Muxtar
Hekayə
- Söz başa düşmürsən?
Mümkün deyil, vəssalam. Al qovluqlarını da, çıx otaqdan.
- Axı...
- Dərman
kəşf eləyib kişinin oğlu... Sən
hələ, oxu. Nə magistr təhsilin var, nə də
elmi iş yazmısan. Bakalavriatla əlini vurub
qoltuğuna gəlmisən.
-
Heç Eynşteyn də elmlər namizədi deyildi...
- Hə də,
balası, o, Eynşteyn idi. Sən isə
Muxtarsan. Mümkün deyil.
Götür bunları da, çıx otaqdan, dedim.
-
Peşman olacaqsız.
- Allah,
Allah. Qardaşım, mən artıq peşmanam.
Mənə deyən lazımdır ki, niyə adam
bilib hər ötüb-keçən üçün
qapını açırsan. Sənə neçə dəfə
dedim, gəlmə də, gəlmə. Bir
aydır başımı xarab eləmisən.
- Tomos Edisonu məktəbdən qovmuşdular. Müəllimləri
ona kütbeyin deyirdi. Adam elə kəşflər etdi
ki...
- Aman
Allah, bir aydır eyni şeyləri təkrarlıyırsan e! Muxtar, yaxşı yol. Belə,
yolun açıq olsun. Kəşflərin
sərhədləri aşıb xəbəri gəlsin
qulağımıza. Nobel alasan. Olsun e, olsun. Amma, başına
dönüm, bu, kəşf deyil. Yeni əsrin
Şeyx Nəsrullahı olmaq istəyirsən? Bir də ki, sən Allahın işinə niyə
qarışırsan axı. A balam, sənin
nəyinə lazımdır ölənləri diriltmək?
- Bu, Allah
işinə qarışmaq deyil. Bu,
sorğu-sualdı. Niyələri
soruşmaqdır.
- Ay adam, nəyinə lazımdır axı?
- Məsələn,
nakam getmiş insanları, bu dünyada missiyası
yarımçıq kəsilən adamların geriyə
dönməsini istərdim. Siz istəmirsiz?
- Vallah,
havalanmısan sən. Cəfəng-cəfəng
fikirlərlə vaxtımı alırsan. İndi
iclas olacaq, xoş getdin.
- Boş-boşuna
keçirilən müzakirələr, iclaslar. Doldurursuz
bir zal adamı, ağzınıza gələni
danışırsız. Nə elm var, nə
də kəşf. Boş-boş sözlər
var ortalıqda, vəssalam. Özünüz
də bilirsiniz ki, boşboğazlıqdır, başqa
heç nə. Guya iş görürlər. Simpozium, təşkilat, yığıncaq. Havalı sizsiniz, deyim, xəbəriniz olsun. Kimi aldadırsız axı? Bezmədiniz
vaxt öldürməkdən?
- Xoş
getdin, dedim sənə! Ağzına gələni
danışma! Kişi kimi bir işin qulpundan yapış! Qaz vur, qazan doldur! Başını
boş-boş şeylərlə yorma. Sənin kəşf
adlandırdığın bu qondarma dərmanlarını, bir
qovluq kağız-kuğuzunu heç kim
sınaqdan keçirməyəcək. Belə
şey həyatında olmaz. Olsaydı
avropalılar birinci kəşf edərdilər. Deyirsən sənin qədər ağılları
yoxdur?
-
Çox heyif.
- Deyirəm
sənə, normal, yola yaxın, sanballı, həqiqətə
uyğun nəsə ağlına gəlsə, bax, gələrsən
yanıma. Dədəm Mehtinin oğlu deyiləm,
əgər səni qapıdan içəri buraxmasam. Bax,
söz verirəm, kişi kimi. Get,
başına dönüm, get.
- Siz!
- Get,
başına dönüm, get. Qapını bağla arxanca.
Pilləkənləri aşağı necə
düşməyim yadımda deyil. Bircə onu bilirəm
ki, başım gicəllənirdi. Bura gəlməyimə
it kimi peşman olmuşdum. Bütün
dünya, baş verən hər şey, həyatım,
arzularım elə bil dərədən aşmışdı.
