Zamanın poetik "stop
kadr" anı
Klassik
aşiqanə qəzəllərin poetikasına görə, ali mənəvi-əxlaqi dəyər səviyyəsinə
qaldırılan eşq əzabının miqyasını
heç nə yox, yalnız və yalnız məşuqun
misilsiz gözəlliyi, yaxud da gözəlin misilsizliyi şərtlənir.
Bu barədə klassik baxışlar çoxdur.
Məsələn, XVIII əsrin türk şairi
Şeyx Qalib tərəfindən qələmə alınan
"Hüsnü eşq" əsərində gözəllik
və eşq arasında münasibətlərə dair fəlsəfi-estetik
baxışlar geniş şərh edilmişdir.
Füzulidə isə "eşq" və "hüsn"
arasındakı nisbət arifmetik səviyyədə
düsturlaşdırılmışdır...
II məqalə
Füzulinin "Heyrət, ey
büt..." beyti bədii mətnin semantik
təhlili prizmasından
1. Beytin
poesemantik
struktur
səviyyəsi
Hesab edirik ki, beytin poesemantik struktur səviyyədə təhlili
baxımından ilk növbədə Füzuli poeziyası
üçün olduqca xarakterik olan teatral-situasiya
anlayışı üzərində qısaca olaraq dayanmaq
lazımdır.
Məlum olduğu kimi, Füzuliyə qədər Şərq
poeziyası istər poetik, istərsə də tematik
baxımdan sırf kanonik sənət hadisəsi kimi
formalaşmışdır. Bu semantik kanonikliyin nəticəsidir
ki, uzun əsrlər boyu Şərqdə üç dildə
qələmə alınan aşiqanə qəzəlin vur-tut
ikicə semantik mərkəzi mövcud olmuşdur:
1.
Aşiqin hicran əzablarının təsviri;
2. Məşuqun
gözəlliyinin tərənnümü.
Füzuliyə qədər əksər Şərq
şairlərinin əsərlərində fərdi müəllif
üslubunda ifadə olunan orijinallıq yeni semantik mərkəzlərin
kəmiyyət artımı hesabına deyil, yalnız və
yalnız mövcud semantik mərkəzlər daxilində poetik
keyfiyyətin artırılması (semantik mərkəzlərin
saxlanılması şərtilə məcaz sərhədlərinin
genişləndirilməsi) hesabına özünü
reallaşdırırdı. Ümumiyyətlə,
kanoniklik əsas keyfiyyəti olan, istər poetexnoloji, istərsə
də semantik baxımından kleşeləşmiş qəzəldə
azacıq belə olsun sərbəstlik etmək ümumiyyətlə
mümkün deyildir. Təbii ki, Füzuli
də, özünün dəfələrlə qeyd etdiyi kimi,
bu kanonlara tabe idi. Bəs Füzuli bu
dilemmanı necə həll edir?
Bizim qənaətimizə
görə, Füzulidə bu problem məhz poetik situativlik hesabına həll
edilir. Füzuliyə qədərki Şərq
poeziyasında obrazlılılıq situativlilikdən məhrum
idi. Olsa da epizodik xarakter
daşıyırdı. Poetik-emosional ovqat
bilavasitə ənənəvi obrazlaşdırma vasitəsilə
həyata keçirilirdi. Füzuli isə
ilk dəfə olaraq semantik mərkəzlərin
saxlanılması şərtilə beytlər daxilində
mürəkkəb situativ sillogizmlər qurmağa
başlayır. Bunun nəticəsidir ki,
Füzulinin bütün poeziyası sanki müxtəlif həyati
situasiyaların fotolarından ibarətdir. Füzuli
həyati situasiyaların elə məqamlarını poetik
fotolarda dondurub bizə təqdim edir ki, o foto bir tərəfdən
gerçəkliyin dəmir məntiqinə əsaslanır, digər
tərəfdən ya miqyasın böyüdülməsi, ya da
tərs məntiq hesabına həmin həyati məntiqin
özü əleyhinə çevrilir. Müqayisə
üçün deyi ki, belə bir estetikanın tamam tərsi
sürrealizmdir. Burada bütün estetik məntiq
gerçəkliyin mənqitinin dağıdılması
hesabına özünü gerçəkləşdirir.
