O, son dəfə
bir nöqtəyə baxıb
"peşman olmuşam"
- dedi və gözlərini yumdu...
Uşaq təsəvvürümüzün,
dünyagörüşümüzün formalaşmasında
eşitdiyimiz nağılların, dastanların, izlədiyimiz
cizgi filmlərinin nə qədər rolu var idisə, onun
iştirak etdiyi "Bir qalanın sirri" filmi də bizim
üçün ən unudulmaz uşaqlıq xatirəsi idi.
Ona görə xatirə deyirəm ki, biz bu gün doğrudan
da, o illəri, nağılları, filmləri xatirə kimi
xatırlayırıq. Ancaq böyüdükcə, yetkinləşdikcə
bildik ki, o, təkcə Qanlı qaladan ustanı, Mətanəti,
Həkim babanı xilas edən Elşən yox, həm də
Mehribanın atası, Rəcəb, Bəybura kimi bir-birindən
gözəl rolların ifaçısıdır. Taleyi gətirməsə
də, həyatında yaşadığı ağrılar
çox olsa da, yaddaşımızda yaraşıqlı,
boy-buxunlu Şərq kişisi obrazları ilə qalan
Gündüz Abbasov bu gün də
tamaşaçıların yaddaşında sağdır. Elə
bu sağlığı nəzərə alaraq
"Dördüncü divar" layihəsində bu dəfə
onun qızı Dildar Bədirova ilə görüşməyi,
onunla atası Gündüz Abbasov və anası Ofeliya Məmmədzadə
barədə söhbətləşməyi qərara aldıq.
- Dildar xanım, ata nənəniz,
sizi böyüdən qadın - Mələk xanım, səhv
etmirəmsə, Cəfər Cabbarlının qardaşı
qızı olub.
-
Doğrudur. Nənəm Mələk xanım Cəfər
Cabbarlının qardaşı qızı olub. Cəfər
Cabbarlının iki yaşı olanda atası Qafar kişi rəhmətə
gedir. Onu böyük qardaşı - nənəmin atası
Hüseynqulu bəy böyüdüb. Hüseynqulu bəy
çox imkanlı adam olub. Ancaq iş elə gətirib ki, nənəmin
səkkiz yaşı olanda atası dünyasını dəyişir.
Nənəmi isə Cəfər Cabbarlı böyüdür.
Nənəm Şəmsəddin Abbasovla ailə qurur.
Onların da iki oğlu olur. Böyük oğul mənim atam, əmim
isə prokuror olub, əlli yaşında rəhmətə
gedib. Babam özü uzun illər müxtəlif vəzifələrdə
çalışıb, nənəm də həm ziyalı, həm
də ilk tarzən qadınlardan olub.
Cəfər
Cabbarlı öz əsərlərini yazarkən əsərdəki
mahnı hissələrini zümzümə edirmiş. Sonra not
bilmədiyindən həmin mahnıları tarda nənəmə
ifa elətdirirmiş. Musiqiləri isə Əfrasiyab Bədəlbəyli
gəlib nota köçürürmüş. Bu, Sona
xanımın xatirələrində də var. İndi deyirlər
ki, filan mahnı Əfrasiyab Bədəlbəylinindir. Xeyr, həmin mahnılar Cəfər Cabbarlının olub.
Ata tərəfim də,
ana tərəfim də
ziyalı nəsil olublar. Anamın atası əməkdar
ixtiraçı olub. Əmisi oğlu,
dayısı məşhur alim olublar. Anam
atamdan ayrılana qədər aktyorluq sənəti ilə
heç bir əlaqəsi olmayıb.
- Atanız
Gündüz Abbasov aktyor olmaqla yanaşı, həm də rəssam,
yazıçı, tərcüməçi, hətta
idmançı kimi də fəaliyyət göstərib. Sizə elə gəlmir ki, aktyorluq ona məşhurluq gətirməklə
bərabər, şəxsi həyatına da müəyyən
zərbələr vurdu...
