“Səhnəyə reallıq
çıxmalıdır, başqa yol yoxdur”
"Dördüncü divar" layihəsinin
qonağı Gənc Tamaşaçılar Teatrının
aktyoru Manaf Dadaşovdur
- Manaf bəy, rejissorluq fakültəsini
bitirmisiniz. Nə üçün idarə etməyi yox, idarə
olunmağı seçdiniz?
- Zənnimcə,
rejissorluq səbir tələb edən peşədir. Mən də
təbiətən səbirsiz adam
olduğumdan rejissorluq peşəsi üçün uyğun
xarakterə malik deyiləm. Həm də rejissor
dostlarımın necə zəhmətlər çəkdiyini
görürəm. Buna görə də rejissorluq
işində onlara dost kimi, aktyor kimi kömək olmağa
çalışıram. Amma sırf rejissor
olmaq mənim aləmimdə insandan böyük ürək tələb
edir.
- Siz həm də teatrda aktyor kimi
işləyəndən sonra universitetə qəbul olmusunuz...
- Bəli.
İlk dəfə Ramiz Məmmədov mənim əlimdən
tutub Gənc Tamaşaçılar Teatrına gətirdi.
Elə teatrda işləyə-işləyə
də universitetə qəbul olundum. Bəxtimdən
sənət müəllimlərim də savadlı və
gözəl insanlar oldular. Əvvəl
Hafiz Quliyevdən, daha sonra isə Qəmər Məmmədovadan
dərs aldım. Onların hər ikisinin mənim
üzərimdə böyük zəhmətləri olub.
O vaxt
düşünürdüm ki, nəhayətdə rejissorluq da
teatr və kino sənətinin bir sahəsidir. Həm
də gənc idim. Fikirləşirdim ki,
ikinci, üçüncü kursda fakültəmi dəyişərəm.
Amma sonralar aktyorluq həyatım o qədər
qaynar ötüb-keçdi ki, buna, sözün
açığı, macal tapmadım. Teatrda
ard-arda oynadığım tamaşalar, qastrol səfərləri
xeyli zamanımı alırdı. Bu gün
isə təbii ki, aktyorluq fakültəsi üzrə təhsil
almamağın təəssüfünü müəyyən
mənada yaşayıram.
- Çoxsaylı tamaşalarda
rollarınız var. Filmlərdə, seriallarda da iştirak
edirsiniz. Olurmu ki, ifa etdiyiniz obrazları özünüzlə
evə gətirəsiniz?
-
Ümumiyyətlə, rollarımı ifa edərkən maksimum
obrazlarımla özüm arasında olan məsafəni
qorumağa çalışıram. Ancaq
"Bir ailəm var" serialının çəkilişləri
ərəfəsində belə hal yaşamışdım.
Orda Kamil adlı mənfi obrazı
canlandırırdım. Hiss edirdim ki, məndə Kamilləşmə
gedir. Obraza həddindən artıq
qapılmışdım, bir yandan da küçədə
tamaşaçılar məni Kamil kimi
çağırırdılar. Bugünə
qədər tamaşaçı məni Kamil kimi qəbul edib,
tanıyır. Sonra anam məni bu vəziyyətdən
çıxardı. O, həmin serialı izləyirdi.
Hiss etmişdi ki, mən Kamildən uzaqlaşa bilmirəm.
- Öz rollarınıza sonradan
tamaşa edirsiniz?
- Xeyr,
xoşlamıram. Mən hətta iştirak
etdiyim toy şənliklərinin belə video yazısına
baxa bilmirəm. Teatr və televiziya ilə
bağlı isə, ümumiyyətlə, heç bir
obrazımı ekrandan izləməyi sevmirəm. Etiraf edim ki, bu barədə kompleksim var. Çox
nadir hallarda ötəri baxıb keçə bilərəm.
Bu da sırf tipajı yadda saxlamaqdan
ötrüdür ki, başqa rollarımda yenidən həmin
obraza müraciət edə bilim.
- Cümhuriyyətlə
bağlı çəkilən "Sonuncu iclas" filmində
iştirak edən aktyorların böyük əksəriyyəti
sizin teatrın aktyorları və belə deyək də, sizin
nəsildaşlarınızdır. Mehribançılıq
nə yerdədir?
