Fani və əbədi həyat
"Milad" hekayəsi üzərinə
bir yorum...
"Milad" hekayəsinin
süjeti sadədir. Əsərin
baş qəhrəmanına bədbəxtlik üz verib: o,
oğlunu dəfn edir, Peterburqdan "ən ağır, sanki
bütün ömrünü doldurduğu tabutu kəndə"
gətirir. Gecəni "xırda və cəfəng
yuxularla" keçirən Slepsov səhər tezdən
körpücüyə gedir və yayda oğlunun burada "əlindəki
torla ustalıqla qolaylanıb məhəccərin üstünə
qonmuş kəpənəyi" tutduğunu xatırlayır.
Oğlunun qəbrini ziyarət etdikdən sonra, onun
otağına gedib, əşyalarını toplayır. Sonra
fligeldə onun gündəliyini oxuyarkən, keçən yay
oğlunu nəyin həyəcanlandırdığını
öyrənir. Slepsov oğlunun naməlum və nakam
sevgisinın ağrısı qarşısında tab gətirə
bilmir və "elə bu gün" həyatı tərk etməyə
qərar verir. Bir anlıq ona elə gəlir ki, "hər
şey sonacan aydındır, dünyadakı dəhşətli
və kədərli, alçaldıcı dərəcədə
məqsədsiz, qısır, möcüzələrdən məhrum
həyat tamamilə çılpaqlaşıb..."
V. Nabokovun "Milad" hekayəsi ilə
tanış olduq. Hekayəyə və onun
tərcüməsinə münasibətlər müxtəlif ola bilər. Hətta artıq bəzi
reaksiyalar gəlməkdədir. Məsələn, bir
oxucu mənə onun çox maraqlı, digəri
"cansıxıcı" olduğunu yazıb. Gəlin baxaq
görək, həqiqətən belədirmi?
Əvvəlcə
söz vardı... Aleksandr Soljenitsın "İncil"in bu
ilk cümləsini rus nəsrinin sonuncu klassiki,
gümüş əsrin övladı Vladimir Nabokov
yaradıcılığı haqqında danışarkən,
bir daha təkrarlayıb: "Bu yazıçı
gözqamaşdırıcı istedada malikdir, biz buna dahilik də
deyirik. O, dillə (dünyanın iki zəngin dililə)
mükəmməl şəkildə oynayaraq, parlaq kompozisiyalar
yaratmış, incə psixoloji müşahidələrin zirvəsinə
yüksəlmişdi. O, tamamilə özünəməxsusdur,
həqiqi parlaqlığı və istedadının təkrarsızlığı
ilə ilk baxışdan nəzəri cəlb edir".
"Milad"
hekayəsini oxuyarkən mənim də canım
sıxıldı, məyus oldum, ancaq dayana bilmədim... Müəllif əsərlərini "sənətdən
anlayanlar üçün" yazdığını
yazırdı. Onun hekayələrinin poetik xüsusiyyəti
də bundan qaynaqlanır:
- finalın aydınlığı;
- detallara diqqət;
- hekayənin ovqatın çalarlarına
köklənməsi;
- insan qəlbinin daxili bütövlüyü.
Bunların hamısını "Milad" hekayəsində
də görürük.
Nabokovun yaradıcılığı zəmanəmizə
uyğundur, çünki son dərəcə fərdiyyətçidir. 20-ci
yüzilin ikinci yarısından sonra rus və dünya ədəbiyyatındakı
üslubi proseslərə təsirinə gəldikdə isə,
Nabokov ən estetik sənətkarlardandır.
Bəzi tənqidçilər Nabokovun ilk hekayələrini
"sınaq" mətnləri adlandırır, onları
istedadlı, fəqət məzmunsuz, parlaq, ancaq məqsədsiz
hesab edirdilər.
Nabokov
özü son müsahibələrindən birində deyirdi:
"İnanıram ki, vaxt gələcək məni yenidən
dəyərləndirən tapılacaq və yelbeyin simurq
quşu deyil, ciddi moralist olduğumu bəyan edəcək..."
