O kim idi... uzaqdan yad bir
adam kimi gəlib keçdi...
Kamal Abdullanın esseləri
haqqında -
Kamal
Abdullanın esselərini oxuduqca varlığa, təbiətə,
tarixə həyatın strategiyasından yanaşmalı
olursan. Həyat həqiqətlərinə, mənalı
yaşamağa, xalq, vətən üçün, müstəqil
Azərbaycan üçün qurmağa, yaratmağa can
atırsan. Bir daha dərk edirsən ki, insan vətən
üçün yaşayıb-yaradarkən özü
üçün də yeni bir aləm, yeni bir dünya
yaradır, dünya yaradarkən isə əbədi
yaşayış aləminə qoşulur. "300 azərbaycanlı"
esseler kitabının müəllifi haqlı olaraq yazır ki,
"Həyatın da öz ölçüləri var, o,
müxtəlif dövrlərdən, hissələrdən ibarət
olur". Müəllifin fikrincə, monist fəlsəfədən
söhbət gedə bilməz. İnsan nə qədər mənalı
yaşayırsa, mədəniyyət inkişaf edirsə, onun mənəviyyatında
bir o qədər də yeni mənalı dünyalar yaranır.
Yarandıqca mühit yeniləşir, gözəlləşir.
Bununla belə, yenə də "...İtirə-itirə
gedirik" - deyir müəllif. Bəzən dünyanın həyat
eşqini və onun fəlsəfəsini elə burada da
axtarmalı olursan, - "Bir az da axtarsaydıq, bəlkə
itirdiyimizi tapardıq..."
Azərbaycan ədəbiyyatı
tarixinə öz layiqli imzasını qoymuş görkəmli
nasir, ədəbiyyatşünas, şair, dramaturq, tərcüməçi
və tədqiqatçı Kamal Abdulla haqqında söz demək
istəyərkən, Qabriel Markeslə bir müsahibəni
xatırlamalı oldum. Moskvada nəşr olunan "Voprosi
literaturi" adlı jurnalın (¹2 1980-ci il) müxbiri ilə
müsahibəsində o demişdir: "Biz
yazıçılar 2 qrupa bölünürük, yazan və
yazmayan yazıçılar. Yazmayanlar - daha çox göz
qabağında, daha çox dəbdədirlər. Axı
yazıçılıq dəbdədir, hətta heç nə
yazmasan da! Digər yazıçılar, yəni yazanlar nisbətən
gözdən iraqdırlar, çünki daima öz
yaradıcılıq işləri ilə məşğuldurlar".
Doğrudan da yaxşı demişlər ki, bütün
yazıçıların torpağı bir yerdən
götürülmüşdür. Onların ayrı-ayrı vətənləri,
yazı tərzləri, mövzuları olsa da, ədəbi və
əbədi həqiqətləri həmişə eyni
olmuşdur - əlbəttə, ədalətli oxucuları olan
yerdə! Q.Markesin bu sözləri Azərbaycan ədəbi
mühiti üçün də xarakterik sayıla bilər. Və
nisbətən gözdən uzaq, öz yazı
dünyasında sakit-səssiz, daim yazı-pozu ilə, həm
də məhsuldarlıqla məşğul olub tarixi əsərlər
yaradan Kamal Abdullanı da ikinci qrup yazıçılara aid etmək
olar. Mən bu yazımda onun çoxsaylı müxtəlif janrlı əsərləri
haqqında yox (bunun üçün illər və səmərəli
tədqiqatlar tələb olunur), təkcə "300 azərbaycanlı"
(Bakı-Mütərcim-2007) ədəbi-bədii esselərdən
ibarət kitabı haqqında öz fikirlərimi söyləmək
istəyirəm. İlkin olaraq onu da deyim ki, bu janrda az-az
yazılır, bir növ esselərə Azərbaycan oxucusunda mənəvi
aclıq, möhtaclıq hiss olunur. Hərəsi bir gözəl
süjetli şeir, poema siqlətində olan ədəbi-bədii,
mən deyərdim ki, elmi-fəlsəfi dərinliyə, orijinal
mahiyyətə malik olan bu irili-xırdalı əsərləri
bir dəfə oxumaqla üstündən keçmək olmur.
