Ədəbiyyatımızda və ictimai
həyatımızda Anar fenomeni
İstedad,
ağıl, müdriklik heç nəynən əldə edilməyən,
insana ilahi tərəfindən bəxş edilən paydır. Bu
əvəzolunmaz paya sahib olan seçilmişlər zülmət
gecədə yol göstərən parlaq ulduza bənzəyir, xalqın
qürur mənbəyinə çevirilirlər. Milli-mənəvi
dəyərlərimizin daşıyıcıları olan belə
şəxsiyyətlər haqqında düşünəndə
göz önünə ilk gələnlərdən biri də Anar
olur.
Anar haqda yazmaq elə də asan deyil. Gərəkdir ki, buna mənəvi
haqqın ola, milli-mənəvi dəyərlərlə
yaşayasan, kökə bağlı olasan, Anarın
yaradıcılığını duyasan, sevəsən,
çağdaş və klassik ədəbiyyatımıza,
folklorumuza, ədəbiyyatşünaslıq elmimizə bələd
olasan.
Anar təkcə
yazıçı deyil, rejissordur, ssenaristdir, sənətşünasdır,
tərcüməçidir, publisistdir, folklorşünasdır,
ədəbi prosesə fəal və davamlı şəkildə
müdaxilə edən, nüfuzlu söz sahibi ədəbiyyatşünasdır,
ictimai xadimdir və hansı yandan yanaşsaq, görərik ki,
o, istedadlı qələm sahibi olaraq xalqımıza
üzağlığı gətirən böyük şəxsiyyətdir.
Anar yaradıcılığı o qədər
çoxşaxəlidir ki, onun hər sahəsinə cild-cild
kitablar, monoqrafiyalar həsr etmək olar.
Anar fikir adamıdır. Onun ideyası əsasında
"Qobustan" və "Dünya ədəbiyyatı" dərgiləri,
"Dədə Qorqud" ensiklopediyası, Göyçayda
"Əbədiyaşar ədiblər" abidə kompleksi
yaranıb.
Anarın fikir adamı olduğu hamıya bəllidir. Onun elə bir
essesi olmaz ki, hadisəyə çevrilməsin, adamı dərindən
düşündürən fikirlər oxucunu heyrətləndirməsin.
Onun "Dədə Qorqud", "Molla Nəsrəddin -
66", "Anlamaq dərdi" esseləri bütün zamanlar
üçün keçərlidir.
Anarın "Dilimizi yaşadanlar" essesi də bu qəbildəndir. Bu məqalədə xalq
şeirinin əhəmiyyəti, xalq şeirinin qüdrəti
oxuculara hay-küysüz, emosiyasız
çatdırılır: "Orta əsrlərin güclü
ərəb-fars təsirindən dilimizi qoruyan ən
böyük sərvətimiz xalq şeiridir, odur ki, Azərbaycan
və Türkiyənin dil tarixində folklor ağız ədəbiyyatı
olmaqdan daha yüksək bir vəzifəni yerinə
yetirmişdi. Məhz xalq şeiri dilimizin
saflığını, təmizliyini, duruluğunu qorumuş, əslində
bu dili yaşatmışdır".
Anar klassik ədəbiyyatımızı və
folklorumuzu dərindən sevir və tədqiq edir. Onun "Kitabi-Dədə
Qorqud" eposu, Mahmud Kaşğarinin "Lüğət-it
Türk" əsəri, Yusif Balasaqunluya həsr etdiyi
"Türkçülüyün banisi" əsəri barədə
araşdırmaları, eləcə də tərtib etdiyi
ikicildlik möhtəşəm "Min beş yüz ilin
Oğuz şeiri" antologiyası ədəbi və elmi
ictimaiyyətin marağına səbəb olmuş,
insanların şüurunun oyanmasında və
formalaşmasında müsbət rol oynamışdır.