Yazıçının
sözdən anlayan hər kəs üçün həzz mənbəyi
olan son dərəcə zəngin üslubunun əsas cəhətləri
bunlardır:
- leksik zənginlik;
- mətnin mənaca bütövlüyü;
- oxucunun da cəlb olunduğu söz oyunu;
- simvolizm;
- yazıçının yüksək "rəng
duyğusuna" malik olması.
Nabokovun bədii dünyasının əsas özəlliyi
çoxqatlılıq və çoxrənglilik olduğundan,
onun əsərlərini təhlil etmək o qədər də
asan deyil.
Əsərin yozumunda onun adı açar rolunu oynaya bilər. Başlıq əsas
mətndən ayrıldığına görə, istənilən
əsərdə güclü mövqeyə malik olmaqla
yanaşı, onun ideyası, emosional yükü və kompozisiyası
ilə sıx bağlıdır. "Milad"
hekayəsi öz semantik mürəkkəbliyi ilə
seçilir. Hekayədəki hadisə
xristianların əsas bayramlarından olan və İsa Məsihin
doğumu münasibətilə əsas etibarilə dekabrın
25-də qeyd olunan Milad bayramı ərəfəsində cərəyan
edir. Xristianlara bu ənənə İsaya
qədər mövcud olan çoxallahlıq dönəmindəki
tanrıların ölmə və dirilmə kultundan
keçmişdir. O zamanlar tanrıların
"doğuluşu" qış Gün
Dönümü (Günəşin göy ekvatorunun ən uzaq
ekliptika nöqtəsindən keçməsi vaxtı; bu hadisə
ildə iki dəfə olur: yayda iyunun 22-də və
qışda dekabrın 22-də) dövründə bayram
edilirdi. Slepsovun nökəri İvan da fligelə
şam ağacı gətirərək bu bayrama
hazırlaşır. Nabokovun hekayəsi ilə
İsa Məsih haqqında əfsanə arasında paralellik
olduğuna şübhə yoxdur və bir neçə saatdan
sonra fligeldə həqiqətən yeni həyat doğulur,
dünyaya çox gözəl bir kəpənək - hind ipəkqurdu
gəlir. İstəyirik, Slepsovun ruhunun yenidən
doğulacağına da inanaq, çünki hekayənin sonunda
buna sirli bir eyham da var: "Onun geniş açılaraq kənarları
burulmuş, dörd mika qaşlı tünd məxməri qanadları, demək olar ki,
insan səadəti kimi incə, fərəhli bir həyəcanla
ah çəkdilər".
"Milad" hekayəsinin süjeti sadədir. Əsərin baş qəhrəmanına
bədbəxtlik üz verib: o, oğlunu dəfn edir, Peterburqdan
"ən ağır, sanki bütün ömrünü
doldurduğu tabutu kəndə" gətirir. Gecəni
"xırda və cəfəng yuxularla" keçirən
Slepsov səhər tezdən körpücüyə gedir və
yayda oğlunun burada "əlindəki torla ustalıqla
qolaylanıb məhəccərin üstünə qonmuş kəpənəyi"
tutduğunu xatırlayır.
Oğlunun qəbrini ziyarət etdikdən
sonra, onun otağına gedib, əşyalarını
toplayır. Sonra fligeldə onun gündəliyini
oxuyarkən, keçən yay oğlunu nəyin həyəcanlandırdığını
öyrənir. Slepsov oğlunun naməlum və nakam
sevgisinın ağrısı qarşısında tab gətirə
bilmir və "elə bu gün" həyatı tərk etməyə
qərar verir. Bir anlıq ona elə gəlir ki, "hər
şey sonacan aydındır, dünyadakı dəhşətli
və kədərli, alçaldıcı dərəcədə
məqsədsiz, qısır, möcüzələrdən məhrum
həyat tamamilə çılpaqlaşıb..."