- Mən
teatrları bölmək, ayırmaq istəmirəm. Xoşlamıram belə şeyləri. Amma həqiqətən də bu gün bizim teatrda mənimlə
birgə işləyən aktyorlar, dostlarım bir-birilə
çox mehriban, həqiqi sənət atmosferində işləyən
insanlardılar. Çox az
teatrlarımızda belə ab-hava var.
- İlk rolunuz Nicat Kazımovun
tamaşasından başlanıb...
- Nicat Kazımovun mənim aktyorluq həyatımda
xüsusi yeri var. İstedadlı və qiymətli insandır. İlk dəfə
onun quruluşunda "Ələddinin sehrli
çırağı"nda Carçı rolunu ifa etmişəm.
Düzdür, ilk dəfə o, məni bəyənməmişdi.
Amma sonralar mən elə onun tamaşaları ilə
tanındım. "Pəri-cadu",
"Leyli və Məcnun", "Qoca Kloun" kimi uğurlu
tamaşalarımız olub. Tamaşaçı
məni həmin rollarımla sevib. Hal-hazırda
Nicatın ən sevimli aktyorlarından biriyəm. Onunla ən uğurlu işlərimizdən biri də
Akademik Milli Dram Teatrında səhnəyə qoyulan
"Kölgə" tamaşası olub. Orada
mən Maliyyə naziri rolunu ifa etmişdim. Həmin obraz da o zaman yaxşı mənada səs-küy
yaratmışdı. Elə maliyyə
naziri obrazı ilə də mənim Akademik Milli Dram
Teatrında işləmək imkanım vardı. Amma getmədim.
- Ümumiyyətlə, başqa
teatrlardan rəsmi dəvət gəlsə, gedərsiniz?
- Ancaq
Akademik Milli Dram Teatrından dəvət olsa, məmnuniyyətlə
razılaşaram və bunu özüm üçün fəxr
hesab edərəm.
- "Bir cənub şəhəri"
filmində Həsən obrazı ilə məşhurlaşan
atanız - aktyor Məcid Dadaşov da bir müddət Dram
Teatrında işləyib.
- Atam həmin
filmə çəkildi. Sonra bir neçə
filmdə də epizodik rolları oldu. Onu da
deyim ki, "Bir cənub şəhəri" filmindəki məhlə
qədeşlərini canlandıran aktyorlar demək olar ki,
özlərini oynayıblar.
Atam bir müddət teatrda işlədi. Sonra isə
ümumiyyətlə, sənətdən getdi. Müxtəlif vəzifələrdə
çalışdı.
Bilirsiniz, teatrda işləmək hər xarakter
üçün uyğun deyil. Atam bəzi məsələlər
vardı ki, onlarla razılaşmadı, onları qəbul etmədi. Mən də onun
oğluyam. Mənim kimi xasiyyəti olan
adamlar, ümumiyyətlə, sənətdə olmalı deyillər.
Xasiyyətim tünddür, müəyyən
şeylər var ki, onları qəbul etmirəm. Amma bütün bunlara baxmayaraq mən atam kimi sənəti
atmadım.
- Atanızın sizin aktyorluq
seçiminizə hansısa təsiri oldu?
- Nəslimizdə
Afaq Bəşirqızı, Atabala Səfərov, Ramiz Məmmədov
kimi məşhur aktyorlar olduğundan, atamdan qanımda aktyorluq
vardı. Məktəb vaxtı dərnəklərdə
çox iştirak edirdim. Sonralar isə
dostum Anar Heybətov məni aktyorluğa həvəsləndirdi.
Amma o, mənə təxminən belə
demişdi ki, hansı sənəti seçirsənsə,
uğur olsun. Ancaq aktyor olmaq istəsən,
bil ki, bu sahədə qazanc yoxdur. O, mənə işin,
belə deyək də, əsas tərəfini demişdi. Mənim üçün isə işlədiyin, əziyyət
çəkdiyin peşədən pul qazana bilməmək
ağlasığmaz idi. Amma sonralar, elə
indi də görürəm ki, atam haqlı imiş.
- Özünüzü aktyor kimi
realizə edə bilirsinizmi?
