Sözün zamanla dialoqu:
deyilənlər və deyilməyənlər
Müasir
ədəbi prosesin maraqlı və geniş ictimai əks-səda
doğuran hadisələrindən biri, heç şübhəsiz, ARB televiziya
kanalı ilə yayımlanmış və artıq başa
çatmış "Xalqın şairi" şeir
müsabiqəsi oldu. Müsabiqəyə
minə yaxın iddiaçı qatılmışdı və
bununla da ədəbi-bədii jurnalların, eləcə də
şeir kitablarının 300-500 nüsxədə nəşr
edildiyi bugünkü Azərbaycan ədəbi gerçəkliyində
"Xalqın şairi" layihəsi bədii sözə
münasibətin canlandırılması, diqqətin poeziyaya
yönəldilməsi və fəallaşdırılması
baxımından öz missiyasını, bəlkə də
gözləniləndən artıq yerinə yetirmiş oldu.
Başlanğıcda
xalq arasında səssiz-səmirsiz yaşayıb-yaradan,
geniş oxucu kütlələrinin yaxşı
tanımadığı, "papaq altında yatan" söz
adamlarını soraqlayıb üzə çıxarmaq məramı
ilə yola çıxan layihə sona yaxınlaşdıqca
yeni və sürpriz imzalarla yanaşı, peşəkarlıq
iddiasında olan və əksəriyyətinin imzasını ictimaiyyətin
tanıdığı şairlərin yarışına
çevrildi.
Bir
şeyi mütləq nəzərə almaq lazımdır ki, hər
hansı müəllifin öz əsərlərini ekrandan
tamaşaçıya "şou dilində" təqdim etməsi
yazılı mətnin oxucuya təqdim edilməsindən əsaslı
şəkildə fərqlənən estetik hadisədir.
Televiziya təqdimatında mətnlə tamaşaçı
arasında ədəbiyyatın qanunauyğunluqlarını
"tanımayan" fərqli amillər (məsələn,
müəllifin mətni səsləndirmək, səsinin, jestlərinin,
mimikasının imkanlarından faydalanmaq qabiliyyəti,
televiziya estetikasının, rejissor təqdimatının
özəllikləri, fon musiqisi, eləcə də müxtəlif
sahələri təmsil edən münsiflər heyətinin
üzvləri tərəfindən qiymətləndirmələr
və s.) öz işini görür. Televiziya
yarışması müəllif-ifaçı və
münsiflər heyəti ilə tamaşaçı kütləsi
arasında dialoqdur. Müxtəlif zövqə və
estetik tələbata malik tamaşaçı kütləsinin
münasibətini isə sözün bədii dəyərindən,
mətnin məzmun və sənətkarlıq keyfiyyətlərindən
daha çox, ekran estetikasının özəllikləri,
şounun görüntü effektləri və dramatizmi idarə edir.
Mərhələdən-mərhələyə ələnərək
finala çıxan, rəqiblərindən seçilən
müsabiqə iştirakçılarının əsərlərinin
bir araya gətirildiyi "Xalqın şairi"
kitabının fərqli cəhəti isə mətnlə
oxucu arasında dialoq qurmasıdır. Çağdaş filoloji
anlayışla desək, bu mərhələdən sonra
artıq mətnin "yaradıcısı" oxucudur...
Məsələyə bu mövqedən yanaşaraq
kitabda toplanmış şeirlərin oxucusu kimi bəzi fikir və
mülahizələrimi bölüşməyi zəruri hesab
edirəm. Bu qeydlər, əslində, Azərbaycan
poeziyasının bugünkü səviyyəsi barədə
mülahizələr kimi də qəbul edilə bilər: ədəbi
zövq baxımından əhatə dairəsi kifayət qədər
geniş olan bu kitab ümumilikdə Azərbaycan şeirinin
çağdaş təmayülləri üzərində
müşahidə aparmağa, şeirmizin obyektiv mənzərəsinə
nəzər salmağa imkan yaradan hadisə kimi maraq doğurur.
Müsabiqənin başlıca əhəmiyyəti də elə
bunda oldu: Azərbaycan şeirinin real mənzərəsini,
axtarışlarını, üz tutduğu mövzuları, eləcə
də çətinliklərini, donub qaldığı, zamanla
ayaqlaşa bilmədiyi məqamları ortaya qoydu...
Poeziyanın bütün zamanların fövqündə
olan əbədi vəzifələrindən biri gerçəkliyi,
gördüklərimizi, duyduqlarımızı, məntiqin
hesabı ilə qiymət verdiklərimizi öz təbiətindən
ayırıb, onları fərqli bir dildə - "şeir
dilində" təqdim etməsidir. Bu fikri kitabın müəlliflərindən
biri, məncə, yaxşı ifadə edə bilmişdir:
Deyirsən şeirdən
nə tapmısan sən?