Mən Sizif gücündə deyildim. Ola bilməyəcəm. Daş
olub hər şey başıma düşür. Əzilirəm, elə əzilirəm ki. Adamı yerə çırpmaq yəqin buna deyilir.
Yolun sağı, solu, eni, uzunu - hər şey
gözümdə bərabər görünürdü. Gah
başımı qaşıyırdım, qulağımı
dartırdım, yerli-yersiz, özümdən qeyri-ixtiyari
öskürürdüm. İki dəfə
yolu səhv gedib geri qayıtmışdım, eskalatora tərsinə
minmişdim, sürtünə-sürtünə, itəliyə-itəliyə
keçirdim adamların içindən.
"Növbəti stansiya "Elmlər
Akademiyası".
-
Xahiş edirəm, mənə deyərdiniz, "Memar Əcəmi"yə
necə gedə bilərəm? Aha, ordan, düz ordan. Çox sağ olun, çox təşəkkür edirəm.
"Qapılar bağlanır növbəti stansiya
"Elmlər Akademiyası".
-
Xahiş edirəm, mənə deyərdiniz, "Memar Əcəmi"
stansiyasına necə gedə bilərəm? O qatar
səhv aparır. Bayaq da ona mindim. Eyni yerə gedir. Bu dəfə
düz gedəcək? Çox sağ
olun.
"Qapılar bağlanır, növbəti stansiya
"Elmlər Akademiyası".
-
Xanım, siz deyin... "Əcəmi"yə
necə gedə bilərəm? Hara
aparır? Yalnız ora?
"Qapılar bağlanır, növbəti stansiya
"Elmlər Akademiyası".
- Bir dəqiqə,
üzr istəyirəm, xala zəhmət olmasa çəkilərdiniz.
Saxlayın... Çəkilin, zəhmət
olmasa. Saxlayın, dedim. "Memar Əcəmi"yə getmək istəyirəm.
Saxlayın!
***
Bura "Bakı Soveti"dir. Tfu, lənətə gələsən,
"İçəri Şəhər"
metrostansiyasıdır. Bu da Mirzə
Ələkbər Sabir.
Salam, Sabir ağa. Elə bilirəm heykəl olmaqdan bezmisən
axı. Ayağa dur,
sür-sümüyünü şaqqıldat.
Bəs sən,
Füzuli... Üzr istəyirəm, siz. Necə düşünürsünüz? Hələ
də , “Can vermə qəmi-eşqə ki,
eşq afəti-candır, Eşq afəti-can olduğu məşhuri-cahandır!”
fikrinin üzərində qalırsınız? Yox,
daha sevgiləri də dəyişib bu dünyanın. Bir də, bağışlayın, müdaxilə
edirəm. Əlinizi zəhmət olmasa
çənənizdən çəkərdiniz. Belə yaxşı düşmürsünüz
fotoya. Başınızı da
qaldırın. Məzlum görünməyin,
nə olar. Məncə illərdir yerə
baxmağınız yetər.
Bağışlayın məni. Hamınız
bağışlayın. Bu gün əhvalım
olduqca pisdir. Hirsliyəm, acıqlıyam...
...Bəzi
gənclərdən fərqli olaraq mən hələ də nələrinsə
ümidindəydim, doğrusu. Heykəl kimi əli
qoynunda oturmaqdan bir şey çıxmayacaq, hə? Dünyaya gəlmisənsə yaşamağın
yollarını da tapmalısan, düşünürdüm.
Və düşünürdüm ki, rəngarəngliyi
yaradan insanın özüdür. Yəni
içində olan boşluğu hara getsən belə, yenə
də doldura bilməyəcəksən. Beynində
yuva salmış hər şey səni harda olsan narahat edəcək.
