz isə hirs, lovğalıq rəmzi kimi səciyyələnir...
Nəriman Qasımoğlu
Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.7.