Burulma və ya
çağırış
Hekayə
Hekayəni
yazdım. Aparıb qəzetdə şöbə müdirinə
verdim. Müdir hekayəni oxudu, başını
qaldırıb məni şübhəylə süzdü və
dedi:
- Burubsan.
- Nəyi?
- karıxıb qaldım.
- Hekayəni.
- Hara
burmuşam? - hələ də eşitdiklərimə inana bilmirdim.
- Bunu mənmi
sizə deməliyəm?
Hekayəni
hara və necə burmağım hələ məlum deyildi,
bunun əvəzində isə boynumu burmağa başladım.
Bir halda burduğumu görürsünüzsə, siz deməlisiniz.
Çünki mən ha baxıramsa hekayənin harasa
burulduğunu görmürəm. Axı onu nəyə görə
burmalıymışam? Əgər doğrudan da burulubsa, demək,
özü burulub. İndi heç kimə etibar eləmək
olmur, hekayələrə isə heç olmaz.
Adam təzədən
gözlərini mənə zillədi, dərinliyini görə
bilmədiyim bu gözlərdən çıxan
şüaların sinəmi deşərək kürəyimdən
necə çıxdıqlarını aydın
görürdüm. "Əlbəttə, görürəm,
sizi qarşımda necə aydın görürəmsə,
hekayəni də burduğunuzu elə aydın görürəm.
Qərbə burubsunuz. Hələ bir Sovet gənci, hələ
bir komsomolçu!"
Hər
bir sözün qaya parçası kimi üstümə
aşmağını yazmağa ehtiyac yoxdur. Bədənimə
üşütmə düşdü. Bu necə ola bilərdi?
Allah, Allah, mənə nə olmuşdu? Durduğum yerdə
hekayəni niyə burmuşdum? Həm də heç yerə
yox, məhz Qərbə. Yenə Şərqə bursaydım,
birtəhər özümə haqq qazandıra bilərdim. Amma
hekayəsi Qərbə burulan yazıçı, həm də
gənc yazıçı, komsomolçu özünə necə
haqq qazandıra bilərdi?
- Əminsiniz?
- Nəyə?
- Hekayənin
burulmağına.
- Əminəm!
Adım kimi.
- Yəni,
Qərbə?
- Qərbə!
Qardaşım
haqlıydı. Məndən yazıçı olmayacaqdı.
Yazmağa təzə-təzə başlamışdım.
İlk hekayələrimi yazırdım. Hələ bir
yazıçılığımla fəxr də eləyirdim.
Buyur, bu da sənə yazıçılıq! Qələmi əlimə
götürən kimi hekayənin ağzını Qərbə,
düşmənlərimizə tərəf döndərmişdim.
Daha doğrusu, burmuşdum. Ha çalışdımsa belə
iyrənc təşəbbüsə haçan
başladığımı xatırlaya bilmədim. Bu lənətə
gəlmiş bəlkə öz-özünə burulmuşdu?
Onsuz da ağlım kəsəndən işlərim düz
getmirdi. Ümidim bircə yazıçılığa idi.
Onda da burmağa başladım.
- Bəxtin
çəkib, - müdirin səsi məni xəyaldan
ayırdı, - mənim çox yumşaq qəlbim var. Daha
doğrusu, gözəl qəlbim. Sizin bu alçaq hərəkətiniz
haqda lazımı yerlərə məlumat verməyəcəyəm.
Əslində, zirzəmilərdə
bu alçaq hərəkətiniz üçün cavab
verməliydiniz, amma insafım
buna yol vermir.
Yumşaq
qəlbli, daha doğrusu, gözəl qəlbli şöbə
müdirinə dönə-dönə təşəkkür
eləyərək burulmuş hekayəmi götürərək
otaqdan çıxdım. Redaksiyanın girişindəki zibil
qutusuna atdım. Amma heç qutudan beş-altı addım
aralanmamış dönüb geri cumdum. Mən nə iş
görürdüm? Birdən hekayə burda çekistlərin
diqqətini cəlb elədi... Onda şöbə müdirinin
qəlbinin necə olması kara gəlməyəcək, zirzəmidə
şanlı çekistlərimiz üçün burulma
olayına aydınlıq gətirəcəkdim. Bunu
düşünəndə belə bədənimdə
qarışqa gəzirdi.
