Yüz il əvvəlin yüz il sonrası
Azərbaycan Respublikası
Silahlı Qüvvələr Günü münasibətilə
Bu
gün Azərbaycan Ordusunun inkişafında bəyan
edilmiş aparıcı xətlərdən biri də beynəlxalq
əlaqələrə, o cümlədən, NATO ilə əlaqələrə
prioritet önəm verilməsidir. Azərbaycanda NATO
standartlarına cavab verən peşəkar ordu qurulur. Azərbaycan
alyansın üzvü olan dövlətlərin ordu
quruculuğu prinsiplərindən yaradıcı şəkildə
bəhrələnir və müvafiq proqramlarda aktiv iştirak
edir.
2018-ci
il hər bir azərbaycanlı üçün qürur ilidir.
Yüz il öncə böyük sınaqlardan, fədakarlıqlardan
sonra Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi 23 ay
ömür sürməsinə baxmayaraq, Şərqdə ilk
demokratik cümhuriyyətin yaradılması ilə bir
çox dövlətçilik ənənələrinin əsası
qoyulub. Böyük çətinliklər hesabına müstəqilliyini
tanıdan Azərbaycan Xalq Cümhuriyyəti 23 aydan sonra
süqut etsə də, Şərqin ilk demokratik dövləti,
Prezident İlham Əliyevin təbirincə desək, zəngin
dövlət quruculuğu təcrübəsi ilə milli
dövlətçilik tarixində silinməz izlər qoyub,
xalqın qəlbində azadlıq və istiqlal
duyğularını gücləndirməklə,
respublikanın gələcək müstəqilliyi
üçün etibarlı zəmin hazırlayıb.
Uzun ayrılıqdan sonra Azərbaycanın üzünə
tale yenidən güldü - 1991-ci ildə dövlət
müstəqilliyi bərpa edildi. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin
varisi hesab edən müstəqil Azərbaycan Respublikası ilk
illərdə müəyyən sınaqlarla, hətta
dağılmaq, parçalanmaq, federasiyalara bölünmək
təhlükəsi ilə üz-üzə qalsa da, ulu öndər
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı ilə bütün bəlalardan, eləcə
də daxili və xarici təhdidlərdən xilas oldu, müstəqillik
yollarında inamla irəliləməyə başladı. Azərbaycan
Xalq Cümhuriyyətinin tarixdəki rolu barədə
danışarkən ulu öndər deyirdi: "Azərbaycan
çar Rusiyasının tərkibində olarkən
xalqımızın çox dəyərli şəxsiyyətləri
orduda yüksək rütbələrlə xidmət etmişlər.
General Səməd bəy Mehmandarovla general Əliağa
Şıxlinski, Talışxanov, Novruzov, Bakıxanov, Qacarlar,
Yadigarov və Naxçıvanski nəslindən olan generallarla
fəxr edirik. Onlar bizim tariximizə yazılıbdır.
Biz onları böyük hörmət və
ehtiram hissi ilə xatırlayırıq.
Bizim keçmişdə də ordu yaratmaq sahəsində
böyük ənənələrimiz olub. Milli dəyərlərimizi,
milli ənənələrimizi, tariximizi yaxşı bilməyən
gənc vətənpərvər ola bilməz.
Atalarımızın, babalarımızın, əcdadlarımızın
qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə
də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun
müstəqilliyini əbədi etməkdə bizim
üçün örnək olmalıdır.
Gərək biz tarixi şəxsiyyətləri heç
vaxt unutmayaq. Tarixin hər səhifəsinə hörmətlə,
ehtiramla yanaşaq."
