Daha "...bir nəzər"
Səhv nəzərləri
sərf-nəzər etmə vaxtı
Mərsiyəçiliyin
bütün digər amillərlə bir sırada həm də
şeirimizin qədim ənənələrindən olması əhəmiyyətli
faktor kimi xüsusi vurğulanmalıdır. İdeologiya və
ictimai tələbat öz yerində, şeir tarixinin şərəfli
keçmişi, məşhur sələflərlə səsləşmə
zərurəti mahiyyətcə ənənəvi səciyyə
daşıyan türk-İslam poeziyasında mərsiyə
yaradıcılığını labüdlüyə
çevirirdi. İndi, üstündən
aşağı-yuxarı iki yüz il müddət
keçdikdən sonra müəyyən etməyə
çalışmaq ki, Mir Həmzə Seyid Nigari, Abbasqulu
ağa Bakıxanov, Qasım bəy Zakir, Xurşid Banu Natəvan,
Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, Seyid Əzim, Sabir,
Ağadadaş Sürəyya, Məşədi Əyyub Baki,
Molla Hüseyn Dəxil... ta Əliağa Vahidə qədər
onlarla şairimiz mərsiyələrini konkret olaraq hansı
amilin təsirin altında yazıb- absurd olardı. Amma bu
arasıkəsilməz prosesdə Nizamidən, Xaqanidən,
Füzulidən gələn poetik ənənə faktorunun
heç də sonuncu rolu oynamadığı şəksizdir.
XX əsrin ilk yarısında Sabir, Əbdülxaliq Cənnəti,
Məşədi Azər, Haşım bəy Saqib, Ə.Vahid
kimi geniş erudisiyaya malik şairlərimiz
yaradıcılıqlarının ilk dövrlərində olsa
belə mərsiyə və növhəcata meyil göstərmişlərsə,
bu, əlbət ki, həm də ənənələrə
hörmət naminə olmuşdur.
Əvvəli ötən
saylarımızda
Qumrini
bütün həyatı boyu tərifləyəcəyinə
vəd verməyə, Həssani-ərəb, Sipehri,
Şüha kimi əfsanəvi şairlərlə
qiyaslamağa Seyid Əzimi vadar edən yeganə səbəb
onun Kərbəla şəhidlərinin vəsfində
tutduğu ardıcıl mövqe, bu yoldan dönməzliyi ola
bilərdi. Böyük sənətkar, bəlkə də bir
şair kimi yox, bir seyid kimi cəddinin (seyidlər Həzrət
Əlinin və Kərbəla çöllərində
qanlarına qəltan edilmiş imamların nəvələri
hesab olunur) mədhini həyat amalına çevirən Qumri
qarşısında öz borcundan çıxır.
Mərsiyə
şeirlərinin yüksək populyarlıq tapmasını
şərtləndirən başqa bir amil də Kərbəla hadisələrinin
ictimai yaddaş və şüurda tutduğu yerlə,
İslam tarixinin unudulmaz bir səhifəsini
təşkil etməsi ilə bağlıdır.
M.F.Köprülü XIII əsr ədəbiyyatından bəhs
edərkən yazır: "İslam ideologiyasının bu əsrdəki
bol məhsulları arasında "siyer" kitabları,
Fatmaya, Həsən və Hüseynə, Kərbəla faciəsinə
aid əsərləri, mövlud kitablarını saya bilərik".