Bütün süjet bundan ibarətdir, ancaq onu təkrar
danışarkən əsas şey, oxuduğumuz zaman
aldığımız estetik zövq, keçirdiyimiz
acıma, mərhəmət, şəfqət duyğusu yaddan
çıxır. İstəyirik, hekayəni bir də oxuyaq
və bu zaman əlimizə təsadüfən Cek Tresidderin
"Simvollar lüğəti" keçir. Başlayırıq Nabokovun mətnini maraqlı tərzdə
yorumlamağa. Ancaq əvvəlcə gəlin
simvolun özü haqda bir neçə kəlmə deyək. "Simvol" yunanca
"şərti işarə", "rəmz" deməkdir
və hər zaman məcazi məna ifadə edir. Ona "məcaz" da deyirik. Simvollarda
həmişə gizli müqayisə, məişət hadisələri,
tarixi hadisələr, dinlərlə müəyyən əlaqə
olur. Məsələn, xaç
İsanın çarmıxa çəkilməsinin simvoludur.
Bir çox simvollar psixologiyanın predmeti olaraq, insan
şüurunun və alt-şüurunun dərinliklərini əks
etdirirlər.
Simvolla ifadə olunmuş emosional
çalarlı sadə ideyalar yeni güc qazanırlar. İnsanlar arasındakı ideya, hətta mədəniyyət
mübadiləsində simvollar sözlərdən qabaq gəlir.
İnsanlar hamının qəbul etdiyi həyati
simvollar sayəsində bir-birlərinə
uyğunlaşır, harmoniya yaradırlar. Digər tərəfdən,
simvollar sərbəst şəkildə təxəyyül məhsulu
da ola bilirlər.
Məsələn, "kəpənək"
sözünü faniliyin, yüngüllüyün simvolu kimi qəbul
etmək olar.
Bəlkə də, bu yorum ata ilə oğul arasındakı
münasibətin xarakterini anlamağa kömək edə bilər:
onların arasında zahirən çox mehriban münasibət
olmuşsa da, duyğulardan tam xəbərsizlik olub. Slepsova üz verən itkinin
ağırlığı, acısı da məhz bundadır və
bu səbəbdən də yaşamaq ona mümkünsüz
görünür.
Digər
söz-simvollar da maraqlıdır: körpü dirilərlə
ölülər aləmi arasında çətin keçidin
metaforası, həm də yaddaş simvoludur. Oğlanın
zahiri təsvirinin məhz körpünün üzərində
verilməsi təsadüfi deyil, o, atasının
yaddaşında məhz belə qalmışdı:
"Günəşdən bozarmış həsir
şlyapasının əyilmiş kənarı
altındakı çöhrəsində təkrarsız təbəssüm
oynayır, əli zəncirə və enli kəmərinə bənd
edilmiş çantaya toxunur, qəşəng, şumal, qəhvəyi
ayaqları qısa sarja şalvarda, islanmış səndəllərdə
şən-şən dayanmışdılar".
Nabokovun bir cümlədə çoxlu mətləblərə
toxunması qabiliyyəti heyrətamizdir. Aşağıdakı
cümlə informativ baxımdan hekayənin, bəlkə də,
ən zəngin cümləsidir: "O lap yaxında Peterburqda
məktəb, velosiped, hansısa hind kəpənəyi
haqqında şən-şən, böyük həvəslə
sayıqlayaraq öldü və dünən Slepsov ən
ağır, sanki bütün ömrünü doldurduğu
tabutu kəndə, kilsənin yanındakı balaca ağ
daş sərdabəyə gətirdi".
"Tabut" sözünə diqqət yetirək. "Simvolların
lüğətində" tabut dirilməyə olan ümidi
simvolizə edən qoruyucu qutu kimi mənalandırılıb.
Slepsovun oğlunun sərdabədə dəfn
olunması da təsadüfi deyil.
Yolka - dirilişi, köhnənin getməsini, yeninin
doğulmasını simvolizə edir.
Şam - xristian ənənələrinin mühüm
simvollarından biridir. O, eyni zaman öz qısaömürlülüyü ilə
tənha və titrək qəlbi simvolizə edir.
