Hekayə diskurs kimi:
Vaqif NƏSİB -
"SƏBRİ səbri"
Vaqif Nəsib real və mənalı
mündəricə ilə yoğrulmuş nəsr əsərlərinin
müəllifi kimi tanınır, mətnlərindəki məişət
fonu, sadə insanların həyatının təsviri, fərdi
motivlərin qabarıqlığı, eləcə də dil,
ifadə çevikliyi səciyyəvi xüsusiyyətlərdəndir.
O da bünovrəsi
İsa Hüseynov tərəfindən qoyulan o zümrəyə
daxil yazıçılarımızdandır ki, sovet
ideolojisinin neqativlərini sərt həyat həqiqətləri
prizmasından bədii təcəssümün predmetinə
çevirə bilir. Bu, artıq yalanın sona
varıb yerini gerçəklərə verdiyi nəsr təzahürləridir.
Şəxsiyyətlə mühitin
qarşılaşdırılmasının təfsilatındakı
canlılıq, ideya-mündəricə dolğunluğu, məişət
səhnələrinin, təsvirlərin, xarakterlərin bədii
təcəssümündə əyaniliyə, ifadəliliyə
nail olması, milli varlığımızın gərəkli
mətləblərinə ayna tutmaq missiyası Vaqif Nəsibin əsərlərinin
ümumi cizgiləridir. Digər tərəfdən, Vaqif
Nəsib o yazıçılardandır ki, əsərlərinin
sintaksisində sistemli epos təfəkkürü var, amma bu təfəkkür,
milli kolorit dərinliyi tarixə yanaşmanın ifadəliliyinə,
onun konkret zaman çərçivəsində təqdiminə
kölgə salmır.
Sovet illərinin məlum-məşum prosesləri,
xüsusilə kənd mühiti içində yaşanan
gerçəklikləri, ömürlərdən
fırtına kimi keçən çəkilib-qabarmaları
Vaqif Nəsib nəsri üçün həmişə
aktuallığını qoruyan mövzu olmuşdur. Yazıçının
son qələm məhsulu olan hekayələrində də cəmiyyətdən
gələn mövzular üstünlük təşkil etməkdədir.
Vaqif Nəsib onları çox zaman
üçlüklər - hekayələr silsiləsi kimi təqdim
edir. "Üç taleyin
doğanağı" adı ilə təqdim etdiyi hekayə
üçlüyündə müəllif bir nəslin timsalında
yaşanan faciələri bədii təcəssüm predmetinə
çevirir. Əslində yaşanan faciələr
o qədər dərindir ki, istər-istəməz
yazıçının janr seçiminə təəssüflənməli
olur oxucu, çünki özlüyündə bir roman
materialı olan və roman parçaları kimi oxunan taleləri
yazıçı üç hekayə daxilinə
sığdırmaqla haqsızlıq edir hardasa.
"Üç taleyin doğanağı" adlanan
üçlük hekayədə həyata, insan əməllərinə
müdrik, yaşanılan ömrün halallıq səviyyəsindən
baxış ehtiva olunur. Mühiti, zamanın mürəkkəb obrazını və
nəhayət, insan həqiqətlərini daha aydın spektrin
işıqları altında görükdürməyə
imkan verir bu hekayələr: "Səbri səbri", "Əlimərdan
mərdliyi" və Sarovun sar ovu". Hədəfdə
üç taleyin, üç ömrün timsalında ləyaqətli
yaşamaq uğrunda mübarizənin üç
müxtəlif nümunəsi təsvirə çəkilir. Amma
insanın ibrət alacağı çox şey var. Hekayə
məhz bu görk, bu idrak məqamı üzərindədir və
yazıçının hekayəöncəsi qeydlərindən
də keçir: "Örkən doğanaqdan keçər,
- deyiblər. Bunu onlardan əvvəl
dünyalarını yaradan və bəndələrini xəlq
edən ulu Tanrı söyləyib bəlkə də. İnsanlar üçün Yer kürəsini
doğanaq kimi inşa edib çünki. Hər
ömür-gün örkən kimi uzanıb axır həmin
doğanaqdan keçir".
Bu
üçlükdə yer alan hekayələrdən
biri üzərində dayanacağıq. "Səbri səbri"
adlanan bu hekayə ilk növbədə, taleyüklü məqamlardan
birinə - repressiya mövzusuna müracət baxımından
diqqəti cəlb edir. Qeyd edək ki, Azərbaycan
nəsrində repressiya mövzusunun işləkliyinə
ehtiyac həmişə var. Əvvəla keçib gəldiyimiz
gerçəklər tarixidir, ağrının, hüznün,
faciəli talelərin bir zamanda sıxılıb düyünlənən
obrazıdır. Eyni zamanda, mövzu nəsrimizdə
o qədər də geniş bədii həllini tapmayıb.
Halbuki zamanın özü nasirə nə qədər
hazır material verir. Bircə onu ədəbiyyatlaşdırmaq,
mətnləşdirmək qalır. Elə
yazmaq ki, sonucda zamanın və insan ağrısının,
insan hüznünün əyaniliyinə müvazi olsun.