Həmin dövrlərdən, bəlkə bundan da əvvəllərdən
etibarən Kərbəla faciəsi ictimai-kütləvi
şüurda bütöv bir ideyalar məcmusunu- şəhadətin
müqəddəsliyi, insanın öz əqidəsi, dini,
imanı uğrunda ölümə getməsinin, ən pis
şəraitdə belə ləyaqət və şərəfini
qoruya bilməsinin mənəvi ucalıq mərtəbəsində
qəbul olunması və s. rəmzləşdirmişdi. Bu
hadisələrin şəhid personajları hər bir azərbaycanlı
üçün müqəddəs şəxsiyyətlər
sayılmaqla yanaşı, həm də dini-əxlaqi fəzilətlərin
həmişəyaşar simvolu kimi düşüncə və
duyğularda kök salmışdı. Ölümsüz Kərbəla
qəhrəmanların başında İmam Hüseyn, onun
qardaşları, oğulları, Əhli-beyt üzvləri, bu
hadisələrin şahidi olmuş bacısı Zeynəb
xanım dururdu. F.Köçərlinin təbirincə, "həqq
yolunda və eşq aləmində nə qədər
ağır cəfalara və böyük bəlalara
giriftar" olmağın rəmzi sayılan İmam Hüseyn
obrazı hələ Füzulinin "Hədiqətüs-süəda"sından
(xüsusilə əsərin sonundakı "Mərsiyeyi-həzrəti-İmam
Hüseyn əleyhissəlam" adlı ayrıca bölmədən)
üzü bəri türk-İslam şeirinin tərənnüm
obyektinə çevrilmiş, həqiqət və ədalət
ideallarından dönməzlik təcəssümü kimi mənalandırılmışdı.
Racinin İmam Hüseynin dilindən bacısı Zeynəbə
etdiyi xitab üstündən əsrlər keçsə də
poetik diskursun dəyişmədiyini
göstərirdi:
Bacı,
əhdim budu, bu çöldə gərək qanə batam
Qanımı
Əkbərimin qanına şövq ilə qatam.
Can verib təşnə,
gərək isti qum üstündə yatam
Cismi-məcruhum ilə, sineyi-suzanım ilən.
Əhli-Kufə
yetirər zülmünü itmamə, bacı,
Bədənimdə dəxi qoymazla qala camə, bacı.
Nizələrdə
apararlar başımı Şamə, bacı,
Bədənim yerdə qalar peykəri-üryanım ilən.
Daha
sonralar Əliağa Vahid də İmam Hüseyn fədakarlığını
ilahi insan eşqinin ən böyük simvolları ilə
qiyaslandırır və üstünlüyü ona verir:
Eşq
mülkini Hüseyn tək kimsə abad etmədi,
Kimdi Mənsur,
kimdi Məcnun,
böylə
bir ad etmədi,
Üz
verib yüz qəm ona, bir ləhzə fəryad etmədi,
Mərhəba, səd mərhəba, bu aşiqin
sevdasına.
Bu və
bu kimi mərsiyələr Ömər Faiq Nemanzadənin məhərrəm mərasimlərinin
simvolikası haqqında dedikləri ilə səsləşir,
bəzi hallarda onun qoyduğu aktual suallara cavab verirdi:
"Lazım deyilmidir bilək ki, nə üçün bu
riqqətəngiz, o ciyərsuz hal ilə şəhadətə,
o dəhşətamiz surət ilə fədai-canə razı
oldu? Şəksiz ki, qeyrət və həmiyyəti qəlbi ali hümmətinə sığmayan bu millət
aşiqi şəhadəti-ölümü, xeyr, bu
ölüm surətində əbədi varlığı, əsarət
və həqarət ilə yaşamağa tərcih verdi. Şəksiz ki, təlüqatının, hümmətinin
hüququnu mühafizə etmək, hürr və müstəqil
yaşamaq, özgələrə boyun əyməmək ən
birinci müqəddəs niyyəti idi. Şəksiz
ki, niyyət buyurduğu kimi həyat olmadığı surətdə
məqsədi-alisi, hüquqi-qövmiyyəsi, istiqbali-milliyyəsi
yolunda qurban olmağı canına minnət bildi". Yeni, maarifpərvər ziyalılar nəslinin görkəmli
nümayəndəsi Ömər Faiqin sözləri XIX əsrdə
mərsiyəçiliyin poetik fikirdəki yerini mühafizə
edərək, möhkəmləndirməsinin Kərbəla rəmzlərinin
yaşarılığı ilə şərtləndiyinə
daha bir sübutdur. Bunların bir-biri ilə əlaqəsi
qırılmazdır: Kərbəla rəmzləri
türk-İslam ədəbi fikrində kök salmış mərsiyəçilik
ənənəsinin ideoloji mündəricəsini, mərsiyə
şeiri isə müsəlman ideologiyasının ən
mühüm mövcudluq formalarından birini təşkli edir.
