"Bu intizarın
ömrü uzun olmayacaq"
Abdulla Qurbani ilə
müsahibə
"Parad" sözü
latıncadan "paro" sözündən
götürülüb, azərbaycanca mənası
"hazır" deməkdir. Hərbi paradlar
adətən dövlət səviyyəli əlamətdar və
tarixi günlərdə, eləcə də hərbi
şöhrət bayramlarında ordunun şəxsi heyətinin
marş sədaları altında fəxri keçidi və
çox vaxt da döyüş texnikalarının
nümayişi ilə icra olunur. 100 illik Azərbaycan
Xalq Cümhuriyyəti tarixində ilk parad 1919-cu ildə
Bakı şəhərində, indiki Muzey Mərkəzinin yerləşdiyi
ərazidə keçirilmişdir. 26 iyun
2018-ci ildə paytaxt Bakıda, Azadlıq Meydanında
keçirilən möhtəşəm parad isə müstəqilliyini
yenidən bərpa etmiş dövlətimizdə sayca beşinci
paraddır. Bu parad dövlətimizin polad dayağı,
xalqımızın təhlükəsizliyinin, ölkəmizin
ərazi bütövlüyünün təminatçısı
olan müasir Silahlı Qüvvələrimizin güc və
qüdrətinin nümayişi olmaqla yanaşı, həm də
Azərbaycan əsgərinin Ali Baş Komandanın əmrlərinə
hər an hazır olduğunu bir daha təsdiq etdi.
Dördüncü dəfədir ki, hərbi parada
aparıcılıq edən əməkdar incəsənət
xadimi, Prezidentin fərdi təqaüdçüsü,
Müdafiə Nazirliyinin zabiti, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, polkovnik Abdulla Qurbani
ilə müsahibəni oxucularımıza təqdim edirik.
- Abdulla müəllim, əvvəla
sizi Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
ilə Azərbaycan Respublikasının ərazi
bütövlüyünün qorunub-saxlanmasında,
qarşıya qoyulmuş tapşırıqları yerinə
yetirərkən fərqləndiyinizə görə 3-cü dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif olunmağınız münasibətilə təbrik
edir və Xalq Cümhuriyyəti Ordusunun sədaqətli varisi
olan müasir ordumuz haqqında fikirlərinizi bilmək istərdik.
- Hələ
yüz il öncə qəbul edilmiş Azərbaycan
Xalq Cümhuriyyətinin "İstiqlal Bəyannaməsi"ndə
deyilirdi: "Azərbaycan özünü xarici müdaxilələrdən
müdafiə etmək, daxili düşmən qüvvələri
zərərsizləşdirmək üçün nizami orduya
malik olmalı, özünün Silahlı Qüvvələrini
yaratmalıdır. Müstəqil ordusu olmayan
dövlətin milli dövlətçiliyi həmişə
yadellilərin təhlükəsi altında yaşamağa məhkumdur".
Xalq
Cümhuriyyəti dövründə ordu quruculuğu siyasətində
milli hiss, milli birlik, milli iftixar, Vətənə, torpağa
bağlılıq əsas prinsiplər idi. Bu
prinsiplərə əsasən hər bir zabit və əsgər
özünün tarixini, keçmişini, kökünü,
soyunu bilməli, onlara qırılmaz tellərlə
bağlı olmalı, Vətənini, dilini, millətini sevməli,
onların qeyrətini çəkməlidir.
Müasir Azərbaycan Ordusu Xalq Cümhuriyyəti ordusunun
varisidir və bu varislik ənənələrinə həmişə
sadiqdir. Hər
bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı
fəxr edir ki, XX əsrin sonlarında müstəqilliyini bərpa
etmiş müasir Azərbaycanımızın bu gün
güclü, qüdrətli ordusu var və bu ordu
qarşısına qoyulmuş istənilən
tapşırığı yerinə yetirməyə hər an
hazır və qadirdir.
