Məhəmməd İqbalın
"Cavidnamə" əsərində
Eşq
"Eşq
ruhuma görmə zövqü, dilimə danışmaq cəsarəti
verdi" deyən Pakistanın görkəmli
şair və filosofu, islam alimi Məhəmməd
İqbalın yaradıcılığı bir sıra
mühüm cəhətləri ilə səciyyəvi
olmuşdur. Şərq və Qərb mədəniyyətini dərindən
bilən M.İqbalın dünyagörüşündə islam dini, eşq fəlsəfəsi, kamil insan və
mən konsepsiyası, həyatın praktik qavramı vəhdətdə
ifadə edilmişdir. M.İqbal XX əsrdə
müsəlmanların maddi-mənəvi inkişafı, Şərq
və Qərb arasındakı münasibətlərin sülh
və tolerant dəyərlər əsasında
qurulmasının tərəfdarı kimi
çıxış edirdi. M.İqbalın eşq fəlsəfsi,
Şərq və Qərb mədəniyyətinə səslənişi,
Şərqin inkişafı, müsəlman
dünyasının tərəqqisi, islam
dininin ucalığını göstərən əsərləri
arasında "Cavidnamə" əsəri xüsusi yer tutur.
Filosof şairin 1929-1932-ci illər arasında
yazdığı "Cavidnamə" mənzuməsi XIII-XIV əsrlərdə
yaşamış məşhur italyan şairi Aligyeri Dantenin
"İlahi komediya" əsərinə nəzirə və
oğlu Cavidə müraciətlə
yazılmışdır.
Əsərin quruluşu, qəhrəmanları, M.İqbalın
istinad etdiyi mənbələr, fəlsəfəsi Pakistan
şairinin bədii konsepsiyasındakı ilahi eşq və bəşəri
dəyərlərdən xəbər verir. Oğlu Cavidin
simasında gənc nəslə müraciətlə yazılan
əsərin irəli sürdüyü ideyaların önəmli
bir tarixi mərhələdə yazılmasına baxmayaraq, gələcək
üçün də aktual olacağı əsərin
adından da bəlli olur. Çünki
"Cavid" sözü "əbədi, daimi,
qalıcı, ölümsüz" mənalarını ifadə
etməkdədir. 86 il sonra əsəri
oxuduğumuzda bu fikirlərin doğru olduğunun bir daha
şahidi oluruq. M.İqbal özü də əsərdə
yazır:
Qədim
pirlərdən ümudini kəsən mən
Bir az bəhs edəcəyəm gələcək
günlərdən.
Çağdaşı
olduğu zamanın çərçivəsi ilə məhdudlaşmayıb
gələcəyə səslənən şairlərin millətlərin
tarixində mühüm rol oynadığını yazan
M.İqbal onları peyğəmbərlərin varisləri
hesab edir:
Şairin
amacı əgər insan yaratmaqdırsa,
Şairlər də varisidir peyğəmbərlərin.
M.İqbal
da cəmiyyətin inkişafı, müsəlman millətlərinin
oyanışı, Şərq və Qərb arasındakı
münasibətlərin düzgün qurulmasında
şair-filosof kimi yaxından iştirak etmiş, şairi
olmayan milləti "torpaq yığını"
adlandıraraq, şairlərin daim axtarışda olduğunu
göstərmiş, Haqqın "göz, könül və
söz" verdiyi şairlərin varlığın sirli pərdəsinin
qaldırılmasındakı rolundan bəhs etmişdir.
Əsərdə
peyğəmbərin meracı məsələsinin önəmli
yer tutması, böyük türk və islam şairi
Mövlana Cəlaləddin Ruminin əsərdə əsas qəhrəman
kimi seçilməsi, italyan şairi Dante və alman şairi
Hötenin təsiri, İqbalın əsərdəki
adının - Zinderudun İsfahandakı məşhur bir
irmağın adını daşıması, Şərq və
Qərb dünyasının məşhur simalarının
ruhları ilə söhbətlərin verilməsi böyük
məna kəsb edir. Bu M.İqbalın zəngin
dünyagörüşü, tolerant düşüncəsi,
sevgi, barış və sülh arzularından irəli gəlirdi.
Mövlana
Abdussalam Nadavi əsərin yazılmasından bəhs edərkən
önəmli bir məqamı qeyd edirdi: "Dr. İqbal uzun
zamandır ki, Hz. Peyğəmbərin sirr və gerçəkləri
ilə bağlı bir kitab yazmağa
hazırlaşırdı və yeni "Gülşəni-Raz"da
olduğu kimi müasir elmlərin işığında
Meracın şərhini vermək, bir növ Yeni Meracnamə qələmə
almaq istəyirdi. Lakin o ərəfədə ünlü
italyan şairi Dantenin "İlahi komediya"sı
haqqında Avropada yayılan fikirlərdən, əsərin
içindəki hadisələrin Hz. Məhəmmədin
Meracına dayandığı, ya da sonrakı ədib və
mütəsəvviflərin əsərlərindən
alındığı kimi önəmli fikirlər ortaya
çıxdıqdan sonra İqbal onları nəzərə
alaraq "Cavidnamə"ni
yazmışdır". Bu baxımdan da əsər
bir nəzirə kimi meydana çıxsa da, M.İqbalın
orijinal fikirlərini əks etdirməkdədir.