- Aktyorluq onun həyatını puç
elədi. Atam imkanlı ailədən olmaqla yanaşı,
çox yaraşıqlı kişi olub. Həm də dəblə geyinməyi yaxşı
bacarırdı. Onu elə küçədə
görüb, bəyənib filmə çəkilməyə dəvət
ediblər. Elə o vaxtdan da ard-arda filmlərə
çəkilməyə başlayıb. Sonra anamla
(aktrisa Ofeliya Məmmədzadə-S.Ə.) tanış
olub, ailə qururlar. Anamın on beş
yaşı olduğundan nikaha yaşı
düşmürmüş. Onun yaşını üç il artıq yazdırıblar. Onlar
ailə qurandan sonra bacım, mən və qardaşım
dünyaya gəlib. Ancaq atamın o
dövrün məşhur aktrisalarından biri ilə sevgi
münasibətinin olmasını eşidən anam bunu qəbul
etməyib atamdan ayrılır.
- Dildar xanım, valideynləriniz ayrılanda beş illik ailə
həyatı və ortada üç uşaq olub. Yəni bu evliliyi xilas etmək heç cür
mümkün olmayıb?
- Bilirsiniz, atam həmin aktrisa ilə
anamla ailəli ola-ola tanış olub,
görüşüb. Onlar ayrılandan sonra belə
atamın onunla münasibəti uzun illər davam edib. Hətta mənim yadıma gəlir ki, biz də hərdən
atamla o qadının evinə gedirdik. O, bizi
çimizdirir, bizim üçün xörək
hazırlayırdı. Yəni anamın evdən
gedişi, əslində, başa düşüləndir.
Həm də anam atamdan ayrılandan sonra aktrisa
kimi filmlərə çəkilməyə başlayır.
İncəsənət Universitetinə daxil olur.
Görünür, onların birləşməsi
mümkün olmadığından elə həmişəlik
ayrılmalı olublar. Anam evdən gedəndə
bircə qardaşımı özü ilə
götürüb. Onu da sonradan əmim
ondan alıb. Atam onu aktrisa kimi heç vaxt qəbul edə
bilməzdi. Bir müddət sonra anam aktrisa Vəfa Fətullayevanın
atası Nüsrət Fətullayevlə ailə həyatı
qurur. Düz iyirmi yeddi il, Nüsrət müəllimin
ölümünə qədər onlar birlikdə yaşayırlar.
Biz rəhmətlik Nüsrət müəllimi də çox
istəmişik. O, çox yaxşı insan olub.
Əzizə Əhmədovanın "Mavi
gözlərin işığı"
adlı romanı var. Həmin roman mənim atamın və
anamın həyatından bəhs edir.
- Atanız da ikinci dəfə ailə həyatı
qurur...
- Bəli, anamdan ayrılandan sonra bizə nənəm
və babam baxıb. Anam bizim evimizdən gedəndə
böyük bacım üç yaşında, mən iki
yaş yarım, qardaşım isə bir yaşında olub. Nənəm
bizə sözün əsl mənasında analıq edib.
Atam 1969-cu ildə
ikinci dəfə ailə qurdu. Bu evlilikdən isə onun
bir oğlu, bir qızı oldu. Atamgil bizimlə bir evdə
yaşasalar da, bizim qulluğumuzda yenə də nənəm
dururdu. Biz də, niyəsə, o qadını sevə bilmədik.
Ancaq uşaqlarla münasibətimiz yaxşı olub.
On ildən sonra atam ondan da ayrılıb
ömrünün sonuna qədər tək yaşadı. Rəhmətlik həyat
yoldaşımla tez-tez yanına gedirdik. Atam o qədər də
çox yeyən adam deyildi. Amma xörək bişirməyi
sevər, öz xörəyini həmişə özü
hazırlayardı. Yadıma gəlir ki, balaca bir taxtası
vardı. Onun üzərində uzun yarpaq dolması bükməyi
xoşlayardı.
- Bəs nənəniz?
- Mən ailə qurandan sonra nənəmi
öz evimə apardım. Ömrünün son anına qədər
də ona özüm baxdım.
- Atanız Ofeliya xanımla görüşməyinizə
icazə verirdi?