Ordumuzun əsasının
1918-ci ildə qoyulmasına baxmayaraq, peşəkar Azərbaycan
Ordusunun yaradılması ulu öndər Heydər Əliyevin
adı ilə bağlıdır və bu ordunu yaratmaq
müdrik, qətiyyətli sərkərdəmizin, əbədiyaşar
Ali Baş Komandanımızın xalqımız
qarşısında ən böyük xidmətlərindəndir.
25 il
öncə ümummilli liderimizin xalqın təkidli tələbi
ilə Azərbaycan hakimiyyətinə
qayıdışından sonra ordu quruculuğunun yeni mərhələsi
başlamış və bu proses möhtərəm Prezidentimiz
cənab İlham Əliyevin rəhbərliyi altında daha da
inkişaf etməkdədir.
Yeni Azərbaycan dinamik sürətlə inkişaf edərək
bütün sahələrdə, o cümlədən ordu
quruculuğunda böyük uğurlar qazanmış və bu
gün də ölkəmiz daha xoşbəxt gələcəyə
doğru inamla irəliləməkdədir. Ali Baş
Komandan cənab İlham Əliyevin Prezident kimi fəliyyətində
ordu quruculuğu məsələləri prioritetdir. Silahlı Qüvvələrimiz dövlət səviyyəsində
hər cür diqqət və qayğı ilə əhatə
olunub. Bu, Azərbaycan əsgərini
sevindirir və onu daha böyük qələbələr
qazanmağa ruhlandırır.
2016-cı
ilin aprel döyüşləri zamanı Füzuli, Cəbrayıl,
Ağdərə, Tərtər istiqamətlərində və
bu yaxınlarda Naxçıvan Muxtar Respublikası ərazisində
Azərbaycan Ordusu təsdiq etdi ki, o, Silahlı Qüvvələrə,
onun şəxsi heyətinə dövlət səviyyəsində
göstərilən diqqət və qayğıya, etimada cavab
olaraq Azərbaycanın ərazi bütövlüyünü
tezliklə təmin etmək gücündədir.
Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə
keçirilən rəsmi qəbulda dövlətimizin
başçısı demişdir: "Biz güclü ordu
yaratmışıq. 1918-ci ildə Azərbaycan Ordusunun
yaradılması haqqında qərar veriləndə yəqin
ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür
edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu
dünyanın ən güclü 50 ordusu sırasında
olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı,
həm də döyüş qabiliyyəti ən yüksək
səviyyədədir. Biz bunu
döyüş meydanında sübut edə bilmişik".
Həqiqətən
də intensiv döyüş və əməliyyat
hazırlığı, manevrlərin, genişmiqyaslı təlim
və məşqlərin, döyüş
atışlarının və uçuşların
keçirilməsi, gəmilərin Xəzər dənizi
akvatoryasına çıxışları hərbi fəaliyyət
meydanında istənilən tapşırığı yerinə
yetirmə üzrə Azərbaycan Silahlı Qüvvələrinin
geniş imkan və hazırlığını göstərir.
Onu da nəzərinizə
çatdırım ki, 2018-ci il ordumuzda
komandir hazırlığı və bütün səviyyədə
olan komandirlərin real döyüş şəraitində
qoşunların və silahların idarə edilməsi üzrə
bacarıq və vərdişlərinin təkminləşdirilməsi
ili elan olunub.
Müharibə şəraitində yaşayan bir ölkə
üçün ən vacib məsələ ordunun şəxsi
heyətinin və ümumiyyətlə, vətəndaşların
sağlam mənəvi-psixoloji hazırlığa, ruh yüksəkliyinə,
özünə inama və yüksək vətənpərvərlik
hisslərinə hakim olmalarıdır. Bu gün Azərbaycan
cəmiyyətində, ordumuzda məhz belə bir əhval-ruhiyyə
mövcuddur. Bütün bunların nəticəsidir
ki, xalqımız ordumuza arxalanır, güvənir və istənilən
döyüş tapşırığını yerinə
yetirməyə qadir bir qüvvə kimi böyük inam bəsləyir.