Yuxarıda
vurğuladığımız kimi, yazıçı Səbrinin
doğuluşunu, uşaqlıq illərini, iş həyatını
kiçik bir hekayə daxilində təsvirə
çalışmaqla ona az qala roman siqləti
aşılamışdır. Hekayədə
zaman mürəkkəbliyi içrə ruhunu, dəyərlərini
qoruyub saxlayan insanlarla mənəviyyatı aşınmaya məruz
qalmış obrazlar üz-üzə qoyulur. Ad kimi Səbr də nahaq seçilməyib. Səbri doğulandan "səbr etmək" təsəllisi
onunla qoşa addımlayır. Özü danışa
bilsə də valideynləri danışmaqdan məhrumdurlar:
"Səbri deyilən, ömrünün iyirmi beş
ilini uğurla (yəni, ürəyincə) yaşaya bilən
adamı taleyini alın qırışlarına nəqş eləyən
Tanrı bəlkə də uşaqlığından səbrə
öyrətmək istəmişdi. Çünki
o, lal ailədə dünyaya gəldiyindən dil açmaqda səbir
etməli olmuşdu".
Hekayədə hadisələr düzxətli təhkiyə
ilə nəql olunur. Qəhrəmanın doğuluşundan həyatının
ən həlledici - həbs olunma məqamına qədər.
Demək, hekayənin süjeti belədir: Səbri lal ailədə
doğulsa da gələcək təhsilinin qazanmasında
valideynlərinin böyük rolu olur. Bir də bu istəyin
reallaşmasında köməyini əsirgəməyən,
ata-anası dünyasını dəyişəndən sonra tək
qalmış Səbrini mənəvi övladlığa
götürmüş Səmədağa
Ağamalıoğlunun: "Səmədağa
Ağamalıoğlu yolunu Əskipara dərəsinə
saldıqda belə bir çətinliyə rast gələcəyini
ağlına belə gətirməmişdi. Quru
dərədə maşının qabağını ər-arvad
iki lal bəndə kəsmişdi. Əllər
göydə oynayan, onların drijorluğu ilə üzlərinin
damarları oynayan adamların qarşısında torpaq
komissarının ayaqları yerə yapışmış, nə
edəcəyini bilməmişdi. Nə yaxşı yeddi
yaşlı Səbri tanımadığı əminin və
ata-anasının köməyinə özünü
vaxtında yetirə bilmişdi:
- Onlar mənim
ata-anamdı, əmi.
- Məndən
nə istəyirlər, a bala?
- Kəndimizdə
məktəb yoxdu, oxumağımı arzulayırlar, istəyirlər
elmlərdə də dilim açılsın.
- Ceyrançöldə
yetim-yesir üçün məktəb
açmışıq. Sənin gözlərindən
iraqda oxumağına razı olarlarmı?
Quru dərədə Səbri ilk
dilmanclığını etmiş, ata-anasının zəmanələrinə,
güzəranlarına etiraz kimi havalanan əllərini
yanlarına sala, üzlərinin şahə qalxmış
damarlarını səngidə bilmişdi.
Onlar balalarının Ceyrançöldə yetim-yesir
üçün açılmış məktəbdə
oxumağına razılıqlarını vermişlər".
Səbrinin
uşaqlığı, onun lal bir ailədə
doğulması, "əl dili" ilə ünsiyyət
saxlaması, daha sonra xoş bir təsadüf nəticəsində
Ceyrançöldə təhsil alması, lallar məktəbində
müəllim işləməsi, Səbri Laloğlu imzası
ilə məqalələr yazması, daha sonra isə şəhərə
nəşriyyatlardan birinə dəvət alması... Bura qədər oxucu Səbrinin ömür yolunun təsvirini
həyəcansız şəkildə izləyir.
Sonra
başqa mühit və burada başlanan yeni ömür yolu...
Sevgi həyəcanı, dost xəyanəti, zəmanə hərc-mərcliyi.
Nəşriyyatda işə düzələn Səbri burada Cəbrayıl
adlı biri ilə tanış olur. Gələcək faciəsinin təməlində
dayanan Cəbrayıl onun sevgisini rədd edən Səyyarənin
Səbri ilə doğma, yaxın münasibətini həzm edə
bilmir. Danos yazaraq Səbrinin həbsini
labüdləşdirir, məhkəmədə yalandan
üzünə duraraq Səbrini sovet hökumətinə xəyanətdə
ittiham edir, onun Sibirə sürgün olunmasına vəsilə
olur. Bəlkə də Səbrini daha çox təəccübləndirən
yalandan içdiyi bu andla: "Axır ki, Səbriyə
göstərmədən Cəbrayıl istədiyi qədər
gözünü yumub, ağzını açdı. Ən
axırda da dediklərinin doğruluğunu belə bir andla
möhürləməyə çalışdı:
- İki
gözüm kor olsun, bircə balam ölsün, əgər
yalan deyirəmsə..."
Obyektivin nəzərləri bir də illər sonraya
fokuslanır.
