"Yatağına sığmayan
çay"ın poeziyası
Avdı Qoşqar ədəbiyyata keçən əsrin
80-ci illərində ilk şeirlər kitabı "Dünyaya
yağaram qarla, yağışla" gəldi. Və bu kitabda toplanan
şeirlər şairin 70-ci illərinin ortalarından
başlayan ardıcıl, enerjili
yaradıcılığını kifayət qədər təfərrüatlı
bir şəkildə əks etdirməklə yanaşı,
göstərirdi ki, onun poetik təfəkküründə təbiətlə
cəmiyyətin bədii-fəlsəfi vəhdətdə dərkinə
maraq olduqca güclüdür... Şair sonralar qələmə
aldığı şeirlərində də həmin
ideya-eıtetik istiqaməti davam etdirib daha da dərinləşdirdi.
Və təbiətdə cəmiyyəti, cəmiyyətdə
isə təbiəti ideya-estetik anlamının zahirən sadəlövh,
daxilən isə xeyli dərəcədə elə intellektual
"təcrübə"lərini təqdim etdi ki, yeni
yaradıcılıq təzahürlərinə qarşı bəzən
inkarçı- nihilist, çox hallarda isə laqeyd münasibət
göstərən XX əsrin sonu, XXI əsrin əvvəlləri
Azərbaycan ədəbi-ictimai mühiti Avdı
Qoşqarın poeziyasındakı özünəməxsusluğu
etiraf eləməyə bilmədi...
Yaradıcılığının (və xüsusilə
istedadının) məhsuldarlığı müqabilində
şeir kitabları az-az, beş-altı ildən bir nəşr
olunsa da, elə bilirəm ki, onun ədəbi aləmdəki
şair nüfuzu indiyə qədər haçansa nəinki
şübhə doğurub, əksinə, illər keçdikcə
daha da artıb, yüksəlib; təbiətdə cəmiyyəti,
cəmiyyətdə isə təbiəti daha dərinlərdə
axtarmaq (və görmək) intuisiya - inersiyası təkmilləşib,
bir az çoxmənalı, bir az dərdli, bir az da emosional
olub:
Bu
çay bu yatağa sığmaz,
sığmaz, canım gözüm, sığmaz.
Axar sular
dar məcrada
axmaz,
şirin sözüm, axmaz.
Yatağı
yandırar azı,
canı
"usandırar" azı,
daşı dayandırar azı -
axmaz,
qaragözlüm, axmaz...
Avdı Qoşqarın "Bu çay bu yatağa
sığmaz" kitabı, əsasən, son illərdə qələmə
aldığı şeirləri, bədii-publisistik məqalələri
əhatə edir ki, həmin yazıların hər birində,
köhnə təbirlə desək, müasirimizin nəbzi
döyünür. Bəzən aramla, yavaş-yavaş, yəni həyatın
normal tempinə uyğun olaraq; bəzən də həyəcanla,
sürətlə, şiddətlə... Və dərhal hiss
edilir ki, şair ürəyi bu narahat, insan taleyi
üçün risklərlə dolu dünyamızın
ritmini, intonasiyasını öz üzərinə
götürməkdən çəkinmir... Harda
bir ağac kəsilirsə, harda bir yaşıl yaşamaq
eşqi baltalanırsa, Avdı bunu ümumən
insanlığa qarşı cinayət, Allahsızlıq hesab
edir. Yalnız təbiətin deyil, həm də cəmiyyətin
(mənəviyyatın) ekologiyasına qəsd sayır:
Allahsız
uşağı Allahsız!
Bu ağaca necə qıyır əliniz?
Necə kəsirsiniz
şah damarını,
Necə kəsirsiniz göy vüqarını?
Necə kəsirsiniz,
- güclə dayanır,
güclə dayanmaqdı dünyadan payı.
Yer altda
kökləri, təşnədir - yanır,
Yer
üstə dəhnədən kəsilib çayı...
Göyündə
şimşəklər baş-başa gəlir,
Tövşüyür, təntiyir yerin nəfəsi.
Necə
qıyırsınız -
daş
daşı yeyir,
Necə
qıyırsınız -
batır
su səsi...
Şairin bu cür şeirləri bir daha göstərir
ki, poeziya, ədəbiyyat həm də bizə bəxş
olunmuş Həyat üçün məsuliyyətdir. Və bu məsuliyyəin
dili çox zaman Allahsızlığa qarşı üsyan,
qiyam və hayqırtıdır.
