“Mən orda neçə
kirayə evlər dəyişdim,
hamısında
çoxlu əlyazmalar, gündəliklər tapdım”
Orhan Arasla müsahibə
- Orhan bəy, Bakıya xoş gəlmisiniz.
Bildiyimiz qədər, Almaniya, Türkiyə və Azərbaycan
Yazarlar Birliyinin üzvü, bir neçə şeir, roman, tərcümə
və araşdırma kitablarının müəllifi,
"Referans" kültür dərgisinin redaktorusunuz. Sizin haqqınızda daha çox bilmək istərdik.
- Təşəkkür
edirəm, xoş bulduq. Mən bura gələndə
ruhum təzələnir, sanki, hamını min ildir
tanıyıram. Burda günlərin necə keçdiyini
hiss etmirəm. Hər dəfə gələndə hər
şey bir az da doğma gəlir.
Mənim dünyaya gözümü
açdığım İqdır şəhərində hər
şey "o tay", yəni Azərbaycanla bağlı idi. 1920-ci illərdən sonra
birdən-birə ayrılan insanlar yetmiş il
boyu həsrətlərini göz yaşları ilə bizə
qədər gətirdilər. Onlardan bəziləri
qardaşını, bacısını o tayda - yəni Azərbaycanda
qoyub gəlmişdilər. Biz o həsrətlərin
içində böyüdük. Hər
gün Arazın o biri tayındakı
doğmalarımızın həsrətindən
danışılanları eşidirdik. Azərbaycan
türkcəsinin o gözəl laylaları və
mahnıları hələ də qulaqlarımdadı. Bu duyğularla evdən ayrılıb başqa şəhərlərdəki
məktəblərə gedincə, mən də o həsrəti
böyüdürdüm. Zamanla o həsrət
sözləri içimdə ədəbiyyata çevrildi.
Mən o zaman hələ bura gəlmədən,
görmədən də bura aşıq olmuşdum. Azərbaycanın tarixi və mədəniyyəti ilə
bağlı kitablar oxuyurdum. İllər
sonra Almaniyaya gedincə, orda da Azərbaycan mühitini
axtarırdım. Burada 1990-cı ildə
azadlıq mübarizəsi baş qaldıranda orda dostlarla ilk dərnəklərimizi
qurduq. Avropa-Azərbaycan Türkləri
federasiyasını yaratdıq. 20 yanvardan bir ay sonra
Köln meydanında beş min adam "Azərbaycan,
Azərbaycan" - deyərək şüarlar səsləndirirdi.
Ordakı gənclər Azərbaycanla
maraqlanırdılar. Kiçik braşürlar
hazırlayıb payladım, onlara Azərbaycanın tarixindən,
mədəniyyətindən, ədəbiyyatından
danışırdım. İlk fürsətdə,
1990-cı ilin ən çətin günlərində
Bakıya gəldim. Hava limanından enəndə
anamdan eşitdiyim sözləri burdakı insanlardan eşidəndə
məni ağlamaq tutdu. Anladım ki, mənim
ruhumun ölkəsi buradır.
Türkiyədə
tələbə ikən ilk oxuduğum kitablardan biri
Şövkət Sürəyyanın "Suyu axtaran adam" kitabı idi. Kitabda yazar
1918-ci ildə Azərbaycanda gördüklərini
yazmışdı. On doqquz yaşında
Azərbaycana Bolşeviklərin gəlməsinə rəğmən
burada qalır. Nuxada məskunlaşır,
müəllimlik edir və Sitarə adında bir qıza
aşiq olur. O kitabı oxuyandan sonra mən də Sitarəyə
aşiq olmuşdum. Xəyalımda ancaq o qız
vardı. 1990-cı ildə Bakıya gələndə
gözlərim küçələrdə həmin Sitarəni
axtarırdı. Əslində,
axtardığım Sitarə yox, ruhumun sevgilisi halına
çevrilmiş Azərbaycan idi.
- Bəs necə oldu ki, siz Almaniyaya
getdiniz?
- 1980-ci
illərdə Türkiyədəki diktator rejimi bizi göz
açmağa qoymurdu. Artıq ölkə
yaşana bilməyəcək hala gəlmişdi. Gənclər ölkəni tərk edirdi. Mən də Almaniyaya hüquq oxumağa gedib,
xalqımızın haqlarını müdafiə etmək
üçün ölkəmizə dönəcəkdim.