Çünki yazıçının yeni, özünəməxsus
yazı tərzi, deyim üslubu, maneraları, söz üzərində
tam sahibliyi, dilinin təmizliyi hər bir əsərdə
açıq-aydın hiss olunur. Mənaların
düşüncəsinə qapılmaya bilmirsən. Hər sətirdə,
hər sözdə müəllifin səsi, nəfəsi,
özünəməxsusluğu ilə rastlaşırsan.
300 mənalı
mübarizdən, 300 fəlsəfi
düşüncə və həqiqət fədaisindən
16-cısı böyük türk dünyasının görkəmli
şairi Oljas Süleymenova həsr olunmuşdur. Həmin esse, mənim
fikrimcə, fəlsəfi, psixoloji və ən əsası, bədii
dəyərlərimizin başlıca dolğun mahiyyətini
özündə cəmləşdirən bir lakonik nəğmə
kimi xarakterizə oluna bilər. Doğma Azərbaycan
torpağında Oljasla yol yoldaşı olan Kamal Abdulla səfərdə
tonqal ətrafında, meşələrdə ağaclarla nəfəs-nəfəsə,
üz-üzə gəzərək tüfəng səsini,
barıt qoxusunu unudaraq xalqlarımızın taleyindən, keçmişindən,
gələcəyindən söhbət etmiş, özü
demişkən, elə bunun da "mənəvi ləzzətini"
dadmışdır. Türk xalqlarının keçdiyi uzun,
böyük həyat yolu, köçəri mədəniyyətinin
(onu da deyim ki, köç sevdası həmişə
türkün qəlbində, fikrində daim cövlan eləmişdir)
və onun tərəqqiyə, gözəlliyə, mənəvi
aliliyə, elmə, maarifə, zəkaya, ən əsası,
Böyük Türk birliyinə
çağırışı Kamal Abdullanın qələmində
Qıpçaq çöllərinin yovşan ətri kimi
doğma hiss edilir. Həcmcə 2 səhifəlik, məna və
mahiyyətcə böyük əsər təsiri
bağışlayan bu essedə Oljasın səsi eşidilir.
Yol boyu onları izləyən qaranlığın qəribliyindən
gəlir bu səs... Oljas birdən-birə şeir deməyə
başlayır. Kamal Abdulla üçün o şeir dolu
şair səsi çox-çox uzaqlardan - qədim Oğuz ellərindən,
Orxon-Yeniseyin sehirli, sirli sahillərindən gəlir: "Səs
həm də hər birimizin içindən gəlirdi". O səsdə
şeirin fəlsəfəsi və poetik dünyasının
sadəlik ruhu da eşidilirdi, müəllifin fikirincə, - o səsdəki
şeiriyyət nə kiməsə əmr edir, nə də kiməsə
tabe olurdu, sadəcə, böyük ruh və böyük məhəbbət
sədaları yaradırdı: "Səs özü
başlamışdı şeir deməyə. Səsin öz
vaxtı, susa bilmədiyi məqamı gəlmişdi."
Şair səsinin qanadlarında "Yol uzandıqca uzanır,
biz böyüdükcə böyüyürdük..." -
yazır yazıçı. Yollar uzanır... yaşıl
kövşənlik kimi uzandıqca ilğıma çevrilirdi.
O səsdə minilliklərdən insan zəhməti, insan
duyğuları boylanırdı. Müəllifin fikrincə,
Oljasın şeir havası, misralarındakı o ahəngdar səs
ruh kimi çox-çox dərinliklərdən gəlirdi. Həmin
dərinliklərdə isə həyat, ölüm, sevinc,
şəfqət, mərhəmət, mehribanlıq kimi bəşəri
hisslər, sıxıntılar da yollara
süzülürdü. Bəlkə elə ona görə də
yollar təzədən uzanır, uzandıqca bir-birinə
calanırdı. Yolda oxunan şeirin ahəngində metafizik
mahiyyət boy göstərirdi. Şeirin səsində, səsin
şeiriyyətində müxtəlif qiyafələr baş
qaldırır, məna və semantik siqlət yollara, ürəklərə
işıq, nəğmə qırıqları kimi səpələnirdi.