Bəli, ulu öndərin dediyi kimi, adları tarixə
yazılan Cümhuriyyət fədailərini, Şərqdə
ilk müstəqil dövlətin yaradılması yolunda
canını belə əsirgəməmiş qəhrəman həmvətənlərimizi
bir xalq olaraq böyük iftixar və qürur hissi ilə
xatırlayırıq. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinin,
qurucularının, dövlətçilik, vətənpərvərlik
ənənələrinin əhatəli təbliği və
yaşadılması ilə bağlı dövlət səviyyəsində
gərəkli tədbirlər görülür. Prezident
İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi
ilə bağlı sərəncamı, 2018-ci ili
"Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsi
milli-tarixi keçmişimizə olan diqqət və
qayğının ifadəsidir. Bu gün dünyanın ən
güclü 50 ordusu sıralarında yer alan
Azərbaycan Silahlı Qüvvələri də məhz Xalq
Cümhuriyyətinin Əlahiddə Azərbaycan Korpusunun
varisidir. Bu varislik ordunun şəxsi heyətinin
hər bir üzvünün qəlbində qürur, iftixar və
qəhrəmanlıq hissləri yaradır. Bu gün hər bir əsgər, zabit yaxşı
bilir ki, onlar Xalq Cümhuriyyətinin fədakar sərkərdələrinin,
vətənpərvər hərbçilərinin şərəfli
mübarizə yolunun davamçılarıdır.
Bəli, ötən əsrin əvvəlindən fərqli
olaraq indi müstəqil Azərbaycan daha qüdrətlidir. Ölkə Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
müdrik siyasəti ilə Azərbaycan siyasi-iqtisadi
gücünü və hərbi qüdrətini artıraraq
daha böyük uğurlara doğru inamla irəliləyir.
Hər bir ölkənin Silahlı Qüvvələrinin
gücü onun əsgər və zabitlərinin sayının
çoxluğundan öncə döyüş
bacarığı ilə şərtlənir. Döyüş
bacarığı, mənəvi-psixoloji
hazırlığı yüksək olmayan ordu, hərbi-texniki və maddi təminatı
yetərli olsa belə, qüdrətli və peşəkar
sayıla bilməz. Ordunun, Silahlı qüvvələrin
gücü onun generalının, zabitinin, əsgərinin vətən,
torpaq sevgisindən və bu sevgi yolunda hər cür fədakarlığa
hazır olmasından
keçir. Qəlbi boş olan
döyüşçü ən yüksək hərbi texnika
ilə də nə düşmən önündə duruş
gətirə, nə də düşmən üzərinə
yürüş edə bilər. Əsgərin,
döyüşçünün qəlbinə vətən
sevgisi, vətənpərvərlik ruhu uşaq
yaşlarından hakim kəsilməli, yaşının
üstünə yaş gəldikcə bu bir vətəndaş
amalına, vətəndaş əqidəsinə çevrilməlidir.
Yaxın keçmişin tarixi də göstərdi
ki, Azərbaycan övladları vətən, torpaq naminə
canlarını fəda etməyi şərəf bilirlər.
Belə övladlar indi də yetərincədir.
Erməni işğalçılarının
torpaqlarımıza təcavüz etdiyi ilk illərdə
"Tiqana" ləqəbli 13 yaşlı Samir Əliyevin
döyüşçülərimizlə çiyin-çiyinə
düşmənə qarşı vuruşması, ulu öndər
Heydər Əliyevin Fərmanı ilə "Azərbaycanın
Milli Qəhrəmanı" adına layiq
görülmüş Etibar İsmayılovun belinə qumbara
bağlayıb düşmən tankının altına
atılmaqla canı bahasına döyüşçülərimizi
mühasirədən çıxarması və digər
onlarla misal yaxın hərb tariximizin şanlı səhifələrindəndir.
Ancaq bütün bunlar ayrı-ayrı vətən
övladının adına yazılan qəhrəmanlıqlar,
şəxsi keyfiyyətlərindən doğan fədakarlıqlar idi.
