Qoca kahinin səhvi və ya
"Qiyamət" öncəsi
düşüncələr
Tarix boyu Şabranın çox
şairləri olub, mən sizə 2300 yaşlı bu
şöhrətli, tarixi Şərq şəhərinin
müasir şairlərindən biri haqqında - gənclik və
ahıllıq dostum Ağalar Mirzə haqqında
danışmaq istəyirəm. Və təqvimə, təqvimin
yanında çıq-çıqı ilə zəhlə
tökən, az qala dünyanın sonuncu matəm marşı
kimi səslənən saata baxıram; qoca kahinin dediyi vaxta -
dünyanın Qiyamət adlı son sirrinə bir neçə
saat qalıb və mən əlacsız bir ovqatla,
anlaşılmaz bir tələskənliklə bu dünyadan o
dünyaya - dostum Ağalar Mirzəyə açıq məktub
yazmağa - Əfsanələr paytaxtının daha bir həqiqəti
haqqında çoxdankı düşüncələrimi nəhayət
ki, dilə gətirməyə başlayıram. Əgər
qoca kahinin dedikləri doğrudursa, bu, o dünyaya yazılan
sonuncu məktub olacaq... P.S. Məşhur "2012" filminin təsvir
etdiyi qaçılmaz Qiyamət sonluğu, o planetar faciələr,
şükür Allaha ki, reallaşmadı... Aradan düz
altı il keçib. İndi 2018-ci il iyunun 16-sıdır. Altı il
əvvəl yazdığım və macal tapıb çap
etdirmədiyim bu qəribə məktubu "Ədəbiyyat qəzeti"nin
oxucularına təqdim edirəm; ən qəribəsi də
budur ki, uzaq, postmodernist bir fəhm "Ədəbiyyat qəzeti"nin
o dünyada da oxunduğunu zarafatyana bir əda ilə
pıçıldayır. Nə bilmək olar, bədii sənətdə,
xüsusilə, ədəbiyyatda və kinoda paralel
dünyalara, sivilizasiyalararası bağlantılara, təmaslara
azmı şahid olmuşuq...
Müəllif
16 iyun, 2018-ci il
Qardaşım
Ağalar!
Adətən, məktubu bu dünyanın
ünvanlarına göndərirlər, mənsə bu məktubu
o dünyanın sənli ünvanına üz tutub yazıram.
Və 90 yaşlı kahinin dediyi vaxta, yəni
2012-ci ilin 21 iyunu, saat 18.00-ə düz üç saat
qalıb. Onun dediyi kimi
olsa, düz üç saatdan sonra Yer planetində həyat sona
çatacaq, planetar miqyaslı dağılma, məhvolma hadisəsi
baş verəcək və Əbülbəşər Adəmdən
başlayan neçə min ilin möhtəşəm
sivilazasiya marafonuna, bəşəri
nəsillər karvanına son qoyulacaq.
Bu məşum, sarsıdıcı sözləri yaza-yaza
damarlarımda qanım donur, varlığımda
çırpınan ruhum üşüyür.
Əslində, "donur" və
"üşüyür" sözləri o dəhşətli
yaşantıları ifadə etməkdə çox-çox zəif
və acizdir.
Şabrandakı evimin həyətində uca, silsilə
dağlara, quzğun kimi zirvəyə qonmuş 1600
yaşlı Çıraqqalaya baxa-baxa yazdığım o
sözlərin çarəsiz məğlubiyyətini aşkar
şəkildə gördükcə, ruhum çarmıxa
çəkilən İsa Məsih kimi əzab çəkir və
qəlbimin uzaq, əlçatmaz, ünyetməz çöllərində
didərgin bir duyğunun qiyam qışqırtıları
qulaq batırır...
Bəşər
tarixində bəlkə ilk dəfədir ki, o dünyaya məktub
yazmağın mağmınlığı, Migel de Servantesin məşhur
qəhrəmanı Don Kixotu yada salan gülünclüyü də
bir tərəfdən məni bezdirir, ayağını dirəyib
mane olmaq istəyir, açıq-aşkar "dayan, əl
çək bu sevdadan" deyir. Qəlbimin səmalarında həmin
o ispan Migel de Servantesin "Quran" ayəsi kimi müqəddəs
sözləri qanad çalır: "Həqiqət
haradadırsa, Allah da oradadır, çünki həqiqət
özü Allah deməkdir".