Füzulidə isə əksinə, ilk
baxışdan heç bir halda gerçəkliyin məntiqi əleyhinə
çıxılmır. Füzuli poetikası ilə
bağlı mərhum Sabir Əliyevin məlum qənaəti
var: Füzulinin ən miqyaslı mübaligələri belə
real məntiqi əsaslara söykənir. Lakin bu
ilk baxışdan belədir və müəyyən mənada
gerçəkliyə ironiya səciyyəsi daşıyır.
Poetik sözün məna çalarlarından
maksimim istifadə etməyin ustası olan Füzuli qəzəllərdə
elə teatral-situasiyalar yaradır ki, onlar sadəcə olaraq
heyrət doğurur. Əslində,
"Füzuli rezonansı" adlandırılan hadisə elə
bu situativliyin əks-sədası idi. Bu
poeziyada gerçəkliyin obrazlaşdırmasının
"füzuliyanəliyi" bu anlayışın
işığında daha aydın görünür. Ona görə də "situasiya"
anlayışını Füzuli bədii mətninin tədqiqində
mərkəzi kateqorial anlayış olaraq götürülməsini
təklif edirik. Biz bir az irəlidə
situasiya anlayışından fəlsəfi mənada hadisələr
çoxluğunun başvermə təkaktlılığı
kimi geniş bəhs edəcəyik. Hələlik
isə ona yalnız poetik planda yanaşırıq.
Beləliklə,
beytin hamıya məlum olan müasir Azərbaycan ədəbi
dilindəki anlamı:
Ey gözəl,
səni (sənin simanı) gördükdə
heyrət
məni lal edər,
Mənim
bu əhvalımı görən
məni
şəkil zənn edər.
Göründüyü
kimi, beytdə situasiya olduqca sadə fabulaya əsaslanır:
aşiq (küçədə) təsadüfən öz
sevgilisi ilə rastlaşır (Hicran estetikasına əsaslanan
Füzuli poetik konteksti üçün bu rastlaşma
yalnız təsadüfən mümkündür). Aşiq bu rastlaşmada sevgilisinin surətini görmək
fürsəti əldə edir. Xatırladaq
ki, adi halda aşiq gözəlin surətini yalnız xəyalında
canlandıra bilər. Bu baxımdan aşiq
üçün belə bir üzbəüz seyr fövqəladə dərəcədə
səadət məqamıdır. Bir az da
irəli gedib deyə bilərik ki, Füzuli poetik konteksti
üçün bu seyr elə tam olaraq vüsalın
özü deməkdir. Aşiq və məşuq
arasındakı münasibətdə bundan o yana
başqa yaxınlığı heç təsəvvür etmək
belə mümkün deyil. Beləliklə,
görüş, yəni "vüsal" baş verir və
elə o andaca aşiq bu gözlənilməz seyrdən heyrətə
düşür, heyrət emosiyasının təsirindən
küçənin ortasındaca donub qalır. Beytdəki "lal eylər" ifadəsinin
yalnız nitqin tutulmasını deyil, bütövlükdə
hərəkətsizliyi, şəkil kimi, heykəl kimi
donuqluğu ifadə etdiyini mətndəki situasiyanın
ümumi süjet kompozisiyası diqtə edir. Beləliklə, aşiq heyrət içində donub
qalır, gözəl isə təbii ki, keçib gedir. Küçədən keçən digər şəxslər
bu hərəkətsiz müqəvvanı seyr edərək
onun insan deyil, şəkil, yaxud heykəl olduğunu zənn
edirlər.
Beytin poetik fabulasının üzərində
qurulduğu situativ kompozisiyanın mərkəzində aşiq
obrazı dayanmış olsa da (küçənin
ortasındaa heykəl kimi donub qalan odur), burada poesemantik planda
ideallaşdırılan, tərənnüm olunan aşiq yox, məşuqdur. Başqa
sözlə ifadə etsək, heyrətin heykəlləşdirdiyi
aşiqin "surəti-halı" (emosional vəziyyəti) səbəb
deyil, nəticədir. Bu vəziyyət ilk növbədə
məşuqun misilsiz gözəlliyinin təsdiqidir
. Ümumən Füzuli poetikası
üçün universal olan bu fakt elə bir səviyyədə
kanonlaşmışdır ki, burada eşq hüsn haqqında,
hüsn də eşq haqqında informativ işarə
statusundadır.