Bütün bunlarla düşmən təcavüzünün
qarşısını almaq, əlbəttə,
müşkül iş idi. Erməni
işğalçılarını məmləkətimizin ərazilərindən
qovub çıxarmaq və onların təcavüzünün
qarşısını saxlamaq üçün
könüllü hərbi birləşmələr və
bir-birilə az qala adi rabitə əlaqəsi
olmayan dəstələr yox, qüdrətli sərkərdəsi,
vahid komandanlığı olan peşəkar ordu lazım idi. Bu ordunu yaratmaq, qurmaq isə hər kəsin, hər
"vətən" deyib boğazdan yuxarı
qışqıranın işi deyildi. Elə
bu "vətən" deyib boğazdan yuxarı qışqıranlar
Azərbaycanı uçurumun kənarına qədər gətirib
çıxarmışdılar. Belə məqamda
Azərbaycan öz xilaskarını çağırdı.
1993-cü ildə xalqın təkidli tələbi
ilə Heydər Əliyev Azərbaycan rəhbərliyinə
qayıtdı. Qayıdışı ilə
ölkəni dağılmaqdan, bölünməkdən,
imperiyanın əsarətinə çevrilməkdən xilas
etdi. Ulu öndər Heydər Əliyevin
gördüyü ilk fundamental işlərdən biri də ordu quruculuğuna
başlaması oldu. Ermənistan
işğalçılarının təcavüzünü
dayandırmaq, ölkədaxili hərc-mərcliyi aradan
qaldırmaq, millətin itmiş inamını,
sarsılmış vüqarını özünə qaytarmaq və
paralel olaraq ordu quruculuğu işini tezləşdirmək
olduqca böyük missiya idi və bu missiyanın öhdəsindən
ancaq Heydər Əliyev gələ bilərdi. Gəldi də!
Ulu öndər Heydər Əliyev bilirdi ki, əsgərin,
döyüşçünün öz komandirinə və
komandanına inamını, sevgisini qaytarmadan ona
döyüş əmri vermək, düşmən üzərinə
göndərmək olmaz. Ulu öndər özü ön xəttə,
səngər tərəfə üz tutdu. Düşmənlə
təmas xəttində olan döyüşçülərimizin
görüşünə yollandı. Hər
bir əsgəri, döyüşçünü dindirdi, komandirlə
danışdı. Birinə xoş söz dedi, birinə
saat bağışladı, birinin silahını alıb
nişangahından düşmən tərəfə baxdı.
Əsgərlərimiz,
döyüşçülərimiz bu təmasdan, bu
münasibətdən qürurlandılar. Hiss etdilər
ki, dağı dağ üstə qoya bilərlər. Beləcə, ulu öndər Heydər Əliyevin
görmək istədiyi, arzusunda olduğu Azərbaycan
Silahlı Qüvvələri onun komandanlığı
altında düşmənlə döyüşə-döyüşə
qurulmağa başladı. Həmin ərəfədə
ulu öndər Heydər Əliyevin bir uzaqgörənliyi də
atəşkəs rejiminə nail olması idi. Atəşkəs
1994-cü il mayın 12-də tətbiq
edildi. Azərbaycan Atəşkəsdən sonra
müəyyən qədər rahat nəfəs ala bildi.
Artıq hərtərəfli ordu quruculuğu üçün
müvafiq qərarların qəbul edilməsinə, milli hərbi
kadrların hazırlığının
artırılmasına, ən başlıcası isə
ölkə iqtisadiyyatını gücləndirmək
üçün qlobal işlərə başlamaq imkanı
yaranmışdı. Bir tərəfdən də xalqın
müharibə, qan-qada xofunu, itki, tələfat qorxusunu ürəklərdən
çıxarmaq, az da olsa unutdurmaq,
döyüşlər zamanı müvəqqəti geriçəkilmələrin
hərbi-psixoloji mahiyyətindən doğan gərginliyin
mübarizə, qələbə ovqatı ilə əvəzolunması
üçün köklü tədbirlərin
hazırlanması baxımından atəşkəs çox gərəkli
idi. Atəşkəs dövründə ordu
quruculuğu işinin vacib istiqamətlərindən biri də
xalqın qəhrəmanlıq ənənələrinin təbliğinə
sistemli şəkildə diqqət yetirilməsi oldu.