Və dahi Nizami Gəncəvinin "Ərəb əbalı
Türküm" adlandırdığı Həzrət Məhəmmədin
Merac yaşantılarını, Allahla fövqəlbəşər
təmas anlarının möcüzəsini, mütləq -
absolyut həqiqətə yaxınlığın möhtəşəm
mənzərəsini uzaq bir ilğım kimi duyur,
yanğının cəhənnəm istisində dumduru, bumbuz
bulaq suyu səadətiylə içirəm...
Ağalar, qardaşım, sən bu sözlərə bu
dünyada yəqin ki, inanmazdın, bəs o dünyada, yəni
indiki halında necə, inanırsanmı? Yəqin yenə
deyəcəksən, zirvələrdən bir qədər
aşağı düş, səsini eşidə bilmirəm. Yox, yanıldım, o ifadələri
bizim dünyamızda işlədərdin; indi bəlkə də
deyərsən ki, bir qədər də yuxarı, zirvələrdən
də yuxarı çıx ki, səni eşidə bilim. Axı mən müqəddəs
Merac yollarına nabələdəm...
O
dünyaya qəfləti gedişinə bircə gün
qalmış səninlə Milli Televiziyanın "Ədəbi-dram
verilişləri" baş redaksiyasının dəhlizində
gəzə-gəzə söhbət edirdik. Deyirdin ki, artıq yükümü
yığmışam, ondan çox kitabımda
SÖZÜMÜ deyib qurtarmışam... Mən də yarızarafat,
yarıgerçək deyirdim ki, sözünü söyləyib
qurtarmaq cənab Cəbrayılın gəlişinə
çağırış vərəqəsi göndərmək
kimi bir şeydir, belə demə...
Sən
deyirdin ki, son vaxtlar başqa mövzularda şeir yaza bilmirəm,
hara üz tuturamsa misraların içindən ölüm
boylanır; bir
şeirimdə özümdən ixtiyarsız olaraq
yazmışdım ki, "Əzrayıl olanda axı nə
olar, qapıma Allahın elçisi gəlib".
Mən
yenə zarafata salmağa çalışdım:
- O qədər
ölüm-ölüm deyib o kişini narahat edirsən ki,
işini-gücünü atıb şeirli anlarında
qapına gəlir...
Sən
dedin ki, belə şeylərnən zarafat olmaz, Allaha acıq
gedər...
Mən soruşdum ki, dünya başdan-başa sərxoş
bir səadət ilğımı, zavallı bir zarafatxana
meydanı deyilmi?
Sən
ciddiləşdin ki, istəyirəm bu anlar, poeziya haqqında
bu söhbət yadında qalsın...
Mən də
poeziya haqqında söhbətin axarına qoşuldum, maraqla
dinlədiyini görüb bir neçə söz dedim:
Hərdən mənə elə gəlir ki, Allah dərgahında
qorunan "Lövhi-Məhfuz"da - Əzəli və əbədi
qorunan lövhədəki gizli ahəngləri kəşf edəndir
poeziya. Əsl şeirlər
dünyanın əsl ahənglərini sözlərlə, səslərlə
maddiləşdirir, sözlərlə, səslərlə yenidən
yaradır, necə deyərlər, görünməzləri
görünən, bilinməzləri bilinən edir. Əsl poeziya əzəli və əbədi ahənglərin,
duyğusal yaşantıların, xoşbəxtliyin sirlərini,
bəlkə də aşkar gizlinlərini insanın və
dünyanın gündəminə gətirir. Poeziya bəzən üsyan
qaldırır, Yerdə tapmadıqlarının ardınca
göylərə,hətta kənar
sivilizasiyalara can atır, sirli səfərlərə üz
tutur:
Dünya
duracaq yer deyil, ey can, səfər eylə...