Avdı
Qoşqar deyəndə ki:
...Daşa
- babam deyir, ağaca - obam,
Ağacsız
yaşayam, daşsız yaşayam,
Ovuda
bilmirəm bircə ürəyi...
- buna şübhə eləməyə adamın
ürəyi gəlmir... Ona görə yox ki, Avdı
bütün linqvopoetik təbiəti ilə səmimidir, həm
də (və daha çox!) ona görə ki, Avdının
şair sözünün arxasında hər cür bəzək-düzəkdən
kənar canlı həyat dayanır; o həyat ki, həm
normal, həm də fövqəladə ritmləri ilə bizim
ürəyimizdə döyünür... İstər fərdi-şəxsi,
istərsə də ictimai təlatümləri, ləngəri
ilə...
Doğrudur,
Avdı Qoşqarın şeirlərində "xalq",
"millət" sözlərinə, demək olar ki, təsadüf
olunmur, ancaq onun poetik dilində "insan" elə
"xalq", "millət" deməkdir. Və insanın dərdi
tam miqyası ilə xalqın, millətin dərdidir...
Və bu
da bir həqiqətdir ki, Avdı şeirlərində
"xalq", "millət", "vətən"
sözlərini bundan sonra da işlətdi-işlətmədi,
fərqi yoxdur, onun poeziyasının bütün ruhunda,
canında; poetik dilinin, üslubunun ədasında Vətən
var, millət var, xalq var...
Avdı çox işlənmiş, istismar olunmuş,
dönə-dönə yağmalanmış sözdən
qaçır; yeni, təzə-tər, qatı
açılmamış sözlər, ifadələr tapıb
(və ya yaradıb!) işlətməklə
sözünün qarasınca gedənləri beş-on
addımdan sonra başına nə gələcəyini bilmədiyi
çəhlimlərlə aparır. Və əsas da odur ki,
eniş-yoxuşdan, daş-qayadan, kol-kosdan çəkinmədən
özü öndə gedir... Sözünün, hisslərinin,
duyğularının önündə...
Avdı Qoşqar poeziyasının gücü onun daxili
intellektuallığında olduğu qədər də zahiri
sadəlövhlüyündədir dedik. Və təsadüfən demədik...
Dərd
bilməmək - naşılığın ən pisidir,
Ən hündür səs - əzilənin haqq səsidir.
Ən
çətini - insanın son nəfəsidir;
Ən
asan şey nədi,
onu biləmmədim.
Və bu
sadəlövhlük onun sevgi şeirlərində
bütün miqyası ilə görünür... Yalnız görünmür, həm də Avdı Qoşqar
üslubunun atributuna, onu şair eləyən mənəvi-əxlaqi
enerjinin (istedadın) təzahür texnologiyasına
çevrilir.
Avdının bədii təxəyyülü bir mətləbdən
başlayıb həqiqət axtara-axtara yüz gümana
düşə bilər, həyatın, idrakın, xəyalların
hər künc- bucağına baş vura, hər cür şəkk-şübhələrə
düşə bilər. Bununla belə, son sözünü
yarımçıq qoymaz. Çünki
Avdı o şairlərdəndir ki, ilhamı onları heç
vaxt aldatmır, təxəyyülləri azmır,
gümanları çaşmır.
"Bibliya"
insanın övladının doğulan andan
"günahkar" olduğunu çox-çox qədim
zamanlardan bütün dünyaya bu günə qədər təkzibi
mümkün olmayan "faktlar"la elan etmişdir... Avdı
da insanın günahkarlığından bəhs edir, ancaq bu,
tamamilə başqa günahkarlıqdır:
Sevgi
qatiliyik -
Günahkar əlimiz qana bulaşıb.
Qanla
oynayırıq,
qan
çanağıyıq...
...Ömür
yaşayırıq - günah içində,
Qapımız qəzaya-qədərə açıq.
Ölən
sevgilərin kölgələriyik -
Kölgə
də, tərs kimi, adamdan qaçır...
Avdının
sevgi şeirlərində də çox dərin etnoqrafik məzmunlu
bir məsuliyyət var...
Adam kimi, kişi kimi, mərd-mərdanə sevməkdən
gözəl nə varmış... Xüsusilə poeziyada, ədəbiyyatda...
Ağrı-acılar çəkə-çəkə,
bütün günahları özündə görə-görə...
Əslində,
bu da sevgi şeiridir... Ancaq, şairin özü demiş,
"daş dili"ndə:
Sən
olan ürəyi -
sənə vermədim,
Sən
olan ürəyi -
döndərdim daşa...
Daş
ürək danışır
Qobustan
dili...