- Xeyr. Çünki atam ona
qadağa qoymuşdu. O, da atamdan çəkinirdi. Amma yadıma gəlir ki, anam atamdan gizlin bizi görmək
üçün bağçaya gəlirdi.
Atam bizi həmişə teatr
tamaşalarına, eləcə də, anamın iştirak
etdiyi tamaşalara aparırdı. Amma onunla heç bir
tanışlıqdan, yaxınlıqdan söhbət gedə
bilməzdi. İllər keçəndən sonra
atamın bir dostu bizi evinə qonaq çağırdı. Həmin
adamla da anamgil qonşu imişlər. Biz orda olanda anam ikinci həyat
yoldaşı Nüsrət müəllimlə onlara gəldilər.
Biz ilk dəfə anamızı orda görüb tanış
olduq. Onda hələ orta məktəbdə oxuyurdum.
- Sizi görən zaman ananız necə reaksiya verdi?
- Bizimlə bir az əyləşdi,
ordan-burdan söhbət etdiyimiz yadıma gəlir.
- Atanızın qoyduğu qadağa siz böyüyəndən sonra da davam etdi?
- Xeyr. Bacım universitetdə oxuyanda onu
axtarıb tapdı. Biz gedib onunla görüşdük. Mənim
dayım o vaxt yaxşı vəzifədə işləyirdi.
90-cı ildə onlar Amerikaya köçdülər. Biz
anamızı tapandan sonra dayımla da
görüşürdük. Bəzən gecəni də
anamgildə qalırdıq.
- Nənənizin
Ofeliya xanıma münasibəti necə idi?
- İnanırsınız, mən həmişə onların arasında mehribançılıq
yaratmağa çalışırdım. Gül alıb, gətirib
anamın adından nənəmə verirdim. Anama isə
qarpız alıb aparırdım. Deyirdim ki, nənəm
göndərib. Sonralar onlar özləri də
mehribanlaşdılar. Nənəm mənimlə birgə
yaşayanda Ofeliya xanım onun yanına tez-tez gələr,
pay-puş gətirərdi.
Bilirsiniz,
bəlkə də bu bir təsadüfdür ki, siz atamın beş övladının içərisindən
məni axtarıb-tapdınız. Mən anamın, atamın, nənəmin
əziyyətini çəkən övlad olmuşam. Nənəm
xəstə yatanda elə olurdu ki, bir gündə onun
üçün beş həkim gətirirdim. Xəstəxanadan
tibbi aparatlar sifariş edib gətizdirirdik ki, görək onun dərdi
nədir. Nənəm rəhmətə gedəndə vəsiyyət
eləmişdi ki, ehsan verməyək. Amma mən onun bu vəsiyyətini
pozdum. Onun qırxına qədər öz evimdə onun
üçün yas məclisi qurmuşam. Çünki
görürdüm ki, camaat axın-axın gəlir. Atam
üçün də yaxşı övlad olmuşam.
Yoldaşım əslən rayonlu idi. Həmişə onlara
gedəndə atam üçün pay hazırlayıb avtobusla
Bakıya yollayırdım.
- Bayaqdan nənə deyirik, amma o sizə sözün əsl mənasında
ana olmuşdu...
- O elə bizim anamız idi. Biz həmişə
fikirləşirdik ki, görəsən, cavan nənə necə
olur? Yaşlı qadın bütün
ömrünü-gününü bizə həsr etmişdi. Hələ
sonralar bizim uşaqlarımıza da o baxırdı. Nənəm
çox savadlı, kitab oxuyan, piano çalmağı bacaran
qadın idi. Qoca yaşında əzbərdən elə
gözəl şeirlər deyirdi ki, məəttəl
qalırdıq.
- Sizin zəhmətinizi
çəkməkdən şikayətlənib,
atanızı qınadığı məqamlar olurdu?
- Əslində, atamın taleyinin uğursuzluğunda
bir az da nənəmin rolu olub. Atam anamdan əvvəl
başqa bir qızı sevib. O, həmişə hirslənəndə
nənəmi qınayıb deyirdi ki, "məni sən bədbəxt
elədin".