Belə
bir inam da var ki, ilk insan olan Adəm iylənmiş
palçıqdan biorobot kimi yaradılmış və Allah
öz nəfəsindən üfürərək ruhu ona pay
vermişdi; poeziya biorobotun maddidən
mənəviyə, robotdan bioya canatımı, Allah nəfəsinin
- ruhun sirli ənginliklərində özünü
axtarışı, qovulduğu cənnətməkana - ilahi
nizama qayıdış əzablarıdır...
Çox
dərinlərə getdiyimi görüb gülümsədin,
"Ağlama, ceyran balası" adlı şeirini əzbər
söylədin və sonra dedin ki, sənin poeziya haqqında
danışdıqların dahilərin qismətidir...
Həmin
poeziya dolu anları, həmin sirli-sehrli söhbəti artıq
neçə ildir ki, unuda bilmirəm...
Bakı
Dövlət Universitetinə, təxminən, eyni vaxtda daxil
olduq, tələbəlik illərində dostlaşdıq,
sonralar taleyin qismətindən bir yerdə işlədik - sən
Azərbaycan Radiosunda, mən Azərbaycan Televiziyasında. Daha sonra mənim də
müəyyən qədər vasitəçi olmağımla
sən Azərbaycan Televiziyasının "Ədəbi-dram
verilişləri" baş redaksiyasına gəldin,
"Ədəbiyyat" şöbəsində işlədin. Neçə il
sonra Azərbaycan Televiziyasında "Xalq
yaradıcılığı" redaksiyasının baş
redaktoru, daha sonra mənim müavinim oldun...
O qədər
də mənası, mənəvi yükü olmayan bu sözləri
- qəribə vəzifə xronologiyasını yaza-yaza, əslində,
daha böyük mahiyyət, yəni əsl həqiqət
haqqında düşünürəm. Etiraf elə ki, bəli-bəli,
məhz indi, o dünyada ola-ola etiraf elə ki, sən vəzifəyə,
ad-sana, şöhrətə o qədər də biganə
deyildin. (Bu anda sənin o dünyanın
Adamı kimi sözlərimə necə reaksiya verəcəyin
məndən ötrü maraqlıdır. Və duyğularımı sürətlə
yazıya köçürməyə can atdığım bu
dəqiqələrdə maraq sözünün də yerində
olmadığını düşünürəm. Lakin o yerin əsl
sözünü tapmağa vaxt yoxdur, qəfil sel kimi
çalxanan duyğu axını tələsdirir məni. Bir tərəfdən
də gözüm saatdadır, qoca kahinin dediyi vaxta - Qiyamətin
başlanacağı o məşum zamana cəmi iki saat iyirmi
yeddi dəqiqə qalıb).
Biz, təxminən,
30 il dost olduq. Bu otuz ilin bir neçə
ilini küsülü olsaq da, cəsarətlə deyə bilərəm
ki, biz yaxşı dost idik. Bəzən hətta
küsülü olanda belə dostluğumuz davam edirdi. Yadındadırmı, "Ədəbi-dram
verilişləri" redaksiyasının dəhlizində, Xəzərə
baxan pəncərə önündə növbəti
küsülülükdən sonra söhbət edirdik, qəfildən
haradansa şair dostumuz Əjdər Ol peyda oldu və bizim səmimi
söhbətimizə uzaqdan ürəklə
gözaydınlığı verdi: "Həə, baax, həmişə
belə olun, sizə küsmək yox, dostluq
yaraşır". Əjdər
Ol bizim hər ikimizin yaxın, tale dostumuz idi,
varlığında işıq, ümid gəzdirən,
gözlərindən sevgi-sevinc paylayan səmimiyyət və səxavət
sahibi idi, bizim dostluğumuzun qədrini-qiymətini bizdən
yaxşı bilirdi...
Təfərrüatlar əsl həqiqətlər
haqqında danışmağa macal vermir. O biri tərəfdən təfərrüatlarsız
da keçinmək olmur...
