Ev
Hekayə
İnsan
xatirələrinə sadiqdir...
Bəlkə
də bu onun öz əlində olsaydı başqa cür edərdi,
lakin hardasa dərinlərdə, zehndə bir xüsusi düyməcik
var, bir andaca o düyməcik basılır və biz hər
şeyimizi ataraq
ora dalırıq..
Yer
yaddaşı, məkan çəkimi və ev kultu..
İnsan
evini-yuvasını diləyir.. Görəsən
evlərin
yaddaşı varmı, əşyaların,
divarların, döşəmənin, divara vurulmuş rəf
dayağının yaddaşı varmı?
Bir dəfə
qızım oturduğu yerdən boylanıb uzun-uzun divarlara,
yuxarı-aşağı baxdı və dedi:
- Mən
gələcəkdə böyüdüyümüz evlərin
qapısını döyüb xatırələrimlə
üzləşəcəyəm...
..."Barış"
hekayəsində bir məqam var. Uzun illərdən sonra
işğaldan azad edilmiş kəndinə, evinə
qayıtmış adam həyətdəki paltar ipində
atılıb qalmış uşaq şalvarı görür.. Görür və
sarsılır.. Onun doğma
evində bir insan böyüyüb və onun bütün
uşaqlıq xatirələri məhz burdadır. Bəs bir gün o da qapını döyüb -
"xatirələrimlə üzləşməyə gəlmişəm"
desə?
...
Bayırda
tufandır, yağış yağır, külək
damcıları pəncərəyə çırpır,
ildırım çaxır...
"Qiyamət qopub", deyəsən belə deyirik...
İnsan
niyə qiyamət gününü belə təsəvvür
edib, bilmirəm, lakin görünür bu həm də
"daş da yağsa" deyimini həqiqətə
yaxınlaşdırır... Bəli, daş da yağsa,
ildırım da çaxsa, iyirmi ilin o tayından bir adam çıxıb gəlib və xatırələriylə
üzləşmək istəyir...
Zeynəb niyə evinin qapısını yad adama
açır?
Nədir onu buna vadar edən? Bəlkə
oxucu (tamaşaçı) bunu qadının təkliyilə
bağlardı, lakin mən hiss edirəm, o evdə qalan xatirələr
tanış səsi, tanış qoxunu,
tanış gəlişi hiss edib... Ev, doğmalığa
dartınır... Zeynəb o
qapını açmaya bilməz...
İnsan həmişəmi gözəl xatirələrlə
yaşayır?
Yox. İnsan həm də məhv olan xəyallarına,
acılarına, ağrılarına, peşmanlıqlarına,
pis anlarına qayıdır... Bəlkə elə
bu da Qiyamət Gününün yaşanmasıdır?
Axı o yerdə
Böyük Üzləşmə gözlənilir
və biz içimizi acıdan hər şeydən orda xilas olacağımıza
ümid edirik? Bəlkə bağışlanmaq deyil, daha
çox bağışlamaq istəyir və Qiyamətin
üstünə gedirik?..
Aytore
kimi...
Yaşlanmış,
ömrünün "peyğəmbər yaşında"
(bunu dönə-dönə qeyd edir), bəlkə də
bütün fəlakətlərinin başlanğıc
götürdüyü evə qayıdır... Küçələrində
dolaşa bilmədiyi şəhəri adlayıb özgə
(öz) qapısını döyür... Səbəb, çox faciəlidir:
"Oğlumun sümükləri üzərində gəzə
bilmərəm" deyir...
Aytore kimdir? Güclü adam. Qiyamət
gününə öz ayaqlarıyla gəlib
çıxıb... Təkbaşına. Bəlkə də tək başına deyil. Kim bilir? Axı, onun qadını
nə ölüb, nə itib.
Sadəcə yoxa çıxıb... Sadəcə,
havalanıb... O isə dayanıb, dözüb... və qayıdıb...