İslam düşüncəsinə sahib, Qərb elmini
və dünyasını yaxından bilən M.İqbal "əvvəlki
dövrlərin fitnə dönəmində Mövlana
vardı, son çağın fitnə dönəmində mən
varam" deyərək "Cavidnamə" əsərində
Mövlananın izi ilə göyə qalxır, Allahın
hüzuruna çıxır və təcəllisini
görür. İqbal Mövlananın bələdçiliyi
ilə Ay və ulduzlardan keçərək Tevasin vadisinə
gəlir, sonra Merkuri, Venera, Mars, Yupiter və Saturn planetlərini
gəzir, bir çox məşhur simaların ruhları ilə
rastlaşır və söhbət edir. Bu əsərdə
M.İqbalın eşq fəlsəfəsi və Şərq-Qərb
münasibətlərinə baxışı ön
plandadır. M.İqbal əsərin ilahi dünya ilə
bağlı olduğunu belə ifadə etmişdir:
Sözlərim
gəlir başqa bir aləmdən
Bu kitab gəlir başqa bir göy üzündən.
Əsərin "Yalvarış" hissəsində
M.İqbal eşqdən məhrum olan "ağıllı
dünyanın" fəlakətlərindən qorunmaq
üçün eşqə dönüşü, insanın mənəvi
başlanğıcına sadiqliyini arzu edir. "Ağıl müasir
çağ üçün bir ayaq bağıdır" deyən
İqbal elm və eşqi müqayisə edir:
Elm cəhd
ilə məqamına yetişir
Eşqin köşkü yuxusuz könül olur.
Elm
eşqdən nəsibini almayınca
Düşüncəyə
səhnə olmaqdan
başqa
məqsədi nədir?
M.İqbalın eşq
konsepsiyasının mərkəzində Allah sevgisi dayanır,
şair və filosof belə hesab edir ki, Allahı sevən hər
kəs bütün insanlığı da, varlıqları da
sevər:
Haqqın
camalına sevdalanan hər kişi
Bütün varlıqların əfəndisi olar,
şübhəsiz.
M.İqbal Allaha yaxınlaşmağın üç mərhələsindən
bəhs edir, şair bunu özünəməxsus şəkildə
Mövlananın sözləriylə üç şahid kimi təqdim
edir. M.İqbala görə, ilk şahid insanın öz şüurudur,
insan öz nuru ilə, ilk növbədə, özünü dərk
etməlidir. İkinci şahid,
başqasının şüuru, başqasının nuru ilə
özünü görməkdir. Üçüncü
şahid isə zati-Haqqın şüurudur, insanın öz mənliyini
Haqq nuruyla tanıması, dərk etməsidir. M.İqbal
belə hesab edir ki, həyatın məqsədi, məhz, bu
sonuncu Mənlik məqamına yetişməkdir:
Mənlik
məqamına yetişməkdir həyat
Haqq zatını pərdəsiz görməkdir həyat.
Mömün
sifətlərə bağlanıb qalıb
Mustafa razı olmadı qeyrisinə.
Nədir merac? Şahid olmaq arzusu.
Şahidlə üz-üzə bir imtahan faktı.
"Cavidnamə" əsərində M.İqbal Mənlik
məqamına qovuşmaq üçün meraca yüksəlməyi,
üç şahid mərhələsindən keçməyi
vacib sayır.
Əsərdə birinci şahid Zinderud adı ilə
təqdim edilən müəllif, ikinci şahid Mövlana Rumi,
üçüncü şahid isə Haqqdır.
Rumi M.İqbalın mənəvi mürşidi
olmuşdur. Əslində üç şahid fikrinin ideya mənbəyi
həm də Mövlananın digər sözləridir. Hələ
əsərin əvvəlində "Mövlana"
bölümü təqdim olunarkən M.İqbal dahi şairin
sözlərindən nümunə ilə başlayır:
İnsan
gözdür, gerisi dəri,
Göz dediyin dostu görməli.
Görmə
bacarığında ərit bütün bədənini
Görməyi bil, görməyi bil, görməyi".
Burada üç dəfə təkrar olunan "görməyi
bil" sözünün ifadə etdiyi mənanı
M.İqbal "Cavidnamə" əsərində üç
şahid kimi təqdim etmişdir. Ona görə də İqbal
"Göz bəsirətli isə hər şey görülməyə
dəyər, Göz tərəzisində dartılmağa dəyər,
Rumi haraya aparsa, get, bir müddət ondan başqasını
unut - deyir". Əsərdə İqbal
"Ariflərin dini nədir" sualına da "Görməkdir"
deyə cavab verir.