Yadıma düşür ki, günlərin bir
günü yeni şeir kitabını avtoqrafla mənə
bağışlamışdın və mən də Azərbaycan
Televiziyasının "Ekran-efir" qəzetində balaca bir
məqalədə o kitab haqqında öz fikirlərimi
yazmışdım. O kiçik yazıda sənin
ədəbi portret cizgilərini çəkmək, sənin qələmin
və qəlbin haqqında düşüncələrimi
yığcam şəkildə ifadə etmək (düzü,
qəzetin baş redaktoru Məmməd Aslan demişdi ki, 4-5 səhifədən
artıq olmasın) istəmişdim.
O yazı sənin çox xoşuna gəlmişdi,
"Məsələ həcmdə deyil, mahiyyətdədir"
demişdin. "Biz Bakıya rayondan ədəbi
ezamiyyətə gəldik və burda təzə binə qurduq,
təzə soyad yaratdıq, bu əzablı yollarda
ömrümüzü çürütdük" sözləri,
etirafı həmin yazının qəzetdə
çıxdığı günün qismətidir.
Mən
dedim ki, Mirzə, (ona adətən belə müraciət
edirdim - S.E.) bəlkə, çürütdük
sözünü sərf etdik ifadəsiylə əvəz edək?
Sən
dedin ki, bu dünyada əbəbi ədalət, həqiqət
olsaydı, həmin əvəzlənməyə ehtiyac
olmazdı...
Mən
dedim ki, bəli, biz hər şeyi sıfırdan
başladıq, təzə ev qurduq, təzə
soyad yaratdıq, lakin ömrümüzü çürütmədik,
palıd kökləri kimi yeni bir başlanğıca, yeni bir
gövdəyə dayaq olduq. Sənin oğlun
Tural, mənim oğlum Qurban bizim kökümüz -
köksümüz üstündə daha rahat baş
qaldıracaqlar.
Və sən
heç nə demədən, dünyanın dərdləriylə
dolan gözlərinlə mənə baxdın, əslində,
bu lal baxışlarla, bu sükutlu-susqun qəlbinlə elə
çox söz dedin ki, mən o sözlər seylabını hələ
də dinləyib, dərk edib qurtara bilmirəm...
Bir vaxtlar "Dəvəçi" kitab-albomuyla
bağlı fotoqraf dostumuz Rasim Sadıqov və Firudin müəllimlə
birlikdə Dəvəçini başdan-başa gəzməyimizi
xatırlayıram. O vaxt biz bu ana yurdumuzu
sanki təzədən tanıdıq, hətta deyərdim ki,
içimizdəki, ruhumuzun ucqarlarındakı gizli yurd yerini
yenidən kəşf etdik.
Çıraqqalaya söykənib Dəvəçinin-Şabranın
əlçatmaz, ünyetməz yaddaş yollarına
boylanırdıq;
doğma yurdun şərəfli zirvələrindən
keçir, tarixin qanımızda qaynayan yaddaşına salam
verirdik...
Saata
baxıram, qoca kahinin dediyi vaxta iki saatdan da az
qalır. Şabrandakı
evimin qapısı ağzında, üzü qoca Qafqaz
dağlarına, bu dağların zirvəsində əbədiyyət
heykəli kimi qərar tutan Çıraqqalaya baxıram. Öz əllərimlə
əkdiyim, neçə ildir övlad kimi
qayğısını çəkdiyim cavan ağacların
yamyaşıl boy-buxunu, doyumsuz yaşamaq eşqi, bərəkətli
bar-bəhərlə sevinmək istedadı gözlərimdə
yaşa dönür, dəli Kür kimi sahillərini
aşır, yanaqlarımı yandırır. Öz-özümə
"yaxşı görək, bəsdir, qurtar bu həvari
hoqqaları, sentimental soyuqdəymələri!" deyirəm,
lakin bütün xasiyyətinə, qınayan olmasa, deyərdim
ki, bütün hisslərinə, duyğu və
düşüncələrinə bir qardaş, dost kimi bələd
olduğum cavan, yamyaşıl ağacların sual dolu gözlərinə
baxıram və həmin sözləri
çağırılmamış qonaq kimi qapıdan geri
qaytarıram. Və bu yerdə lap qarşımda nazlanan sirli-sevdalı
bir məxluqun, cavan gəlin kimi gözəl, nazlı-qəmzəli
heyva ağacının qəziyəsini danışmaya bilmirəm.