Yaşlı nəsil unutmayıb ki, keçən əsrin
60-70-ci illərinə qədər "Kitabi-Dədə
Qorqud" yasaq edilmişdir. Ümummili lider Heydər Əliyevin
"Kitabi-Dədə Qorqud" ensiklopediyasının 1-ci
cildinə yazdığı "Milli
varlığımızın mötəbər
qaynağı" adlı mükəmməl "Ön
söz"də göstərir ki, o dövrdə elə bir
iclas, elə bir qurultay, elə bir konfrans olmazdı ki, orada
"Dədə Qorqud" tənqid olunmasın. Eposa qadağa damğası vurulmuşdu.
Ulu
öndərimiz həmin vaxt Anarın bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirərək yazırdı: Məhz
"Kitabi-Dədə Qorqud"un təbliği
baxımından Anarın xidmətlərini xüsusi qeyd etmək
istəyirəm. Bəlkə də Anar
uşaqlar üçün Dədə Qoprqud haqqında kitab
yazanda, yaxud Qorqudla bağlı başqa kitablarını
yazanda çoxları bunun nə qədər əhəmiyyətli
olduğunu o dərəcədə dərk edə bilmirdilər.
Amma indi biz öz milli dəyərlərimizi,
köklərimizi, tariximizi olduğu kimi təsvir etməyə
çalışarkən vaxtilə atılmış belə
addımların nə qədər qiymətli olduğunu dərk
edirik. Mən Anarın bu münasibətlə
yaratdığı filmi də qiymətləndirirəm.
Təqdirəlayiqdir ki, "Kitabi-Dədə Qorqud"
ensiklopediyasının yaranma ideyası da məhz Anara məxsusdur"
(Bax: "Kitabi-Dədə Qorqud" ensiklopediyası. I cild, Bakı, "Yeni nəşrlər evi",
2000, səh. 11).
Göründüyü kimi o dövrdə Anarın Dədə
Qorqudla bağlı yazdıqları böyük cəsarət
tələb edən ədəbi hünər idi. Tənqidçi
alim Vaqif Yusiflinin doğru olaraq göstərdiyi kimi, insanlar Dədə
Qorqudu orijinal mətndən deyil, Anarın tədqiqatlarından
və "Dədə Qorqud" filmindən seviblər. Anar ədəbiyyatımızın Dədə
Qorqududur - deyənlər yanılmırlar. Onu da bilmək
maraqlıdır ki, bu il Türk Ədəbiyyatı
vəqfi türkdilli ədəbiyyatların önəmli təmsilçiləri
üçün "Dədə Qorqud" mükafatı təsis
etmişdir. İlk mükafat "Kitabi-Dədə Qorqud"un görkəmli tədqiqatçısı
Anara təqdim edilmişdir. Təqdimat mərasimindəki
çıxışında professor Erol Ülgünun: "Bu
gün dəbdə olan terminlə desək, Anar yerli və milli
yazardır, onun yaradıcılığını təhlil edəndə
sanki 350 milyonluq Türk dünyasını birləşdirməyi
qarşısına məqsəd qoyduğunu
görürük" fikri böyük həqiqətdən xəbər
verir.
O da
danılmaz faktdır ki, Anar müəllim nüfuzu,
müdrikliyi və səbri ilə otuz ildən artıqdır
ki, ədəbiyyatımızın taleyinə cavabdehlik
missiyasını ləyaqətlə yerinə yetirir. Bu missiyanı müstəqilliyimizin,
azadlığımızın ilk illərində yerinə
yetirmək çox çətin idi. Demokratiya, söz
azadlığı pərdəsi altında özünü,
sözünü bilməyənlərin jurnalistlik pərdəsi
altında meydan suladığı bir dövrdə
Yazıçılar Birliyinə rəhbərlik etmək asan
iş deyildi.
Yeri gəlmişkən, Anar Birliyimizə rəhbərlik
etdiyi dövrdə İraq türkmanlarından 10-dan artıq
şair və yazıçı Azərbaycan
Yazıçılar Birliyinə fəxri üzv
seçilmişdir. Onların əksəriyyəti professor
Teymur Əhmədovun titanik zəhməti sayəsində ərsəyə
gələn möhtəşəm "Azərbaycan
yazıçıları" ensiklopedik-sorğu kitabına
daxil edilmişdir.
