Müşfiqin xatirəsi daim Azərbaycan xalqının qəlbində yaşayacaq

 

İyunun 5-də XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şairin büstü önünə tər çiçəklər düzülüb.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında nakam şairimiz M.Müşfiqin xalqımıza yaradıcılıq eşqi ilə dolu lirik nümunələr miras qoyduğundan və şairin 110 illik yubiley tədbirinin Dövlət tərəfindən qeyd edilməsindən söz açıb. Bildirilib ki, sovet imperiyasının repressiya dalğasına tuş gələn M.Müşfiq 1938-ci il yanvarın 6-da amansızlıqla güllələnib.

AYB-nin sədri, Xalq Yazıçısı Anar Mikayıl Müşfiq şəxsiyyətini milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığının isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsində və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinə olduğunu, Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına uyğun olaraq şairin yubileyi münasibətilə ölkəmizin hər guşəsində silsilə tədbirlər keçirildiyini söyləyib.

VIII Şairlər Günü çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin üzvləri, o cümlədən müxtəlif ölkələrdən gələn qələm adamları ənənəvi olaraq Mikayıl Müşfiqin xatirəsinə həsr olunan Xəzərə gülsəpmə mərasimi keçiriblər.

Mərasimdə Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar  iştirak edib.

Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar ənənəvi olaraq keçirilən xatirə tədbiri haqqında danışıb: "Bu gün Mikayıl Müşfiqin doğum günüdür. Son illərdə ənənə yaranıb ki, biz onun xatirə günlərində Xəzərə gül atırıq. Çünki onun son mənzili bu dəniz olub. Müşfiqi Nargin adasında güllələyib, başqa dustaqlar kimi dənizə atıblar. Bu günü keçirməklə həm Mikayıl Müşfiqin, həm də digər dustaqların xatirəsini anırıq".

Layihənin rəhbəri, şair Xəyal Rza  Şairlər Günü çərçivəsində mayın 29-da Tbilisidə Zəlimxan Yaqub və Alıkul Osmanovun xatirəsi anılıb, daha sonra bölgələrdə silsilə tədbirlərlə davam edib.  Mayın 30-da Şamaxıda Fikrət Sadıq və Rauf Parfinin (Sabir Poeziya Günləri çərçivəsində), mayın 31-də Gəncədə Nigar Rəfibəyli və Nigar Binti Osmanın, iyunun 1-də Şəmkirdə Əhməd Cavad və Mehmet Akif Ersoyun, iyunun 2-də Tovuzda Mikayıl Azaflı və Cambul Cabayevin, iyunun 4-də isə Sumqayıtda Əli Kərim, Qabil və Abdurrahim Karakoçun xatirəsi yad olunduğunu söyləyib.

Qeyd edək ki, İyunun 6-da Bakıda – Beynəlxalq Muğam Mərkəzində Mikayıl Müşfiqin xatirəsinə həsr olunacaq tədbir keçiriləcək.

 

 

 Ədəbiyyat qəzeti.- 2018.- 9 iyun.- S.4.