Neqativ fikirlərdən xilas olmaq
üçün ya başını kəsməlisən, ya da
baxışını dəyişməlisən. Başqa yolun yoxdur. Bütün əzaların
yerində olduğu halda günlərini boşuna xərcləyirsənsə,
get əlsiz-ayaqsız Nik Vuyçiçin kitablarını
oxu, məsələn. Nə bilim, motivasiya
üçün, həvəslənmək üçün əla
enerji mənbəyi ola bilər. Ya da gücü kənarda deyil özündə
tapmağı bacar, deyirdim. İndi isə
özümü əlsiz, ayaqsız adam
kimi hiss edirəm. Boynu bükülmüş, məzlum
qozbel Kvazimodo kimiyəm.
Elə bilirəm dağ, daş, divar - hər şey mənimlə
danışır bu gün. Cəfər Cabbarlı əlini
qoynundan götürüb Rəşid Behbudov kimi
qollarını yana açıb oxumaq istəyir.
Təsəvvür edirsiz? "Nə
gözəlsən, nə qəşəngsən, bu axşam sən
əziz dost". Hələ Ədəbiyyat
Muzeyinin önündə sıralanan heykəlləri demirəm.
Elə bil hamısı sıçrayıb yerə
atlanmaq istəyir. Vahidin başına
dırmanan xırda adamlar da yerə tökülmək istəyir.
Lap elə Vahidin özü də, mənimtək
bədənsiz baş kimi qalmaqdan bezib kimi görünür
gözlərimə. Elə bilirəm, o da
hamı kimi əli, ayağı, bədəni yerində
olmasını xəyal edir. Yerimək istəyir,
qaçmaq istəyir, danışmaq istəyir. Mən isə ümidsizliyin acısından məhz
indi çıxış yolu kimi gördüyüm intihara
getmək istəyirdim. Amma yox, ən
yaxşısı sükutdur. Bəlkə
danışmağı tərgidim? Ölməyə
nə var ki. Susum. Onsuz
da sözün qiyməti gözdən elə düşüb
ki, hamı necə istəyir elə də xərcləyir onu.
Ah...
Soyuq kəsdi məni. Belə baxanda
yaydı. Bəs mənə niyə soyuqdu?
Niyə üşüyürəm? Böyrəklərim
sızıldayanda Almas İldırım
düşür yadıma. Boğazına qədər
suyun içində saxlamışdılar bədbəxti.
Danışanı güllələmişdilər,
sürgün etmişdilər danışanları. Onların alnında möhür izi qaralmırdı.
Alınlarına şanlı əməlləri
ləkə kimi yapışdırılmışdı.
Kəs səsini, burjua şairi! Urvatsız-urvatsız
yaşa.
Neftinlə doydur Moskvanı, müharibədə qələbə
qazan, amma qəhrəman şəhər statusuna yüksəlmə. Özümə
bənzəyən Bakım. Bu
xırçınlı Xəzərin qoynuna atacağam illərdir
düzəltdiyim bu həbləri. Qoy sulara
qarışsın. Balıqlar içib
dirilik qazansınlar.
***
- Muxtar
müəllim, yaxşısız?
- Nə
olub?
- Səhərdən
bufetdəsiz. Birinci elə bildim
başınız ağrayır.
- Nə
vaxtdan burdayam?
- İki saat olar. Sizi axtarırlar. Direktor
otağına çağırıb.
- Məni?
Niyə?
- Xəbərim
yoxdur.
İlahi, bu nədi başıma gəldi? Duran yerdə
niyə çağırsın ki? Allah
bilir Akademiyadan zəng vurublar. Deyiblər
başdanxarabı işdə niyə saxlamısız? Tfu, belə həyat olar? Alınmır
da. Məndə heç nə
alınmır.
- Olar?
-
Keç-keç. Nə olub? Niyə həyəcanlısan?
-
Heç, olur məndə.
- Əsədov, sənə vəzifə verirəm.
- Məə.
Nənə?.. Mənə?
- Bəli-bəli
sənə.
- Nə vəzifəsidi
elə?
- Baş
hidroloq?
- Mən?
- Qəşəng
vəzifədir, eləmi? Ayın əvvəlində
hava haqqında məlumat verəcəksən. Həftəlik məlumat verəcəksən. Səni televizora çıxaracam. Bütün ölkə üzünü tanıyacaq.
-
Çox sağ olun.