Atam o qızla universitetdə
oxuyanda tanış olub. O qız atamı həddindən
çox sevib. Hətta mən eşitdiyimə görə o,
atamdan bir kurs yuxarı kimya fakültəsində oxuyurmuş.
Atamla paralel kursda oxumaqdan ötrü həmin qız bir il kursda
qalıb. O, nənəmgilə gəlib-gedirmiş. Nənəmin
paltarlarında, əlində gitara ilə şəkilləri də
var. O qızın valideynləri ayrıldığı
üçün onu nənəsigil böyüdüblər. Nənəm
də nəsilli-köklü, imkanlı ailənin qızı
olduğu üçün həmin nənə yanında
böyüyən qızın atamla ailə qurmasına
razılıq verməyib. Amma taleyin ironiyasına baxın ki,
atamın da ailəsi dağıldı və biz nənə
yanında böyüdük. Həyat bumeranqdır axı...
Sonralar o qız da ailə qurur. Oğlunun adını isə
Elşən qoyur.
- Atanız sonra o qızla rastlaşır?
- Hə, bir dəfə
görüşüblər. Uzun illərdən
sonra bir dəfə atam bağda oturub yazı
yazırmış. Görüb ki, qapı döyülür.
Açanda qarşısında həmin qadını
görür. Atam təəccüblənir. Amma qadın da
atamın bağda olduğunu gözləmirmiş. O, atama deyib
ki, "burda bir evə qonaq gəlmişdim. Ağlıma gəlməzdi
ki, sənin evində kimsə yaşayır. Sadəcə,
keçmişi yada salmaq üçün qapınızı
döydüm."
- Nənənizin
bu məsələdə
peşmançılığınızı
hiss etmişdiniz? Dilinə gətirmişdi bu barədə nəsə...
- Yox. O, hökmlü qadın idi. Bunun
üçün də əsasları vardı. Gözəl və
savadlı idi. Yaxşı da evdar idi.
Nənəmlə də heç vaxt belə söhbətlər etməmişik. Heç boynuna da
götürməzdi. Amma bir dəfə atam möhkəm
soyuqlamışdı. Yadıma gəlir ki, nənəm atama
görə qorxmuşdu. İlk dəfə onda nənəm
dilinə gətirdi ki, "onlar özləri ayrıldılar.
Mən heç nə etmədim."
Bacım həmin qadını sonralar tapıb
görüşmüşdü. Onlar həqiqətən də
bir-birlərini çox seviblər. Atam anamı sevməyib.
Anamın anası atamgilin bağının
yaxınlığındakı bağçada işləyirmiş.
Atam orda anamı görüb xoşuna gəlib, ailə qurublar.
- Dildar xanım, nənəniz nə qədər sizi əzizləsə də,
yəqin ki, xüsusən də yeniyetməlik, gənclik illərində
ananızı arzulayıb, onun xiffətini çəkmisiniz?
- Yox, nənəm bizə o qədər gözəl
baxırdı, əyləndirirdi ki, biz darıxmırdıq.
Ata qohumlarım da bizimlə həmişə çox mehriban
davranırdılar. Nənəmin yaxın qohumu, rəhmətlik
Hüseynağa Hadıyev, ondan sonra Seyfəddin
Dağlının qızı Qəmərlə bizim
uşaqlığımız, demək olar, bir yerdə
keçib. Ona görə də anam heç yadımıza
düşmürdü. Elə anamı tanıyandan sonra da bizdə
ona qarşı ana məhəbbəti olmadı. Biz onu bacı
kimi hiss edirdik.
Anam da atam kimi
özünə qapanan adam idi. Hərdən
uşaqlar mənə deyirlər ki, - sən get-gedə Ofa
mamaya oxşayırsan. Anamın teatrda tamaşası, məşqi
vardısa gedirdi. İşi bitən kimi evə
qayıdardı. Evdə qəzet oxuyurdu, televizora
baxırdı, yəni sakitcə istirahəti ilə məşğul
olurdu. Mənim evimdə nə qədər qonaqlıqlar, məclislər
keçirilib. Anam ya bir gün əvvəldən gəlib təbrik
edərdi, ya da bir gün sonra. Heç kimin məclisində
oturmazdı. Onunla bircə dəfə bir toyda birlikdə
olmuşuq. Vəssalam.
