Mənim
tanıdığım Əlabbas
"Kim ki, iyirmi yaşda qiyam etmir,
ürəyi, kim ki, qırx yaşda qiyam edir ağlı yoxdur.
Mənim uğurum onda oldu ki, "Qiyamçını o iki
yaşın arasında və üstəgəl "Köhnə
kişi"nin xofu ilə yazdım. İndinin özündə
də ürəyimdə dərin bir inam var ki, mən
"Qiyamçı" ilə Azərbaycan dilinin
çoxlarının enə bilmədiyi bir dərinliyinə
enmişəm".
Əlabbas
mənim yadımda həmişə odlu-odlu danışan, iti
addımlarla hərəkət eləyən adam kimi qalıb.
Görmüşəm ki, gah yazı-pozu, gah çap, gah da
ev-eşik qovğası onun enerjisini ruhundan qoparmağa
çalışıb. Yazdıqlarını da daim
atüstü, qaçhaqaç yazıb. Bütün bunlara rəğmən,
əyiləndə də ya ayaqqabısını
bağlamağa əyilib, ya da qamətini şax saxlamaq
üçün yerdən enerji götürüb.
Başını qaldıranda düz baxıb buynuzu içində
olan boz üzlərə...
...
"81-in sentyabrında sevdiyim müəllimlik işindən
ayrılıb Şahbuzdan Bakıya üz tutanda yazı-pozu ilə
bərabər, ordan özümlə iki yara gətirmişdim;
biri mədəmdə, o biri ürəyimdə... İyirmi ilin
o lənətlənmiş mədə yarasına 2002-ci ilin
ayazı adamı nahaq söz kimi yandıran bir qış
günündə axır ki, cərrahlar birtəhər əncam
qıldılar, amma ürəyimdəkinə Tanrı
özü də əlac eləyə bilmədi..."
... Nə
yer verən əzaba, nə Tanrı əta eləyən
"yaraya" bu dünyada
çarə bulunmur, Əlabbas. Çünki yer də öz
hökmündə qətidir, ulu Tanrı da
qıydığını geri istəyən deyil.
Çünki bir qabdan çox su içmişik. Hərdən
cərrahların götürdüyü yaranın göynəyinin
səni necə əyib-bükdüyünün canlı şahidi olmuşam - "cərrahlar
əncam qıldılar" - desən də... Ürəyindəki
yaranı isə Tanrı eşq bələyinə möhkəm
qundaqladığı üçün
çalın-çarpaz dağların yeri yaxşı ki,
indi də küt ağrı kimi için-için
sızıldayır canında... O müqəddəs göynərtidir
- ondan yaxa qurtarmağa çalışma... Əgər onu da
yellərə versən, day onda heç nədən
danışma, heç nə yazma. Otur gözlə əli
qılınclı kişini...
Canım
Əlabbas, nə "iyirmi ildən çox sənə
qaynanalıq eləyən tənqidi" qına, nə də "acı bir xatirəyə
sözardı"nı oyat. Qoy hər şey öz
qınında sakitcə otursun... Özün yaxşı bilirsən
ki, nə gündöyəndə qar əylənməz, nə
gözəldə ilqar. Sən nəyi əyləmək istəyirsən?
... Sən
ondan yapış - necə ki, möhkəm
yapışırsan Tanrının sevdiyi bəndələrinə
qıydığı
"könül yarasından". Hamıya verilməyən
eşq butasını möhkəm saxla. Necə ki, ürəklə,
xoş bir müjdə kimi hayqırırdın: "Mən Qarateli sevirdim." O, təkcə Qaratelə olan sevgi
deyildi. O, uca Tanrının sənə ürək dolusu verdiyi
həyat eşqi, yaşayıb, yaratmaq sevdası idi. Onun kəramətiydi
ki, sənə iyirmi yaşında "Köhnə
kişi"ni yazdırırdı. O idi ətrafın
pıçıltıyla deyə bilmədiyini, sən ürəklə
aləmə bəyan eləyirdin.
O idi səni Azərbaycan
dilinin xalis qatıyla
düşünüb-danışdıran...
