Bütün yolların
başlanğıcı - təhsil
Həmişə deyirik ki, uşaqlar
xalqımızın milli-mənəvi dəyərlərinə
hörmət ruhunda tərbiyə olunmalıdır.
Sözsüz! Amma bu milli-mənəvi dəyərlərin nədən
ibarət olduğunu özümüz düzgünmü
anlayırıq?.. Hamlet demişkən, bax
budur məsələ! ... Bizdə ailə dəyərləri
həmişə mükəmməl sayılıb. Amma bu yaxınlarda 8-ci sinif şagirdlərindən
birinin kitabındakı mətn bu haqda fikirlərimi alt-üst
etdi, demək olar. Əcəba, əgər
mənim bu yaşımda kiçik bir mətnlə fikirlərim
qarışırsa, hələ formalaşmaqda olan gənc nəslin
ideologiyası nə vəziyyətdə olar?! Çox təfərrüata varmadan məni heyrətləndirən
mətni diqqətinizə çatdırım.
Təhsil,
dəbdə olan ifadə ilə desək, prioritet sahələrdəndir.
Odur ki, bu sahədəki problemlərdən,
çatışmazlıqlardan və görmək istədiklərimizdən
nə qədər çox danışsaq, yenə azdır.
Bir dəfə də yazmışdım bu barədə,
"Ulduz" jurnalında gedən "Təhsil. Yolumuz burdan keçir" başlıqlı
yazımda (İndi diqqət edirəm ki, fikrimi bu dəfə
daha dəqiq ifadə etmişəm, çünki yolumuz təhsildən
keçmir, məhz burdan başlayır). Bilmirəm, o
yazını neçə nəfər oxuyub, hər halda
düşündüklərini kağıza
köçürmək də bir işdi. Bir də ki, bu,
gül-bülbül sevdası deyil axı, millətin
bugünü, gələcəyidir. Elə bu səbəbdən
də yenə rastıma çıxan mənfilikləri
sıralamaq qərarına gəldim.
Mənəvi dəyərləri
düzgünmü anlayırıq?
Həmişə deyirik ki, uşaqlar xalqımızın
milli-mənəvi dəyərlərinə hörmət ruhunda
tərbiyə olunmalıdır. Sözsüz! Amma bu milli-mənəvi
dəyərlərin nədən ibarət olduğunu
özümüz düzgünmü anlayırıq?..
Hamlet
demişkən, bax budur məsələ!
... Bizdə ailə dəyərləri həmişə
mükəmməl sayılıb. Amma bu
yaxınlarda 8-ci sinif şagirdlərindən birinin
kitabındakı mətn bu haqda fikirlərimi alt-üst etdi,
demək olar. Əcəba, əgər mənim
bu yaşımda kiçik bir mətnlə fikirlərim
qarışırsa, hələ formalaşmaqda olan gənc nəslin
ideologiyası nə vəziyyətdə olar?! Çox təfərrüata varmadan məni heyrətləndirən
mətni diqqətinizə çatdırım.
... Bir kişi həmişə mağazadan
üç çörək alırmış. Satıcı
ondan niyə üç çörək
aldığını soruşanda kişi
belə cavab verir: "Birini borc verirəm, biriylə borcumu
qaytarıram, o birini də özüm yeyirəm".
Məzmun budur. Məna isə görün nəymiş: Birini borcuma
verirəm, o deməkdir ki, məni saxlayan ata-anama verdikləri
çörəyi qaytarıram.
Birini özüm yeyirəm, bu, aydın. Birini isə
borc verirəm, o deməkdir ki, övladıma bu çörəyi
borc verirəm. Yəni gələcəkdə, mən
qocalanda çörəyi qaytarsın...
Məncə, şərhə ehtiyac yoxdur. Sadəcə, Həzrət Əlinin
bir kəlamını xatırladım: "Minnətlə edilən,
əvəzi gözlənilən yaxşılığın
günahı savabından çoxdur".
Müxtəlif
düşüncəli adamların borc duyğusu ilə sevgi
hissini səhv saldığının dəfələrlə şahidi olmuşam. Dərslikdə
isə birinci dəfə görürdüm...
Onda heyvanları yemləməyi niyə tövsiyə
edirik balacalara?
Blokda boynunu büküb duran zavallı pişik balası ona
verilən tikənin əvəzini qaytarmayacaq axı?..
Biz insan yetişdiririk,
yoxsa vunderkind?
Gah Şərqə, gah da Qərbə baxıb
çaş-baş qalan biçarə balalar. Valideynlər də, təhsil
işçiləri də onlardan birmənalı olaraq
vunderkind olmağı tələb edir, nə yazıq...