- Atanızın son günlərini
necə xatırlayırsınız?
- Atam iyirmi günün
içərisində getdi. Qaraciyəri
serroz idi. Amma nə biz, nə də özü bu barədə
heç nə bilmirdik. Bir dəfə dedi ki, ayaqlarım
ağrıyır. Elə o ağrı ilə də yatağa
düşdü. Serrozun əlamətlərindən heç
biri onda yox idi. Sakitcə uzanırdı, ağrısı da
olmurdu. Bir gün işdən evə gələndə nənəm
zəng vurdu ki, atanın halı dəyişib. Rəhmətlik
yoldaşımı da götürüb atamgilə gəldim.
Otağa girəndə gördüm ki, o, tavana baxır,
heç bir hərəkət, tərpəniş yoxdur. Onda
başa düşdüm ki, komaya düşüb. Təcili
yardım çağırdım. Həkim gəlib venasına
iynə vuranda da heç bir reaksiya vermədi. Eləcə, nəfəsi
gedib-gəlirdi. Baxışları da bir nöqtəyə zillənmişdi.
Səhər saat on birdən axşam səkkizə qədər
onun yanında oturdum. Arada ona qaşıqla su, qarpız şirəsi
içirtməyə çalışırdım.
İnanırsan, qızım, axşama qədər o, eləcə
bir nöqtəyə baxdı, baxdı, birdən
qayıdıb dedi ki, "peşman olmuşam". Elə ondan
sonra da vəziyyəti pisləşdi və
dünyasını dəyişdi.
Nənəm də atam kimi
sakitcə, rahat dünyasını dəyişdi. Onların
ölümünü görəndən sonra mən o biri
dünyaya, insan ruhlarının varlığına inandım.
Çox cavan yaşımda belə acı təcrübələrim
olub.
- Atanız rəhmətə gedəndə
Ofeliya xanım gəlmişdi?
- Gəlmişdi. Nənəmə başsağlığı
verməsini xatırlayıram. Nənəm rəhmətə
gedəndə də gəlmişdi. Onun hönkürtü ilə
ağlaması indi də yadımdadır.
- Ananızın ölümü
barədə də
müxtəlif şayiələr yayılmışdı... Ofeliya xanım nədən rəhmətə getdi?
- Qızım xaricdən gəlmişdi. Anam üçün saat və
bəzi hədiyyələr almışdı. Şənbə
günü anama zəng vurub ona dedim ki, birinci gün sizə gəlib,
hədiyyələrini gətirəcəm. Birinci gün nə
qədər zəng vurdum, nə mobil, nə də ev telefonuna
cavab verən olmadı. Oğlumu yolladım. Məlum oldu ki,
qapı ardından anamın iti hürür, amma qapını
açan yoxdu. Oğlumla danışandan sonra özüm gəldim.
Qonşunun eyvanına çıxıb anamın eyvanına
boylandım. Anamın yataq otağının pəncərəsi
onlardan görsənirdi. Diqqətlə baxanda bir əl
gördüm. Əvvəl elə bildim səhv edirəm, nəsə
gözümə görsənir. Ancaq diqqətlə baxanda
gördüm ki, yox, əl anamın əlidir. Bir o
yadımdadır ki, divara söykəndim. Və
öz-özümə düşündüm ki, o, artıq
ölüb (gözləri dolur. Söhbətə ara verməli
oluruq).
Qapını sındırmalarına icazə
vermədim. Qardaşım kranla
üçüncü mərtəbəyə
çıxıb evə girdi. Anam uzanılı vəziyyətdə
keçinməmişdi. Elə oturulu, söykənmiş vəziyyətdə
qalmışdı. Əli də yanına
düşmüşdü. Anamın ürəyi xəstə
idi.
