Svetlana Aleksiyeviç
"Biz gələcəyə qətiyyən
hazır deyilik"
Rus mühacirlərinin ABŞ-da nəşr etdirdiyi ədəbi-publisistik
"Novıy jurnal" bu ilin mart ayında 2015-ci ilin Nobel
mükafatçısı olmuş Belarus yazıçısı
Svetlana Aleksiyeviçlə müsahibə dərc edib. Yazıçının
öz söhbətində toxunduğu ictimai, ədəbi məsələlərin
Azərbaycan oxucusu üçün də maraqlı ola biləcəyini nəzərə alaraq,
ixtisarla təqdim edirik.
- Svetlana, sizinlə 20 il qabaq,
1990-cı ilin əvvəllərində və həmişə
də Moskvada, Avropada, Minskdə
görüşmüşük, insan təbiəti,
yaddaşı, generasiyası, destruksiyası, bütün
bunların öhdəsindən necə gəlmək
haqqında danışmışıq. Hazırda hər yerdə
aqressiya və dözümsüzlük tüğyan edir,
Rusiyada seçkilərdən sonra vəziyyət daha da kəskinləşib,
bunu KİV-dəki çıxışlardan görmək
olar. Biz düşmənlərin əhatəsindəyik,
bütün fərqli düşünənlər düşməndir...
Bəs niyə belədir?
- Qarət
edilmiş, aldadılmış, alçaldılmış
insanların nifrəti həmişə çıxış
yolu axtarır və bu nifrət prosesini yetərincə
ustalıqla kənara, xarici düşmənə qarşı
yönəldirlər; bu artıq çoxdan baş verib,
şüurlar tam hərbiləşdirilib. Bu, enerjinin kənara
yönəldilməsinin elə bir formasıdır ki, daxili
partlayışa da səbəb ola bilər...
- Bəs nifrət? Bu
qədər nifrət haradandır? Yəni
ruslar təbiətcə bu qədər acıqlıdırlar?
Yəni biz keçmişimizi, indimizi və gələcəyimizi
ancaq müzəffər döyüşlər kimi görmək
istəyirik? Nəyin bahasına olursa-olsun qalib gəlmək,
ancaq tiranları istəyirik? Axı tarixdə başqa
şeylər də çox olub...
- Biz demək
olar ki, hamımız dava adamlarıyıq, odur ki, istənilən
uğursuzluq bizi keçmişə qaytarır. Biz
indi demək olar ki, Orta əsrlərə
qayıtmışıq. Keçən il
Moskvanı gəzərkən çox sayda insanın
hansısa dini ayinə tamaşa etmək üçün bir
yerə toplaşdığını gördüm. Bu, gücə olan sitayişdən irəli gəlir
və ətrafımızda baş verənlərdən
qaçmağın bir formasıdır. Biz
sanki bir anlıq cızığımızdan
çıxdıq, ancaq XXI əsrə adlaya bilmədik. Yadımdadır, 2000-ci ildə Avropada olanda onlar bizim
gəlməyimizə sevinirdilər, "axır ki, biz bir yerdəyik"
deyirdilər. Biz yenidən müharibə
insanlarına çevrildiyimizi, atalarımızın bizə
danışdıqlarını unutduğumuzu
anlamalıyıq.
- Mənim cəbhəçi
qohumlarım və tanışlarım Qələbə
Gününü sevmirdilər, ümumiyyətlə
yaşadıqlarını xatırlamağı
xoşlamırdılar...
- Mənim
"Müharibənin qadın sifəti yoxdur"
kitabımın bir çox qadın qəhrəmanları
deyirdilər ki, qələbə haqqında
danışılası və xatırlanılası bir
şey deyil. Necə insan olmaq, necə
öldürməmək haqqında danışmaq, belə
şeyləri xatırlamaq lazımdır. Bir
qadın danışırdı ki, müharibənin
qurtardığı elan olunan kimi, onlar bütün güllələri,
mərmiləri havaya boşaldıblar. Ertəsi
gün gələn komissiya buna görə kimisə
günahlandıranda, onlar tam səmimi olaraq heç nə
anlamayıblar - axı bundan sonra silah-sursat nəyə
lazımdır? İnsanlar elə bilirdilər
ki, bu qədər əzabdan, iztirabdan, göz yaşlarından
sonra, bir də heç vaxt müharibə olmayacaq.