Klassik
aşiqanə qəzəllərin poetikasına görə, ali mənəvi-əxlaqi dəyər səviyyəsinə
qaldırılan eşq əzabının miqyasını
heç nə yox, yalnız və yalnız məşuqun
misilsiz gözəlliyi, yaxud da gözəlin misilsizliyi şərtlənir.
Bu barədə klassik baxışlar çoxdur.
Məsələn, XVIII əsrin türk şairi
Şeyx Qalib tərəfindən qələmə alınan
"Hüsnü eşq" əsərində gözəllik
və eşq arasında münasibətlərə dair fəlsəfi-estetik
baxışlar geniş şərh edilmişdir.
Füzulidə
isə "eşq" və "hüsn"
arasındakı nisbət arifmetik səviyyədə
düsturlaşdırılmışdır:
Hüsnün
olduqca füzun eşq əhli
artıq zar olur,
Hüsn nə
miqdar olursa,
eşq ol miqdar olur.
"Heyrət ey büt..." beytində də poesemantik
estetika müəyyən mənada bu düstura tabedir. Belə ki,
burada psixoloji vəziyyət olaraq heyrət vasitəsilə
ifadə olunan eşq "o, misilsiz dərəcədə
gözəldir!" predikatının həm informativ işarəsidir,
həm də aksiomudur. İnformativ işarəsidir
ona görə ki, görünən əlamət konkret olaraq
görünməyən əlamət haqqında (beytdə məşuqun
heç bir zahiri əlamətindən söhbət getmir)
informasiya verir. Aksiomudur ona görə ki, heç bir
zahiri əlaməti təsvir edilməsə belə, heyrət
situasiyasını yaradan görünməz səbəb
"surətin gördükdə" ifadəsilə işarələnən
"hüsn"dür, gözəllikdir.
Təbii ki, beytin poesemantik səviyyəsi
üçün ilk növbədə onu da müəyyənləşdirmək
lazımdır ki, "Heyrət ey büt..." beytinin
yaranmasını şərtləndirən "emosional
enerji" hansı tipoloji xarakterə malikdir. Mövcud baxışlar iki
fərqli yanaşma təqdim edir:
1. Bu,
mistik yaşantının simvollarla poetik ifadəsidir;
2. Bu,
emosional yaşantının təsəvvüfi konseptual
baxış hesabına (nəzərə alınması zəruridir
ki, burada beytin poetik terminoloji aparatı təsəvvüfi
leksikaya əsaslanır ("büt", "heyrət",
"surət", "lal" ) əyaniləşməsidir;
Nə qədər paradoskal olsa da, ayrılıqda
onların heç biri deyil, bütövlükdə isə
onların hər ikisidir. Bəlkə də, "eşq" yeganə
anlayışdır ki, ən nəzəri təsəvvüfi
risalələrdə belə o, analitik nəzəri
düşüncənin predmetinə çevrilərək bu
düşüncədən düşən idraki
işıqda sonadək təhlil olunmur, daxili atomar hissəciklərə
parçalanmır və bundan da irəli gələrək təsnif
olunmur. Nə qədər taftoloji səslənsə
də, o, ya olur, ya da olmur. Əksinə
idrakın ən gur işığı belə eşqdən
düşən nurun şöləsi qarşısında
görünməz olur. Bütün varlığı
bütövləşdirməyə, vücud
adlandırılan kəstəti (çoxluğu) vəhdət
adlanan məqamda vahidləşdirməyə qadir yeganə
qüdrət hesab olunan eşq necə ola
bilər ki, mətn səviyyəsində "ilahi"yə və
"dünyəvi"yə parçalana bilsin? O başqa məsələdir
ki, bəzən daxili fizioloji fırtınalar, instinktin istəkləri,
bir sözlə, eyş eşqin imitasiyası kimi təqdim
edilir. Bu mənada götürülən
"eyş"lə həqiqi eşq arasında nəinki fərq
var, hətta onlar arasında Cin Səddi də çəkmək
mümkündür. Belə bir radikal təsnifatı da
hamıdan daha dəqiq Füzuli özü
aparmışdır:
Canı kim cananı ücün sevsə,
cananın sevər,
Canı
üçün kim ki, cananın sevər,
canın
sevər.