- Hə,
bir də. Ürəyin istəsə lap havanın,
buludların istiqamətini də dəyiş
- Yox, necə,
niyə ki?
- Necə
yəni niyə? Ölünü diriltməyi
bacaran, buludu da qova bilər. Lap belə
ürəyi istəsə xoşu gəlməyən ölkələrə
də göndərə bilər. Yerində olsam, təşkil edərəm
bir dənə tornada, göndərərəm Ermənistana.
Get qəbinetivə... Al, hədiyyəni də
götür.
- Nədi
bu?
- Qlobusdu.
Fırlad özünçün.
Hə, bu da sənə möcüzə. Get, Əsədov. Get, kef elə.
Adam dirildən. Kabinetinin üstünə
də yaz: "Adam dirildən Əsədovun kabineti".
Yaxşı reklam mətni də yazmaq olar: "Ölüm
daha qorxulu deyil. Əbədi yaşamaq indi
burnunuzun ucundadır. Əsədov həblərini
alın. Alın, için və əbədi
olun". Lənət sənə kor
şeytan. Allah bilir, bütün departament
gülür mənə. Mənə deyən
lazımdır axı, ağrımayan başına niyə
yaylıq bağlayırsan ki? Yaşa
hamı kimi, danış hamı kimi. Bu da
olsun, həyat.
-
Yoldaş, Əsədov, xəbəriniz var. Dənizdə qəribə
olaylar baş verir.
- Nə
olay? Nə olub?
- Tələsin,
bütün deliqasiya oraya yollanır.
- Mən
hələ təzə keçmişəm ki, vəzifəmə.
Otağa gedib çıxmamışam.
- Tez olun
e, tez olun.
Qlobusumu otağa qoyub aşağı düşdüm
ki, gördüm köç gedib. Bir sözlə, bir
Allah bəndəsi məni gözləməyib ki,
maşınına mindirsin. Nə isə, onlar atlı olsun, mən də piyada. Düz
getdim "İçəri Şəhər"
metrostansiyasına. Baksovetdə
düşüb Filarmoniyanın həyətindən qalxdım
yuxarı. Yeraltı keçidlə
keçib bulvar tərəfdən çıxdım. Uzaqdan camaat görünürdü. İynə atsaydın yerə düşməzdi.
Dənizin üzərindəki burulğana bənzər
bulud bulvarın üzərinə doğru hərəkət
edirdi. Hava elə istiydi ki, qara bulud
topası günəşin üstünü örtsəydi əməlli-başlı
kölgə olacaqdı. Bir sözlə,
iti addımlarla gəldim dənizin kənarına. Yoldaş Mərdanov da burdaydı.
Mərdanov məni görən kimi tez yanına
çağırdı. TV kanalların kameraları önündə, "bu,
bizim baş hidroloqumuzdur", təqdimatını verdi. İndi baş hidroloq nə
lazımdırsa söyləyəcək, dedi.
Aman Allah, mən nə etməliyəm ki? Bir tərəfdən
də qorxudublar ki, yəqin bu bulud hansısa zavodda baş
vermiş partlayışdan əmələ gəlmiş zəhərli
buluddur ki, o da bir dəfə yağsa camaat zəhərlənib
öləcək. Lənət şeytana,
işə düşmədim. Balam, mən
Allaham? Yoxsa İsa peyğəmbərəm?
Nə deyim bunlara?
Eləmədim tənbəllik buludun tərkibini öyrənmək
üçün labarator ləvazümatları da
götürüb yollandım helekopterin içinə. Elə təzəcə
minmişdim ki, yadıma dünən dənizə
atdığım həblər düşdü. İlahi, yəni bu bulud o həblərin buxarından
yaranmış buluddur? Kül oldu mənim
başıma. Olmaya nəyisə səhv eləmişəm.
Mən neyləmişəm, ay Allah? Bəndənə yazığın gəlsin.
Yenicə oturmuşdum ki, Mərdanov mənə əl
edib, aşağı düşməyimi istədi. Heç nə
anlamadım. Deyəsən tutacaqlar məni.
