Yenə əvvəlkitək bəxtimə hakim...
Ulduzlu göylərin tale
qisməti... -
Hələ ilk gənclik çağlarından
türkdilli xalqlar arasında qazaxlara səbəbini heç özümün də bilmədiyim bir sevgi formalaşırdı.
Bəlkə qazax adının vərdişdən
gələn bir diləyatımlılığı vardı, ona görə, bilmirəm. Hər halda doğulub böyüdüyüm
Tovuzun qonşuluğunda
Qazax rayonunun olmasının da burada az payı
olmamışdır (Etiraf
edim ki, həyata çıxış
nöqtəsi aradığım
gənclik illərində
qazaxlılar tovuzlulardan
daha çox mənə dayaq olacaqlardı).
Həyatımın keşməkeşli dolaylarında
müxtəlif səbəblərlə
qazax türkləri ilə tanışacaqdım
və SSRİ-də yaşayan türk xalqları arasında Sovet rejiminə qarşı ilk
başqaldırı da
başqa bir məkanda yox, Qazaxıstanda olacaqdı. Moskvada Ali ədəbiyyat kurslarında oxuyanda şeir seminarlarında Qazaxıstandan gəlmiş
Mukaqali Makatayevlə birlikdə iştirak edəcəkdik. Mukaqalinin şeirlərinin seminarda müzakirəsi böyük
həyəcan və qızğın mübahisələrə
səbəb olacaqdı.
Seminar rəhbərimiz Aleksandr
Mejirov Mukaqalidən qeyri-adi istedad kimi danışacaqdı. Hələ sağlığında Qazax ədəbiyyatının klassiki
adlanan Mukaqali dərslərə davamlı
sərxoş gəldiyinə
görə altı aydan sonra kursdan
qovulacaq və məmləkətinə dönəcəkdi.
Az sonra da dünyasını dəyişdiyini eşidəcəkdik.
Amma davamlı içsə də, davranışlarında bəlkə
də böyük istedadından gələn
bir güvən vardı. Kursumuzda ayrı-ayrı bölgələrdən
gələn ondan çox türk əsilli tələbənin
içində türklüyünü
idrak edən yalnız iki dostum olacaqdı: Mukaqali Makatayev və qaraçaylı Mussa Batçayev!
Qazaxıstana sevgimin başqa
bir səbəbi də yəqin ötən əsrin səksəninci illərində
şeirlər kitabımın
rus dilini çıxsaq, ilk dəfə
"Jürək odı"
adıyla Almatıda çap edilməsi ola bilərdi.
Poeziya seminarlarımızda Oljas Süleymenov adı tez-tez səslənirdi, hətta bir dəfə Y.Yevtuşenko ilə seminar iştirakçılarının
görüşündə Oljasa görə mübahisə də etmişdim.
Oljasla Bakıda Sovet ədəbiyyatı günlərində yaxından
tanış olacaq və ondan "Ədəbiyyat və incəsənət" qəzeti
üçün "Özgələrinin
dağlarını alçaltmadan"
adlı müsahibə
də alacaqdım. Sonra tale bizi xoş bir təsadüflə
Moskvada qarşılaşdıracaqdı.
Oljas bəy o tanışlığın ilinə
yox, gününə qədər indi də xatırlayır. Bunu 80 illik yubileyi
ilə bağlı Ankarada Avrasya Yazarlar Birliyində keçirilən görüşdəki
çıxışında söyləyəcək və
qayım yaddaşı
ilə hamını, başda da məni
heyrətləndirəcəkdi: 13 fevral 1976. Bu o gün idi ki, O.Süleymenov
50 professorun önündə
başıqovğalı "Az i Ya" kitabındakı
tezisləri müdafiə
etmiş və bu müzakirələrdən
qalib ayrılmışdı.
O günün gecəsi
"Rossiya" otelində
sabaha qədər o qələbəni ikilikdə
qeyd edəcəkdik...Və dostluğumuz beləcə başlayacaqdı...
Məqsədim, əlbəttə, O.Süleymenov
haqqında xatirə yazmaq deyil, çünki
onun haqqında əvvəllər
də yazmışdım,
görünür, bundan
sonra da yazacağam. Bu yazımda Türk dünyasının
şəksiz böyük
oğlunu xatırlamağımın
əsas səbəbi onun tələbəsi Baxıtjan Kanapyanovdur.
Baxıtjanla (Parisdə fransız
dilində keçən
il çap olunan kitabında adı Jan Baxıt yazılmışdı. Fikrimcə,
bu addəyişimi Baxıtjana ana südü kimi halaldır) yaxından tanış olduqda, həqiqətən, canlara
dəyən oğlan olduğunu görəcəkdim.