"Türklərin altun kitabı"nda belə bir hikmətli
fikir var: "Heç bir millət keçmişini silə
bilməz. Fəqət, uzaq və yaxın
keşmişini silən millətlərin gələcəyi
qaranlıq olar". 1918-ci il 26 iyun - Əlahiddə
Azərbaycan Korpusunun yaradıldığı gün ulu
öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanı
ilə Silahlı Qüvvələr Günü elan edildi. Milli-tarixi varislik baxımından əvəzsiz dəyəri
olan bu fərman Azərbaycan əsgərinin mənəvi
potensialının zəfər yürüşlərinə səfərbər
olunması üçün də əlavə perspektivlər
açdı. Azərbaycan əsgəri bir
daha dərk etdi ki, o, möhtəşəm bir tarixə malik
olan Silahlı Qüvvələrin sıralarında xidmət
edir. Azərbaycan Xalq Cümhuriyyətinin hərbiyə
naziri, tam artilleriya generalı Səməd Bəy Mehmandarov
yazırdı: "Nə qədər ki, bəşər var,
müharibələr, istilalar, qırğınlar həmişə
olacaq. Ona görə mütləq güclü
ordu yaratmaq gərəkdir. Çox istərdim
Azərbaycanın belə bir ordusu olsun və bu ordu on illər,
yüz illər keçəndən sonra da unutmasın ki,
orduda artilleriya işini kamil qurmadan müzəffər
yürüşlər etmək olmaz".
Bu gün
Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev
olan möhtəşəm Silahlı Qüvvələri var. Bu
Silahlı Qüvvələrdə Səməd bəy
Mehmandarovun arzuladığı kimi, nəinki təkcə
artilleriya işi kamil qurulub, eyni zamanda bütün sahələr
üzrə müasir və peşəkar bir ordu yaradılıb.
Bu gün danılmaz faktdır ki, müstəqil Azərbaycanın
ən müasir hərbi texnika ilə təchiz edilmiş
Silahlı Qüvvələri Cənubi Qafqazda ən
güclü ordudur. Vahid komandanlıq altında etibarla idarə
olunan Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi
bilik və bacarıqlara yiyələnmiş şəxsi heyəti
dövlətimizi və xalqımızı təhdid edən hər
bir təcavüzkara yetərincə cavab vermək
gücündədir. Onun sıralarında
xidmət edən hər bir azərbaycanlı bu xidmət
müddətini həyatının ən şərəfli
dövrü sayır, geydiyi hərbi paltarın, tutduğu
silahın, öpüb altından keçdiyi bayrağın
qürurunu yaşayır. Ulu öndər Heydər Əliyev
deyirdi:
"Azərbaycan Silahlı Qüvvələrində xidmət
etmək hər bir Azərbaycan vətəndaşı
üçün, hər bir gənc üçün
böyük bir iftixar mənbəyidir, şərəfli bir vəzifədir. Orduda xidmət
etmiş, öz vətəndaşlıq borcunu yerinə
yetirmiş hər bir gənc bizim cəmiyyətdə, həyatımızın
bütün sahələrində ən dəyərli insan
hesab olunmalıdır. Azərbaycan Ordusu Azərbaycan
xalqının, bütün dövlət orqanlarının, vətəndaşların
diqqəti və qayğısı ilə əhatə
olunmalıdır." Müasir hərb elminin tələblərinə
və ordu quruculuğu prinsiplərinə uyğun
formalaşmış Silahlı Qüvvələrimiz
üçün Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev
adına Ali Hərbi Məktəb, Dənizçilik, Təyyarəçilik
məktəbləri, Hərbi Akademiya və digər müvafiq
təhsil qurumları yüksək səviyyəli kadrlar
hazırlayır. Cəmşid Naxçıvanski adına indiki Hərbi Liseyin əsası hələ
Azərbaycan Sovetlər Birliyinin tərkibində olarkən ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
qoyulub. Müttəfiq respublikalar
üçün elə bir çətin dövrdə məhz
Bakıda ixtisaslaşdırılmış orta hərbi məktəbin
yaradılması ulu öndərin bu günə - Azərbaycanın
müstəqilliyinə hesablanan uzaqgörənliyi,
müdrikliyi idi. Bugünkü peşəkar
kadr potensialının əsası o zamandan qoyulub.