Bu dili
bilmirəm kim anlayacaq?
Kim duya
biləcək -
əski
sözləri?!.
...Hansı
məqamdayam bu "daş ağıl"la?
Uzat əllərini
bu daş adama,
Uzat,
axırıma çıxdı nağıllar...
Avdının
ana şeirləri ona görə bənzərsiz, mükəmməl
və təsirlidir ki, burada öz-özlüyündə nə
qədər böyük ədəbi-ictimai dəyəri olsa
da, ümumiyyətlə yox, özünəməxsus bir Ana
obrazı var. Yəni bu mənim, sənin, onun deyil; məhz
Avdının Anasıdır:
Nə
söz söyləyərdim sözünün üstə,
nə dərdlər
döyülüb dizinin üstə,
Ömrünün
dağına, qışlaqlarına -
baxıban fələyin işdəklərinə -
yanırdım, nəzəri qoymurdu dinəm,
düz
sözün qabarlı əli olardım...
...İndi
daha elə bir yananım yox,
nə də
insanlara elə inamım...
...Nə
vaxtsa qorxduğum bir qarı vardı,
torpaq əllərimdən
alıb apardı...
məni
qorxudurdu onun sağlığı...
Avdının
yalnız poeziyasında yox, ümumən təfəkküründə,
düşüncəsində, həyat tərzində bir ailə-əxlaq
( etnoqrafiya!) filosofluğu var ki, onu
yaxından tanıyanların hamısı bu filosofluğun təfərrüatını,
güman edirəm ki, yaxşı bilir. Təfərrüat deyəndə
ki, Avdı heç vaxt onu kiməsə şərh eləməyib,
ancaq elə ki, bu mövzuda bir söhbət düşür, o
öz mövqeyini ya "ayə, həə!..",
ya da "ayə, yox!.." deməklə bildirir. Və dərhal
görürsən ki, həmin mövqe üzdə deyil,
çox-çox dərin etnoqrafik qatlardan - dədə-babalardan
gəlir... Demək olmaz ki, Avdının bu və ya digər məsələyə
münasibətdə dədə-babalarla ümumiyyətlə
polemikası yoxdur... Var... Ancaq bu, çox ağır bir
söhbətin mövzusudur... Əsas isə odur ki,
Avdının poetik təfəkkürü fəlsəfi
olduğu qədər də fəlsəfi təfəkkürü
əxlaqlı, dədə-babalıdır...
Avdının şair-mütəfəkkir istedadının mühüm əlamətidir ki, özgənin ağıllı, müdrik sözünə öz sözü qədər həssas yanaşır, dəyər (və şərh) verir, özgənin sözünü öz sözünə çevirir... Və bütün varlığı ilə dərk edir (və dərk etdirir) ki, bu dünyada "mənim-sənin" yoxdur, dünyanın sözü dünyada qalacaq.
"Ötən illərin duyğuları"nda ictimai motivlər həm bir insanın, həm də bütövlükdə cəmiyyətin taleyindən danışanda özünü göstərir. Ancaq publisistik çılpaqlıqla deyil, bədii-fəlsəfi mənalandırmalar, ümumiləşdirmələrlə:
Duyan baş ayırar dolunu boşdan,
Duyar havasını hər gələn qışın.
Yağır
daş yağışı, yağır obaşdan
Başını
altına tutub "yağışın".
Sinə dərdlə dolu, gözləri yaşla,
Başı qarışıbdı suya, çörəyə.
Öyrənib müsəlman bu daşlı başla
Bu daş yağışına - "oxqay" - deməyə...
Avdı Qoşqarın "Bu çay bu yatağa sığmaz" kitabına az qala şeir kimi duyğusal bir intonasiya ilə qələmə alınmış məqalələri də daxil edilmişdir ki, bunlar "Mənlə Allah arasında...", "Ramiz Qusarçaylıya açıq məktub", "Borçalıya, Rafiq Hümmətə açıq məktub" və "Mən gördüyüm Amerika (yol qeydləri)"ndən ibarətdir.
"Mənlə Allah arasında..." bu yaxınlarda dünyadan köçmüş gözəl şair Camal Yusifzadənin xatirəsinə həsr olunmuşdur. Və bu yazıda Avdı bənzərsiz şairin təkrarsız obrazını yaratmışdır:
"Şeirləri kimi çox sakit gəlib-gedərdi işə. Elə bil ayaqlarını yerə bərk basmazdı ki, səsi möhkəm çıxar. Yarım saatdan, bir saatdan bir enərdi pilləkənin başına siqaret çəkməyə. Çox məlumatlı tərəf-müqabil idi. Hər şeyi özünəməxsus detallarla izah eliyərdi. Gördüklərimin, tanıdıqlarımın içində bəlkə də ən məlumatlı, müasir təfəkkürə malik bir insan idi. Hər şeyi öz dozasında təhlil eləyərdi. Müasir siyasətin, çağdaş ədəbi prosesin əlçatmaz məqamlarını elə ustalıqla kəsib doğrayardı ki..."
