Nizam və improvizasiya
Orta Şərqin dünya mədəniyyət xəzinəsinə bəxş elədiyi sənət üslublarının, məncə, ən maraqlı və ən fərqli cəhəti sərt nizam-strukturla sərbəst, rəngarəng improvizasiyanın bir sənət nümunəsində birləşdirilə bilməyindədir. Diqqət etsək, muğam sənətində, xalçaçılıqda, klassik poeziyada və bir çox başqa sənət növlərində də dediyimin təsdiqini görmək mümkündür. İlk baxışdan insana elə gəlir ki, istər xalçaçı rəssam, istər muğam ifaçısı tam sərbəstdir, yalnız öz ruhunun estetik çağırışlarının ardıyca istədiyi formada hərəkət edir. Lakin elə deyil, bütün bu improvizasiyalar müəyyən sərt çərçivələrin içində baş verir. Və bu çərçivələrin ölçüləri o qədər zərgər dəqiqliyi ilə işlənib ki, kiçik bir səhv, kiçik bir xəta da bütün nizam-intizamı pozub sənət əsərini məhv edə bilər... Bir "xaric səs" muğam dəstgahını, "bir səhv naxış" xalçanın kompozisiyasını, "bir artıq hərf əruz şeirinin vəznini tamamilə dağıtmağa qadirdir...
Bəli,
ilk baxışdan paradoksal görünə bilər. Axı bu
qədər həndəsi simmetrik struktur, bu qədər riyazi
dəqiq nizam-intizam olan yerdə hansı sərbəstlikdən,
hansı improvizasiyadan söhbət gedə bilər?
(Məncə,
məsələnin kökünü Şərq-islam təfəkkür
tərzindəki "Fatalizm (Cəbr) və iradə
azadlığı (Faili-muxtarlıq) vəhdətində axtarmaq
lazımdır. Şərq təfəkkür tərzi
"Tanrı-insan münasibətləri"ndə nə ifrat
xristian fatalizmini, nə də müasir ekzistensial
azadlığı, tam iradə azadlığını qəbul
etmir. Şərqin tezisi təxminən
belədir - "İnsan azaddır, lakin Tanrının
qoyduğu çərçivələr daxilində." Hərçənd ki, bu tezisin
izahına cild-cild fəlsəfi kitablar yazılıb, lakin
Şərq mədəniyyətinin biliciləri, və ələlxüsus
da yaradıcı sənətkarları
üçün bu paradoks ruh müstəvisində çoxdan
həll olunub...)
Sadaladığımız
sənət növlərinin arasında klassik əruz
poeziyası riyazi cəhətdən ən dəqiq, ən
simmetrik poeziya formasıdır. Müasir dövrün
sıravi şairləri üçün əruz poeziyası həqiqətən
də absurd görünə bilər. Axı, nəinki bir
sözün, bir kəlmənin, hətta bir hərfin, bir səsin
də artıq əskikliyi ümumi nizam-intizamı
dağıdıb məhv edə bilərsə, onda hansı
duyğusal poeziyadan söhbət gedə bilər? Şair
öz hiss və duyğularının yüksək estetik
üsullarla ifadəsini düşünsün, yoxsa əlinə
xətkeş və kalkulyator alıb bəhrin riyazi
qaydalarını ölçüb-biçsin? Hələ bu təkcə
şeirin vəzniylə bağlı tələblərdir. Hələ
bunun üstünə dəqiq qafiyə sistemi və başqa tələblər
də gələndə, məsələ bir qədər də
qəlizləşir.
(Elə
bu səbəbdəndir ki, əruz sahəsində fəaliyyət
göstərən şairlərlə bağlı söhbət
edəndə, "gənc şair" deyərkən adətən
yaşı otuz radələrində olan qələm sahiblər
nəzərdə tutulur. Çünki bu yaş həddinə
qədər istedadlı gənc hələ öz peşəkarlıq
vərdişlərini cilalamaqla məşğul olur.)
Məhz
bu səbəbdən də, Şərqin əruz poeziyası
daim yüksələn xətlə yox, daha çox
sıçrayışlar şəklində inkişaf edib.
Hansısa dövrlərdə sanki enerji partlayışı
baş verib, istedadlı şairlər pleyadası forma daxilində
improvizasiyanın yeni üfüqlərini kəşf ediblər,
ardıyca gələn şairlər ordusu isə bu nailiyyətləri
cilalamaq, inkişaf etdirməklə məşğul olublar.
Azərbaycan
əruz poeziyasında, bu baxımdan, sonuncu enerji
partlayışı deyərkən, Sabir və onun
yaratdığı satira məktəbi, və paraleldə
Cavid-Hadi romantizminin arıcılları olub.
Budur,
artıq 21-ci əsrin ilk rübünün sonlarına
yaxınlaşırıq. Və bu gün tam məsuliyyətlə
deyə bilərik ki, Azərbaycanın bütün klassik sənətlərində
- muğam sənətində, aşıq
yaradıcılığında, xalça sənətində
və sair milli sənət növlərində olduğu kimi,
klassik əruz poeziyasında da yeni enerji partlayışı ərəfəsindəyik.
Bu gün poeziyanın klassik növləriylə məşğul
olan gənc şairlər, sadəcə, əvvəlki əruz
şairlərinin üslubunu təkrarlamaqla məhdudlaşmır,
əvvəlki sənətkarların sənət nailiyyətlərinin
üstünə öz yaradıcılıq tapıntılarını da əlavə
edirlər. Əlbəttə ki, bu çətinliyi heç də
hamı dəf edə bilmir. Elə indi də əruzla məşğul
olan gənclərin çoxunun
yaradıcılığında ənənənin təkrarlarını
çox muşahidə edirik. Lakin bu gün şeirlərini təqdim
etdiyimiz gənc şair Kamal Hüseynzadə əruzla məşğul
olan gənclərin arasında həmişə öz
novatorluğu ilə, bədii axtarışlarının zənginliyi
ilə seçilib.
Yaşı
otuzu keçən Kamal artıq
on beş ildən çoxdur ki, əruz poeziyasıyla məşğul
olur və bu müddət ərzində səbrlə, səylə
və böyük həvəslə klassik əruzun
bütün qayda-qanunlarını öyrənib. İndi onun
yazdıqlarında həm özündən əvvəlki
şairlərin yaradıcılığına dərindən
bələd olmağı hiss olunur, həm də bunların
üzərinə öz fərdi yaradıcılıq nailiyyətlərini
əlavə etmək bacarığı formalaşıb. Əlbəttə ki, Kamal
Hüseynzadə bu ağır yolun hələ
başlanğıcındadır, hələ onun
yaradıcılığında bir çox yeni və
maraqlı üslub sintezlərinin yalnız cücərtiləri
görünür. Lakin bu cücərtilər artıq indidən
bir çox gələcək maraqlı poeziya nümunələrinin
yaranacağından xəbər verir.
Bu
ağır yolda Kamal Hüseynzadəyə uğurlar
arzulayıram və ümid edirəm ki, Azərbaycan əruz
poeziyası onun timsalında yeni bir ulduzunu tapacaqdır...
İlqar Fəhmi
Ədəbiyyat qəzeti.- 2018.- 30
iyun.- S.12.