İllər ötdükcə ulu öndər Heydər Əliyevin
böyüklüyü, müdrikliyi, bənzərsizliyi daha
aşkar görünür. Cismani cəhətdən
aramızda olmasa da, qurucusu olduğu müasir Azərbaycan
Prezident İlham Əliyevin möhtəşəm fəaliyyəti
sayəsində uğurlarını ildən-ilə daha da
artırır, daha böyük zirvələrə qovuşur.
Bu gün ulu öndərin yaradıcısı olduğu Azərbaycan
Silahlı Qüvvələri peşəkarlığı,
döyüş bacarığı, müasir silah-sursat
bazası, mənəvi-psixoloji hazırlığı, eləcə
də mübariz ruhu ilə istənilən tapşırığı
yüksək səviyyədə yerinə yetirmək
iqtidarında olan qüdrətli bir orduya çevrilib.
Bəli,
sovetlər dönəmində böyük uzaqgörənliklə
Azərbaycanın gələcəyini fikirləşən ulu
öndər Heydər Əliyev bütün çətinliklərə,
maneələrə fədakarlıqla sinə gərərək
Bakıda Cəmşid Naxçıvanski adına
Hərbi Məktəbin açılışına nail oldu. Ulu öndər bununla sübut etdi ki, Azərbaycan
övladları "stroybat" deyilən tikinti
batalyonlarında xidmət etmək üçün yox, əsl
hərbçilik, komandirlik, sərkərdəlik
üçün daha gərəklidir. Bu,
ümummilli liderin bugünkü müstəqil Azərbaycana
olan ən böyük töhfələrindən biri idi.
Bu gün Azərbaycan Ordusunun inkişafında bəyan
edilmiş aparıcı xətlərdən biri də beynəlxalq
əlaqələrə, o cümlədən, NATO ilə əlaqələrə
prioritet önəm verilməsidir.
Azərbaycanda NATO standartlarına cavab verən peşəkar
ordu qurulur. Azərbaycan alyansın üzvü olan dövlətlərin
ordu quruculuğu prinsiplərindən yaradıcı şəkildə
bəhrələnir və müvafiq proqramlarda aktiv iştirak
edir. Neçə illərdir cəlb
olunduğumuz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi öz ədalətli həllini
tapmalıdır. Ulu öndər Heydər Əliyev də,
Prezident İlham Əliyev də dəfələrlə bəyan
ediblər ki, Azərbaycanın ərazi
bütövlüyü məsələsi heç vaxt
müzakirə mövzusu ola bilməz. Azərbaycan torpaqlarının işğaldan azad
edilməsi naminə qurbanlar verib. Bu müqəddəs
yolda canını fəda etmək istəyənlər bu
gün də minlərlə, milyonlarladır. Bu minlərin, milyonların önündə isə
Azərbaycan əsgəri dayanır. Qəlbi düşmənə
qarşı qisas-intiqam hissi ilə alışıb yanan Azərbaycan
əsgəri!
2016-cı
ilin ilk aprel günlərində Azərbaycan əsgərinin kim və nəyə qadir olduğunu təkcə
qarşıdakı erməni işğalçısı yox,
bütün dünya gördü. Bütün
dünya gördü ki, Azərbaycanla - torpaqlarının
iyirmi faizi zəbt edilmiş, bir milyondan çox
qaçqını-köçkünü olan bir məmləkətlə
hələ də təzyiq dilində danışmaq olmaz.