Tam məsuliyyətlə bir məsələdən də
söz açmaq istəyirəm. Mən ingilis-Azərbaycan
dilləri fakültəsini bitirmişəm. İyirmi ildən artıq xarici dillər
kafedrasına rəhbərlik etmişəm. Professor elmi adını xarici dillər kafedrası
üzrə almışam. ABŞ və
İngiltərədə uzunmüddətli ixtisasartırma
kurslarını bitirib, diplom almışam. Nobel mükafatına layiq görülmüş
yazıçıların əsərlərini orijinalda
oxumuşam. Aspirantım Müşfiq
Babayev ABŞ yazıçısı, Nobel mükafatı
laureatı Con Steynbekdən dissertasiya müdafiə edib.
İngilis dilində "Ölkəşünaslıq"
adlı kitabım çıxıb. V.Şekspir, Aqata Kristi, Aleksandr
Düma, Con Steynbek, Sula Benet haqqında məqalələrim,
orijinaldan tərcümə kitablarım nəşr olunub. Bir sözlə, onların əsərlərini Anar
müəllimin əsərləri ilə müqayisə etməyə
qadirəm.
Anar
müəllim 30 il ərzində Yazıçılar Birliyinə
sərf etdiyi enerjini tamamilə yaradıcılığa həsr
etsəydi, bu təfəkkür, bu fitri istedadla dünyanın
ən görkəmli yazıçılarından birinə
çevrilər, siyasi baxışlar nəzərə
alınmasa, Nobel mükafatına layiq görülərdi.
Anarın yaradıcılığı 50 ildən
çoxdur ki, ədəbi-elmi ictimaiyyətin diqqət mərkəzindədir. Əsərləri
araşdırılır, monoqrafiyalar, dissertasiyalar, elmi
publisistik məqalələr yazılır, əsərlərinə
filmlər çəkilir. Maraqlıdır
ki, yaradıcılığının ilk dövrlərində
yazdığı "Mən, sən, o və telefon" hekayəsi
əsasında Moskvada film çəkmişdilər. Gənc yazıçının əsərlərinin
film həyatı onun istedadından xəbər verirdi. Yeri gəlmişkən, xüsusi qeyd etməyə dəyər
ki, Anar kinemotoqrafiya sahəsində də böyük
uğurlara imza atmışdır.
Anarın
özünün çəkdiyi "Üzeyir
ömrü", Mirzə Cəlilə həsr olunan
"Dindirir əsr bizi" adı ilə ekranlaşan "Qəm
pəncərəsi", Gülbəniz Əzimzadə ilə
birgə çəkdiyi "Dantenin yubileyi", Ramiz Həsənoğlu
ilə birgə çəkilmiş "Ötən ilin son gecəsi",
"Evləri köndələn yar", ssenariləri əsasında
çəkilmiş "Cavid ömrü", M.F.Axundova həsr
etdiyi "Sübhün səfiri" və s. filmləri ona
şöhrət gətirmişdir.
Ümumiyyətlə, Anarın ssenarisi əsasında 12
bədii, 16 sənədli televiziya filmi çəkilmiş və
ona uğur qazandırmışdır. Bu, bir yandan onun
istedadının göstəricisi, digər tərəfdən
Moskvada ali ssenari (1962-1964) və rejissorluq
(1970-1972) kurslarını uğurla bitirməsi, rejissorluq
işini dərindən bilməsi ilə bağlıdır.
İllərdən
bəri hər yeni il axşamı göstərilən
"Ötən ilin son gecəsi" televiziya filminə baxanda
düşüncələrə qərd oluram. Həyatın
yazılmamış və dəyişməz qanunlarından bəhs
edən bu əsəri Anar 22 yaşında yazıb.