Biz bu isti münasibəti həm də Azərbaycan
Yazıçılar Birliyindən, onun rəhbərliyindən
və hər bir üzvündən görürük.
Azərbaycan Ordusunun əldə etdiyi uğurların
arxasında, heç şübhəsiz, möhtərəm
Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin gərgin
əməyi və davamlı qayğısı dayanır. Biz isə öz növbəmizdə
göstərilən ehtimadı əməli fəaliyyətimizlə doğrultmağa
çalışırıq.
- Yubiley paradı xalqımızda
çox böyük ruh yüksəkliyi yaratdı. Ali Baş
Komandanın nitqi, əsgər və zabitlərimizin tribuna
önündən inamla irəliləməsi, hərbi
texnikaların nümayişi və döyüş təyyarələrinin,
helikopterlərin uçuşu qürurverici idi. Bu
barədə hərbi paradın aparıcısını dinləmək
oxucularımız üçün də maraqlıdır.
-
Silahlı Qüvvələrimizin 100 illiyinə həsr
olunmuş hərbi paradda bütün qoşun növlərini
təmsil edən üç mindən artıq hərbi
qulluqçu iştirak edərək, Vətənə, xalqa,
dövlətə, öz Ali Baş Komandanına, ulu öndər
Heydər Əliyev ideyalarına bir daha sədaqətini
bildirdi. 240-dan çox hərbi texnika, 70-dən artıq
uçuş vasitəsi, o cümlədən silahlanmaya yeni qəbul
edilmiş zirehli texnikalar, raket və artilleriya silahları, hava
hücumundan müdafiə sistemləri, döyüş
helikopterləri, təyyarələr, pilotsuz uçuş
aparatları kimi müxtəlif növ ən yeni silah və
texnikalar nümayiş olundu. Sözün həqiqi
mənasında, Azadlıq Meydanında hərb tariximizin yeni
bir şanlı səhifəsi yazıldı.
Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin hərbi
paraddakı nitqi həm xalqımızın, həm də Vətən
əsgərlərinin böyük ruh yüksəkliyinə səbəb
oldu. Bundan sonra qarşımızda daha ciddi, daha məsul vəzifələr
durur. Ölkə rəhbərinin ümidlərini
doğrultmalıyıq. Onu da deyim ki, Ali
Baş Komandanın qətiyyətli və ötkəm
çıxışı həm də düşmənlərimiz,
onların havadarları üçün bir ismarıc idi.
Hərbi paradın fəxri tribunasından Ali Baş
Komandanımız bir daha vurğuladı ki, biz istəyirik
münaqişə sülh yolu ilə həll olunsun. Düşmən
bilməlidir ki, onun bir dənə də olsun hərbi və
strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Düşmənin bütün hərbi obyektləri,
bütün strateji əhəmiyyətli məntəqələri
Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər.
Bizim bu gün nümayiş etdirəcəyimiz
silahlar həm Azərbaycan xalqına, həm düşmənə,
həm də bütün dünyaya bunu göstərəcək.
Ona görə də məsələnin tezliklə
danışıqlar yolu ilə ədalətli həlli, Azərbaycanın
ərazi bütövlüyünün tezliklə bərpa edilməsi
qarşı tərəfin də marağında
olmalıdır.
Dövlətimizn başçısı inam hissi ilə
qeyd etdi ki, tarixi ədalət bizim tərəfimizdədir, beynəlxalq
hüquq bizim tərəfimizdədir, iqtisadi güc bizdədir,
hərbi güc bizdədir, vətənpərvərlik ruhu bizdədir.