B.Kanapyanovla hələ
Volqanın buz örtüyündən çıxmağa
macal tapmadığı
bu ilin mart ayında Nijni Novqorodda Maksim Qorkinin 150 illik yubileyində qarşılaşacaqdıq.
Doğrusunu deyim, dünyanın çeşitli
ölkələrindən gələn
70-dən çox şair,
yazıçı, tərcüməçi,
rəssam, nəşriyyat
işçisi arasında
qanımın ən çox qaynadığı
3-4 adam arasında (əvvəldən tanış
olduqlarım da az deyildi...) Baxıtjan da olacaqdı. Yubileydə iki qazax türkü
vardı, ikisinin də adı Baxıtla başlayırdı;
Amerikada yaşayan Baxıt Kenjeyev və Baxıtjan! Amma mən daha
çox Baxıtjanla yaxın olacaqdım. Onunla ilk görüşdən
dostlaşdığımızın əsas səbəbi yenə də Oljas Süleymenov olacaqdı. Baxıtjan Oljas aka ilə yaxın olduğumuzu eşidən kimi, tələbəsi olduğunu
qürurla söyləyəcək
və həmən Oljas bəyi arayacaqdı... Oljas bəyin səsi telefondan daşıb gurlayacaq və: - necə yəni tanıyıram, Mamed mənim dostumdur, deyəcəkdi.
Avropa ölkələrindən gələn
şair, tərcüməçi
və naşirlər Baxıtjana böyük bir sayğı ilə yanaşırdılar.
Elə mənim yanımdaca Baxıtjana Fransada, Bolqarıstanda və Polşada çap olunan kitablarının siqnal nüsxələrini təqdim
edəcəkdilər... Bu isə
Baxıtjanın şöhrətinin
çoxdan əski sovetlər birliyi sərhədlərini aşdığının
bir başqa sübutu idi.
Almatıda universitet təhsilini
tamamlayan Baxıtjan sonra Moskvada həm ssenari və həm də Ali ədəbiyyat kurslarını bitirmişdi.
Ssenariləri çəkilmiş,
kino rejissoru, nəşriyyat redaktoru işləmiş, Mosfilm və Kazaxfilm studiyalarında çalışmışdır.
Oljas Süleymenovla ilk
dəfə 1971-ci ildə
tanış olmuş və bu tanışlıq
onun gələcək
taleyini bəlirləmişdir.
Belə
bir deyim var, əslində olan dırnağında bildirər. Baxıtjanın
soyu XIX yüzilin əllinci illərində qazax-qırğız folkloru,
tarix və coğrafiyasının öyrənilməsi
sahəsində önəmli
işlərə imza atan Çokan Vəlixanovun nəslindən
gəlir. Bu mənada Baxıtjanın həyat hekayəsi də ibrətli hadisələrlə
doludur. Yalnızca
1986-88-ci illərdə könüllü
olaraq Çernobıl qəzası dağıntılarının aradan
qaldırılmasında iştirakı
dediyimizə sübut ola bilər.
Baxıtjan Qazaxıstan, Rusiya,
Fransa, Ukrayna, ABŞ, Böyük Britaniya, Malayziya, Polşa, Bolqarıstan nəşriyyatlarında nəşr
olunan 30-dan çox şeir kitabının müəllifidir. 1996-cı ildə Almatıda
Andrey Voznesenski və Bella Axmadulinanın şeir gecəsində
səsləndirilən və sonradan qəbul edilən
"Dünya Şeir Günü"nün keçirilməsi
ideyasını da Baxıtjan vermişdir. Dünya Şiir
Yarışması (New York, ABŞ), "Mədəniyyət
və İncəsənət" nominasiyasında "El
Tulqası" - "Vətən adına" müsabiqəsinin
qalibi, "Alaş", "Tarlan", Rusiyanın "Anton
Delviq", Qazaxıstan PEN-klubunun "Muxtar Auezov" kimi bir sıra ədəbi
mükafatların
laureatıdır.
Qazaxıstan, Rusiya və Ukraynada müxtəlif orden və medallara layiq
görülmüşdür.
Qazaxıstan və Rusiya PEN-klublarının üzvü, Krım ədəbiyyatı
akademiyasının akademiki (Simferopol, Krım Respublikası)
Avropa Yazarlar Konqresi (Praqa) İdarə Heyətinin üzvü
və Mərkəzi Asiya və Qazaxıstan regionunun təmsilçisidir.
"Literaturnaya qazeta"nın Qazaxıstan müxbiridir.
Bunların hamısından əvvəl
isə onu mənə
yaxınlaşdıran şeirləridir. Və mən istərdim
ki, o şeirlərdən bir neçəsi ilə "Ədəbiyyat
qəzeti"nin oxucuları da tanış olsunlar.
Məmməd İSMAYIL
Çanaqqala, TÜRKİYƏ
Ədəbiyyat qəzeti.- 2018.- 23 iyun.-
S.27.