- İndi yox, neçə illər əvvəl mən
özümü təsdiq edə bilmişəm. Mən varam və on beş il ərzində Azərbaycan incəsənətində
seçilən insanlardan biriyəm. Yəni,
oxucular bunu qeyri-təvazökarlıq kimi anlamasınlar. Amma istənilən yaradıcı atmosferdə
özümə qarşı olan diqqətin, hörmətin, fərqli
münasibətin olmasını hiss edirəm. Və bu həqiqətən də məni fərəhləndirir.
İnanın, heç bir vaxt öz mənimi mərkəzə
qoymağa çalışmamışam. Sənətə
dair yüksək iddialarım olmayıb. Bizdə elə
aktyorlar var ki, onların səhnədəki on beş
yaşlı əzmlərinə, məşqlərdəki
amansız həvəs və iddialarına məəttəl
qalıram. Mən elə deyiləm. Rolumu təhvil
alanda bir fikrim olur: Ümumi işin içərisində
yaxşı iş görüm və elə həmin ümumi
işin içərisində mənim də adım çəkilsin,
xoş söz deyilsin. Mən də bundan həzz
alım.
- Elə rollarınız olubmu ki,
aktyor kimi sizi sözün əsl mənasında çətinə
salıb?
- Hər
bir rolumda həmin mərhələ olub ki, öz-özümə
düşünmüşəm - İlahi, görəsən
necə olacaq? Elə götürək
"Ana" tamaşasındakı Orxan obrazını. Mən özüm çevrilib Orxan olmuşdum.
Qəribə burasıdır ki, bir insan kimi,
Manaf Dadaşov kimi mənim yaddaşım çox zəifdir.
Amma şeiriyyatla bağlı sözlər
yaddaşıma necə həkk olmuşdusa, mən özüm
də məəttəl qalmışdım. Bu bir az da mənim səhnədə həyəcanlanmağımla,
rolun məsuliyyətini dərindən hiss etməyimlə
bağlıdır. İndi sizinlə belə
nizamlı, əhatəli danışmağıma baxmayın,
səhnəyə çıxanda həyəcanlanıram.
Bəzən də səhhətimizlə
bağlı problemlər yarananda özümüzdən
asılı olmayan situasiyalar yaranır. Misal
üçün, "Romeo və Culyetta" tamaşasında
çox pis öskürürdüm. Rolun hərəkətinə
uyğun vəziyyətlər tapıb
öskürürdüm. Başqa
çıxış yolum qalmırdı.
- Teatr, məşhurluq, sənət
və sənət adamları ilə əhatə olunmuş
mühit... Bütün bu müsbətlərlə
yanaşı, aktyorluq sənətinin şəxsi həyatla
bağlı yəqin ki, mənfi tərəfləri də var.
- İnsanın həyatına təsir edəcək tərəfləri
təbii ki, var. Otuz yeddi yaşım var, hələ də ailə
qurmamışam. Eləcə də, yaşı irəliləyən
aktrisalarımız da var ki, ailə qurmayıblar. Ailəli aktyorlarımız da var. Amma onlar da
çox azdırlar. Mənim ailə
qurmamağımın əsas səbəbi isə xasiyyətimlə
bağlıdır. Həm də fikrimcə,
indi daha keçmiş zamanlar deyil. İnsanlar
müasirdilər və haqlı olaraq zamanla ayaqlaşmaq istəyirlər.
Ailə də elə ittifaqdır ki, orada
çatışmazlıqlar olmamalıdır. Xasiyyətim
də bir az elədir ki, ürəyim istəyən
işi mütləq edirəm. Bəzən elə
olur ki, gecə saat beşdə ürəyim istəyir ki,
Xızıya gedim. Əgər getmək istəyirəmsə,
mütləq gedəcəm. Arzumun
qarşısına heç nə keçə bilməz.
- Masanızın üzərində
kitablar var. Mütaliəyə həvəs və
vaxtınız olur?
-
Kitablarımın çoxunu
yığışdırmışam. Mənim
anam ədəbiyyat müəlliməsi olub. Ona görə də həvəs həmişə
var. Vaxtaşırı da oxumağa çalışıram.
