Zamanın poetik "stop
kadr" anı
Mətnin metafizik struktur səviyyəsi
III məqalə
Füzulinin "Heyrət, ey büt..." beyti
bədii mətnin semantik təhlili
prizmasından
Biz ötən
yazımızda qeyd etdik ki, "situasiya" Füzuli
poeziyasının təhlilində kateqorial anlayışlardan
biri kimi əsas götürülməlidir. Daha sonra "Heyrət,
ey büt..." beytinin poesemantik təhlili əsasında beytdə
aşiq və məşuq münasibətlərinin
yaratdığı teatral
situasiyanı izah etdik.
"Heyrət,
ey büt..." beytinin metafizik struktur səviyyəsinin izahı
üçün "situasiya" anlayışına fəlsəfi
aspektdən yenidən qayıdılması zəruridir.
Mövcud elmi ədəbiyyatlarda "situasiya" hadisələr çoxluğunun
başvermə təkaktlılığı və təkrarsızlığı
kimi tərifləndirilir. Yəni müəyyən zaman və
məkan şərtləri daxilində ayrı-ayrı elementlərin
qarşılıqlı münasibətlərinin
doğurduğu həyati vəziyyət
situasiya kimi dəyərləndirilir. Burada elementlərarası
münasibətlər xüsusilə əhəmiyyətlidir.
Çünki situativliyi doğuran ən başlıca
xüsusiyyət məhz elementlərarası münasibətdir.
Tədqiqatçılardan
Nikolay Qartman yazırdı ki,
situasiya insanın istənilən təşəbbüsünü
yalnız şərtəndirmir, həmçinin rəsmiləşir,
yəni həyata keçirir. Buna görə də insan
situasiyada hərəkət etməyə məcburdur. Bu o deməkdir
ki, situasiya həm də qərar qəbuluna təhrikdir ki,
insanın azadlığı da məhz qərar qəbulunda
seçim çoxluğundan asılıdır.
Bədii
mətndə situasiyanı izah baxımından isə Avstriya
filosofu Lüdviq Vinqenşteynin maraqlı mülahizələri
vardır. Qərbdə dilin fəlsəfəsi üzrə ən
yaxşı filosoflardan biri hesab olunan Vinqşteynin bu
mülahizələri Füzuli
poeziyasında situativliyin elmi izahı baxımından
düzgün metodoloji yanaşma təqdim edir. Ümumiyyətlə,
dili gerçəkliyin obrazı hesab edən Lüdviq
Vinqenşteynə görə, obraz
gerçəkliyin modelidir. Filosofun yanaşmasına
görə, təsəvvürdə canlandırılan istənilən
real üçölçülü situasiya modelləri
müxtəlif obrazlardır. Bu mənada obrazın elementləri
reallığın obyektlərinin göstəriciləri, obraz
elementləri arasındakı münasibətlər isə
faktda obyektlərin münasibətləridir. O, bu mürəkkəb
obraz-gerçəklik münasibətlərini
aydınlaşdırmaq üçün belə bir sadə
müqayisə təqdim edir: situasiya öz
başçısının, babanın və ya atanın ətrafında
toplaşmış ailədir, obraz isə ailə fotosudur. Məlumdur
ki, fotoşəklin elementləri ailə üzvlərinin
ayrı-ayrı avtoportretlərindən və interyerin digər
detallarından təşkil olunmuşdur. Belə olan halda
aydın olur ki, obraz elementlərinin konfiqurasiyası obyektlərin
situasiyadakı münasibətlərini əks etdirir. Başqa
sözlə, obraz elementlərinin konfiqurasiyası fotoşəkildəki
ailə üzvlərinin şəklin çəkilmə
anındakı yerləşməsini əks etdirir.
Əvvəlki
yazılarımızda da qeyd etdiyimiz kimi, Füzulinin
bütün poeziyası müxtəlif həyati
situasiyaların fotolarından ibarətdir. Füzuli həyati
situasiyaların elə məqamlarını poetik fotolarda
dondurub bizə təqdim edir ki, o foto bir tərəfdən
gerçəkliyin dəmir məntiqinə əsaslanır, digər
tərəfdən ya miqyasın böyüdülməsi, ya da
tərs məntiq hesabına həmin həyati məntiqin
özü əleyhinə çevrilir.