2016-cı
ilin Aprel döyüşlərində, 2018-ci ilin
Naxçıvan əməliyyatında
torpaqlarımızın işğaldan azad edilməsində
xüsusilə fərqlənən döyüş
bayraqlarının Azadlıq Meydanında nümayiş etdiriləcəyini
bildirən Ali Baş Komandan böyük əminliklə bir
daha nəzərə çatdırdı ki, gün gələcək
və bu gün işğal altındakı torpaqlar azad
olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı
Azadlıq meydanına gətirələcək və hərbi
paradda göstəriləcək. Biz bu müqəddəs
günü yaxınlaşdırmalıyıq və
yaxınlaşdırırıq.
- Bu möhtəşəm tədbirdə
iştirak edən parad heyətləri barədə məlumat
vermənizi istərdik.
- Hərbi
parad Azərbaycan Respublikasənın Dövlət
bayrağı altında Silahlı Qüvvələrin parad heyətlərinin
təntənəli yürüşü ilə
başlandı. Sonra qoşun növlərinin, eləcə
də qeyd etdiyimiz kimi, Aprel zəfərinin
qazanılmasında, Naxçıvanda strateji yüksəkliklər
silsiləsinin azad edilməsində, on bir min hektardan çox ərazinin
nəzarətə alınmasında fərqlənən hərbi
hissələrin döyüş bayraqları Azaqlıq
Meydanına gətirildi. Ulu öndərimiz Heydər
Əliyevin 1971-ci ildə yaratdığı indiki Cəmşid
Naxçıvanski adına Hərbi Liseyin
kursantlarından, Azərbaycan Ordusunun zabitlərindən, Heydər
Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin
kursantlarından ibarət parad heyətləri tribuna
önündən keçdilər.
Qardaş Türkiyə Cümhuriyyəti Silahlı
Qüvvələrinin parad heyəti xüsusi coşqu ilə
qarşılandı. 100 il öncə xilaskarlıq missiyası
ilə Azərbaycana gəlmiş və milli ordumuzun ilk
döyüşçüləri ilə birlikdə
Bakını bolşevik-daşnak işğalından azad
etmiş qəhrəman Türk əsgərlərinin varisləri
alqışlara qərq olmuşdular. Doğrusu,
mən də həmin anlarda mikrafon arxasında sevincimdən
yerə-göyə sığmırdım. Sevinci, kədəri
bir olan, bir millət, iki dövlətin sarsılmaz, əbədi
dostluğuna və qardaşlığına şüarlar səsləndirirdim.
Sülhməramlı,
Əməliyyat İmkanları Konsepsiyası və Əməliyyat
Ehtiyyatları taborlarının, Xüsusi Təyinatlı
Qüvvələrin və Dəniz Piyadaları bölmələrinin,
o cümlədən, Daxili İşlər Nazirliyinin, Dövlət
Təhlükəsizliyi Xidmətinin, Fövqəladə Hallar
Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi
Dövlət Mühafizə Xidmətinin Milli
Qvardiyasının hərbi qulluqçuları nizami
sıralarla irəliləyərək Vətən uğrunda
Ali Baş Komandanın əmrlərinə hazır
olduqlarını nümayiş etdirdilər.
Sonra Azərbaycan
Ordusunun güc və qüdrətinin təqdimatı, ən
müasir hərbi və xüsusi texnikaların, üzərində
SPAYK-LR, SPAYK-ER tank əleyhinə idarə olunan raket kompleksi,
pilotsuz uçuş aparatları əleyhinə qurğular yerləşdirilmiş,
zirehli avtomobillər, Azərbaycanda istehsal olunan mina əleyhinə
yüksək müdafiə sistemi ilə təchiz edilmiş
MARAL-1 və MARAL-2 zirehli avtomobillər, ağır hərbi
texnika istehsalında yenilik hesab edilən zirehli transportyorlar,
Dövlət Sərhəd Xidmətinin hərbi texnikaları,
zərbə pilotsuz uçuş aparatları, zirehli-tank
texnikası, artilleriya silahları sistemləri, raket
silahları sistemləri təqdim edildi.