Mütaliə yaradıcı bazanın
azalmasının, yoxa çıxmasının
qarşısını alır. İştirak
etdiyim tamaşalarda da əgər müəllifi
tanımıramsa, onun haqqında, əsərləri barədə
mütləq araşdırma edirəm.
Məni təəccübləndirmək
bir az çətin olduğundan bir
neçə dəfə kitabı yarımçıq
saxlamışam, oxumamışam. İndi daha
çox yapon ədəbiyyatı məni cəlb edir. Bu yaxınlarda Aqutaqava Rünoskenin kitabını
oxudum. Müəllif oxucu kimi məni öz
ardınca aparırdı. Teatrda, film də
belədir. Sənət gərək
tamaşaçını öz ardınca aparsın. Teatrın, sənətin dili yoxdur. Olmamalıdır.
- Hansı aktyor texnikası ilə
işləyirsiniz?
-
Stanislavski texnikası ilə işləyirəm. Səhnədə yaşantı və bu
yaşantının tamaşaçıya
çatdırılması vacibdir. Aktyorun əsas
vəzifəsi ifa edəcəyi xarakteri tapmaqdır. Həmin xarakter zala, tamaşaçıya
sözü, hərəkəti ilə nəsə
çatdırmalıdı. Bu
çatdırılma da mütləq yaşantı vasitəsilə
olmalıdı. Yaşantı isə müəyyən
vaxtdan sonra texnikaya çevrilir. Səhnəyə
reallıq çıxmalıdı, başqa yol yoxdur. Teatrda hər bir tamaşa məşqdir. Bir dəfə xəstə halda tamaşada iştirak
etdim. Sonra dostlarım dedilər ki, onsuz da
məşq edirdik də. Yəni, bizim
üçün hər bir tamaşa həm də məşq
deməkdir.
- Sizin obrazlarınızda bir az iblisanəlik də var...
- Hər bir hadisənin
başlanğıcında bir mənfi, bir də müsbət
tərəf olur. "Ana" tamaşasındakı
hadisələrin əzəlində də şeytanilik
vardı. Daha doğrusu, hər şeyin
başlanğıcı Orxan idi.
- Faciəni yaradan əslində
Orxandır...
- Əlbəttə. Orxanın siz deyən iblisanə
arzusunun ucbatından neçə insan bədbəxt olur. O, öz sevgisi uğrunda
mübarizə aparır, ona qovuşmaq istəyir. Bu sadə bir insan arzusudur. Amma digər
tərəfdən o, qadağan olunan arzuya meyl edir. Və sonu da bədbəxtliklə nəticələnir.
- Olubmu ki, ən çətin
anınızda səhnəyə çıxmağa məcbur
olasınız?
- Mən,
sözün düzü, belə hal yaşamamışam. Amma atam dünyasını dəyişəndə
onun ölümündən xəbərsiz səhnədə
olmuşam. Beynəlxalq layihələrdən
olan "Xortdanın cəhənnəmdən məktubları"
tamaşasına gələndə atamın vəziyyəti
ağır idi. Tamaşada iştirak etdim.
Antrakt zamanı baxdım ki, hansı aktyorlar ki,
evə getməlidirlər, onlar nədənsə getməyiblər.
Və mənimlə birgə ardımca otağa
gəlib-gedirlər. Əvvəlcə
ağlıma heç nə gəlmədi. Hərdənbir zarafat da edərək, "niyə
evinizə çıxıb getmirsiniz" deyirdim. Sən demə onlar artıq atamın rəhmətə
getdiyini bilirmişlər. Tamaşa davam
etdiyindən mənə deyə bilməyiblər. Tamaşa bitəndən sonra evdən zəng gələndə
mən artıq anladım ki, o, dünyasını dəyişib.
Yəni, tamaşa vaxtı həmin hadisənin
şiddətini yaşamadığımdan bu barədə
hansısa təəssüratım da yoxdu.
- Atanız sənətdən getməyinin
xiffətini çəkirdi?
- Yox. Hər halda, mən hiss etməmişdim. Çünki teatrdan sonra onun bəxti gətirdi və
müxtəlif vəzifələrə getdi. Onun əhatəsi də geniş olduğundan, məncə,
o qədər də ciddi təəssüf hissi
yaşamayıb.
Söhbətləşdi: Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.- 23
iyun.- S.18.