"Murad
əlini cibinə sala-sala həyətin tən ortasında iri,
dəyirmi duz daşının üstünə
çökdü. Cibindəsə vur-tut üç şey var
idi: dəsmal, papiros, kibrit...
Murad ən
birinci dəsmalı çıxartdı..." Muradı -
altı qız atasını çöllərə salan da eşq adlı bəla idi. Ona
tutulan ondan yuxarı heç nəyi görmür - eynən sənin
kimi. Yoxsa sənin nə hünərin idi - 60 yaşlı
Muradı Qaratelin ayağına gətirəsən. Öz
acığını çıxırdın.
Çıxdın da. Onun uğuru da bundaydı.
... O ilahi eşq, o dəli istək idi səni
yerindən eliyən. O cür insanı sevib içinin
ağrıyan, öləziyən
yerini ağrıya-ağrıya kəsib doğramaq,
altmış yaşlı kişini - Muradı həyatın dəli
girdablarında insafsızcasına batırıb
öldürüb-diriltmək, sinəsi sevgiylə dolu duyulmayan Qarateli
eşq sınağında tikə-parça eləmək
üçün özündən yuxarı eşqin,
ehtirasın gərək ola...
...
Böyük ədəbiyyatda ziddiyyətli obrazlar var...
"Sakit Don"da Melexov, "Dəli Kür"də Cahandar
ağa... Obrazın, xarakterin böyüklüyü onun ziddiyyətinin
boyuyla ölçülür. Bütün
böyüklüyün kökü,
xarakterin dərinliyinə bağlanır.
Yadımdadır, doqquzuncu sinifdə oxuyanda ötən əsrin
altmışıncı illərinin sevilən romanı - "Dəli Kür"lə
bağlı yazı yazmaq istədim. Cahandar ağanı
açmaq elə də asan deyildi. Ha əlləşdim onu
müsbət obraz kimi təhlil eləyəm. Nə illah elədim
alınmadı. Necə milli bəy
obrazıdır ki, arvadının, yekə oğul və
qızının üstünə yad bir kişinin
arvadını gətirir. Bununla bağlı evdə ziddiyyət
düşür. Arvadla, oğulla Cahandar ağa üz-üzə
dayanası olur. Elə Cahandar ağanı da, Qriqori Melexovu da
sevdirən onların həyata baxışlarındakı
ziddiyyətdir. Bu min illərlə belədir. Şübhə
biliyin, elmin açarı olduğu kimi ziddiyyət xarakterin
ucalığı və faciəsidir. Muradı necə sevməyəsən?
Altı qızı var, altmışa yaxın yaşı.
Qaratel isə bir ilin gəlinidir. Bunların gözünü
bağlayan eşqin iki ayrı-ayrı tərəfi var; birində
kəndin ilbizlərinin, şərlatanlarının əliylə
işindən uzaqlaşdırılan, şər yaxılan
Muradın intiqam qarışıq bəlalı sevgisi. O biri tərəfdə
isə sevməyib ərə gedən və oranı gor evi bilən
Qaratelin duyulmaz qadın ürəyi. Bə bu obrazların alt
qatında həyatın bütün rəngləri çox
ustalıqla açılır. Murad yalama kimi
tolazladığı daşlarla
beş-on dələduzu qovmur - halal üç nəfərdən
başqa. O yalanı, dələduzluğu, nadan
sürüsünü daşlayır. Çünki, o murdar
toxumdan yad şivlər cücərəcək...
Bütün
sevdiyim, eşqlə yazılan əsərlərin dilini belə
qaynar, odlu gördüm. Birinci səhifəni başlayan kimi
sanki boğazında isti bir udum
tüpürcək eləcə havadan asılı qalır.
Sanki onu udmağa cəsarətin çatmır. Elə bilirsən
ki, udsan bütün əsərin
şirinliyi gedəcək. Odur ki, əsərin hərarətiylə
isinən o isti tüpürcəyi oxuyub qurtarana qədər
uda bilmirsən.
Peşəkar
söz adamları belədir. Elə bil cümləsini
daşdan yonur. Nəinki bir sözü, heç bir səsi də
naqqaşla dartıb çıxarmaq olmur. "Qaratel gözlənilmədən
xəbər aldı:
- Məni
çox istəyirsən, Gülab xalanı?