Burda sanki
ikinci bir üz var... O üzdə Zeynəb dayanıb... Kişinin qadın tərəfi... Tamam yad, tamam özgə, tamam başqa-başqa.
Onları bir-birinə, bir evin keçmiş və indiki sahibi
olmaqlarından başqa heç nə bağlamır...
Həqiqətənmi belədir?
Ev, məkan,
yer... Həyat... Kimdir onun həqiqi sahibi, Zeynəbmi,
Aytoremi? Bəlkə Ertay?... Heç kim... Ev (həyat,
dünya) həqiqətən bir səhnəymiş kimi, biri
tez, biri gec (kim deyir "tez" nədir, "gec" nədir? ) gəlib gedir... Sadəcə,
Qiyamət Günü dilə gətiriləcək xatirələr
qalır, onlar da danışılır gedir. Adamlar
ölür və zaman yox olur-elə arada qalıb
sıxılan iyirmi il kimi... Yox, burda
heç kim ölməyəcək, bəziləri qalacaq, bəziləri gələcək,
bəziləri çıxıb gedəcək... Bəzilərisə
hələ gəlməyə hazırlaşır...
***
Nəzərlərinizi
boş yerə səhnəyə cəlb etmədim...
Bir ay əvvəl
qarşımda dayanan mətni dilimizə çevirməyə
başlayanda dostlaşdıq bu əsərlə: "Köhnə
evdə iki görüş". Tanınmış
qazax yazıçısı Dulat İsabekovun eyniadlı pyesi əsasında
səhnələşdirilən tamaşa yaxın günlərdə
Şəki Teatrının səhnəsində oynandı.
N. Bekejanov adına Kızılorda vilayəti
Qazax Musiqili Dram Teatrı bu dəfə uzaq Qazaxıstan
çöllərindən ziyarətimizə Zeynəbi,
Aytoreni, Ertayı, Aytorenin anasının xəyalını gətirib
gəlmişdi...
Şəki Teatrı uzun müddətdir türkdilli
xalqların teatrları arasında əlaqələrin möhkəmləndirilməsi,
türkdilli müəlliflərin əsərlərinin səhnələşdirilib
tamaşaçıya çatdırılmasıyla
bağlı işlər aparır. Teatrlararası əlaqələr.
Təcrübə mübadilələri eyni
zamanda yeni sənət dostluqlarının, əlaqələrin
yaranmasına, genişlənməsinə gətirib
çıxarır. Qazaxıstan teatrlarıyla əlaqələr
günü-gündən möhkəmlənir və bunun nəticəsində
Şəki tamaşaçısı artıq ikinci dəfədir
(festivaldan kənar) doğma səhnədə qazax teatrıyla
yaxından tanış ola bilir...
Tamaşa, rejissor, Qazaxıstan Respublikasının əməkdar
incəsənət xadimi
Xüseyn Əmir-Temirin quruluşunda səhnələşdirilib, rolları Karlığaş Aycanova
(Zeynəb), Oğım Baymaxanov (Aytore), Yerkin Aslanov (Ertay),
Umugülsüm Begimova (ananın xəyalı)
canlandırıb...
Məşq
zamanı zala endim... Oxuduğum və hiss etdiyim mətnin səhnədə
canlandırılması
maraq doğurur. İlk hiss etdiyim, mətnin
qısaldılmasıdır... Haqq verirəm, iki yaşlı
insanın həyat-ölüm, qürbət-vətən, ənənə-müasirlik
üzərinə danışdıqları,
bölüşdükləri tamaşaçını yoracaqdı...
Biz axı, çox səbirsiz olmuşuq, həmişə də
səbirsizik, heç kim həyat deyib
oynadığımız tamaşanın böyük bir
parçasını bu qaranlıq zalda izləyəcək qədər
boş deyil...
Üstəlik, səhnədə çox sözə
ehtiyac yoxdur.
Səhnə daha çox çatdırmalı, hopdurmalı,
baxanları çəkib hadisələrin, oyunun uçunə
salmalıdır...