Getdim, amma hüquq oxuya bilmədim. Türkologiya oxumağım isə təsadüf
oldu.
Yeni getmişdim, alman dilini də yaxşı bilmirdim. Yolda gedərkən təsadüfən
bir qısa boylu, sarışın, iri eynəkli bir kişi mənə yaxınlaşıb,
türk dilində türk olub-olmadığımı
soruşdu. Dedi mən Türkiyədə türkologiya
oxumuşam, oranın insanlarını görən kimi
tanıyıram. Söhbət etdik, dedim burda oxumaq istəyirəm.
Məni evinə apardı, Barış Mançonun
mahnılarını dinlədik, kitabxanasındakı türk
dilində kitablar, çay süfrəsi... Özümü vətəndə
hiss etdim. Dedi, səni öz müəllimimlə tanış edəcəm. Boxum Universitetinə
getdik, o dövrün çox məşhur professorlarından
olan Herman Vari ilə məni tanış
etdi. Türkiyədə 6 il qalmış,
İhsan Doğramacının dostu olmuşdu.
Görüşdük, dedi gəl bizim alman tələbələrimizə
türkcəni öyrət, sənə maaş
verəcəyik. Mənə orda bir otaq verdilər,
alman dili məktəbinə yazdırdılar. Mən alman tələbələrinə türk dili
öyrədə-öyrədə özüm də onlardan
alman dilini öyrənirdim. Həm dil
kursları, həm tələbələrlə ünsiyyətlə,
demək olar, 6 aya alman dilini öyrəndim. Yaxşı maaş alırdım, işlərim
yaxşı idi. İki il orda həm
işlədim, həm türkologiya kursunda dərslər
aldım. Bir gün bu adam mənə dedi
ki, xanımımın ad günüdür, bizə gedək. Mən də çiçək, hədiyyə
alıb onlara qonaq getdim. Xanımı da
Türkiyədə yaşayıbmış, amma
görünür türkləri sevmirmiş. Məni görən kimi mətbəxə getdi,
yoldaşı da arxası ilə. Professor gəlib
dedi ki, qüsura baxma, Orhan, xanımım öz ad
günündə türk qonaq görmək istəmir. Sanki, başımdan qaynar su tökdülər,
çox pis halda evi tərk etdim. O günə qədər
mən çox irqçi idim, başqa millətləri bəyənmirdim,
gözümdə Türk millətindən başqa millət
yox idi. Sanki həmin gün Allah mənə böyük bir cəza
verdi. O gündən işi buraxdım.
Sonra həmin adam mənə çox zəng
elədi, xanımım biraz əsəbidir, üzürlü
bil, işinə qayıt. Mən bir daha ora
qayıtmadım.
Sonra ən sevmədiyim iqtisad fakültəsini oxudum. Məcbur olub
magistraturanı da iqtisad üzrə oxudum, bu vasitə ilə 5
il işləyəndən sonra doktoranturaya
qəbul oldum. Doktoranturanı isə alman dili və
ədəbiyyatı üzrə bitirdim. Bu
illəri anama, vətənimə həsrətlə
yaşamışam. Mən bu illərin
hekayələrini "Ayrılığın rəngi
hüzün" kitabımda yazmışam.
- Azərbaycan ədəbiyyatı
Almaniyadan necə görünür? Ümumiyyətlə,
görünə bilirmi?
- Almaniya
elə bir ölkədir ki, ordan ancaq Almaniya görünür.
Elə bir xalqdırlar ki, onlar ancaq özlərini
görürlər. Səksən milyonluq
Türkiyə ədəbiyyatı belə yeni-yeni tanınmaqdadır.
Orhan Pamuk Nobel ədəbiyyat
mükafatını aldıqdan sonra diqqətlər Türk ədəbiyyatına
yönəldi. Ahmet Hamdi Tanpınar, Ahmet Ümit,
Yaşar Kemal kimi yazarlar da kitab vitrinlərini bəzəməyə
başladı. Təbii ki, burda Türkiyə Mədəniyyət
Nazirliyinin böyük rolu var. Kitabların tərcüməsinə
və çapına maliyyə ayırırlar. Sovet
dövründə Elçinin, Anarın, daha sonra Sabir Rüstəmxanlının,
Rüstəm Behrudinin, Əjdər Olun şeirləri, Eyvaz
Zeynalovun, Vaqif Sultanlının romanları tərcümə
edilərək çap olunub. Mən Ramiz
Rövşənin bir şeirini tərcümə etdim, alman
oxucusu çox bəyəndi. Rüstəm
Behrudinin şeirlərinin tərcüməsi çox gözəl
qarşılandı, hətta onu redaktə edən alman
qadın şeirdəki dərin sufizmin fəlsəfəsinə
heyran olduğunu bildirdi. Elçinin
"Baş" və "Ölüm hökmü"
romanları nəşriyyatçılar tərəfindən bəyənildi.