Bütün dünya gördü ki, bu məmləkətin
övladı bir qarış torpağını belə
düşmən tapdağında qoyan deyil:
canından-qanından keçər, torpağını son
qarışınadək azad edər! Bütün
dünya onu da gördü ki, Azərbaycan xalqı 7-dən 77-yə
necə ayağa qalxdı və torpaqlarının
işğaldan azad edilməsi üçün ölkə
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevin əmrinə necə müntəzir
dayandı.
2016-cı ilin ilk aprel günləri Azərbaycan hərb
tarixinə şanlı səhifələr kimi yazıldı. Azərbaycan
Ordusu aprelin 1-dən 2-nə keçən gecə erməni
işğalçılarının silahlı təxribatının
qarşısını qəhrəmanlıqla alaraq geri oturtdu
və əks-hücuma keçərək Lələtəpə,
Talış, Seysulan kimi yüksəklikləri və digər
strateji obyektləri azad etdi və həmin yerlərdə Azərbaycanın
dövlət bayrağını dalğalandırdı.
Bəli,
2016-cı ilin aprel ayının biri adi yaz günü kimi
başladı: dünya öz qayğılarında, həyat
öz axarında, hər kəs öz işində,
gücündə. Aprelin 1-dən 2-nə keçən gecə
şirin-şirin yatan da oldu, yuxusu ərşə çəkilən
də oldu, gözəl-gözəl yuxular görənlər də...
O da danılmaz həqiqətdir ki, aprelin 1-dən 2-nə
keçən gecə işğal altındakı
torpaqlarımızın, gözü yolda qalan
yurd-yuvalarımızın, bizsiz axan
çaylarımızın, bizsiz çiçəkləyib-tumurcuqlayan
fidanlarımzın, bir sözlə, hər gün yağı
nəzərləri altında oyanan hər şeyin yuxusu -
rahatlığı pərən-pərən oldu. İşğal altındakı torpaqlarımız Azərbaycan
əsgərinin zəfər hayqırtısını öz qəlbində,
öz bağrında hiss elədi, üzü Azərbaycan əsgərinin
zəfər hayqırtısına sarı boylandı.
Həmin günlərdə Ali Baş Komandanın cəbhə
bölgəsinə gəlişi hər kəsin - istər hərbçilərin,
istər mülki şəxslərin, yerli əhalinin ürəyini
dağa döndərdi, ruh yüksəkliyini, Azərbaycanın
haqq işinə, Qələbəyə olan inamını daha
da artırdı. Bu fədakar addımı qəlbi vətən,
torpaq sevgisi ilə dolu olan mətin bir sərkərdə - Ali
Baş Komandan İlham Əliyev ata bilərdi. Cənab Komandanın həyati risklə dolu olan bir
bölgəyə - atəş xəttinə gəlişi bir
daha sübut etdi ki, Azərbaycan xalqı öz rəhbərinə,
öz sərkərdəsinə əbəs yerə güvənməyib.
Bəli, Prezident İlham Əliyevin rəhbərliyi ilə
müstəqil Azərbaycanın dövlətçilik
qüdrəti, iqtisadi potensialı artdıqca ordu quruculuğu
işləri də yüksək səviyyədə davam
etdirilir. Bu gün müstəqil Azərbaycan Silahlı
Qüvvələri Ali Baş Komandanın istənilən əmrini
yüksək səviyyədə yerinə yetirmək
iqtidarındadır. Ordumuzun işğal
altındakı torpaqlarımızı azad edəcəyi
gün də uzaqda deyil. Ən başlıcası odur ki,
Azərbaycan müstəqillik yollarında üzü
uğurlara, üzü qələbələrə, o cümlədən, üzü
böyük Qələbəyə doğru inamla irəliləyir.
Telman Nəzərli
Azərbaycan Televiziya və Radio
Verilişləri QSC-nin "Hərbi-vətənpərvərlik"
proqramları baş redaksiyasının baş redaktoru, əməkdar
jurnalist
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.2-3.