Nə təhər
ki, ağıllı, üzüyola uşağı
öpüb əzizləyərlər, eləcə də Murad
Qaratelin alnından öpüb narınca-narınca
güldü və:
- Gecələr
səni çox istəyirəm, - dedi, - gündüzlər
Gülab xalanı..."
" ...
Bu o günlər idi ki, hələ bütün
yaşıdları kimi Qaratel də Murada dayı deyirdi və
o xəlvəti gecələrin birindəki ta bu həyətin
iti Murada hürmədi, tanıyıb hürə bilmədi, o vədə Qaratel bildi ki, fikirləşməyinin
daha kor qəpiklik əhəmiyyəti yoxdur. İşin tərsliyindən
Murad da o gecə yerini lap şirin saldı..."
...
Düzyurdun, Sarıyalın, Arvananın yolları
bağlıdı. Qışın çovğunu əldən
salıb qocaları. Əsgərxan ölüm
yatağındadır. Məktəb direktoru Lətif müəllimin xəstə
üstdə getməyə halı qalmayıb. Ölünü
basdırmağa kişi xeylaqı qəhətə
çıxıb. Dağ boyda kişinin cəsədi qalıb
qadınların umuduna. Erkək Ağca bu işin öhdəsindən
ustalıqla gəlməyi bacarar, ancaq covqun, tufan ara vermir. Kənddə
isə cəmi-cümlətanı üç qoca kişi
qalııb. Lətif müəllim, Əsgərxan, biri də
Dağbəyi. Indi Arvananın qara günləridi. Əsgərxan
dünyasını dəyişir, fəqət onu
basdırmağa adam tapılmır. Bu təkcə dağ kəndinin
bəlası deyil. Bu düzü dünyada sağ əməlli
üç kişi tapmaq müşgül məsələdir.
"Lətif müəllim ömrü boyu can qoysa da,
Arvanadakı məktəbi on illik eləmək ona qismət
olmadı. Kənd uşaqları, əsasən də
oğlanlar, hələ də qonşu kəndə - Düz
yurda ayaq döyürlər. Arvananın dağılması elə
belə şeylərin ucbatından oldu..."
Müəllifin
sətiraltı fikirləri cox sərrastdı. Dağılan təkcə
Arvana deyil, Əsgərxan basdırmağa beş kişinin
olmamasının səbəbi təkcə onun
övladının olmaması deyil, yol göstərən,
salqarlı kişilərin yoxa çıxmasıdır.
Aşınan cəmiyyətin gününü ağlamağa
Əlabbasın yatağı quruyan gözündə hələ
ehtiyat göz yaşı tapmaq olar...
Bu da
sevginin təzahürüdür... yazıçının
insana, insanlığa olan məhəbbətinin bədii ifadəsidir.
Həm də aşınmaya məhkum cəmiyyətə
mesajıdır. İnsanın ölə bilməmək,
basdırılmamaq təhlükəsinə çalınan
SOS-dur.
...
Yazı yazmaq iynəylə gor qazmaq kimi bir şeydir. İllah
da sözü köynəyindən yana-yana keçirənlər
üçün. Yazıçı Əlabbasın
yaradıcılığında sözün, yazının rəngi,
boyası qabarıq görünür. İki istiqamət
özünü göstərir Əlabbasın
yaradıcılığında. Birincisi cəmiyyətin, həyat
tərzinin insanı sıxan, əzib xırdalayan, dalana dirəyən
ağrıları, buxovları yazıçı
ustalığı ilə verilir.
Elə bil bununçün doğulub Əlabbas. Cəmiyyətdəki
ziddiyyətləri obrazların daxili aləminə elə usta
eydirir ki, elə bil bu obrazlar
anadan belə doğulub. "Köhnə kişi",
"Uçurum", "Qiyamçı" və bir
çox hekayələrində olduğu kimi...
Müsahibələrinin
birində özünün dediyi kimi... "Kim ki, iyirmi
yaşda qiyam etmir, ürəyi, kim ki, qırx yaşda qiyam edir ağlı yoxdur. Mənim
uğurum onda oldu ki, "Qiyamçını o iki
yaşın arasında və üstəgəl "Köhnə
kişi"nin xofu ilə
yazdım. Indinin özündə də ürəyimdə dərin
bir inam var ki, mən
"Qiyamçı" ilə Azərbaycan dilinin çoxlarının enə
bilmədiyi bir dərinliyinə enmişəm."