Amma dediyim kimi, bu yayınlar üçün
reklam və maliyyə vacibdir.
Sizdə Sovetdən kapitalizmə keçid dönəmi
var, bunu almanlar və ya digər avropalılar
yaşamayıblar. Buradakı yaşam tərzi, insanların
həyəcanları alman oxucusuna maraqlıdır. Amma ədəbiyyat dediyin həm də təbliğatdır.
Məsələn, səksən milyonluq
Türkiyənin ədəbiyyatı Orhan Pamuka qədər
tanınmırdı. Nobeldən sonra
Avropada türk ədəbiyyatı kitabları ön vitrinlərə
qoyuldu. Məsələn, orda Orhan Pamukun
ofisləri var. Onun bir kitabı orda piyasaya
çıxmamışdan öncə həmin ofislərdə
təqdimatlar olur. Türkiyə Mədəniyyət
Nazirliyi gənc yazarların kitabının tərcümələri
və çapı üçün maliyyə ayırır.
Demək olar ki, Azərbaycan ədəbiyyatının
səviyyəsi elə Türk ədəbiyyatı səviyyəsindədir.
Burda çox istedadlı gənclər var,
çox yaxşı nasirlər və şairlər
yetişir. Sadəcə, onların
Almaniyada çap olunması üçün imkanlar məhduddur.
Dövlət və ya hansısa şirkətlərin
dəstəyi olarsa, tanınma, oxunma və qəbul olunma
problemi yoxdur. Təəssüf ki, ədəbiyyat
da siyasətə bağlıdır, bu sahədə uğuru
şansa buraxmaq olmaz. Mənim də orda qəbul
olunmaq üçün çətinliklərim olub. İndi hər şey qaydasındadır,
kitablarım dərc olunub. Kilsələr,
bələdiyyələr, kafelər dəvət edirlər,
gedib kitablarımızı oxuyuruq. İnsanlar
çox gözəl qarşılayırlar,
alqışlayırlar. Amma iş daha yuxarı nöqtələrə
gələndə çətinləşir. Mən
Alman Yazarlar Birliyinin nəzdində Azərbaycan bürosunun
yaradılmasını təklif etdim. Ermənilərin
var, Gürcülərin var, tamam dedilər. Amma onları
dəstəkləyən böyük şirkətlər
olmalıdır, burda iş yatar. Məsələn, orda
gürcü bir iş adamı var, bu işi qurdu. 10-15
yazarı Tiflisə gəzməyə apardı, vətəni və
yazarları ilə tanış elədi, əlaqələrini
yaratdı. Ədəbiyyat, arxasında
böyük sərmayə istəyən işdir. Orda almanca bir kitabın redaktəsi təxminən
1500 avrodur. Təbii ki, kitab da bahadır,
amma oxuyan çoxdur. Avtobusda, metroda hər
kəs kitab oxuyur. Hər hansı bir
xalqın ədəbiyyatı orda yaxşı təbliğ
olunarsa, mütləq oxuyacaqlar. Dünyanın
ən böyük kitab sərgisi Almaniyada - Frankfurtdadır.
Ora gələn yazıçı qonaqları,
oxucular pop ulduzu kimi qarşılayırlar. Təsəvvür edin ki, kitab 10000 tirajla
satılırsa, yazıçıya şikayət gəlir,
uğurlu kitabın tirajı 100000-dən çox
olmalıdır. Almaniyada çıxan
böyük ədəbiyyat qəzetləri var və demək olar,
bütün qəzetlərdə ədəbiyyat səhifələri
var.
- Almaniyada hər hansı bir Azərbaycan
və Türk mədəniyyət mərkəzləri
varmı?
- Yoxdur. Bu işlər bizim millətləri çox
maraqlandırmır. Məsələn,
Almaniyadakı şəhərlərdə ən çox bu
işlərlə məşğul olan millət ukraynalılardır.