"Heyrət,
ey büt..." beytində heyrətdən küçənin
ortasında donub qalmış müqəvvanın heykəl
hesab edilməsi real məntiqə əsaslanır. Bu mənada
obrazlaşdırma səviyyəsində gerçəkliyin məntiqinə
necə deyərlər, hörmətlə yanaşılır.
Lakin əslində isə
gözəllik qarşısında heyrətdən donub
qalmaq özü
başqalarının bu donmuş
şəxsi heykəl hesab etməsi real məntiqin əleyhinədir.
Fəlsəfi
baxımdan situasiya zamana tabedir. "Heyrət, ey büt..."
beytində də Füzuli
müəyyən bir zaman anını ümumi zaman
axınından alıb fotolaşdırır. Bu an beytdə
"surətin gördükdə" ifadəsilə
faktlaşan aşiqin məşuqu gördüyü andır.
Situasiyaya da həmin zaman anında baxılır.
"Heyrət,
ey büt..." beytində zaman anı daxilində
müşahidəyə, seyrə əsaslanan bir neçə
situasiya vardır. Burada situasiya situasiya içərisindədir:
1.
Aşiq məşuqənin surətini görüb donub
küçənin ortasında qalır - aşiq məşuqəni
müşahidə edir.
2.
Küçənin ortasında donub qalmış müqəvvanı
kənardan başqası görüb onu şəkil, cansız rəsm hesab edir -
müşahidə edən müşahidə olunur.
3.
Şair aşiqin məşuqəni müşahidə edərkən
küçənin ortasında donub qalmasının kənar
şəxs tərəfindən müşahidə edilməsini
müşahidə edir - müşahidə edənin
müşahidə olunması situasiyası şair tərəfindən
müşahidə olunur.
4. Nəhayət,
oxucu şairin küçənin ortasında heyrətdən
donub qalmış aşıqin başqa bir şəxs tərəfindən
müşahidə edildiyini müşahidə edən şairi
müşahidə edir - müşahidə edənin
müşahidə edilməsinin müşahidə edilməsi
müşahidə olunur.
Bu mürəkkəb
müşahidə prosesi fəlsəfədə "idrakı
idrak" adlanır. Onun mahiyyətini anlamaq üçün
müasir Azərbaycan fəlsəfi düşüncəsinin ən
orijinal təfəkkür sahiblərindən olan, görkəmli
filosof Füzuli Qurbanovun bu xüsusda bir mülahizəsi ilə
tanış olaq. Filosof yazır ki,
dünyanı fəlsəfi-elmi müşahidə
özünümüşahidədən başlanır.
Müşahidə situativ mahiyyətlidir. Elə bir
müşahidə nöqtəsi yoxdur ki, müşahidə
zamanı insan özünü müşahidə edə bilsin.
Füzulinin
"Heyrət, ey büt..." beytində Əlahəzrət Fəlsəfənin Füzuli
Qurbanovun timsalında hökm
kimi irəli sürdüyü bu qanunauyğunluq sanki
pozulmuş olur. Və yaxud da beytdə onun pozulmasına ciddi
bir cəhd ifadə olunmuşdur. Füzuli sanki poeziyanın
qeyri-adi gücü hesabına möcüzə göstərməyə,
peyğəmbərlik etməyə cəhd edir. Bu
alınmadıqda isə sehrbazlıq hesabına olsa da,
möcüzə effektinə nail olmağa
çalışır. O, obrazlı ifadə etsək,
müşahidə zamanı insanın özü-özünü
müşahidə etməsinə cəhd edir. Bu möcüzəyə
inam, sehrbazlıq təsiri bağışlasa da, beytdə fəlsəfi
baxımdan güclü bir effektin yaranmasına səbəb
olur.
Vaxtilə
Baxtin yazırdı ki, özünüifadə
özünü həm başqası, həm də
özün üçün obyektə çevirmək deməkdir
("idrak həqiqəti"). Bu obyektivləşdirmənin
birinci səviyyəsidir. Həmçinin, mətndə
özün obyektə çevrilən özə münasibətini
də ifadə etmək mümkündür ki, bu da obyektivləşdirmənin
ikinci mərhələsidir. Bu halda
xüsusi söz obyekt olur və ikinci səsə
çevrilir. Artıq bu ikinci səsdən
mənaya heç bir kölgə düşmür.
Çünki o sözün cismində obyektivləşdirilmiş və
materiallaşdırılmış təmiz münasibəti əks
etdirir.
"Heyrət,
ey büt..." beytində "öz" həm
özünü özü üçün, həm də
başqaları üçün obyektləşdirmişdir.
