"Caz, sadəcə,
musiqi deyildir"...
1. "Mən özüməm, mən
burdayam..."
1938-ci il... Cazın ekzistensial musiqi olduğunu ilk dəfə
Sartr kəşf edir. Özünə
qapılmış Vaqif Mustafazadənin eszistensiyası isə
60-cı illərin sonunda cazın Azərbaycan, daha geniş anlamda
isə Asiya modelini meydana çıxarır. Bu, cazın
artıq dünyada müstəqil musiqi janrı olaraq
tanındığı altmışıncı illərdə - 1969-cu ildə
"76" kompozisiyasının ifası zamanı baş
verir. Vaqif hədsiz sarsıntılardan yaranıb, yorulmaq bilmədən,
sürətlə uçub gedən "76"- nın notlarını dayandırmağı
bacarır. "Bayatı-Şiraz"ın
mistik ecazı olmasaydı Vaqif Mustafazadə istəsəydi də
cazdakı səsləri tutub saxlaya bilməyəcəkdi.
Tutmağa cəhd etsəydi belə, əlində
cazdakı səsin ruhu deyil, Sartr demişkən, səsin rəzil
və susqun bir xaritəsi qalacaqdı. Amma Sartrın
düşündüyünə rəğmən, bu səslərin
ölməyini gözləmək də gərək deyildi,
"76"-nı sona qədər
çalmaq və dinləmək lazım idi. Hətta
yaxınları bu səslərin nota alınmasını israr
etsələr də, yaxşı ki Vaqif bu israrlara etinasız
yanaşıb. Notlaşdırılsaydı yollar
qapanacaq, "Bayatı-Şiraz" nə cazın, nə də
Vaqifin
dünyasına daxil ola bilməyəcəkdi.
"76"-nı sona qədər dinləmək
və çalmaq gərək idi; "Bayatı-Şiraz" gələnə
qədər. Çünki bu bir-birinə
çırpılıb uçan caz notları
varlıqlarını sürdürəndən sonra
ölüb gedəcəkdilər. Vaqif isə
ekzistensial cazda möcüzə yaratdı. Xəyallarını sərbəst buraxdı. İmprovizə etdiyi səsləri ölməyə
qoymadı. Çünki o, burda, bu məqamdaydı;
"76"-nı çalırdım... Özüm də gözləmədən qəfil
"Bayatı-Şiraz"a keçdim. Sonuncu
akkordu götürdüm. Və birdən çatdı:
bax, budur! Budur mənimki! Budur axtardığım..." (Vaqif
Mustafazadə)
"Romada
Tiber sahilində oturmağı sevən mən, Barselonada,
axşamlar yüz dəfə Rambla küçəsi ilə
enib-çıxmağı sevən mən, Anqkor
yaxınlığında Baray de Prah-Kan arasında kökləriylə
Naqas kilsəsini saran əncir ağacını
görmüş olan mən, indi burdayam…görürəm ki, mən
özüməm, mən burdayam". (Sartr)
"Mən burdayam, İlahi". Bunu sonralar, Satrdan ən azı yarım əsr
sonra bütün yaradıcılığı boyu ekzistensial
şeirlər yazan, əksər şeirlərini də caz
poetikasında yaradan Vaqif Səmədoğlu deyəcəkdi.
Amma Sartrdan sonra və Vaqif Səmədoğludan öncə
amerikan cazında
Ellinqton örnəyi də var. Ellinqtonun
"Bibliya" motivlərinə interpretasiyası dünya
cazının qızıl səhifələrindən birini təşkil
edir: "İlahi, mən burdayam".
Xristian
metodistlərin yüzillik missionerlik dönəminin sonunda
gözlənilməz bir hadisə baş verdi.
Afrikalı kölələr
xristianlaşmış, amma buna rəğmən, bu yeni
xristianların tanrısı afrikalılaşmışdı.
Məncə, cazdakı ekzistensial
arayışın təməlində həm də bu
dayanır. Kölə də insandı.