Tüstü - duaların və mömin ruhların
göylərə yüksəlməsinin, həmçinin həyatın
faniliyinin simvoludur.
Güzgü - pozitiv simvolikaya malikdir, çünki ta qədimdən
işıqla assosiasiya olunub, xüsusilə də, Günəş
və Ayı xatırladan dəyirmi formalı güzgülərin
ilahi nuru əks etdirdiyinə inanılırdı. Şər
ruhların güzgünü sevməməsi, pis adamların
qaranlıq ruhlar kimi, güzgüdən qorxması inancı da
buradandır. "Milad" hekayəsində
güzgüdə bir anlıq nökər İvanın əksi
görünür, qəhrəmanların
xarakteristikasının birbaşa verilmədiyi əsərdə
bu, yaxşı əlamət simvolu ola bilər.
İvan bayramı, təbii ki, ənənəyə
uyaraq xatırlayır, öz aləmində, öz dərdləri
ilə olsa da, yolka bəzəməyi unutmur. Slepsov isə,
şam ağacının qonaq otağında peyda
olmasını başa düşmür. Müəllif
bizə "işarələr" verir: bu zaman Slepsovun əlində
taxta yeşik var, ağac isə, müdafiə rəmzi, həyat
gücüdür, ağaca toxunmaq insana sirli güc bəxş
edir.
Burada fil də güc, bəsirət,
uzunömürlülük, çiçəklənmə,
xoşbəxtlik simvoludur. Slepsov sevən bir ata kimi, oğluna
bunları arzulayırdı, çünki oğlunun çəkdiyi
filə baxması onu "dəhşətli quru
hönkürtülər" ilə ağlamağa sövq
edir və o, həyatına son qoymağa qərar verir.
Beləliklə, sadə və asan yaddaqalan çoxmənalı
simvollardan istifadə edən yazıçı özünəməxsus,
çoxqatlı bir mətn yaradaraq, oxucuya insan həyatı və
təbiəti haqqında önəmli mesajlar
ötürür.
Nabokov poetikasında Qoqol, Bulqakov kimi sənətkarlara
xas təsviri sənətə, rəngkarlığa
böyük önəm verilir. Nabokov sanki yazmır, rəsm
çəkir. Onun təbiət mənzərələri,
məişət təsvirləri gerçəkliyin canlı rəngləri
ilə nəfəs alır.
Hekayədən
Milad ərəfəsi səhəri təsvir edən hissəyə
nəzər salaq:
"...Slepsov
soyuq eyvana çıxanda, döşəmə
ayağının altında şən-şən
şaqqıldadı, ağardılmış skamyaya rəngli
şüşələrin əksi, əlvan ulduzcuqlar
düşdü. Qapı dərhal tabe olmadı,
sonra şirin-şirin çartıldadı və
şaxtanın parıltısı üzünə vurdu.
Artırmanın pillələrinə elə bil qum
kimi, sarı darçın kimi narın buz səpilmişdi,
damın çıxıntısından isə, ucuşiş,
yoğun, yaşılımtıl göyə çalan buz
lülələri sallanmışdı. Fligelin ətrafına
yığılan qar topalarının hündürlüyü
pəncərələrə çatmış, şaxta
ağac tikilini donduraraq öz buz məngənəsində
möhkəm sıxmışdı. Artırmanın
qarşısındakı hamar qarda ləklərin ağ
günbəzləri azacıq qabarmışdı, bir az irəlidə
hər bir qara budağın gümüşə tutulduğu,
şamların öz yaşıl pəncələrini
tüklü və parlaq yükün altında
yığdığı hündür park
ağarırdı."