"Heyrət,
ey büt..." beytinin əsasında dayanan emosional
yaşantının yaşanması anı ilə bizim
aramızda beş yüz ildən artıq zaman məsafəsi
vardır. Lakin bu emosional yaşantıdan biz abidə kimi deyil,
həyati situasiya kimi bəhs edirik. Bu barəda
çoxsaylı mülahizələr vardır. Füzulinin Azərbaycan
bədii düşüncəsini öz təsir orbitinə
salıb uzun əsrlər boyu onu inkişafdan qoyması
haqqında məşhur
mülahizə hamıya məlumdur. Bu barədə çox
yazılıb, çox danışılıb. Yəqin ki, bu
cazibənin indiyə qədər deyilməyən bir
mühüm səbəbi də mətnin sosial kommunikativ
funksiyası ilə bağlıdır ki, hesab edirik beytin
metafizik struktur səviyyədə təhlili üçün
bu aspektin də üzərində dayanmaq lazımdır.
Yuriy
Mixayloviç Lotman mətnin sosial kommunikativ funksiyasından bəhs
edərkən onun aşağıdakı əlaqə tiplərini
ayırıb fərqləndirir:
1.
Ünvanlayanla ünvanlanan arasında qarşılıqlı əlaqə;
Bu aspektdən
yanaşıldıqda, "Heyrət, ey büt..." beyti bir
linqivistik konstruksiya əsasında emosional yaşantı
daşıyan mətn bütövü kimi informasiya
daşıyıcısından - şairdən auditoriyaya
yönələn məlumat funksiyasını yerinə yetirir.
2.
Auditoriya ilə mədəni ənənə arasında
qarşılıqlı əlaqə;
Bu aspektdən
yanaşıldıqda, " Heyrət, ey büt..." beyti mətn
tipi kimi kollektiv mədəni yaddaş funksiyasını yerinə
yetirir. O mənada ki, o, emosional yaşantının linqvistik
modelinin sinxron olaraq normativləşdirilməsi, mənsub
olduğu sosial-mədəni çevrə üçün
(deyək ki, Füzuli üçün oğuz-səlcuq mədəni
çevrəsi üçün) kütləviləşməsi
funksiyasını da yerinə yetirir.
3.Oxucuların
bir-biri ilə qarşılıqlı əlaqəsi;
Bu aspektdən
yanaşdıqda, "Heyrət, ey büt..." bütün
diaxron zaman axını boyunca oxucuların şəxsiyyətinin
yenidən təşkilində mühüm rol oynayır.
Oxucuların struktur özünüariyentasiyası metamədəni konstruksiyalar vasitəsilə
onların ünsiyyətində rol oynayır. Lotman qeyd edirdi
ki, bu situasiyada mətn mediator
funksiyasını yerinə yetirir.
4. Oxucunun
mətnlə qarşılıqlı əlaqəsi;
Biz əvvəlki
yazılarda Füzuli beytlərinin mənsub olduğu poetik
konstruksiya sistemi daxilində mərkəzdənqaçma meyilləri,
xüsusi statusluluğa cəhdi barədə söz
açmışdıq. Bu xüsusiyyət Füzulinin
"Heyrət, ey büt..." beytinə xüsusən aid
olduğundan burada mətn müəllif və oxucu arasında
vasitəçi olmaqdan çıxıb onlarla bərabərhüquqlu
həmsöhbətə şevrilir.
5. Mətn
və mədəni kontekst arasında qarşılıqlı əlaqə;
Bu aspektdən
"Heyrət, ey büt..." beyti bir mətn kimi
özünün sosial
kommunikativ funksionallığını həm sinxron, həm də diaxron
müstəvidə reallaşdırır.
Biz hesab
edirik ki, heyrətamiz Füzuli əbədiyaşarılılığı
onun müəllifi olduğu mətnlərin qeyd olunan sosial
kommunikativ funksionallığında axtarılmalıdır.
Sadəcə olaraq Füzulidə mətnin sosial kommunikativ
funksionallığı başqalarından fərqli olaraq sanki
diaxron miqyassızlıqda, zamansızlıqdadır. Bu mətnin
energetik gücü ilə bağlıdır. Burada üzərində xüsusi
dayanılmalı olan bir linqvopsixoloji aspekt də vardır ki,
bu ayrıca bir söhbətin mövzusudur.
Sərxan XAVƏRİ
Ədəbiyyat qəzeti.-
2018.- 30 iyun.- S.13.