Mərsiyəçiliyin bütün digər amillərlə
bir sırada həm də şeirimizin qədim ənənələrindən
olması əhəmiyyətli faktor kimi xüsusi
vurğulanmalıdır. İdeologiya və ictimai tələbat öz yerində, şeir tarixinin
şərəfli keçmişi, məşhur sələflərlə
səsləşmə zərurəti mahiyyətcə ənənəvi
səciyyə daşıyan
türk-İslam poeziyasında mərsiyə
yaradıcılığını labüdlüyə
çevirirdi. İndi, üstündən
aşağı-yuxarı iki yüz il müddət
keçdikdən sonra müəyyən etməyə
çalışmaq ki, Mir Həmzə Seyid Nigari, Abbasqulu
ağa Bakıxanov, Qasım bəy Zakir, Xurşid Banu Natəvan,
Mir Möhsün Nəvvab, Abdulla bəy Asi, Seyid Əzim, Sabir,
Ağadadaş Sürəyya, Məşədi Əyyub Baki,
Molla Hüseyn Dəxil... ta Əliağa Vahidə qədər
onlarla şairimiz mərsiyələrini konkret olaraq hansı
amilin təsirin altında yazıb- absurd olardı. Amma bu arasıkəsilməz prosesdə Nizamidən,
Xaqanidən, Füzulidən gələn poetik ənənə
faktorunun heç də sonuncu rolu oynamadığı şəksizdir.
XX əsrin ilk yarısında Sabir, Əbdülxaliq Cənnəti,
Məşədi Azər, Haşım bəy Saqib, Ə.Vahid
kimi geniş erudisiyaya malik şairlərimiz
yaradıcılıqlarının ilk dövrlərində olsa
belə mərsiyə və növhəcata meyil göstərmişlərsə,
bu, əlbət ki, həm də ənənələrə
hörmət naminə olmuşdur. Bu fikrə o
fakt da haqq verir ki, ən müxtəlif dövrlərdə və
bölgələrdə yaşamış, ən müxtəlif
təmayüllü şairlərin qələmindən
çıxan mərsiyələr heyrətamiz dərəcədə
oxşar bədii-estetik cizgilərə, ümumi normativ
poetikaya malikdir. Bu şeirlərin böyük qisminin müraciət,
mükalimə, bədii sual və nidalar tərzində
yazılması təsvir olunan
hadisələrin dərin dramatizmini, fəciliyini adekvat ifadə
etmək məqsədi daşımışdır. Aşağıda ədəbiyyat tariximizdə
mühüm yer tutmalarına şəkk-şübhə
olmayan bir neçə şairimizin Kərbəla müsibətinə
həsr etdikləri parlaq mərsiyələrdən örnəklər
veririk. Nəzər salaq və həm də bir məsələni
özümüz üçün aydınlaşdıraq:
hansı yaxşı idi- əza məclislərində
böyük şairlərin bədii dəyər
daşıyan belə əsərlərinin oxunması, kütləvi
şeir zövqünün daha da zənginləşməsi,
yoxsa analoqu olmayan nəhəng bir auditoriyanın bugünkü
kimi istedadsız şairlərin ixtiyarına buraxılması?
Məhəmməd
Füzulidən:
Tədbiri-qətli-Ali-Əba
qıldun, ey fələk,
Fikri-qələt, xəyali-xəta qıldun, ey fələk.
Bərqi-səhabi-hadisədən
tiğlər çəkub
Bir-bir həvaleyi-şühəda qıldun, ey fələk.
Abbasqulu
ağa Bakıxanovdan:
Kərbəla,
saxlagilən nəşi-Əliəkbərimi
Verirəm
çünki əmanət sənə gülpeykərimi (...)