2-3 həftə əvvəlin beşinci günü,
şəhərdəki işimi qurtarıb, efirə gedəcək
verilişləri tamam-kamal yerbəyer edib
axşamçağı özümü təzə
saldığım bu bağa yetirdim. Yol boyu ağacların su təşnəsi
duyğularıma dinclik vermir, nagahan bir
çağırış ruhumun göylərində qıy
vururdu. 120 kilometrlik yolu bu
narahat duyğularla başa vurub ağaclarla görüşəndə
(adətən, adamlardan, qohumlardan daha əvvəl ağaclarla
görüşüb, hal-əhval tuturam) yaşıl tülə
bürünən cavan, sevgili heyva ağacını dərd əlində
didərgin gördüm;
çiçək açmamışdı, qəm
qaynağına dönmüşdü heyva ağacı. Baxışlarımla
boy-buxununu, yarpaqlarını oxşadım, "Nədir dərdin?"
deyə soruşdum, "Sənsiz mən bu bağda necə gəzərəm,
necə gülüb-danışaram?" - dedim.
"Keçən il bircə heyva gətirmişdin, bu il
azı yeddisini istəyirəm, bunları mədəm
üçün yox, qəlbim, qədrim, ruhum
üçün, sənə olan sevgim, inamım, ümidim
üçün istəyirəm; inamımı, ümidimi, qəlbimi
qırma, sevgimi-sevdamı
sarsıtma" - dedim...
Və səhərisi
gün möcüzə baş verdi, bir gecənin
içində cavan heyva ağacının kövrək
budaqları düyümləndi, yaşıl yarpaqlar
içindən dünyanın ən gözəl gülləri
gülümsədi - heyva gülləri...
Təkcə
heyva güllərinə görə bu Yer planetinin
yaşamağa haqqı var!..
Anam Məşədi Gülsura Kalba Xudu qızı
toylarda həmişə "Heyva gülü" havasına
oynayardı. Günlərin bir
günü soruşmuşdum ki, niyə həmişə
"Heyva gülü" havasına oynayırsan? Qəribə təbəssümlə
demişdi ki, dünyada heyva güllərindən təmiz, təzə
nə var ki?! Və bir an sonra
baxışlarıyla, gözləriylə qəlbimi
qucaqlayıb əlavə etmişdi ki, sən özünü,
ruhunu "Qoçəli" havasına köklə, qanın
"Qoçəli"yə oynasın. O sehrli söhbətdən bəlkə
əlli ildən çox keçib; qəfildən heyrət
bütün ruhuma, varlığıma hakim kəsilir; mən
özümü tanıyandan, bəlkə əlli ildən çoxdur ki,
toyda-şənlikdə "Qoçəli" havasına
oynayıram...
Cavan gəlin kimi nazlı, sevdalı heyva ağacına
minnətdaram ki, qəfləti bir xatirə
işığıyla duyğularımı ana müqəddəsliyinin
hüzurunda xoşbəxt elədi. Belə-belə
möcüzələrinə, sirli-sehrli sevdalarına görə
səni çox sevirəm, gözəlim; eşqinin alovu
sönməsin,
baxışlarının dumduru
işığı əksilməsin, ruhumu çağıran
səmavi sözlərin səngiməsin, heyva ağacı!...
Yəqin
ki, yenə "özündən hekayə
quraşdırma" deyəcəksən; amma dünyanın
daşı-torpağı kimi adi, real həqiqət olan bu heyva
gülü söhbətinə inanacağına daha çox
inanıram; axı sən indi bu dünyadan daha böyük dəyərə,
mənəviyyata malik o dünyanın (nədənsə buna qəti
inanıram) adamısan. "Adamısan" deyirəm, hərçənd
ki, o dünyada bu dünyadan gedənlərin necə
adlandırılmaları şəxsən mənim
üçün sirdir. Yeri gəlmişkən, günlərin
bir günündə, yuxuların bir xoş yuxusunda bu haqda mənə
mümkün bilgi versən, pis olmaz...