Müəllif daha sonra yazır: "Şair özü də
öz səsinin dalınca düşmüşdü. Səs
onu harasa aparırdı - o da gedirdi, arxasınca da
baxmırdı". Həcmcə bu kiçik essedə böyük
ictimai-siyasi əhəmiyyətə malik fəlsəfi-psixoloji
bir sənətkarlıq nümunəsi nəzərə
çarpır. Ən əsası, poetik yeniliyi ilə... Əsər
daha məzmunlu bir sonluqla bitir: "Maşın Bakıya
çatmaq bilmirdi ki, bilmirdi...". Kamal Abdullanın poetik bir
dillə mahiyyətini aşkarladığı fəlsəfi
dilemma Türk ellərindən Bakıya gələn
yolların sonsuzluğu üzərində bərqərar
olurdu. Yazıçının nəzərlərində isə
bu yollar heç vaxt bitmək-tükənmək bilmirdi.
Bəli,
taleyi insan həyatının, insan ömrünün peyki hesab
edənlər bəlkə də haqlıdırlar, - axı həyatı
gözəllikdən, mübarizədən, tərəqqidən
ayrı təsəvvür etmək, onu məna və gələcəkdən
ayrı salmaq deməkdir. Qeyd etmək yerinə düşər
ki, həm Oljas Süleymenovun, həm də Kamal Abdullanın
yazıçı taleləri - ömür peykləri Vətənpərvərlik
və Türkçülük motivləri üzərində
bərqərar olaraq onların yazıçı xoşbəxtliyi
üçün əsas şərtlərin önündə
dayanır!
***
"
Həyat bir bütöv, tam həyat olsaydı, dərd nə
idi ki..." 300 mübarizdən biri, yəni
sıraca 54-cüsü belə başlayır. Həyat... Kamal
Abdullanın esselərini oxuduqca varlığa, təbiətə,
tarixə həyatın strategiyasından yanaşmalı
olursan. Həyat həqiqətlərinə, mənalı
yaşamağa, xalq, vətən üçün, müstəqil
Azərbaycan üçün qurmağa, yaratmağa can
atırsan. Bir daha dərk edirsən ki, insan vətən
üçün yaşayıb-yaradarkən özü
üçün də yeni bir aləm, yeni bir dünya
yaradır, dünya yaradarkən isə əbədi
yaşayış aləminə qoşulur. "300 azərbaycanlı"
esseler kitabının müəllifi haqlı olaraq yazır ki,
"Həyatın da öz ölçüləri var, o,
müxtəlif dövrlərdən, hissələrdən ibarət
olur". Müəllifin fikrincə, monist fəlsəfədən
söhbət gedə bilməz. İnsan nə qədər mənalı
yaşayırsa, mədəniyyət inkişaf edirsə, onun mənəviyyatında
bir o qədər də yeni mənalı dünyalar yaranır.
Yarandıqca mühit yeniləşir, gözəlləşir.
Bununla belə, yenə də "...İtirə-itirə
gedirik" - deyir müəllif. Bəzən dünyanın həyat
eşqini və onun fəlsəfəsini elə burada da
axtarmalı olursan, - "Bir az da axtarsaydıq, bəlkə
itirdiyimizi tapardıq..." Həmin bu ideya
yazıçını, dünyanı təkcə fiziki
varlıq kimi yox, onun bəşəriyyətə münasibətdə
olan rolunu - önəmliliyini, intellekt mənasını tədqiq
etməyə gətirib çıxardır ki, bu da hər bir
yazıçının yaradıcılığında
özünü biruzə verə bilmir. Başqa cürə də
ola bilməz, çünki Kamal Abdullanın bir çox əsərlərində
(istər essələr olsun, istərsə də irihəcmli
roman, povest, dram əsərləri) simvollar obyekt kimi
çıxış etmir, dərin bir məna, mahiyyət məqsədlərini
özündə əks etdirir. 54 saylı, yarımca səhifəlik
essedə daha sonra oxuyuruq: "Hər bir dövrü kiməsə
həsr edirik, hər bir hissəni kiməsə, nəyəsə
sübut eləyə-eləyə yaşayırıq".