Eşq M.İqbal fəlsəfəsinin əsasında
dayanır. M.İqbal "eşq kamilləşəndə insan
belə yarada bilər" düşüncəsinə sahib
filosof şairdir. Eşq, İqbala görə,
həm dünyanın dərki, həm Allaha gedən yol, həm
də həyat tərzidir. İslam alimi və
mütəsəvvif olaraq M.İqbal ilahi eşqi uca tutduğu
kimi, çağdaşı olduğu zamanın həyat tərzində
də eşqin, sevginin rolunu yüksək qiymətləndirir.
Mütəfəkkir şairə görə,
eşq qərblinin fikrində yaşam sistemi, şərqlinin nəzərində
isə kainatın sirridir. Şair eşq və
ağılın vəhdətini qəbul edir, ona görə
ağıl, məhz, eşq sayəsində Haqqı
tanıyır, eşq ağılla birlikdə olarsa, yeni bir aləm
yaradar. Şair qəlbi eşqlə zəngin
insanların öz təsirini gücləndirmək
üçün bir ağıl gücünə də
ehtiyacı olduğunu irəli sürür. Ona görə də M.İqbalın
düşüncəsində Şərq və Qərbin
yüksək dəyərləri sintezdə təqdim olunur.
İnsanın ucalığını ifadə edərkən də
İqbal eşqə sahib insanı yüksək məqamdan dəyərləndirir:
Dünya
insanoğlunun içinə sığar amma
İnsanoğlu sığmaz bu dünyaya.
Burada dahi
Azərbaycan şairi Nəsiminin təsiri aydın şəkildə
duyulur:
Məndə
sığar iki cahan,
mən
bu cahanə sığmazam,
Gövhəri
laməkan mənəm,
kövnü
məkanə sığmazam.
Görünür ki, Əfzələddin Xaqani, Nizami Gəncəvi,
Mahmud Şəbüstəri kimi Azərbaycan şairlərinin
əsərlərindən bəhrələnən M.İqbal Nəsimi
yaradıcılığına da bələd olmuşdur.
M.İqbala
görə, eşq dindir, şair çağdaşı
olduğu dövrün dinsiz, eşqsiz təhsilini qəbul
etmir və söyləyir:
Həyatın
qanunu, adəti eşq
Din mədəniyyətinin
əslidir və dindir eşq.
Eşq və elm məsələsi "Cavidnamə" əsərində
mühüm yer tutur. M.İqbala görə, eşq və elm
yaşamın məqamlarıdır. Elm
araşdırmalardan əldə edir zövqü, eşq isə
yaratmaqla ləzzət alır. Şair belə
hesab edir ki, araşdırmaçı etdiklərini göstərməyi,
eşq isə xəlvətə çəkilməyi sevir.
M.İqbal "Quran"a istina edərək
elm kəsb etməyin çox vacib olduğunu söyləyir,
eyni zamanda, insan qəlbini Haqqa bağlayan ən önəmli
vasitə olan eşqsiz elmin faydasızlığını
ön plana çəkir:
Qəlb
Haqqa bağlanırsa, peyğəmbərlik
Haqqdan uzaq qalırsa kafirlik olar.
Qəlb
atəşindən uzaq elm, şeir
İşığı, dəniz və qurunu qaranlıq
edər.
M.İqbal
elmin gücü ilə yaradılmış bombaların
Avropanın əli ilə törətdiyi
qırğınları, fəlakətləri, elm və
texnikanın nailiyyətlərini millətləri istismar etməyə
yönəltmiş müstəmləkəçiləri
nümunə göstərərək, elmin eşq ilə iblisdən
uzaqlaşacağını, Haqqın ədalətinə
qovuşa biləcəyini dönə-dönə söyləyir:
Elmdə
eşq olmazsa, batil bir elm olur
Eşq varsa elmdə illahi kimliyə qovuşur.
Ağıl
bir ox, yolunu itirmiş
Aç korun gözünə göstər Haqq
camalını.
M.İqbal yeni dünyanın şərtlərini, eşq
konsepsiyasını, Şərq və Qərb arasındakı
münasibətləri "Quran"a dönməkdə,
özünü dərk edən insanın öz mənəvi
dünyasında Allahın təcəllisini görməkdə
görür.
"Cavidnamə" əsərində Osmanlı sədrəzəmi
Said Halim paşanın dilindən söyləyir:
Müsəlmanlar
kimi qəlbin varsa,
Öz içinə bax və bir də Qurana.
Onun ayətlərində
yüzlərcə yeni dünya
Əsrlər
dolanmış onun hər anına!
Onun bir
dünyası çağımıza bədəl
Göksündə
duyan könül varsa gəl!
M.İqbalın düşüncələrinin mərkəzində
eşq ilə kamilləşən insan dayanır. Şair
insanlıq məqamının göylərdən uca
olduğunu, insana hörmətin mədəniyyətin əsasında
dayandığını dönə-dönə qeyd edir.
Bəsirə ƏZİZƏLİ
Ədəbiyyat qəzeti.- 2018.- 30
iyun.- S.20.