Təbii ki, "Heyrət
ey büt..." beytində poesemantik struktur səviyyəsi
üçün söhbət teatral-situativlik hesabına
yaradılan məşuqun gözəlliyindən və onun
aşiqdə doğurduğu təbii emosional təəssüratdan
gedir. Lakin bu səviyyənin özü belə
"cananı can üçün" deyil, "canı canan
üçün" sevməyin faktıdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, beytin əsas semantik
ağırlıq mərkəzlərinini təşkil edən
"büt", "hal", "surət"
anlayışları təsəvvüfi mənaya malik
anlayışlardır. Həm Füzuliyə qədər, həm
də ondan bir neçə əsr sonra bu anlayışlar təsəvvüfi
poeziyada aktiv işlənmə tezliyinə malikdirlər. Ona görə də əsas anlayışların
poetik ənənədəki təsəvvüfi semantikası
dərhal poesemantik səviyyənin statusluluğunu şübhə
altına alır. Lakin beytin
yaranmasını şərtləndirən emosiyanın
psixofizioloji arxetiplə bağlılığı deməyə
əsas verir ki (bu, ümumən Füzuli metamətninin semantik
kontekstindən aydın görünür), beytdəki
emosionallıqla intellektuallıq arasındakı münasibətlər
ənənəvi poeziyada olduğu kimi deyil. Burada semantik strukturlar bir-birinə ziddiyyət təşkil
etmədiyi kimi, bir-biri ilə tabelilik münasibətində də
deyillər. Obrazlılıq səviyyəsində
bu prosesin aşağıdakı kimi getdiyini hesab edirik.
Vaxtilə erkən orta əsrlərdə ərəb
poeziyasında mistik yaşantının ifadə edilməsi
üçün ilkin mütəsəvviflər İslamaqədərki
ərəb ədəbiyyatının dominant obrazları olan
"aşiq", "məşuq", "şərab"
və s. kimi anlayışlara əlavə təsəvvüfi
semantika yükləyərək onları
simvollaşdırılmışdırlar. Min ilə
yaxın müddət ərzində İslam mədəniyyəti
daxilində bu təsəvvüfi semantikalı simvollar sistemi
elə bir kütləvi ümumilik kəsb edir ki, onun
İslamaqədərki məzmunu ümumiyyətlə arxaikləşərək
unudulur. Füzuli poeziyasında eyni proses sanki əksinə
gedir. Xüsusi təsəvvüfi semantikaya malik
anlayışlar indi bu dahi söz ustadının timsalında
yenidən poetik kontekstə gətirilərək poetik təfəkkürün
məntiqinə tabe etdirilir. Həm də
yalnız təsəvvüfi poetik simvollar deyil, ümumiyyətlə
orta əsrlərə məxsus təsəvvüfə aid elmi
nəzəri terminologiya, bütöv təsəvvüfi elmi
kateqorial aparat Füzuli poeziyasında dünyanın poetik
duyumunun təsiri altındadır. Beytdəki
"büt", "surət", "hal" kimi təsəvvüfi
anlayışlar ikili semantikaya malikdirlər. Onlar mətnin poesemantik struktur səviyyəsində
poeziyanın məntiqinə tabedirlər və özlərinin
yalnız poetik-simvolik yox, elmi-traktat səciyyəli məzmun
qatılığı ilə də aşiqin öz sevgilisinin
gözəlliyi qarşısında keçirdiyi təbii hislərin
tərənnümünə xidmət etməsinə qətiyyən
mane olmurlar. Beytin digər səviyyələr
üzrə təhlili isə gözlərimiz
qarşısında tamamilə başqa mənzərə
üzə çıxarır.
Sərxan XAVƏRİ
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.19.