Bakıya baxanda ürəyimdən
bunu demək keçir...
“İtirdiklərim halal xoşun
olsun...”
Şair Tərlan Əbilovla söhbət
- Tərlan müəllim,
siz Lənkəranda yaşayıb-yaradırsınız. Yaşadığınız bölgənin ədəbi
stixiyasını necə
səciyyələndirə bilərsiniz?
- Lənkəranda yaşayıb-yaratmaq
doğrudan da bir ayrı xoşbəxtlikdir.
Bilirsiniz
niyə? Çünki Lənkəran ədəbi
mühiti öz qaynarlığı ilə
həmişə seçilib.
Lənkəran ədəbi mühitinin
özünəməxsus xüsusiyyəti
olub, bu gün də vardır. Yəni 60-cı illərdən üzü bəri mühitdə həm modern
düşüncə, həm
də klassik ədəbi düşüncəyə
maraq hökm sürüb. Modern ədəbi
düşüncənin ifadəsi
Məmmədhüseyn Əliyev,
Camal Yusifzadə, Vaqif Hüseynov, Şəkər Aslan, Yaşar Rzayev, İltifat Salehin, Həbib Səfərovun, Rasətin əsərlərində
bu və ya digər dərəcədə
öz ehtivasını
tapıb. Onlardan sonrakı ədəbi
nəsillər modern düşüncənin,
yeni təfəkkürün
inkişaf tapmasında
mühüm rol oynamışlar. Bu ədəbi düşüncənin
forma və məzmunda
yeni inikasıdır.
Hər bir yeniliyin bünövrəsində
ciddi mütaliə, ciddi araşdırma və sağlam mübahisə durur. Çağdaş Azərbaycan poeziyasında,
bütövlükdə ədəbiyyatında
Lənkəran ədəbi
mühitinə məxsus
olan ədəbi imzaların çəkisi
söylədiklərimə bariz nümunədir.
- Vaxtilə, deyək ki, 70-80-ci illərdə o qədər heca şeiri yazdılar ki, nəticədə şairlər yoruldu, oxucular da usandı.
Yenilik istədilər. Sərbəst
şeir hərəkətə
keçdi, 2000-ci illərdə
sərbəst şeir
də, mənə elə gəlir ki, bir az dəbdən düşdü. Sərbəst şeir publisistikaya
çevrildi. Sizin
münasibətiniz necədir?
- Mən belə deməzdim, çünki
80-ci illərə qədər
də bizdə heca şeiri ilə yanaşı, sərbəst şeir yazan şairlərimiz də çox idi, Vaqif Səmədoğlu,
Ələkbər Salahzadə,
Vaqif Bayatlı Odər və onlarla başqaları. Hələ
XX əsrin birinci yarısınacan olanları
demirəm. Düşünmürəm
ki, dediyiniz birbaşa formayla bağlıdı. Çünki şeir əsasən düşüncə və
hisslərin məhsuludur.
Əsl şeir, düşüncənin
gətirdiyi formada əksini tapır. Düşüncə yenidirsə, hər
hansı bir forma yenidir deməkdir. Yorulmağın, usanmağın səbəbi
isə başqa şeydir; nə qədər yeni olursansa ol, qatı
açılmamış bədii
fikirlərini nə vaxtsa oxucu özününküləşdirəndən
bir müddət sonra hər şey adiləşir.
Elə buna görə də, məhz qeyd etdiyiniz kimi 2000-ci ildən sərbəst şeir növünə təkrar
qayıdış başladı.
Bu isə Ramiz
Rövşəndən sonra
Salam Sarvanın Azərbaycan
ədəbiyyatında heca
şeirini yaxşı
mənada istismar etdiyinə görə idi. Belə ədəbi hadisədən
sonra həmin şeir növündə nəsə etmək çətin idi deyə, çoxları, o
cümlədən də,
yaradıcılığa yeni
başlayanların əksəriyyəti
birbaşa sərbəst
şeirə üz tutdular. Onu da qeyd edim ki, sərbəst
şeirin publisistikaya çevrilməsinin özü
də, əslində bizdə təzə hal deyildi, çünki
Azərbaycan ədəbiyyatında
bir çox bədii nümunələrin
ən uzun qolu ölməz türk şairi Nazim Hikmətin yaradıcılığına söykənirdi.
Bizdə
bu, özünü düşüncə və
məzmun baxımından
sadəcə 2000-ci ildən
üzü bəri parlaq şəkildə nümayiş etdirə bildi. Hal-hazırda
sərbəst şeirlərdə
olan publisitikaya daha çox səbəb dünya ədəbiyyatından dilimizə
tərcümələrdir. Bu da təbiidir,
yəni bu çırpıntıların hamısı birinin digərindən seçilməsi,
fərqlənməsi üçündür.
Qəbulolunandır...
- Regionda yaşayan şair və yazıçı üçün
yazıb-yaratmaq, təqdim
olunmaq paytaxtda nisbətən daha çətindir. Bakıya baxanda ürəyinizdən
nəyi demək keçir?
- İyirmi il
əvvəl olsaydı,
yazıb-yaratmağın, rayondan
təqdim olunmağın
çətinliyi ilə
razılaşardım. Bu gün hər şey bir başqadı.
Yəni yaza bildin-bilmədin özünü təqdim etmək üçün ən azından sosial şəbəkələr,
saytlar və digər informasiya vasitələri vardır.
Hər şeyin kütləviləşməsi
faciədir, illah da şeirin. Yaratmağa gəlincə, o həmişə
dağıtmaqdan çətin
olub. Təbii ki, fərqlənə bilən adam
üçün mərkəzdən
görünmək daha
rahatdı. Ancaq hal-hazırda paytaxtdan görünürəmsə, deməli
iyirmi il
əvvəlki çətinliklərə
qatlaşmağıma dəyərmiş.