- Mən
şeir yazmasam, sən adi qızsan...
Qismət Məsim
Şeirin əsrlərdən gələn
möcüzəsi də, yəqin ki, elə bundadır: öz
obyektini, hamının gördüyü gerçəkliyi
adilikdən, əzbərlənmiş ölçülərdən
çıxardır, ona yeni estetik məna və təyinat
verir. Bu baxımdan, kitabdakı şeirlərdə
ölçülərə yerləşməyən, qəliblərə
sığmayan, poeziya adlandıra biləcəyimiz maraqlı
obrazlarla, gözlənilməz bədii ifadələrlə
rastlaşırıq. Sənətkar
işi olan bu ifadələr bizə gerçəkliyi şeir
dilində tanıdır. Şeir dilində isə:
təklik
- hamının çıxıb getməsi deyil
heç
kəsin qayıtmamasıdı...
Şəhriyar del
Gerani
İşıqları
söndürüb
qaranlığı
yandırarsan...
Günay Ümid
Küçəyə
boylanmaqdan
Gözünə
qırış düşüb...
Həsən Kür
Görürəm
başında payız qocalıb,
Bu
ağac bahara açıb əlini...
Allahşükür Ağa
Sıxılırıq
barmaqlar arasında,
Silkələyib külümüzü tökürlər.
Hamımızı
bu dünyaya gələndən,
Bu
dünyadan gedənəcən çəkirlər...
Vabasif Zöhroğlu
İndi mən
də ölməkdən yox,
Yaşamamaqdan
qorxuram...
Ulucay Akif
Yaddaşın dərinliyindən, çox vaxt
şüurun alt qatından süzülüb gələn
şeirin daha bir fərqli cəhəti də
yarandığı, araya-ərsəyə gəldiyi zamana
reaksiyası, sözün, poetik düşüncə sisteminin
zamanla dialoqudur. Nəsrdən fərqli olaraq şeir zamanı təhlil
etmir, hiss edir və sözə çevirir, obrazlarla hərəkətə
gətirir, canlandırır, əyaniləşdirir...
Tariximizin ayrı-ayrı dövrlərində
yaranmış bədii əsərlərə nəzər
salanda hər zaman üçün aparıcı motivlərin
üstün olduğunu görürük.
Bu kitabda toplanmış mətnləri nəzərdən
keçirdikdə isə ən çox rastımıza
çıxan ölüm motividir. Şeirlərdəki
ölüm motivi (eləcə də olümün kəfən,
qəbir, ehsan, başdaşı... kimi aksessuarları)
ayrı-ayrı şairlərin sözlə davrana bilmək səviyyəsindən
asılı olaraq müxtəlif səviyyələrdə təzahür
edir:
Ehsanından
bir tikə
Yeyib çıxıb gedirlər.
Ölənlə
ölmək olmur
Deyib
çıxıb gedirlər...
Cəlil Əliyev
Bu yaz da
ölərəm o qışın üstə,
sürüyüb bahara aparan olmaz...
Firəngiz Sabirqızı
Mənimçün
ölərək düşdü tarixə
O boyda
ömrünün tək bircə anı...
Gülnar Səma
Tüpürüb
dabanına
Bir
gün ölüb gedəsən...
Mehman Rəsulov
Bu
dünyada tüstü-tüstü ölürük,
Bulud-bulud
doğuluruq təzədən...
Vasif Zöhraboğlu
Bezdim belə
yaşamaqdan,
Yığış,
dərdim, çıxaq gedək...
Gəray Göyyurd
İndiyə
ölmüş olar
Bu
binanı tikənlər...
Firdovsi Rəsul
Tökülüb ölümün dişi.
Qıçı tutulub zamanın.
Tanrı
olacaq başdaşı,
sonuncu
ölən adamın...
Tural Turan
Əslində
həyat bir
qadın ölümü,
Əslində
həyat Paris Notrdam Kilsəsi...
Fuad Cəfərli
Tökülər
məzara ömrün axını,
Durar məzar
daşın bir nida kimi!..
Şəfaqət Ələsgərova
Mənə elə gəlir ki, burada "eyni mənbədən"
təsirlənmə faktorundan daha çox, sözün hiss
etdiyi, bölüşmək istədiyi zəmanə həqiqəti,
ictimai gerçəklik rol oynayır. Bu, sadəcə,
estetik hadisə deyil. Bunun arxasında ciddi
sosial və psixoloji amillər dayanır. Şeirin hiss
etdiyi sərt həqiqət budur ki, yaşadığımız
son dərəcə mürəkkəb zəmanə, xüsusən
də indiki gənc nəsil üçün dərk və qəbul
edilməsi çətin olan yeni münasibətlər sistemi -
qloballaşan dünya, tanıdığımız
ölçüləri və dəyərləri
qarışıq salan, bizi dünyanın, dünyanı bizim
ayağımıza gətirən "informasiya cəmiyyəti"
və özümüzün bir toplum olaraq dünyanı və
dünyada baş verən prosesləri dərk etmək
"tutumumuz", intellektual səviyyəmiz bədii
sözü ciddi dilemmalar qarşısında qoyur. Dünyada ədəbiyyatın ən çox üz
tutduğu qədim dilemmalardan biri isə "ölüm, yoxsa
qalım?" sualıdır. Şekspirin məşhur qəhrəmanı
Hamletin ifadəsi ilə desək: "To be, or not to be, that is
the question!"