Yazıçının
bu cür özünə güvənci çox vacib elementdi -
bu mənada ki, Əlabbas kimi onu deməyə haqqı ola...
İkincisi Əlabbasın eşidiləcək dərəcədə
vuran ürək çırpıntıları ilə qələmə
aldığı povest və hekayələrinin dili ayaq
açıb yeriyir sanki. Adamın içini qopardır.
"Gümüşü gecələr", "Mən
Qarateli sevirdim.",
"Qaraqovaq çölləri"...
Bir oxucu
kimi mənimçün Əlabbasın
"Qiyamçı" yönündə yazıları daha
maraqlıdır. Ancaq bu da var ki, "Köhnə
kişi"ni və başqa alt layı dərin olan əsərləri
sevdirən də yazıçının ürəklə qələmə
aldığı sevgi notlarıdı. Milli kökdən gələn
salqarlı sevgi səhnələri, Qaratelin əsgərlikdən
gələn "arvaddan tez yatan köpəkoğlu" ərini
qarşılama səhnəsindəki usta gedişlər,
gözlənilməz psixoloji məqamlar sanki lay-lay
açılır. Qaratel gor evi bildiyi ər evindən
Muradın komasına üz tutur. Burda Qaratel oxucu gözündə
"öz günahını" yuyur. Cəfakeş
Əlabbas bu məqamı o qədər usta verir ki, iyirmi bir
yaşlı gəncin potensialının sonralar bir
yazıçı kimi o nəhənglikdə
açılmaması üçün cəmiyyəti və ədəbi mühiti daha çox
qınayası olursan - Əlabbasdan qabaq. Əlabbasın ədəbi
taleyinə bələd olduğum üçün bu məndə
acı təəssüf doğurur. Özləri hər
cür qayğıdan yararlandığı halda, onu göstərməyə
çox xəsisdilər. Ədəbiyyat elə bil dədələrinin
örüş yeridir, orda ancaq onların pazaq qoyun-quzuları
otlamalıdır. Əcəb yoncalıq tapıblar... İstər-istəməz
ədəbi mühitin qeyri-sağlam yönünün bəlasını
ayrı-ayrı qələm sahibləri daşımalı
olur. O "ayrı-ayrılar" da mənəm, sənsən,
odur - nəticədə beli qırıq ilan kimi sürünməyə
məcbur olan qələm sahibləri ölənəcən
belini dikəldə bilmir. Qələm təpərdən
düşür, o səhnələri şövqlə rəsvir
eləyən eşq "soyuyur", torpağa bulaşır,
yerə enir. 2013-cü ildə qələmə
aldığı "Arvanada dəfn" hekayəsindəki boşalan yurdun ağrısı can
verən qocanın yerdə qalan tabutu qadınlar çiynində
qəbristanlığa aparılsa da o, Əsgərxan
"Xan" kimi dünyasını dəyişmir. Ən
azından buna boşalan kəndin boyatımış sevgisi
çatmır.
Elə əslində
dünyada çatmayan ən böyük iksir sevgidi, eşqdi,
"Mən Qarateli sevirdim"di. İndi onun
qıtlığıdı. Hamı sənin kimi eşq qulu
deyil ki. Qarateli canı dildən indi də sevəsən və
o sevgiylə yazıb yaradasan. Özünün
yazdığın kimi:
"Heç
bir sevginin vüsalı insanı bunca xoşbəxt etməzdi
ki, mən o sevgidən yarıdım.
...
İndi yaşıdlarımın bir çoxundan fərqli
olaraq yaradıcılıq enerjisini artıran və
yaradıcılıq müddətinə heç bir məhdudiyyət
qoyulmayan əbədi və qüdrətli bir həbim var mənim."
Yaxşı bildiyin kimi, bu həbin adına eşq deyirlər,
Əlabbas... Ulu Tanrı onu səndən əskik eləməsin.
Özünə
və qələminə dərin sayğılarla...
Avdı Qoşqar
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.26.