Hekayəni
zibilyığanların yandırdığı ocağa
atdım. Sona qədər necə yanmasına ləzzətlə
baxdım. Səni əclaf, burulmağa başlayanda,
yanacağını da göz önünə
almalıydın. Bəxtimiz çəkdi ki, yumşaq qəlbli,
vicdanlı sovet insanına rast gəldik, yoxsa məni də
yandıracaqdılar. Özü də sənin kimi yox. Sən
beşcə dəqiqəyə yanıb kül oldun. Məni isə
aylar, illər uzunu yandıracaqdılar. Ta ruhum bədənimi
tərk eləyənə kimi. Zarafat işdimi, Sovet insanı
adını nə qoyub hekayəsini Qərbə doğru
buruşdurar?
Bəxtimin
gətirdiyinə, canımı belə asanlıqla
qurtardığıma görə sevinirdim. Arabir ürəyimə
şübhə da damırdı. Görəsən
şanlı çekistlərimiz külü aşkarlayıb
hekayəni oxuya bilərlərdilərmi? Aşkarlarsalar,
batdım. Zirzəmi yolumu gözləyirdi.
İndi
artıq yeni hekayələrimi yazanda bütün diqqətimi
toplayır, hekayənin harasa burulmasına yol verməmək
üçün nə bacarığım varsa səfərbərliyə
alırdım. Hekayəni qurtarır, oxuyur, heç hara
burulmadığına əmin olurdum. Amma yenə də
şübhə içimi gəmirirdi. Bəlkə mən
görə bilmirdim. Hekayə yenə də harasa burulmuşdu?
Qonşu
otaqda cavan bir həkim kirayədə qalırdı. Ara-sıra
makinada yazdığım hekayələrii oxuyur, fikrini də
deyirdi. Çox içirdi, bunun mənə isti-soyuğu yox
idi. Amma içəndən sonra hekayəyə "hekayəciyəz"
deyirdi. "Ciyəz"lərin isə mənə əməlli-başlı
isti-soyuğu var idi. Möhkəm toxunurdu, amma dözməyə
məcburdum. Çünki ətrafda ikinci başqa oxucum yox
idi. Hekayəni ona verdim:
- Oxu, -
dedim.
- Oxumuram!
- Həkim gözlədiymin əksinə olaraq çox sərt
cavab verdi.
-
Üç bakal pivə məndən.
- Niyə
oxumalıyam?
- Bax
gör, harasa burulmayıb ki?
- Beş
bakal pivə.
Razılaşmaqdan
başqa yolum qalmadı. Həkim də axşama hekayənin
hazır olacağını dedi. Axşam səbirsizliklə həkimdən
soruşdum:
- Oxudunmu?
- Oxudum! -
Həkim təntənəylə dedi.
-
Burulubmu?
- Əvvəlcə
beş bakalımızı görəlim!
Həkimi
çayın sahilindəki yeməkxanaya apardım. Beş
bakalını son damlasına qədər gördü. Əslinə
qalarsa, daha iki-üç bakalı da görmək istəyirdi,
amma mənim maddi imkanlarıma görə beş bakalın
özü belə israfçılıq idi və istəməsəm
də yeganə oxucuma yox cavab verməli oldum. Yeganə oxucum
digər bakalları görə bilməsə də, sərxoş
olmuşdu. Dili çətinliklə söz tuturdu. Mənsə
səbirsizliklə onun rəyini gözləyirdim. Adam nəsə
demək istəyir, ancaq sözünü başa
çatdıra bilmirdi. Nəhayət, çətinliklə də
olsa sözünü deyə bildi: Bilirsən, sənin bu hekayəciyəzin…
belə baxanda burulmayıb, amma elə baxanda, deyəsən,
burulub.
Görünən
buydu ki, pulumu havaya sovurmuşdum. Adam məni lap şübhəyə
saldı. Yaxşı, - dedim, - elədən baxanda burulubsa,
barı sən onun hara burulduğunu görə bildinmi? Həkim
əlini yuxarı qaldırdı: - Sən sabah axşama
beş bakal da pivə alarsan. Mən ona hekayəciyəzi bir də
oxuyaram. Onda hara burulduğunu müəyyən eləyə bilərəm.
İndisə hər şeyi dumanlı görürəm.
Beş
bakal almaqdan söhbət gedə bilməzdi. Almadım. Hekayəni
də oxumaq üçün başqa kiməsə vermədim.
KQB agentlərinin əlinə düşə bilərdi. Onlar hər
şeyi dumanlı görən qonşumdan fərqli olaraq bircə
göz qırpımında hekayənin hara burulduğunu
görəcəkdilər.
Səhər
isə işə gedən həkim düşdü
üstümə: - Pivə köhnə imiş, zəhərlənmişdim.