Aradan onilliklər keçib. İndi
sağlığında klassikləşən, ümüxalq məhəbbəti
qazanan, ölkəmizin hüdudları xaricində də
yaxşı tanınan görkəmli yazıçımız
Anarın 80 illik yubileyini elliklə bayram edirik.
"Ədəbiyyat qəzeti" bir sayını
yaradıcılığı ilə ürəkləri fəth
edən, ədəbiyyatımızda epoxa olan
yazıçımıza həsr edib. Qələm sahibləri,
alimlər, incəsənət adamları onun
yaradıcılığına və şəxsiyyətinə
ehtiram və məhəbbətlərini bildiriblər. Xüsusən də Anar müəllim ürəyindən
cərrahiyyə əməliyyatı keçirəndə
insanlar ona ümumxalq məhəbbəti nümayiş etdirdilər.
Haqqında neçə-neçə
nigarançılıq və təəssüf dolu məqalələr
çap olundu. Xalq şairi Fikrət Qoca,
Çingiz Əlioğlu, Barat Vüsal və
başqalarının arzu-istək və
narahatlığını əks etdirən ithafları
çap edildi.
Barat Vüsalın "Anar dastanı"ndan verdiyimiz bu
kiçik parçada Anarın obrazı
canlandırılıb. Şeirdəki səmimiyyət, məhəbbət,
təbiilik və hikmət Anar ucalığından xəbər
verir.
Şöhrəti
də, şanı da əsl şöhrət, şan edib,
Bu Vətəni
bir az da o, Azərbaycan edib.
Bu
torpağa, bu yurda tarix ərməğan edib
Anar - Dədə
Qorqudu,
Dədə Qorqud -
Anarı,
Anar sevir bu yurdu, sevir bu yurd Anarı.
Özü
də yaxşı bilir, onu necə sevirəm,
Yelinə qanadlanıb, uça-uça sevirəm.
Mən uca
olanları tutub uca, sevirəm,
Görüm
ağız büzənin ağzı büzülə
qalsın,
Canımızı
üzməsin, canı üzülə qalsın!
Bu, mənim
Anarımdır, ona toxunmayın siz,
Məntək
oxumasanız, onu oxumayın siz,
Yad tərəfə bu qədər belə
yıxılmayın siz.
Gəlin
bilək vaxtında doğmamızın qədrini,
Nə üçün belə böyük
olmamızın qədrini.
Yazıçının yubileyi bir neçə Avropa
ölkəsində şəxsən özünün
iştirakı ilə keçirildi. Haqqında məqalələr
yazıldı. Moskvada "Literaturnaya
qazeta"da Anarın yubileyinə həsr olunmuş
"Dünya miqyaslı ziyalı" adlı məqalə
çap olundu. Məqaləni Moskva nəşriyyatlarında
işıq üzü görən, "Y.E.Bertels və Azərbaycan
ədəbiyyatı", "Moskvada Azərbaycan ədəbi
mühiti" kimi fundamental monoqrafiyaların müəllifi,
Moskvada yaşayıb-yaradan ədəbiyyatşünas alim Abuzər
Bağırov yazmışdır.
Yazıçının yubileyi ərəfəsində
Misirdə ərəbcə 360 səhifədən ibarət
"Seçilmiş əsərləri" çap olundu. Qərb ölkələrində,
xüsusən də keçmiş sovetlər məkanında
və Türk aləmində yaxşı tanınan, əsərləri
bir çox əcnəbi dillərə tərcümə edilən
müəllifin əsərinin Əlcəzairdə, indi isə
ərəb dilində Qahirədə çapı, ədibin
üzünə ərəb dünyasının
qapılarını taybatay açdı. Çünki
Misirdə çıxan sanballı kitablar bütün ərəb
ölkələrinə göndərilir.
Anar bu ahıl çağında da yazıb-yaratmaqdan
doymur. Müdrik kəlamları ilə insanları düşünməyə
vadar edir. Onun böyük həqiqətlərdən
söz açan kəlamı deyilənlərə dayaq olur:
"Xalq üçün iki təhlükə var.
Qınına girib, qınından çıxmamaq,
qınından çıxıb, qınını bəyənməmək."