- Sizin kitabların qadın qəhrəmanları
çox mühüm və dəhşətli şeylər
danışırlar. Belə şeylərə adətən
adi qələbə ritorikasında, reportajlarında rast gəlinmir.
Bəlkə, qadınlar faciəni daha özünəməxsus
hiss edirlər?
-
Qadınlarda və uşaqlarda insan dəliliyi haqda nəsə
xüsusi bir bilgi, gizli informasiya var, bunun
şüurlarımızda necə kök salmasının səbəbi
məlum deyil. Mən öz kitablarımda hadisələrə
müxtəlif yönlərdən baxan insanların səslərini
və versiyalarını göstərməyə
çalışıram. Bir müharibəni
görən təyyarəçi qadın, o birini görən
artilleriyaçı qadın, üçüncünü
görən əlbəyaxa döyüşdə olan
qadındır. O mənə dedi: "Mən sizə elə
bir müharibə haqqında danışacağam ki, bunu
eşidən generalın belə halı xarablaşar". Bu mənim kitabımdakı ən yaxşı hekayələrdəndir.
O danışırdı ki, əlbəyaxa döyüş
başlayanda və insanlar bir-biriylə üz-üzə gələndə,
insan yox olur və yerində sadəcə "bio-növ" əmələ
gəlir. İnsanların qarnı deşiləndə,
gözləri oyulanda, onlar qışqırmır,
böyürürlər. Bu zaman ancaq
instinkt işləyir və məlum olur ki, mədəniyyətin
insana çox ötəri təsiri olub. "Hamı
mənə deyirdi ki, ən əsası
öldürdüyün, güllələdiyin adamla
göz-gözə gəlməməkdir, çünki
müharibə düşünməyin əleyhinədir, ancaq
belə öldürmək olar". Strelkov
danışırdı ki, Donbasda ilk həftə insanları
bir-birinə güllə atmağa məcbur eləmək
olmayıb. Çünki bunun üçün gərək
elə bir məkana keçəsən ki, orada adam
öldürməyə görə həbs etmir, medal verirlər.
Ona görə də, insanlar əvvəlcə
bunu həvəssiz, məcburi edirlər.
Mən tam pasifistəm. Heç kəs məni
insan həyatından qiymətli nəyinəsə olduğuna
inandıra bilməz. Bu, Tanrı vergisidir və
haradasa Donbasda, ya da Suriyada ölmək üçün verilməyib.
Müharibəni qəbul etməməyə hər
kəs özü qərar verməli, bu sistemdən
çıxmalı və onda iştirak etməməlidir.
Məncə, insan həyatı ilə bu cür
davrandığımız üçün gələcək
nəsillər bizə barbarlar kimi baxacaqlar.
- Rusiyadakı, Avropadakı
görüşlərinizdə, Nobel nitqinizdə bizi əvvəlkilərdən
daha qorxunc müharibələrin gözlədiyini bildirmisiniz,
ancaq insanla insan yox, insanla təbiət arasında.
- Təbiət bizi Çernobıldakı, Fukusimadakı
kimi sınağa çəkəcək. Güclü
bir tufan bütün sivilizasiyanı zibil qalağına
çevirə bilər.
İnsanları Çernobıldan çıxararkən,
orada mən də oldum. Bir qadını evindən güclə də
çıxara bilmirdilər. O məni kişilərin
içində görəndə dedi: "Qızım,
heç belə də müharibə olar? Bax,
quşlar uçur, mən hətta səhər-səhər
siçan da gördüm". Bu, yeni təhlükədir,
bomba atan yoxdur, qoxusu, rəngi yoxdur, gözəgörünməzdir.
Mən Fukusimo faciəsindən sonra ora da
getmişdim, orada da eyni şeyi, eyni insanları gördüm.
- Bu gün Belarusda Çernobıl
haqqında nələr danışırlar?