Səhərə kimi yatmamışam, yerin içində
burulmuşam. Sənin o hekayən də gözlərim
önündə burulub gedirdi. Mən burulurdum, hekayə
burulurdu. Məni işə salıbsan, indi nəyə
baxıramsa, hamısı burulmağa başlayır.
Hər
şeyin unudulduğunu zənn eləyirdim. Təsadüfən
hansısa şairlə görüşdə rayon partiya komitəsinin
şöbə müdiriylə rastlaşdım. Qoluma girib məni
kənara çəkdi: - Cavan oğlan, eşitdiyimə
görə Qərbə meyllənirsiniz, daha doğrusu
burulursunuz. Bu yaxşı hal deyil. Bəxtiniz çəkib, mənim
yaxşı qəlbim var. Daha doğrusu, çox gözəl
qəlbim. Belə cavan yaşda ömrünüzün zirzəmilərdə
çürüməsinə vicdanım yol vermir.
Rayon
partiya komitəsinin şöbə müdirinə səmimi qəlbdən
təşəkkür elədim. Ürəyimdə isə qəzetin
şöbə müdirinin yaxşı, daha doğrusu, gözəl
qəlbinə dönə-dönə tüpürürdüm.
Əclaf adam, yaxşı qəlbi var imiş. Səni
görüm yaxşı qəlbinlə birlikdə lənətə
gələsən!
Xalam
oğlu mədəniyyət evində işləyirdi, mən
onlar üçün gülməli ssenarilər
yazırdım, onlar da tamaşaya qoyurdular. Lakin heç vaxt
ssenari müəllifinin kim olduğunu demirdilər.
Çünki mən Yazıçılar
İttifaqının üzvü deyildim. Yazıçılar
İttifaqının üzvü olmayanların əsərlərini
isə tamaşaya qoymaq qadağan idi. Onunla rastlaşanda
şikayətlənməyə başladı: - Biz gözləyirik
axı, söz vermişdin, bəs niyə yeni ssenarini vermirsən?
- Verə
bilmərəm, - pıçıltıyla dedim.
- Niyə?
- Bilirsən,
son vaxtlar yazılarım burulur.
- Burma! -
adam sanki ağıllı məsləhət verdi.
-
Özümdən asılı deyil axı. Neyləyirəmsə,
alınmır, bir də görürəm burmuşam.
- Sən
onu hara burursan?
- Deyə
bilmərəm! - əlimi dodaqlarımın üstünə
qoyub susmaq işarəsi verdim.
Heyrətdən
xalam oğlunun gözləri kəlləsinə çıxmışdı.
"Sən belə bir möhtəşəm təklifdən
necə boyuq qaçırdarsan? Mən bütün
imkanlarımdan istifadə eləyib sənin qarşında
geniş üfüqlər açıram, sənsə
buruşdurursan!" İndi də mənim gözlərim kəlləmə
çıxmışdı. Ha baxırdımsa xalam oğlunun
qarşımda açdığı geniş üfüqləri
görə bilmirdim. Pul vermirdilər, tamaşaya qoyulan əsərlərin mənə məxsus olduğunu da
bir o bilirdi, bir də mən. Bunun harası möhtəşəm
təklifmiş?
Bu
söhbətdən bir az keçmiş mərkəzi
kitabxanaya gedirdim. Heminqueyin "Qoca və dəniz"ini
qaytaracaqdım. Povest mənə elə təsir eləmişdi
ki, fikirlərimi bir yerə toplaya bilmirdim. Gözlərim
önündə okean var idi, okeanda qayıq
yırğalanır, qayıqda da əldən
düşmüş qoca böyük balığı tilova
keçirdərək qayığın arxasınca
dartırdı. Kitabxanaya necə girməyimdən xəbərim
olmadı, bir də onda gördüm DTK sədrinin
qarşısında dayanmışam. Həmən o uzaq illərdə
vəzifə sahibləri kitabxanalara getməyi, kitab
almağı özlərinə ayıb bilməz, əksinə,
bununla fəxr eləyərdilər. Ən çox kitab alan da,
ən çox kitab oxuyan da onlar idi.
Sədr
fikirli halda dedi:
- Demək,
bu siz imşsiniz.
- Mənəm,
- bir qədər gec cavab verdim.
- Demək,
qərbə meyillənirsiniz?
- Yox, -
başımı yırğaladım.
-
Maraqlıdır. Bəs onda hara?
Çaşıb
qalmışdım. Lənət şeytana mən hara meyillənirdim?