***
Sənin maşınınla Şabrana səfərimizi,
Şabran haqqında söhbətlərimizi xatırlayıram.
Yeni
Şabranın müasir memarlığı göz güldürən
küçələrində gəzə-gəzə
qədim Şabran haqqında söhbət etdiyimiz gözəl
bir gün idi...
Deyirdim
ki, 2300 il əvvəl gənc Şabran
tarix yoluna çıxanda məmləkətin quzeyində Dəmir
Qapı Dərbənd adında bir qoca vardı. Sağ əli
Qafqaz - Qafoğuz dağlarının belinə
dolanmışdı, sol əli Xəzərin - Quzğun -
Oğuzhun dənizinin - əzəli Tetis okeanının sirli
sularında qərq olmuşdu. Və
Dəmir Qapı Dərbənddən - tarixin Hun qapısı
deyə nişan verdiyi yoldan keçən
Dünya Şimaldan Cənuba, Cənubdan Şimala can
atırdı. Dünya
o qədim qapıdan keçərək şöhrətli
Şərq gözəlinin - Şabranın
görüşünə tələsirdi. Qafqaz
dağlarının ətəklərində, Xəzərin
sahillərində yerləşən bu şöhrətli
şəhər yaxın-uzaq dünyanı tilsim kimi
özünə çəkirdi, möhtəşəm bir məhəbbətlə
səadətin sirli sevdalarından danışırdı. Deyilənə görə, 70 məhəlləsində
70 məscidi olan bu şöhrətli şəhər aborigen
türklər, müsəlmanlarla yanaşı gəlmə
xristianlara, iudaistlərə, buddistlərə, hətta
krişnaidlərə də qucaq açmışdı. Tarixin həqiqət
adlı möcüzələrini car çəkirdi,
möcüzə donlu həqiqətlərindən
danışırdı Şabran. Böyük
şair-filosof Abbasqulu ağa Bakıxanovun
"Gülüstani-İrəmə" bənzətdiyi bu
şöhrətli Şərq şəhərində sənətkarlıq
bəşəri sivilizasiyanın zirvə gözəlliklərini
kəşf edir, xüsusilə, tətbiqi incəsənətin
ən müxtəlif sahələrində duyğu və dərk
fəthlərinə imza atırdı.
Və beş min yaşlı qoca Dərbənd 2300
yaşlı gənc Şabranın misilsiz uğurlarına
sevinir, mərdanə bir məhəbbətlə daha
böyük uğurlar arzulayırdı.
O
uğurlar elə bir məqama gəlib çatdı ki,
Şabran şəhəri Şirvanşahlar dövlətinin
ilk paytaxtı oldu...
Şabranın mərkəzi prospektində möhtəşəm
Şabran yaddaşı haqqında danışa-danışa gəzirdik. O söhbətin sevgi, sevinc,
fəxarət dolu göyləri, cənnətməkan
yolları hələ də yadımdadır...
Sonra yolumuz Şabranın mərkəzi bazarından
düşdü, bazardan keçib köhnə parka
çıxmaq, buradakı çayxanada çay içmək
istəyirdik; bu ətrafdakı təzə tikililəri
görüb xeyli sevindik, şəhərin daimi
başağrısı olan bazarda, nəhayət ki, səliqə-sahman
yaradılacığına şükür etdik.
P.S. Bu
günlərdə yolum yenə o bazardan, o bazarın
aşağı tərəfindən düşdü, bizi
sevindirən həmin tikililər yarımçıq
qalmışdı;
yarıya qədər hörülmüş
otaqların içini böyürtkan kolluqları əsl cəngəlliyə
döndərmişdi; o vaxt
ikimiz birlikdə sevinmişdik, bu dəfə tək təəssüfləndim...