Dilini, tarixini unutdursalar da, fitrətini unutdura
bilməmişdilər. Ünsiyyətin
daimiliyini təmin etmək üçün Amerikada məskunlaşmış
Afrika kökənli toplum cazı yaratmışdı. Hərgah, burda başqa səbəblər də var.
Etnoloq Ernest Bornemana görə Afrikalı üçün
musiqi və dil bir-birindən ayrılmazdı. Hətta ayrı-ayrı sözlərin də mənasını
səsin tonallığı müəyyənləşdirir.
Yəni musiqi Afrikada dil qədər önəmlidir.
Amma "buraya gətirməklə bizi öz
dilimizdə danışmaq imkanından bütünlükdə
məhrum etdikləri üçün, musiqi bizim tək dilimiz
oldu. Biz öz tariximizi bu dillə
yaratdıq" (Jaske MeLean). Caz ədəbiyyat
üçün, özünü ifadə üçün
içəridə yığılıb qalmış enerjinin
musiqi şəklində partlayıb ətrafa
dağılması və yayılması biçimində
meydana gəldi.
Caz dünya incəsənəti modernizm qafiləsinə
qoşulduğu ərəfədə yaranıb. Amerika qitəsində
Avropa kültürü Afrika mədəniyyəti ilə eyni
estetik kürədə qaynayıb-qarışıb. İndi tədqiqtçılar arasında cazın mənşəyi
ilə bağlı fikir müxtəlifliyi də var. Kimisinə
görə caz Afrika kökənli musiqidir. Kimisi üçünsə
harmoniyasının əsas prinsipləri, forma
baxımından o, Avropa musiqi mədəniyyətinin bəhəridir.
Gerçək
isə bundan ibarətdir ki, bu yeni mədəniyyətin
yaradılış məhvərində ayrı, fərqli siviliziasiyaların
- "qədim yunanın mirasçısı olan bir toplumun
idealizmiylə, instinktlərinə bağlı bir ulusun gizli
gücləri"nin toqquşması da
baş verib. Vaqif Mustafazadə isə cazın
kürəsəlləşmə prosesində həlledici
addım atıb. Və bunu, yuxarıda da
dediyim kimi, muğamla cazın sintezini-hibridini yaradaraq cazın
Asiya modelini meydana çıxarmaqla edib. Əslində
Vaqif Mustafazadə muğamın modulyasiya qütbünü
genişləndirdi. Vaqifin (və
muğamın!) gəlişi ilə caz dörd qitənin qlobal
düşüncə mədəniyyəti faktı olaraq
bütövləşdi və sonra da dairə qapandı.
Caz musiqisi bədii mətn səviyyəsində Avropaya
Sartrın qələmi ilə daxil oldu. Sonra Kortasar
Conni Karterin simasında Çarli Parkerin obrazını
yaratdı. Sonra Murakaminin caz fenomeni. "Üslubunuzun yaxşı, təbii, sabit bir ritmi
olmalı, yoxsa insanlar yazdıqlarınızı oxumağa
davam etməz. Ritmin önəmini musiqidən,
özəlliklə də cazdan öyrəndim. Sonra melodiya gəlir ki, o da ədəbiyyatda sözlərin
ritmə uyması üçün uyğun ayarlanması
anlamına gəlir. Əgər sözlərin
ritmə uyma biçimi düzgün və gözəlsə,
bundan daha artığını istəyə bilməzsniz.
Sonra harmoniya gəlir, sözləri dəstəkləyən
daxili zehni səslər. Sonra da ən çox sevdiyim qism
gəlir: sərbəst improvizə. Hekayə,
özəl bir kanal vasitəsilə içəridən sərbəstcə
fışqırmağa başlayır. Etməli
olduğum tək şey özümü axına buraxmaq... Məsələn, F. Skott Fitsceraldın zərifcə
axan nəsrindən aldığım ilhamı, Çarli
Parkerın dövr edən pərvasız melodiyalarından
alıram".
Bu baxımdan Azərbaycan ədəbiyyatı hələ
də susqundur.