Çox çətin bir durumdadılar, Almaniya
onlara yardım edir. Çalışırlar,
mədəniyyət mərkəzləri qururlar. Ukraynalı rəssamlar, musiqiçilər başqa
şey istəmirlər, öz sənətlərini sərgiləyirlər.
- Bəs sizin, ədəbiyyatımızda
yazıçı və ali oxucu kimi qiymətləndirdiyiniz,
tərcümə olunması vacib bildiyiniz imzalar varmı?
- Mən Sabir Əhmədlinin kitabını oxudum, həqiqətən,
dünya miqyasında bir yazıçıdır. Təsvirləri,
dili işlətməyi, axıcılığı öz
yerində. Amma bu yazıçını
heç bir dilə tərcümə etməmişlər.
Məsələn, İsa Hüseynov. O
savaşa gedənlərin yox, onun arxasında qalanların hekayəsini
anlatmış. "Tütək səsi"ndə
müdhiş bir melodrama var. Stalinə qarşı
çıxa bilməyən iki gənc oğlan damın
üstünə çıxıb tütək
çalırlar, bu fərdi bir üsyandır.
- Tərcümə olunarsa, alman
oxucusu bizim ədəbiyyatın bu kimi həssas
çalarlarını duya bilərmi?
- Əlbəttə, baxın, almana sizin müharibəni
yazdığınız ədəbiyyat yox, müharibənin
faciəsini yazdığınız ədəbiyyat
maraqlıdır. Onlar savaşlarda milyonlarla insan itirmişlər,
çox böyük əzablar yaşamışlar. Bu acılarının qarşısında heç
bir xalq onları öz acıları ilə təsirləndirə
bilməz. Onlara öz hekayəni anlat,
öz hekayəni uydur, bu daha maraqlıdır.
- Sizin Azərbaycanca çap
olunmuş "Son cənnət" romanınızı
oxumuşam. Obrazların mühacir həyatının təsviri,
onların arzuları ilə gerçəkliklərin
toqquşmasına rəğmən gənclərdə olan
inqilab əzmi, İran, Türkiyə və Almaniya cəmiyyətlərinə
açdığı pəncərədən boylanan qəhrəmanların
son ümidi...
- Bu romanı
Cəlil Cavanşir türkcədən tərcümə edib,
almanca da yayınlanacaq. Siz çox yaxşı
anlatdınız. Bu roman bizim 80-ci illər
nəslini xarakterizə edir. Türkiyədəki
diktator rejimi, sağçı-solçu cərəyanları,
bizim Avropaya gedişimizi, orda baş
qaldırışımızı, ordakı mücadiləmizi
anladır. Amma hekayəsi yenidir, yəni bu
roman bütün inqilab ruhlu insanların hekayəsidir.
- Bilirik ki, Almaniyada türklərə
münasibət birmənalı deyil, bəs türk ədəbiyyatına
necə?
- Mən
bir kitab yazdım, "Mən bir dəvə
çobanıyam". Bir alman keçmiş millət vəkili
dedi ki, türklər dəvə çobanıdır, yəni
mədəniyyətdən uzaqdırlar. Mən də 1400 il öncə yaşamış bir dəvə
çobanının hekayəsini yazdım. Bu
çoban oxuma-yazma bilmir, amma çöldə kompasdır.
Bütün ulduzları tanıyır, ədəbiyyatı
bilir, əruzun ilk şeirlərini yazan adamdır. Məkkə əmiri haqqında bir həcəv
(satirik şeir) yazır, Əmir bunu çağırıb
deyir ki, səni mükafatlandırmaq istəyirəm, amma sənə
veriləcək mükafat mənim xəzinəmdə yoxdur.
Bəhreyn əmiri mənim dostumdur, indi bir fərman
yazacam, götür apar, sənin mükafatını verəcək.
Bunun da Əsma adında sevdiyi bir qız
varmış, mükafatı alandan sonrakı xəyallarını
qurmağa başlayır. Yolda karvanla gedəndə
bir nəfərlə ocaq qalayırlar. O adam
soruşur ki, qurşağındakı nədir? Deyir ki, Məkkə Əmirinin fərmanıdır,
mənə mükafat veriləcək. Adam
deyir, ver oxuyum. Oxuyur ki, yazılıb bunun
qollarını və ayaqlarını kəs. Burda sənin
ölüm fərmanın yazılıb, bu fərmanı atəşə
ataq, - deyir o biri adam. Razı
olmur çoban, atma - deyir, - mənim həyatımda ilk dəfə
adım bir kağıza yazılıb. Belə
bir roman yazıb yayın evinə apardım. Dedim ki, indi
sizin bu millət vəkilini söysəm, deyəcəklər
türklər aranı qarışdırır. Baxın
mən kiçik roman yazdım, bunu yayınlayın. Görsünlər ki, dəvə çobanı
kimdir, onlarmı, yoxsa bizmi?