-
Heç nə. Alimlər lap əvvəldən kömək
etməyə çalışdılar, ancaq onlara o qədər
də qulaq asan olmadı. Çoxlu insan tələf
oldu. Bizim problemlərimiz mədəniyyətlə
bağlıdır. Fukusimada insanların təhlükəsizlik
qaydalarına əməl etməsinə ciddi nəzarət
olunur, insanlar lazım olan şeyləri edirlər, ancaq bizdə
bu yoxdur. Ona görə də, çoxlu insan tələf
oldu, çox sayda xəstə uşaq var. Fantast
yazıçılar yeni enerji mənbələrindən,
kainatın ram edilməsindən danışırlar, amma burada
burnumuzun ucunda dinc məqsədlə istifadə olunan atom, dəhşətli
bəlaya çevrildi... Dərk eləmək və
qəbul etmək çox çətindir. Biz, ümumiyyətlə, çox zəifik, biz gələcəyə,
yeni çağırışlara qətiyyən hazır
deyilik.
- Neyləmək olar? Dayaq
nöqtəsini necə tapmaq olar?
- Mənə
elə gəlir ki, baş verənləri dərindən,
geniş və hamılıqla dərk etməliyik və
danışmalıyıq. Biz çox sadəlövh
olmuşuq, elə bilmişik ki, demokratiya gələn kimi, hər
şey öz-özünə həll olunacaq. Bir neçə
il əvvəl Rusiyada olanda tez-tez
eşidirdim: Svetlana, sizdə Belarusda belədir, amma bizdə hər
şey geridə qalıb, keçmişə dönüş
yoxdur, bu mümkün deyil. Amma hər şey
mümkündür. Ən
başlıcası da təkcə bizə yox, hamıya hər
şey etmək olar. Müqavimət də
yoxdur. Mənə elə gəlir ki, susmağa davam etsək,
vəziyyət təhlükəli ola bilər.
- Dünya sizin sayənizdə Belarusu
tanıdı. Siz Minskə qayıtdınız.
Vətəndə sizə qiymət verilirmi?
Ölkənin ilk Nobel mükafatçısı
Minskdə nələr edə bilir?
- Mükafatı alana qədər bəzi insanlar məndən
niyə rusca yazdığımı soruşurdular. Amma ideya özü rusca danışırdı.
İndi insanlar məni küçədə
görəndə sevinirlər. Bir dəfə
biri kafedə mənim üçün tort aldı. Təşəkkür edənlər, kömək istəyənlər
var. Kömək təklif edənlər də olur. Görüşlər çox vaxt aparır.
- Yazıçılar, ziyalılar bu
gün aqressivləşmiş, parça-parça olmuş
dünyamız üçün nə edə bilərlər?
- Tənəzzülə
və aqressiyaya qarşı müqavimət mədəniyyətini
formalaşdırmaq lazımdır.
- Rusiyada Nobel
mükafatçılarının nəsibi həmvətənləri
tərəfindən söyülmək olur. Bunin, Pasternak, Brodski, hətta mömin Şoloxov bu taleyi
yaşayıblar. Sizi də Nobel nitqinizdən dərhal
sonra rusofobiyada günahlandıranlar tapıldı. Bu sizi narahat edirmi?
- Mənə
elə gəlir ki, oxucular hər şeyi görürlər. Mənə
Moskvada, Peterburqda rastlaşdığım canlı üzlərin,
canlı səslərin çox köməyi olur.
- Hazırda, demək olar ki,
donmuş Rusiya-Qərb mədəni münasibətlərinə
nə arzulardınız?
- Mədəniyyət
adamlarına meydan, danışmaq imkanı verilməlidir,
başqa dialoqlar problemlidir. Bu dialoqa qoşulacaq
şəxsiyyətlərə ehtiyac var. İnternet və yeni
texnologiyalardan istifadə etmək lazımdır. İnsanlarımızı
narahat edən, zəmanəmizi müəyyən edən aktual
mövzular haqqında danışmalıyıq. Bu gün cəllad və qurban mövzusu çox
aktualdır. Gediş-gəliş
çoxalmalı, nifrətin qarşısı
alınmalıdır.
Mən xaricdən qayıtdım, çünki
yazıçı vətəndə yaşamalıdır. Biz mübarizə
ruhunda tərbiyə olunmuşuq, ancaq çox təəccüblüdür
ki, bu mədəniyyəti itirmişik.
Tərcümə etdi: Nadir Qocabəyli
Svetlana Aleksiyeviç
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.9.