"Açıq məktub"larda həm Ramizin, həm də Rafiqin poeziyasını Avdı özünəməxsus peşəkarlıqla (və səmimiyyətlə) təhlil etməklə yanaşı, ümumən ədəbiyyatın, xüsusilə poeziyanın istər "daxili sirləri", istərsə də ictimai missiyası barədə maraqlı fikirlər söyləyir.
"Mən gördüyüm Amerika"ya gəldikdə isə bu yazını sadəcə "yol qeydləri" adlandırmaq, elə bilirəm ki, müəllif tərəfindən təvazökarlıqdırsa, bizim tərəfimizdən insafsızlıq olardı. Və cəsarətlə deyə bilərik ki, "Mən gördüyüm Amerika" Azərbaycan bədii publisistikasında bu mövzuya həsr olunmuş ən istedadlı (və mükəmməl) yazılardan biri, hətta demək olar ki, birincisidir. Niyə?.. Hər şeydən əvvəl ona görə ki, bu müfəssəl yazıda təbiətən koloritli bir qələm adamının "uzaq" (və kosmopolit!) Amerikanı yenidən (və humanist texnologiyalar mövqeyindən) "kəşf etmək" təşəbbüsü, bir daha dərk etmək iddiaları var. Və bu iddialar hər cür siyasi-ideoloji konyukturlardan çox-çox uzaqdır:
"Haraya, nəyə gəldiyimizi əl-ayaqla izah eləyə bilmirdik. Amerikalılar bəs qədər dəqiq, praqmatik adamlardır. Elə-belə, hay-küylə onlardan aralanmaq mümkün deyil. Axırda, əlacsız qalıb rus dilində tərcüməçi gətirdilər. Tərslikdən, ya xoşbəxtlikdən "xilaskarımız" da sarışın adamıydı, "sevdiyimiz" rusa oxşayırdı. Elə bil ən əziz adamımızı gördük. Az qaldım o İvanın ətəyindən tutub bayraq kimi yuxarı qaldıram ki, bu vağzalda, ingilisin, zəncinin, meksikalının içində (Kolumbiyanın Meksikaya çox yaxın sərhəddi var) xilaskarımızı tapdıq.
Çox dəqiq "araşdırmadan" sonra aydın oldu ki, biz terrorist deyilik, ərəb ölkələrindən qaçıb gəlməmişik, bura da son nicat yolu kimi baxmırıq. Burdan sığınacaq-zad istəmirik. Özümüzün gül kimi yerimiz, yurdumuz, vətənimiz var. Düzdür, bir qədər donluğumuz bunlara nisbətən aşağıdır, bir də nə olsun ki, qanunlarımız bunlarınkı kimi dəqiq işləmir, ancaq bizim də öz at işləməz yollarımız var ki, bunlar min il də qalsa, biz eləyənləri bacarmazlar, bizə baxıb, qalarlar yana-yana"...
Avdı
Amerikanın "portret"ini yaradır:
"Ümumiyyətlə, Amerikada hamı özü üçün,
necə xoşdu, elə də yaşayır. Heç kim,
heç kəslə maraqlanmır, nə geyimin, nə
düşüncən, nə qeyri-adi hərəkətlərin
heç kimi təəccübləndirmir. Gözlərinin
heyrəti ölmüş insanlardı sanki, heç nəylə
diksindirmək olmur onları. Həyat
çox sakitdi orda.
Dərin bir səssizlik var. Çığıran,
qışqıran, bağıran yoxdu, ancaq hamı bir-birinin
pıçıltısını eşidir. Budur Amerika cəmiyyətinin
üzdə müşahidə elədiyimiz görüntüləri.
Daxili necədir - onu bir özləri bilir, bir də öz
allahları".
Avdı
Qoşqarın "Bu çay bu yatağa sığmaz..."ı
böyük bir söz (və düşüncə)
adamının əsəridir... Həm dedikləri, həm də
demədikləri ilə..
Nizami Cəfərov
Ədəbiyyat qəzeti.- 2018.- 30
iyun.- S.8-9.