Samirə,
mən ailəmə görə o qədər zəhmətlər
çəkmişəm, stress yaşamışam ki,
bunların hamısını dilə gətirməkdə, ifadə
eləməkdə çətinlik çəkirəm...
Beş övladın içərisində ən cəfakeşi
mən olmuşam.
- Onda ananız elə həmin
günü rəhmətə gedib?
- Əlbəttə. Anam rəhmətə
gedəndən sonra şayiə yaydılar ki, guya
üç-dörd gün bağlı evdə qalıb,
heç kimin onun ölümündən xəbəri
olmayıb.
Yalan söhbətdir. Hamısı boş-bekar adamların
söz-söhbətidir. Şənbə günü onunla
danışmışam, bazar günü isə
qonşuları onu həyətdə itini gəzdirən
görüblər. Birinci gün səhər vaxtı isə
bu hadisə baş verib.
- Atanızın dostları çox idi?
- Atamın dostları çox idi. Yusif Vəliyev,
Həşim Qadoyev, Salam Qədirzadə, Əli Kərim, Nəriman
Həsənzadə, Qabillə dostluqlarını, onların
bizə gəlişlərini xatırlayıram. Mən evimizdə
Abbas Zamanovu, İsmayıl Şıxlını
görmüşəm. Babam rəhmətə gedəndə
onlar bir dəfə yox, dəfələrlə bizə gəliblər.
Babam Şəmsəddin bəy
Mir Cəlalla, Mikayıl Müşfiqlə də çox
yaxın dost olub. Hətta onlar birlikdə Puşkinin
"Qaraçılar" əsərini tərcümə
ediblər. O vaxt Müşfiq tutulanda onun on birinci
"Çağlayan" adlı kitabı nəşriyyatda
çapa hazırlanırmış. Babam onun tutulma xəbərini
eşidəndə həmin kitabı ordan götürdür və
iyirmi il özündə saxlayır. İyirmi ildən sonra
kitabı üzə çıxarır. Babam Müşfiqin
son kitabını it-bat olmaqdan xilas edir.
- Babanız, nənəniz Müşfiqlə
bağlı xatirələrini
danışırdılar?
- Nənəmin pianinosu indi mənim evimdədir. Nənəm
deyirdi ki, Mikayıl Müşfiqin bacısı Balacaxanım
onlara gələndə həmin pianoda tez-tez müxtəlif
mahnılar ifa edirdi. Müşfiqin həyat yoldaşı Dilbər
xanımın bizə gəlişini mən də
xatırlayıram.
- Dildar xanım, aradan uzun illər keçib. Valideynlərinizin
hər ikisi dünyadan köçüblər. Bu gün onları
necə xatırlayırsınız?
- Mən həmişə Gündüz Abbasovun övladı olduğum üçün Allahıma
şükür etmişəm.
Onun bizim dünyagörüşümüzün
formalaşmasında, mədəniyyətimizdə,
yaşam tərzimizdə
çox böyük rolu olub. Düzdür,
bizə nə ana, nə də
ata baxmayıb. Biz baba, nənə
uşaqları olmuşuq.
Bütün zəhmətimizi və qayğımızı
onlar çəkiblər.
Ancaq atamın bir kişi
kimi, özü də tündxasiyyət kişi kimi tərbiyəmizin formalaşmasında
böyük rolu olub. Onun kölgəsi həmişə
bizim üzərimizdə
olub. Anamız Ofeliya xanımı
da, bayaq dediyim kimi, böyük
bacı bilmişik.
O, bacımı dünyaya
gətirəndə on beş yaşında günahsız bir qız olub. O, həmişə deyərdi
ki, "Gündüzlə
mən bir-birimizə çox yaraşırdıq.
Biz gözə gəldik". Nə
deyim... Həyatları gətirməyib, taleləri alınmayıb.
Biz onların hər ikisini həmişə ehtiramla xatırlayırıq.
Söhbətləşdi:
Samirə Əşrəf
Ədəbiyyat qəzeti.- 2018.-
30 iyun.- S.6-7.