Birincisi, öz mədəniyyətinə, öz dilinə,
öz ədəbiyyatına, öz musiqisinə vurğunluq,
başqasına laqeydlik göstərmək, hətta sevməmək,
başqa xalqlara yuxarıdan-aşağı baxmaq.
Mən şəxsən buna yalançı vətənpərvərlik
deyərdim.
İkincisi isə daha təhlükəlidir. Öz mədəniyyətinə
xor baxmaq, ana dilinə biganəlik, laqeydlik göstərmək,
başqa dilləri, başqa mədəniyyətləri,
başqa ədəbiyyatları üstün tutmaq. Acınacaqlısı odur ki, bəzi gənc yazarlarda
əcnəbi ədəbiyyatlara açıq-aşkar aludəçilik
meyli get-gedə güclənir. Kökə
bağlılıq olmasa, yaradıcı adam
milli dəyərlər üzərində köklənməsə
milli mədəniyyət, milli ədəbiyyat təbii ki,
ikinci plana keçir.
Gənc yazarlarımız hətta Füzuli, Vaqif, Sabir, Səməd
Vurğun, Rəsul Rza kimi klassiklərimizə qarşı təftişçiliklə
məşğul olurlar. Anlamırlar ki, xalq tarixdə dili, folkloru,
musiqisi, qəhrəmanları, illərin, əsrlərin
sınağından çıxmış, klassikləşmiş
yazıçı və şairləri ilə qalır. Bu dəyərlərə əl qaldırmaq mənəviyyatsızlıqdır.
Bu da Anar
müəllimin kəlamıdır: "İnsan var-dövlətə
hərislik göstrəndə laqeydlik, biganəlik baş
alıb gedir. Bu vaxt ən böyük zərbə milli-mənəvi
dəyərlərə dəyir".
Anar bütün şüurlu həyatını milli-mənəvi
dəyərlərimizin qorunması kimi müqəddəs bir
işə həsr edib. O, dünya ədəbiyyatını dərindən bilən,
dəyərləndirən, o ədəbiyyatın
yaradıcıları ilə bir sırada dayanan, milli-mənəvi
dəyərlər üzərində köklənən,
kökə bağlı olan böyük
yazıçımız, türk dünyasının qüdrətli
və qeyrətli oğludur.
İnanılası
deyil, lakin həqiqətdir; Anarın nailiyyətlərini,
şöhrətini, ictimaiyyət arasındakı nüfuzunu az da olsa həzm edə bilməyən qüvvələr
vardır. Başqalarının dəyirmanına
su tökən, sapı özümüzdən olan
baltaların məqsədi, ümumiyyətlə,
yazıçılarımızı, alimlərimizi, tarixi
şəxsiyyətlərimizi, ictimai xadimlərimizi, o cümlədən
də sevimli yazıçımız Anarı
aşağılamaq, haqqında neqativ fikir
formalaşdırmaq, sındırmaqdır.
Belələrinə
ən münasib cavab xalq şairi Bəxtiyar Vahabzadənin iki
misrasıdır:
Nə
murada yetdi, nə kama çatdı
Özgə
qapısına kim ki, daş atdı.
Bizim gənclik illərində insanlar daha ədalətli
və insaflı, daha vəfalı və səmimi, dostluqda sədaqətli,
daha etibarlı, daha fədakar, milli-mənəvi dəyərlərə
bağlı, özünə və sözünə
qarşı daha ciddi idilər. Onlar təmənnasız
və iddiasız yaşamağa alışmışdılar.
Anar müəllim belə bir mühitdə
boya-başa çatdığından bütün
sadaladığımız xüsusiyyətləri
görüb-götürmüş və gündəlik həyat
tərzinə çevirmişdir. Odur ki,
ictimaiyyət arasında könlü-gözü tox,
alnıaçıq, üzüağ, iddiasız və təmənnasız
yaşayan ləyaqətli ziyalı və yazıçı
kimi tanınır və sevilir.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.6-7.