Biz istər-istəməz Slepsovun olduğu parkı təsəvvür
edirik, onun dünyası yıxılıb, ancaq təbiətdə
heç nə dəyişməyib, o əvvəlki tək əzəmətli
və əbədidir. Oğlanın ölümü onun
halını belə pozmayıb. Yalnız sətirlərin
arasında Slepsov üçün ağır olan gecənin
(ölüm simvolunun) ümid gətirən səhərlə əvəzləndiyini
oxuyuruq. Torpağı başdan-başa
örtmüş qar isə soyuğun, soyuq duyğunun,
yadırğamanın rəmzidir.
Mətndəki rəng bildirən sözlərə diqqət
etsək, onların arasında açıq çalarların
üstünlük təşkil etdiyini görərik. Ən çox ağ və qara sifətlərindən istifadə
olunub.
Ağ rəng təmizliyin, həqiqətin, məsumluğun
və ilahiliyin simvoludur. Ağ rəng "qara-ağ"
antitezasının pozitiv tərəfidir. Qara
rəngin semantikası da birmənalı deyil. O, təkcə
bədbəxtliyi, bəlanı deyil, həm də ədaləti
ifadə edir. Burada Bulqakovun qara mantiyalı
Volandasını heç cür xatırlamamaq olmur, o "daim
şər axtarsa da, həmişə xeyir əməllər
edir".
Hekayədə
bitki, bahar, gənclik simvolu olan yaşıl; təvazökarlıq,
tənhalıq, yoxsulluq rəmzi olan qəhvəyi; günəş
qızıl, xoşbəxtlik, bolluq, eyni zamanda, solğunluq,
ölüm simvolu olan sarı; səma,
əbədiyyət, həqiqət, inam, müdriklik, saflıq
simvolu olan göy; tənhalıq, sakitlik, melanxoliya, biganəlik,
matəm, kül, torpaq rəmzi olan boz rənglərdən,
onların çalarlarından (göyümtül,
yaşılımtıl göyə çalan, tünd göy,
tünd toz rəngi, tünd məxməri,
gümüşü mavi, göy üzü kimi mavi)
ustalıqla istifadə olunub və əsər gözlərimiz
qarşısında bir növ danışan rəsm tablosu kimi
canlanır. Mətni oxuyarkən təsvirlərə diqqət
etməmək mümkün deyil:
"Boz qırov qalağına çevrilmiş
ağaclar öz qara kölgələrini adda-budda
gümüşü qığılcım saçan qar təpəciklərinə
salmışdılar".
"... kilsə xaçı qara batmış
komaların ağ banları üzərindən,
ağacların xəfif gümüşü dumanı
arxasından korun-korun
baxırdı".
Rənglər dünyası, boyalar palitrası, rənglərin
müxtəlif şəkildə yorumlanması və mənalandırılması
müəllifin dünyaduyumundan, dünyanı dərkindən,
çeşidli mənəvi assosiasiyaların təzahüründən
xəbər verir. Bu yerdə "rənglər silsiləsindən"
gözəl əsərlər yaradan Rəsul Rzanı anmamaq
mümkün deyil. Onun "Uvertüra" şeiri burada
tam yerinə düşür:
"Ağ,
qara, sarı, yaşıl, qırmızı;
hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi
xatırladır,
biri dərdımizi,
biri arzumuzu.
Hərəsində
bir məna arayıb,
bir səbəb
görən var.
Kim bilir, kim sınamış,
kim bunu
ilk dəfə demiş.
Qara - matəm,
qırmızı - bayram,
sarı
nifrət rəmzi imiş... "
Nabokov öz poetikasında işığa da
böyük məna qazandırır. "Milad" hekayəsində rəng
və işıq bir-birindən ayrılmazdır: "Kəpənəklərin
şüşənin altındakı düzgün cərgələri
çırağın tutqun işığında ipək
parçaya bənzəyirdilər".
"Milad" hekayəsinin özünəməxsus və
təkrarsız mətni haqqında çox danışmaq
olar. Burada hər bir söz müxtəlif assosiasiyalar
doğurur. Hekayə bizi həqiqi dəyərlər,
həyatın faniliyi, dünyanın əbədiliyi
haqqında düşüncələrə qərq edir.
Nadir Qocabəyli
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.- S.30.