Necə bəs
qaninə qəltan görüm qamətini
Görmədim
hiclədə, səd heyf, qəmər tələtini,
Salmadım
qaməti-rənasına toy xələtini
Aldılar
çünki əlimdən bu vəfapərvərimi...
Qasım
bəy Zakirdən:
Bu nə
mahdır ki, həddən keçib iztirabi-Zeynəb
Fələk üzrə mehrü mahi eləyib kəbab
Zeynəb.
Dedim əndəlibi-zarə
ki, nə ah-zardır bu?
Dedi: -Bu fəğanə
bais ələmi-cənab Zeynəb.
Gülü-sünbülü
çəməndə bu gün əşkbar gördüm,
Buları
edib pərişan yəqin inqilabi-Zeynəb (...)
Hamı
dustunun günahın
sən
özün bağışla, yarəb,
Bədəli-qəmini-gülsüm beruxi-pürab Zeynəb.
Dəxi
Zakiri hesab et səgi-kuyi-Kərbəladən,
Behəqi-fəğani-Zəhra, behəqi-əzabi-Zeynəb.
Xurşid
Banu Natəvandan:
Söylə
Hüseynə, ey səba,
Kərbübəlayə gəlməsün,
Gəlsə,
düşər bu dəştidə
dərdü-bəlayə,
gəlməsün.
Söyləginən
gətirməsün Kufəyə nazlı Əkbəri,
Zülm
ilə qanına batar türreyi-müşki-ənbəri
Bəlkə
Firənkətək apar cümleyi-ali-heydəri
Zibhi-əzim
üçün bu gün
kuhi-Minayə
gəlməsün.
Mirzə Ələkbər
Sabirdən:
Baxdı
çün Əkbərinin nizədə Leyla üzünə
Gördü zülfü tökülüb, çün
şəbi-leyla üzünə.
Gəldi
şurə, dedi: -Ey şəmi-şəbistanım oğul,
Yetmədin
kami-muradə məhi-tabanım oğul,
Həşrədək
dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya
üzünə.
Əliağa
Vahiddən:
Ver xəbər,
badi-səba, Yəqubə, sonra Hacərə,
Ağlama
İsmailə, ya Yusifü-mahpeykərə,
Ölmək
üçün zinət eylər Leyli oğlu Əkbərə
Bir
baxın eşqü-Hüseynə, Əkbərü
Leylasına...
Nəhayət, türk-İslam ədəbiyyatında mərsiyə
şeirinin yalnız Kərbəla müsibəti ilə, məhərrəmlik
təziyələri ilə bağlı
yazılmadığını və müstəsna olaraq dini səciyyə
daşımadığını da unutmaq olmaz. Mərsiyələrin,
belə demək mümkünsə, dünyəvi qolu müsəlman
xalqlarının İslamaqədərki folklorundan, sinkretik
xarakterli dəfn mərasimlərindən,
ağıçılıq ənənələrindən gəlir.
Tədqiqatçılar bu tipli mərsiyələrin qədim
nümunələrinə Dəvdəkin təxminən VII əsrdə
böyük alban hökmdarı və sərkərdəsi
Cavanşir Mehraninin ölümünə yazdığı
ağını (İ.Həbibbəylinin təbirincə,
"qəsidə"ni), ərəb şairi əl-Xansının qitələrini
və s. misal gətirirlər. N.Gəncəvinin Xaqaninin
ölümünə yanıqlı misralar həsr etdiyi məlumdur:
"Hey deyirdim ki, mənə mərsiyə Xaqani yazar Heyf,
Xaqaniyə mən mərsiyə yazdım axır". Abdulla
Kabili (XVII əsr) tərəfindən tərtib edilmiş
"Təzkirət-ət-təvarix"də (şərqşünas
Əkrəm Bağırovun fikrincə, bu təzkirə Orta əsrlərin
görkəmli tarixçisi Seyyid Raqeminin maddeyi-tarixlər
toplusu olan "Tarixi-raqemi" kitabına əlavələr
kimi qələmə alınmışdır) Xaqaninin şeyx
Hafiz Əbu Əli əl-Ətar Həmədaniyə mərsiyəsindən
altı beyti də daxil edilmişdir.