Yüz faiz həbs edəcəklər. Yəqin dünənki hərəkətimi görən
olub. Bir də axı dünyanın zibilini
tökürlər dənizə. Düz-əməlli
balıq da qalmayıb orda. İndi bir ovuc dərmanla
nə olacaq axı? Nə isə, deyərəm
ki, xəbərim yoxdur. Yalançı dərmanlardı.
Əşşi nə dərman? Xəbərim yoxdur, vəssalam. Yaxşı
ki, dünən bütün sənədləri
yandırdım. Kəşfimin izi belə
qalmayıb, çox şükür.
Mərdanova yaxınlaşanda gözlərini yaş içində
gördüm.
Allahım, nə olub axı?
Camaat dənizə baxırdı. Üzümü
çevirəndə gözlərimə inanmadım. Dənizin içindən adamlar sahilə doğru irəliləyirdi.
Mərdanovun üç il bundan öncə
dənizdə batmış, cəsədi tapılmamış
oğlu irəlidə gəlirdi. Ardıyca
neftçilər, fəhlə geyimli adamlar, qızlar,
oğlanlar gəlirdi.
Bəs o kimdi? Nimdaş, boz pencəkdə, üzü tüklü,
yorğun adam kimdir görəsən? Yaxasında rəqəmlər görürəm.
Aha, apaydın sezilir. Bir. Hə,
birdi. Yenə də bir, sonra sıfır.
Doqquz. Bu nə rəqəmdir?
Min yüz doqquz.
- Yoldaş
Əsədov, nə baş verir?
-
Xanım, gördüyünüz kimi adamlardı. Vaxtilə batmış, ya atılmış,
izsiz-tozsuz qeyb olan, itkin düşən adamlar.
- Yəni
ölülər dirilib?
-
Gördüyünüz kimi, həyatda hər şey
mümkündür.
- Necə
yəni?
- Ola bilər
Xəzərin sularına dirilik suyu qarışıb. Tarixi mənbələrdə
belə suyun olması məlumatı var axı. Yadınızdadır, İsgəndərin
axtardığı dirilik suyu?
- İndi deyirsiniz, bu qara bulud dənizdən
buxarlanmış buluddur?
- Bəli,
düppədüz. Dənizdən buxarlanmış
buluddur. Ona görə belə qəribədir
və fərqlidir.
- Sizcə
yağıntı hara düşəcək?
- Məncə,
bu bulud çox uzağa gedəcək. İstadacaq
hamımızı. Yamyaş edəcək
bizi. Təpədən-dırnağa
yuyacaq. Bəlkə də ölüləri
sonuncu dəfə qusullandırmağımız dirilik istəməyimizdəndir.
Yoxsa torpağın altına gedəcək ruhsuz
müqəvvanı niyə yuyaq ki? Qədimlərdən
bizə gələn yaddaş kodudur bu. Dirilik sevdasıdır.
İndi yaşamağın nə olduğunu nəhayət
ki, anlayacayıq. Şüurumuz,
düşüncəmiz, varlığımız diriləcək.
- Muxtar bəy,
sizinləyəm, Muxtar bəy.
- Bəli
-
Televiziya müxbiri, Tofiqəm.
- Lap
yaxşı.
- Bir sual
verim. Güman edirsiniz ki, bu bulud dirilik bulududur.
-
Güman etmirəm, belədir.
-
Düşünək ki, belədir. Siz bu dirilik
buludunun hara yan almasını istərdiniz? Bu yağışın harada yağmasını istərdiniz?
- Əgər məndən olsaydı, əgər o
buludlar getmək istəsəydi. Məni sızladan,
içimi yeyən günahsız, müharibədə həyatını
itirmiş adamların qəbrinə yağmasını istərdim.
Məsələn, yağış Şəhidlər
Xiyabanına yağsın. Yağsın.
Qəhrəmanlar yenidən dirilsin, istəyirəm.
Gedib qayıtmayanlar, "xalq düşməni"
adıyla güllələnənlər dirilsin. Bilirsiz...
-
Bağışlayın, vaxtımız yoxdur... Mümkünsə
hava haqqında məlumat verərdiniz...
Günel Eyvazlı
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.21.