Ümumiyyətlə şən və firavan ölkədə
yaşadığım halda harasa meyillənmək mənim nəyimə
lazımmış? İndi nə deyim? Bircə onu bilirdim ki, qərbə
meyilləndiyimi deyə bilmərəm. Bəlkə şərqə
deyim? Yox, bu adamların ipi üstə odun yığmaq
olmazdı. Bəlkə şərqi də sevmirdilər. Hardan
bilim? Birdən şüurum aydınlaşdı, qətiyyətlə
dedim:
-
Heç hara meyillənmirəm! Düz gedirəm, kommunizmə
doğru!
- Kommunizmə
doğru?- Sədrin səsində açıq-aşkar
şübhə var idi.
- Hə!
İri addımlarla!
- Amma mənə
meyilləndiyinizi deyiblər.
Sədr nədənsə
kədərlənmişdi, mənim birbaşa kommunizmə
doğru getməyim nədənsə ürəyincə
olmamışdı. Əlini çiynimə qoydu. Bəxtin
çəkib, dedi, yaxşı qəlbli, daha doğrusu,
gözəl qəlbli çeka işçisi qarşına
çıxıb. Birbaşa kommunizmə doğru gedən
sovet gəncini elə burdaca qandallayıb aparmağa insafım
yol vermir. Ən əsası isə zirzəmimiz təmirə
dayanıb. Yoxsa səninlə bu mövzuda daha ciddi söhbətlər
eləyərdik.
Kitabxanadan
rəngim ağarmış halda çıxdım. Ürəyimdə
isə rayon partiya komitəsinin şöbə müdirinin
yaxşı, daha doğrusu, çox gözəl qəlbinə
tüpürür, DTK zirzəmisində təmirin daha
iki-üç il uzanması üçün Allaha dua eləyirdim.
Ən əsası da bir daha qarşıma yaxşı qəlbli
insanlar çıxmamasını arzulayırdım.
Yaxşı qəlblilər bir qayda olaraq əclaflıqlar eləyirdilər.
Ölkə
dağıldı. Senzura ləğv edildi. Daha yazının
harasa, Qərbəmi, Şərqəmi burulması
üçün narahat olmaya bilərdin. Qərbə doğru
burmursan, şimala doğru bur, lap elə zirəksən,
üzünü Amerikaya doğru döndər. Qoy burula-burula
gedib hindu torpaqlarına çıxsın. Daha doğrusu, indi
çox az sayda hindunun yaşadığı, Avropadan ora
axışan ağdərili insanların hinduların əlindən
aldığı torpaqlara.
"Mavi
gözlü qız" adlı povestimi jurnala verdim, bir həftədən
sonra redaktor çağırdı. Getdim. Redaktor qovluğu mənə
qaytardı: "Çap eləyə bilmərik, - dedi. -
Povestdə 11 sentyabr terroruna çağırış
var". Matım-qutum qurudu. Ha düşünsəm də,
povestdə 11 sentyabr terroruna harda çağırış
olduğunu tapa bilmədim, sonralar dəfələrlə
düşünməyimin də faydası olmadı. Belə
bir çağırışı nə görür, nə
eşidirdim.
Redaktordan
soruşdum:
- Əminsiniz?
- Nəyə?
-
Yazıda çağırış olduğuna.
- Adım
kimi! - redaktor qətiyyətlə dedi.
Redaktorun
otağından ruhdan düşmüş halda
çıxırdım. Yazıçıya bax, romanlar
yazır, kitablar çap elətdirir, amma yazısındakı
çağırışı eşitmir, görmür.
Yazının bircə hərfini belə yazmayan redaktor isə
baxan kimi, qulağını yazıya söykəyən kimi
çağırışı eşidir…
Bir sözlə, əlahəzrət
fakt ortalıqdaydı. Yazılarımı idarə eləyə
bilmirdim. Burulurdular, çağırırdılar. Nə bilmək
olardı, sabah bəlkə başqa bir əclaf hərəkətə
də yol verəcəkdilər.
Bir müddət
özümə gələ bilmədim. Heç cür
xatırlaya bilmirdim, adam yaxşı qəlbinin olduğuna
işarə vurdumu? Yəni məni hansısa zirzəmidə
hesabat verməyə çağıracaqdılarmı, yoxsa
rahat yata bilərdim?
Mənə yalnız ümid eləmək qalırdı. Bu yaşımda zirzəmilərdə hesabat vermək əsla ürəyimcə deyildi. Rahat yatmaq istəyirdim.
Aslan Quliyev
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.9.