3-cü
sinif şagirdi Aytacın test kitabından:
Cümlələrdən birində söz birləşməsinin
növü digərlərindən fərqlidir?
A)
Güclü yağış yağır.
B)
Köynəyin düyməsi düşmüşdü.
C) Vətəni
qorumaq borcumuzdur.
D)
Dağın zirvəsi qarla örtülmüşdü.
Söz birləşmələri, ismi və feli birləşmələr
haqda nə qədər danışdımsa, Aytac heç nə
başa düşmədi. Gözlərini
döyüb günahkar-günahkar baxdı. Bilmirəm nəyə
görə, amma mən də günahkar hiss etdim
özümü...
Başqa testdə xəbəri söz birləşməsi
ilə ifadə olunan cümləni tapmaq tələb olunurdu. Dinməz-söyləməz
D bəndini işarələyib uşağa verdim. Bu testlərin "əlində qalan" şagird
repetitora müraciət etməsin, nə etsin? Bəzən "bizim vaxtımızda repetitor-zad yox
idi" deyənlər də tapılır. Onlar, yaxşı olar, bu dərslikləri vərəqləsin
arada.
Aytacın yaşıdları
başqa ölkələrdə
Bəs başqa ölkələrdə necə oxuyur
Aytacın yaşıdları? Maraqlıdır.
Görəsən, onlar da 8-ci sinif proqramına
uyğun təyini söz birləşmələrini, yaxud feli
birləşmələri öyrənirmi?
Əsla! Bu günlərdə Finlandiyadakı təhsil
haqqında oxudum. Daha doğrusu, təhsildəki
islahatlar haqda. Əsas və ən vacib islahatlardan biri:
ibtidai siniflərin dərs yükünü maksimum
azaltmış, ev
tapşırığı məsələsini isə ləğv
etmişlər. Evə fiziki aktivlik tələb edən tapşırıqlar verilir
uşaqlara. Məsələn, ağaca
dırmaşmaq (!) Bəli, Finlandiyada təhsil
işçiləri məhz sağlam, xoşbəxt,
ümumiyyətlə, normal insan yetişdirmək haqda
düşünür.
Yaponiyada isə uşaqlar 10 yaşa qədər
ağır fənlər keçmir və heç bir imtahan
vermirlər. Çünki bu dövr uşaqların ən həssas
dövrüdür və onlar öz uşaqlıqlarını
yaşamalıdırlar. 10 yaşa qədər
dərslər ancaq xeyirxah bir insan olmaq, faydalı işlər
görmək, vətəninə, millətinə
bağlılıq istiqamətində olur.
Bizdə
isə 1-ci sinif şagirdi Fatimədən məcaz soruşulur,
məcaz da nə məcaz: "Nanənin gəlinciyimdə
gözü qalmışdı". Feilin məcazi mənada
olması bir yana, cümlənin məna
yükünə baxın...
Yaxud belə
bir test tapşırığı:
Hansı cümləni dərzilər söyləyə
bilər?
A)
Yaxanı qaldırdım ki, soyuq olmasın
(Yaxalığını demək istəyib).
B)
Yaxanı düymələ - səliqəli görün.
C)
Yaxasına da qəşəng buta işləyəcəyəm.
Labirintlər içrə
...Dövlət
İmtahan Mərkəzinin 9-cu siniflər üçün tərtib
etdiyi yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə
tapşırıqlarını vərəqləyirəm.
İbtidai
siniflərdə yaşından, başından böyük
tapşırıqlarla üzləşib çaş qalan
balalarımız sanki 9-cu sinifdə təzədən
uşaqlaşır...
"İbrət"adlı
bir mətndə ilk cümlə belədir: "Səksən
yaşlarında qoca bir ata ilə qırx yaşlı oğlu
salonda oturmuşdular". Sonda verilən suallara
diqqət edin.
Mətnə
əsasən doğru fikirdir:
1.
Atanın yaşı oğlunun yaşından iki dəfə
çoxdur.
2.
Oğlu subaydır.
3.
Qarğa ilə bağlı dəftərdə yazılan hadisə
otuz yeddi il əvvəl olub.
4. Mənzil
ən azı iki otaqdan ibarətdir.
5. Ata ilə
oğul çox nadir hallarda görüşürlər.
A) 1,3,4 B) 3, 4,
5 C) 1, 2, 3 D) 2,5
E) 2,4
Başqa
test tapşırığında mətn əsasında
cavablandırılması mümkün olmayan sualı müəyyən
etmək tələb olunur. Məsələn, bəndin
birində soruşulur ki, oğul harada yaşayır? Başqa bir bənddə ailə üzvlərinin
sayı soruşulur. Təbii ki, şagird mətndə
cavabı olmayan sualları müəyyən edəcək.