...Qapı
döyülür və o üzdə yaşlı, müharibənin
və həyat mübarizəsinin hər üzünü
görmüş bir yad adam dayanıb.
Buyurun, izləyin...
***
Evinə
qayıdan insan...
Evində
qarşılayan insan...
Səhnədə
aktyor, zalda tamaşaçı...
Kənar ekranda mətni dilimizə çevirən sətirlər
yuxarı döğru sürüşür... Uzun bir həyat
hekayəsi çay kimi axıb gedir... Yanımdan kimsə oyunu
ikiyaşlı adamın sevgi hekayəsinə bənzətməyə
cəhd edir... Sonra müəllifin
haqqında daha nələrsə öyrənməyə
çalışarkən görəcəyəm, deyəsən,
o, bu fikrində tək deyil...
Yazını
yazarkən bəzi
fikirlərlə tanış olmaq istədim... və anladım, insan həqiqətən
həyatını oynamağa tələsir və çox
şeyə (oxumağa, baxmağa, görməyə,
götür-qoy etməyə, duymağa, içinə çəkməyə)
vaxt tapmır...
İnsanlar
bəzən (bəzənmi?) səhv anlayırlar... Lakin kimə nəzərən? Səhv
nədir?
Bu,
heç də göründüyü kimi sadəcə bir qazaxın vətəninə
baş çəkmək istəyinin hekayəsi deyil... Hər
nə qədər gələn də, qarşılayan da vətəndən
danışsa belə... Qonaqpərvərlikdən, nənələrin
ənənəsindən söz açılsa belə...
Qınaq da var, məsləhət də... Göz yaşı
da, zarafat da... Amma hekayə, bir xalqa məxsus iki
insanın dar çərçivəli söhbətindən
sıçrayıb çıxır və sadəcə insan
düşüncəsinin, yaşamının, ictimai, sosial qaynaşmanın
mənzərəsinə çevrilir... Düşünürsən,
hər yerdə belədir, bütün dövrlərdə,
bütün ölkələrdə belə şeylər
olur... Hər kəs öz hekayəsini görə bilir.. Axı olan şeylər,
ağrı-acılar da başqa yerdə deyil, bu vətəndə,
doğma insanların içində, eyni dildə danışan,
eyni torpaqlarda yaşayan adamların arasında baş verib?
Qayıdıb
Vətəndə ölməyə
çağırış... Aytore gedir... Zeynəb qalır...
Kişi yad torpaqlarda, Zeynəb öz vətənində öləcək...
Bəs, vətən hardadır, haradır, o, kimin yanında, hansı evdə
və kimin məzarı başında qalıb?
***
İnsan
qayıdır... Bir gün əzəlinə, (o lap ortadan
başlasa belə) dönür... Qalmaq üçün deyil,
sadəcə toxunmaq üçün... Ölüm,
böyük qayıdışdır, insan hardan gəlibsə
ora dönür - torpağa...
Bu yerdə düşünürəm, görəsən,
seçimi öz əlində olsaydı, insan hara
qayıdardı? Bəlkə torpağa qarışmaz, uçub gedərdi?...
***
Aytore
uçub gedir... Onu
hava limanında dumana ilişib qalan təyyarəsi vaxt deyilən
mücərrədliyin sükutudur. Zaman
dayanıb. Onun içində Aytore
üçün bir ömrün bu başından o
başına gedib çıxacağı bir yol
açılıb. Lakin, qalmaq olmaz... İnsan getməlidir, nə
olur-olsun, getməlidir... Lakin o, getməmişdən əvvəl
ona evinin qapısını açan, süfrə sərən,
xatirələrini dinləyən ananın əlindən
öpməyi unutmur...
Bəlkə,
artıq bu evdə heç nə əvvəlki kimi olmayacaq...
Lakin heç nə, hez zaman olduğu kimi baş verməyib...
Hədiyyə ŞƏFAQƏT
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.14.