Səbrinin səbrlə hesab anını
gözlədiyi məqam yetişib. Məhz o an
üçün illəri səbirlə ard-arda
sıralayıb Səbri: "Səbri illərlə Sibirin
qarlı gümüşünə çəkildi. Bircə arzuyla yaşadı - qayıdıb, Cəbrayılın
gözlərinə baxa bilsin. Yalandan and yeri elədiyi
oğluna, atası kimi olmamaq barədə öyüd-nəsihət
versin".
Qisas isə
tale tərəfindən alınıb: "Cəbrayılın
örkəni uzanıb, uzanıb haqqın
doğanağından keçə bilməmişdi. Oğlu İldırımı qoşulduğu avara
dostları öldürmüşdü. Özünün
də gözləri kor olmuşdu..."
Repressiya
dalğasında həyatları bada gedən insanların
hamısının ömür tarixçəsi
oxşardır əslində: eyni həbslər, eyni üzədurmalar,
eyni ssenari üzrə aparılan məhkəmə oyunları.
Bu baxımdan "Səbri səbri" hekayəsi
də alışdığımız repressiya hadisələrinin
bir taleyin inikası fonunda çəkilən şəklidir.
Hekayədə repressiya tufanının uzaqdan uzağa duyulan
acısı var: Səyyarənin həyatında - belə ki, gənc
qızın atası xalq düşməni adı ilə
güllələnmiş, əmiləri Türkiyəyə
qaça bilmişlər, özü isə "Hələ
pioner vaxtı Stalin yoldaşa məktub yazıb. O da bizimkilərə
bildirib ki, həmin yaşda uşaqlar atalarına cavabdeh deyil,
onları tərbiyələndirmək olar. Amma təhlükəsizlik
orqanlarının nəzarətindədi. Ayda
bir-iki dəfə gəlib yoxlayırlar"; bir də Səbrinin
həyatında - ki, o da sirrini verdiyi, həmdərd bildiyi
dostun danosu nəticəsində həbs olunur. Amma hekayədə müəllifin qayəsi həm də
başqadır, mövzu repressiya faciəsinin ağrısı
içərisindən sıyrılıb metafizik-ruhsal mündəricəyə
adladılır. Fələyin mizan-tərəzisindən
qaçılmazlığı, taleyin hökmünün bəzən
"qisas qiyamətə" qalmaz gedişi üstə hər
şeyi öz yoluna qoyması məqamını idrak etdirir və
nə yaxşı ki etdirir. Əks halda "Səbri səbri"
də bu mövzuda az çox oxuduğumuz
hekayətlərdən biri olacaqdı. Yazıçı
isə hekayəni fərqli sonluğa müncər etməklə,
fərqli idrakı mahiyyət qazandırmaqla onu eyni motivliliyin
diktə etdiyi oxşarlıq məcrasından
çıxarır.
Vaqif Nəsib adətən, fikri daha çox süjetin
davamında, müəyyən həyati situasiyaların
nümunəsində inikas etməyi bacaran yazıçıdır. Onun əsərlərindəki
dolğun xarakter yaratmaq ustalığı, təsvir konkretliyi
də bundan irəli gəlir. Bu hekayədə
də Cəbrayıl obrazının psixoloji yaşam
anını ehtiva edən situasiyaları müəllif
uğurla bədiiləşdirmişdir. Lakin
əsas qəhrəman Səbrinin kədərli taleyinin
kövrək təfsilatlarına dərindən
varılmır. Əsərdəki psixoloji
nüfuz daha çox Səbri xarakterinin hərəkəti
fonunda baş verməli idi. Səbrinin
düşüncələri, səssiz, daxili etirazı, yaxud Səyyarə
ilə münasibəti şərhdən daha çox təqdim
olunur. Əlbəttə, dövr mürəkkəbdir,
qorxuncdur. Bu mənada, Cəbrayıl
obrazının daha qabarıq şəkildə önə
çıxması zamanın ümumiləşmiş
obrazı kimi səciyyəvilik qazanmasındadır. Bəs əzab çəkən, həyatı
puç olan, bada gedən digər tərəf? Səbrinin yaşantıları daxili-psixoloji planda əksini
tapmadığından faciəsi ağrı kimi mənalanmır,
emosional gərginlik yaratmır. Halbuki Səbrinin
şərlənib həbs olunması onun düşüncələrinin,
xarakterinin daha geniş müstəvidə təqdiminə
şərait yaradırdı.
Buna baxmayaraq, "Səbri səbri" hekayəsini
dünya nəfsinə tutunanlara qarşı ironiya, ilahi ədalətin
mövcudluğuna inam aşılayan mətn kimi də oxumaq
olar. İnsan bütün hallarda etdiklərinin
üstünə qayıdır. Hətta
dilindən çıxan nahaq andın belə cəzası
verilir hökmən. Hələ çiynində insan
taleyi ilə oynamaq kimi böyük günah
daşıyırsansa... Bu üzdən hekayəyə verilən
ad düşündürür: Səbri səbri...
Səbir isə Allahın adıdır, - deyirlər.
Elnarə AKİMOVA
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.8.