İstədim ki, dostumuz Aydın Tağıyevə zəng edim,
bu yarımçıq tikililər, bu qəribə
çağdaş cəngəllik haqqında məlumat
alım, niyəsini soruşum, sonra fikrimdən vaz
keçdim; Şabranın
dünəni və bu günü haqqında yeni bir
yazının çağırış səslərini
eşitdim... Bir neçə il əvvəl Şabranın hələ
də keçilməyən 2300 illiyi ilə bağlı silsilə
məqalələr yazıb "525-ci qəzet"də və
sonra kitablarımda çap etdirmişdim; o yazıların davamı
çağırırdı məni...
***
Əziz qardaşım, 6 il sonra əlavə etdiyim bu kiçik P.S. abzasını çıxmaq şərtiylə indiyə qədər yazdıqlarım, sənə demək istədiklərimin ilk cümləsi, giriş sözüydü. Qoca kahinin dediyi, bütün bəşəriyyətə elan etdiyi müdhiş vaxta cəmi bir saat qalır. Mənə elə gəlir ki, saatlar daha sürətlə işləyir, dəqiqələr daha amansızcasına tələsir və sonun əvvəli qaçılmaz bir girdab kimi yaxınlaşır. Və qəlbimdən bütün kainatda əks-səda verən bir nida qopur: Bəs Məhəmməd Füzuli poeziyası nə olsun?! Bəs Şumer, Elam dillərində yüzlərlə sözü öz varlığını car çəkən, Orxon-Yenisey bəngüdaşlarında, kitabələrində ruhu çiçəkləyən, qəlbi-qanı qaynayan, on min illik Qobustan, daha qədim Gəmiqaya qayaüstü yazılarından səsi gələn, Dədə Qorqud eposunda uluca xatirələri boy göstərən, Sabir "Hophopnamə"siylə qalib bir eşqlə dünya poeziyasına meydan oxuyan, ruhumuzun, milli-mənəvi varlığımızın cənnətməkanı, müqəddəs Ərgənəkon məskəni olan Azərbaycan dili nə olsun?! Bəs on ikinci əsrdə dahi Nizami Gəncəvinin sözlərlə yaratdıqlarını daşlarla yaradan dahi Əcəmi Naxçıvaninin memarlıq möcüzələri, ruhumuzun bakılı Qız qalası, təbrizli Ərk qalası, naxçıvanlı Əlincə qalası, qarabağlı Şuşa qalası, şirvanlı Gülüstan qalası, borçalı yaddaşlı Koroğlu qalası, şabranlı Çıraqqala, Dəmir Qapı Dərbənd... həqiqətləri nə olsun?! Bəs ulular ulusu Təbrizimiz, gözəllər gözəli Bakımız, şəhərlər şəhəri İstanbulumuz necə olsun?! Bəs neçə min illik ruhumuzun naxış-salnamələri olan heyrətamiz xalçalar səltənətimiz, tarın danışdığı muğam zirvələrimiz, sazın dilə gətirdiyi ozanlı-aşıqlı dastan dünyamız, qəlbimizin-qanımızın ana bətni olan, bizi yaradan və yaşadan, sevgimizə heyvagülü təbəssümüylə cavab verən tanrı-təbiətimiz necə olsun?! Bəs Şumer, Elam, Akkad, Etrusk, Misir, hind, Çin... mədəniyyətləri, bəşəri sivilizasiyanın möhtəşəm zirvə uğurları, insanlığa xilas yolları göstərən Tanrı təyinatlı səma kitabları, Adəmdən Məhəmmədə qədər Allah elçilərinin müqəddəs xatirələri necə olsun?...
Bu can çəkişən suallı-nidalı cümlələr caynağında ruhum yaralı göyərçin kimi çırpınır. Saata baxıram, qoca kahinin dediyi vaxta düz yeddi dəqiqə qalır; Allah amanında, ey müqəddəs dilim, ey Zərdüşt-İbrahim sevdalı əzəli ruhum, ey qədim və qüdrətli imperiyalar sahibi gənc dövlətim, ey analarımızın anası Azərbaycanım!
Şabran, 21 iyun 2012-ci il.
Saat 17.53
Sadıq Elcanlı
Ədəbiyyat qəzeti.- 2018.- 30 iyun.- S.18-19.