Bakıya baxanda isə ürəyimdən
təkcə bunu demək keçir - "itirdiklərim halal xoşun olsun..."
- Yazılarınızda yumorunuz, ironiyanız başadüşüləndir.
Bəzən də xoş
ümid nümayiş
etdirirsiniz. Amma daxildə
yorğun bir Tərlan Əbilov var. Sizi yoran nədir?
- Yumora, ironiyaya gəlincə, özündə
olan hay-küy doğurası enerjini, yaxud cəmiyyətlə dolmasını istədiyin
informasiyanı oxucuya ötürmək üçün
ən ideal ədəbi
fənd hesab edirəm. Bu, həm
də təbiətimlə
bağlı bir şeydir. Amma ümid nümayiş
etdirməyimə daha çox səbəb elə daxildə həmin yorğun Tərlanın olmasıdır.
Sizcə,
söz kimi dəymədüşər sevgilisi
olan yorulmazmı?
Həmişə diqqətindəyəm
onun: "orda məni belə təqdim etməməliydin,
burda məni belə ucuz tutmamalıydın" - elə
hey məzəmmət edir
məni. Belə hallarımda düşünürəm
ki, mən sözün özüyəm
və hamı bir başqasıdı, özüm olmaq məni çox yorur...
- Bu günün
ədəbi mətni sizi qane edirmi?
Son onillikdə nəyi itirib, nə qazanmısınız?
- Əvvəlki illərlə
müqayisədə bu
günün ədəbi
mətni daha çox məişətləşib. Son otuz ildə ehtiyac və problemlər başqalaşıb.
Bu da ədəbiyyata
təsirsiz keçmir.
Düşünürəm ki, o vaxtkı
və elə indiki pafosla yazılan bəzi şeirlərdən bu cür şeirlər daha səmimi, daha inandırıcıdır.
Onu da deyim ki,
hər bədii mətn zamanından bir parçadı, zəifi də olur, güclüsü də. İnkişafa gedən yol
məhz bu bədii mətnlərdən
keçir. Bundan başqa
bu gün Azərbaycan ədəbiyyatında
elə ciddi bədii mətnlər mövcuddur ki, lazımınca təqdim olunsa, dünyanın hər hansı bir ölkəsində sevə-sevə oxunar.
Mənim son on ildə
nəyi itirdiyimə, nəyi qazandığıma
gəlincə, itirdiyim
vaxt olub, qazandığım zaman, düşünürəm...
- Sizin əruz vəznində yaddaqalan şeirləriniz var. Hansı
vəzndə yazmaq çətindir, sərbəstdə,
hecada, yoxsa əruzda?
- Bəli, mən əruzu da sevirəm,
çünki əruz
sözün yaraşığıdır,
əzəmətidir. İyirmi ildir
başqa şeir növləri ilə yanaşı, bu şeir növündə bacarığımı nümayiş
etdirməyə çalışıram,
müxtəlif eksperimentlər
aparıram, hələ
də bu şeir növünün nəzəri tərəflərini
tam mənimsəyə bilməmişəm,
öyrənirəm. İyirmi ildir
ki, bu şeir
növündə müxtəlif
bəhrlərdə sərbəst
şeirlər yazıram.
Fikir vermişəm, bu şeir növündə bir söz deyə
bilməyənlərin əksəriyyəti
"əruzun vaxtı
keçmişdir" kimi
fikirlər söyləyirlər.
Yalnışdır! Və mənə
görə asan olan şeir növü yoxdur, bacarığı olan şair vardır. Yəni hər bir şeir
növünün öz
incəlikləri, öz
gözəllikləri var. Bu da birbaşa düşüncəylə bağlıdır.
İkinci sualın cavabında qeyd etdiyim kimi, gözəllik
formada deyil, hər hansı bir formada gözəl
düşüncəyə sahib olmaqdadır...
- Bu gün sərbəst şeirin meydanı genişdir, başqa dilə tərcüməsi də çox asandır. Bəs necə düşünürsünüz, əruz və heca şeiri ilə Avropaya çıxmaq olarmı?
- Bəlkə sərbəst
şeirin yox, ağ şeirin
meydanı genişdir deyək? Çünki sərbəst şeirin özünün də gözəllik xatirinə hərdən qafiyələnməsi
olur, ağ
şeirdə isə bu gözlənilmir. Lap belə olan
halda da bəli, dediyiniz kimi bu şeir
növlərinin başqa
dilə çevrilməsi
heca və əruzla müqayisədə
nisbətən asandır.
Ancaq bu o demək deyil ki, rus,
ingilis və başqa dillərdən dilimizə tərcümə
olunan heca şeirləri yoxdur.
Böyük Nizaminin qəzəlləri, irihəcmli
əsərləri dilimizə
fars dilindən
tərcümə olunmayıbmı?
Düzdür, bu, Azərbaycanda
əruzun mövcudluğuyla
əlaqəlidir həm
də. Ancaq yenə də
düşüncə fundamentaldırsa,
başqa dillərə
mütləq bir çıxışı tapılacaqdır.
Avropaya heca şeiriylə də çıxmaq mümkündür, elə
əruzla da. Yəni ən çətin halda lap Füzulinin bu beytini şeirin incəliklərini gözləmədən
hansı dilə sətri çevirsələr
belə:
Artıran söz qədrini
sidq ilə qədrin artırır,
Kim nə miqdar olsa,
əhlin eylər ol miqdar söz.
Heç
nə dəyişməyəcək,
çünki dünyanı
dəyişən düşüncədir,
forma deyil...
Söhbətləşdi:
Nuranə Nur
Ədəbiyyat qəzeti.- 2018.-
23 iyun.- S.7.