- Yayınladığınız dərginin
adı "Referans". Yeri gəlmişkən, mənim də
şeirlərimi dərc etmişdiniz, fürsətdən
istifadə edib təşəkkür edirəm. Yəqin ki, bu
adın seçimi alman oxucusunu da maraqlandırmağa
hesablanıb.
- Bəli,
sizin və bir neçə imzasını bəyəndiyim
şairlərin şeirlərini çevirib bu dərgidə
yayınlamışam. Çox doğru deyirsiz,
Türkiyə türkcəsində də bu sözü işlədirik,
mənası, təxminən, "yararlı mənbə"
kimi başa düşülür. Ümumbəşəri
söz olduğu və Avropa oxucusunun dilinə çox yad gəlməsin
deyə, jurnala bu adı vermişik. Jurnalın
ilk 15 sayı həm almanca, həm türkcə
çıxdı. Almaniyada Ailə və
Çalışma Nazirliyi var, ölkədə 1 səhifə
də olsa, başqa dildə yazı çap olunarsa, onu tərcümə
edirlər. Bizim jurnalın
buraxılışından sonra onlar almancaya tərcümə
edirlər. Amma təbii ki, biz bunu
özümüz almanca çıxaracağıq. Sadəcə, hələ yetərincə redaktor,
korrektor kadrlarımız yoxdur. Hər ay 4000 tirajla
çıxır, 1200 abunəsi var (illik 30 avro), qalanları
da hamısı satılır. İndi alman dilində təhsil
alan türk uşaqları
üçün uşaq dərgisi də yayınlayırıq.
- Almaniya
Yazıçılar Birliyinə üzv olmağın şərtləri
necədir?
- Almanlar çox oxuyan və çox yazan millətdir. Hər 6 nəfərdən biri yazır. Təbii ki, yazanlar hamısı yazıçı
deyil. Mən orda neçə kirayə evlər
dəyişdim, hamısında çoxlu əlyazmalar, gündəliklər
tapdım. Amma hətta öz
kitabını özün çap etdirirsənsə, səni
Yazıçılar Birliyinə qəbul etmirlər. Kitablarını özün yox, nəşriyyatlar
çap etməlidir. Və səni ora
tövsiyyə edən, imzası təsdiq olunmuş
yazıçı olmalıdır. Orda da
Yazıçılar Birliyinın fəaliyyəti bölgəsəldir.
Mənim yaşadığım bölgə
üzrə 47 yazar üzv var. Bütün Almaniya
Yazıçılar Birliyinin təxminən 800 üzvü
var.
- Almaniyada yazıçılara olan
münasibət və qayğı sizi qane edirmi?
- Orda yazıçılara çox böyük hörmət
var. Yazıçı başqa işlə məşğul olmur,
özünü ancaq yaradıcılığına həsr
edir. Biz yazılarımızın çapı
müqabilində çox yaxşı qonorar alırıq.
Məsələn, bələdiyyə və ya
kilsələr bizi dəvət edir, gedib yeni
yazılarımızı oxuyuruq. Orda
universitetlər, məktəblər yazıçıları
paylaşa bilmirlər, onları dəvət etmək
üçün xüsusi vaxt və yüksək qonorar
ayırırlar. Seminarlarda öz
kitablarım haqqında danışıram. Hətta o məkanlara gedəcəyin yolun məsafəsinə
görə də pulu hesablayıb üstünə gəlirlər.
Qəzetə yazdığın yazının hər
sətrinə pul ayrılır. Kitabından
bir şeir radioda oxunursa, hesabına pulunu
köçürürlər. Bunların
heç birini sənin tələb etməyinə və ya
gözləməyinə ehtiyac yoxdur. Orda
milyarder adamı kimsə tanımaz, çünki göstərişli
deyillər, sadədirlər. Amma
yazıçını hər kəs tanıyır.
Söhbətləşdi: Nuranə
Nur
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.-S.14-15.