Vaqif Mustafazadə dalğasından keçən, yetmişinci
illərdə Vaqif Mustafazdənin timsalında bir caz əfsanəsi
dövrünü yaşamış Azərbaycanın doğma
və milli ədəbiyyatında
ekzistensial yanaşma üçün böyük üfüqlər
açan caz musiqisi hələ də eşidilməyib. Amma əslində eşidilməliydi. Vaqif həm şəxsi, həm də
yaradıcılıq taleyi baxımından bədii mətn
üçün misilsiz hadisədir. Hələ
ortada Vaqif Səmədoğlu amili varsa. İndi
düşüncələrimdə hər iki Vaqifi bir araya gətirir
və Kortasarın "Təqibçi"sində Conni
Karterin (Çarli Parkerin) dediklərini xatırlayıram:
"Caz, sadəcə, musiqi deyildir"... Və
Parkerin dediyi bu məqamdan yola çıxılaraq yazılacaq
bir romanın oxucusu olmaq keçir könlümdən.
Otuz iki il əvvəl olaydı,
Olaydım
Çikaqoda.
Bir kafedə
Qəlyan çəkə-çəkə oturaydım.
Və
mütləq
Bir svinq çalınaydı orda.
Çalınaydı
Kökdən düşmüş qəhvəyi royalda.
Çalanı
özüm,
Həm də zənci olaydım mütləq.
Vaqif Səmədoğlu
bu şeiri 35 il əvvəl yazıb. 1983-cü ildə.
Azərbaycanın
ilk modernistləri - Vaqif Mustafazadə musiqidə, Vaqif Səmədoğlu
poeziyada, Cavad Mircavadov rəssamlıqda paradiqmaları dəyişdilər,
sənətin estetikasını yenilədilər...
***
Kortasarın
Çarli Parkerin yaşantılarını ədəbiyyatlaşdıran
əsəri Bibliya Apokalipsisindən alınmış belə
bir epiqrafla başlayır: "Ölüm bahasına da olsa
sadiq qal".
Vaqif
Mustafazadə ölümü bahasına da olsa caza sadiq
qaldı…
2.
"Şəhrizadın 1002-ci gecədə
danışdığı nağıl"
Hər
şey 1984-də - Bakıdakı Molokan bağında
başladı... Bekketin "Qodonun
intizarında", Tarkovskinin "Stalker"i və Vaqif
Mustafazadə barədə danışdıq. Ertəsi
gün Faiq mənə o gecə yazdığı "Qara
fortepiano" şeirini oxudu:
Qapqara
buludlar
yığışıb, qarışıb
başım üstə dondu.
Qapqara
buludlar
qapqara
fortepianodu.
Bir
şimşək soldan çaxdı,
bir
şimşək sağdan çaxdı.
Bir
şimşək caz çalırdı,
bir
şimşək muğam çaldı.
Qapqara
fortepiano
kövrəldi,
Ağladı,
sıxdı göz yaşını torpağa.
Yağış
döndü caza,
Yağış
döndü muğama...
Qapqara
buludlar
qapqara
fortepianodu.
Şimşəklər,
-
alova
dönmüş əllər.
Məzardan
sıçrayıb
dillərə qondu.
Şeirin cazibəsində qaldım. Ayrıldıq.
Diplom işimin mövzusunu kəşf etmişdim. Ssenarini Vaqif
Mustafazadə barədə yazacaq, sonra da onu tamaşaya
qoyacaqdım. Yazdım. Əvvəlcə Vidadi Həsənova, Bəhram
Osmanova oxudum. Vaqif Gərayzadə də
vardı. Bilirdim ki, onsuz bu tamaşa
alınmayacaq, bütöv və tam olmayacaq.
İndi bu adamların hər üçü Azərbaycan
incəsənətinin tanınmışlarıdır.
Məşqlər başladı. Ssenarini Ələkbər Salahzadənin
o zaman yenicə yazdığı şeirinin bir misrasıyla
adlandırmışdım: "Ölüm adam
tanıtdırır". Amma sonra məlum oldu ki, 1984-cü
ildə "ölüm adam
tanıtdıra bilməz". Bir nüsxəsini
o illərin ən əziz xatirəsi kimi qoruduğum
afişalar "Sənsiz səninlə" adıyla
çıxdı.