Mənsə istər-istəməz
düşünürəm, görəsən, bütün
bunların Azərbaycan dilinə nə dəxli?
İnsafən, kitabda maraqlı suallar da çoxdur. Məsələn,
söz birləşməsini cümlə daxilində həm
mübtəda, həm tamamlıq, həm zərflik, həm də
xəbər kimi işlətmək tapşırığı
çox maraqlıdır və bütün sintaksisi əhatə
edir, demək olar. Belə maraqlı suallar
kifayət qədərdir. Amma iş ondadır ki,
maraqlı suallara gəlib çatınca mətnlərlə əlaqəli
lüzumsuz testlər şagirdləri hədsiz dərəcədə
usandırır. Nümunə üçün "Mən
İranın hamısını yarısına dəyişmərəm"
adlı mətnə aid sualları nəzərdən
keçirək: Amerika yazıçısı Vilson Folletin " Hər gücsüzün bir gücü,
hər güclünün də bir gücsüz tərəfi
vardır" deyimindən
istifadə etməklə Dara və İsgəndərin hər
birinin hərəkətlərinə aid bir fikir yazın.
Xeyli düşünəndən sonra Daranın
imperiyanın bir hissəsini təklif etməsini zəif,
İsgəndəri qiymətləndirməsini güclü cəhət,
İsgəndərin də Daranın ailəsiylə ləyaqətli
davranmasını da onun güclü cəhəti kimi qiymətləndirdik. İsgəndərin
zəif cəhətini tapa bilmədik, təəssüf.
Elə bu
düşüncələrə itirdiyimiz vaxta da təəssüfləndik,
nə qədər test eləmək olardı bunun əvəzində...
Bir də istər-istəməz
düşünürsən ki, bu şagirdlər yalnız Azərbaycan
dili keçmir axı. Onlar cəbr və həndəsəyə,
kimyaya, fizikaya, ədəbiyyata, xarici dilə də vaxt
ayırmalıdır. Təkcə Darayla İsgəndərin
xarakterik xüsusiyyətlərini saf-çürük etməyə
bu qədər zehni əmək sərf edən məktəbli
o biri fənlərlə nə edəcək?.. Mətnə aid iki cədvəl
verilib. Qrafalara bölünmüş
birinci cədvəldə şagird tarixi hadisəni, məkanı
və surətləri qeyd etməlidir. İkinci
cədvəldə isə səbəb və nəticələri.
Məsələn, İsgəndərin Daraya
boyun əyməməsi səbəb qrafasındadırsa,
şagird nəticə qrafasına nəticə haqqında
yazmalıdır. İranın məğlub
olması səbəbdirsə, Daranın ailəsinin əsir
düşməsi nəticə olmalıdır və s.
Adam, həqiqətən, bu mətnin içində
başını itirir. Çətinliklə sualları
cavablandırandan sonra məşhur "Ac həriflər"
(rejissor Ramiz Həsənoğlu) tamaşasında Yaşar
Nurinin qəzet oxuyarkən dediyi söz yada düşür:
"Hə, nə olsun?"
Nəticə olaraq
Bəzən,
tutaq ki, İ.Şıxlının "Dəli
Kür" romanında Mələyin
yaylığının hara düşməsindən
tutmuş, diskirminant tənliklərə qədər öyrənməli
olan şagirdin (daha sonra abituriyentin) yaxşı insan
olacağına, bir az pafosla ifadə etsəm, cəmiyyətə
yararlı olacağına şübhə edirəm. Hələ
həyatla üz-üzə qalmamışdan bu qədər
dolaşıqlığın, labirintin içinə
düşən, bir növ təzyiqə, təsirə məruz
qalan yeniyetmə (daha sonra gənc), yəqin ,
ən yaxşı halda əsəbi, acıqlı, pis halda
qisasçı, qənimətçi olacaq.
Bəlkə, yaxa qurtaraq bu stereotiplərdən? Bəlkə, təhsillə
bağlı hər detala yeni gözlə, yeni baxışla
baxaq? Bir dərsliklərimizə, təhsil
sistemimizə, bir də dönüb balalarımıza baxaq?
Mən baxdım. Və yüzlərlə qeydimdən
yalnız bir neçəsini qələmə aldım. O
gün olsun, müsbət dəyişikliklərdən yazaq.
Hicran HÜSEYNOVA
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.28.