İlk oxunuşdan adi, sadə görünən bu fəlsəfi-psixoloji
yanaşma oxucunun qəlbinə bir ideya kimi hakim kəsilir. Həqiqət
uğrunda savaşda varlığın, daim inkişafda olan ana
təbiətin necə, nə cür olmasını fikrində,
duyğularında sadalayırsan. Həyat strategiyasının
obyektiv və subyektiv materiya və şüur olması vəhdətini
- Dövr, İnsan və Həyat
üçün əhəmiyyətli, mənalı olan
xeyirxahlıq, bədii obrazlar kimi bu əsərdə öz əksini
tapır. Həyatı mənalandırmaq və kiməsə,
nəyəsə böyük həqiqəti və bəşəri
hissləri sübut edə-edə yaşamaq, yazmaq,
yazıçı üçün həmişə obyektiv
gerçəklikdir. Aleksandr Soljenitsinin Nobel nitqində deyildiyi
kimi: - Həqiqət, Xeyir və Gözəllik
üçlüyünün bu qədim vəhdəti
materialist gəncliyimizdə düşündüyümüz
kimi, sadəcə təmtəraqlı formul deyil... Haqqında
danışdığımız essedə həm də
şeiriyyətlə cilalanmış orijinallıqdan məhz
elə həqiqət, xeyir və gözəllik boylanır...
Amma uzaqlardan keçir gedir, -
çünki bunu uzaqlardan keçib gedən O insan
demişdir: "O kim idi... uzaqdan yad bir adam kimi gəlib
keçdi..." Yazıçının elmi-poetik fəlsəfəsinin
fundamental anlayışını orqanik həyat elementi saymaq olar. "O kim idi... uzaqdan yad bir adam
kimi gəlib keçdi" - deyərkən
yazıçı bizi
daha da uzaqlara
aparır, qəlbimizi
riqqətlə döyündürür,
düşüncələrin dərinliyinə varırıq.
O adamın arxasınca
düşürük. Mövcud olan,
hətta xəyallarımızda
yaşayan elə şeyləri bir daha xatırlamalı oluruq ki... ədəbi-bədii,
hətta naməlum O obraz məna dolu ideyası ilə orqanik həyatımızla birləşir.
Uzaqdan yad bir adam
kimi gəlib keçsə də:
- Sən çətin tapasan axtardığını-
Sən axtardığını itirməyiblər!
Yazıçının
modern fəlsəfi ideyası
və bu mövzuya metafiziki yanaşma tərzi lirik qəhrəmanını
həyatın empirik təşəkkül mərhələsinə
yönəltməsi, sözün,
o cümlədən, fəal
idrak formalarının,
milli-mənəvi dəyərlərimizin
dolğun cəhətlərini
üzə çıxarır. Axtardığını tapmaq istəyirsənsə,
əvvəl öyrən
bil, O necə, nə vaxt yaranmışdır.
Sonra sən axtardığını
itirən olmuşdumu?!
Onda dünyanın gedişatını və
axtarışların mahiyyətini
dərk edər, əsl mənzərəni
kəşf etmək, tapmaq, duymaq tərəflərinə nail ola bilərsən. Əgər bacarsan... Bacarmasan, bir daha şahid
olarsan ki... həqiqətsiz və praqmatizmsiz "Yaşamaq çox kədərli bir şeymiş..." - yazır yazıçı.
Beləliklə, uzaqdan
yad bir adam kimi gəlib keçən O haqlı idi. Haqlı idi, ona görə
ki, yaşamaq və xoşbəxt olmaq üçün var-dövlət, maddi sərvət kifayət deyil. Mənəvi zənginlik, milli-mənəvi
dəyərləri uca
tutmaq önəmli imiş...
Tahir Taisoğlu
şair-publisist,
siyasi elmlər üzrə
fəlsəfə doktoru
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.15.