İmprovizə-tamaşa.
Vaqif Mustafazadənin xatirəsrinə həsr olunur.
27 aprel 1984.
Xatirələrim
o qədər çoxdur ki, bu yazını yazmağa ehtiyat
edirəm...
Məşqlər
zamanı məlum oldu ki, tamaşada Vaqif Mustafazadənin lent
yazıları gərək olacaq... Sıradan tələbələr
idik. Kim verəcəkdi bizə həmin lent
yazılarını? İlk ağlıma gələn
ad Vaqif Səmədoğlu oldu. Gecə saat 12 radələrində
Mustafa Sübhi küçəsi ilə 1 may küçəsinin
kəsişdiyi tində telefon köşkündən Vaqif Səmədoğlunun
telefon nömrəsini yığdım. İstəyimi dedim.
"On dəqiqədən sonra təkrar zəng edərsən",
dedi. Az sonra yenidən danışdıq. "Sabah radiokomitetə gedərsən. Salehə xanım səni gözləyəcək.
Ondan xahiş etdim, Vaqifin lent yazılarını sənə
verəcək".
Səmədoğlu tamaşanın vaxtı ilə də
maraqlandı.
Hətta, Elza Mustafazadənin də telefon nömrəsini verdi və tapşırdı ki, ona da mütləq
zəng edib tamaşaya dəvət edim.
Ertəsi gün radioda Salehə xanımla
görüşdüm. Vaqifin lent yazılarını, əlbəttə,
qaytarmaq şərtilə mənə verən Salehə
yaddaşıma həyatda söhbət etdiyim ilk kübar
qadın olaraq həkk olundu.
Lent yazısını üzünü
köçürmək üçün verdiyim adamın indi
yalnız adını xatırlayıram: Pərviz. Üzünü
köçürdü. Sonra nə fikirləşdisə,
başqa bir lenti diskə qoydu. Birlikdə
dinlədik. Kimsə ingilis dilində
danışırdı. Vaqifin adını
çəkirdi. Və fonda Vaqif
Mustafazadənin musiqisi səslənirdi. Bura qədər bəs
idi. Bu lent yazısı tamaşamızın effektini
qat-qat artıracaqdı.
Nüsrət Kəsəmənlinin Vaqifə həsr olunmuş
tamaşanın afişasıni öz əlləri ilə
Yazıçılar Birliyinin qapısına necə
şövqlə vurduğunu da unuda bilmirəm.
Sonra
Vidadi Həsənovla Asəf Zeynallı adına
musiqi məktəbinə getdik. Hacıbaba
Hüseynovla görüşdük. Bizi elə
sinif otağında, dərs prosesində qarşıladı.
Söhbət etdik. Vaqifin
"Bayatı-Şiraz"ı barədə
danışdı. "Təəssüratlarım
çox deyil, dedi. - Vaqif belə istədi, mən də
üç bayatı oxudum. Amma deyirdi ki, məxsusi,
muğam oxuyurmuş kimi oxuma. Zümzümə
edərək oxu. Elə bil, ağac rəndələyərək
zümzümə edirsən. Mən də
elə onun istədiyi kimi oxudum".
Tamaşadan üç gün qabaq institutun dəhlizinə
asılmış afişanın qarşısında "Dan
ulduzu" ansamblının rəhbəri Gülarə Əliyevanı
gördüm.
Yaxınlaşdım. "Gülarə
xanım, mənim tamaşamın afişasıdır",
dedim. Afişaya diqqətlə baxırdı.
"Gələrsinizmi?" Köksünü
ötürdü. "Heyf ki, az
yaşadı". Dərhal sual verdim: "Çox
yaşasaydı?.." "Nə
bilim, hər halda, yəqin ki, Azərbaycan caz-operanın,
caz-baletin də vətəni olardı".