Bakı buxtasında reyddə dayanmış Hərbi Dəniz
Qüvvələrinin döyüş gəmiləri
haqqında məlumat verildi.
Döyüş təyyarələrinin və helikopterlərinin
nümunəvi çıxışları isə hərbi
paradın möhtəşəmliyini daha da artırdı. Qeyd etmək
istərdim ki, Azərbaycanın Hərbi Hava Qüvvələri
bu gün hərbi əməliyyatlar teatrının istənilən
nöqtəsində düşmənə sarsıdıcı
zərbələr endirmək gücünə malikdir.
Hələ
1997-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik
Məktəbinin ilk buraxılış mərasimində ulu
öndərimiz Heydər Əliyev demişdir: "Mən istəyirəm
ki, bizim güclü aviasiyamız olsun. İstəyirəm
ki, bizim cəsur şahinlərimiz olsun. Bu
şahinlər öz məharətlərini bütün
dünyaya göstərsinlər, o cümlədən,
keçmiş illərdə bizim millətə bu sahədə
bacarıqsız kimi qiymət verən adamlara göstərsinlər
ki, azərbaycanlılar hər bir işin öhdəsindən
gəlməyə qadirdirlər. Azərbaycanlıların
istedadı havanı, səmanı fəth etməkdə də
ən yüksək səviyyədə ola
bilər. Mən əminəm ki, belə də
olacaqdır. Mən tam əminəm ki, bu
gün də, gələcəkdə də bizim gənclərimiz
bunu nümayiş etdirəcəklər".
Həqiqətən də, hərbi paradda milli şahinlərimiz
ulu öndərimizin arzu və istəklərini reallığa
çevirdilər. Aviasiya tarixində "Su-25" tipli təyyarə
ilə heç bir ölkədə icra edilməyən elə
bir riskli pilotaj fiquru həyata keçirildi ki, bütün
parad iştirakçıları öz həyəcanlarını
gizlədə bilmədilər. Dahi Heydər Əliyevin
neçə illər öncə dediyi kəlamlar Azadlıq
meydanında qürurla səslənirdi: "Çox sevinirəm
ki, indi milli şahinlərimiz var. Sevinirəm ki, bizim şahinlərimiz
Azərbaycan səmasını daim qorumağa, Azərbaycan ərazisini
qorumağa, Azərbaycanın müstəqilliyini qorumağa
qadirdirlər".
Onu da
bildirmək istəyirəm ki, hərbi paraddan sonra
qardaşTürkiyədən gəlmiş "Türk
Ulduzları" eskadriyası və "Solo Türk"
aviasiya qrupunun pilotları Bakı buxtası üzərində
möhtəşəm pilotaj nümunələri göstərdilər.
Ümumiyyətlə, builki hərbi parad Azərbaycan
Silahlı Qüvvələrinin tarixinə, hərb tariximizə
yaddaşlardan silinməyəcək şanlı bir səhifə
kimi yazıldı.
- Bəs Abdulla Qurbani bir yazar
kimi bu bayrama, bu yubileyə hansı töhfələrlə gəlmişdi?
- Xalq artisti, bəstəkar Faiq Sücəddinovla birgə
işlədiyimiz və əməkdar artist Ramil Qasımovun ifa
etdiyi "Vətən əsgəri" marşı, eləcə
də bəstəkar Azad Zahidlə birgə
yazdığımız, əməkdar artist Ehtiram
Hüseynovun ifa etdiyi "Günnüt zəfəri"
mahnısı yubileyə ən gözəl hədiyyəmizdir.
- Abdulla müəllim, bundan sonra da
xidmətinizdə, yaradıcılığınızda sizə
uğurlar arzulayır və səsinizin tezliklə Qələbə
paradından gələcəyini intizarla gözləyirik.
-
Çox sağ olun! Yəqin
ki, bu intizarın ömrü uzun olmayacaq.
Söhbətləşdi: Cəmilə
AZƏR
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.2-3.