Osmanlı tarixinin bir çox faciəvi hadisələri
də mərsiyələrdə əks olunub. XV əsrdə Cem
sultanın qardaşı II Bəyazidlə hakimiyyət
davası əsnasında İstanbulda qalmış
oğlu Oğuz cəlladlar əlində boğulub
öldürülmüşdü. Bu xəbəri eşidincə
dəhşətli sarsıntı keçirən sultan taleyindən
sonsuz giley və şikayət ruhunda yazdığı 33
beytlik mərsiyəsində fələyə üsyan
etmiş, qürbət ellərdə çəkdiyi zülmlərin
ağrı-acısını dilə gətirmişdir:
"İşidenden şah Oğuz xanın şəhid
olduğunu Derd ile oldu Frengistanda Cem məcnun, felek. Canımı yakdınu yıkdun ömrümün
divarını Bidi-eyvanun yıxılsın aşağa
geçsin, felek". XVI əsrin tanınmış
türk şairlərindən Taşlıcalı Yəhya bəyin
şahzadə Mustafanın qətlinə yazdığı mərsiyə
şairin öz iradəsinin əleyhinə olsa da (Rüstəm
paşanın fitnəsi ilə oğlu Mustafaya qəsd
etmiş Qanuni Süleymandan qorxduğu üçün Yəhya
bəy, rəvayətə görə, mərsiyəsini
divanına daxil etməmiş, özü öləndən
sonra oxunacağı ümidi ilə gizlətmiş, lakin
başqa bir şəxsin əlinə keçən şeir
dildən-dilə düşmüşdür) xalq arasında məşhurlaşmış
və bir çox nəzirələr üçün zəmin
olmuşdur. Doğrudan da, böyük sədaqət və
ürək yanğısı ilə, eyni zamanda üsyankar bir
ruhda yazılmış çox səmimi bir şeirdir:
Medet,
medet, bu cihanun yıkıldı bir yanı
Ecel celalileri aldı Mustafa hanı.
Vebalde
koydular al ile Ali-Osmanı
Geçerler
idi geçende o merdi meydanı
Felek o
canibe döndürdü şahi-devranı
Yalançının
kuru böhtanı, büğzi punhanı
Akıttı
yaşımızı yakdı nari hicranı...
Əli Yavuz Akpınar Kazan-tatar ədəbiyyatı
klassiklərindən Qabdrəhim Utız (Əbdürrəhim
Otuz) İməninin 1789-cu ildə həyat yoldaşı Həmidə
xanımın ölümünə yazdığı iki
şeiri misal gətirərək, diqqəti bunların tatar
şeirində sadə insana və qadına həsr olunmuş
ilk mərsiyələr olduğuna yönəldir. R.Əskər türkmən
şairi Miskin Qılıcın tarixi mövzuda "Batır Nəpəs"
adlı mərsiyə-dastan yazdığını, N. Məmmədov
isə M.F.Axundovun məşhur "Puşkinin
ölümünə Şərq poeması"nın
ənənəvi "müsibətnamə"lərə
(dünyəvi mövzulu mərsiyələrə-N.M.)
yaxın bir əsər olduğunu vurğulamışdır. Ə.H.Tanpınar Ə.Hamidin doğulduğu illərdə,
yəni, XIX əsrin 50-ci illərində "...mərsiyənin
tarixi mənzumələrdən sonra yavaş-yavaş ön
plana keçdiyini" qeyd edir. Göründüyü
kimi, mərsiyə bu əsrin sonlarına qədər
bütövlükdə türk-İslam poeziyasının
işlək tematik şəkillərindən biri kimi dəqiq
və aydın şəkildə izlənilir.
davamı gələn sayımızda
Nizaməddin Mustafa
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.22.