Bu
dilemmanın ədəbiyyatda fəallaşmasını
heç də sadəcə şairlərin istəyindən
asılı bir hadisə kimi izah etmək çətindir:
bunun əsas hərəkətverici qüvvəsini ictimai
psixologiyanın formalaşmasına təsir edən amillər
arasında axtaramq lazım gəlir. Şeir ictimai
düşüncənin lakmusudur, onun içindəkiləri həssaslıqla
üzə çıxardır...
İctimai düşüncədəki bulanıqlıq,
vaxtsız ölümlər, intihar hadisələri öz əks-sədasını
ictimai proseslərin ən həssas güzgüsü olan
şeirdə tapır. Ona görə də bu
kitabda toplanmış şeirlərdə ən çox
işlədilən sözlərdən birinin "intihar"
olması əsassız görünmür...
Mərhum rejissor Hüseynağa Atakişiyevin rəhbərlik
etdiyi Gənclər Teatrı 1995-ci ildə Vaqif Səmədoğlunun
"İntihar" pyesini tamaşaya qoymuşdu. Həmin pyesdə intihar
motivindən ictimai həyatda gedən proseslərə lağ və
istehza etmək üçün ironik bir vasitə kimi istifadə
edilmişdi: abırsız fahişəsindən tutmuş ciddi
siyasətçisinə qədər cəmiyyətdə
hamı istəyirdi ki, şair son məktubunda onun uğrunda
intihar etdiyini bildirsin, şair isə yeməyə kolbasa tapa
bilmədiyinə görə özünü öldürmək
istədiyini deyirdi...
Sonradan intihar sənətdəki ironiya rolundan
çıxıb, həyatın amansız, sərt bir
müşayiətçisinə çevrildi. Həyatda və
ədəbiyyatda populyarlaşan intihar cəmiyyətin, eləcə
də ayrı-ayrı fərdlərin yaddaşına dərin
tragizm gətirdi. İntihar motivi Oğuz
Ayvazın və Taleh Mansurun yazılarının içindən
- sözün daxili düzülüşündən,
obrazların qanından-canından, şeirin ruhundan keçir.
Burada fərdi amilin həlledici rolu var. Oğuzun şeirlərində
doğma anasının, Talehin şeirlərində (eləcə
də bu kitaba daxil edilməmiş hekayələrində) isə
öz yaşıdı, dostu Mövlud Mövludun intiharı
sadəcə psixoloji travma kimi özünü göstərmir,
düşüncənin tərzini müəyyənləşdirir:
mən
səni, mən səni...
boş
qalmış yelləncək kimi, yelləncək kimi...
ayaqqabıları qucaqlayıb
yatan
uşaqların
sevinci
kimi xatırlayıram...
Oğuz Ayvaz
Onda yəqin,
Yer üzünə ədaləti gətirənlər,
Bizi
ölmüş,
Səni diri tapacaqlar.
Son nəfəsin
dəyən yerdə
Boğazına
keçirdiyin
O kəndiri
tapacaqlar.
Taleh Mansur
Bu kitabdakı şeirlərin quruluş
bütövlüyü, struktur mükəmməlliyi
haqqında müzakirə aparmaq mümkündür.
Əsərlərindən
nümunələr verilmiş gənc şairlər mətnin dili
üzərində daha ciddi işləməlidirlər:
heç bir poetik tələb (qafiyə, heca, bölgü,
ritm, intonasiya və s.) dil normalarının pozulmasına bəraət
verə bilməz. Əksinə, zamanın diktəsindən
yaranan yeni üslubi səviyyə dilimizin müasirləşməsinə
və zənginləşməsinə, poetik tutumunun genişlənməsinə
xidmət etməlidir.
Və nəhayət...
Müsabiqə zamanı iştirakçılara verdiyim,
müsabiqədən kənardakı müzakirələrdə
tez-tez təkrar etməli olduğum bir suala yenidən
qayıtmaq istəyirəm: bu kitabdakı şeirlər XXI əsrin
ikinci onilliyinin fərqli estetik sistemini, poeziyamızın yeni
üslubi səviyyəsini ortaya qoya bilirmi?
Sualı
açıq qoyuram və cavabı kitabın
oxucularının öhdəsinə buraxıram.
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.-
S.10-11.