Bir gün dedilər ki, Zivər xanım səni
axtarır. Tamaşadan əvvəl mütləq görüşməyimizi
istəyir. Vaqifin anası Zivər Mustafazadə mənimlə
görüşmək istəyir... Bu xəbər
mənə həyatımın ilk həyəcanını
yaşatdı. İçərişəhərin
məşhur Adsız dalanındakı 4 saylı evə gəldim.
Görüşdük. Vaqifin
qızı Lalə Mustafazadə də yanındaydı. Kimləri dəvət etməyimlə maraqlandı.
"Heç kəsi dəvət etməmişəm.
Kim istəsə gələcək". Dəqiq xatırlayıram, Zivər xanım
"Sevil" qızlar ansamblının solistlərini
özü dəvət etdi. Əyləşib
söhbət etdiyimiz otağın hər tərəfinə
Vaqifin şəkilləri asılmışdı. Pianonun üstündə sarıüzlü bir
şagird dəftəri də vardı. Dəftəri
vərəqlədim. Şeirlər
yazılmışdı. Maraqlandım.
"Vaqifin dəftəridir", - dedi, Zivər xanım.
Sonralar, çox sonralar Vaqif Mustafazadənin ev
muzeyinə gələndə həmin dəftəri
soraqladım. Yox idi...
Sonra tamaşa başlandı. Hamı ordaydı.
Mənim üçün unudulmaz olan isə
tamaşaçıların arasında Vaqif Mustafazadənin hər
iki xanımının - Nərminə və Elzanın, eləcə
də qızlarının - Əzizə və Lalənin, bir də
Zivər Mustafazadənin olması idi.
Əvvəl səhnəyə Vaqif Gərayzadə
çıxdı. Bu, Vaqifin böyük səhnədə
ilk triumfu oldu. Hələ tamaşa
başlamamış çalmağa başladı. Və
tamaşa bitənəcən, hətta bitəndən sonra da Gərayzadənin
çalğısı bitmədi...
Pərvizin
mənə verdiyi ingiliscə lent yazısını da səsləndirdik.
Sən demə bu, Uillis Konoverin səsi imiş.
"Amerikanın səsi" radiosunda Vaqif Mustafazadəyə
həsr etdiyi məşhir veriliş...
Konoverin
Vaqif haqqında dediyi sözlər isə tamaşada Bəhram
Osmanovun ifasında
səslənmişdi: "Mustafazadə ekstra-klas
pianoçudur. Dünya cazında onun misli
yoxdur". Sonra Yohanson Vidadi Həsənovun səsi ilə
"danışdı": "Cənab Mustafazadə, əvvəl
Siz, sonra mən!.. Mustafazadənin
musiqisi Şəhrizadın min ikinci gecədə
danışdığı nağıldır".
Bu yazını yazdıqca 1984-cü ilin 27 apreli ilə
bağlı xatirələrim boy-boya düzülür. Amma mən
xatirələrdən yayınıram.
1987-ci ildə Vaqif Səmədoğlunun "Ölüm
gəlir, ömür, sonun mübarək" misralarına
göndərmə edərək Vaqif Mustafazadə barədə
"Sonun mübarək, ustad" adlı bir yazı yazdım. Yazını
Anara göndərdim. Çap olunmaq
üçün deyil, yazı həyatımı davam etdirimmi,
yaza bilərəmmi, yaza bilirəmmi, deyə məsləhət
almaq üçün. Anar müəllimin
cavabı qəribə oldu. Növbəti həftə
"Ədəbiyyat və incəsənət" qəzetində
o irihəcmli yazı dərc olundu. Qəribədir ki,
"Ədəbiyyat qəzeti"ndə bugünəcən
davam edən yazı həyatım da Vaqif Mustafazadə ilə
başlayıb...
***
Kortasarın
Çarli Parkerin yaşantılarını ədəbiyyatlaşdıran
əsəri Bibliya Apokalipsisindən alınmış bir
epiqrafla başlayır: "Ölüm bahasına da olsa sadiq
qal".
Vaqif
Mustafazadə ölümü bahasına da olsa caza sadiq
qaldı…
Azər TURAN
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.10-11.